AVTOMOBİL NƏQLİYYATI İLƏ DAŞIMALARIN YERİNƏ YETİRİLMƏSİNİN ÜMUMİ ƏSASLARI
Maddə 17. Avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımaların yerinə yetirilməsinin hüquqi əsasları
17.1. Avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar sərnişin və yük daşımaları haqqında müqavilə, sərnişin və yük daşımalarının təşkil olunması haqqında müqavilə, icarə (kirayə) müqaviləsi, habelə avtomobil daşıyıcıları ilə avtomobil nəqliyyatı ilə daşımaların sifarişçiləri (sərnişinlər, yükgöndərənlər, sərnişin və yük avtomobil daşımalarının təşkilatçıları) arasında bağlanan digər müqavilələr əsasında yerinə yetirilir.
17.2. Ən azı iki nəqliyyat növündən istifadə edilməklə yerinə yetirilən sərnişin və yük daşımaları (qarışıq daşımalar) daşıyıcılarla daşımaların sifarişçiləri (təşkilatçıları) arasında bağlanılan müqavilələr əsasında yerinə yetirilir.
Maddə 18. Avtomobil nəqliyyatı ilə sərnişin, baqaj və yük daşınması qaydaları
Avtomobil nəqliyyatı ilə sərnişinlərin və yüklərin daşınmasının təşkili və yerinə yetirilməsi qaydası müvafiq olaraq “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” və “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” ilə müəyyən edilir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
Maddə 19. Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalar
19.1. Daşıyıcının hər hansı hüquqi və ya fiziki şəxsin sifarişi (müraciəti) ilə tənzimlənən və ya elan edilmiş tariflər üzrə daşımaları yerinə yetirmək öhdəliyi, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşınma hesab edilir.
19.2. Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcı daşımaların şərtlərinin, o cümlədən tariflər barədə məlumatların şəffaflığını təmin etməlidir.
Maddə 20. Taksi minik avtomobilləri ilə sərnişin daşımaları
20.1. Taksi minik avtomobilləri ilə sərnişin daşımaları xüsusi razılığa (lisenziyaya) malik olan daşıyıcılar tərəfindən metroloji yoxlamadan keçmiş taksometrin göstəriciləri üzrə, ödəniş əsasında yerinə yetirilir.
20.2. Taksi minik avtomobilləri ilə sərnişin daşımaları müəyyən edilmiş ərazi hüdudları daxilində hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilir.
20.3. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı sifariş gözləyərkən yalnız avtonəqliyyat vasitələri üçün müəyyən olunmuş dayanacaqlardan istifadə etməlidir.
20.4. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarının xüsusiyyətləri “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” ilə müəyyən olunur.
Maddə 21. Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının sifarişi
21.1. Avtomobil nəqliyyatı ilə müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının təmin olunması məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən marşrut şəbəkəsi müəyyənləşdirilir və dövlət sifarişi formalaşdırılır.
21.2. Daşıyıcılar avtomobil nəqliyyatı ilə müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsinə sifarişçinin keçirdiyi müsabiqə əsasında cəlb olunurlar.
21.3. Sifarişçi müsabiqəyə müntəzəm avtobus marşrutlarını və ya daşımaların intensivliyini, həmçinin rentabelliyini nəzərə alaraq marşrutların müvafiq reyslərini çıxarır.
21.4. Müsabiqənin qalibləri müntəzəm marşrutlar və ya marşrutların müəyyən reysləri üzrə sərnişindaşıma xidmətləri göstərmək hüququnu əldə edirlər.
21.5. Sifarişçi müsabiqənin qalibinin maddi-texniki bazasını nəzərə alaraq hər bir şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) marşruta dair 5 ilədək, lakin 3 ildən az olmayan müddətə, beynəlxalq marşruta dair isə 3 ilədək, lakin 1 ildən az olmayan müddətə müvafiq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə bağlayır. Müsabiqənin qalibi olan daşıyıcı dövlət sifarişi əsasında sərnişin daşımalarını yerinə yetirə bilmədikdə yaxud lazımi qaydada yerinə yetirmədikdə və ya onunla bağlanmış müqavilənin digər şərtlərini pozduqda sifarişçi həmin müqaviləni birtərəfli qaydada vaxtından əvvəl ləğv etmək hüququna malikdir.
21.6. Müəyyən marşrut üzrə müsabiqədə yalnız bir iddiaçı olan daşıyıcı iştirak etdikdə, müvafiq müqavilə yalnız həmin daşıyıcının müsabiqənin bütün tələblərinə uyğun olduğu halda bağlanılır.
21.7. Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 21-1. Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşımaları[27]
21-1.1. Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə daşımalar istisna olmaqla), sərnişin daşınması müqaviləsi, sərnişin avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsi əsasında əvəzi ödənilməklə yerinə yetirilir.
21-1.2. Qeyri-müntəzəm sərnişin daşımalarına turizm və ekskursiya, kütləvi tədbirlər və istirahət yerlərinə yerinə yetirilən, habelə müntəzəm sərnişin daşımalarına aid olmayan sərnişin daşımaları aiddir.
21-1.3. Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşımalarının yerinə yetirilməsinə aşağıdakı hallarda yol verilmir:
21-1.3.1. müntəzəm avtobus marşrutları üçün müəyyən edilmiş hərəkət cədvəlləri ilə daşımaları yerinə yetirmək;
21-1.3.2. müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinləri mindirmək və düşürmək.
21-1.4. Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşımalarının xüsusiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomobil nəqliyyatı ilə sərnişinlərin və baqajın daşınmasına dair təsdiq edilən qaydalarla müəyyən edilir.
Maddə 22. Nəqliyyat sənədləri
22.1. Sərnişin və ya yük daşımalarının yerinə yetirilməsi üçün tələb edilən sənədlərin forması və rəsmiləşdirilməsi qaydası müvafiq olaraq “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” və “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” ilə müəyyən olunur.
22.2. Sərnişin və ya yük daşınması məqsədilə avtonəqliyyat vasitəsindən istifadə edilməsi müvafiq formada tərtib edilən yol vərəqəsi ilə rəsmiləşdirilir.
22.3. Müntəzəm marşrut üzrə sərnişin daşımaları yerinə yetirilərkən hər bir sərnişin gediş sənədinə (biletə), baqaj ödəniş əsasında daşındıqda isə, həmçinin onun daşınma haqqının ödənildiyini təsdiq edən sənədə (baqaj qəbzinə) malik olmalıdır. Müvafiq gediş sənədinin (biletin) satışını və sərnişinin baqajının daşınma haqqının ödənildiyini təsdiq edən sənədin verilməsini daşıyıcı və ya avtomobil nəqliyyatı ilə daşımaların təşkilatçısı təmin etməlidir.
22.4. Qeyri-müntəzəm sərnişin daşınması müvafiq formada tərtib edilən formulyar (sərnişinlərin siyahısı) ilə rəsmiləşdirilə bilər.
22.5. Avtomobil nəqliyyatı ilə yüklərin daşınması əmtəə-nəqliyyat qaiməsi və ya sifariş-tapşırıq ilə rəsmiləşdirilir. Həmin sənəd yükün daşındığı müddət ərzində sürücüdə saxlanılmalıdır.
Maddə 23. Avtomobil nəqliyyatı ilə daşımaların marşrutu
23.1. Avtomobil daşıyıcısı sərnişinləri və ya yükü müvafiq avtonəqliyyat vasitəsi üçün daşımanın sifarişçisi tərəfindən müəyyən olunmuş marşrut üzrə daşımalıdır. Marşrut müəyyən edilmədikdə avtomobil daşıyıcısı sərnişinləri və ya yükü ən qısa marşrut üzrə daşımalıdır.
23.2. Daşınmanın daha uzun marşrutla yerinə yetirilməsi məqsədəuyğun olduqda, avtomobil daşıyıcısı həmin marşrutu daşınmanın sifarişçisi ilə əvvəlcədən razılaşdırmalıdır.
23.3. Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları üzrə müntəzəm marşrutların müəyyən edilməsi və rəsmiləşdirilməsi qaydası “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” ilə müəyyən olunur.
Maddə 24. Avtonəqliyyat vasitələrinin daşınmanın sifarişçisinə təqdim olunması
24.1. Daşıyıcı sərnişin və ya yük daşımalarının yerinə yetirilməsi üçün yararlı və saz vəziyyətdə olan avtonəqliyyat vasitəsini sifarişçiyə təqdim etməlidir.
24.2. Avtonəqliyyat vasitəsinin avtomobil daşınmasının sifarişçisinə təqdim edilməsi vaxtı avtonəqliyyat vasitəsinin sifarişçinin müəyyən etdiyi məntəqəyə gəldiyi və sürücü tərəfindən daşınmanın yerinə yetirilməsi üçün tələb edilən sənədlərin təqdim olunduğu vaxtdan hesablanır.
24.3. Avtomobil daşınmasının sifarişçisi müqavilə şərtlərinə uyğun olmayan və ya müvafiq avtomobil daşınmasının yerinə yetirilməsi üçün yararsız hesab etdiyi avtonəqliyyat vasitəsindən imtina etmək hüququna malikdir. Bu halda avtonəqliyyat vasitəsi sifarişçiyə təqdim olunmamış hesab edilir.
Maddə 25. Avtomobil nəqliyyatı ilə daşımaların sığortalanması
25.1. Avtomobil nəqliyyatı ilə daşımalar yerinə yetirilərkən icbari və ya könüllü sığorta tətbiq olunur.
25.2. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilir.
25.3. Avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığortası “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilir.
25.4. Daşıyıcının avtonəqliyyat vasitəsinin, habelə bu Qanunun 53-cü, 54-cü və 55-ci maddələri ilə nəzərdə tutulmuş məsuliyyətinin sığortası könüllü qaydada həyata keçirilir.[28]
Maddə 26. Avtomobil nəqliyyatı ilə daşımaların təhlükəsizliyinin və ətraf mühitin mühafizəsinin təmin olunması
26.1. Avtomobil nəqliyyatı ilə daşımaların təhlükəsizliyinin təmin olunması aşağıdakı istiqamətlər üzrə tədbirlərin keçirilməsini nəzərdə tutur:
26.1.1. avtomobil nəqliyyatının təhlükəsiz və davamlı fəaliyyətinin, habelə ətraf mühitin mühafizəsinin təmin olunmasına yönəlmiş nəzarət, idarəetmə və hüquqi tənzimləmə;
26.1.2. yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına yönəlmiş proqramların hazırlanması və icrası.
26.2. Sərnişin və yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslər daşımaların təhlükəsiz yerinə yetirilməsinə, ətraf mühitin mühafizəsinə dair Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının tələblərinə riayət etməlidirlər.
26.3. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarını yerinə yetirən daşıyıcılar sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərinin reysqabağı tibbi müayinəsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təşkil etməlidirlər.
26.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı mövcud normativ hüquqi aktlar, texniki qaydalar və təlimatlar əsasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarının təhlükəsizliyinə, habelə bu daşımalarda istifadə edilən avtonəqliyyat vasitələrinin istismarına və saxlanılmasına nəzarəti təmin edir.
IV fəsil
AVTOMOBİL NƏQLİYYATI İLƏ SƏRNİŞİN VƏ BAQAJ DAŞINMASI
Maddə 27. Sərnişin avtomobil nəqliyyatı vasitələrinin sürücülərinə dair tələblər
27.1. Avtobuslarla sərnişin daşımalarına “D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 21-dən , "DE" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 24-dən və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan sürücülər buraxılır.[29]
27.2. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına B" və ya "BE" kateqoriyaları kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 21-dən az olmayan, iki ildən artıq müddətdə mülkiyyətində və ya digər qanuni əsaslarla istifadəsində (icarə, etibarnamə və s.) olan avtonəqliyyat vasitəsini idarə edən sürücülər buraxılır.[30]
27.3. Ümumi istifadədə olan sərnişin avtonəqliyyat vasitələrinin//çıxarılıb// sürücüləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən peşə fəaliyyətinə və davranışına dair təsdiq olunmuş xüsusi proqram üzrə hazırlıq keçməli, habelə avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmalıdırlar. Taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xüsusi hazırlıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir və keçirilir. [31]
Maddə 28. Avtomobil nəqliyyatı ilə sərnişin daşınması müqaviləsi
28.1. Avtomobil nəqliyyatı ilə sərnişin daşınması müqaviləsinə görə daşıyıcı, sərnişini və onun baqajını yola düşmə yerindən təyinat məntəqəsinə çatdırmağı, sərnişin isə daşınma haqqını ödəməyi öhdəsinə götürür.
28.2. Müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyatı ilə sərnişin daşınması müqaviləsinin bağlanması sərnişinə verilmiş bilet və baqaj qəbzi ilə təsdiq olunur.
28.3. Gediş sənədlərinin (biletlərin) sərnişinlərə satışı daşıyıcı və ya avtomobil nəqliyyatı ilə daşımaların təşkilatçısı tərəfindən təşkil edilə bilər.
28.4. Avtomobil nəqliyyatı ilə sərnişin daşınması müqaviləsinin bağlanması qaydası Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən edilir.
Maddə 29. Sərnişin avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsi
29.1. Sərnişin daşınması icarə (fraxtetmə) müqaviləsi əsasında yerinə yetirildikdə, daşıyıcı hüquqi və ya fiziki şəxslərin sifarişinə əsasən bir və ya bir neçə avtonəqliyyat vasitəsini haqqı sifarişçi tərəfindən ödənilmək şərti ilə bir və ya bir neçə reys üçün onlara təqdim etmək öhdəliyini üzərinə götürür.
29.2. Sərnişin avtonəqliyyat vasitələrinin icarəsi (fraxtetmə) müqaviləsinin bağlanması qaydası Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən edilir.
Maddə 30. Avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili haqqında müqavilə
30.1. Avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili haqqında müqavilə əsasında daşımanın təşkilatçısı sifarişçinin tapşırığı ilə və onun hesabına sərnişinin və onun baqajının özü tərəfindən və ya üçüncü şəxslər (avtomobil nəqliyyatı ilə daşıyıcılar) vasitəsilə təyinat məntəqəsinə çatdırılmasını təşkil edir.
30.2. Müntəzəm və qeyri-müntəzəm marşrutlarda avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının yerinə yetirilməsi üçün hüquqi və fiziki şəxs (daşınmanın sifarişçisi) daşıyıcı və ya daşınmanın təşkilatçısı ilə sərnişin daşınmasının təşkili haqqında müqavilə bağlaya bilər.
30.3. Avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili haqqında müqavilədə daşınmanın marşrutu, qrafiki və cədvəli, istifadə olunacaq avtonəqliyyat vasitəsinin növü və ona dair tələblər, daşınma xidmətlərinin siyahısı, gediş haqqının məbləği və onun ödənilməsi qaydası, avtomobil nəqliyyatı ilə daşımaların həcmi və buna görə hesablaşma qaydası və digər şərtlər müəyyən edilə bilər.
30.4. Avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili haqqında müqavilənin əsasında sərnişin daşınması müqaviləsi bağlanıla bilər.
30.5. Avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili haqqında müqavilədə digər qayda nəzərdə tutulmamışdırsa, gediş haqqı sərnişin tərəfindən müəyyən olunmuş tariflər üzrə ödənilir.
Maddə 31. Sərnişinin əsas hüquqları
31.0 Sərnişin aşağıdakı əsas hüquqlara malikdir:
31.0.1. marşrut üzrə gediş bileti əldə etmək, avtonəqliyyat vasitəsinin salonunda biletdə göstərilmiş yeri, biletdə yer göstərilmədikdə isə boş yeri tutmaq və gedişi həyata keçirmək;
31.0.2. müntəzəm avtobus marşrutlarında ayrıca yer tutmadan, gediş haqqı ödəmədən 5 yaşına qədər bir uşağı özü ilə aparmaq;
31.0.3. müvafiq normalar həddində özü ilə ödənişsiz əl yükünü aparmaq;
31.0.4. çəkisi və ölçüləri müəyyən edilmiş normalardan artıq olmayan baqaj aparmaq;
31.0.5. real dəyərindən yüksək olmamaqla baqajın qiymətini elan etmək;
31.0.6. daşınma üçün təqdim olunan avtonəqliyyat vasitəsilə gediş tarifi alınmış gediş sənədinin (biletin) qiymətindən yüksək olarsa, gedişi əvvəl əldə olunmuş gediş bileti ilə əlavə pul ödəmədən həyata keçirmək;
31.0.7. daşıyıcı daşınma haqqı sərnişinin aldığı gediş sənədinin (biletin) qiymətinə nisbətən aşağı olan avtonəqliyyat vasitəsi istifadə edərsə, gediş sənədini (bileti) qaytarmaq və ya gediş üçün faktiki ödədiyi məbləğlə bu halda ödənilməli məbləğ arasındakı fərqi geri alaraq gedişi həyata keçirmək;
31.0.8. “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” ilə müəyyən olunmuş qaydada gediş sənədini (bileti) geri qaytarmaq və ödənilmiş pulun tam məbləğini və ya müvafiq hissəsini geri almaq;
31.0.9. daşıyıcının təqsiri üzündən vurulmuş zərərə və ziyana görə kompensasiya almaq;
31.0.10. sığorta olunanın “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş hüquqlarından istifadə etmək. [32]
Maddə 32. Sərnişinin əsas vəzifələri
32.0. Sərnişinin əsas vəzifələri aşağıdakılardır:
32.0.1. “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na, habelə sərnişin daşımalarını tənzimləyən digər normativ hüquqi aktların tələblərinə riayət etmək, daşıyıcı ilə bağlanmış müqavilənin şərtlərini yerinə yetirmək;
32.0.2. öz təqsiri üzündən daşıyıcıya və digər şəxslərə vurulmuş zərərin əvəzini ödəmək;
32.0.3. gediş sənədini (bileti) almaq, gediş haqqını vaxtında və tam həcmdə ödəmək və gediş müddətində gedişə hüquq verən müvafiq sənədlərə malik olmaq;
32.0.4. müəyyən edilmiş hallarda baqaj və əl yükünün daşınmasına görə daşınma haqqını ödəmək.
Maddə 33. Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının yerinə yetirilməsi ilə əlaqədar daşıyıcının əsas hüquqları
33.0. Avtomobil nəqliyyatı ilə sərnişin daşınmasını yerinə yetirən daşıyıcı aşağıdakı əsas hüquqlara malikdir:
33.0.1. “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə və daşınma müqaviləsinin şərtlərinə riayət edilməsini sərnişindən tələb etmək;
33.0.2. avtomobil nəqliyyatı ilə sərnişin daşınmasına görə daşınma haqqını almaq;
33.0.3. qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, daşınma haqqını təyin etmək;
33.0.4. sərnişinin təqsiri üzündən vurulmuş zərərin ödənilməsini Azərbaycan Respublikasının normativ hüquqi aktlarına və müqavilə şərtlərinə uyğun olaraq ondan tələb etmək;
33.0.5. bu Qanunun 36-cı maddəsində nəzərdə tutulmuş hallarda sərnişin daşınması üzrə müqavilə öhdəliklərinin yerinə yetirilməsindən imtina etmək;
33.0.6. “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” ilə nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.
Maddə 34. Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcının əsas vəzifələri
34.0. Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının yerinə yetirilməsi ilə əlaqədar daşıyıcının əsas vəzifələri aşağıdakılardır:
34.0.1. sərnişin və baqaj daşımalarını “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq yerinə yetirmək;
34.0.2. sərnişinlərin hüquqlarının təmin olunmasını və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda və qaydada sərnişinlərin icbari sığortalanmasını təşkil etmək; [33]
34.0.3. daşınmanın şərtləri və yerinə yetirilməsi qaydaları haqqında sərnişinlərə zəruri məlumatlar vermək;
34.0.4. yol hərəkətinin və daşımaların təhlükəsizliyini təmin etmək, ekoloji və sanitar normalara riayət etmək;
34.0.5. daşınma üzrə öhdəlikləri icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq sərnişinlərə vurulmuş ziyanın əvəzini və zərəri ödəmək;
34.0.6. texniki və ya digər səbəblərdən, o cümlədən, öz təqsiri üzündən daşınma dayandırıldıqda, öz hesabına sərnişinlərin təyinat məntəqəsinə çatdırılmasını təmin etmək.
Maddə 35. Avtomobil nəqliyyatı ilə baqaj daşınması
35.1. Daşıyıcı daşınma üçün qəbul edilmiş baqaja görə sərnişinə baqaj qəbzi verməlidir.
35.2. Daşıma başa çatdıqdan sonra baqaj sərnişinə və ya baqajı almaq səlahiyyəti olan şəxsə baqaj qəbzi təqdim edildikdə verilir.
35.3. Tələb olunmamış baqaj daşıyıcıda saxlanılır. 30 gün keçdikdən sonra tələb olunmamış baqaj “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” ilə müəyyən olunmuş qaydada satıla bilər.
35.4. Baqajın satılmasından sonrakı altı ay ərzində sərnişin və ya baqaj qəbzini təqdim edən şəxs onun satışı ilə əlaqədar çəkilmiş xərclər çıxılmaqla, baqajın satılmasından daşıyıcının əldə etdiyi məbləği almaq hüququna malikdir.
Maddə 36. Daşıyıcının avtomobil nəqliyyatı ilə sərnişin daşımasından imtina etməsi
36.0. Aşağıdakı hallarda avtomobil daşıyıcısının sərnişinləri daşımaqdan imtina etmək hüququ vardır:
36.0.1. sərnişin avtonəqliyyat vasitəsində boş yer olmadıqda;
36.0.2. sərnişin ictimai asayiş qaydalarını pozduqda;
36.0.3. sərnişinin xəstə və ya sərxoş vəziyyətdə olması digər sərnişinlər üçün narahatlıq yaratdıqda;
36.0.4. sərnişin daşınması qadağan edilmiş əşyaların və maddələrin olduğu baqajı və ya əl yükünü aparmaq niyyətində olduqda;
36.0.5. sərnişin baqajın daşınmasına görə haqqı ödəmədikdə;
36.0.6. sərnişində olan gediş sənədinin (biletin) yerinə yetirilən avtomobil daşınmasına uyğunsuzluğu aşkar edildikdə;
36.0.7. “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” ilə gediş haqqının bilavasitə daşınma prosesində ödənilməsi nəzərdə tutulduğu hallarda sərnişin gediş haqqını ödəmədikdə və ya tam ödəmədikdə;
36.0.8. sərnişin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əməl olunması barədə sürücünün və ya digər səlahiyyətli şəxsin qanuni tələblərini yerinə yetirməkdən imtina etdikdə.
V fəsil
AVTOMOBİL NƏQLİYYATI İLƏ YÜK DAŞINMASI
Maddə 37. Avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsi
37.1. Avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinə görə avtomobil daşıyıcısı yükgöndərən tərəfindən ona tapşırılmış yükü təyinat məntəqəsinə çatdırmağı və onu yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə təhvil verməyi, yükgöndərən isə, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, yükün daşınmasına görə müəyyən olunmuş daşınma haqqını ödəməyi öhdəsinə götürür.
37.2. Avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinin bağlanması qaydası Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən edilir.
Maddə 38. Yük daşınması üçün avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsi
38.1. Yük daşınması üçün avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsinə görə daşıyıcı hüquqi və ya fiziki şəxslərin (daşınmanın sifarişçisinin) sifarişi ilə haqqı ödənilməklə yük daşınması üçün yararlı olan bir və ya bir neçə avtonəqliyyat vasitəsinin tutumunu bütövlükdə və ya qismən bir və ya bir neçə reys üçün digər tərəfə vermək öhdəliyini üzərinə götürür.
38.2. Yük daşınması üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsinin icarəsi haqqında müqavilənin bağlanması qaydası Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən edilir.
Maddə 39. Avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilə
39.1. Avtomobil nəqliyyatı ilə mütəmadi yük daşınmasının yerinə yetirilməsi zərurəti yarandıqda, daşınmanın sifarişçisi (yükgöndərən, avtomobil nəqliyyatı ilə daşımaların təşkilatçısı) yük daşınmasının təşkili haqqında daşıyıcı ilə uzunmüddətli müqavilə bağlaya bilər.
39.2. Avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqaviləyə əsasən daşıyıcı yükü müəyyən olunmuş müddətdə qəbul etməli, yükgöndərən isə şərtləşdirilmiş həcmdə yükü daşınmaq üçün təqdim etməlidir.
39.3. Avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilədə daşımaların həcmi, müddəti, marşrutu, qrafiki, istifadə olunacaq avtonəqliyyat vasitələrinin növü, daşınma ilə əlaqədar digər xidmətlərin siyahısı, yük daşınması üçün avtonəqliyyat vasitələrinin və yükün daşıyıcıya təqdim edilməsinin şərtləri, hesablaşmaların qaydası, tərəflərin məsuliyyəti, yük daşınmasının təşkilinin digər şərtləri müəyyən edilir.
39.4. Avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilə yükgöndərən və yük daşınmasının təşkilatçısı arasında bağlana bilər.
39.5. Avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilə yük daşınması müqaviləsinin və icarə (fraxtetmə) müqaviləsinin bağlanması zəruriliyini istisna etmir.
Maddə 40. Avtomobil nəqliyyatı ilə yük daşınmasının rəsmiləşdirilməsi
40.1. Avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin daşınması əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilir. Əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməmiş əmtəə təyinatlı yüklər daşınma üçün qəbul edilə bilməz.
40.2. Əmtəə-nəqliyyat qaiməsi Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən olunmuş formada tərtib edilir. Yük daşıma müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa, əmtəə-nəqliyyat qaiməsi yükgöndərən tərəfindən tərtib edilir.
40.3. Əmtəə-nəqliyyat qaiməsində aşağıdakılar göstərilir:
40.3.1. yük alanın ünvanı;
40.3.2. yükün çatdırılma yeri;
40.3.3. yük yerlərinin miqdarı, qabı, tərkibi və brutto çəkisi;
40.3.4. yükün göndərilmə vaxtı və avtonəqliyyat vasitəsinin növü;
40.3.5. yük qiymətli obyekt olduqda – onun dəyəri;
40.3.6. xüsusi təhlükəli və potensial təhlükəli yük olduqda - təhlükənin konkret növü və belə hallarda yerinə yetirilməli ehtiyat tədbirləri;
40.3.7. qaimənin tərtib edildiyi yer və tarix;
40.3.8. yükgöndərənin adı və ünvanı;
40.3.9. daşıyıcının adı və ünvanı;
40.3.10. yükləmənin yeri və tarixi;
40.3.11. yük yerlərinin adı və nömrələri;
40.3.12. daşımanın qiyməti (yük daşınması üçün haqq, əlavə xərclər);
40.3.13. zərurət olduqda, daşımanın şərtləri barəsində yükgöndərənin xüsusi göstərişləri.
40.4. Zəruri hallarda əmtəə-nəqliyyat qaiməsində aşağıdakı məlumatlar göstərilə bilər:
40.4.1. yükün boşaldılıb başqa nəqliyyat vasitələrinə yüklənməsinin qadağan edilməsi;
40.4.2. tərəflərin öz üzərinə götürdükləri və ya bir-birinə verdiyi avansın məbləğləri;
40.4.3. yük alanın daşıyıcıya ödədiyi məbləğ;
40.4.4. yükün dəyəri;
40.4.5. yükün sığortalanmasına dair yükgöndərənin göstərişi;
40.4.6. yükün daşınması üçün şərtləşdirilmiş müddətlər;
40.4.7. daşıyıcıya yüklə birlikdə verilmiş sənədlərin siyahısı.
40.5. Yük daşınması müqaviləsinin tərəfləri zəruri hesab etdikləri digər məlumatları əmtəə-nəqliyyat qaiməsinə daxil edə bilərlər.
40.6. Beynəlxalq avtomobil yük daşımaları yerinə yetirilərkən beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi tərtib olunur.
40.7. Qeyri-əmtəə təyinatlı yüklərin, o cümlədən torpaq və qar kütləsinin, məişət və digər tullantıların daşınması ölçmə aktı və ya tərəzidə çəkmə aktı ilə rəsmiləşdirilə bilər. Bu cür aktların tərtib edilməsi, habelə qeyri-əmtəə təyinatlı yüklərin qəbul edilməsi və təhvil verilməsi qaydası “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” ilə müəyyən edilir.
40.8. Avtomobil nəqliyyatı ilə əhalinin yüklərinin daşınması əmtəə-nəqliyyat qaiməsi və ya sifariş-tapşırıqla rəsmiləşdirilə bilər. Avtomobil nəqliyyatı ilə əhalinin yüklərinin daşınması “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”na əsasən təşkil olunur və yerinə yetirilir.
Maddə 41. Yük müşayiətedici digər sənədlər
41.1. Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş yük müşayiətedici digər sənədlər tələb olunduğu hallarda (uyğunluq sertifikatı, baytarlıq və fitosanitar sertifikatı, malın mənşə sertifikatı) əvvəlcədən rəsmiləşdirilərək yükgöndərən tərəfindən əmtəə-nəqliyyat qaiməsinə əlavə olunmalıdır.
41.2. Daşıyıcı yük müşayiətedici əlavə sənədlərin düzgünlüyünü yoxlamaq vəzifəsini daşımır.
41.3. Yük müşayiətedici əlavə sənədlərdən lazımi qaydada istifadə etmədikdə və ya həmin sənədlər itirildikdə əmlak məsuliyyəti daşıyıcının üzərinə qoyulur.
Maddə 42. Yükün daşınma üçün hazırlanması və təqdim edilməsi
42.1. Avtonəqliyyat vasitəsi daşıyıcı və ya daşımanın təşkilatçısı tərəfindən təqdim edilənədək yükgöndərən yükü yüklənmək üçün hazırlamalı və müəyyən olunmuş tələblərə uyğun olaraq onu daşınma üçün təqdim etməlidir.
42.2. “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın tələbləri və avtomobil daşınması müqaviləsinin şərtləri pozulmaqla daşınma üçün təqdim edilmiş yük təqdim edilməmiş hesab olunur. Bu halda yükgöndərən yük daşınması müqaviləsinə və Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq avtonəqliyyat vasitəsinin yüklənmək üçün təqdim edilməsi ilə bağlı daşıyıcıya vurulmuş zərəri ödəməlidir.
42.3. Yükgöndərənin yükü onun həqiqi dəyərindən artıq olmayan məbləğdə elan olunmuş qiymətlə daşınmaq üçün təqdim etmək hüququ vardır.
42.4. Müxtəlif növ yüklərin daşınma üçün hazırlanması və təqdim edilməsi qaydası “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilir.
Maddə 43. Yükün daşınma üçün qəbul edilməsi
43.1. Daşıyıcı yükü daşınma üçün qəbul edərkən əmtəə-nəqliyyat qaiməsinin rəsmiləşdirilməsinin düzgünlüyünü, yükün xarici görünüşünü, onun qablaşdırılmasını, yükün sayını və zəruri hallarda onun temperaturunu yoxlamalıdır.
43.2. Sistern və konteynerlərdə yaxud qalaq və füruş şəkildə olan yüklər daşınma üçün qəbul edildikdə, onların ümumi çəkisi müəyyən edilməli və əmtəə-nəqliyyat qaiməsində göstərilməlidir.
43.3. Yükün ümumi çəkisi və yük yerlərinin sayı yükgöndərən və daşıyıcı tərəfindən birlikdə müəyyən edilir və yoxlanılır.
43.4. Müxtəlif növ yüklərin ümumi çəkisinin müəyyən edilməsi qaydası “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” ilə müəyyən edilir.
43.5. Sürücü tərəfindən əmtəə-nəqliyyat qaiməsinin imzalanmış nüsxəsi yükgöndərənə verildikdən sonra yük daşınma üçün qəbul edilmiş hesab olunur.
43.6. Əmtəə-nəqliyyat qaiməsinə müvafiq qeydlər edilməmişdirsə, daşınma üçün qəbul edildiyi anda yük və onun qablaşdırılması lazımi vəziyyətdə, yükün ümumi çəkisi, yük yerlərinin sayı və markalanması isə əmtəə-nəqliyyat qaiməsində olan göstəricilərə uyğun olduğu kimi hesab edilir.
43.7. Yük daşınması müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, yükləmə yükgöndərən tərəfindən həyata keçirilir.
43.8. Avtonəqliyyat vasitələrinin yüklənməsi üçün müəyyən edilmiş normalara riayət edilməsi, habelə avtomobil nəqliyyatı ilə daşımaların təhlükəsizliyinin və yükün qorunub saxlanmasının təmin edilməsi məqsədi ilə daşıyıcı yükün düzgün yerləşdirilməsinə və bərkidilməsinə nəzarət etməlidir.
43.9. Daşıyıcının göstərişi ilə yükgöndərən yükün yerləşdirilməsində və bərkidilməsində yol verilmiş pozuntuları aradan qaldırmalıdır.
43.10. Beynəlxalq daşımalar istisna olmaqla, yük daşınması üçün qapalı yük yerləri ilə təchiz edilmiş avtonəqliyyat vasitələri və ya digər nəqliyyat avadanlığı istifadə edildikdə, yükün yükgöndərən tərəfindən plomblanmasına yol verilir. Bu haqda əmtəə-nəqliyyat qaiməsində müvafiq qeyd edilməlidir. Yükün plomblanması qaydası “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” ilə müəyyən edilir.
43.11. Avtomobil nəqliyyatı ilə yükün daşınma üçün qəbul edilməsinin digər şərtləri Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən edilir.
Maddə 44. Yükün yükalana təhvil verilməsi
44.1. Daşıyıcı yükü təyinat məntəqəsində yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə yük yerlərinin sayına və (və ya) yükün ümumi çəkisinə uyğun olaraq təhvil verir.
44.2. Qalaq və ya füruş şəkildə, yaxud avtomobil sisternində daşınan yüklərdə çatışmazlıq əlamətləri yoxdursa və yükalanda bu çatışmazlığı müəyyən etmək üçün lazımi vasitələr olmadıqda, həmin yüklər ümumi çəkisi yoxlanılmadan yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə təhvil verilir.
44.3. Beynəlxalq daşımalar istisna olmaqla, qeyri-əmtəə təyinatlı yük daşındıqda, daşıyıcı onu yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə təhvil vermək vəzifəsindən yükgöndərən tərəfindən azad oluna bilər. Bu halda daşıyıcının üzərinə həmin yükü yükgöndərən tərəfindən müəyyən edilmiş yerdə boşaltmaq vəzifəsi qoyulur.
44.4. Yükün çəkisi tərəzi vasitəsilə müəyyən edildikdə, əmtəə-nəqliyyat qaiməsində göstərilən yükün çəkisi ilə onun faktiki çəkisi arasında olan fərq təbii azalma normasını və ya tərəzidə çəkilmə dəqiqliyini keçmirsə, daşıyıcı yükün çəkisinin fərqinə görə məsuliyyət daşımır.
44.5. Yükün təhvil alınması yükalan tərəfindən əmtəə-nəqliyyat qaiməsində imza edilməklə və yükalan möhürə (ştampa) malik olduqda, möhür (ştamp) vurulmaqla təsdiq olunur.
Maddə 45. Yükalanın yükü almaqdan imtina etməsi və ya başqa ünvana çatdırılması haqda tələbi
45.1. Yükün xarab olması və zədələnməsi ilə əlaqədar xüsusiyyətlərini dəyişməsi nəticəsində ondan təyinatı üzrə tam və ya qismən istifadə etmək mümkün olmadıqda, yükalan yükü almaqdan imtina edə bilər.
45.2. Yükalan yükü almaqdan imtina, yaxud onun başqa ünvana çatdırılmasını tələb etdikdə, bu haqda əmtəə-nəqliyyat qaiməsində müvafiq qeyd etməlidir.
45.3. Yükalan yükü almaqdan imtina etdikdə, müqavilədə digər hal nəzərdə tutulmamışdırsa daşıyıcı bu yük barəsində yükgöndərənin yazılı göstərişlərini almalıdır.
45.4. Yükalan yükü almaqdan imtina etdikdə, yükün saxlanılması, satılması, yükgöndərənə geri qaytarılması və ya yeni ünvana çatdırılmasına görə daşıyıcının çəkdiyi əlavə xərcləri yükgöndərən ödəməlidir.
Maddə 46. Yükün yüklənməsi, çatdırılması və boşaldılması müddətləri
46.1. Avtonəqliyyat vasitəsinin yükləmə altında olduğu müddət onun daşıyıcı tərəfindən yüklənmək üçün verildiyi vaxtdan hesablanır.
46.2. Avtonəqliyyat vasitəsinin boşaldılma altında olduğu müddət yükün boşaldılma yerində onun sürücüsü tərəfindən əmtəə-nəqliyyat qaiməsinin yükalana təqdim edildiyi vaxtdan hesablanır.
46.3. Yüklənən və ya boşaldılan yük barəsində lazımi qaydada rəsmiləşdirilmiş əmtəə-nəqliyyat qaiməsi və bütün digər zəruri sənədlər avtonəqliyyat vasitəsinin sürücüsünə təqdim edildikdə, yükləmə və ya boşaltma başa çatmış hesab olunur.
46.4. Avtonəqliyyat vasitəsinin yükləmə və boşaldılma yerlərinə gəlməsi və çıxması vaxtı barədə yükgöndərən və yükalan əmtəə-nəqliyyat qaiməsində müvafiq qeyd etməlidirlər.
46.5. Yükləmə, çatdırılma və boşaldılma müddətləri, o cümlədən yükləmə və boşaldılma ilə əlaqədar digər əməliyyatların yerinə yetirilməsi müddəti Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları, o cümlədən “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”, həmçinin avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsi ilə müəyyən edilir.
Maddə 47. Avtomobil nəqliyyatı ilə təhlükəli yüklərin daşınması
47.1. Avtomobil nəqliyyatı ilə daşımalar zamanı partlayışa və (və ya) yanğına, insanların və (və ya) heyvanların tələfatına, xəstələnməsinə, xəsarət almasına, zəhərlənməsinə, şüalanmasına səbəb ola bilən, habelə nəqliyyat vasitələrinin, tikililərin və digər infrastruktur obyektlərinin zədələnməsinə gətirib çıxaran və (və ya) ətraf mühitə ziyan vurma xüsusiyyətlərinə və güclü təsirə malik maddələr, materiallar, məhsullar və tullantılar təhlükəli yüklər hesab edilir.
47.2. Bu cür daşımalar zamanı yükgöndərən əmtəə-nəqliyyat qaiməsində təhlükəli yük barədə məlumatları göstərməlidir.
47.3. Təhlükəli yüklərin daşınması qaydası Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq müəyyən edilir.
Maddə 48. Avtomobil nəqliyyatı ilə iriqabaritli və ağırçəkili yüklərin daşınması
48.1. Yükünün qabaritləri və çəkisi, yaxud texniki göstəriciləri müvafiq normativlərlə müəyyənləşdirilmiş məhdudiyyətlərdən kənara çıxan avtonəqliyyat vasitələrinin ümumi istifadədə olan yollarla, o cümlədən, yaşayış məntəqələrinin küçələri ilə hərəkətinə əvvəlcədən təyin edilmiş xüsusi marşrut üzrə, müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında yol verilir.
48.2. Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi, onların hərəkətinə xüsusi icazənin verilməsi qaydası, habelə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri və ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 49. Qarışıq yük daşımalarının yerinə yetirilməsi
49.1. Ən azı iki nəqliyyat növündən istifadə edilməklə, bütün hərəkət yolu (göndərilmə məntəqəsindən təyinat məntəqəsinədək) üçün tərtib edilmiş vahid nəqliyyat sənədi əsasında yerinə yetirilən sərnişin və yük daşımaları qarışıq daşımalar hesab olunur.
49.2. Qarışıq yük daşınmasının yerinə yetirilməsi üçün daşıyıcılar digər nəqliyyat növləri ilə daşıyıcılarla və ya daşımaların təşkilatçıları ilə Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarına uyğun olaraq yük daşımalarının təmin edilməsi haqqında müqavilələr bağlayırlar.
VI fəsil
AVTOMOBİL NƏQLİYYATI İLƏ BEYNƏLXALQ DAŞIMALAR
Maddə 50. Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların təşkili
50.1. Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları, o cümlədən tranzit daşımaları Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq yerinə yetirilir.
50.2. Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin şərtlərinin Azərbaycan Respublikasının ərazisində yerinə yetirilməsini müvafiq icra hakimiyyəti orqanı aidiyyəti dövlət orqanları ilə birlikdə təmin edir.
50.3. Barəsində icazə sistemi tətbiq edilən xarici dövlətlərə yerinə yetirilən beynəlxalq daşımalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən “İcazə” blankları əsasında yerinə yetirilir.
50.4. Azərbaycan Respublikasının ərazisində xarici avtomobil daşıyıcılar tərəfindən ölkədaxili daşımalarının yerinə yetirilməsinə yol verilmir.
50.5. Beynəlxalq yük daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinin sürücüləri beynəlxalq yük daşımalarına dair beynəlxalq konvensiyalar, sazişlər və digər sənədlər, habelə bu daşımaların xüsusiyyətləri barədə zəruri biliklərə malik olmaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş proqram üzrə xüsusi hazırlıq keçməlidirlər.
Maddə 51. Avtonəqliyyat vasitələrinin, yüklərin və baqajın (əl yükünün) Azərbaycan Respublikasının gömrük sərhədindən keçməsi
Avtonəqliyyat vasitələri, yüklər və baqaj (əl yükü) Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük işinə dair və digər normativ hüquqi aktlarına uyğun olaraq keçirilir.
VII fəsil
AVTOMOBİL NƏQLİYYATININ FƏALİYYƏTİ SAHƏSİNDƏ MƏSULİYYƏT
Maddə 52. Avtomobil nəqliyyatı ilə daşınma müqaviləsindən irəli gələn öhdəliklərə görə məsuliyyət
52.1. Avtomobil nəqliyyatı ilə daşınma müqaviləsindən və daşınma ilə əlaqədar mülki qanunvericiliklə nəzərdə tutulmuş digər müqavilələrdən irəli gələn öhdəliklərin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə müqavilə üzrə tərəflər bu Qanunla, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
52.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, avtomobil nəqliyyatı ilə daşınma müqaviləsi üzrə qanunvericiliklə müəyyən edilmiş məsuliyyətin məhdudlaşdırılması yaxud aradan qaldırılması barədə tərəflərin razılaşması etibarsızdır.
Maddə 53. Avtonəqliyyat vasitəsinin yüklənmək üçün verilməməsinə görə daşıyıcının məsuliyyəti
53.1. Avtomobil nəqliyyatı ilə daşınma müqaviləsinə uyğun olaraq avtonəqliyyat vasitəsinin yüklənmək üçün verilməməsinə və ya vaxtlı-vaxtında verilməməsinə görə daşıyıcı Azərbaycan Respublikasının qanunvericiliyi, habelə tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
53.2. Avtonəqliyyat vasitəsinin yüklənmək üçün verilməməsi və ya vaxtlı-vaxtında verilməməsi qarşısıalınmaz qüvvənin təsiri və ya səlahiyyətli dövlət orqanları tərəfindən müəyyən istiqamətdə avtomobil nəqliyyatı ilə daşımaların məhdudlaşdırılması, yaxud dayandırılması nəticəsində baş verdikdə, daşıyıcı məsuliyyətdən azad olunur.
Maddə 54. Yükün və ya baqajın qorunub saxlanılmamasına və əl yükünün zədələnməsinə görə avtomobil daşıyıcısının məsuliyyəti
54.1. Yükün və ya baqajın daşınma üçün qəbul edildiyi vaxtdan yükalana, sərnişinə və ya digər səlahiyyətli şəxsə təhvil verilənədək itirilməsinin, əskik çıxmasının və ya zədələnməsinin (xarab olmasının) daşıyıcının təqsiri olmadan baş verdiyi sübut edilmədikdə, daşıyıcı məsuliyyət daşıyır.
54.2. Daşıyıcı yükün və ya baqajın avtomobil nəqliyyatı ilə daşınması zamanı vurulmuş zərəri aşağıdakı miqdarda ödəyir:
54.2.1. yük və ya baqaj itirildikdə, yaxud əskik çıxdıqda - müvafiq olaraq itirilmiş, yaxud əskik çıxmış yükün və ya baqajın dəyəri miqdarında;
54.2.2. yük və ya baqaj zədələndikdə (xarab olduqda) - onun dəyərinin azaldığı miqdarda, zədələnmiş yükü bərpa etmək mümkün olmadıqda isə, onun tam dəyəri miqdarında;
54.2.3. qiyməti elan olunmaqla avtomobil nəqliyyatı ilə daşınmaq üçün təhvil verilmiş yük və ya baqaj itirildikdə - həmin yük və ya baqajın elan olunmuş qiyməti miqdarında. Daşıyıcı həmin yükün və ya baqajın həqiqi dəyərinin elan olunmuş qiymətdən aşağı olduğunu sübut etdikdə isə - yükün və ya baqajın həqiqi dəyəri miqdarında.
54.3. Yükün və ya baqajın həqiqi dəyərinin müəyyən edilməsi üçün onların daşınma müqaviləsində yaxud hesablaşma sənədində göstərilmiş qiyməti əsas götürülür. Daşınma müqaviləsində yükün və ya baqajın qiyməti müəyyən edilmədikdə, yaxud hesablaşma sənədi olmadıqda isə, analoji malların mövcud bazar qiyməti əsas kimi götürülür.
54.4. Daşıyıcı yükün və ya baqajın itirilməsi, əskik çıxması və ya zədələnməsi (xarab olması) ilə əlaqədar müəyyən edilmiş zərəri ödəməklə yanaşı, həmin yükün və ya baqajın daşınmasına görə alınmış daşınma haqqını da (daşınma haqqı yükün və ya baqajın dəyərinə daxil olmadıqda) yükgöndərənə (yükalana), sərnişinə və ya səlahiyyəti olan digər şəxsə qaytarır.
Maddə 55. Sərnişin avtonəqliyyat vasitəsinin yola düşməsinin ləngidilməsi və ya təyinat məntəqəsinə çatmasının gecikdirilməsinə görə avtomobil daşıyıcısının məsuliyyəti
55.1. Avtobusun yola düşməsinin, yaxud təyinat məntəqəsinə çatmasının gecikdirilməsinin (şəhərdaxili daşımalar istisna olmaqla) qarşısıalınmaz qüvvənin təsiri nəticəsində və ya daşıyıcıdan asılı olmayan digər səbəblərdən baş verdiyi sübut olunmadıqda, daşıyıcı “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” ilə müəyyən olunmuş qaydada və məbləğdə sərnişinə dəbbə pulunu ödəyir.
55.2. Avtonəqliyyat vasitəsinin ləngiməsi səbəbindən sərnişinin daşımadan imtina etdiyi hallarda daşıyıcı (avtomobil nəqliyyatı ilə daşımaların təşkilatçısı) daşınma haqqını tam məbləğdə sərnişinə geri qaytarmalıdır.
Maddə 56. Sərnişinin həyatına və ya sağlamlığına vurulmuş zərərə görə avtomobil daşıyıcısının məsuliyyəti
56.1. Avtomobil nəqliyyatı ilə daşımalar yerinə yetirilərkən sərnişinlərin həyatına və ya sağlamlığına vurulmuş zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri nəticəsində baş verdiyini sübut edə bilmədikdə, daşıyıcı vurulmuş zərərə görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq maddi məsuliyyət daşıyır.
56.2. Avtomobil nəqliyyatı ilə sərnişin daşınması müqavilələrində sərnişinin həyatına və ya sağlamlığına vurulmuş zərərə görə daşıyıcının daha yüksək maddi məsuliyyəti nəzərdə tutula bilər.
Maddə 57. Avtomobil nəqliyyatı ilə daşımaların yerinə yetirilməsi ilə əlaqədar sifarişçinin daşıyıcı qarşısında məsuliyyəti
57.1. Daşımanın sifarişçisi avtomobil nəqliyyatı ilə daşınma müqaviləsinin şərtlərinin pozulmasına, təqdim edilmiş avtonəqliyyat vasitəsindən vaxtlı-vaxtında istifadə edilməməsinə görə daşıyıcı qarşısında müvafiq qanunvericiliklə və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
57.2. Sifarişçi onun təqsiri üzündən avtomobil daşıyıcısına, habelə daşıyıcının məsuliyyət daşıdığı digər şəxslərin əmlakına vurduğu zərərə görə məsuliyyət daşıyır.
57.3. Yük müşayiətedici sənədlərdə göstərilmiş düzgün olmayan, qeyri-dəqiq yaxud dolğun olmayan məlumatlarla əlaqədar və ya zəruri yük müşayiətedici sənədlərin olmaması səbəbindən daşıyıcıya və üçüncü şəxslərə vurulmuş zərərə görə məsuliyyəti yükgöndərən daşıyır.
57.4. Avtomobil nəqliyyatı ilə daşınma müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsi qarşısıalınmaz qüvvənin təsiri, müəyyən istiqamətlərdə daşımaların dayandırılması, yaxud məhdudlaşdırılması səbəbindən, habelə ondan asılı olmayan digər hallarda baş verdikdə, sifarişçi məsuliyyətdən azad olunur.
Maddə 58. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları ilə əlaqədar pretenziyalar[34]
58.1. Müqavilənin tərəfləri avtomobil nəqliyyatı ilə daşımalarla bağlı məhkəmədə iddia qaldırmazdan əvvəl “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” və “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” ilə müəyyən edilmiş qaydada və müddətlərdə pretenziya verməlidirlər.
//çıxarılıb// [35]
//çıxarılıb//
VIII fəsil
AVTOMOBİL NƏQLİYYATI SAHƏSİNDƏ DÖVLƏT NƏZARƏTİ
Maddə 59. Avtomobil nəqliyyatı ilə daşımalara dair qayda və tələblərə riayət edilməsinə dövlət nəzarətinin təşkili
Avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
IX fəsil
YEKUN MÜDDƏALAR
Maddə 60. Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət edilməməsinə görə məsuliyyət
Bu Qanunun və avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə riayət etməyən avtomobil daşıyıcıları, yükgöndərənlər, yükalanlar, daşımaların təşkilatçıları, sərnişinlər və digər şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə cəlb olunurlar. [36]
Maddə 61. Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 aprel 2008-ci il
№ 556-IIIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 276)
2. 30 sentyabr 2010-cu il tarixli 1084-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 sentyabr 2010-cu il, № 229, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 841)
3. 22 oktyabr 2013-cü il tarixli 787-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 05 noyabr 2013-cü il, № 244)
4. 4 aprel 2014-cü il tarixli 936-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 may 2014-cü il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 342)
5. 29 may 2015-ci il tarixli 1303-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 avqust 2015-ci il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 8, maddə 903)
6. 20 oktyabr 2015-ci il tarixli 1405-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2015-ci il, № 283)
|