4
GİRİŞ
Elm və texnikanın inkişafı ölçmə texnikasının nailiyyətləri ilə sıx əlaqədardır. Ölçmə texnikasının vəzifəsi
təbiətdə baş verən hadisələrin fiziki xarakteristikalarının alınmasına və naməlum hadisələrin aşkar edilməsinə
yeni imkanlar verən cihaz, ölçmə qurğusu və sistemlər yaratmaqdan ibarətdir.
Ölçmə texnikasının tətbiq sahəsi xeyli genişdir. Mübaliğəsiz demək olar ki, ölçmə texnikası keyfiyyətli məhsul
buraxılmasında ən mühüm amillərdən biridir.
Bir sıra cəhətlərinə görə elektrik ölçmə üsulları digər üsullardan xeyli üstündür. Az enerji sərfini, ölçülən
kəmiyyətin məsafəyə ötürülə bilməsini, ölçmələrin və onların nəticələrinin böyük sürətlə ötürülməsini, yüksək
dəqiqlik və həssaslığı bunlara misal göstərmək olar.
Son illərdə elektrik ölçmə texnikası vasitələrinin inkişafındakı tərəqqi ölçmə nəzəriyyəsinin daha da inkişaf
etdirilməsi və onun əsasında yeni ölçmə üsullarının yaranması, ölçmə vasitələrinin konstruksiyalarına
mikroelektronikanın, avtomatikanın, hesablama texnikasının son nailiyyətlərinin geniş tətbiqi, həmçinin bir sıra
texnoloji məsələlərin müvəffəqiyyətli həlli nəticəsində təmin edilmişdir. Rəqəmli ölçmə cihazlarının (RÖC)
yaranması və istehsalı elektrik ölçmə texnikasının inkişafında mühüm mərhələ olmuşdur. Ölçmə prosesinin tam
avtomatlaşdırılması ilə yanaşı, RÖC yüksək dəqiqliyi, cəld işləməni, maneəyə dayanıqlığı, ölçmə obyektindən az
güc sərfini oxunma əlverişliliyini, ölçmə nəticəsinin kod şəklində başqa qurğulara ötürülməsini və s. təmin edir.
Bu modulu tamamladıqdan sonra tələbə elektrik ölçü cihazlarının texniki xarakteristikasını, təyinatını,
ampermetr, voltmetr, ommetr, meqommetr, vattmetr, loqometr, rəqəmsal cihazı, sabit cərəyan, birfazalı və
üçfazalı dəyişən cərəyan dövrəsində gücü, aktiv və reaktiv gücü, elektrik enerjisi sərfinin ölçülməsini biləcəkdir.