Elektron ticarət haqqında Azərbaycan Respublikasının Qanunu




Download 73.5 Kb.
Sana29.03.2020
Hajmi73.5 Kb.
#9309

2005-07-28 Elektron ticarət haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu qanun Azərbaycan Respublikasında elektron ticarətin təşkili və həyata keçirilməsinin hüquqi əsaslarını, onun

iştirakçılarının hüquq və vəzifələrini, habelə elektron ticarət haqqında qanunvericiliyin pozulmasına görə

məsuliyyəti müəyyən edir.

I Fəsil


Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilir:

1.0.1. Elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin

göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyət;

1.0.2. Elektron ticarətin iştirakçıları - elektron ticarətin həyata keçirilməsi zamanı satıcı (təchizatçı), alıcı

(sifarişçi) və elektron sənəd dövriyyəsi vasitəçisi kimi çıxış edən hüquqi və fiziki şəxslər;

1.0.3. Satıcı (təchizatçı) - malları satan (xidmətləri göstərən, işləri görən) elektron ticarət iştirakçısı;

1.0.4. Alıcı (sifarişçi) - malları alan (xidmətləri, işləri sifariş edən) elektron ticarət iştirakçısı;

1.0.5. Elektron sənəd dövriyyəsi vasitəçisi (bundan sonra vasitəçi) - elektron sənədi göndərən və alan arasında

elektron sənəd dövriyyəsi xidmətlərini göstərən fiziki və ya hüquqi şəxs;

1.0.6. Kommersiya bildirişi - satıcı (təchizatçı) tərəfindən malların yayılmasına, xidmətlərin göstərilməsinə,

işlərin görülməsinə və ya onun imicinin formalaşdırılmasına birbaşa, yaxud dolayı yolla xidmət edən məlumat.

Maddə 2. Qanunun tətbiq sahəsi

2.1. Maliyyə bazarı, o cümlədən sığorta və qiymətli kağızlar bazarı istisna olmaqla, bu qanun Azərbaycan

Respublikasında bütün digər sahələrdə həyata keçirilən elektron ticarətə şamil olunur.

2.2. Maliyyə bazarında, o cümlədən sığorta və qiymətli kağızlar bazarında elektron ticarətlə bağlı münasibətlər

Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir.

2.3. Bu qanun Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən notarial qaydada təsdiqlənməli və ya dövlət

qeydiyyatına alınmalı olan müqavilələrə şamil edilmir.

Maddə 3. Elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

3.1. Elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının

Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, "Elektron imza və elektron sənəd

haqqında" Azərbaycan Respublikasının Qanunundan, bu qanundan və digər normativ hüquqi aktlardan, habelə

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

3.2. Əqdlərin elektron formada bağlanması ilə əlaqədar məsələlər bu qanunla və elektron sənəd dövriyyəsinə dair

qanunvericiliklə, əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər isə, bu qanunun 10-cu

maddəsində nəzərdə tutulan məsələlər istisna olmaqla, mülki qanunvericiliklə tənzimlənir.

II Fəsil

Elektron ticarətin təşkili

Maddə 4. Elektron ticarətin əsas prinsipləri

4.1. Azərbaycan Respublikasında elektron ticarətin hüquqi tənzimlənməsi aşağıdakı prinsiplərə əsaslanır:

4.1.1. iştirakçıların hüquq bərabərliyi;

4.1.2. iştirakçıların iradə sərbəstliyi;

4.1.3. iştirakçıların əmlak müstəqilliyi;

4.1.4. mülkiyyətin toxunulmazlığı;

4.1.5. müqavilə azadlığı;

4.1.6. sahibkarlıq fəaliyyətinin maneəsiz həyata keçirilməsi;

4.1.7. azad və ədalətli rəqabət;

4.1.8. malların, xidmətlərin və maliyyə vəsaitlərinin sərbəst hərəkəti;

4.1.9. hüquqların məhkəmədə müdafiəsinə təminat verilməsi.

4.2. Hüquqi və fiziki şəxslərin elektron ticarət sahəsində hüquq və vəzifələr əldə etməsinə və həyata keçirməsinə

yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhdudiyyətlər qoyula bilər.

4.3. Elektron ticarətin həyata keçirilməsinə xüsusi razılıq (lisenziya) tələb olunmur. Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət sahələrində elektron ticarət aparıldıqda, satıcı (təchizatçı) qanunvericilikdə müəyyən edilmiş

qaydada həmin fəaliyyətə xüsusi razılıq (lisenziya) almalıdır.

4.4. Hüquqi və fiziki şəxslər elektron ticarət sahəsində hüquq və vəzifələrini qanunvericiliyə və bağladıqları

müqavilələrə əsasən əldə edir və həyata keçirirlər.

Maddə 5. Elektron ticarətin iştirakçılarına olan tələblər

5.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyətə xüsusi razılıq (lisenziya) nəzərdə

tutulan hallar istisna olmaqla, mövcud qanunvericiliyə müvafiq qaydada hüquqi şəxs dövlət qeydiyyatından

keçdiyi və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə

məşğul olmaq hüququ əldə etdiyi andan satıcı (təchizatçı) kimi fəaliyyətə başlaya bilər.

5.2. Satıcının (təchizatçının) alıcılara (sifarişçilərə) təqdim etdiyi bütün məlumatlar Azərbaycan dilində və ya

tərəflərin razılaşdırdığı digər dildə, xüsusi biliyə malik olmayan alıcı (sifarişçi) tərəfindən aydın və birmənalı başa

düşülən şəkildə ifadə olunmalıdır.

5.3. Satıcı (təchizatçı) özü barədə aşağıdakı zəruri məlumatlarla alıcıların (sifarişçilərin) və səlahiyyətli dövlət

orqanlarının tanış olmasına imkan yaratmalıdır:

5.3.1. hüquqi şəxsin adı, dövlət qeydiyyatı, təşkilati-hüquqi forması, ünvanı və ya fiziki şəxsin soyadı, adı və

atasının adı, ünvanı;

5.3.2. əlaqə məlumatları (telefon, faks, İnternet və elektron poçt ünvanları);

5.3.3. satıcının (təchizatçının) ticarət reyestrində və ya digər reyestrdə qeydiyyatı olduğu halda, reyestrin adı,

qeydiyyat nömrəsi və ya digər identikləşdirmə məlumatı (satıcı (təchizatçı) peşə üzrə fəaliyyət göstərərkən isə

qeydiyyatdan keçdiyi müvafiq dövlət orqanının və ya digər qurumun adı, peşə üzrə ixtisas dərəcəsi, peşə

qaydaları və bu qaydalarla tanışlıq imkanı barədə məlumat);

5.3.4. sahibkarlıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) tətbiq olunan halda, xüsusi razılıq (lisenziya) və onu

vermiş dövlət orqanı barədə məlumat;

5.3.5. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

5.3.6. malların, xidmətlərin və işlərin qiymətinə verginin və malın (xidmətin, işin) çatdırılma haqqının daxil olubolmaması və onların məbləği barədə məlumat.

5.4. Alıcı (sifarişçi) bu qanunla, mülki qanunvericiliklə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi

haqqında qanunvericiliklə və elektron ticarət iştirakçıları arasında bağlanmış müqavilələrlə nəzərdə tutulmuş

hüquq və vəzifələrə malikdir.

5.5. Vasitəçi məhkəmənin qərarı və ya qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanının müraciəti

əsasında hüquq pozuntularının qarşısının alınması məqsədi ilə göstərdiyi xidməti dayandırır, informasiyanın

saxlanılması xidmətini göstərdiyi halda isə, həmçinin informasiyanı silir və ya ona çıxışı məhdudlaşdırır.

III Fəsil

Elektron ticarətin

həyata keçirilməsi

Maddə 6. Kommersiya bildirişi

6.1. Elektron ticarətin təşviq edilməsi məqsədi ilə satıcı (təchizatçı) kommersiya bildirişindən istifadə edə bilər.

Kommersiya bildirişi aşağıdakı şərtlərə cavab verməlidir:

6.1.1. bildirişin kommersiya xarakterli olması aydın bildirilməlidir;

6.1.2. kommersiya bildirişini göndərənin adı və ünvanı dəqiq göstərilməlidir;

6.1.3. satışı stimullaşdırmaq məqsədi ilə qanunvericiliklə icazə verilmiş güzəştlər, mükafatlar və hədiyyələr kimi

təkliflər aydın göstərilməli, onların əldə edilmə şərtləri açıq, birmənalı ifadə olunmalı və bu təkliflərlə asanlıqla

tanış olmağa imkan yaradılmalıdır;

6.1.4. satışı stimullaşdırmaq məqsədi ilə qanunvericiliklə icazə verilmiş yarışlar və oyunlar barədə məlumatlar

aydın göstərilməli, onlarda iştirak şərtləri açıq, birmənalı ifadə olunmalı və bu təkliflərlə asanlıqla tanış olmağa

imkan yaradılmalıdır.

6.2. Satıcıya (təchizatçıya) birbaşa müraciət etməyə imkan verən məlumatlar, o cümlədən, İnternet və elektron

poçt ünvanları, mallar (xidmətlər, işlər) və ya onların satıcısı (təchizatçısı) barədə sərbəst surətdə, xüsusən də

xərc çəkmədən əldə edilmiş məlumatlar kommersiya bildirişinə aid edilmir.

6.3. Alıcının (sifarişçinin) razılığı olmadan satıcı (təchizatçı) tərəfindən elektron poçt vasitəsilə təşəbbüs

xarakterli kommersiya bildirişləri göndərilə bilər. Satıcı (təchizatçı) təşəbbüs xarakterli kommersiya bildirişlərini

almaq istəməyən şəxslərin qeydiyyatdan keçməsinə imkan yaratmalı və bu qeydiyyata riayət etməlidir. Təşəbbüs

xarakterli kommersiya bildirişlərinə cavab verilməməsi aksept hesab olunmur. Maddə 7. Müqavilənin bağlanması

7.1. Elektron ticarətdə satıcı (təchizatçı) ilə alıcı (sifarişçi) arasında müqavilələr elektron sənəd formasında

bağlanır.

7.2. Müqavilə bağlamaq təklifi (oferta), o cümlədən qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış oferta (ümumi

oferta) oferentin özü və ya bu təkliflə bağlı onun adından hərəkət etmək səlahiyyəti verilmiş şəxs tərəfindən,

yaxud onların proqramlaşdırdığı və avtomatik fəaliyyət göstərən informasiya sistemi vasitəsilə göndərilə bilər.

7.3. Müqavilənin şərtləri xüsusi biliyə malik olmayan alıcı (sifarişçi) tərəfindən dəqiq və birmənalı başa düşülən

şəkildə tərtib edilməlidir, həmçinin müqavilə onunla tanış olmağa və onu saxlamağa imkan verən formada

hazırlanmalıdır.

7.4. Müqavilənin bəzi şərtləri digər elektron sənədə istinadən verilə bilər və bu səbəbdən müqavilə etibarsız

sayıla bilməz. Bu halda satıcı (təchizatçı) müqavilənin qüvvədə olduğu müddətdə istinad olunan elektron sənədə

çıxış imkanı təmin etməlidir.

7.5. Müqavilə satıcının (təchizatçının) ona aksept aldığı andan bağlanmış hesab olunur. Əgər tərəflər arasındakı

razılığa əsasən digər hallar nəzərdə tutulmamışdırsa, elektron sənədin qəbul edilməsinin təsdiqi aksept hesab

olunmur.

Maddə 8. Müqavilənin bağlanmasına aid tələblər

8.1. Alıcı (sifarişçi) sifariş verməzdən əvvəl satıcı (təchizatçı) tərəfindən aşağıdakı məlumatla təmin olunmalıdır:

8.1.1. təchizatçının adı, ünvanı;

8.1.2. malların (xidmətlərin, işlərin) xüsusiyyətləri barədə əsas məlumatlar;

8.1.3. vergilər nəzərə alınmaqla malların (xidmətlərin, işlərin) qiymətləri;

8.1.4. çatdırılma nəzərdə tutulduqda, onun xərci və digər şərtləri;

8.1.5. ödəniş və sifarişin icra olunma şərtləri;

8.1.6. bu Qanunda nəzərdə tutulmuş imtina hüququndan istifadə imkanı;

8.1.7. müqavilə bağlamaq təklifinin və ya qiymətin qüvvədə olduğu müddət;

8.1.8. ehtiyac olarsa, malların, işlərin və xidmətlərin daimi və ya mütəmadi təchiz edilməsinin minimal müddəti;

8.1.9. müqavilənin bağlanma üsulu və mərhələləri;

8.1.10. satıcı (təchizatçı) tərəfindən müqavilənin qeydiyyatının aparılması və ona çıxış imkanı;

8.1.11. sifarişin verilməsi zamanı buraxılan səhvlərin müəyyənləşdirilməsi və onların düzəldilməsi üçün mövcud

olan texniki imkanlar.

8.2. Sifariş verilərkən satıcı (təchizatçı) alıcıya (sifarişçiyə) sifarişi aldığını dərhal bildirməlidir. Alıcı (sifarişçi)

sifarişin təsdiqlənməsi barədə məlumatı əldə etdiyi halda sifariş qəbul olunmuş sayılır.

8.3. Bu qanunun 8.1-ci maddəsində göstərilmiş məlumatlar, bu Qanunun 9.3-cü maddəsində göstərilən hallar

istisna olmaqla, təsdiqləmə formasında yazılı şəkildə müqavilə bağlananadək alıcıya (sifarişçiyə) çatdırılmalıdır.

Bu öhdəlik müqavilə bağlananadək yerinə yetirilmədikdə, müqavilənin icrasına başlananadək yerinə yetirilməlidir.

8.4. Təsdiqləmədə habelə aşağıdakılar barədə məlumat verilməlidir:

8.4.1. müqavilənin icrasından imtinanın şərtləri və proseduru;

8.4.2. alıcının (sifarişçinin) şikayət edə bildiyi ünvan;

8.4.3. satışdan sonrakı xidmət və zəmanətlər;

8.4.4. müqavilənin bir ildən artıq müddətə və ya qeyri-müəyyən müddətə bağlandığı halda, onun dayandırılması

şərtləri.

8.5. Bu qanunun 8.4-cü maddəsi bir dəfəyə göstərilən xidmətlərə tətbiq edilmir. Bu halda alıcıya (sifarişçiyə)

ancaq şikayət edə bildiyi ünvan bildirilməlidir.

Maddə 9. Müqavilənin icrasından imtina

9.1. Alıcı (sifarişçi) malın (işin, xidmətin) ödəniş qaydasından asılı olmayaraq 7 iş günü ərzində cəriməsiz olaraq

və səbəb göstərmədən bağlanmış müqavilənin icrasından imtina edə bilər.

9.2. Bu Qanunun 8.3-cü maddəsində göstərilmiş öhdəlik yerinə yetirilmişdirsə, müqavilənin icrasından imtina

edilmə müddəti müqavilənin bağlandığı gündən hesablanır.

9.3. Satıcı (təchizatçı) bu Qanunun 8.3-cü maddəsində göstərilmiş öhdəliyi tam yerinə yetirə bilmədikdə, o, bunu

müqavilə bağlanandan sonrakı 3 ay ərzində etməlidir. Bu dövrdə öhdəlik yerinə yetirilərsə, 7 günlük imtina

müddəti həmin gündən hesablanır.

9.4. Alıcı (sifarişçi) bu qanunun 9.1-ci maddəsinə uyğun olaraq müqavilənin icrasından imtina etdikdə, satıcı

(təchizatçı) onun ödədiyi məbləği əlavə xərc olmadan 7 gün ərzində geri qaytarmalıdır. Bu zaman alıcıdan

(sifarişçidən) yalnız malın qaytarılması xərci tutula bilər.

9.5. Tərəflər arasında digər razılaşma olmadıqda, alıcı (sifarişçi) aşağıdakı müqavilələrin icrasından imtina edə

bilməz: 9.5.1. bu qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş 7 günlük müddət ərzində alıcının (sifarişçinin) razılığı

ilə müqavilənin icrasına başlanıldıqda;

9.5.2. qiymətləri satıcı (təchizatçı) tərəfindən tənzimlənməyən maliyyə bazarındakı dəyişmələrdən asılı olan

malların təchizatı üzrə müqavilələrdə;

9.5.3. alıcının (sifarişçinin) xüsusi tələbi əsasında istehsal və ya uyğunlaşdırma səbəbindən geri qaytarılması

mümkün olmayan, tez korlanan və ya məhdud istifadə müddəti olan malların təchizatı üzrə müqavilələrdə;

9.5.4. audio, video yazılar və ya kompüter proqram təminatının, həmçinin digər malların qablaşdırma materialı

alıcı (sifarişçi) tərəfindən açıldıqda və ya digər qaydada pozulduqda;

9.5.5. qəzet, jurnal və digər dövri mətbuat təchiz edildikdə.

Maddə 10. Müqavilənin icrası

10.1. Tərəflər arasında digər razılaşma olmadıqda, sifariş alıcı (sifarişçi) tərəfindən göndərilən gündən

başlayaraq ən geci 30 gün ərzində satıcı (təchizatçı) tərəfindən yerinə yetirilməlidir.

10.2. Satıcı (təchizatçı) sifariş verilmiş malları (işləri, xidmətləri) onların olmaması (görülməsinə və ya

göstərilməsinə imkanın olmaması) səbəbindən təmin edə bilmədikdə, alıcıya (sifarişçiyə) bu barədə məlumat

verməlidir və onun ödədiyi məbləği 7 gün ərzində geri qaytarmalıdır.

10.3. Malların və xidmətlərin çatdırılması xərc tələb edərsə, alıcının (sifarişçinin) sifarişi olmadan onların təmin

edilməsi qadağandır.

10.4. Satıcı (təchizatçı) öz təşəbbüsü ilə ödəniş əsasında malların və xidmətlərin çatdırılmasını həyata keçirərsə,

alıcının (sifarişçinin) belə təklifə cavab verməməsi razılıq sayılmamalıdır.

IV Fəsil

Elektron ticarət haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Maddə 11. Elektron ticarət haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyətin ümumi əsasları

11.1. Elektron ticarət haqqında qanunvericiliyin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının

qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

11.2. Satıcı (təchizatçı) alıcıya (sifarişçiyə) və səlahiyyətli dövlət orqanlarına yanlış məlumat verməsinə görə

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

11.3. Əqli mülkiyyət hüquqlarının və digər hüquqların pozulması ilə həyata keçirilən elektron ticarət qanunsuz

sayılır və pozulmuş hüquqların bərpası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.

11.4. Azərbaycan Respublikasının qanunvericiliyinin, o cümlədən müəlliflik hüququ və əlaqəli hüquqların,

inteqral sxem topologiyalarına və məlumat bazalarına olan hüquqların, həmçinin folklor nümunələri barəsində və

sənaye mülkiyyətinə olan hüquqların pozulduğu hallarda digər dövlətin ərazisindən xidmətlərin göstərilməsi

azadlığı məhdudlaşdırıla bilər.

Maddə 12. Vasitəçinin məsuliyyəti

12.1. Vasitəçi elektron ticarətin digər iştirakçıları ilə bağlanmış müqavilənin şərtlərinin yerinə yetirilməməsinə

görə məsuliyyət daşıyır.

12.2. Vasitəçi alıcının (sifarişçinin), satıcının (təchizatçının) təqdim etdiyi informasiyanı rabitə şəbəkəsi vasitəsilə

ötürmək və ya rabitə şəbəkəsinə çıxış imkanını təmin etmək xidməti göstərdikdə, ötürülən informasiyaya görə

aşağıdakı hallarda məsuliyyət daşımır:

12.2.1. ötürmənin təşəbbüskarı olmadıqda;

12.2.2. informasiyanın alıcısını seçmədikdə;

12.2.3. ötürülən informasiyanın məzmununu dəyişmədikdə və ondan seçmələr etmədikdə.

12.3. Vasitəçi alıcının (sifarişçinin), satıcının (təchizatçının) təqdim etdiyi informasiyanı rabitə şəbəkəsi vasitəsilə

ötürmək xidməti göstərdikdə, digər alıcının (sifarişçinin), satıcının (təchizatçının) sorğuları əsasında

informasiyanın daha səmərəli təqdim edilməsi məqsədi ilə ötürülən informasiyanın avtomatik, müvəqqəti və

qısamüddətli saxlanılmasına görə aşağıdakı hallarda məsuliyyət daşımır:

12.3.1. informasiyaya düzəlişlər etmədikdə;

12.3.2. informasiyaya çıxış şərtlərinə riayət etdikdə;

12.3.3. ümumi qəbul edilmiş qaydada informasiyanın yeniləşdirilməsi şərtlərinə riayət etdikdə;

12.3.4. informasiyanın istifadəsi barədə məlumatların əldə edilməsi məqsədi ilə qanuni, ümumi qəbul edilmiş və

geniş istifadə edilən texnologiyalar vasitəsilə müdaxilə etmədikdə;

12.3.5. informasiyanın ilkin mənbəyində onun silinməsi və ya ona çıxışın məhdudlaşdırılması barədə məlumat

aldıqdan sonra dərhal eyni tədbirlər gördükdə, həmçinin bu əməliyyatları məhkəmənin qərarı və ya səlahiyyətli

dövlət orqanının tələbi əsasında həyata keçirdikdə. 12.4. Vasitəçi alıcının (sifarişçinin), satıcının (təchizatçının) təqdim etdiyi informasiyanın saxlanılması üzrə

xidmət göstərirsə, informasiyanın saxlanılmasına görə aşağıdakı hallarda məsuliyyət daşımır:

12.4.1. fəaliyyətin və ya informasiyanın qanunsuz xarakteri barəsində faktiki məlumatlara malik olmadıqda və

zərərin əvəzinin ödənilməsi üzrə iddialar baxımından fəaliyyətin və ya informasiyanın qanunsuz olması barədə

dəqiq faktlar və təfərrüatlar bəlli olmadıqda;

12.4.2. bu barədə məlumat və ya xəbərdarlıq aldıqda, saxlanılan informasiyanın silinməsinin və ya ona çıxışın

qarşısının alınması ilə bağlı dərhal tədbirlər gördükdə.

12.5. Vasitəçi xidmət göstərərkən ötürdüyü, saxladığı informasiyaların ümumi monitorinqinin aparılması və ya

qanunsuz fəaliyyətin həyata keçirilməsini sübut etmək məqsədi ilə fəal surətdə faktların və ya təfərrüatların

müəyyənləşdirilməsi üzrə hərəkətlərə məcbur edilə bilməz, yaxud bunu fərdi təşəbbüs qaydasında həyata keçirə

bilməz.

12.6. Vasitəçi xidmət göstərdiyi alıcıların (sifarişçilərin), satıcıların (təchizatçıların) qanunsuz fəaliyyəti və ya

informasiya ötürməsi barədə səlahiyyətli dövlət orqanlarını məlumatlandırmalıdır və onların müraciətinə əsasən

xidmətlərin alıcılarının (sifarişçilərinin), satıcıların (təchizatçıların) müəyyənləşdirilməsinə imkan verən

məlumatları təqdim etməlidir.

V Fəsil


Yekun müddəalar

Maddə 13. Mübahisələrin həlli

13.1. Elektron ticarətin iştirakçıları arasında mübahisələr qanunvericiliyə zidd olmayan məhkəmədənkənar

vasitələrlə, o cümlədən elektron vasitələrdən istifadə etməklə həll edilə bilər.

13.2. Elektron ticarətlə bağlı iddialara məhkəmələr qanunvericilikdə müəyyən olunmuş müddətdə baxırlar.

Maddə 14. Qanunun qüvvəyə minməsi

Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.

İlham ƏLİYEV,



Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 may 2005-ci il

Download 73.5 Kb.




Download 73.5 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Elektron ticarət haqqında Azərbaycan Respublikasının Qanunu

Download 73.5 Kb.