5. Elektron vergi hesab-fakturasının tətbiqi
5.1. Elektron vergi hesab-fakturası vergi ödəyicisi (satıcı) tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdən sonra Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsi tərəfindən avtomatik olaraq alıcının bu səhifədə yaradılmış şəxsi elektron qutusuna (e-qutusu) ötürülür.
5.2. Vergi ödəyicisi (satıcı) malın (işin, xidmətin) alıcısına (sifarişçisinə) elektron vergi hesab-fakturasını Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq mal (iş, xidmət) təqdim edildikdən sonra 5 gün müddətində verməlidir.
5.3. Mallar (işlər, xidmətlər) vergi ödəyicisi (satıcı) tərəfindən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən və ya e-qutusu olmayan alıcılara, həmçinin pərakəndə ticarət, ictimai iaşə və məişət xidməti sahələrində təqdim edildikdə, elektron vergi hesab-fakturası alıcıların tələbi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsində yaradılmış elektron vergi hesab-fakturası sistemində hazırlanır, qeydə alınır, çap edilir və hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə təsdiqlənməklə verilə bilər.
5.4. Elektron vergi hesab-fakturanın ləğvi fakturanı təqdim edən vergi ödəyicisi (satıcı) tərəfindən aparılır. Elektron vergi hesab-fakturası ləğv edildikdən sonra alıcının e-qutusuna bu barədə məlumat göndərilir. Məlumat göndərildikdən sonra elektron vergi hesab-fakturası üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi (dəqiqləşdirilmişi) yaradılmalıdır. Belə halda alıcı vergi ödəyicisinə (satıcıya) müraciət edərək, təqdim olunmuş elektron vergi hesab-fakturasının ləğvini xahiş edə bilər və ləğvetmə vergi ödəyicisi (satıcı) tərəfindən həyata keçirilir.
5.5. Elektron vergi hesab-fakturanın dəqiqləşdirilməsi elektron vergi hesab-fakturası təqdim edildikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.) qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Dəqiqləşdirilmiş elektron vergi hesab-fakturasına dəqiqləşdirilən elektron vergi hesab-fakturasının seriya və nömrəsi qeyd edildikdən sonra proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Dəqiqləşdirilmiş elektron vergi hesab-fakturası təqdim edildikdən sonra alıcı vergi ödəyicisi tərəfindən təsdiq edilməlidir. Alıcı vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş elektron vergi hesab-fakturası təqdim edildiyi ayın sonuncu gününə kimi təsdiq edilmədiyi halda, dəqiqləşdirilmiş elektron vergi hesab-fakturası proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır.
ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən alıcı vergi ödəyicilərinə təqdim edilən dəqiqləşdirilmiş elektron vergi hesab-fakturasının təsdiq edilməsi tələb olunmur və dəqiqləşdirilmiş elektron vergi hesab-fakturası bu Qaydaların 5.3-cü bəndində göstərilən formada çap olunaraq təqdim edilir.
|
“Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”na
|
|