• ÜMUMİ MÜDDƏALAR
  • Avtomobil nəqliyyatı haqqında qanunvericilik
  • Avtomobil nəqliyyatı ilə daşımaların növləri
  • Avtomobil nəqliyyatı sahəsində fəaliyyətin əsas prinsipləri
  • Avtonəqliyyat vasitələrinə və avtomobil nəqliyyatının infrastrukturuna dair ümumi tələblər
  • Avtonəqliyyat vasitələrinə texniki xidmət göstərilməsinə dair tələblər
  • Avtonəqliyyat vasitələrinin qeydiyyatı
  • Avtomobil nəqliyyatında əmək münasibətlərinin tənzimlənməsi
  • Avtomobil nəqliyyatı xidmətlərinin tarifləri
  • Avtomobil nəqliyyatında səfərbərlik hazırlığının təmin olunması və avtomobil daşıyıcılarının fövqəladə halların nəticələrinin aradan qaldırılmasına cəlb edilməsi
  • Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının lisenziyalaşdırılması
  • Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində lisenziyalaşdırmanın və xüsusi razılığın (lisenziyanın) şərtləri
  • Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının lisenziyalaşdırılmasının xüsusiyyətləri
  • Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinin dayandırılması və ya ləğv edilməsi
  • Avtomobil nəqliyyatının standartlaşdırılması, metroloji təminatı və sertifikatlaşdırılması
  • Avtomobil nəqliyyatı haqqında




    Download 234.77 Kb.
    bet1/2
    Sana26.03.2020
    Hajmi234.77 Kb.
      1   2

    Avtomobil nəqliyyatı haqqında

     

    AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU



     

    Bu Qanun Azərbaycan Respublikasının ərazisində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanları, daşıyıcılar və avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə xidmətlərin istehlakçıları arasında yaranan münasibətləri tənzimləyir.

     

    I fəsil 


    ÜMUMİ MÜDDƏALAR

    Maddə 1. Əsas anlayışlar

    1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır:

    1.0.1. avtonəqliyyat vasitəsi - sərnişin, yük və ya xüsusi avadanlığın avtomobil yolları ilə daşınması üçün nəzərdə tutulmuş mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi (bir və ya bir neçə nəqliyyat vasitəsindən ibarət);

    1.0.2. avtomobil nəqliyyatı - avtonəqliyyat vasitələrindən və avtomobil nəqliyyatının infrastrukturundan istifadə edilməklə, sərnişin və yük daşımalarının yerinə yetirildiyi nəqliyyat növü;

    1.0.3. avtomobil nəqliyyatı ilə daşımaların təşkilatçısı - özünün və ya sifarişçinin adından sərnişinlərin və ya yüklərin daşınması, həmçinin avtomobil nəqliyyatı ilə daşımaların təşkili ilə əlaqədar müqavilələr bağlayan hüquqi və ya fiziki şəxs;

    1.0.4. avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar - sərnişin və ya yük daşınması müqaviləsi yaxud digər qanuni əsaslarla, daşınma haqqı ödənilməklə yerinə yetirilən daşımalar;

    1.0.5. avtomobil nəqliyyatı ilə təsərrüfat ehtiyacları üçün daşımalar - hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə və öz hesabına yerinə yetirilən daşımalar. Bu cür daşımalar üçün istifadə olunan avtonəqliyyat vasitələri həmin hüquqi şəxslərin və ya fərdi sahibkarların işçiləri tərəfindən idarə olunmalıdır;

    1.0.6. avtomobil nəqliyyatının infrastrukturu - avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üçün istifadə olunan avtomobil yolları, avtovağzallar (avtostansiyalar), dayanacaq məntəqələri, avtomobil duracaqları, terminallar və digər qurğular, habelə avtonəqliyyat vasitələrinə //çıxarılıb// texniki xidmət göstərən texniki-təmir sahələri və texniki-təmir stansiyaları, yanacaqdoldurma məntəqələri; [1]

    1.0.7. avtobus - sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olan, sərnişin daşımaları üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsi;

    1.0.8. baqaj - daşınmaq üçün qablaşdırılmış, sərnişin tərəfindən avtonəqliyyat vasitəsilə göndərilən və ya səfər boyu müşayiət edilən, qabariti, çəkisi və xüsusiyyətindən asılı olaraq daşınmasına icazə verilən yük;

    1.0.9. daşıyıcı - daşınma müqaviləsi və ya digər qanuni əsaslarla sərnişin və yük daşımalarını yerinə yetirən hüquqi şəxs və ya fərdi sahibkar;

    1.0.10. əl yükü - sərnişinə məxsus və öz xüsusiyyətlərinə, ölçülərinə, çəkisinə görə sərnişin avtonəqliyyat vasitəsinin salonunda daşınmasına icazə verilən əşyalar;

    1.0.11. gediş sənədi (bilet) - sərnişinin avtobusda gediş hüququnu, sərnişin və daşıyıcı arasında daşınma müqaviləsinin bağlanmasını təsdiq edən və müəyyən edilmiş formada rəsmiləşdirilən sənəd;

    1.0.12. sərnişin avtonəqliyyat vasitəsi - konstruksiyasına və təchiz edilmiş avadanlığına görə insanların və baqajın daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsi;

    1.0.13. sərnişin – avtonəqliyyat vasitəsində gediş hüququ verən sənəd (bilet) və ya digər qanuni əsaslarla daşınan fiziki şəxs;

    1.0.14. sərnişin daşınması – sərnişinlərin avtonəqliyyat vasitəsilə yoladüşmə məntəqəsindən təyinat məntəqəsinə çatdırılması;

    1.0.15. sifariş - avtomobil nəqliyyatı ilə sərnişin və ya yük daşımalarının sifarişçisi ilə daşıyıcı arasında münasibətləri tənzimləyən müqavilə;

    1.0.16. sifarişçi - sərnişin və ya yük daşımalarının yerinə yetirilməsi barədə müvafiq qaydada müqavilə bağlamış orqan, yaxud onun tərəfindən təyin edilmiş səlahiyyətli hüquqi şəxs, habelə sərnişin və ya yük daşımaları barədə daşıyıcı ilə müqavilə bağlayan hüquqi və ya fiziki şəxs;

    1.0.17. sürücü - avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan, daşımalar prosesində birbaşa iştirak edən, habelə müvafiq hallarda daşıyıcını təmsil edən şəxs;

    1.0.18. taksi minik avtomobili - xüsusi tanınma nişanları və taksometrlə təchiz olunmuş, sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olmayan avtonəqliyyat vasitəsi;

    1.0.19. ümumi istifadədə olan avtomobil nəqliyyatı - tənzimlənən və ya elan edilmiş tariflər tətbiq edilməklə, müqavilə ilə razılaşdırılmış qiymətlər üzrə hüquqi və ya fiziki şəxslərin müraciəti əsasında yerinə yetirilən sərnişin və yük daşımalarında istifadə olunan nəqliyyat vasitəsi;

    1.0.20. yük - avtomobil daşıyıcısı tərəfindən təyinat məntəqəsinə çatdırılmaq üçün qəbul edilmiş əmtəə və ya qeyri-əmtəə təyinatlı mal;

    1.0.21. yük avtonəqliyyat vasitəsi - konstruksiyasına və təchiz edilmiş avadanlığına görə yük daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsi;

    1.0.22. yükgöndərən - adından yük göndərilməsi rəsmiləşdirilən hüquqi və ya fiziki şəxs;

    1.0.23. yükalan - avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinə və ya digər müvafiq sənədlərə əsasən yükü almaq səlahiyyəti olan hüquqi və ya fiziki şəxs.

    Maddə 2. Avtomobil nəqliyyatı haqqında qanunvericilik

    Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, habelə həmin sahəni tənzimləyən digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

    Maddə 3. Qanunun tətbiq dairəsi

    3.1. Bu Qanun avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması xidmətlərinin göstərilməsi, həmçinin avtomobil nəqliyyatının infrastruktur obyektləri ilə əlaqədar dövlət orqanları, daşıyıcılar, infrastruktur obyektlərinin sahibləri və nəqliyyat xidmətlərinin istehlakçıları arasında yaranan hüquqi və iqtisadi münasibətlərə tətbiq olunur.

    3.2. Bu Qanunun müddəaları aşağıdakılara şamil edilmir:

    3.2.1. kommunal və təcili tibbi yardım xidmətlərə məxsus, həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təxirəsalınmaz təcili xidmətlərə aid edilmiş avtonəqliyyat vasitələri ilə yerinə yetirilən daşımalara;

    3.2.2. müdafiə, ictimai asayişin qorunması və fövqəladə halların aradan qaldırılması ilə əlaqədar olan avtomobil daşımalarına;

    3.2.3. dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının, büdcədənkanar dövlət fondlarının, xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi və xidməti istifadəsi üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitələri ilə yerinə yetirilən daşımalara;[2]

    3.2.4. hüquqi şəxslərin və fərdi sahibkarların xidməti istifadəsi üçün nəzərdə tutulmuş minik avtomobilləri ilə yerinə yetirilən daşımalara;

    3.2.5. hüquqi şəxslərin və fərdi sahibkarların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirdiyi texnoloji və təsərrüfatdaxili (müəssisələrin, obyektlərin daxilində) avtomobil nəqliyyatı ilə daşımalarına;

    3.2.6. fiziki şəxslərin mülkiyyətində yaxud istifadəsində olan avtonəqliyyat vasitələri ilə şəxsi ehtiyaclar üçün yerinə yetirdikləri daşımalara.

    Maddə 4. Avtomobil nəqliyyatı ilə daşımaların növləri

    4.0. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları təyinatına görə aşağıdakı növlərə bölünür:

    4.0.1. şəhərdaxili (rayondaxili) sərnişin daşımaları – şəhərin (rayonun) inzibati-ərazi hüdudları daxilində yerinə yetirilən sərnişin daşımaları;

    4.0.2. şəhərlərarası (rayonlararası) sərnişin daşımaları – ayrı-ayrı şəhərlərin (rayonların) inzibati ərazisində yerləşən yaşayış məntəqələri arasında yerinə yetirilən sərnişin daşımaları;

    4.0.3. müntəzəm sərnişin daşımaları – işin başlanması və başa çatması vaxtları, sərnişinlərin avtomobil nəqliyyatına minməsi və ondan düşməsi yerləri, habelə tariflər müəyyən edilməklə, müvafiq cədvəl (hərəkət intervalı) və marşrut üzrə yerinə yetirilən sərnişin daşımaları;

    4.0.4. qeyri-müntəzəm sərnişin daşımaları - sifarişçi ilə bağlanmış müqavilə (sifariş) əsasında daşıyıcı tərəfindən yerinə yetirilən və müntəzəm daşımalara aid olmayan sərnişin daşımaları;

    4.0.5. ölkədaxili yük daşımaları – Azərbaycan Respublikasının hüdudları daxilində yerinə yetirilən yük daşımaları;

    4.0.6. beynəlxalq daşımalar – avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisindən digər dövlətlərə və ya digər dövlətlərdən Azərbaycan Respublikasının ərazisinə, habelə Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməklə yerinə yetirilən sərnişin və ya yük daşımaları.

    Maddə 5. Avtomobil nəqliyyatı sahəsində fəaliyyətin əsas prinsipləri

    5.0. Avtomobil nəqliyyatı sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsi aşağıdakı prinsiplərə əsaslanır:

    5.0.1. avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən bütün subyektlərin mülkiyyət növündən asılı olmayaraq hüquq bərabərliyi;

    5.0.2. avtomobil nəqliyyatı sahəsində fəaliyyətin dövlət tənzimlənməsinin sosial yönümlüyü və ictimai maraqların üstünlüyünün təmin olunması;

    5.0.3. avtomobil nəqliyyatı xidmətlərinin istehlakçıları tərəfindən daşıyıcının azad seçilməsi;

    5.0.4. avtomobil nəqliyyatı sahəsində fəaliyyətin təhlükəsizliyinin vahid norma, standart və qaydalar əsasında təmin olunması.

    Maddə 6. Avtonəqliyyat vasitələrinə və avtomobil nəqliyyatının infrastrukturuna dair ümumi tələblər

    6.1. Avtonəqliyyat vasitələrinin kütlə, qabarit ölçüləri və digər texniki göstəriciləri hərəkətin təhlükəsizliyi, əməyin və ətraf mühitin mühafizəsinə dair Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının tələblərinə uyğun olmalıdır.

    6.2. Avtonəqliyyat vasitələrinin əlavə avadanlıqla, o cümlədən müxtəlif təyinatlı nəzarət cihazları ilə təchiz edilməsinə dair tələblər Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən olunur.

    6.3. Ümumi istifadədə olan sərnişin avtonəqliyyat vasitələrinə, habelə ümumi istifadədə olan sərnişin avtomobil nəqliyyatı üçün dayanacaqlara dair ümumi tələblər “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” ilə müəyyən olunur.

    6.4. Avtomobil nəqliyyatının infrastrukturu sərnişin və yük daşımalarının yerinə yetirilməsinə, yol hərəkətinin təhlükəsizliyinə, ətraf mühitin mühafizəsinə dair, habelə Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş digər tələblərə cavab verməlidir.

    6.5. Avtomobil nəqliyyatının infrastruktur obyektlərinin, o cümlədən avtovağzalların (avtostansiyaların), dayanacaq məntəqələrinin, avtomobil duracaqlarının, terminalların və digər qurğuların, habelə avtonəqliyyat vasitələrinə //çıxarılıb// texniki xidmət göstərən texniki-təmir stansiyalarının (sahələrinin), yanacaq doldurma məntəqələrinin yerləşdirilməsi yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulması sərnişin və yük axınının həcminə, həmçinin nəqliyyat xidmətləri istehlakçılarının tələbatına uyğun olaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir. [3]

    Maddə 7. Avtovağzallara (avtostansiyalara) dair tələblər

    7.1. Avtovağzallar (avtostansiyalar) //çıxarılıb////çıxarılıb// sərnişin daşınmasını yerinə yetirən daşıyıcılara və sərnişinlərə xidmət göstərilməsi məqsədilə ayrı-ayrı şəhərlərdə və rayonların inzibati mərkəzlərində, habelə sərnişin axını intensiv olan iri nəqliyyat qovşaqlarında təşkil olunur. [4]

    7.2. Avtovağzalda 75-dən artıq sərnişin tutan gözləmə zalı, ən azı inzibati bina və ya xidməti otağı, bir necə bilet kassası, ana və uşaq otağı, baqaj saxlama kamerası, iaşə, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələr, tibbi yardım və polis məntəqələri, sürücülərin istirahət otağı, sərnişinlərin minib-düşməsi üçün perron, avtobusların reyslərarası dayanması üçün meydança və təmizləmə postu, habelə şəhər nəqliyyatının və taksi minik avtomobillərinin dayanması üçün vağzalyanı sahə olmalıdır.

    7.3. Avtostansiyada 75-dək sərnişin tutan gözləmə zalı, ən azı bir xidməti otağı, bilet kassası, sanitar-gigiyenik təyinatlı sahə, sərnişinlərin minib-düşməsi üçün perron olmalıdır.

    7.4. Avtovağzallarda (avtostansiyalarda) aşağıdakı növ xidmətlər göstərilir:

    7.4.1. gediş sənədlərinin (biletlərin) satışı;

    7.4.2. sərnişin avtonəqliyyat vasitələrinin gəlməsinin və yola düşməsinin idarə olunması;

    7.4.3. sərnişin avtonəqliyyat vasitələrinin sanitar-gigiyenik vəziyyətinə, müvafiq avadanlıq və ləvazimatlarla təchiz olunmasına nəzarət;

    7.4.4. ticarət və məişət xidmətləri;

    7.4.5. sərnişinlər və daşıyıcılar tərəfindən avtonəqliyyat vasitəsilə sərnişin və baqaj daşınması qaydalarına riayət olunmasına nəzarət.

    7.5. Gün ərzində eyni vaxtda müvafiq xidmətlər göstərilə bilən sərnişinlərin sayından, binaların, tikililərin, texnoloji avadanlıqla təchizatından, həmçinin göstərilən xidmətlərin çeşidindən və səviyyəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir avtovağzala (avtostansiyaya) kateqoriyasına uyğun olaraq pasport verilir. Pasport avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün rəsmi sənəd hesab edilir. Pasport olmadan avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsinə, habelə avtovağzalın (avtostansiyanın) fəaliyyətinin müvafiq kateqoriyaya uyğun texnoloji prosesinin pozulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Pasportun verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. [5]

    7.6. Avtovağzalların (avtostansiyaların) göstərdiyi xidmətlərin onlara verilmiş pasporta uyğunluğuna nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Avtovağzalın (avtostansiyanın) göstərdiyi xidmətlərin səviyyəsi ona verilmiş pasportda qeyd edilmiş kateqoriyadan aşağı olduqda, müvafiq icra hakimiyyəti orqanı pasportun qüvvəsini dayandıra və ya pasportla müəyyən olunmuş kateqoriyanı aşağı sala bilər.

    7.7. Avtovağzalların (avtostansiyaların) vəzifə və funksiyaları, fəaliyyətinin xüsusiyyətləri və texnoloji prosesi, həmçinin avtovağzallara (avtostansiyalara) pasportun verilməsi və onların müvafiq kateqoriyalara aid edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”yə uyğun olaraq müəyyən edilir.

    Maddə 7-1. Avtonəqliyyat vasitələrinə texniki xidmət göstərilməsinə dair tələblər[6]

    7-1.1. Avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları (sahələri) avtonəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət, nasazlığın aradan qaldırılması, eləcə də onların etibarlı və təhlükəsiz istismarı, həmçinin ekoloji yararlılığı üzrə kompleks işlərin təminatlı şərtlərlə yerinə yetirilməsi məqsədi ilə yaradılır.

    7-1.2. Göstərilmiş texniki xidmətin təminatlı şərtləri yerinə yetirilmiş işlərin nəticələrinin təhlükəsizliyinə və xidmətdən sonra yenidən yaranmış həmin nasazlığın müəyyən edilmiş müddət ərzində ödənişsiz aradan qaldırılmasına görə xidmət göstərənin maddi və hüquqi məsuliyyətini nəzərdə tutur.

    7-1.3. Texniki-təmir stansiyalarında avtonəqliyyat vasitələrinə texniki xidmət və onların təmiri üzrə bütün növ texniki-təmir xidmətləri göstərilir.

    7-1.4. Texniki-təmir sahələrində avtonəqliyyat vasitələrinə texniki xidmət və onların təmiri üzrə müəyyən növ təminatlı texniki xidmətlər göstərilir.

    7-1.5. Texniki-təmir stansiyalarında (sahələrində) çalışan şəxslər həmin stansiyalar (sahələr) tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi metodiki göstərişlərlə tanış edilir.

    7-1.6. Texniki-təmir stansiyalarının (sahələrinin) istehsalat-texniki bazası, texnoloji təchizatı və istehsalat sahələrində texnoloji prosesin təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahə standartlarının tələblərinə uyğun olmalıdır. Texniki-təmir stansiyalarının (sahələrinin) müəyyən olunmuş sahə standartlarının tələblərinə uyğunluğuna nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

    7-1.7. Texniki-təmir stansiyaları (sahələri) tərəfindən bu Qanunun, habelə bu sahədə müəyyən olunmuş sahə standartlarının tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

    Maddə 8. Avtonəqliyyat vasitələrinin qeydiyyatı

    8.1. Sərnişin və yük daşımaları üçün istifadə olunan avtonəqliyyat vasitəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmalıdır. Həmin avtonəqliyyat vasitəsi yalnız bir dövlətdə qeydiyyata alına bilər.

    8.2. Avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunur.

    8.3. Dövlət qeydiyyatına alınmamış avtonəqliyyat vasitəsindən istifadə olunması qadağandır.

    Maddə 9. Avtomobil nəqliyyatında əmək münasibətlərinin tənzimlənməsi

    9.1. Avtomobil nəqliyyatı sahəsində əmək münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi və digər müvafiq normativ hüquqi aktları ilə tənzimlənir.

    9.2. Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair tələblərmüvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[7]

    9.3. Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.[8]

     

    II fəsil



    AVTOMOBİL NƏQLİYYATI SAHƏSİNDƏ DÖVLƏT TƏNZİMLƏNMƏSİ VƏ İDARƏETMƏSİ

     

    Maddə 10. Avtomobil nəqliyyatı sahəsində dövlət idarəetməsinin və tənzimlənməsinin əsas vəzifələri



    10.1. Avtomobil nəqliyyatı sahəsində dövlət idarəetməsinin əsas vəzifələri aşağıdakılardır:

    10.1.1. vahid dövlət siyasətinin həyata keçirilməsi;

    10.1.2. Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə nəzərdə tutulmuş qayda və tələblərə riayət olunmasına nəzarət edilməsi;

    10.1.3. avtomobil nəqliyyatı ilə daşımaların yerinə yetirilməsi zamanı texnoloji və ekoloji təhlükəsizliyin təmin olunması üçün şərait yaradılması.

    10.2. Avtomobil nəqliyyatı sahəsində dövlət tənzimlənməsinin əsas vəzifələri aşağıdakılardır:

    10.2.1. iqtisadiyyatın və əhalinin avtomobil nəqliyyatı ilə daşımalara, həmçinin digər nəqliyyat xidmətlərinə olan ehtiyaclarının təmin olunmasına şərait yaradılması;

    10.2.2. avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində sahibkarlığın stimullaşdırılması, daşıyıcılar arasında azad rəqabətin təmin olunması, habelə avtomobil nəqliyyatı xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxslərin qanuni maraqlarının dövlət tərəfindən qorunması;

    10.2.3. Azərbaycan Respublikasının avtomobil daşıyıcılarının beynəlxalq daşımalar bazarında rəqabət qabiliyyətinin artırılması üçün əlverişli şəraitin yaradılması;

    10.2.4. avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıyıcılarının ölkədaxili və beynəlxalq avtomobil daşımaları bazarına çıxışının tənzimlənməsi;

    10.2.5. avtomobil nəqliyyatı xidmətlərinin ixracının stimullaşdırılması;

    10.2.6. avtomobil nəqliyyatı ilə daşımaların vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün şərait yaradılması;

    10.2.7. avtomobil nəqliyyatı ilə ölkədaxili daşımalar bazarının qorunması;

    10.2.8. avtomobil nəqliyyatı ilə daşımalar bazarında inhisarçılığın qarşısının alınması və azad rəqabət mühitinin inkişaf etdirilməsi;

    10.2.9. ümumi istifadədə olan avtomobil nəqliyyatında tarif siyasətinin formalaşdırılması;

    10.2.10. avtomobil nəqliyyatı ilə daşımalar yerinə yetirilərkən ətraf mühitin qorunması.

    Maddə 11. Avtomobil nəqliyyatı xidmətlərinin tarifləri

    11.1. Avtomobil nəqliyyatı xidmətlərininin tarifləri Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur.

    11.2. Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşınma tariflərinin yuxarı həddi Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq müəyyən edilir.

    Maddə 12. Avtomobil nəqliyyatında səfərbərlik hazırlığının təmin olunması və avtomobil daşıyıcılarının fövqəladə halların nəticələrinin aradan qaldırılmasına cəlb edilməsi

    12.1. Azərbaycan Respublikasının müvafiq dövlət orqanları avtomobil nəqliyyatının səfərbərlik hazırlığının zəruri səviyyədə saxlanmasını təmin etməlidirlər.

    12.2. Təbii və ya texnogen xarakterli fövqəladə hadisələr baş verdikdə avtomobil daşıyıcıları onların nəticələrinin aradan qaldırılmasını idarə edən dövlət orqanlarının qanuni tələblərini yerinə yetirməyə borcludurlar.

    12.3. Fövqəladə halların nəticələrinin aradan qaldırılmasına cəlb olunmuş avtomobil daşıyıcılarının qəza-xilasetmə tədbirlərinin həyata keçirilməsi zamanı çəkdiyi xərclərin və ya onlara dəymiş zərərin əvəzi Azərbaycan Respublikasının qanunvericiliyi ilə məyyən olunmuş qaydada ödənilir.

    12.4. Avtomobil nəqliyyatının səfərbərlik hazırlığı və avtomobil daşıyıcılarının fövqəladə halların nəticələrinin aradan qaldırılmasına cəlb olunması qaydası Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə məyyən olunur.

    Maddə 13. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının lisenziyalaşdırılması

    13.1. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunması məqsədilə bu fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslərin və fərdi sahibkarların fəaliyyəti lisenziyalaşdırılır.

    13.2. Bu Qanunla müəyyən edilmiş hallar istisna edilməklə, xüsusi razılıq (lisenziya) olmadan və ya digər şəxslərə məxsus xüsusi razılıq (lisenziya) əsasında sərnişin və yük daşımalarının yerinə yetirilməsinə yol verilmir.

    13.3. Xüsusi razılıq (lisenziya) avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının aşağıdakı növlərinin yerinə yetirilməsi üçün verilir:

    13.3.1. şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımalarına; [9]

    13.3.2. şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarına;

    13.3.3. beynəlxalq müntəzəm sərnişin daşımalarına;

    13.3.4. taksi minik avtomobilləri ilə sərnişin daşımalarına;

    13.3.5. ölkədaxili yük daşımalarına;

    13.3.6. beynəlxalq yük daşımalarına.

    13.4. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması sahəsində fəaliyyət üçün bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş hər bir daşıma növü üzrə ayrıca xüsusi razılıq (lisenziya) tələb olunur.

    13.5. Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşınmasına verilmiş xüsusi razılıq (lisenziya) əsasında yük daşıyıcısı ölkədaxili yük daşımalarını yerinə yetirmək hüququna malikdir.

    13.6. Hüquqi şəxslər və ya fərdi sahibkarlar tərəfindən sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə təsərrüfat ehtiyacları üçün öz işçilərinin və ya yüklərinin daşınmasına xüsusi razılıq (lisenziya) tələb olunmur.

    13.7. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmasına xüsusi razılıq (lisenziya) qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən 5 il müddətinə verilir.

    Maddə 14. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində lisenziyalaşdırmanın və xüsusi razılığın (lisenziyanın) şərtləri [10]

    14.1. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində lisenziyalaşdırmanın şərtləri aşağıdakılardır:[11]

    14.1.1. hüquqi şəxsin və ya fərdi sahibkarın vergi orqanlarında qeydiyyatda olması;

    14.1.2. hüquqi şəxsin və ya fərdi sahibkarın mülkiyyət hüququ və ya digər qanuni əsaslarla təyinatına, konstruksiyasına, habelə daxili və xarici avadanlıqla təchizatına görə yük və sərnişin daşımalarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş və qanunvericiliklə müəyyən edilmiş qaydada yol hərəkətinə buraxılmış Azərbaycan Respublikasının dövlət standartları ilə müəyyən edilmiş tələblərə cavab verən avtonəqliyyat vasitələrinə malik olması; [12]

    14.1.3. hüquqi şəxsin və ya fərdi sahibkarın müəyyən edilmiş tələblərə cavab verən və bu Qanunun 27.3-cü və 50.5-ci maddələri ilə nəzərdə tutulmuş xüsusi hazırlıq keçmiş avtonəqliyyat vasitələrinin sürücüləri ilə əmək müqaviləsinin olması;

    14.1.4. avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası üzrə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması.[13]

    14.1-1. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına verilmiş xüsusi razılığın (lisenziyanın) şərtləri aşağıdakılardır: [14]



    14.1-1.1. müvafiq icra hakimiyyəti orqanının avtomobil nəqliyyatı ilə sərnişinlərin, baqajın və yüklərin daşınmasına dair müəyyən etdiyi qaydalara riayət edilməsi;

    14.1-1.2. avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası üzrə və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortalanması;

    14.1-1.3. avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində vergi qanunvericiliyinin tələblərinə əməl olunması;

    14.1-1.4. avtonəqliyyat vasitələrinin sürücülərinin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə əməl olunması;

    14.1-1.5. ümumi istifadədə olan sərnişin avtonəqliyyat vasitələrinin, o cümlədən taksi minik avtomobillərinin, habelə beynəlxalq yük daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinin sürücülərinin xüsusi hazırlıq keçmələri.

    14.2. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına xüsusi razılıq (lisenziya) almaq üçün hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən lisenziya verən dövlət orqanına aşağıdakı sənədlər və məlumatlar təqdim edilir:

    14.2.1. müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi formada ərizə;

    14.2.2. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti;

    14.2.3. ərizəçinin vergi orqanları tərəfindən qeydiyyata alınması haqqında müvafiq sənədin surəti;

    14.2.4. mülkiyyətində və digər qanuni əsaslarla sərəncamında olan avtonəqliyyat vasitələrinin ümumi və növlər üzrə sayı haqqında məlumat (ərizədə qeyd olunmaqla); [15]

    14.2.5. sərnişin və ya yük daşımaları üçün istifadə olunması nəzərdə tutulmuş avtonəqliyyat vasitələrinin hər biri üçün müvafiq hüquqi şəxsin və ya fərdi sahibkarın mülkiyyət və digər qanuni əsaslarla istifadə (icarə, etibarnamə və s.) hüququnu təsdiq edən sənədlərin, habelə Azərbaycan Respublikasının dövlət standartları ilə müəyyən edilmiş istismar müddəti tələblərinə cavab verdiyini təsdiq edən avtonəqliyyat vasitələrinin buraxılış ili haqda və qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçdiyi haqda məlumatın göstərildiyi dövlət qeydiyyatı şəhadətnaməsinin surəti;[16]

    14.2.6. sürücülərin müvafiq kateqoriyalı sürücülük vəsiqəsinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda zəruri iş stajı və ya sürücülük təcrübəsi barədə təsdiqedici sənədlərin surəti;

    14.2.7. ümumi istifadədə olan sərnişin avtonəqliyyat vasitələrinin, o cümlədən taksi minik avtomobillərinin, habelə beynəlxalq yük daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədlərin surətləri; [17]

    14.2.8. bu Qanunun 14.1.4-cü maddəsinə uyğun olaraq müvafiq icbari sığorta şəhadətnaməsinin surəti; [18]

    14.2.8-1. taksi minik avtomobilləri ilə sərnişin daşınması üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsinin təchiz olunduğu taksometrin metroloji yoxlamadan keçməsini təsdiq edən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya olunan qurumlar tərəfindən verilmiş yoxlama haqqında şəhadətnamə.[19]

    14.2.9. lisenziyalaşdırmaya təqdim edilmiş hər bir avtonəqliyyat vasitəsi üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (bu maddə ilə nəzərdə tutulmuş digər sənədlərdə çatışmazlıqlar müəyyən edilmədikdə təqdim olunur). [20]

    14.3. Xüsusi razılıq (lisenziya) verən müvafiq icra hakimiyyəti orqanı avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına xüsusi razılıq (lisenziya) verərkən bu Qanunun 15.5-ci maddəsində nəzərdə tutulmuş qaydada avtonəqliyyat vasitəsinin müəyyən olunmuş tələblərə uyğunluğunu nəzərə almalıdır.

    14.4. Sərnişin və yük daşımalarına xüsusi razılıq (lisenziya) almaq üçün hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən təqdim edilmiş sənədlərdəki məlumatların düzgünlüyünə görə həmin şəxslər məsuliyyət daşıyır.

    Maddə 15. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının lisenziyalaşdırılmasının xüsusiyyətləri

    15.1. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına verilən xüsusi razılığa (lisenziyaya) onu almış daşıyıcının sərəncamında olan avtonəqliyyat vasitələrinin sayına uyğun olaraq lisenziya kartları əlavə edilir. Lisenziya kartı daşıyıcının həmin avtonəqliyyat vasitəsi ilə sərnişin və yük daşımalarını həyata keçirmək üçün xüsusi razılığa (lisenziyaya) malik olduğunu təsdiq edir və müvafiq xüsusi razılıq (lisenziya) verilərkən təqdim edilir. [21]

    15.2. Lisenziya kartında aşağıdakılar göstərilir:

    15.2.1. lisenziya kartının nömrəsi və verilmə tarixi;

    15.2.2. xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi, tarixi və qüvvədə olma müddəti;

    15.2.3. xüsusi razılıq (lisenziya) sahibinin adı və ünvanı;

    15.2.4. avtonəqliyyat vasitəsinin markası, növü və dövlət qeydiyyat nişanı barədə məlumatlar;

    15.2.5. daşımaların növü (müntəzəm sərnişin daşımalarında müvafiq müntəzəm marşrutun nömrəsi göstərilməklə);

    15.2.6. bu Qanunla müəyyən edilmiş hallarda avtonəqliyyat vasitəsinin rüblük texniki yoxlamadan keçməsi barədə qeydlər; [22]

    15.2.7. lisenziya kartını vermiş səlahiyyətli orqanın möhürü və vəzifəli şəxsinin imzası;

    15.2.8. lisenziya kartının etibarlılıq müddəti.

    15.3. Lisenziya kartının etibarlılıq müddəti xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddəti ilə eynidir. Avtonəqliyyat vasitəsindən icarə və ya digər əşya hüquqları əsasında istifadə edildikdə, lisenziya kartının etibarlılıq müddəti xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddətindən artıq olmamaqla, icarə müqaviləsinin yaxud digər əşya hüquqlarının qüvvədə olma müddəti ilə müəyyən edilir.[23]

    15.4. Sərəncamında olan avtonəqliyyat vasitələrinin sayı dəyişdikdə yaxud avtonəqliyyat vasitəsi başqası ilə əvəz olunduqda, hüquqi şəxs və ya fərdi sahibkar sərnişin və yük daşınmasına xüsusi razılıq (lisenziya) vermiş orqana əlavə lisenziya kartlarının verilməsi haqqında ərizə ilə müraciət etməlidir. Ərizəyə bu Qanunun 14.2.4-cü, 14.2.5-ci, 14.2.6-cı və 14.2.7-ci maddələrində müəyyən edilmiş sənədlər əlavə olunmalıdır. Əlavə lisenziya kartlarının verilməsi haqqında ərizəyə 10 gün müddətində baxılır //çıxarılıb//Sənədlərdə çatışmazlıqlar müəyyən edilmədikdə hər bir avtonəqliyyat vasitəsi üçün (avtonəqliyyat vasitəsinin başqası ilə əvəz olunması halları istisna olmaqla) dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd təqdim olunur. [24]

    15.5. Taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla, sərnişin və yük daşımaları üçün avtonəqliyyat vasitəsinə lisenziya kartı verilərkən, habelə lisenziya kartı verildikdən sonra rübdə bir dəfə həmin avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlanılır. Həmin yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına xüsusi razılıq (lisenziya) verilərkən və həmin avtomobillərlə sərnişin daşımalarının həyata keçirilməsi zamanı avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğu “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada verilən nəqliyyat vasitəsinin texniki baxış talonu ilə müəyyən edilir. [25]

    15.6. Sərnişin və yük daşınmasına verilmiş xüsusi razılıq (lisenziya) ləğv edildikdə, qüvvəsi dayandırıldıqda və ya daşımalarda istifadə edilən sərnişin və ya yük avtonəqliyyat vasitəsi rüblük texniki yoxlamadan keçmədikdə, lisenziya kartları daşıyıcıdan geri alınır.

    15.7. Nəqliyyat xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomobil nəqliyyatı ilə daşımaların və ya avtonəqliyyat vasitələrinin müəyyən növləri üçün xüsusi razılığın (lisenziyanın) yaxud lisenziya kartlarının sayına məhdudiyyətlər tətbiq edilə bilər. Müvafiq icra hakimiyyəti orqanı məhdudiyyətləri tədbiq etməzdən 60 gün əvvəl kütləvi informasiya vasitələrində məlumat verir.



    Maddə 15-1. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinin dayandırılması və ya ləğv edilməsi[26]

    15-1.1. Müvafiq icra hakimiyyəti orqanı avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsini aşağıdakı hallarda dayandırır:

    15-1.1.1. lisenziya almış hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən müvafiq ərizə təqdim edildikdə;

    15-1.1.2. lisenziya almış hüquqi şəxsin və ya fərdi sahibkarın fəaliyyəti dayandırıldıqda;

    15-1.1.3. hüquqi şəxs və ya fərdi sahibkar bu Qanunun 14.1-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi razılığın (lisenziyanın) şərtlərini pozduğuna görə il ərzində azı beş dəfə inzibati məsuliyyətə cəlb edildikdə.

    15-1.2. Müvafiq icra hakimiyyəti orqanı lisenziyanın qüvvəsinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziya almış hüquqi şəxsə və ya fərdi sahibkara, habeləmüvafiq icra hakimiyyəti orqanına məlumat göndərir. Lisenziyanın qüvvəsinin dayandırılması müddəti lisenziyanın qüvvədə olma müddətinə təsir etmir.

    15-1.3. Lisenziyanın qüvvəsinin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra lisenziyanın qüvvəsi lisenziya almış hüquqi şəxsin və ya fərdi sahibkarın müraciətinə əsasən bərpa edilir.Müvafiq icra hakimiyyəti orqanı lisenziyanın qüvvəsinin bərpa edilməsi barədə qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziya almış hüquqi şəxsə və ya fərdi sahibkara, habelə müvafiq icra hakimiyyəti orqanına məlumat göndərir.

    15-1.4. Müvafiq icra hakimiyyəti orqanı avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına verilmiş xüsusi razılığı (lisenziyanı) aşağıdakı hallarda ləğv edir:

    15-1.4.1. lisenziya almış hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən müvafiq ərizə təqdim edildikdə;

    15-1.4.2. məhkəmənin müvafiq qərarı olduqda;

    15-1.4.3. lisenziya almış hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkar vəfat etdikdə;

    15-1.4.4. lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə yanlış məlumat aşkar edildikdə;

    15-1.4.5. lisenziya almış hüquqi şəxs və ya fərdi sahibkarın müflisləşməsi faktı “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsdiq edildikdə.

    15-1.5. Müvafiq icra hakimiyyəti orqanı lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziya almış hüquqi şəxsə və ya fərdi sahibkara, habelə müvafiq icra hakimiyyəti orqanına məlumat göndərir.

    15-1.6. Hüquqi şəxs və ya fərdi sahibkar bu Qanunun 15-1-ci maddəsinə əsasən qəbul edilmiş qərarlardan inzibati və məhkəmə qaydasında şikayət etmək hüququna malikdir.

    Maddə 16. Avtomobil nəqliyyatının standartlaşdırılması, metroloji təminatı və sertifikatlaşdırılması

    16.1. Avtomobil nəqliyyatında standartlaşdırma, metroloji təminat və sertifikatlaşdırma Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən olunmuş qaydada yerinə yetirilir.

    16.2. Avtomobil nəqliyyatında dövlət metroloji nəzarət Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarına uyğun olaraq aparılır.

    16.3. Avtomobil nəqliyyatı sahəsində fəaliyyət, yol hərəkətinin və daşımaların təhlükəsizliyi, insanların həyat və sağlamlığı, ətraf mühitin mühafizəsi, habelə digər norma və tələblərə uyğun olmalıdır.

     

    III fəsil




    Download 234.77 Kb.
      1   2




    Download 234.77 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Avtomobil nəqliyyatı haqqında

    Download 234.77 Kb.