ErməNİstanda azərbaycan məNŞƏLİ toponiMLƏRİN İzahli lüĞƏTİ 1




Download 2.08 Mb.
bet4/13
Sana24.03.2017
Hajmi2.08 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13

Diqqəti burası cəlb edir ki, Ərənin hökmdar təyin edilməsindən sonra Kürdən şimalda yerləşən Alban dövləti barədə antik mənbələrdə sinxron məlumatlar kəsilir. Belə nəticə alınır ki, Ərən az sonra Kürdən şimaldakı Alban dövlətinə də yiyələnmiş və beləliklə, indiki Şimali Azərbaycan ərazisini bütövlükdə əhatə edən yeni Alban dövləti təşəkkül tapmışdır.Bu birləşmənin dəqiq tarixi məlum deyil. Hər halda, eranın ilk əsrlərində Albaniyada xristianlıq yayıldığı zaman  Kürdən şimaldakı Maskut əyaləti bu vahid alban dövlətinə mənsub idi. Bu dövlətin paytaxtının hara olması bilinmir. V əsrdə paytaxt Bərdə idi.

Kürdən cənubda yeni Alban dövlətinin təşəkkülü ilə əlaqədar qarşıya yeni sual çıxır: nəyə görə Kürdən cənubdakı hökmdar Ərənin çarlığı da "Alban" adlanmışdır? VII əsrdə yaşamış Musa Kalankatlının özü də bunun səbəbini bilmədiyinə görə yazmışdır ki, ölkəyə (yəni Kürdən cənubdakı əraziyə) "Alban" adını ona görə vermişdilər ki, Aranın özünü  yumşaq xasiyyətinə görə «aqu» deyə çağırırdılar" ("Alban tarixi" I kitab, 5-ci fəsil). Bu məlumatda albanların türk dilli olduğunu göstərən qiymətli bir fakt vardır: həqiqətdə də qədim türk dillərində aqi sözü "yaxşı", "mehriban", "xoş xasiyyətli" (93, 48: aqi "səxavətli") mənasındadır (Bax: Е.Наджип. Исследования по истории тюркских языков XI-XIV вв. М.1989. с.266). Lakin bu fikir Musa Kalankatlıda "Alban" adının qədim ermənicə "Ağuan" kimi yazılışından irəli gəlmişdir. Deməli, ölkə Aranın (Ərənin) "mehriban" xasiyyətinə görə adlana bilməzdi. Əslində bunun səbəbi özünü adlandırması "Alban" olan etnosun həm Kürdən şimalda, həm də Kürdən cənubda yaşamasında idi. Kürdən cənubdakı ərazi, xüsusilə, Kür-Araz arası ovalıq həm də Aran adlanırdı. Bununla əlaqədar olaraq "Alban" və "Aran"  ölkə adları haqqında qısa məlumat vermək zərurəti ortaya çıxır.

Alban etnosunun adı ilə Şimali Azərbaycan ərazisi I əsr müəllifi Strabondan başlayaraq antik mənbələrdə "Albaniya", qədim erməni dilində XI-XII əsrlərə qədər sözün ortasında samit səsdən əvvəl duran literal "l" səsi "ğ" səsi ilə ifadə olunduğuna görə Musa Kalankatlının "Alban tarixi"ndə və erməni mənbələrində "Ağvan" adlanmışdır. Lakin parfiyalılar, farslar və suriyalılar eranın əvvəllərindən etibarən Alban ölkəsinə "Aran" demişlər. İlk dəfə olaraq İranın Sasanlar sülaləsindən I Şapurun (242-272) 262-ci ilə aid üç dilli (yunan, parfiya və fars dillərində) kitabəsində yunan versiyasındakı "Albaniya" adı parfiya dilində versiyada "Aran" kimi yazılmışdır (fars dilində versiya xarab olduğuna görə oxunmur). Suriya dilində "Aran" adı ilk dəfə VI əsrin ortalarına aid mənbədə çəkilmişdir (140). 642-ci ildən başlayaraq Alban ölkəsini işğal etmiş ərəblər ölkəyə Arran demişlər. XI əsrə aid gürcücə mənbədə də "Alban" adı Ran(i) kimidir. Deməli, "Alban" adı qədim gürcülərə də məlum deyildi.

Qeyd edilməlidir ki, qədim mənbələrdə eramızın əvvəllərinə qədər "Alban" və "Aran" ölkə adları müxtəlif koordinatlı ərazilərin adlarıdır. Bu məsələ indiyədək Azərbaycan tarixşünaslığında  aydınlaşdırılmamışdır.

Nəzərdə tutulmalıdır ki, adı antik mənbələrdə çəkilən "Albaniya" yalnız Kürdən Dərbəndə qədər olan ərazinin adıdır. Bu mənbələrdə Albaniya dövlətinin cənubda Kür çayı ilə sərhədləndiyi göstərilmişdir. Kürdən cənubdakı ərazimizdə eranın I əsrinin ortalarına qədər (yəni çar Ərənin hakimiyyətinə qədər) mövcud olmuş siyasi qurum aydın deyil. Lakin burası şübhəsizdir ki, türk mənşəli əhalinin dilində qışlaq mənasında "Aran" adlanmış Kür-Araz ovalığı eranın I əsrinin 60-cı illərindən sonra parfiyalılarda, farslarda, suriyalılarda - "Aran", buradan da ərəblərdə "Arran" ölkə adına çevrilmişdir.

V əsrdən başlayaraq erməni mənbələrində və Musa Kalankatlının "Alban tarixi"nin VII əsrə aid hadisələrdən bəhs edən hissəsində adı çəkilən Ağvan ("Alban" adının ermənicə yazılışı) eranın I əsrinin 60-cı illərində Kürdən cənubda yaranmış və yuxarıda dediyimiz kimi,  həmin vaxtda Kürdən şimaldakı Alban dövlətinin ərazisini də əhatə etmiş Alban dövlətinin vahid adıdır. Başqa sözlə, "Alban tarixi"indəki "Alban" adı həm antik mənbələrdəki "Albaniyanı", həm də Kürdən cənubda eranın əvvəllərinə qədərki "Aran"ı ifadə edir. Kürdən şimalda yerləşən Alban dövlətinin dəqiqliklə nə vaxt və necə süqut etməsi və onun ərazisinin eranın I əsrinin 60-cı illərindən sonra  Kürdən cənubda yaranmış Alban dövlətinə qatılması məsələsi aydın deyil. Antik mənbələrdə er. əv. 36-cı ilə aid hadisələrlə əlaqədar olaraq Kürdən şimaldakı Alban dövlətinin başçısı Zoberin adı çəkilmişdir (Dion Kassi, X,IX, 24). Deməli, Ərən Kürdən cənubdakı ərazidə  hakimiyyətə keçdikdə Kürdən şimalda çarlıq hələ də mövcud idi. Kürdən şimaldakı Alban dövlətinin çar adları Alban tarixçisi Musa Kalankatlıya məlum deyil. O, yalnız Kürdən cənubdakı ərazinin həm eradan əvvəl və həm də eranın I əsrinin 60-cı illərində yaranmış Alban dövlətinin  hökmdarlarının adlarını çəkir. Müəllif hökmdar Ərənin vaxtını nəzərdə tutaraq yazır ki, "burada (yəni Kürdən cənubda) Alban dövlətinin tarixi başlanır" (Alban tarixi, I kitab, 5-ci fəsil).

Deyilənlərdən görünür ki, parfiya, fars və suriya dillərində "Aran"  adı Kürdən cənubdakı ərazimizin eradan əvvəlki adı olan "Aran"dır. Eranın I əsrinin 60-cı illərindən başlayaraq həm Kürdən şimalı, həm Kürdən cənubu əhatə edən dövlətin ("Alban tarix"indəki "Alban") adı isə er. əvvəl Kürdən şimaldakı Alban dövlət adının eranın I əsrinin 60-cı illərində Kürdən cənubda - Aranda yaranmış dövlətə şamil olunmuş addır. "Alban tarixi"ndə adı çəkilən Aranşahlar ifadəsi də məhz Aran ölkəsinin şahları mənasındadır.

Beləliklə, maldar ellər üçün qışlaq yeri olduğuna görə qədim türkcə Aran (türk dillərində aran "isti yer", "aşağı yer", "qışlaq" sözündəndir; 143, I, 1, 251) adlanmış Kür-Araz ovalığının adı (qeyd edilməlidir ki, Şərqi Anadoluda Arpaçay-Araz qovşağında Diqor-Qarabağ-Ağcaqala bölgəsi indi də qışlaq mənasında Aran adlanır; 168, 38) eranın I əsrinin 60-cı illərində  yaranmış və Kürdən şimaldakı Alban ölkəsinin adı ilə  Alban adlanmış siyasi qürum parfiyalılarda, farslarda və suriyalılarda ənənəvi olaraq Aran, erməni və alban mənbələrində Alban adlanmağa başlanır. Deməli, Albaniya tarixinə dair mənbələrdə "Aran" adı Kür-Araz ovalığının qışlaq yeri olması ilə əlaqədar olaraq yaranmışdır. Həm də bu ad təmiz türk mənşəli aran "qışlaq" sözündən ibarətdir. (1588-ci ilə aid məlumatda "Arani-Şəmkir", Gəncə bölgəsində "Ahistabad aranı" və b. qışlaq yerləri qeyd olunmuşdur. bax: 167s. 206-207).

Kür-Araz ovalığının düzən hissəsinin adı kimi Aran toponiminin  yaranma vaxtı da məlum deyil. Lakin Klavdi Ptolemeyin (II əsr) Kür çayı hövzəsində bir bölgənin Tosaren adlandığını yazmasına görə (Ptolemey, V, 12, 9), Aran adının hər halda eradan əvvəl mövcud olduğu şübhəsizdir. Tosaren qədim türk dillərindəki toz, tuz "düzən" (147, III, 309-310) və aran "qışlaq yeri", "mülayim iqlimli yer" sözlərindən ibarətdir (bax: 13, 190). Aran ölkə adı  Musa Kalankatlının "Araşahlar" ifadəsində də əksini tapmışdır. Buna görə də A.P. Novoseltsevin (А.П. Новосельцев, В.Т.Пашуто, Л.В. Черепнин. Пути развития феодализма. М. 1972, с.38). Aran ölkə adını "Alan" və "İran" adları hesab etməsi həqiqətə uyğun deyil.

Yuxarıda deyilənlərdən aydın oldu ki, Albaniyanın tarixi ilə bağlı  məlumatlarda "Aran" ölkə və dövlət adıdır. Lakin eranın I əsrinin 60-cı illərində Alban çarı da Aran adlanmışdır. Bu hökmdarın adı təmiz türkcə olmaq etibarilə ərən - "şücaətli", "cəsur döyüşçü", "mərd oğul", "qoçaq", "qüvvətli" (147, I, 290-291) sözündən ibarətdir. Bununla da Albaniya ilə bağlı qədim məlumatlarda "Aran" sözünün iki anlayışı ayırd olunur.

Lakin qədim mənbələrdə Alban və yaxud Aran dövlətinin ərazisində bir neçə mahal və yaşayış məntəqə adları da Aran adlanır. Musa Kalankatlının "Alban tarixi"ndə ("Alban tarixi", II kitab, 4-cü fəsil) və VII əsrə aid ermənicə mənbədə (59,51) Albaniyanın Artsak (indiki Dağlıq Qarabağ) əyalətində ermənicə yazılışda Mets-Arank ("Böyük Aran") və Aran-Rot (Aran çay) mahal adları çəkilir. Araşdırma göstərmişdir ki, Böyük Aran adı indiyədək Dağlıq Qarabağda Əskəran (“əski” və Aran sözlərindən) adında qalmışdır. Dağlıq Qarabağda Aranzəmin kənd və Arandüzü  yer adları da vardır  (Bu barədə bax: Qeybullayev Q.Ə.Qarabağ, Bakı, 1991). Aronrot mahal adı "Aran" və farsca rot -"çay" sözlərindən ibarətdir. IX əsrə aid ərəb mənbəyində Arranda Arran adlı çayın axdığı qeyd olunmuşdur (12). Araşdırma göstərmişdir ki,  VII əsrə aid ermənicə mənbədə Aranrot və ərəbcə mənbədə Arrançay indiki Həkəriçaydır. Çayın Həkəri adı orta əsrlərdə Türkiyənin Həkəri əyalətindən gəlmiş kürdlərin özləri ilə gətirdikləri addır. VII əsrə aid ermənicə  mənbədə Albaniyanın Uti əyalətində Arandjnak yer adı çəkilir (59, 57). Albaniyada Uti adlı 4-5 əyalət vardı. Həmin Uti əyaləti indiki Ağstafa r-nun ərazisini əhatə edirdi, ona görə də "Alban tarixi"ndə  "Xalxal şəhərinin yerləşdiyi Uti əyaləti" ifadəsi vardır. Həmin Xalxal şəhərinin xarabalıqları Ağstafa r-nun ərazisindədir. Məhz Ağstafa r-nun ərazisində indi "Arançı təpələri" (VII əsrə aid ermənicə mənbədə olan Arandjnak adı "Arançı" adının ermənicə yazılışıdır), Arandağı və Aran kənd adları vardır.

Dağlıq Qarabağda XII əsrə aid xristian məbədi üzərində ermənicə epiqrafik abidədə Aran-Daş (ermənicə yazılışı - Hrandaşants), Yazı-Aran (ermənicə yazılışı - Yeznarats) və Aran (ermənicə yazılışı - Herants) kənd adları qeyd olunmuşdur (Göyüşov R. Xotavəng məbədi və onun yazılarına dair. Azərbaycan SSR EA Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası, 1972, №3, s.71). XVII əsrə aid mənbədə Dağlıq Qarabağda Yazı-Aran və Dorbet-Aran (yəni "Dorbet kəndi yaxınlığında Aran kəndi") kənd adları çəkilir  (Bax: Qeybullayev Q.Ə. Qarabağ, Bakı, 1991).

Bu mənbədə Bərdə bölgəsində Aranbad kənd adı da vardır (Yenə orada). XIX əsrdə İrəvan quberniyasının Novobayazid qəzasında əhalisi azərbaycanlılardan ibarət Eran (os) və Tiflis quberniyasının Duşet qəzasında Aran (isi) kəndləri mövcud idi (133, 92 və 152). Aran yaşayış məntəqəsinin adı Cənubi Azərbaycan ərazisində məlumdur (79, 351). XIII əsr ərəb müəllifi Yaqut əl Həməvi cənubda Arran şəhər adını qeyd edir. Aran adlı kənd XIX əsrdə Lerik rəyonunda vardı.

Gətirilən faktlardan aydın olur ki, bu toponimlər nə Alban ölkəsinin başqa adı olan Aran, nə də I əsrin 60-cı illərində Albaniyanın hökmdarı olmuş Aran (Ərən) adlı şəxs ilə bağlı deyil. Türk dillərində "qışlaq yeri", "mülayim iqlimli yer", "isti yer" mənalarında olan aran sözü Qarabağın dağlıq hissəsində mahal və kənd adlarında əksini tapa bilməzdi. Ona görə də Sara Aşurbəylinin ermənicə yazılışda Mets-Arank toponimində Aran (Arran) ölkə adının əks olunduğu fikri (Сара Ашурбейли. Государства Ширваншахов. Баку, 1985, s.57) yanlışdır. Tədqiqat göstərmişdir ki, Aran həm də qədim türk mənşəli bir tayfanın adıdır və yuxarıda gətirilən mənbələrdən göründüyü kimi, bu tayfa eranın əvvəllərində  Albaniya ərazisində yaşayırdı.

İlk dəfə Plini (I əsr) Şimali Qafqazda Oran adlı tayfanın yaşadığını yazmışdır (Plini, VI, 26). II əsrdə müəllif Klavdi Ptolemeyin əsərində  bu tayfanın adı Oriney kimidir (Ptolemey, V, 17, 15). Tədqiqatçılar bu tayfanın etnik mənsubiyyətini müəyyən edə bilməmişlər. Lakin biz onun qədim türk mənşəli tayfa olduğunu yazmışıq (79). Bizim mülahizəmiz aşağıdakı faktlara əsaslanır.

Erkən orta əsrlərdə Cənubi Rus çöllərində yaşamış bir qıpçaq tayfası Uran adlanırdı. Qədim türk dillərində a-o və a-u fonetik əvəzlənməsi qanunauyğunluğuna əsasən (Ряснен М. Материалы  по исторической фонетике тюркских языков. М., 1955, с. 55.)  demək olar ki, Plininin Oran kimi yazdığı etnonimin və qıpçaqlardakı Uran etnoniminin əsli Aran idi. XIX əsrdə Orta Asiyada qaraqalpaqlarda Aranşi, türkmənlərdə Aranji adlı tayfalar vardı (78). Hər iki tayfanın adındakı -şı və -jı şəkilçiləri Azərbaycan dilində  həm də mənsubiyyət bildirən -çi (-çı) şəkilçisi ilə mənşəcə eynidir və bu şəkilçi Qazançı (qədim türk mənşəli  Qazan tayfasına mənsub), Danaçı (qədim türk mənşəli Tana tayfasına mənsub), Quşçu (qədim türk mənşəli Kuşi tayfasına mənsub) və b. yer adlarında əksini tapmışdır. Maraqlısı budur ki, qaraqalpaqlarda və türkmənlərdə Aranşı və Aranjı tayfa adları VII əsrə aid ermənicə mənbədə Albaniyada Arandjnak ("Arançı" adından və fars mənşəli "nak" şəkilçisindən) kimi qeyd olunmuşdur. Yuxarıda deyildiyi kimi, bu ad indiyədək Ağstafa r-nun ərazisində "Arançı təpələri" yer adında qalmışdır.

Yuxarıda qeyd etdik ki, Plini Oran (əsli Aran) tayfasının Şimali Qafqazda yaşadığını yazmışdır. Dağıstanda indi Aran, Arantay, Arankutan, Aranbulaq kəndləri vardır (79, 351).

Deyilənlər Aran adlı türk tayfasının mövcud olduğuna və onun qədimdə geniş arealda yaşadığına şübhə yeri qoymur.

Lakin bu tayfanın Azərbaycan ərazisində məskunlaşma vaxtı dəqiqliyi ilə məlum deyil. "Alban tarixi"ndə VII əsrə aid hadisələrdə və "VII əsr Erməni coğrafiyası" adlı mənbədə Böyük Aran (ermənicə Mets-Aran) adının çəkilməsi göstərir ki, hər halda bu tayfa VII əsrdən əvvəl burada yaşayırdı. Bu fikri təsdiqləyən bir fakt da vardır. Yuxarıda dedik ki, XII əsrdə Cənub-Şərqi Avropada bir qıpçaq tayfası Uran adlanırdı. Qıpçaqların digər tayfasının adı isə Tərtər idi. Dağlıq Qarabağda Tərtər çayının adı "Alban tarixi"ndə VII əsrə aid hadisələrlə əlaqədar çəkilmişdir. Buradan belə nəticə alına bilər ki, Aran və Tərtər tayfaları Dağlıq Qarabağda yanaşı məskunlaşmışdılar. Biz hesab edirik ki, bu tayfalar Albaniyaya eranın ilk əsrlərində hunlarla gəlmişlər.

Bununla da Albaniyaya aid mənbələrdə "Aran" adının üçüncü anlayışı aydınlaşdı.

İndi biz geriyə qayıdaraq Kürdən cənubdakı ərazimizdə yeni Alban dövlətinin yaranması ilə əlaqədar söhbətimizi davam etdirəcəyik.

Nəyə görə Parfiyanın Ərməniyədə (indiki Ermənistan ərazisində, çünki "Kiçik Ərməniyə", yəni Kiçik Asiyadakı Armini Romanın tabeliyində idi) hökmdarı Tiridad Kürdən cənubdakı ərazimizə türk mənşəli  Sisak (yuxarıda dedik ki, ermənicə mənbələrdə "Sisak" adı Sisakan adının qısaldılmış formasıdır) nəslindən çar təyin etmişdi? Aydındır ki, Kürdən cənubdakı ərazi ermənilərə (yəni "hay"lara) mənsub olsaydı, onda oraya etnik mənsubiyyətcə "hay" olan hökmdar təyin edilərdi. Əvvələn, Sisakanda çar sülaləsi Sak çarlığı parçalanandan sonra yaranmış knyazlıqlardan biri idi. Knyazlığın paytaxtının xarabalığı indi Ermənistana məxsus Sisyan ("Sisyan" toponiminin özü "Sisakan" adından təhrifdir) r-nunda olan Şəki (Saka, əsli Şaka etnonimindən) qalası idi; ikincisi, yerli hakimlər tərəfindən idarə olunan bu knyazlığın özü də Parfiyanın tabeliyində olduğuna görə Tiridaddan asılılıqda idi. Lakin Sisakanda çar sülaləsinin hakimləri və Kürdən cənubdakı ərazimizə hakimlik etmiş şəxslər bir şəcərəyə mənsub idilər.

Musa Kalankatlı yazır ki, Ərən şəcərə cədvəli əsasında albanlara hökmdar təyin olunmuşdur ("Alban tarixi", I kitab, 8-ci fəsil). Buradan aydın olur ki, Ərənin əcdadları Kürdən cənubdakı ərazidə nəsillər boyu hökmranlıq etmişlər. Lakin bu hökmranlıq eranın I əsrinə qədər Kürdən şimalda yerləşən Alban dövlətini əhatə etmirdi. Alban tarixçisi Musa Kalankatlı "alban çarları " dedikdə Kürdən şimalda, er. əv. IV əsrdən eranın I əsrinin ortalarına qədər mövcud olmuş Alban dövlətinin çarlarını yox, Kürdən cənubda, eranın I əsrinin 60-cı illərində yaranmış Alban dövlətinin hökmdarı Ərənin ulu əcdadlarını nəzərdə tutur: Aran (deməli, I əsrdə Alban dövlətinin hökmdarı Ərənin bir ulu əcdadı da Ərən adlanmışdır), Aray, Anuşavan, Parat, Arbak, Zavan, Pərnas, Sur, Həvəng, Vaştaq, Ambak. Arnak, Şavarş, Noray, Vastamkar, Həraq, Hiran, Ancak, Dalak, Huray, Zarmehr. Borç, Arbun, Bazak, Xoy, Yusaq, Qaykak, Skaordi, Paruy, Parnavaz, Paçuc, Kornak, Pavus, Eruand və Tiqran ("Alban tarixi", I kitab, 8-ci fəsil). Qədim ermənicə yazılış formaları olduqlarına görə bu hökmdar adları, şübhəsiz, təhrifə uğramışdır.

Maraqlıdır ki, Moisey Xorenasinin Ərməniyə çarları kimi qeyd etdiyi hökmdarların (Skaordi, Parnuas, Karnak, Eruand , Tiqran, Paçuyç, Pavos, Qaykak) adları ilə Alban tarixçisinin Kürdən cənubda albanların hökmdar adları (Skaordi, Paruy, Parnas, Kornak, Eruand, Paçuç, Pavus, Xaykak) eynidir. Alban tarixçisi yazır ki, Tiridad məhz bu şəcərə cədvəlinə əsasən Sisakanda hakim sülalədən Ərəni Kürdən cənubdakı əraziyə hökmdar təyin etmişdi ("Alban tarixi", I kitab, 8-ci fəsil).

Göstərilən hökmdar adlarının hamısı türkcədir: Aran (qədim erməni dilində "ə" səsi olmadığına görə Ərən adının yazılışı), ərən - "igid", "cəsur", "döyüşçü", Arbak - ər və bak "bəy", "el başçısı" sözlərindən (Midiyada da bir hökmdar Arbak adlanırdı), Zaban qədim türkcə zaban, çaban "knyaz" sözündən (er.əv. 820-ci ildə Midiyada hakim Zaban, Albaniyada hakim  Zaban adı orta əsrlərdə çoxlu Çoban şəxs adları ilə eynidir; fars dilindəki çoban - "qoyun otaran" sözü ilə heç bir əlaqəsi yoxdur, yalnız zahiri oxşarlığı vardır), Parnak - türk dillərindəki bar "var", "özüdür" və ınak - "dost", "etibarlı adam", "yaxşı yoldaş" sözlərindən, Ambak - türk dillərində əm - "bacarıqlı", "mahir" və bak - "bəy", "el başçısı" sözlərindən; Arnak  qədim türkcə ər - "kişi", "igid döyüşçü", "qoruyucu" və ınak - "dost", "etibarlı adam", "yaxşı yoldaş" sözlərindən (Qərbi hun xaqanı Attilanın oğlu Ernakın adı Orta Asiyada orta əsrlərdə Xivə xanı İrnak şəxs adı ilə eynidir),  Ancak türk dillərində enq -"irəlidə (öndə) gedən", "öndə, yəni qabaqda duran» (cərgədə, döyüşdə) və sak, çak  -"sayıq", "ayıq" (93,480),  ya da türk dillərindəki saq - "ehtiyatlı" (Azərbaycan dilində "sığınmaq" felinin kökünü də bu söz təşkil edir), yaxud çak - "böyük", "qüvvətli" (143,III, 1451) sözlərindən,  Bazuk qədim türkcə "iri gövdəli", "dolu bədənli" sözündən (hunlarda Əm-Bazuk hakim adı ilə müqayisə olunur),  Kornak qədim türkcə kür - "səbatlı ər", "möhkəm" və ınak - "dost", "etibarlı adam", "yaxşı yoldaş" sözlərindən ibarətdir və s. Qədim ermənicə "Anuşavan" kimi yazılmış hökmdar adının qədim türklərdə çoxlu Anuş (məsələn, erkən orta əsrlərdə Orta Asiyada Xarəzmşahlar dövlətinin banisi Anuşteqin) şəxs adları ilə eyniliyi şübhə doğurmur. Dediyimiz kimi, eyni hökmdar adlarını V əsr erməni tarixçisi Moisey Xorenasi də çəkir, lakin, o bu hökmdarları  Ərməniyə çarları (Ərməniyədə çarlıq etmiş türk hökmdarları mənasında) kimi qeyd edir. Buradan alınan nəticə ondan ibarətdir ki, Kürdən cənubda yerləşən Azərbaycan ərazisi və indiki Ermənistan ərazisi eyni türk mənşəli hökmdarların hakimiyyəti altında olmuşdur.

Ərən Kürdən cənubda hökmdar təyin olunanda bu şəcərə cədvəli mövcud olmuşdur; bu barədə salnamələr də vardı. Lakin alban tarixçisinin yazdığı kimi,  704-cü ildə Ərəb xilafətinin köməyi ilə Erməni kilsəsi Alban kilsəsini özünə tabe etdikdə albanların tarixinə dair alban yazısı ilə yazılmış hər nə varsa hamısını yandırmışdı. Ona görə Alban tarixçisi bu hadisəyə işarə edərək yazır ki, "şərqdə (yəni Albaniyada) mövcud olan müxtəlif xalqların çoxluğu, kitab və əhdlərin yandırılması ilə əlaqədar olaraq izah edirlər ki, nəyə görə bu (yəni hökmdar Ərənin əcdadlarının tarixi -Q.Q.) mümkün deyil" ("Alban tarixi", I kitab, 9-cu fəsil). Maraqlıdır ki, nə Musa Kalankatlının, nə Moisey Xorenasinin sadaladıqları hökmdar adları içərisində Artaş (Artaşes) adı çəkilmir. Bu onunla izah oluna bilər ki, Artaş yerli yox, madaylı (o dövr üçün atropatenalı) idi.

Oxucu diqqət versə görər ki, indiki Ermənistan ərazisində mövcud olmuş Sak çarlığı kimi, fars mənşəli Yervandlar və türk mənşəli Artaşlar sülalələrinə mənsub dövlətlər özlərini "hay" adlandıranların siyasi qurumları deyildi. Lakin erməni tarixşünaslığında bu dövlətlər erməni ("hay") mənşəli sayılırlar. Ermənilər uşaqlarına Aran, Artaşes, Artavazd, Tiqran, Paruyr və b. adlar verirlər, lakin onların qədim türkcə  olduqlarını bilmirlər. Oxucu həm də yəqin hiss edir ki, yazdıqlarımız nəsə Azərbaycan tarixinə dair ümumiləşdirilmiş əsərlərdə yazılanlarla üst-üstə düşmür. Amma tarixi həqiqət belədir. Əsl qədim etnik tariximiz hələ yazılmamışdır.

Deyilənlərdən aydın oldu ki, Sak çarlığı, sonra Orodlar (Orontlar, yaxud Ervandlar), Artaşlar və Sisakan türk dövlətləri indiki Ermənistan ərazisini və Kürdən cənubdakı Azərbaycan ərazisini əhatə etdiklərinə görə Kür çayı bu dövlətlərlə Kürdən Dərbəndə qədərki Azərbaycan ərazisini əhatə etmiş Alban dövləti arasında er. əv. IV əsrdən eramızın I əsrinin 60-cı illərinə (yəni çar Ərənə) qədər sərhəd xətti idi. Bəzi antik müəlliflərin Albaniyanın cənubda Kürlə sərhədlənməsi haqqında məlumatlarının kökü də bundadır. Lakin erməni tarixçilərinin yuxarıda adlarını çəkdiyimiz Ervand və Artaşes dövlətlərini etnik mənsubiyyətcə ermənilərin ("hay"ların) siyasi qürumları saydıqlarına görə Kürdən cənubdakı ərazimizin tarixən haylara məxsus olması qondarması yaranmışdır. Əslində isə nə Kürdən cənubdakı Azərbaycan ərazisində, nə də indiki Ermənistan ərazisində  etnik mənsubiyyətcə erməni ("hay") dövlətləri və hökmdar adları məlum deyil. Bu ərazilər er. əv. VII əsrdən eranın I əsrinin 50-ci illərində Parfiyanın Arşaklar sülaləsindən Tiridadın hakimiyyətə keçməsinə qədər türk mənşəli hökmdarlara məxsus olmuşdur.

Eranın 117-140-cı illərində Arşaklar sülaləsindən Sanatrukun (bu ad da təmiz türk mənşəli olmaqla "adlı-sanlı türk" mənasındadır)  oğlu Valarş (bu ad isə fars mənşəli addır) indiki Ermənistan ərazisində bir şəhər saldı. Şəhər onun adı ilə Valarşabad adlanırdı. Erməni dilində "l" səsi olmadığına görə bu ad Vağarşapat kimidir. Şəhər indiki Eçmiadzin kilsəsinin yerləşdiyi ərazidə idi.

Arşaklar sülaləsinin hökmranlığı dövründə indiki Ermənistan ərazisində  aparıcı etnos türk mənşəli tayfalar idi. Ona görə ki, etnik adı "hay" olan ermənilər kompakt halda Kiçik Asiyanın şərqində, Arminidə yaşayırdılar.

Eranın III əsrində Şərqi Türküstandan (Çin Türküstanından) köçüb gəldiyinə görə Çinli (lakin Azərbaycanda və Ermənistanda bu tayfanın adı toponimlərdə Cinli kimi əksini tapmışdır) adlanan tayfa xüsusilə böyük nüfuza malik idi. Bu tayfadan çıxmış şəxslər III əsrin ortalarında Vaçe Mamiqundan başlayaraq VIII əsrin ortalarına qədər Ərməniyədə ordu komandanları olmuşlar. 387-ci ildə Ərməniyə İranla Bizans arasında bölüşdürülmüş və İrana aid ərazidə canişinlik yaranmışdı. Cinli tayfasının başçısı Mamiqunun adı ilə ermənicə mənbələrdə "mamikonianlar" adlanan sərkərdələr isə Ərməniyədə İranın canişinliyinə qarşı çıxırdılar.

Biz qabaqkı əsərlərimizdə Cinli tayfası və bu tayfadan çıxmış Mamiqunlar (erməni mənbələrində "mamikonianlar") barədə danışmışıq. Burada bir də qısaca təkrar etmək zərurəti vardır.

Çin Türküstanından III əsrin ortalarında köçüb gəldiyinə görə Çin adlanan bu tayfanın etnik adı məlum deyil. Erməni mənbələrində bu elin adı "çen" kimi yazılmışdır. İndiyə qədər kənd adlarında "Cinli" forması mövcud olduğuna görə biz bu tayfanı şərti olaraq "Cinli",  yəni "Çin Türküstanından gəlmə" adlandırırıq.

V-VIII əsrin erməni müəlliflərinin özləri yazırlar ki, III əsrin ortalarında Çin Türküstanından Mamiqun (erməni mənbələrində qısaldılmış şəkildə bu ad "Mamik" kimidir) və Qonaq adlı iki elbəyin başçılığı ilə bir tayfa əvvəlcə İrana gəlmiş, lakin İran şahı türklərlə münasibəti kəskinləşdirməkdən çəkinərək onu Ərməniyəyə göndərmişdir. 301-ci ildə Ərməniyədə xristian dini yayıldığı vaxt cinlilər də qatı xristian olmuşdular. Ona görə bu tayfadan çıxmış sərkərdələrin çoxu xristian mənşəli («Bibliya»dan götürülmə) adları daşıyırdılar.

Elin başçısı Mamiqunun adı qədim türklərdə geniş yayılmış Mamay (müqayisə edin: eranın ilk əsrlərində Cənub-Şərqi Avropada hun tayfa başçılarından biri Mamay; bax: D.Kemal Anadolu,  Orta Asiya türk dövlətləri tarixi, İstanbul, 1996, s.73; Qızıl Orda xanlarından biri Mamay xan, "Kitabi-Dədə Qorqud" eposunda "Dəmir donlu Mamaq"; 27, 99 və b.) şəxs adından və qədim türk dillərindəki  qun "knyaz" sözündən ibarətdir. Bu şəxs adının sonunu təşkil edən "qun" sözü bir sıra qədim türk hökmdarlarının adlarında vardır. Altayda V əsrdə Cucan xaqanlığının xanı Anaqun, Şimali Qafqazda erkən orta əsrlərdə türk basillərin hakimlərindən Katarqun və Todrequn, Attilanın oğlu Ədəqun, "İqor polku" dastanında rusca yazılışda qıpçaq xanı Konçak  (əsli Kunçak, qun - "knyaz" və qədim türk dillərində sak, çak - "sayıq", "ayıq"; bax: 93, 480), XIII əsrdə monqol sərkərdəsi Çormaqun, Azərbaycanda Elxanilər sülaləsindən Ərqun və b. Bu adların sırasına  V əsrdə Sisakanda hökmdar Qdixonun (yazılışı qədim ermənicədir, qədim türk dillərindəki qed, ked  -"möhkəm", "seçmə", 93, s. 292  və qun sözlərindəndir) adı da aid oluna bilər.

Cinlilərin digər başçısı Qonaq adlanırdı. Bu bəyin də adı sırf türkcə olmaqla er.əv. I minilliyin ortalarında Qara dənizin şimal sahillərindəki skiflərdə qədim yunanca yazılışda hökmdar Xonaxis (E.A. Qrantovski bu şəxs adını hind dilində khanaka "yer qazıyan" sözü ilə bağlayaraq bu sahədə savadsızlığını göstərmişdir: Грантовски Э.А. Ранняя история иранских племен Передней Азии. М., 1974, с.205),VII əsrdə Xəzər xaqanı Qonak, Şimali Qafqazda türk bulqarlarında xan Konak və b. tarixi şəxs adları ilə sıra təşkil edir. Qədim türk dillərində kunak "arxa", "dirək" mənasındadır.

Ərməniyədə Parfiyanın Arşaklar sülaləsindən hökmdar I Xosrov (217-238) Mamiqunun nəslinə naharar (feodal) titulu vermiş və Taron (indi Şərqi Türkiyədə Muş-Bitlis) əyalətini onlara nəsilli mülk ayırmışdı.

Ərməniyədə Arşakların hakimiyyəti illərində çoxlu naharar nəsilləri vardı. Amatuni (qədim farsca amat - "sınaqdan çıxarılmış", "özünü göstərmiş" və Urartu dili mənşəli şəxsiyyət bildirən "uni" şəkilçisindən ibarətdir) nəsli vergilərə və tikintiyə nəzarət edirdi. Çar ailəsinin hamisi və çarın məsləhətçisinə "mardpet" deyilirdi və "hayra" (əvvəlinə ermənicə yazılışda "h" səsi əlavə olunmuş bu söz türkcə "ər" sözündəndir) adlandırılırdı. Çar ailəsinin mühafizəçiləri Xorxor nəslindən idi və "malxaz" adlanırdılar. YəhUdi mənşəli Baqrat nəsli çarın başına tac qoyma mərasiminə başçılıq edirdi və onlar "aspet" adlanırdılar. Ona görə ki, yəhUdi mənşəli baqratlar Parfiyadan gələn Tiridadı yaxşı qarşılamışdılar. Dövlətdə hərbi işlər isə, yuxarıda deyildiyi kimi, Mamiqunlar nəslinə məxsus idi: IV əsrin 774-775-ci illərinə qədər bütün Ərməniyə sərkərdələri bu tayfadan olmuşlar. V əsr müəllifi Favst Buzand mamikonianları, bütün Ərməniyə ordusunun başçıları adlandırır (Favst Buzand, III kitab, 18-ci fəsil). Onlardan Vaçe, Vasik, Artavazd, Samuel, Muşel, Artaşes, Manvel, Vardan, Amayak, Vaqan, Vard, Amazasp, Qriqor, Bəhram və b.  mamiqunları göstərmək olar. Bu sərkərdələrin adları içərisində Vaçe, Artavaz, Amayak, Vasak, Vaqan və Manvel  qədim türkcədir.

Vasak Mamikonianın adı türk dillərindəki basak - "ox ucu", "nizə" sözündən ola bilər. V əsrin 30-cu illərində Cənub-Şərqi Avropada hunların başçılarından biri Basik, V əsrdə Sisakanın knyazı Vasak ("Alban tarixi",  I, 20) adlanırdı. Vaçe Mamikonian - Orta Asiyada iran mənşəli soqd dilində vaçe -  "(Allaha) haqqını (borcunu) ödəyən," , "oruc tutan" sözündəndir; deməli, bu söz hələ Orta Asiyada türk tayfalarının dillərinə keçmiş və xüsusiləşmişdir (V əsrdə Albaniyanın iki çarı da Vaçe adlanırdı). Artavaz Mamiqunun adı türk dillərindəki  arda - "şux", "gümrah" və bas (başçı) sözlərindən ibarətdir; Amayak Mamiqun  türk dillərindəki  amaq, amak - "qıvraq", "xoş təbiətli", "cəld",  "yaxşı əhval-ruhiyyəli" (147, I, 453) mənasındadır. Addakı "y" səsi erməni dilində əlavə olunmuş və sonra da birləşdirici "a" səsi yaranmışdır. Mannada Ameka (er.əv. 881-ci il), Midiyada Amaxar (er.əv. 821-ci il), Qara dənizin şimal sahillərində skiflərin çarı Amak (er.əv. VIIəsr) sarmatlarda Amaqa şəxs adları ilə eynidir; Vahan Mamiqunun adı erkən orta əsrlərdə Qərbi Türk xaqanlığının sərkərdəsi Vaxanın adı ilə eynidir.

387-ci ildə Arşaklar sülaləsinin hakimiyyəti bitdikdən sonra Ərməniyə ərazisində ara-sıra fars mərzbanları (canişinləri) istisna olmaqla,  hakimiyyət Mamiqun sərkərdələrinə məxsus olmuşdur. Məsələn, 485-ci ildə Vaqan Mamiqunu İran şahı Valarş (484-491) qəbul etmiş, onu Ərməniyənin hakimi kimi tanımış və xristian dininin Ərməniyədə  dövlət dini olmasına razılıq vermişdi. O öldükdən sonra oğlu Vard Mamiqun Ərməniyədə hakim olmuşdu. Yalnız 509-cu ildə Vard öldükdən sonra Sasanlar Ərməniyədə yenə öz mərzbanlarını təyin etmişdilər.

Mamiqunlardan Muşel (ermənicə yazılışda Muşeğ) işğalçılığa keçmiş və Favst Buzandın yazdığına görə,  371-ci ildə  Albaniyadan Şakaşen, Uti, Kolt və Qardman əyalətlərini qoparmış və "əvvəllər olduğu kimi" (yəni Sak çarlığı, Yervandların və Ərtaşların dövlətləri vaxtında olduğu kimi) Kür çayını  Ərməniyə ilə Albaniya arasında sərhəd etmişdi.

Mamiqunlar Ərməniyəni vətənləri sayırdılar. Bir misal: 364-368-ci illərdə əslən haylardan olan və Bizansa aid Arminidə yaşayan bir naharar İran şahı II Şapurla birlikdə indiki Ermənistan ərazisinə basqın edərək Artaşad, Valarşabad, Yervandaşad və Zarişad şəhərlərini dağıtmış, tacirləri və sənətkarları əsir tutub aparmışdı. Bunu qədim erməni müəllifinin özü yazır. (Bax: Очерки истории СССР . III-IX, vv., M., 1958, s.173). Bu məlumatın özü çox şey deyir.

Mamiqunlar İranın Ərməniyəyə qarşı işğalçılıq siyasətinin əleyhinə idilər. 295-ci ildə İran ordusu Ərməniyəyə hücum edəndə Artavazd Mamiqun döyüşdə fars ordusunu məğlubiyyətə uğratmışdı. 364-cü ildə İran şahı II Şapurun (309-379) Ərməniyəyə basqını vaxtı Vasak Mamiqun Ararat vadisində fars ordusunu qarşılamış və döyüşdə qələbə çalmışdı. 450-ci ildə Vardan Mamiqun albanlarla birlikdə Xalxal yaxınlığında fars ordusunu məğlub etmişdi. 451-ci ildə fars ordusu yenə Ərməniyəyə basqın etdikdə Vardan Mamiqun Maku yaxınlığında Zəngimar çayının sahilində, Avarar adlı çöldə fars ordusu ilə döyüşmüşdü. 482-ci ildə fars ordusu Ərməniyəyə girdikdə Vasak Mamiqun Artaz mahalında onu darmadağın etmişdi.

Bizans çarı I Yustinian (527-565) mamiqunlardan Amazasp Mamiqunu (532-535) Arminidə hakim təyin etmişdi. İndiki Ermənistan ərazisində isə (onu Bizansdan Azat çayı ayırırdı) 571-ci ildə hakimiyyət Vardan Mamiquna mənsub idi (erməni mənbələrində o, "Qırmızı Vardan" adlandırılır). Erməni mənbələrində qeyd olunur ki, Vardan albanların hərbi köməyi ilə Dvin şəhərini tutub hakimiyyətə keçmişdi. Mamiqun sərkərdələrinin bəziləri döyüş meydanlarında Ərməniyə uğrunda canlarından keçmişdilər. Erməni tarixçiləri Mamiqun sərkərdələri barədə çox yazmaqdan çəkinirlər, lakin onları "erməni xalqının milli qəhrəmanları" adlandırır və qaniçən Andraniklə bir sıraya qoyurlar.

Bu sərkərdələr Ərməniyə uğrunda canlarından keçsələr də qürurlarını saxlayır və özlərini Arşak sülaləsindən üstün sayırdılar. V əsr erməni tarixçisi Favst Buzand yazır ki, Arşak sülaləsindən hökmdar Varazdat (374-380) daxili çəkişmələrlə əlaqədar Romaya qaçdıqda ölkənin başında Manvel Mamikonyan dururdu. Varazdatın oğlu Pap Manvelin qardaşı Muşeli öldürdükdə  Manvel ona demişdir: "Biz (yəni cinlilər - Q.Q.) sizin qullarınız deyilik, sizinlə yoldaşıq və hətta sizdən yüksəkdəyik; belə ki, bizim əcdadlarımız Cinlilərin ölkəsinin (Çin Türküstanı nəzərdə tutulur - Q.Q.) hökmdarları olmuşlar və qardaşlar arasında yaranmış çəkişmə nəticəsində bundan sonra qan tökülməməsi üçün oradan (yəni Çin Türküstanından - Q.Q.) uzaqlaşmışıq ki, dincliyə nail olaq və gəlib burada (yəni Ərməniyədə - Q.Q.) məskunlaşmışıq" (Favst Buzand, V kitab, 34-cü fəsil).

748-750-ci illərdə Qriqori Mamiqun ərəb hakimiyyətinə qarşı Karində (Ərzurumda) üsyan qaldırdı. 775-ci ildə Artavazd Mamiqun Şirakda ərəb vergi toplayanını öldürdü və Muşel Mamiqunun başçılığı ilə ərəblərə qarşı üsyan etdi. Üsyançılar Fərat çayı sahilində Əmr ibn İsmayıl əl Hərasinin başçılığı ilə ərəb ordusu ilə üz-üzə gəldilər. Qanlı döyüşdə 5 min nəfər üsyançının 4 min nəfəri,  sərkərdələr - Muşel və Samuel Mamiqun qardaşları öldürüldü. Bundan sonra əslən türk olan mamiqunlar Bizansa köçüb getdilər və sonralar erməniləşdilər.

Ərəblər Ərməniyəni - indiki Ermənistan ərazisini (Armini Bizans  dövlətinin tərkibində idi) işğal etdikdən sonra xristian əhalinin, o sıradan xristian dininə keçmiş türklərin və "hay"ların bir hissəsi Kiçik Asiyaya -Bizans ölkəsinə köçüb getdilər. Təkcə Amam Amatuni adlı naharar 12 min nəfəri Bizansa aparmışdı (Очерк Истории СССР. III-IX vv. M., 1958, s.497). Qeyd etmək lazımdır ki. er.əv. VIII əsrdən eramızın V-VII əsrlərinə qədər indiki Ermənistan ərazisində  məskunlaşmış türk mənşəli  tayfaların IV əsrdə  xristian dininə keçmələri, onların (və VIII əsrdən sonra Artsakda azlıqda qalmış xristian albanların hamısı) erməni kilsəsinin təsiri altında  ayinləri erməni dilində icra etmələri və erməni əlifbasından istifadə etmək məcburiyyətində qalmaları onların tədricən erməniləşməsinə və bununla da hayların miqdarının artmasına gətirib çıxardı. Türk mamiqunların erkən orta əsr Ərməniyə tarixində silinməz izləri vardır. V əsr erməni tarixçisi Lazar Parbesi Vahan Mamiqunun göstərişi ilə "Ərməniyə tarixi" əsərini yazmışdır. Digər V əsr erməni tarixçisi Yelişe David Mamiqunun göstərişi ilə əsərini Vardan Mamiqunun Ərməniyədə hakimiyyət illərinə həsr etmişdir.

Arşaklar sülaləsindən III Tiridad öldükdən sonra Ərməniyədə bəzi naharar (feodal) nəsilləri iğtişaşa başladılar. Erməni mənbələrində qədim ermənicə yazılışda  bu naharar nəsilləri  Bznunik, Manavaz, Bakur, Orduni, Databen və s. adlanırlar. Maraqlısı odur ki, bu nahararların bir neçəsi əyalət adından, bir neçəsi isə şəxs adından ibarət olsa da mənşəcə türkcədir. Bznuni Kiçik Asiyanın şərqində Van gölünün hövzəsində bir mahal adıdır. IX əsr ərəb müəllifi  İbn-Xordadbeh bu adı Bacunays kimi qeyd etmişdir. Demək, Bznuni adı yunan dilində "ç" və "c" səsləri olmadığına görə Becane (peçeneq) etnonimini əks etdirir. Erməni müəllifi adın yunan dilində Bezene (Beçene) tələffüz formasını qədim erməni dilinə  uyğunlaşdırmış və sonuna Urartu dilindən erməni dilinə keçmiş məkan və mənsubiyyət bildirən "-uni" şəkilçisini əlavə etmişdir. Ermənistanın özündə isə Bcni (əgər yunanca yazılsaydı - Bezini) və Becini toponimləri erkən orta əsrlərdən məlumdur. Bu əyalət adı er.əv. VII əsrdə sakların tərkibində Orta Asiyadan gəlmiş Basine (Baçine) tayfasının adını əks etdirir.

Manavaz şəxs adı türk mənşəli olmaqla türk dillərində manq - "bahadır", "döyüşçü" (məsələn, Ərəb xilafətində əslən türk sərkərdəsi Manqaçur, Çingizxanın nəslindən Menku xan və b.) və bas (başçı) sözlərindən ibarətdir. Manavaz "bahadırların başçısı" mənasındadır. Ermənistanda Artavazd ("d" səsi əlavə olunmadır) şəxs adı Embas ( türk dillərində əm - "bacarıqlı", "mahir" və bas - "başçı" sözlərindəndir), Herodota görə (Herodot, IV, 120) Qara dənizin şimal sahillərindəki  hökmdar Skopas (türkcə esik, eşik - "ev-eşik" və bas - "başçı" sözlərindəndir) və b. adlarla sıra təşkil edir.

Ortuni naharar adı da əyalət adındandır. Şərqi Türkiyədə Araz çayının yuxarı axınında  bir əyalət qədimdə Ordu adlanırdı (48, 23). Həmin əyalətin adı indiki Ortu-Su çayının adında qalmışdır. Mahalın adı şübhəsiz, qədim türk dillərində ordu - "xan düşərgəsi" sözündən ibarətdir. Ordubad toponimində bu söz əksini tapmışdır.

Ermənicə Databen naharar şəxs adıdır. Adın "Data" kimi yazılmış hissəsi  türkcə dədə  - "ustad", "ağsaqqal" (məsələn, Dədə Qorqud, Dədə Ələsgər və b. adlarda olduğu kimi) sözündəndir. Mannada Dada (er. əv. 820-ci il) və erkən orta əsrlərdə Mərkəzi Asiyada uyğurlarda Daday hökmdar adları Şah İsmayılın qızılbaş əmirlərindən Dədəbəy, XVI əsrdə Şirvan xanı Arasxanın oğlu Dədəxan və b. şəxs adları ilə müqayisə olunur. Ermənilərdə Dadyan familiyası da məhz türkcə Dədə şəxs adından ibarətdir.

Bakur naharar adı türk dillərində bakur - "ulu" "böyük" mənasındadır (143, I, 444). Bu adı "Bibliya"dan gələn bəkor (ərəbcə bəkir -"ilkin", "ilk doğulan") kimi hesab edənlər yanılırlar. III əsrdə şimaldan Gürcüstana gəlmiş türk Cinli tayfasının başçısı Çin-Bakur adlanırdı (türk dillərində çin "qüvvətli" mənasındadır). Aydındır ki, Cinlilər III əsrdə xristian olmadıqlarına görə  yəhUdi mənşəli "bəkor" sözünü bilməzdilər.

İndiki Ermənistan ərazisində erkən orta əsrlərdə əhalinin türk dilli olduğunu göstərən bir fakt da maraqlıdır. V əsr müəllifi Elişe Ərməniyədə torpaq sahibliyinin bir formasının ermənicə yazılışda "hayrenik" adlandığını yazır. Bu söz əvvəlinə ermənicə yazılışda "h" və "a" səsindən sonra "y" artırılmış "ərənlik" sözünün ("ərən" sözündən və -nik, yəni -lik şəkilçisindən) təhrifidir. Qədim türk dillərində  ərən həm də "döyüşçü" mənasında olduğuna görə ərənlik "döyüşçülərə məxsus torpaq sahəsi" mənasındadır. Erməni tədqiqatçıları erməni dilində ayr ("y" səsi əlavə olunmadır) - "kişi" sözünü qədim türkcə "ər" sözündən ibarət olduğunu bilə-bilə danırlar; halbuki erməni Abqar şəxs adı da ermənicə avaq (əsli qədim türk dillərində - abaqa, avaqa "əmi", "atanın qardaşı" deməkdir) və ər sözlərindən ibarətdir. Qeyd edilməlidir ki, türk mənşəli "ər" sözü qədim gürcü mənbələrində eri (ər və gürcü dilində "i" adlıq hal şəkilçisindən ibarətdir)  -"azad", "icma üzvü", "döyüşçü" (bu söz qədim gürcülərdə feodal mənasında eristavi - "ərlərin başçısı" sözündə də vardır) mənasında əksini tapmışdır.

İndi, bizcə, Strabonun və başqa antik müəlliflərin Albaniyanın cənubda Kürlə sərhədləndiyi və Favst Buzandın yazdığına görə Muşel Mamiqunun Kür çayını "əvvəllərdə olduğu kimi" Albaniya ilə Ərməniyə arasında sərhəd xətti etdiyi məlumatlarının mahiyyəti aydınlaşdı. Aydın oldu ki, indiki Ermənistan ərazisinin "Ərməniyə" adı heç də orada özünü "hay" adlandıran ermənilərin adı ilə əlaqədar ad deyil, Şərqi Anadoluda Urartu çarlığına daxil olmuş "Armini" adının indiki Ermənistan ərazisinə şamil olunmasının nəticəsidir. Deməli, "Ərməniyə" adı toponimikada "sürüşkən ad" adlanan toponimlərdəndər.

Favst Buzand da məhz "əvvəllər olduğu kimi" dedikdə, indiki Ermənistan ərazisində mövcud olmuş türk mənşəli Sak çarlığını, Ervandlar və Artaşlar dövlətlərini nəzərdə tuturdu. Cinli Muşel heç də özünü "hay" adlandıranların mənafeyindən çıxış etmirdi, o, türk sərkərdələri Ar-Taşın və II Tiqranın «Böyük Ərməniyə»sini bərpa etməyə səy edirdi. Çünki Ərməniyə ərazisində bu türk mənşəli qürumlarla klassik Albaniya Kürdə sərhədlənirdi.

2. Ermənilərin ərazi iddiaları: tarixi həqiqət və uydurmalar. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası, Dağlıq Qarabağ və Zəngəzur daxil olmaqla, Kürdən cənubdakı torpağımızın guya tarixən ermənilərə, yəni özlərini "hay" adlandıranlara məxsus olması haqqında saxta mülahizə ilə bağlıdır. Erməni tarixçiləri bu uydurmanı qədim mənbələrdəki məlumatlarla  əsaslandırırlar. Ona görə biz mənbələrdəki həmin məlumatları nəzərdən keçirməliyik.

Erməni tarixçiləri Kürdən cənubdakı ərazimizin guya tarixən haylara mənsub olduğunu deyərkən Strabonun (I əsr) Sakasena, Kaspiana və Araksena əyalətlərinin Ərməniyəyə məxsus olması məlumatlarına istinad edirlər.

Strabon əsərinin 4 yerində  Sakasena adlı əyalət haqqında məlumat verir (Strabon II,I,14; XI.7, 2; 14, 4 və XI, 8, 4). İndiyədək tarixşünaslıqda belə hesab edilmişdir ki, söhbət yalnız bir Sakasena adlı əyalət barədə gedir. Lakin araşdırma göstərir ki, Strabonun məlumatı üç müxtəlif Sakasena haqqındadır. Qeyd etmək lazımdır ki, "Sakasena" toponimi "Saka" etnonimindən və indiyədək yazıldığı kimi, guya İran mənşəli şauana - "yer", "ərazi" sözündən ibarət deyil. Bu adın, bütövlükdə, əsli "Sakasin"dir. Lakin Strabon həm adın "sin" komponentini "sen" kimi yazmış, həm də sonuna "a" səsini əlavə etmişdir. Tədqiqatçılar isə köklü, türk mənşəli "sin" sözünü Strabonun əlavə etdiyi "a" səsi ilə birləşdirərək uydurma "sena" sözü əmələ gətirmiş və onu erməni dilində şen -"kənd", "yaşayış məntəqəsi" kimi qədim fars mənşəli "şauana" sözü hesab etmişlər (89, 251). Həm də qeyd edilməlidir ki, rus, Qərbi Avropa və erməni tarixçiləri də sakları İran dilli etnos sayırlar. İqrar Əliyev sakları türk mənşəli hesab edənləri hətta gülünc adlandırır (Алиев И. Очерк истории Атропатены, с. 131, qeyd 5.). Qədim Şərq xalqlarının tarixi sahəsində ən böyük saxta fikir budur. Bu uydurmanın yaranması səbəbləri barədə danışmağın yeri deyil. Qısaca onu demək lazımdır ki, saklar türk dillilər idilər. "Sakasin"  toponiminin "sin" (çin, şin) komponenti təmiz türk mənşəli söz olmaq etibarilə etnonimlərə əlavə olunanda "hissə" mənasını verir. Məsələn, Orta əsrlərdə Alaqçın, Bulqaçın, Keremuçin, Alşın, Kamasin türk tayfa adları məlumdur. Cənubi Azərbaycan ərazisində Uskiyə mahalında Macarşin (macar etnonimindən və «-sin», «-şin» şəkilçisindən), Xuvarlı mahalında Avarşin (avar etnonimindən və «-sin», «-şin» şəkilçisindən) kənd adları vardır (13, 162). Qeyd edilməlidir ki, er.əv. IV əsr hadisələri ilə əlaqədar Arrian (I I əsr) bu etnonimi və toponimi məhz Sakesin kimi yazmışdır (Arrian, III, 8, 4).

İndi isə Strabonun "Sakasena" adlı əyalətlər barədə məlumatlarının şərhinə keçək.

1. Yuxarıda qeyd etdik ki, Strabon üç Sakasena adlı əyalət haqqında məlumat vermişdir. İki yerdə (Strabon, II.I,14 və XI, 7, 2) müəllif Sakasenanın Gürgandan cənubda (yəni Xəzərin cənub qərbində Atropatenada) yerləşdiyini yazır. Hər iki məlumatda Sakasena adı Araksena adlı əyalətin adı ilə  yanaşı çəkilir və hər ikisinin Ərməniyəyə məxsus olması göstərilir. Deməli, Strabonun bu iki məlumatında adı çəkilən Sakasena əyaləti Gürgandan cənubda Atropatenada idi.

Gürganın qonşuluğunda bir əyalətin Sakasena adlanması haqqında Strabonun məlumatı başqa mənbələrlə də təsdiqlənir. Ksenefont (er.əv. V əsr) yazır ki, gürganların yaxınlığında (qonşuluğunda) saklar yaşayırlar (Ksenefont, Anabazis, V, 2). Herodot (er.əv. V əsr) sakların bir hissəsinin parikanlarla yanaşı yaşadığını yazmışdır (Herodot,III, 92). V.V. Struve bu məlumat haqqında yazmışdır ki. Herodotun "parikanlar" kimi qeyd etdiyi ad "qirkanlar" (gürganlar) adının katiblərin səhvi üzündən təhrifidir. Ona görə V.V. Struve də sakların bir hissəsinin gürganların qonşuluğunda yaşadığını yazmışdır (bax: В.В.Струве. Поход против скифов.M.1966, s.236-237). Strabonun özü Xəzərin cənub-qərbindən şərqə doğru tayfaları sadaladıqda əvvəlcə skifləri (antik müəlliflərin əsərlərində skif adı altında  əsasən saklar nəzərdə tutulur) və qirkanları sadalayır  (Strabon, II, 5,31).

Deyilənlərdən aydın olur ki. er.əv. I əsrdə Atropatenada sakların bir hissəsi gürganların qonşuluğunda yaşayırdı və onların məskun olduqları əyalət Sakasena adlanırdı.

2. Sakasena adlı əyalət haqqında əsərinin başqa yerində Strabon yazır ki, Albaniya və Kür çayı ilə sərhəddə (oxucu "Albaniya ilə sərhəddə" ifadəsini yadda saxlamalıdır; belə çıxır ki, bu Sakasena Albaniyaya aid deyil, bax: aşağıda)  Sakasena əyaləti yerləşir (Strabon, XI, 14, 4).

Tədqiqatçılar bu Sakasenanı doğru olaraq Kürdən cənubda indiki Gəncə bölgəsi ilə lokalizə edirlər. Həqiqətdə də , Alban tarixçisi Musa  Kalankatlı Gəncə şəhərinin Şakaşen əyalətində yerləşdiyini yazmışdır ("Alban tarixi", III kitab, 21-ci fəsil). Orta əsrlərdə, 1593-cü ildə Gəncə bölgəsində bir çayın Şəkiçay adlandığı da məlumdur (bax: 79, 82).

3. Nəhayət, Strabon əsərinin başqa yerində Sakasena adlı bir əyalət haqqında danışır və yazır ki, saklar Ərməniyədə yaxşı torpaqları tutaraq oraya öz adlarına uyğun Sakasena adını vermişlər (Strabon, XI, 3, 4). Bu Sakasena, aşağıda deyəcəyimiz kimi, Kiçik Asiyanın şərqində, Qızıl İrmaq çayının hövzələrində yerləşirdi (165, 177). Bu lokalizə Ksenefontun (er.əv. V əsr) Kiçik Asiyanın şərqində skiflərin (yəni sakların) yaşaması barədə məlumatı ilə təsdiqlənir.


Katalog: Language

Download 2.08 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13




Download 2.08 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



ErməNİstanda azərbaycan məNŞƏLİ toponiMLƏRİN İzahli lüĞƏTİ 1

Download 2.08 Mb.