Ödəniş kartlarının emissiya və istifadəsinin tənzimlənməsi, habelə ödəniş kartları üzrə risklərin idarə olunması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.
Iyul (lot. mensis Julius) - Grigoriy taqvimida yilning yettinchi oyi. 31 kundan iborat. Shu oyda tugʻilgan Yuliy Sezar sharafiga nomlangan.
17-ci və 44-cü maddələrinə əsasən
QƏRARA ALIR:
1. “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur);
2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qaydaların 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin;
3. Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinə (Ə.Məmmədyarov) və Ödəniş sistemləri və hesablaşmalar departamentinə (K.Qurbanova) tapşırılsın ki, bu Qaydaların qüvvəyə minməsi ilə əlaqədar bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin etsinlər.
Sədr Elman Rüstəmov
|
“Təsdiq edilmişdir”
Azərbaycan Respublikasının
Mərkəzi Bankı
Qərar №16/3
“10” “iyul” 2012-ci il
Sədr
_____________________
Elman Rüstəmov
|
ÖDƏNİŞ KARTLARININ EMİSSİYASI VƏ İSTİFADƏSİ
QAYDALARI
1. Ümumi müddəalar
Bu Qaydalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə, habelə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikasının ərazisində ödəniş kartlarının emissiyası və istifadəsi qaydalarını müəyyən edir.
2. Anlayışlar
2.1. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları daşıyır:
2.1.1. ödəniş kartı (bundan sonra - kart) - nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş aləti;
2.1.2. emitent - kartların emissiyasını həyata keçirən, kart istifadəçilərinə xidmət göstərilməsini, kart əməliyyatlarının avtorizasiyasını (özü və ya kart təşkilatı tərəfindən) və aparılmış əməliyyatların dəyərinin ekvayerə ödənilməsini təmin edən hüquqi şəxs;
2.1.3. kartların emissiyası (bundan sonra - emissiya)- emitent tərəfindən kartların dövriyyəyə buraxılmasıdır;
2.1.4. ekvayer - ekvayrinq xidmətini həyata keçirən hüquqi şəxs;
2.1.5. ekvayrinq - təsərrüfat subyekti və ya dövlət orqanı ilə bağlanmış müqavilə əsasında müvafiq olaraq ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması və ya vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqların ödənilməsi və ya kart istifadəçisinə nağd pul vəsaitinin verilməsi üzrə göstərilən xidmət;
2.1.6. kart hesabı - kart vasitəsilə həyata keçirilən əməliyyatların uçotunun aparılması üçün açılan cari bank hesabı;
2.1.7. kart hesabının sahibi (bundan sonra - kart sahibi) - emitentlə müqavilə bağlayan, kart hesabı üzrə sərəncam vermək hüququ olan fiziki və ya hüquqi şəxs; [1]
2.1.8. kart istifadəçisi – kart sahibi və ya kartdan istifadə etmək hüququ olan şəxs;
2.1.9. təsərrüfat subyekti - ekvayerlə bağlanmış müqavilə əsasında müvafiq olaraq ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması üçün kartları ödəniş vasitəsi kimi qəbul edən şəxs;
2.1.10. avtorizasiya - kartdan istifadə edilməklə əməliyyatların aparılması üçün emitentdən və ya onun xidmət olunduğu kart təşkilatından icazənin alınması;
2.1.11. POS-terminal - kart vasitəsilə nağdsız ödənişlərin aparılması, habelə nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıq;
2.1.12. bankomat – ödənişlərin aparılması, nağd pul vəsaitinin verilməsi və qəbulu, habelə digər bank xidmətlərindən istifadə edilməsi üçün nəzərdə tutulmuş proqram-texniki kompleks;
2.1.13. kartın bloklaşdırılması - kart vasitəsilə əməliyyatların həyata keçirilməsinin dayandırılması;
2.1.14. korporativ kart – bu Qaydalarda nəzərdə tutulmuş ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi məqsədilə hüquqi şəxsin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) kart hesabında olan pul vəsaitlərindən istifadə etmək üçün onun nümayəndəsinə (işçisinə) verilən kart;
2.1.15. əvvəlcədən ödənilmiş kart - əvvəlcədən mədaxil edilmiş vəsait həcmində mal, iş və xidmətlərin dəyərinin ödənilməsinə və/və ya nağd pul vəsaitinin alınmasına imkan verən kart;
2.1.16. yüklənə bilən əvvəlcədən ödənilmiş kart - əvvəlcədən mədaxil edilmiş vəsaitlərə sonradan vəsaitlərin əlavə edilməsinə imkan verən kart;
2.1.17. yüklənə bilinməyən əvvəlcədən ödənilmiş kart - yalnız əvvəlcədən mədaxil edilmiş vəsait həcmində əməliyyatların aparılmasına imkan verən kart;
2.1.18. kart təşkilatı - kartlar vasitəsilə aparılmış əməliyyatlar haqqında məlumatların toplanması, emalı və ötürülməsi, klirinqi, həmçinin kartların emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsini həyata keçirən yerli və ya beynəlxalq prosessinq təşkilatı;
2.1.19. personalizasiya - ödəniş kartlarının hazırlanması zamanı kart istifadəçisi haqqında məlumatların elektron daşıyıcıya (çipə) və (və ya) maqnit lentə //çıxarılıb// yüklənməsi və kart üzərində eyniləşdirmə məlumatlarının qabardılmış və ya həkketmə üsulu ilə çap olunması; [2]
2.1.20. şəxsi eyniləşdirmə nömrəsi (bundan sonra PİN-kod) - emitent tərəfindən kart sahibinə və ya onun tərəfindən vəkil edilmiş şəxsə təqdim edilən və kartla əməliyyatların həyata keçirilməsi zamanı kart istifadəçisinin tanınmasında istifadə olunan gizli şifrə;
2.1.21. təmassız ödəniş – daxilində radiotezlikli identifikator quraşdırılmış kartın kart istifadəçisi tərəfindən POS-terminala yaxınlaşdırılması ilə aparılan əməliyyat; [3]
2.1.22. real vaxt rejimi - əməliyyatın baş verdiyi an.
3. Kartların emissiyası və ekvayrinqi
3.1. Kartların emissiyası və ekvayrinqi Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və poçt rabitəsinin milli operatoru tərəfindən həyata keçirilir.
3.2. Emitent emissiya etdiyi kartların növünü və kartlar üzrə xidmətləri müstəqil müəyyən edir.
3.3. Kartın//çıxarılıb// üzərində ən azı aşağıdakı rekvizitlər göstərilməlidir: [4]
3.3.1. emitenti //çıxarılıb// eyniləşdirən məlumatlar; [5]
3.3.2. kartın nömrəsi;
3.3.3. kartın qüvvədə olma müddəti;
3.3.4. emitentin və ya xidmət olunduğu kart təşkilatının əlaqə telefonları.
3.4. Kartın emissiyası (əvvəlcədən ödənilmiş kartlar istisna olmaqla) emitent ilə kart sahibi arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Kart sahibi ilə bağlanmış müqavilə aydın yazılmalı və adi halda rahat oxunmasını təmin edən şrift ilə (ən azı 12) tərtib edilməlidir.
3.5. Kart sahibi ilə emitent arasında bağlanmış müqavilədə ən azı aşağıdakılar müəyyən edilir:
3.5.1. kart sahibinin şəxsi məlumatları (şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar);
3.5.2. tərəflərin hüquq və vəzifələri;
3.5.3. xidmət haqqı, onun ödənilməsi və dəyişdirilməsi (xidmət haqqının dəyişdirilməsi nəzərdə tutulduğu halda) prosedurları;
3.5.4. xarici valyutada aparılan əməliyyatlar üzrə istinad edilən məzənnə və tətbiq olunduqda, valyuta mübadiləsi üzrə xidmət haqqı; [6]
3.5.5. hesab üzrə pul vəsaitlərinin hərəkəti və hesabındakı qalıq haqqında çıxarışların kart sahibinə verilməsi qaydası;
3.5.6. kartdan istifadə qaydaları və təhlükəsizliyin gözlənilməsi üzrə əsas tələblər (beynəlxalq kart təşkilatları tərəfindən qəbul edilmiş “məsuliyyətin ötürülməsi qaydası”nın (liability shift rule) tətbiq olunmadığı ölkələrdə əməliyyatların aparılması şərtləri daxil olmaqla); [7]
3.5.7. bir kart hesabı üzrə əlavə kartların təqdim edildiyi kart istifadəçiləri barədə məlumat (müqavilədə kart sahibinə bir neçə kartın təqdim olunması nəzərdə tutulduqda);
3.5.8. itki, oğurluq və ya kartın səlahiyyətli olmayan şəxs tərəfindən qanunsuz istifadəsi halları haqqında məlumatın verilməsi qaydası;
3.5.9. emitent tərəfindən kartın bloklaşdırılması və ya karta xidmət göstərilməsinin dayandırılması halları və qaydası;
3.5.10. müqavilə üzrə təhlükəsizlik tələblərinin və digər şərtlərin pozulması halında tərəflərin məsuliyyəti;
3.5.11. kartın istifadəsi və bununla əlaqədar digər müraciətlərə, o cümlədən əsassız silinmələrlə və səhv ödənişlərlə bağlı müraciətlərə baxılması qaydası (icra müddəti göstərilməklə); [8]
3.5.12. emitent tərəfindən kartın və PİN-kodun kart istifadəçisinə və ya onun tərəfindən müvəkkil edilmiş şəxsə çatdırılması qaydası; [9]
3.5.13. PİN-koddan təhlükəsiz istifadə və tətbiq olunduqda, kart istifadəçisi tərəfindən PİN-kodun təyin edilməsi və dəyişdirilməsi qaydası;[10]
3.5.14. tətbiq olunduqda, gündəlik və (və ya) nağd əməliyyatlar üzrə müəyyən edilmiş məhdudiyyətlər.[11]
3.6. Sosial layihələr çərçivəsində (pensiya, müavinət və digər sosial ödənişlər) və ya işəgötürən tərəfindən işçilərin əmək haqlarının verilməsi üçün sifariş edilmiş kartlar üzrə xidmətin şərtləri bu Qaydaların 3.5-ci bəndinin tələbləri nəzərə alınmaqla sifarişçi ilə emitent arasında bağlanan müqavilə ilə müəyyən edilir.
3.7. Emitent emissiya etdiyi kartların reyestrini aparır. Reyestrdə emissiya olunan kartların məcburi rekvizitləri əks etdirilir.
3.8. Emitentin aşağıdakı vəzifələri vardır:
3.8.1. kart sahibi ilə bağlanmış müqavilə şərtlərinə əsasən kartı təqdim etmək;
3.8.2. kart istifadəçisini kartdan və PİN-koddan istifadə qaydaları ilə tanış etmək;
3.8.3. bu Qaydaların 7.8-ci bəndi istisna olmaqla 7-ci hissəsində nəzərdə tutulmuş tələblərə riayət etmək;[12]
3.8.4. eal vaxt rejimində internet üzərindən aparılan ödənişlərın avtorizasiyası üzrə emitent (və ya kart təşkilatı) tərəfindən verilmiş şifrə ilə kart istifadəçisini eyniləşdirmək üçün tədbirlər görmək. [13]
3.9. Emitent (və ya emitent tərəfindən müəyyən edilmiş və müqavilə əsasında bu xidməti yerinə yetirən kart təşkilatı) kart itirildikdə, oğurlandıqda və ya kartın səlahiyyətsiz istifadəsi barədə kart istifadəçisinin bildirişinin mümkün kommunikasiya (ən azı telefon, mobil, internet) vasitələrindən istifadə etməklə hər gün 24 saat ərzində fasiləsiz qəbul edilməsini təmin etməlidir. Ölkə xaricindən edilən müraciətlərin maneəsiz və operativ qəbul edilməsi üçün ayrıca telefon (stasionar və ya mobil) nömrəsi olmalıdır. Emitent bildirişin alınması zamanı kart istifadəçisini eyniləşdirməli və bildirişin qəbul edilməsi tarixini, vaxtını (saat və dəqiqə), kartın nömrəsini və hadisənin təfərrüatının qeydiyyatını aparmalı, habelə bu məlumatları ən azı 18 (on səkkiz) ay müddətində saxlamalıdır. [14]
3.10. Ekvayrinq xidməti ekvayerlə təsərrüfat subyekti və ya müvafiq hallarda dövlət orqanı arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
3.11. Ekvayerin aşağıdakı vəzifələri vardır:
3.11.1. üzvü olduğu kart təşkilatının tələblərinə uyğun olaraq üzərində həmin kart təşkilatının loqotipi olan kartların ekvayrinqini həyata keçirmək;
3.11.2. təsərrüfat subyektini və ya müvafiq dövlət orqanını POS-terminaldan istifadə, kartların qəbulu və xidmət olunması qaydaları ilə, habelə kartlarla əməliyyatların aparılması zamanı tələb olunan təhlükəsizlik prosedurları ilə təmin etmək;
3.11.3. ekvayerin xidmət etdiyi bankomat, POS-terminal və digər avadanlıqlarda maqnit lentlə yanaşı, elektron daşıyıcıya (çipə) malik olan kartlara da ekvayrinq xidmətini göstərmək;[15]
3.11.4. bu Qaydaların 6.6-cı bəndində nəzərdə tutulmuş hal, eləcə də təsərrüfat subyektinə kartın fiziki olaraq təqdim edilmədən aparılan əməliyyatlar (o cümlədən MOTO – Mail order/Telephone order, Manual POS Keyentry) istisna olmaqla elektron daşıyıcıya (çipə) malik olan kartlar üzrə yalnız PİN-kod daxil edildikdə ekvayrinq xidmətini göstərmək;
3.11.5. təsərrüfat subyektini və ya müvafiq dövlət orqanını ən azı Azərbaycan Respublikasının dövlət dilində olan proqram təminatı ilə təchiz edilmiş POS-terminal ilə təmin etmək;
3.11.7. bu Qaydaların 7.8-ci bəndində nəzərdə tutulmuş tələblərə riayət etmək.
4. Korporativ kartlar
4.1. Emitent hüquqi şəxs və ya fərdi sahibkarla bağladığı müqavilə əsasında korporativ kart emissiya edir.
4.2. //çıxarılıb//[16]
4.3. Müqavilədə nəzərdə tutulduğu halda hüquqi şəxsə və ya fərdi sahibkara kart hesabı üzrə bir neçə korporativ kart verilir.
4.4. Korporativ kart hüquqi şəxsin və fərdi sahibkarın ezamiyyə, nümayəndəlik və digər xərclərinin, habelə dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına icbari ödənişlərin ödənilməsində istifadə olunur.
4.5. Korporativ kart dividend, əmək haqqı, pensiya, təqaüdlərin ödənilməsi və digər sosial xarakterli ödənişlər üçün istifadə oluna bilməz.
5. Əvvəlcədən ödənilmiş kartlar
5.1. Əvvəlcədən ödənilmiş kartların emissiyası bu Qaydaların və kart təşkilatının tələblərinə uyğun olaraq həyata keçirilir.
5.2. Əvvəlcədən ödənilmiş kartlar yalnız fiziki şəxslər tərəfindən istifadə olunur.
5.3. //çıxarılıb//
5.4. Yüklənə bilinməyən əvvəlcədən ödənilmiş bir kart üzrə pul vəsaitinin həcmi 150 (yüz əlli) manatdan və ya onun ekvivalentində xarici valyutadan artıq və istifadə müddəti 2 (iki) ildən çox ola bilməz. //çıxarılıb//. [17]
5.5. Ümumi dəyəri 1500 (min beş yüz) manatdan və ya onun ekvivalentində xarici valyutadan çox olan yüklənə bilinməyən əvvəlcədən ödənilmiş kartların eyni vaxtda bir şəxsə satışı yalnız kart istifadəçisinin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatların emitentə təqdim edilməsi ilə həyata keçirilir.
5.6. İstifadəçisi eyniləşdirilməyən yüklənə bilən əvvəlcədən ödənilmiş bir kart üzrə pul vəsaitinin həcmi 50 (əlli) manatdan və ya onun ekvivalentində xarici valyutadan artıq, istifadə müddəti isə 5 (beş) ildən çox ola bilməz. Bu halda kart üzrə bir təqvim ili ərzində aparılan məxaric əməliyyatlarının həcmi 1000 (min) manatdan və ya onun ekvivalentində xarici valyutadan çox ola bilməz.[18]
5.7. İstifadəçisi eyniləşdirilmiş yüklənə bilən əvvəlcədən ödənilmiş kartın istifadə müddəti 5 (beş) ildən, kart üzrə bir təqvim ili ərzində aparılan məxaric əməliyyatlarının həcmi isə 10000 (on min) manatdan və ya onun ekvivalentində xarici valyutadan çox ola bilməz.[19]
5.8. Emitent bağlanmış müqavilə əsasında əvvəlcədən ödənilmiş kartların satışına üçüncü şəxsləri cəlb edir. Bu zaman kartı alan şəxsin eyniləşdirilməsi kartı satan şəxs tərəfindən bu Qaydaların tələblərinə müvafiq olaraq aparılır və eyniləşdirmə sənədləri emitentə təqdim olunur.
5.9. Əvvəlcədən ödənilmiş kartların satışı prosesinə cəlb olunan üçüncü şəxslə bağlanan müqavilədə kartların satışı, saxlanması, hesablaşmaların və uçotun aparılması üzrə tərəflərin vəzifə və öhdəlikləri müəyyən edilir.
5.10. Emitent əvvəlcədən ödənilmiş kart vasitəsi ilə bankomat və POS-terminallardan nağd pul vəsaitinin çıxarılmasını, habelə bu kartların istifadəsi ilə həyata keçirilən əməliyyatları məhdudlaşdırdıqda, kartların satışına cəlb olunan şəxs bu haqda kart istifadəçisini kartı əldə etməmişdən əvvəl məlumatlandırmalıdır.
5.11. Əvvəlcədən ödənilmiş kartların istifadəsi ilə həyata keçirilən əməliyyatlar üzrə pul vəsaitlərinin uçotu emissiya edilmiş əvvəlcədən ödənilmiş kartlar üçün ümumi (konsolidə olunmuş) hesab üzrə aparılır.
5.12. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyə uyğun olaraq, əvvəlcədən ödənilmiş kartlar vasitəsilə müvafiq meyarlara əsasən şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan əməliyyatlar və ya belə əməliyyatların aparılmasına cəhdlər barədə məlumatlar emitent tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim edilir.
6. Kart vasitəsilə əməliyyatların aparılması
6.1. Kart istifadəçisi kart vasitəsilə aşağıdakı əməliyyatları həyata keçirmək hüququna malikdir:
6.1.1. mal, iş və xidmətlərin dəyərinin ödənilməsi;
6.1.2. vergi, rüsum, habelə dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına digər icbari ödənişlərin aparılması;
6.1.3. valyuta mübadiləsinin aparılması;
6.1.4. nağd pul vəsaitinin alınması;
6.1.5. nağdsız formada öz kart hesabından vəsaitin başqa kart hesabına köçürülməsi;
6.1.6. qanunvericiliyə zidd olmayan və işgüzar dövriyyədə tətbiq olunan digər əməliyyatlar.
6.2. Bankomat, POS-terminal və digər avadanlıqlar vasitəsilə aparılan əməliyyatları təsdiq edən sənədlərdə ən azı aşağıdakılar göstərilməlidir (bu məlumatların ən azı Azərbaycan Respublikasının dövlət dilində göstərilməsi təmin olunmaqla): [20]
6.2.1. ekvayeri və təsərrüfat subyektini (avadanlıq təsərrüfat subyektində quraşdırıldıqda) eyniləşdirməyə imkan verən rekvizitlər;
6.2.2. sənədin nömrəsi; [21]
6.2.3. əməliyyatın tarixi (gün, ay, il) və vaxtı (saat, dəqiqə);
6.2.4. xidmət mərkəzinin adı;
6.2.5. avadanlığın kodu;
6.2.6. ödənişin məbləği;
6.2.7. kartın kart təşkilatının təhlükəsizlik tələbləri çərçivəsində icazə verilən rekvizitləri;
6.2.8. avtorizasiya kodu;
6.2.9. xidmət haqqı tutulduğu halda onun məbləği.
6.3. Dövlət büdcəsi və büdcədənkənar vəsaitlər üzrə mərkəzləşdirilmiş (vahid) xəzinə hesabına ödənişlərin aparılması zamanı sənəddə büdcə təşkilatı və ya büdcədənkənar dövlət fondunun rekvizitləri, büdcə gəlirlərinin təsnifatı və büdcə səviyyəsinin kodu qeyd edilir. [22]
6.4. Kartların istifadəsi ilə həyata keçirilən əməliyyatlar üzrə hesablaşmalar müvafiq olaraq kart təşkilatının qaydalarına və tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq həyata keçirilir.
6.5. Kartla təmassız ödənişlər yalnız belə əməliyyatları dəstəkləyən avadanlıqlar vasitəsilə həyata keçirilir. [23]
6.6. Emitent (və ya ekvayer) tərəfindən daha aşağı limit müəyyən edilmədikdə POS-terminal vasitəsilə 20 (iyirmi) manat və ondan yuxarı məbləğdə həyata keçirilən nağdsız əməliyyatlar PİN-kod daxil edilməklə aparılır.
6.7. Kartla bankomat, POS-terminal və digər avadanlıqlar vasitəsilə nağd pul vəsaitinin əldə olunması yalnız kart istifadəçisi tərəfindən PİN-kodun daxil edilməsi ilə həyata keçirilir.
7. Risklərin idarə olunması
7.1. Emitentin kartlarla aparılmış şübhəli əməliyyatların (həmçinin qısa vaxt kəsiyində müxtəlif ölkələrdə əməliyyatların aparılması, o cümlədən emitentin müəyyən etdiyi risk kateqoriyası yüksək olan ölkələrdə və təsərrüfat subyektlərində əməliyyatların aparılması) real vaxt rejimində aşkar edilərək vaxtında qarşısının alınması və bu tip əməliyyatlar üzrə risklərin effektiv idarə edilməsi üçün proqram təminatı olmalıdır. [24]
7.2. Emitent müvafiq proqram təminatı vasitəsilə kartlarla aparılmış şübhəli əməliyyatların aşkar edilməsi istiqamətində real vaxt rejimində monitorinq həyata keçirməlidir. Emitent qeyri-iş saatlarında bu tip monitorinqin keçirilməsini müqavilə əsasında kart təşkilatına həvalə edə bilər. Bu zaman emitent cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericilikdə, eləcə də kart sahibi ilə bağlanmış müqavilədə nəzərdə tutulmuş vəzifə və məsuliyyətdən azad edilmir. [25]
7.3. Kart bloklaşdırıldıqda və ya karta xidmət göstərilməsi dayandırıldıqda emitent kart istifadəçisini cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilədə nəzərdə tutulmuş qaydada məlumatlandırır.
7.4. Kart istifadəçisi tərəfindən emitentin kartın itirildiyi, oğurlandığı və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadəsi haqqında məlumatlandırılması müddəti və üsulu, həmçinin bu xəbərdarlığın qüvvəyə minməsi müddəti kart təşkilatının tələbləri nəzərə alınmaqla müqavilə şərtləri ilə müəyyən olunur.
7.5. Emitent kart istifadəçilərini eyniləşdirən məxfi məlumatların, kartlarla bağlı əməliyyatların qanunsuz açıqlanmasının qarşısının alınması üzrə bankdaxili prosedur qaydalara malik olmalıdır.
7.6. Kartlarla bağlı fəaliyyətin təşkil edilməsi üzrə bankdaxili prosedur qaydalar ən azı aşağıdakıları müəyyən etməlidir:
7.6.1. kartların emissiyası qaydası;
7.6.2. kartların verilməsi qaydası;
7.6.3. kartların ekvayrinqi qaydası;
7.6.4. kartların istifadəsi ilə həyata keçirilən əməliyyatlar üzrə hesablaşmaların aparılması qaydası;
7.6.5. kartlar vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə risklərin idarəedilməsi qaydası;
7.6.6. kartların istifadəsi ilə həyata keçirilən əməliyyatlar üzrə uçot məlumatlarının işlənilməsi qaydası; [26]
7.6.7. personalizasiyaya qədər (personalizə edilməmiş kartlar) və personalizasiyadan sonra kartların saxlanılması və uçotu, habelə çatdırılması qaydası.
7.7. Emitent (və ya yerli kart təşkilatı) tərəfindən kartın personalizasiyası emitentin (və ya yerli kart təşkilatının) hazırladığı personalizasiya məlumatı əsasında həyata keçirilir.[27]
7.8. Ekvayerə məxsus bankomatlar ən azı aşağıdakı tələblərə cavab verməlidir:
7.8.1. bankomat daxilində kart istifadəçisinin üz təsvirini aydın çəkməyə imkan verən ən azı bir ədəd gizli kamera quraşdırılmalıdır. Kameranın görüntüləri qeydə alınmalı və ən azı 6 (altı) ay müddətində saxlanılması təmin edilməlidir;
7.8.2. bankomatın kart oxuyucu qurğusuna kənardan müdaxilə edilməsinin qarşısını alan xüsusi avadanlıq quraşdırılmalıdır;
7.8.3. daxili proqram təminatı lisenziyalı antivirus proqramı ilə qorunmalıdır;
7.8.4. açıq ərazilərdə quraşdırılmış bankomatlar əlavə olaraq titrəyiş, istilik sensorları ilə təmin edilməlidir;
7.8.5. açıq ərazilərdə quraşdırılmış bankomatın qarşısındakı (və ya ətrafındakı) 2 (iki) metrdən az olmayan ərazi sutkanın qaranlıq vaxtı (sutkanın günəş batandan günəş çıxanadək olan hissəsi) aydın şəkildə işıqlandırılmalıdır.
7.9. Kartlar vasitəsilə aparılmış əməliyyatlar haqqında məlumatların toplanması, emalı, ötürülməsi, klirinqi emitent, yerli kart təşkilatı və ya beynəlxalq kart təşkilatları (“VISA INC.”, “MasterCard Incorporated”, “UnionPay International”, “American Express Company”, “DISCOVER FINANCIAL SERVICES”, “JCB Co., Ltd.”) tərəfindən həyata keçirilir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 23 iyun 2014-cü il tarixli 15/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı