NATURA ÇƏKİLİŞİ (natural shooting) – Studiyadankənar çəkiliş; kinonun, yaxud teletamaşanın çəkildiyi obyektin yeri olan təbii, yaxud memarlıq mühiti. Natura təsvir edilən hadisələrin mötəbərliyini gücləndirməli və TV əsərinin bütün elementlərinə üzvi surətdə uyğun olmalıdır.
NEQATİV (negative/revearsed image) – Kino lentində, fotoqrafiya plastinkasında və ya plyonkasında bir şeyin tərsinə – ağın qara, qaranın ağ düşmüş şəkli; bu cür şəkil düşmüş fotoqrafiya plastinkası və ya plyonkası; şəffaf lentdə (əsasda) fotoqrafiya təsviri. Burada obyektin daha parlaq sahələri böyük tündlüklə, nisbətən az parlaq sahələr isə az tündlüklə verilir; bunun nəticəsində neqativ təsvirinin yaratdığı görüntü təəssüratı orijinalın əksinə olur (keçən işıqda batdıqda neqativ təsvirin müxtəlif sahələrinin parlaqlıq nisbəti orijinalın müvafiq sahələrinin parlaqlıq nisbətinə tərs mütənasibdir).
|
NEQATİVLƏRİN ZƏİFLƏDİLMƏSİ (easing of a negative) – Qara-ağ neqativlərin düzəliş qaydası. Bu qaydadan istifadə etdikdə təsvirin metal gümüşü zərrəciklərinin əriməsi sayəsində təsvirin sıxlığı azalır. Zəiflətmə prosesi zəiflədicilər adlanan məhsulların təsiri ilə baş verir.
|
NEYTRAL İŞIQ SÜZGƏCLƏRİ (neutral density filters) – Telekameraya quraşdırılmış diskli neytral süzgəclərin funksiyasını yerinə yetirən və həddindən çox işıqlı pəncərələrin kadra düşəcəyi hallarda istifadə olunan süzgəclər. N.i.s. şəffaf görünsə də, əslində, pəncərədən binanın içərisinə düşən işıq miqdarını azaldır və bu zaman rəng temperaturunu təhrif etmir.
|
NEYTRAL KEÇİD PLANI (neutral transitory plan) – Montaj zamanı iki qeyri-ardıcıl plandan faydalanmaq məqsədi ilə onların arasına vurulan plan. Adətən, neytral planda göstərilən obyekt ya frontal yöndən göstərilir, ya üzü ekrana olan kameraya yaxınlaşdırılır, ya da kameradan uzaqlaşdırılır.
|
NƏMLİK İŞIĞI (humit) – Videokamerada başlığın nəm olduğunu bildirən göstərici işıq. İstidən soyuğa, soyuqdan istiyə keçəndə (quru yerdən nəmli yerə) və ya çox nəmli (rütubətli) yerlərdə bu işıq yanır. Bu işığın xəbərdarlığına mütləq reaksiya vermək və çəkilişi saxlayıb başlıqdakı nəmliyi təmizləmək lazımdır. Akkumulyatoru və ya lenti çıxardıqdan sonra işıq yenə yanırsa, bu, o deməkdir ki, videobaşlıqdakı nəmlik tam ləğv edilməmişdir.
|
NƏZARƏT FONOQRAMI (control phonovision record) – Yayımçının texniki vasitələrinin çıxışından yazılan, efirdə göstərilən teleradio proqramlarının, yaxud əlavə məlumatın siqnallarını, eləcə də tarix və zaman siqnalını əks etdirən, efirdə göstərilən proqram və verilişlərə nəzarət məqsədi daşıyan fonoqram; efirə getmiş bütün teleradio proqramlarının nəzarət məqsədi ilə videolentə (yaxud audiokasetə) yazılması.
|
NİKAM (NICAM – Near Instantaneously Audio Multiplex) – Sıxlıq tətbiq edilməklə səs siqnallarının cəmləşdirilməsi sistemi əsasında TV proqramlarının rəqəmli, səsli, stereofonik izlənmə standartı. Avropada radio və TV yayımında tətbiq olunur. NİKAM sistemi verilişləri 728 Kb/san. sürətilə aparır, buna görə də bəzən NİKAM-728 də adlanır.
|
NİTQ (speech) – TV, kino və radionun əsas ifadə vasitələrindən biri; insanların digər adamlarla ünsiyyətindən, bu və ya digər dilin vasitəsilə onun öz fikirlərini ifadə etməsindən və başqalarına çatdırmasından ibarət fəaliyyəti; mürəkkəb məzmunun – həm informasiya, həm çağırış-müraciət, həm dinləyicini təhrik etmə və s. ifadəsi üçün dilin müxtəlif vasitələrinin işlədilməsi. N. dildən istifadə etmək prosesidir.
|
NİTQİN ANLAŞIQLILIĞI (clearness of speech) – Dinləyicilərin nitq vasitəsilə ifadə olunan fikri qavraması. Danışan adam izah etdiyi məzmunu özü mükəmməl və tam aydın dərk etməli, sözləri düzgün yerində işlətməyi, orfoepiya qaydalarına, ahəngə riayət etməyi bacarmalıdır. EE nitqi, danışanın cümlələri mümkün qədər qısa, aydın, məntiqi olmalıdır. EE-də çıxış edənlər öz nitqlərində yersiz sözlər, həddindən artıq termin və çətin ifadələr işlətməməli, qavrama şəraitini nəzərə almalıdırlar.
|
NİTQ MƏDƏNİYYƏTİ (rhetoric) – 1) EE-də ədəbi dil normalarının, xüsusən orfoepiya qaydalarına əməl olunması, nitqin ədəbi dil normalarına uyğunluğu, dilin ifadə vasitə və imkanlarından nitqin məqsəd və məzmununa müvafiq şəkildə istifadə etmək bacarığı; 2) Dil səviyyələrinin və onlara daxil olan vahidlər sisteminin normalaşdırılması, təkmilləşdirilməsi, nitqin düzgünlüyü meyarlarının müəyyənləşdirilməsi problemlərini, dil hadisə və proseslərinin inkişaf xəttini, üslubiyyat məsələlərini araşdıran dilçilik bəhsi.
|
NOMENKLATURA (nomenclatura) – 1) Müəyyən elm, incəsənət, texnika və s. sahəsində işləyən adların, terminlərin məcmusu, ümumi siyahısı; 2) Müəssisə mühasibatının açdığı hesab(lar) siyahısı.
|
NORMA (norm/standard/rate) – 1) Qanuna salınmış; qayda, üsul; hamının qəbul etdiyi qayda; 2) Müəyyən edilmiş ölçü, miqdar, orta kəmiyyət.
|
NORMAL (normal) – TV ilə bağlı səs, rəng, parlaqlıq, kontrast nizamlamalarını müəyyən olunmuş standarta gətirən düymə. Tamaşaçı bunu öz televizorunda istəyinə görə nizamlaya bilər.
|
NORMAL ÇƏKİLİŞ TEZLİYİ (normal shot speed) – Peşəkar kinematoqrafiya üçün saniyədə 24 kadr, TV üçün isə saniyədə 25 kadr təsdiq olunmuşdur. Bəzi hallarda sürəti saniyədə 32 kadrdan artıq tezlik ilə kinoçəkiliş aparmaq lazım olur. Bu zaman xüsusi təyinatlı kinoçəkiliş aparatlarından istifadə olunur.
|
NOVATOR (novator) – Burada: Kino və TV sənətinə yeni, orijinal formalar gətirən şəxs; yenidən quran, təzələyən; elmdə, texnikada, istehsalatda, incəsənətdə və s. yenilik yaradan, yenilik tətbiq edən adam.
|
NÜANS (nuance/shade) – Səsdə, rəngdə, fikirdə, danışıqda, filmdə və ya verilişdə nəzərə çarpan incəliklər; fərq incəliyi; hər hansı bir şeyin çaları (məs., əhvali-ruhiyyənin N.-ı), incə keçid (məs., rəngdən rəngə, işıqdan kölgəyə). «N.» termini ən çox musiqidə tətbiq olunur və səs çalarına aid edilir. Səsin dinamik çalarları və səslənmənin xarakteri üçün müvafiq ifadələr (çox vaxt italyan dilində) mövcuddur: məs., dolce – incəliklə, appassionato – ehtirasla və s. N. əsərin məzmunu və musiqi forması ilə sıx bağlıdır.
|
NÜSXƏLƏŞDİRMƏ FABRİKİ (copying/dublicating factory) – Kinofilmin əlavə (ehtiyat) nüsxələrini çıxarmaqla məşğul olan müəssisə.
|
NYUS-FİLM (news film) – TV-də göstərmək üçün nəzərdə tutulan və günün əsas yeniliklərini əks etdirən videosüjetlər toplusu.
|
NYUSMEYKER (newsmaker) – Jurnalistlərin diqqətinə lyaiq şəxs, yaxud hadisə. Hərfi tərcümədə: yenilik yaratmağa qadir. Mənaca "newsbreak" bu terminə yaxındır.
|
NYUSRAYTER (news writers) – Böyük telestansiyalarda xəbər mətnlərini tərtib edən şəxs. İnformasiya toplayan N. tez-tez informasiya agentliklərinin materiallarından, yaxud telefonla verilən söhbətlərdən bəhrələnir. Videomaterialları isə peyk vasitəsilə alır. N.-lər süjetin savadlı ssenari planının tərtibinə cavabdeh olur, eyni zamanda mətni tamamlayan bəzi vizual elementlər təklif edirlər.
|
NYUS-RUM (news-room) – Xəbər otağı, TV-də studiya pavilyonu ilə redaksiya otağının tamaşaçının hiss etmədiyi şüşə arakəsmə ilə ayrıldığı kombinə olunmuş quruluş. Kompüter stolları, telefonlar, xəbər qəbul edən digər avadanlığın yerləşdirildiyi geniş məkan. Bəzi telestudiyalarda xəbər proqramları bu otağın fonunda efirə çıxır. Belə bir üsul ilk dəfə CNN-də tətbiq edilmişdir.
|
NYUVİKON (newvicon) – Xassələrinə görə Kadmikona yaxın olan Cd və Zn birləşməsi əsasında hədəfli vidikon. Kadmikonla müqayisədə N. spektrin göy sahəsində daha az həssasdır. Yaxın infraqırmızı (İQ) sahədə daha həssasdır. Sənaye TV-si və rəngli TV-nin məişət kameraları qurğularında geniş tətbiq edilir.
|
O
|
OBRAZ (image) – Gerçəkliyin bədii əksi. Ümumi ideyanın konkret, fərdi surətlər vasitəsilə açıqlanması. Bədii obrazların yaradılması, predmetin və ya hadisənin ən vacib və xarakterik cəhətlərinin seçilməsi və əks olunması ilə bağlıdır. O. həm ağıla, həm də hisslərə təsir edir. Reklam O.-ı – reklam edilən şirkətin, malın hər hansı bir işarə (əşya, predmet və s.) vasitəsilə təsvir edilməsidir. Uğurlu reklam O.-ı firmanın və ya malın vizual cəhətdən yaddaqalan olmasına kömək edir.
|
OBSKUR KAMERASI (obscur(ing) camera) – Divarlarının birində kiçik gözlüyü olan qapalı qutu.
|
OBTYURASİYA TEZLİYİ (obturation frequence) – Obtyuratorla bir saniyədə işıq axını örtülmələrinin sayı.
|
OBTYURATOR (obturator/ shutter) – Kinolent kadr pəncərəsi qarşısından keçərkən, işığın qarşısını vaxtaşırı (kadrların dəyişməsi anlarında) almaq üçün (ekranı kənar işıqların düşməsindən mühafizə edir) açılıb-bağlanan mexanizm. Digər optik-mexaniki və fotoelektrik cihazlarda da (məs., işığın modulyasiyası üçün) O. olur. O. kinoçəkiliş aparatının film kanalı ilə obyektivi arasında yerləşir. Diskli və pərdəli O.-lardan istifadə olunur.
|
OBYEKT (object) – 1) İnsan şüurundan asılı olmayaraq müstəqil mövcud olan maddi aləm, əşya, maddi varlıq; 2) KİV-in konkret hadisə ilə bağlı fəaliyyətinin, diqqətinin, marağının yönəldiyi məkan, hadisə, hədəf, mövzu; 3) Hər hansı bir məkanda konkret fəaliyyət sahəsi ilə məşğul olan müəssisə, təşkilat, idarə və s.
|
OBYEKTİN NORMAL BUCAĞI (object normal angle/camera coverage) – Təbii dərinlikdə, məsafədə və nisbətdə görüntü almağa imkan verən bucaq. Bu görüntü bucağı 20 dərəcə ilə 28 dərəcə arasında olur. Obyektin görüntü bucağını (görüm sahəsini) dəyişərkən fokus məsafəsi də dəyişdiyindən maraqlı təsvirlər almaq olur.
|
OBYEKTİN, YAXUD TƏSVİRİN KONTRASTI (object/image contrast) – Obyektin ən işıqlı sahəsinin parlaqlığının onun ən tünd sahəsinin parlaqlığına olan nisbəti. Əgər təsvir hər yerdə qaranlıqdırsa, kontrastlıq sıfra bərabərdir.
|
OBYEKTİV (object lens/objective) – 1) Həssas təbəqədə çəkilən əşyanın həqiqi təsvirini yaradan, ümumi sağanağa salınmış bir və ya bir neçə linza (bəzən isə həm də güzgü) şəklində optik sistem. O.-in bütün hissələrinin optik oxları ümumi optik oxun üzərində olur; 2) Optik cihazın qabaq şüşəsi və ya şüşələri; 3) Qərəzsiz, bitərəf.
|
OBYEKTİVİN AÇIQ QALMA MÜDDƏTİ (exposure time/diaphragm open time) – Kinoçəkiliş aparatının kadr çərçivəsində kinolentin təsvir əmələ gətirən işığın təsirinə məruz qalma vaxtı. O.a.q.m. kinoçəkiliş aparatının ekspozisiyasının böyüklüyü obtyuratorun açıqlıq bucağı və çəkiliş tezliyi ilə müəyyən edilir.
|
OBYEKTİVİN ARXA KƏSİYİ (objective opening/aperture) – Obyektivin sonuncu linzasının arxa səthinin zirvəsindən arxa baş fokusa qədər olan məsafə. Obyektivlərin əksəriyyətində arxa kəsik əsas fokus məsafəsindən qısa olur və buna görə də qısa arxa kəsikli obyektivi kinoçəkiliş aparatlarında işlətmək çətinləşir. Belə ki, aparatın arxa kəsik hüdudlarında obtyurator yerlərdən istifadə zərurəti də bundan yaranıb. Həmin xüsusi obyektivlərdə arxa kəsik əsas fokus məsafəsindən qısa yox, uzun olur, yaxud heç olmasa, eyni ölçüdə olur. Arxa kəsik həm də arxa zirvə fokus məsafəsi də adlanır. Sxemlərdə arxa kəsik də zirvə fokus məsafəsi kimi "S" ilə işarə olunur. Çəkiliş obyektivlərində ön kəsik, yaxud ön zirvə fokus məsafəsi, yəni obyektivin birinci linzasının ön səthinin zirvəsindən ön əsas fokusadək olan məsafə çox nadir hallarda göstərilir. Teleobyektivlərin çox qısa arxa kəsiyi olur. Teleobyektivin fokus məsafəsi, adətən, eyni format üçün nəzərdə tutulan normal obyektivin fokus məsafəsindən dəfələrlə böyük olur. Arxa kəsiyi əsas işçi kəsiklə qarışdırmaq olmaz. İşçi kəsik dedikdə obyektivin əsas fokus müstəvisindən obyektivin kameradakı vəziyyətini müəyyənləşdirən sağanağın dayaq səthinədək olan məsafə başa düşülür.
|
OBYEKTİVİN DİAFRAQMASI (opening/objective diaphragm) – Optik sistemdə: kinokamerada, telekamerada, fotoobyektivdə işıq şüalarının məhdudlaşdırılması və ya dəyişdirilməsi üçün xüsusi qurğu. Akustikada – mikrofonun bir hissəsini təşkil edir və səs dalğalarını şüalandırır, yaxud qəbul edir.
|
OBYEKTİVİN FOKUS MƏSAFƏSİ (object focal length) – Kamera obyektivinin əhatə etdiyi görüm sahəsi (görüm bucağı). Bu görmə sahəsi fokus məsafəsindən asılı olaraq dəyişir. «Zum» tipli obyektiv (transfokator) öz dipazonu daxilində istənilən fokus məsafəsində qoyula bilər. 6:1 nisbəti alınırsa, deməli, obyektin ən geniş görüntü bucağı altı dəfə azaldıla bilər (yəni ən qısa fokus məsafəsi ən uzun fokus məsafəsindən altı dəfə azdır). Tipik nisbətlər 6:1, 8:1-dəkdir. Ancaq 4:1 və daha böyük nisbətlərə də rast gəlinir. Bəzi böyük transfokatorların əlavə taxmaları da olur. Bu, fokus məsafəsini daha da artırmağa imkan yaradır. O.f.m.-ni artırmağa imkan verən bu üsullardan hər birinin öz çatışmazlığı var. Ancaq hər halda, bu üsullar kameranın imkanlarının diapazonunu xeyli genişləndirir.
|
OBYEKTİV İNFORMASİYA (hard news) – Videokadrlarla təsdiq edilən, yaxud müntəzəm xəbər proqramları üçün mövzuya çevrilən, şərhə ehtiyacı olmayan qərəzsiz informasiyalar.
|
OBYEKTİVİN KORREKSİYASI (object correction) – Aberrasiyaların aradan qaldırılması, yaxud azaldılması yolu ilə obyektivin qüsurlarının düzəldilməsi. Təklinzalı obyektivin düzəlişinə linzanın daha münasib formasının və diafraqma müstəvisinin daha sərfəli vəziyyətinin seçilməsi yolu ilə nail olunur. Mürəkkəb obyektivlər üçün korreksiya müxtəlif növ şüşələrin və eyni zamanda ayrı-ayrı linzaların müxtəlif formalarının seçilməsi vasitəsilə aparılır.
|
OBYEKTİVLİK (objectiveness) – Şüurdan asılı olmayaraq bir şeyin müstəqil bir obyekt kimi mövcudluğu; hadisə və fakta qiymət verərkən bitərəf, qərəzsiz olmaq.
|
OFLAYN (off-line) – 1) Ayrıca, müstəqil rejim. Proqram materialının aşağı keyfiyyətli nüsxələrindən istifadə etməklə ilkin videomontaj; 2) Çox vaxt qeyri-xətti olan montaj sistemi. Bu cür sistemlərdə montaj vərəqələrinin yaradılması üçün aşağı keyfiyyətli videotəsvirlərdən istifadə edilir; 3) Əlavə, köməkçi.
|
OFSET ANTENASI (offset-antenna) – Peyk TV-si antenasının bir növü. Bu antenalar ötürücü reflektorun mərkəzində deyil, bucaq altında yerləşir. Konstruksiyanın üstünlüyü reflektorun ölçülərinin xeyli kiçik olmasındadır.
|
OKULYAR (ocular/eye piece) – Müşahidəçinin gözünə yönəlmiş mürəkkəb optik cihazın bir hissəsi. Məsələn, görüntü borusunun, mikroskopun, yaxud kinoçəkiliş aparatının videoaxtarıcısının okulyarı.
O. obyektivin əmələ gətirdiyi təsvirin baxıldığı lupa rolunu oynayır.
|
ON-LAYN (on-line) – Telekompüter əlaqələrinin operativ interaktiv rejiminin adı. On-line (hərfi mənada: xətdə) sözü birbaşa, montaj, fasiləsiz yeniləşdirilən məlumat bazası, cari informasiya təqdimatı xidməti, İnternetdə ixtisaslaşdırılmış informasiya ehtiyatları qovşağı – "şəbəkə ofisi" bildirən müxtəlif terminlərin tərkibinə daxildir.
|
ON-LAYN REJİMİ (on-line) – Real vaxt miqyasında informasiyanın daxil olması tempində iş; əsl proqram metarialından istifadə etməklə videomontaj; İnternetdə və s. real vaxt rejimində informasiya mübadiləsi.
|
OPERATİV (operative) – 1) Hadisənin baş verdiyi anda tez, cəld işıqlandırılması; 2) Bir işi bilavasitə, əməli surətdə həyata keçirən, görən; işin gedişini qaydaya salan, düzgün istiqamətə yönəldən.
|
OPERATOR (operator/cameraman) – Kinoçəkən, kinooperator, filmi kinolentə (videoya) çəkən şəxs.
|
OPERATOR SƏNƏTİ (operation) – Kino və TV sənətinin yaradıcılıq sahəsi; rejissor və rəssamla birlikdə kino çəkilişi metodları vasitəsilə kinofilm və TV filminin bədii təsvir formalarının yaradılması. Əsərin ideyası və məzmunu, kinodramaturq və rejissor niyyəti görmə obrazları vasitəsilə açılır. Kadrda əşyalar və onların detalları, hadisələr və ayrı-ayrı elementlər, jest, mimika, müxtəlif hərəkətlər, onların tempi və sürəti, optik «yekəltmə»lər və s. qeyri-adi plastik formalarda təsvir oluna bilər. Filmdəki hadisələr və epizodlar öz-özlüyündə təsvir-montaj kompozisiyası təşkil edir. Kinokadrların təsirliliyi və təbiiliyi üçün hərəkət edən kamera, xüsusi rakurslar, işıqlandırma, kinoperspektiv effektləri, variooptika (transfokatorlar) tətbiq olunur. O.s.-nin əsasını kino çəkilişi obyektinin (aktyor mizanları, memarlıq formaları, dekorasiya, interyer) düzgün işıqlandırılması təşkil edir. Kino kamerası ekranda materialın rəngi və fakturasını, fiqurların həcm və formalarını hərəkətdə canlandırdığından ağ-qara filmlərdə, eləcə də rəngli filmlərdə müxtəlif işıqlandırma dərəcəsindən istifadə olunur. O.s.-ndə kadrın kompozisiyası mühüm rol oynayır.
|
OPERATOR KRANI (crane-type dolly) – Kino və TV çəkilişi zamanı obyekti daha geniş və əhatəli göstərmək üçün operatorun istifadə etdiyi xüsusi qurğu. O.k. klip və reklam çəkilişlərində daha geniş istifadə olunur.
|
OPERATORLAR QRUPU (operator board) – TV-də filmlərin, yaxud müxtəlif verilişlərin çəkilişi prosesində iştirak edən operatorlardan, onların assistentlərindən, köməkçilərindən ibarət qrup.
|
OPTİK DİSK (optical disk) – Lazer şüasının köməyi ilə informasiyanın yazılışı və hesablanması üçün vasitə. Səsin və təsvirin dəqiq, qənaətlə yazılışı cəhətdən fərqlənir. Rəssamlıq, ədəbiyyat, musiqi əsərlərinin nüsxələşdirilməsi, yəni dünya mədəniyyətinin dəyərlərini yığcam şəkildə qoruyan etibarlı yaddaş – muzeylər, kitabxanalar, arxivlər və s. kimi istifadə oluna bilər.
|
OPTİK POZMA (optical erasure) – Optik kütlənin siqnaloqrama, yaxud onun məhdud sahəsinə təsiri vasitəsilə informasiyanın pozulması.
|
OPTİK PROYEKSİYA (back projection) – Təsvirin arxadan ağ pərdəyə verilərək seyr edilməsi.
|
OPTİK VİDEODİSK (optical disk jukebox) – Lazer hesablaması olan videodisk; lazer diski.
|
OPTİK YAZI (optical recording) – Səs siqnalının fotolentə, yaxud kinolentə yazılması üsulu. Səsin fotolentə yazılması üçün eni, yaxud optik sıxlığı dəyişən xüsusi yazı cığırı ayrılır. Yazılış zamanı lentin işığahəssas təbəqəsinə yazılan siqnallarla modullaşdırılan işıq şüası təsir göstərir. Burada siqnaloqramm mürəkkəb fotokimyəvi əməliyyatdan sonra əmələ gəlir.
|
OPTİMASKOP (optimascope) – Optik təsvirin ekrana verilməsi üçün tətbiq olunan elektron-şüa borusu.
|
ORANJİMAN (orangireman) – Müəyyən musiqi əsərinin redaktə olunması, əlavə və düzəlişlər edilməsi.
|
ORFOEPİYA (orthoepic) – Dilçiliyin düzgün ədəbi tələffüzü öyrənməklə məşğul olan şöbəsi; düzgün tələffüz qaydaları məcmusu.
|
ORİJİNAL (original) – 1) Hər hansı yazının, video və kino materialının əsli; məqalənin, əsərin orijinalı, əsli (surət qarşılığı); 2) Səsli, yaxud videoproqramın lentə köçürülmüş son variantı; 3) Əsas qurğu. Məs., yönəldici videomaqnitofon, yaxud takt siqnallarını göndərən və formalaşdıran qurğu.
|
ORTA DALĞA (medium wave) – Xüsusi uzunluğu (102-103m) və tezliyi (3 Mhs – 300 Khs) olan radio dalğa.
|
ORTA PLAN (medium close-up) – İri planla ümumi planın arası; televizor ekranında bir, yaxud bir qrup şəxsin bütöv və yaxud dizdən yuxarı təsviri.
|
OSİLLOQRAF (oscillograph/oscilloscope) – Elektrik rəqslərini yazmaq, yaxud müşahidə etmək üçün optik və ya elektron qurğu.
|
Ö
|
ÖTÜRÜCÜ STANSİYA (transmitting station) – Mərkəzi məntəqədən səs və ya təsvir siqnallarını qəbul edib nizamlayan (yenidən işləyərək, yaxud gücləndirərək) və bu siqnalları daha uzaq məntəqəyə, yaxud abonentin televizoruna (radiosuna) ötürən aralıq stansiya.
|
ÖTÜRÜCÜ TELEVİZİYA KAMERASI (transmissive TV camera) – Obyektdəki işıqlı, kölgəli hissələrin paylanmasına dair informasiyanı videosiqnala çevirmək üçün qurğu. Veriliş üçün Ö.t.k. (arabacıq üzərində quraşdırılan studiya Ö.t.k., reportaj üçün, kinoproyeksiya üçün Ö.t.k. və s.) və sənaye TV-si üçün Ö.t.k. (sualtı TV üçün, kosmik tədqiqatlar üçün və s.) var. Qara-ağ TV verilişləri üçün Ö.t.k. obyektivdən, verici TV borusundan, ilkin videogücləndiricidən, açılış və elektrik təchizi dövrələrindən, çevirici və fokuslayıcı mexanizmlərdən, verilən təsvirə nəzarət üçün kineskopdan ibarətdir. Rəngli verilişlər üçün Ö.t.k-nda isə qırmızı, yaşıl və mavi rənglərə uyğun üç verici TV borusundan istifadə edilir.
|
ÖYRƏDİCİ PROQRAMLAR (cogmitive programs) – Qarşısına auditoriyanı maarifləndirmək, onu müəyyən biliklər sistemi ilə tanış etmək, tamaşaçılarda müəyyən zövq və dünyagörüşü formalaşdırmaq məqsədi qoymuş teleproqram. Ən klassik Ö.p. müxtəlif kütləvi formalardan istifadə etməklə tamaşaçılara ayrı-ayrı sahələrə (tarix, hüquq, coğrafiya, təbabət, dil öyrətmə, ətraf mühit, təbiət, mədəniyyət və s.) dair ardıcıl bilik verən proqram sayılır. Ö.p. teleradionun ilk illərindən tutmuş bu günədək bir çox yayım şirkətlərinin proqram siyasətində əsas yer tutur. ABŞ, Kanada, Yaponiya və s.
| Yaponiya (yaponcha 日本 Nippon, Nihon) - Sharqiy Osiyoda, Tinch okeandagi orollarda joylashgan davlat. Yaponiya hududida 6,8 mingga yaqin orol boʻlib, shim.sharqdan jan.gʻarbga qariyb 9.13ming km ga choʻzilgan; eng yirik orollari: Hokkaydo, Honshu, Sekoku va Kyushu. |
| Kanada poytaxti - Ottava shahri. BMT va NATO aʼzosi hamda AQSh bilan „Erkin iqtisodiy savdo aylanmasi toʻgʻrisida“gi shartnomasi tuzgan. Birlashgan qirollik dominioni. 1931-yilda suveren huquqi berilgan. |
kimi ölkələrdə auditoriyanın geniş bir hissəsini nəzərdə tutan və yalnız öyrədici proqramlar yayan ixtisaslaşmış telekanallar mövcuddur.
|
ÖZƏL TELEVİZİYA (private TV) – Əsas məqsədi müxtəlif mövzularda verilişlər hazırlayıb efirə verməklə auditoriya toplamaq və reklam cəlb etməklə pul qazanmaq olan qeyri-dövlət TV qurumu. Ö.t.-nı, bir qayda olaraq, hüquqi və ya fiziki şəxslər təsis edir. Bəzi ölkələrdə Ö.t. ictimai TV-nin də (məs., Böyük Britaniyada Ay-Ti-Vi kimi) funksiyasını yerinə yetirir. Ö.t.-da proqram siyasətini, yayım şəbəkəsinin əsas cizgilərini kadr, əmlak və maliyyələşmə məsələlərini təsisçi özü həll edir. Bax: K o m m e r s i y a T V-s i.
|
ÖZƏL TƏYİNATLI KİNOÇƏKİLİŞ APARATLARI (special purpose shot cameras) – Müxtəlif quraşdırılma, cizgi, sürətli və kiçik sürətli kadrların çəkilişlərində istifadə olunan aparatlar. Onların köməyi ilə hətta kineskop ekranının üzündən kinoçəkilişi aparmaq mümkündür.
|
ÖZƏL YAYIM (private broadcasting) – Bax: Ö z ə l T V.
|
P
|
PABLİK-RİLEYŞNZ (public relations) – Cəmiyyətlə, ictimaiyyətlə əlaqələrin yaradılması, ictimai informasiyanı idarəetmə sistemi; ictimai münasibətlər (vasitəli reklam). Müəyyən ərazidə veriliş, onun istehsalçısı haqda müsbət ictimai fikir yaratmaq məqsədi güdən tədbirlər kompleksi. P.-r.-in məqsədi nəzərdə tutulan auditoriyaya, korporativ maraqlara, ictimai rəyə təsir etmək, təşkilat haqqında müsbət imic yaratmaqdır.
|
PABLİSİTİ (publicity) – Hərfi mənada: populyarlaşdırma, məşhurlaşdırma, əhalinin diqqətini cəlb etməyə yönəlmiş tədbirlər. «Pablik rileyşnz» vasitəsi kimi KİV-də geniş istifadə olunur.
|
PAFOS (enthusiasm/inspiration) – 1) Hissli, ehtiraslı, həvəsli danışıq; teleradio mətninin ucadan, şövqlə, xüsusi intonasiya ilə oxunması. Adətən, bədii əsərlərin tamaşası zamanı aktyorlar tərəfindən tamaşaçıları riqqətə gətirmək üçün istifadə olunur; 2) Mətnin oxunuşunda, yaxud verilişdə süni olaraq yaradılan ab-hava, yalançı ahəng.
|
PAL (PAL – Phase Alternation Line) – Müasir dünyada üç TV sistemindən biri, faza dəyişmə sətri. Bu sistemdə 625 sətir və 50 Hs tezlik istifadə edilir. Almaniyada Telefunken firmasının tapdığı və Fransa istisna olmaqla bütün Avropa dövlətlərinə yayımlanan sistemdir. P. sistemi Azərbaycanda da tətbiq olunur.
|
PALİTRA (palette) – 1) Rəssamlıqda üzərində rəng qarışdırılan taxta parçası, yaxud metal, çini, saxsı lövhə; 2) Məcazi mənada: rejissorun, rəssamın, səs rejissorunun yaradıcılıq üslubuna xas olan bədii-vizual ifadə vasitələrinin məcmusu.
|
PAL-PLYUS (PAL ) – PAL sisteminin növlərindən biri, onun yüksək həssaslıqlı TV (YHT) ilə calaşdırılmış forması. İlk dəfə 1991-ci ildə nümayiş etdirilən bu yarımsistem mövcud tezlik kanalı hüdudunda TV təsvirini kadrın 16:9 nisbətinə uyğun olan formatda göstərilməsinə imkan verir.
|
PANİKA (panic/scare) – Adamları qəflətən bürüyən qorxu, vahimə hissi. İstehsalatda P. adətən, canlı verilişlər zamanı rejissor pultunda özünü göstərir.
|
PANORAM (panoram) – Kinoçəkiliş üsulu; məkan sənəti növlərindən biri. Kinoçəkiliş aparatının üfüqi, yaxud şaquli, ya da hər iki istiqamətə çevrilməsi ilə həyata keçirilir. P. vasitəsilə yaranan effekt müşahidəçinin başını və gözünü çevirməsinə, yaxud qaldırmasına uyğun olur. P. böyük məkanların ekranda göstərilməsi üçün geniş tətbiq olunur. P. tamaşaçıda real məkan illüziyası əmələ gətirdiyindən, ondan, əsasən geniş ərazini və çoxlu iştirakçını əhatə edən hadisələrin təsviri üçün istifadə olunur.
|
PANORAM ETMƏK (pan/panning/panograming) – Hər hansı obyekti, hərəkəti, predmeti, səhnəni obyektivin kadrına salmaq üçün kameranın üfüqi, bəzən şaquli hərəkəti.
|
PANORAMLI ÇƏKİLİŞ (panoraming) – Üfüqi, yaxud şaquli istiqamətdə böyük görüş dairəsi bucağı ilə fərqlənən xüsusi kinoçəkilişin növü. P.ç.-i (panorametmə) kameranın xüsusi panoram başlığında qurulduqda aparılır.
|
PANORAMLI KİNO (panorama film) – Kinofilmin çəkilməsi və böyükölçülü çökük ekranda nümayiş etdirilməsi üsulu; ekrandakı hadisələrə baxarkən tamaşaçıda həmin hadisələrin canlı «iştirakçısı» olması effekti yaranır. P.k.-da insanın ekranı ümumi görmə bucağı üfüqi müstəvidə 150-170º-yə, şaquli müstəvidə isə 55º-yə qədərdir. Beləliklə, ekranın sərhədləri insanın aydın görmə həddindən (üfüqi müstəvidə təqr. 40º-yə, şaquli müstəvidə 20º-yə qədər) xeyli kənarda olduğu üçün, ekrandakı təsvirlərin qavranma şəraiti insanın real görmə şəraitinə yaxın olur.
|
PANTOMİMİKA (pantomime/pantomimicry) – İnsan bədəninin ifadəli hərəkətləri. Mimika, jest, danışıq ahəngi ilə yanaşı, P. insanın psixi vəziyyətinin, onun hisslərinin ifadə vasitəsidir. Bax: İ f a d ə l i h ə r ə k ə t l ə r.
|
PAPARASSİ (paparazzo) – Bir çox ölkələrdə "kompramat" və məşhur adamların həyatından sensasiyalı, qalmaqallı məlumatlar axtarıb tapan fotojurnalist. P.-ləri qalmaqallı, qeyri-adi görüntülər ovuna çıxmış bəd niyyətli peşə sahibləri adlandırmaq olar. Onlar çəkdikləri fotoların müqabilində qəzet, jurnal və TV-lərdən yaxşı pul alırlar.
|
PARABOLİK ANTENA (Parabolic antenna) – Dairəvi "boşqab" şəklində olan antena; əksetdirici, peyklərə siqnal göndərmək, ya da peyklərdən siqnal almaq üçün istifadə edilən antena. P.a. TV yayımını qəbul etmək üçün tətbiq olunur. Alüminium və ya fiberqlastdan düzəldilir. Yüngüllüyü və əksetdirmə xüsusiyyəti, dözümlülüyü, istiyə və soyuğa davamlılığı kimi xüsusiyyətlərinə görə alüminium antena daha əlverişlidir. P.a.-nın diametri peyk yayımının uzaqlığına və yerləşmə bucağına görə dəyişir.
|
PARADİQMA (paradigm) – Burada: Kadrların, ifadə vasitələrinin, sözlərin hallanması və ya dəyişməsi formalarını göstərən cədvəl.
|
PARADOKS (paradox) – Sağlam mühakiməyə zidd olan, çoxluğun qəbul etmədiyi, auditoriyada kəskin (mənfi) reaksiya doğuran, ümum tərəfindən qəbul olunan ənənəvi rəylərə kəskin ziddiyyət təşkil edən fikrin ifadə olunması üçün işlənən bədii üsul. P.-da əks olunmuş fikrin gözlənilməzliyi və qəribəliyi təəccüb doğurur. P.-a fikrin müxtəsərliyi, aydınlığı, qəsdən nəzərə çarpdırılan kəskinliyi xasdır.
|
PARAFRAZ (paraphrase) – 1) Bir ifadənin və ya sözün mənasını başqa ifadə ilə təsvir etmə; 2) Başqa musiqi əsərlərindən alınmış mövzuya əsasən yazılmış musiqi fantaziyası.
|
PARALELİZM (parallelism/concurrency) – 1) Oxşarlıq, təkrar (eyni işin iki şəxs və ya idarə tərəfindən görülməsi); 2) İki və ya daha çox prosesin (proqramın) paralel yerinə yetirilməsi. Videosiqnalların rəqəmli işlənməsi zamanı videoeffektlərin aparatla gerçəkləşdirilməsi parametrlərinin sayı xeyli genişlənib. Bunların əksəriyyətinin formalaşması real vaxt miqyasında saniyədə milyard əməliyyatdan çox yüksək sürətli iş tələb edir.
|
PARALEL MONTAJ (parallel editing) – Ekranda hadisələrin əvəzlənmə üsulu ilə göstərilməsi. P.m.-da hadisələrin xronoloji qaydası tez-tez pozulur. Olayların başlıca açıqlanma xəttinə münasibətdə montajçı geriyə (flashback), yaxud irəliyə keçid effekti (flashforward) yaratmaqla, keçmiş və gələcək zamanları göstərən planları da növbələşdirə bilər.
|
PARALEL VERİLİŞ ÜÇÜN KABEL (rarallel cable) – Məhdud fiziki uzunluğu təxminən 30 metrədək olan çoxnaqilli informasiya ötürücüsü kabeli.
|
PARALİNQVİSTİKA (paralinguistics) – Səsli nitq ünsiyyətini müşayiət edən və informasiya vermə prosesində rolu olan bir sıra amilləri (jestlər, mimika, nitq situasiyası və s.) öyrənən, sözsüz kommunikasiya üsullarını tədqiq edən dilçilik sahəsi.
|
PARAMETR (parameter) – Prosesin, hadisənin, sistemin və texniki qurğunun hər hansı bir xassəsini xarakterizə edən kəmiyyət. Elektrik P.-lərindən cərəyan şiddəti, gərginlik, elektrik müqaviməti, induktivlik və elektrik tutumu daha xarakterikdir.
|
PARÇALANMIŞ TƏSVİR (break-up picture)
|
PARLAQLIQ (brightness/luminance) – İşıq gücünün müstəvi üzərində müşahidə istiqamətinə perpendikulyar olan işıqlanan səthi görüntüsünə nisbəti. İnsanın görmə qabiliyyəti bilavasitə işıq mənbəyinə reaksiya verdiyinə görə P. onun ən mühüm xüsusiyyətidir. P.-ın ölçü vahidi kvadrat metr kandeladır (kd/m2).
|
PARLAQLIQ PARAMETRLƏRİ (brightness parameters) – TV təsvirlərinin P.p. parlaqlıqla və parlaqlığın fərqli hüdudları ilə müəyyənləşir. Ekranın parlaqlığı müşahidə şəraitindən, görmə xassələrindən və qəbul edilən təsvirin məzmunundan asılı olur.
|
PARLAQLIQ SİQNALI (brightness impulse/signal) – Təsvirin verilən elementlərinin parlaqlığına mütənasib olan gərginliyin, yaxud cərəyanın dolayı elektrik impulsları. Gücləndirmə və formalaşdırma qurğularında P.s.-na söndürmə və sinxronlaşdırma siqnalları da əlavə edilir.
|
PARODİYA (parody) – Ədəbiyyat, teatr, musiqi, estrada janrlarından biri; kinayəli nəzirə, təqlid, bənzətmə. P.-da hər hansı bir əsərin ideya-bədii xüsusiyyətləri (mövzusu, məzmunu, qəhrəmanları, dili, üslubu və s.) müəyyən ideya-estetik mövqedən məsxərəyə qoyulur.
|
PARTİZAN TELEVİZİYASI (querilla television) – Şəbəkə və kabel TV-lərinə münasibətdə alternativ statuslu və videokasetlə işləyən stansiyanın məcazi adı. Bəzi mütəxəssislərin fikrincə, P.t. genişyayımlı telesistemlərin mərkəzdən səpələnməsinə və məişət videosuna keçməyə kömək edir.
|
PASSİV MİKŞER (passive mixer) – Səs siqnalının gücünü artırmadan, bir neçə ayrı-ayrı giriş siqnalını sadəcə bir çıxış siqnalında birləşdirən mikşer. Bax: S ə s m i k ş e r i.
|
PATEFON (turntable) – İynə vasitəsilə val yivlərindəki səsləri oxuyan cihaz. İynə maqnetik və ya seramik ola bilər. İynə val üzərinə 1,5 qramlıq təzyiqlə oturdulur. İynəyə söykənən bir armatur müxtəlif titrəmələrlə bir maqnetik sahə meydana gətirərək səs axınının bobinlərdən rahat keçməsini təmin edir.
|
PATETİKA (pathetikness) – Burada: Estetik kateqoriya kimi müəyyən yaradıcılıq kanalları çərçivəsində hər hansı verilişə xas olan hissi, emosional ab-havanı, ən ümumi emosional cəhətləri əks etdirir. Hər proqramın öz P.-sı olur. Məs., "Yeni il verilişi"nin P.-sı adi veriliş P.-sından fərqlənir.
|
PAUZA (pause) – 1) Audio və video cihazlarda qısa müddət üçün lenti saxlama düyməsi. Lentə zərər verməmək üçün müəyyən vaxtdan sonra maqnitofon özü avtomatik olaraq "playback" vəziyyətinə keçir; 2) Mətnin oxunuşu (yaxud danışıq) zamanı ani və məqsədli dayanış, intonasiya ünsürü; 3) Musiqi əsərinin bir, bir neçə, yaxud bütün hissələrində fasilə, eləcə də not yazısında bu fasiləni göstərən işarə.
|
PAVİLYON (pavilion/film studio) – Verilişlərin, filmlərin, o cümlədən klip və reklamların çəkilişi üçün xüsusi hazırlanmış yer; meydança, çadır, alaçıq. TV tamaşasında evin, otağın içini təsvir edən dekorasiya; çəkilişin aparıldığı qapalı məkan.
|
PAVİLYON ÇƏKİLİŞİ (studio pick-up) – Çəkilişlərin pavilyonda aparılması. Naturadan fərqli olaraq P.ç. işıqlandırma, dekorasiya və akustika üçün müvafiq hazırlıqdan sonra aparılır.
|
PAYLOT-FİLM (pilot-film) – Telepanorama, verilişdən ayrı-ayrı parçaların nümayişi əsasında hazırlanmış film-icmal; təklif olunan filmin süjeti və personajları haqqında təsəvvür yaradan teleanons, reklam çarxı.
|
PERSONAJ (personage/character) – Ədəbi əsərlərin (roman, povest, hekayə), TV və radiotamaşaların, ssenari (kinofilm) və s. əsərlərin iştirakçısı. P. termini, adətən, əsərin ikinci dərəcəli surətlərinə aid edilir.
|
PERSONİFİKASİYA (personification) – 1) Hər hansı verilişin mənəvi keyfiyyətləri ilə cəmiyyətdə nüfuz qazanmış parlaq şəxsiyyət üzərində qurulması; xalq arasında nüfuz qazanmış adamların teleaaparıcılığa cəlb olunması; 2) Əşyalara, heyvanlara, təbiət hadisələrinə insan xüsusiyyətləri vermək, canlandırmaq; mücərrəd anlayışın insan obrazı şəklində təqdim olunması.
|
PERSPEKTİV (view/perspective) – 1) Təsviri sənət əsərlərində məsafədən görünüş; əşyaların müəyyən məkan münasibətlərində gözə təbii şəkildə görünməsinin təsviri. Predmetlərin müşahidəçinin gözlərinə təbii halda görünə biləcək məkan nisbətlərində təsviri, yəni, uzaqlaşdıqca əşyaların rənginin, həcminin, gözə gəlimliyinin nəzərə alınıb təsvir olunmasıdır; 2) Nəyi isə tam müşahidə etmək, onun iç üzünü görmək, diqqətlə nəzərdən keçirmək; ekranda obyekti ifadəli əks etməyin üsullarından biri. Həcmli cisimlərin fəza quruluşunu və onların ayrı-ayrı hissələrinin müşahidə nöqtəsindən uzaqlığını nəzərə almaqla müstəvi, yaxud hər hansı səth üzərində təsviri sistemi. Müşahidəçi ilə əşya arasındakı məsafədən asılı olaraq əşyanın görünən ümumi şəkli, forması və rəngi olduğu kimi deyil, dəyişilmiş şəkildə qavranılır. Rəssam insanın görmə qavrayışına əsaslanan bu keyfiyyətdən P. qanunların köməyi ilə istifadə edir. Müəyyən məsafədən əşyanın rənginin və görünüşünün dəyişilməsi hava P.-i ilə əlaqədardır. Müşahidəçi ilə əşya arasında qatı hava təbəqəsi onun əsl rənginə təsir göstərir və uzaqdakı əşya yüngül, mavi tüstü ilə örtülmüş kimi görünür. Buna görə də eyni rəngli əşyalar onların yaxında, yaxud uzaqda yerləşməsindən asılı olaraq müxtəlif rəng çalarlarında təsvir edilir.
Kinokamera və telekamera real üçölçülü aləmi ikiölçülü müstəvidə aşkarladığına görə, müstəvi üzərində istənilən məkan quruluşunun əsasında duran P. qanunları qüvvəyə minir. Alimlərin sübut etdiyi kimi, müstəvi üzərində real aləmin nəzərdən keçirilməsi ikili şəkildə – birbaşa və əks perspektiv nəzər bucağı altında ola bilər. Birbaşa P.-in güzgüdən və «güzgü» inikasının birbaşa P.-dən asılılığı şübhəsizdir. Müstəvi üzərində birbaşa P. şeylərə güzgü kimi onların özlərindən uzaqda relyeflik verməyə qabildir. Birbaşa P. hansı dərəcədəsə güzgü effektinə bənzərdir, fiziki gerçəkliyin üçölçülükdəki və relyeflikdəki eyni inikas illüziyası oyadır. Perseptiv perspektivdə – vahid bölünməz məkanın təbii əlaqələri pozulur. Bu təzahür belə bir vəziyyətlə asanlıqla izah olunur: yaxın predmetə təmas onu sanki ətraf mühitdən qoparıb ayırır, o bütün mümkün əlaqələri ilə birlikdə vahid nəzər dairəsindən kənarda qalır, bir növ baxımsız, özbaşına vəziyyətə düşür. Predmeti yaxından nəzərdən keçirmək, ona lap yaxınlaşmaq bir baxışla bütün ətrafı əhatə etməyə imkan yaratmır.
|
PEŞƏKAR (professional) – Öz işinin mahir bilicisi; topladığı zəngin təcrübə sayəsində öz peşəsini, vəzifəsini məharətlə yerinə yetirən ustad sənətkar (ssenarist, rejissor, jurnalist, redaktor, operator və s.). EE-ə zəif verilişlərin çıxması məhz peşəkarlığın aşağı olması ilə izah edilir.
|
PEYK TELEVİZİYASI (sattelite TV) – TV siqnalının Yerin süni peyki vasitəsilə ötürülməsi və qəbul olunması sistemi.
|
PEYK TELEVİZİYA YAYIMI (satellite television broadcasting) – TV proqramlarının peyk vasitəsilə yayımlanması. Üç fərqli şəkildə yayımlanır: 1) CATV – peykdən gələn siqnal böyük çanaq antenası tərəfindən alınaraq kabel ilə evlərə ötürülür; 2) SMATV – iri peyk antenası ilə bir binanın mənzillərinə və ya bir neçə evli məhəlləyə paylanır; 3) DBS – peyk yayımı evlərdəki müstəqil parabolik antenalar vasitəsilə alınır.
|
PEYK VASİTƏSİLƏ TELEYAYIM (direct broadcasting satellite – DBS) – Bilavasitə (birbaşa) TV yayımının peyk sistemləri.
|
PEYK YAYIMI (broadcasting sattelite service ) – Ötürücü yer stansiyalarından yerin süni peykində (YSP) qurulmuş fəal retranslyator vasitəsilə TV və səsli proqramların qəbuledicilərə verilməsi. P.y. eyni zamanda xeyli sayda yer stansiyalarının qəbul etdiyi müəyyən səviyyəli birtərəfli xəbərlərin verilişi üçün nəzərdə tutulan peyk rabitəsinin müstəsna halıdır.
|
PEYK YAYIMI QƏBULEDİCİSİ (receiver) – Yerdəki qəbuledici sistemin peykdən gələn siqnalları qəbul edərək işləyən qurğu. Bu prosesdə qəbuledici qurğu TV-yə bağlanır və fərqli tezlikləri ayıraraq təsvirlərin asanlıqla baxıla bilməsini təmin edir. Mikrodalğa başlıqdan gələn siqnalları işləyən, peyk kanallarını seçən, səs və təsviri TV alıcısına göndərən cihazdır. Üzərindəki kanal (channel knob) düyməsi ilə istənilən peyk kanalı seçilir. Təsvir alınarkən səs eşidilmirsə, səs düyməsini (audio knob) səs eşidilənə qədər basılmış vəziyyətdə saxlamaq lazımdır.
|
PEYZAJ (view/landscape) – Təbiət təsviri, mənzərəli görüntü. Rəssamlıqda müəyyən ərazilərin (dəniz, dağ, meşə, çay plantasiyası, üzüm tarlası, taxıl zəmisi və s.) rəsminin çəkilməsi; TV-də proqramlararası fasilələrdə müxtəlif təbiət mənzərələrindən ibarət olan keçid süjetləri. P. kinofilmlərdə geniş yer tutur, təsvirin zənginliyi və rəngarəngliyi ilə diqqəti cəlb edir.
|
PİKSEL (pixel) – Ekranda təsvir edilən minimal element (nöqtə). Adətən, monitorların ekranlarının ölçüsü 14, 15, 17, 19 dyüm olur (1 dyüm, 2.54 sm-ə bərabərdir). Ekranda təsvir olunan nöqtənin keyfiyyətinə, həm monitorun parametri, həm də videoadapterin keyfiyyəti təsir göstərir.
|
PİK-TAYM (pick-time) – Radio və TV reklamını nümayiş etdirməyin ən münasib vaxtı. Bu zaman TV və radio proqramlarına auditoriyanın ən çox hissəsi baxır.
|
PİLOT (pilot) – Sınaq çəkilişi, proqram, verilişin epizodu, nüsxə, auditoriyanın mümkün reaksiyasını öyrənmək və bunun üçün xüsusi qrantlar təqdim edən reklamverici – sponsorların diqqətini cəlb etmək üçün filmin, yaxud serialın nümayişi.
|
PİROTEXNİKA (pyrotechnics ) – Odlu (işıqlandırıcı) tərkiblərin və belə tərkiblərlə təchiz edilmiş məmulatların istehsalı və tətbiqi. Kino çəkilişində effekt yaratmaq üçün işıqlandırıcı pirotexniki tərkiblər (PT), fotoqarışıqlar, işıqlı iz buraxan və siqnal vermək məqsədi ilə buraxılan yandırıcı, həmçinin tüstü əmələ gətirən maddələrdə istifadə olunur. P.-dan mərmi partlayışını, güllə atılmasını və s. imitasiya etmək üçün istifadə olunur. Çəkilişdə bu işlə məşğul olana pirotexnik deyilir.
|
PİROVİDİKON (pyrovidicon) – İstilik görüntü sistemində TV dəyişdiricisinin bir növü. Optik-elektron cihazqayırmanın inkişafının mühüm istiqamətlərindən biri də istilik görüntüsüdür. Bu növ görüntü sistemlərinin yaradılması istilik enerjisinin xeyli hissəsinin cəmləşdiyi 8-12 mkm sahədə spektral həssas fotodəyişdiricilərinin tətbiqini və temperatur dəyişmələrinin 0,1 S-dən aşağı salınmasını tələb edir. Həmin tələbə məhz P. cavab verir. P.-un böyük istismar üstünlüyü məcburi soyudulma tələb etməsindədir.
|
PİTÇ (pitch) – Texnikada bu söz pərçim tikişi, kəsik, sarğı, yaxud modul addımı mənasında işlədilir. R və TV texnikasında – siqnalların yazılış sətirləri, yaxud tonun yüksəkliyini bildirən addım. P. sözü bu məna ilə bir çox terminlərin tərkibinə daxil olur.
|
PLAGİAT (plagiarism) – Başqa kanaldakı veriliş formasını olduğu kimi mənimsəmək; özgəsinin elmi, ədəbi, musiqi və ya bədii əsərini, yaxud ixtirasını, səmərələşdirici təklifini öz adı ilə təqdim etmə, nəşr etdirmə və ya özgəsinin müəllifliyini qəsdən gizlətməklə mənimsəmə.
|
PLAKAT (placard/poster) – Elan, afişa; qrafikanın geniş yayılmış növlərindən biri. P., reklam, məlumat, yaxud tədris vəsaiti məqsədi ilə yaradılır. İctimai yerlərdə, izdihamlı küçələrdə asılır. Mətn ilə təsvir arasındakı üzvi vəhdət P.-ın mühüm şərtidir. TV-də P. – hər hansı verilişin açıq-aşkar təşviqat, yaxud reklam-təbliğat xarakteri daşıması, mətn ilə təsvir arasında üzvi vəhdətin pozulması, çıxışda məqsəd və ideyanın birbaşa və səriştəsiz şəkildə açıqlanmasıdır.
|
PLAKAT FİLMİ (placard film) – Təşviqat məqsədi ilə çəkilmiş, tematik, yüksək pafoslu film. Bu filmlərdən daha çox əyani təşviqat və təbliğat vasitəsi kimi istifadə olunur.
|
PLAN (plan/map) – Kinematoqrafiya və TV kadrında obyektin fəzada yerləşməsi və təsvir miqyası. Obyektin tutduğu vəziyyətə görə birinci, ikinci və uzaq P.-lar, miqyasa görə isə iri, orta və ümumi P.-lar olur. P.-ların dəyişilməsi səhnə və epizodların təsvir-montaj kompozisiyalarının qurulması üçün əsas formadır.
|
PLANIN DƏRİNLİYİ (focal length) – Əşyanı fokusda göstərməyin mümkün olduğu zona. P.d.: a) obyektin kökləndiyi fokus məsafəsindən; b) obyektivin özünün fokus diapazonundan (yaxud trasfokatorun – «zum»un vəziyyətindən); və v) obyektivin diafraqmasının (f) nisbi gözlüyündən asılı olaraq dəyişir.
|
PLANLARIN YAPIŞDIRILMASI (stick-slip plan) – Çəkilmiş təsvirlərin montaj zamanı bir-birini ani olaraq əvəz etməsi. Yapışdırma gözqırpma effektini xatırladır; yapışdırılan planların arasında nə boşluq qalır, nə də yapışdırma xətti. Prodüserin sərəncamında videomikşer, yaxud adi montaj stolundan daha mürəkkəb olan digər avadanlıq varsa, montaj keçidlərini başqa vasitələrlə də gerçəkləşdirmək mümkündür.
|
PLASTİKA (plastic movements/effect) – Hərəkətin çeviklik, rəvanlıq, ifadəliliklə səciyyələnən gözəlliyi, hərəkət və jestin ahəngdarlığı; ekran əsərinin estetik çaları. Əsasən heykəltəraşlığa (həmçinin memarlıq, boyakarlıq və s.) xas olan həcm formalarının bədii ifadəliliyi; bədən ilə incə ritmik hərəkətlər göstərmə məharəti. P. incəsənətdə xoreoqrafiya və səhnə sənətinin digər formalarında əyani şəkildə təzahür edir.
|
PLASTİK SƏNƏT (plastic art) – İncəsənətin müxtəlif növlərinin ümumi xüsusiyyətlərini ifadə edən anlayış. P.s. əsərləri əyani xarakter daşıyır, maddi əşyaların üzərində işləməklə yaradılır, konkret məkan daxilində mövcud olub zaman ərzində dəyişmir və inkişaf etmir, yalnız görməklə qavranılır, P.s. təsviri və qeyri-təsviri sənətlərə ayrılır. Birinciyə boyakarlıq, heykəltəraşlıq, qrafika, foto sənəti, ikinciyə isə memarlıq, dekorativ-tətbiqi sənət, bədii konstruksiyalama daxildir.
|
PLASTİNKA (record/platter) – 1) Səs yazılmış patefon və ya qrammofon valı; 2) Fotoaparatla şəkil çəkmək üçün işığahəssas emulsiya ilə örtülmüş şüşə.
|
PLATA (board) – Kompüterdə qəbul edilmiş informasiyanın (o cümlədən təsvirin) işlənməsini təmin edən əsas hissə. Bax: A n a p l a t a.
|
PLEYER (player) – Yazılmış səsin (təsvirin) səsləndirilməsi, yaxud göstərilməsi üçün qurğu. Amma həmin söz idman və səhnədən tutmuş siyasətədək müxtəlif oyunların iştirakçılarını da bildirir. Marketinq və mətbuat bazarı sahələrində aparıcı rol oynayan mediabiznesin iri nümayəndələrini də "P."-lər, yaxud "meqapleyerlər" adlandırırlar.
|
POETİKA (poietics) – Ədəbi verilişlərdə poetik forma və prinsiplər sistemi.
|
POLEMİKA (polemics/dispute) – Hər hansı aktual mövzunun kollektiv müzakirəsi, yaxud aydınlaşdırılması zamanı əsaslandırılmış, arqumentlərə istinadən elmi mübahisə.
|
POLİFONİYA (polyphony) – İki və ya daha çox müstəqil melodik xətlərin (səslərin) ahəngdar birliyinə və inkişafına əsaslanan çoxsəslilik növü. P.-ya bəzən kontrapunkt da deyilir.
|
POP MUSİQİSİ (pop music) – Populyar sözünün qısaldılmış şəkli. XX əsr estrada musiqisinin janr və üslublarından birini əhatə edən sahə.
|
POPULYAR (popular) – 1) Sadə dildə yazılmış, məzmunun ifadə tərzi sadə olan; kütləvi; 2) Geniş kütlələrin rəğbətini qazanmış veriliş (aparıcı), əsər. Tamaşaçının rəğbətini qazanmaq, tanınma, məşhurluq.
|
POPURRİ (pot-pourri) – 1) Opera, operetta, balet motivlərindən, yaxud hər hansı bəstəkarın populyar melodiyalarından, xalq mahnılarından, rəqs, marş, kino musiqisi nömrələrindən ibarət instrumental pyes; 2) Bir neçə mahnının dayanmadan, bir-birinə qarışdırılıb (həftəbecər) ifadə olunması. P.-də fasilə olmadan melodiyalar bir-birinin ardınca ifa edilir.
|
PORNOQRAFİK MATERİALLAR (pornography) – Əsas məzmunu seksual münasibətlərin anatomik və fizioloji cəhətlərinin çılpaq, kobud və ləyaqətsiz təsviri olan kadrlar. Həmçinin bu məzmunda bədii, foto, rəsm əsərləri, informasiyalar və digər AV materiallar.
|
PORTATİV (portable) – Daşınan; aparmaq və daşımaq üçün rahat, kiçik ölçülü predmet. Məs., P. kamera, P. maqnitofon.
|
PORTRET (portrait) – Müəyyən adamın və ya bir qrup adamın rəsmdə, fotoda, yaxud ekranda bədii-publisistik təsviri. Geniş mənada, insanın bu və ya digər bədii vasitələrlə ifadə olunan xarakteristikası. Təsviri sənətin digər növləri ilə müqayisədə kinoportretdə (çox vaxt yanlış olaraq iri plan adlanır) kinematoqrafdakı ifadə-təsvir vasitələrinin, ilk növbədə, hərəkətin son dərəcə böyük üstünlüyü özünü göstərir. Təsvirin bilavasitə əsil hərəkətlə, hadisələrin məkan daxilində sərbəst inkişaf etdiyi fəaliyyətlə, canlı danışıqla, səslə, çox vaxt həm də musiqi ilə birləşdiyi kino sənəti P. yaradılmasının daha güclü vasitələrinə malikdir.
|
POSTFAKTUM (post factum) – Verilən informasiyaya sonradan dəqiqləşdirilən və əlavə edilən informasiya; sonradan alınmış əlavə məlumat.
|
POSTKRİPTUM (P.S./postscript) – Yazılmış və imzalanmış məqalənin, məktubun sonuna əlavə olunan qeyd. Adətən, latın hərfləri (P.S.) ilə işarələnir. Forma kimi bəzən publisistik verilişin sonunda da epiloq əvəzi verilir.
|
POTENSİAL (potential) – Hər hansı layihəni başlamaq (və həyata keçirmək) üçün mövcud olan, səfərbər edilən, hərəkətə gətirilə bilən kadr, texniki imkan, maddi vəsait və digər imkanların (çox zaman hələ aşkar edilməmiş) olması.
|
POTENSİOMETR (potentiometer) – Səs mikşerində şiddət səviyyəsini, yəni bütün ayrıca kanallardan gələn toplam yekun siqnal şiddətini tənzim edən hissəcik. Bax: S ə s m i k ş e r i.
|
POZA (pose/posture/allitude) – 1) Ekranda danışan (oxuyan, hərəkət edən) adamın bədəninin aldığı vəziyyət; 2) Qeyri-səmimi davranış, başqalarını qıcıqlandırmaq üçün nümayiş etdirilən davranış tərzi.
|
POZİTİV (positive) – Lentdə müxtəlif sahələrin parlaqlıq nisbətinin çəkiliş obyektindəki (orijinaldakı) kimi və neqativdəkinin əksinə olduğu foto, yaxud kinematoqrafik təsvir. P.-də obyektin tünd sahələri tünd, açıq sahələri açıq alınır; əgər obyektin hansısa sahəsi digərindən daha işıqlıdırsa, P.-də də eyni vəziyyət alınacaq və s. 2) Təcrübəyə, faktlara, real gerçəkliyə əsaslanan; müsbət xarakterə malik; 3) Neqativdən şüşəyə və ya kağıza köçürülən fotoşəkil.
|
PRAQMATİKA (pragmatics) – İş, hərəkət; işarələr sistemi və onların istifadəçiləri arasındakı münasibətləri öyrənən semiotika cərəyanı.
|
PRAYM-TAYM (prime-time) – TV verilişlərinin ən çox baxıldığı vaxt (saat 19.30-23.00). Ən baxımlı proqramlar məhz bu vaxtda göstərilir. Reklam sifarişçiləri üçün P.t. «qızıl vaxt» sayılır.
|
PRELÜDİYA (prelude) – Giriş, müqəddimə; musiqi əsərində müqəddimə.
|
PREMYERA (first/opening night/premiere) – Yeni tamaşanın, estrada, sirk proqramının ilk kütləvi nümayişi, yeni filmə, verilişə, klipə ilk baxış.
|
PRESS-ATTAŞE (press-attach) – Xarici səfirliklərdə mətbuat attaşesi, diplomatik nümayəndəliyin yanında mətbuat məsələlərinə baxan, yaxud həmin nümayəndəliyin sərəncamına göndərilən; dövlət xadiminin (prezidentin, baş nazirin, yaxud səfirin) digər dövlətin diplomatik korpusunun yerləşdiyi ölkənin jurnalistləri ilə müntəzəm əlaqə saxlayan nümayəndəsi. P.-a. mətbuat konfranslarında nümayəndəsi olduğu təşkilatın, dövlət xadiminin mövqeyi, hadisələrə münasibəti barədə jurnalistlərə məlumat verir.
|
PRESS-RELİZ (press release) – Mətbuat üçün məlumat, yığcam informasiya, dövlət orqanlarının, ictimai təşkilatların, mətbuat mərkəzlərinin və ya rəsmi şəxslərin mövqelərini, fikirlərini əks etdirən və KİV nümayəndələri arasında yayılması, çapı nəzərdə tutulan sənəd. P.r. adətən, bir səhifədə çap edilmiş məlumat xarakterli yığcam informasiyadan ibarət olur. Qəzet və jurnallarda (pulsuz) çap olunmaq üçün naşirlərə göndərilir, başqa reklam materialları, kiçik suvenirlərlə birlikdə mətbuat konfranslarında, simpoziumlarda, prezentasiyalarda, sərgilərdə paylanılır.
|
PRESS-RİLEYŞNZ (press-relations) – Şirkətin fəaliyyətinin mümkün qədər geniş əks etdirilməsinə nail olmaq üçün mətbuatla daimi əlaqə. «Pablik rileyşnz» sisteminə daxildir.
|
PRESTİJ (prestige/face/image) – Telekompaniyanın, yaxud bir proqram və ya aparıcının nüfuzu.
|
PRESTİJ REKLAMI (image advertisement) – Ani reaksiyaya deyil, perspektivə yönəlmiş, auditoriyada kompaniyaya qarşı müsbət münasibət yaradan, istehsalçının nüfuzunu yüksəldən reklam. Bax: İ m i c r e k l a m ı.
|
PREZENTASİYA (presentation) – Tanıtma. Diqqəti cəlb edən yeniliyin ictimaiyyətə təqdim olunması. Yeni təşkil olunmuş kompaniya və ya studiyanın, yaxud yeni çəkilmiş filmin, hazırlanmış verilişin, proqramın, klipin, kitabın və digər yaradıcılıq məhsullarının, bazara yeni daxil olmuş şirkətin, yeni yaranmış təşkilatın özünü təqdimetmə mərasimi. Məhsulun nümayişindən tutmuş teatr və konsert tamaşaları, furşet, auksionlar, attraksionlar və s. daxil olmaqla tədbirlər sistemi.
|
PRİNTER (printer) – Elektron hesablama maşınlarının (kompüterlərin) çap qurğusu.
|
PRİZMA (prism) – 1) İki bərabər paralel dayaqlı və yan paraleloqramdan ibarət çoxtərəfli; optik cihazın şəffaf maddədən bu formalı əşya şəklində hissəsi; 2) Jurnalistin mövzuya, fakta yanaşma bucağı.
|
PRODÜSER (producer) – Kinostudiyanın, teleşirkətin (filmin, tamaşanın, televerilişin) çəkilişlərə ideya-bədii və maliyyə-təşkilati cəhətdən nəzarət edən etibarlı nümayəndəsi; kinofilmləri istehsal edən müəssisə sahibi. Bəzən məşhur rejissor, aktyor və ssenaristlər də P. kimi çıxış edirlər.
|
PROFESSİONAL (professional) – Peşəkar; bir işi, məşğuliyyəti, fəaliyyəti özünə peşə seçmiş adam; öz işinin mahir bilicisi.
|
PROFİL (side-view/profile) – 1) Üzün və ya əşyanın yandan görünüşü; 2) Təsərrüfatı, ixtisaslaşmanı və ya peşəni xarakterizə edən əsas səciyyəvi xüsusiyyət.
|
PROFİLAKTİKA (prophylaxis/preventive inspection) – Texniki qurğu və ya məmulatların verilmiş etibarlılıq səviyyəsində istifadəyə yararlı vəziyyətdə qalması üçün qabaqcadan görülən planlı əməliyyat və ya əməliyyatlar toplusu.
|
PROJEKTOR (projector) – İstənilən tərəfə parlaq işıq şüaları salan uzaq təsirli, güclü, çökək aynalı işıqlandırıcı cihaz; P. işığı optik sistem (güzgülər və linzalar) vasitəsilə məhdud fəza bucağı altında mərkəzləşdirir. Əsas elementləri optik sistem, işıq mənbəyi və döndərmə mexanizmli gövdədir.
|
PROQRAM (program) – 1) Ekran və efirə gedən verilişlər toplusu; müəyyən bədii ideya prinsipində hazırlanmış verilişlər sırası; 2) Təşkilatın, yaxud müəyyən xadimin fəaliyyətinin əsas müddəalarının və məqsədlərinin şərhi.
|
PROQRAMDAN İSTİFADƏ ETMƏ (program continaity) – Proqramı təkrar hazırlama, yayma (proqram nüsxələrini şəxslərin qeyri-müəyyən dairəsinə təqdim etmə) və proqramın dövriyyəyə salınması üzrə digər hərəkətlər başa düşülür.
|
PROQRAMIN BİRGƏ TƏRTİB EDİLMƏSİ (program making) – Ayrı-ayrı teleşirkətlərin bütün ölkə üçün verilişlərin cədvəlini hazırlamaq barədə öz aralarında razılığa gəlməsi. Bu sistem hələlik Böyük Britaniyada geniş yayılmışdır.
|
PROQRAMLARIN LİSENZİYALAŞDIRILMASI (licensing of programs) – İri teleşəbəkələrin yerli stansiyalarla konkret proqram hazırlamaq barədə razılığa gəlməsi. Teleşəbəkə proqramları sifariş etməklə standart razılaşmaya müvafiq olaraq buraxılışı iki dəfə efirə ötürmək imkanı qazanır. Həm də bu zaman proqramı hazırlayan şirkət mülkiyyət hüququnu qoruyub saxlayır. Proqramın sahibi olan şirkət həmin verilişi xarici təşkilatlara da sata bilər; lakin teleşəbəkə bu proqramın yerli telestansiyalarda tam göstərilməsini gözləməlidir. Buna görə də ayrı-ayrı müstəqil stansiyalar proqramı müəyyən vaxtda efirə vermək üçün yalnız təkrar göstəriş lisenziyası ala bilər.
|
PROQRAMLARIN TİPİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ (program type definitions) – Kütləvi auditoriyanın maraqlar spektri nəzərə alınmaqla efir vaxtının səmərəli bölüşdürülməsi. Əsas proqram tipləri dairəsinə bunlar daxildir: informasiya, aparıcı-analitiklərin şərhləri və hava haqqında məlumat, idman, ticarət yenilikləri ilə müşayiət olunan yerli, ümumdövlət, beynəlxalq xəbərlər proqramları; lokal, dövləti, yaxud beynəlxalq xarakter daşıyan diskussiyaların, söhbətlərin, çıxışların, şərhlərin, forumların, dəyirmi masaların daxil olduğu ictimai məsələlər proqramları; iqtisadi proseslər, biznes, marketinq və kənd yerlərində həyatın digər sahələrinə dair problemlərə toxunan proqramlar; musiqi verilişlərini, teatr tamaşalarını, oyunları və s. əhatə edən əyləncəli proqramlar; əyləncəli-musiqili verilişlər, teatr tamaşaları, xəbərlər və oyunlar şəklində dini proqramlar; idman, tədris proqramları və s.
|
PROQRAMLAŞDIRMA (programming) – 1) Efirə gedəcək TV və radio verilişlərinin müəyyən müddət üçün ardıcıllıqla tərtib edilməsi; bu verilişlərin efir vaxtının (gün, saat) və həcminin qabaqcadan müəyyənləşdirilməsi; 2) Hər hansı məsələnin hesablayan elektron maşında həlli üçün proqramın tərtib olunması. P.-nın mühüm bölməsi avtomatik P.-dır. Bu, hesablayan maşın üçün proqramın tərtib üsullarını öyrənir.
|
PROQRAM REJİSSORU (broadcasting director) – Konkret efir günündə verilişlərin ardıcıllığını izləyən buraxılış rejissoru; videorejissor.
|
PROQRAM TƏMİNATI (drayver) – Kompüterdə informasiya işlənməsinin təşkili və idarə olunması üçün istifadə olunan proqramlar kompleksi.
|
PROQRAM YAYMA (program distribution) – İstənilən maddi formada, o cümlədən şəbəkəvi və digər üsullarla, habelə satış, kirayə vermə, borc vermə, bu məqsədlər üçün idxaletmə də daxil olmaqla müxtəlif yollarla təkrar istehsal edilmiş proqrama daxil olma imkanı verilməsi.
|
PROPORSİYA (projection/ratio) – Bax: T ə n a s ü b – m ü t ə n a s i b l i k.
|
PROPORSİYALAR (ratio/proportion) – Əşyaların və hadisələrin ayrı-ayrı hissələrinin öz aralarındakı mütənasibliyi, müəyyən nisbəti; harmoniyanın təzahürlərindən biri. Hər cür incəsənət əsərinin quruluşunun əsası olan P. obyektiv surətdə mövcud olan nisbətlərin bədii inikasına xidmət edir.
|
PROSES (process) – Hadisənin gedişi; nəticə əldə etmək məqsədi ilə görülən ardıcıl işlərin məcmusu. Məs., montaj prosesi, çəkiliş prosesi və s.
|
PROSESSOR (processor) – EHM-də və telekompüterdə əsas qurğu olub, daxili yaddaş sistemində saxlanan proqramla hesab və məntiq əməliyyatlarını yerinə yetirir, kompüterin ümumi işini idarə edir. Kompüterin işləmə sürəti, əsasən P.-un işləmə sürəti ilə təyin edilir. İşləmə sürətini artırmaq üçün P. kiçik tutumlu və çox böyük sürətli yerli yaddaşa (KEŞ yaddaş) malik olur.
|
PROSPEKT (prospect) – Teleşirkət və onun fəaliyyətinə həsr edilmiş (yaxud konkret bir veriliş haqqında) çap məhsulunun, vizual reklamın bir növü.
|
PROTOKOL İNTERVÜSÜ (official/protocol interview) – Dövlətin daxili və xarici siyasət məsələləri ilə bağlı rəsmi məlumat almaq üçün aparılır. P.i.-nün sualları əvvəlcədən hazırlanır və müəyyən çərçivədə aparılır. İntervü verən çox vaxt yüksək vəzifəli şəxs olur.
|
PROVAYDER (provaider) – Kompüter şəbəkələrində ayrı-ayrı abonentlərə, o cümlədən TV-lərə İnternet xidməti göstərən təşkilat.
|
PROYEKSİYA (projection/plan view) – 1) Müstəvi (səth) üzərində təsvir; cismin bütün nöqtələrindən perpendikulyar endirməklə səth üzərində alınan həndəsi şəkil; 2) Ekrana təsvirlər (şəkillər) salan aparatın iş prinsipi.
|
PROYEKSİYA APARATI (projection unit) – Səthi təsvirlərin neqativ, diapozitiv, fotoşəkil, xəritə, çertyoj və ya detalın böyüdülmüş, kiçildilmiş və ya olduğu miqyasda təsvirini keçici, yaxud əks olunan işıqla ekranda göstərməyə imkan verən optik cihaz. Diaskopik, episkopik və epidiaskopik növləri var. Diaskopik P.a. şəffaf obyektlərdən işıq keçirməklə təsvir almaq üçündür. Episkopik P.a. əks olunan işıqda qeyri-şəffaf obyektlərin təsvirini almağa imkan verir. Epidiaskoplar isə həm şəffaf, həm də qeyri-şəffaf təsviri proyeksiya etmək qabiliyyətinə malikdir.
|
PROYEKSİYA OBYEKTİVLƏRİ (projection lens) – Təsvirin ekranda proyeksiyası üçün, məsələn, kinoproyeksiya, diapozitivlərin proyeksiyası və s. üçün obyektivlər. Kinoçəkiliş və fotoqrafiya obyektivlərindən xromatizmə düzəliş xassəsi ilə fərqlənir. Proyeksiya obyektivləri göy və bənövşəyi şüalara uyğunlaşmırlar.
|
PROYEKSİYA TELEVİZİYA BORUSU (projection tube) – Ekranı işıqlandırma parlaqlığı yüksək (25000-30000 kd/m2) olan qəbuledici TV borusu. Böyük ekranda (sahəsi 1-200 m2) proyeksiya-optik sistem vasitəsilə TV təsviri almaq üçündür. P.t.b.-dan TV verilişlərində, tədris və sənaye TV-sində, informasiyanı əksetdirmə sistemlərində (əsasən kosmik uçuşu idarəedən mərkəzlərdə) istifadə olunur.
|
PROYEKSİYA TELEVİZİYASI (projection television) – Təsviri geniş ekranda əks etdirən TV forması. Qırmızı, yaşıl və mavi rəng boruları eyni vaxtda bir neçə yerdə istifadə edilir. Onlardan gələn təsvir ekran üzərinə əks etdirilərək birləşdirilir.
|
PROYEKTOR (projection set) – Bax: P r o y e k s i y a a p a r a t ı.
|
PSİXOAKUSTİKA (psycho-acoustics) – KİV kanalları ilə yayılan müasir rok-musiqinin auditoriyaya sarsıdıcı təsirini və həm dinləyicinin, həm də bütövlükdə cəmiyyətin mentaliteti, mənəvi sağlamlığı üçün təhlükəli olan, dinləyicilərdə kütləşmə, yaxud qıcıqlandırıcı hisslər yaradan musiqinin tədqiqi zamanı işlənən termin.
|
PUBLİSİSTİKA (publicism) – Siyasi və ictiami həyat məsələlələrini işıqlandıran jurnalistika janrları məcmusu; müasir aktual mövzuda yazılmış ictimai-siyasi əsərləri ehtiva edən ədəbi janr; bu janrda yazılmış əsərlər (məqalə, oçerk, felyeton, pamflet, icmal və s.); publisistlik fəaliyyət.
|
PULS (pulse) – Hərəkətin, prosesin tempi, həyatın nəbzi.
|
PULT (desk/stand) – 1) Kameranı, ekranı və s. obyektləri müəyyən məsafədən idarə etmək üçün üzərində cihazlar qurulmuş xüsusi stol, stend və s. şəklində qurğu; studiyanı uzaqdan idarə etmək üçün texniki vasitələr məcmusu; 2) Uca dayaqlar üstündə duran maili çərçivə şəklində not altlığı.
|
R
|
RABİTƏ (communication/signal) – Müxtəlif vasitələrin köməyi ilə informasiyanın ötürülməsi və qəbulu; informasiyanın verilişini təmin edən istehsalat-kommunikasiya sahəsi.
|
RABİTƏ KABELİ (communication cable) – Telefon danışıqları və teleqramların, fototəsvirlərin, səsli verilişlərin, TV proqramlarının, habelə digər informasiya növlərinin müxtəlif tezlikli cərəyanlar vasitəsilə bir yerdən başqa yerə ötürülməsində istifadə olunan kabel. Konstruksiyasına görə simmetrik və koaksial; ötürülən tezliklər spektrinə görə: aşağıtezlikli və yüksəktezlikli; tətbiq sahəsinə görə: uzaqməsafəli rabitə üçün (şəhərlərarası, o cümlədən sualtı) və yerli rabitə üçün (şəhər, stansiya və s.) olur.
|
RABİTƏ KANALI (communication facilities ) – Rabitə xətlərində (naqil, radio, radiorele) informasiyanın ötürülməsində, teleidarəetmədə, teleölçmədə birləşmiş qurğuların məcmusu; informasiyanı ötürmək üçün xüsusi qurğular yığımı.
|
RABİTƏNİN PEYK SİSTEMLƏRİ (satellite communication systems) – Radio və TV verilişlərinin müxtəlif – geosinxron (geosynchronous orbit) və qeyri-sinxron (nonsynchronous orbit) formalarda transsərhəd retranslyasiyası üçün nəzərdə tutulan sistemlər. R.p.s. İSM-in inkişafı üçün həlledici əhəmiyyətə malikdir.
|
RABİTƏ PEYKİ (communication satellite) – Kosmik rabitə stansiyası; qarşılıqlı bilavasitə görmə dairəsindən (düz xətt üzrə) kənarda yerləşən Yer stansiyaları arasındakı rabitə sistemində aktiv və ya passiv retranslyator funksiyasını yerinə yetirir. Yer stansiyası dedikdə, Yer səthində (gəmi də daxil olmaqla), yaxud uçuş aparatında yerləşən kosmik xidmət stansiyaları nəzərdə tutulur.
|
RABİTƏ TRAKTI (communication track) – İnformasiya ötürən xüsusi kanalların tərtibi üçün texniki avadanlıq və rabitə xətləri kompleksi. Müəyyən standart göstəricilərlə (tezlik zolağı, informasiyanın ötürülmə sürəti və s.) xarakterizə olunur. Çoxkanallı rabitə sistemlərinin mahiyyətinin izahında R.t. anlayışından geniş istifadə edilir.
|
RABİTƏ – VERİLİŞ KANALI (communication-casting equipment) – İnformasiya daşıyan siqnalların vericidən (informasiya mənbəyindən) qəbulediciyə (informasiya alıcısına) çatdırılması üçün rabitə traktı və texniki qurğulardan ibarət kompleks.
|
RADAR (radar) – İngilis dilindəki "radio detecting and ranging" sözlərinin baş hərflərindən ibarət olan qısaldılmış söz. Radiodalğaların köməyi ilə hədəfin aşkar olunması və məsafənin təyin edilməsinə kömək edən qurğu; radiolokasiya və onun cihazlarının qısaldılmış adı; radiolokator. KİV vasitələrində, tərcümə ədəbiyyatında, xüsusilə kütləvi ədəbiyyatda R. radiolokasiya stansiyası mənasında işlədilir.
|
RADİASİYA (radiation/emission) – 1) Şüalanma, şüaburaxma; 2) Cismin elektromaqnit dalğaları şüalandırması, cismin buraxdığı elektromaqnit şüa enerjisi; 3) Bir şeyin mərkəzdən ətrafa şüa şəklində yayılması.
|
RADİO (radio, wireless) – 1) KİV-in spesifik ifadə vasitələrinə malik olan bir növü; 2) Elektromaqnit dalğaları vasitəsilə informasiyanın məsafədən simsiz yayımlanması. 3) Şüalandırmaq, şüa buraxmaq, şüa; 4) Rabitə, radio, TV verilişləri, radioteleqraf, radiolokasiya və s. məqsədlər üçün havada maqnit dalğalarının (radiodalğalarının naqilsiz, simsiz) ötürülməsi və qəbul edilməsi üsulu. Bu üsulun əsasını təşkil edən fiziki hadisələri (radiofizika) və onun rabitədə istifadəsi (radio rabitəsi), səs verilişləri (radio verilişləri), təsvirin verilməsi (TV), siqnalizasiya, nəzarət və idarəetmə (radiotelemexanika), müxtəlif obyektlərin aşkar edilməsi, onların yerinin təyini (radiolokasiya) və s. öyrənən elm və texnika sahəsi.Texnika (techne - mahorat, sanʼat) - moddiy boylik olish hamda odamlar va jamiyatning extiyojlarini qondirish maqsadida inson atrofdagi tabiatga taʼsir qilishiga imkon beradigan vositalar va koʻnikmalar majmui. Radionu 1884-cü ildə italyan mühəndisi G.Markoni və bir il sonra rus alimi A.S.Popov ixtira etmişlər. Sonralar TV də radioyayım texnikası əsasında yaradılıb və bu proses təkcə müvafiq janr sistemləri səviyyəsində deyil, həm də TVR yayımı üçün ümumi olan ingiliscə "broadcasting" ifadəsində öz əksini tapmışdır.
|
RADİODALĞALAR (radio waves) – Tezliyi 10-3 – 1012 Hs (dalğa uz. 3 x 10-4 m) intervalına düşən elektromaqnit dalğaları. Lazer texnikasının nailiyyətləri ilə əlaqədar olaraq rabitə texnikasında tətbiq olunan elektromaqnit dalğalarının tezliyi 1015 Hs-ə çatdırılmışdır.
|
RADİODALĞALARIN QAYITMASI (recurrence of radiowaves) – İki müxtəlif mühit sərhəddinə düşən dalğanın ayrılma sərhəddindən əks olunaraq əvvəlki mühitdə yayılması prosesi.
|
RADİODALĞALARIN İNTERFERENSİYASI (radio wave interference) – Fəzada iki və ya çox sayda radiodalğanın toplanması. R.i. radiodalğaların şüalanmasında və yayılmasında mühüm rol oynayır. Bir neçə şüalandırıcıya (vibratorlara və ya yarıqlara) məxsus mürəkkəb antena qurğuları radiodalğaları şüalandırdıqda, ayrı-ayrı şüalandırıcılardan verilən radiodalğalar interferensiyaya uğrayır, yəni öz aralarında bir-birilərinə qarşılıqlı təsir göstərirlər. Yekun dalğanın amplitudu müxtəlif istiqamətlərdə cürbəcür olur və antenanın istiqamətləndirmə diaqramını müəyyən edir.
|
RADİODALĞALARIN YAYILMASI (radio wave casting) – Radio diapazonuna düşən elektromaqnit dalğalarının atmosferdə, kosmik fəzada və Yer qatında yayılma prosesləri. Verici məntəqədən şüalandırılan radiodalğalar (RD) qəbulediciyə çatana qədər düzxətli trayektoriya üzrə, qabarıq Yer səthini aşmaqla (difraksiya), troposferdən (radiodalğaların refraksiyası) və ionosferdən əks olunmaqla və s. yayıla bilər.
|
RADİODALĞAÖTÜRƏN (radiotransmitter) – Radio dalğalarının yayılması üçün dielektrik kanal (yönəldici sistem). Kanalın yan səthi iki mühitin ayrılmaz sərhədi olub, birindən o birinə keçdikdə maqnit və elektrik nüfuzluğu və elektrik keçiriciliyi kəskin dəyişir.
|
RADİO DİLİ (radio tongue) – 1) Radionun malik olduğu ifadə vasitələrinin (söz, səs effektləri, musiqi) məcmusu; 2) Müasir (şifahi) ədəbi dilin özünəməxsus fonetik, leksik, sintaktik xüsusiyyətləri olan, yalnız kütləvi kommunikasiyanın bu sahəsinə xas olan dil. Bax: R a d i o d r a m a t u r g i y a d i l i.
|
RADİODRAMATURGİYA DİLİ (language of radiodrama) – Radio üçün yazılmış və şifahi nitq formasında qurulmuş pyeslərdə ədəbi dilin mövcud normalarından məqsədyönlü şəkildə istifadə edilməsi, yalnız aktyor nitqi, musiqi və səs effektləri vasitəsilə obrazların hərəkəti, zahiri, psixoloji səciyyəsi, həmçinin hadisə, məkan və situasiya haqqında təsəvvür yaradan və sözlü-səsli formada ifadə olunan bədii, emosional-ekspressiv dil. R.d. bütövlükdə şifahi ədəbi dilin, radio nitqinin spesifik xüsusiyyətlərinin, ifadə imkanlarının üzə çıxarılmasına, onun bir sıra funksional və sintaktik xüsusiyyətlərinin, eyni zamanda intonasiya-tələffüz üslublarının müasir vəziyyətini əks etdirir.
|
RADİOELEKTRONİKA (radio electronics) – Əsasən, elektromaqnit dalğaları vasitəsilə informasiyanın verilməsi, qəbulu və çevrilməsi problemləri ilə əlaqədar olan elm və texnika sahələrinin geniş kompleksini əhatə edən termin.
|
RADİO ƏKS-SƏDASI (radio echo) – Siqnalın yayılma istiqamətində yerləşən obyektdən əks olunan elektromaqnit siqnalı; həmin siqnal sonra müşahidə məntəqəsində qəbul edilir. Bütün müasir radiolokasiya əks-sədanın obyektdən müşahidə məntəqəsinədək keçdiyi vaxtı ölçməyə əsaslanır.
|
RADİOJURNAL (radio magazine) – Məzmunca bir-biri ilə bağlı olmayan ayrı-ayrı süjetlərin (söhbətlərin) məcmusundan ibarət radio verilişi.
|
RADİOKANAL (radio frequency) – Bir TV strukturunun yayımı (verilişləri) üçün nəzərdə tutulan tezlik zolağı; radioötürücü, radiorabitə xətləri və radioqəbuledicidən ibarət rabitə kanalı.
|
RADİOQƏBULEDİCİ (radio receiver/set) – Radio siqnallarını və ya təbii radioşüalanmaları qəbul edən, onların daşıdığı informasiyanı istifadə oluna biləcək şəklə çevirən antenalı qurğu. Təyinatına görə radio verilişləri üçün, TV, rabitə, radiolokasiya R.-ləri var.
|
RADİOQƏZET (radio newspaper) – Əsas məqsədi geniş informasiya vermək yolu ilə təşviqat aparmaq olan ilk radioformalardan biri; efirə verilən xəbərlər toplucu.
|
RADİOQRAM (radiogram/wireless/message/ radio telegram) – Yazı işarəsi, xətt; radioteleqraf vasitəsilə verilən xəbər, məlumat.
|
RADİOQRAMMOFON (radio grammophone) – Bax: E l e k t r o f o n.
|
RADİOLA (radio-gramophone) – Radioqəbuledici və elektrik val oxudanın birləşməsindən ibarət aparat. Məişətdə istifadə üçündür. R.-da səstezlikli elektrik rəqslərinin gücləndiricisi, dəyişən cərəyan düzləndiricisi və reproduktor qovşaqları ümumi olduğu üçün aparat sadələşir və buna görə də ucuz başa gəlir.
|
RADİOLAŞDIRMA (installation of radio) – Radio dalğaları və naqillə veriliş şəbəkəsinin planlı genişləndirilməsi üzrə dövlət sistemi; dövri olaraq əhaliyə ictimai-siyasi və b. məzmunda informasiyanın çatdırılmasını təmin edən davamlı proses.
|
RADİOLOKASİYA (radio location/radar) – Radiotexniki üsullarla müxtəlif obyektləri müşahidə etmək, onları aşkara çıxarmaq, koordinatlarını ölçmək və digər xarakteristikalarını təyin etməklə məşğul olan elm və texnika sahəsi.
|
RADİO MƏRKƏZİ (broadcasting/radio centre) – Radio rabitəsi və radio verilişləri üçün texniki vasitələr və tikililər kompleksi. Təyinatına görə qəbuledici, verici və qəbuledici-verici R.m.-lər var. Radio maneələrini azaltmaq üçün qəbuledici və verici R.m.-ləri bir-birindən və sənaye müəssisələrindən uzaqda yerləşdirilir.
|
RADİOMİKROFON (radio microphone) – Səs siqnalını qəbulediciyə kabellə deyil, yüksək tezlikli diapazondan dalğalarla göndərən mikrofon. R. səs siqnalını qəbulediciyə translyasiya etməklə birləşdirici tellərə olan ehtiyacı aradan götürür. R. üç hissədən ibarətdir: mikrofonun özündən, mikrofonla birləşdirilərək siqnalı ötürən miniötürücüdən və göndərilən siqnalı qeydə alan kiçik qəbuledicidən. Sonra qəbuledicinin siqnal çıxışı kabel vasitəsilə videomaqnitofonun müvafiq səs siqnalı girişinə birləşdirilir. R.-nun üstünlüyü ondadır ki, səs qaynağının yerdəyişməsini məhdudlaşdırır: yerin dəyişilməsinə baxmayaraq, səs qaynağına nisbətdə mikrofonun vəziyyəti əvvəlki kimi qalır, ayağa dolaşaraq əngəl törədən tellər, naqillər görünmür. Mənfi cəhəti isə odur ki, R. elektrik qidası lazım olduğundan həmişə uyğun miqdarda ehtiyat batareyası və ya dəyişən cərəyan qaynağı tələb edir. Çəkilişin sonlarına yaxın batareyaların elektrik yükünün qurtarması ucbatından güdaza gedən müsahibəni yenidən yazmaq lazım gəlir.
|
RADİONUN İNTİBAHI (radio renascent) – Hətta TV-yə kütləvi aludəçilik epoxasında radionun həyati gücünə inamı ifadə edən konsepsiya. Belə bir konsepsiya üçün əsas istisna edilən məqam. Müxtəlif şəraitdə, o cümlədən, telekompüter vasitələrindən istifadə zamanı labüd göz yorğunluğu olmadan informasiya almaq üçün mövcud olan rahat tranzistorlu əl radiotexnikasına marağın azalmamasıdır.
|
RADİO RABİTƏSİ (radio wireless communication) – Radio dalğalarının şüalandırılması və qəbulu vasitəsilə həyata keçirilən rabitə.
|
RADİORELE RABİTƏSİ (radio relay link) – Aralıq stansiya; qəbuledici-verici radiostansiyalar silsiləsi vasitəsilə radio rabitəsi. Stansiyalar, adətən, bir-birindən antenalarının birbaşa göründüyü məsafələrdə düzülür. Stansiyalardan hər biri qonşu stansiyanın siqnalını qəbul edib gücləndirir və növbəti stansiyaya ötürür.
|
RADİO-SERVİS (radio data service) – Radio vasitəsilə məlumatvermə xidməti. Yayımla birlikdə dinləyicilərə qısa mesajlar yazılı şəkildə göndərilir.
|
RADİO SƏNƏTİ (radio work) – Radionun texniki vasitələrinin inkişafı ilə əlaqədar yaranmış dram sənəti növü. R.s. anlayışına həmçinin radio verilişlərinin yaradıcılıq üsulları və texniki vasitələrindən istifadə nəticəsində yeni bədii-obrazlı, estetik təsir xüsusiyyətinə malik ədəbi, teatr, sözlü-musiqili səhnə əsərlərinin transformasiyası daxildir. R.s.-ndə aktyorun danışıq səsi və müxtəlif səs çalarları (həyatdakı real səslər, xüsusi cihazların və elektron aparatlarının köməyi ilə yaradılan süni səslər, müxtəlif akustik effektlər, pauzalar) mühüm əhəmiyyət kəsb edir. R.s.-ndə aktyordan yumşaq, təmkinli, dərin psixoloji, incə nüanslarla zəngin səs oyunu tələb olunur. R.s.-ndə səsin, müxtəlif akustik effektlərin rolu radiorejissuranın spesifikasını müəyyənləşdirir.
|
RADİOSTANSİYA (radio station) – Radio dalğaları vasitəsilə informasiyanın verilməsi və ya qəbulu üçün qurğular kompleksi. Təyinatından asılı olaraq qəbuledici, verici və qəbuledici-verici növləri var.
|
RADİOTEXNİKA (radio engineering) – Radiodiapazonlu elektromaqnit rəqsləri və dalğaları, onların generasiyası, gücləndirilməsi, şüalandırılması, qəbulu və istifadəsi üsulları haqqında elm; radiodiapazonlu elektromaqnit rəqslərinin və dalğalarının radiorabitədə, radio verilişində və TV-də, radiolokasiya və radionaviqasiyada, müxtəlif elmi tədqiqatlarda və s. tətbiqini həyata keçirən texnika sahəsi.
|
RADİOTEZLİKLİ KABEL (radio frequency cable) – Radio və videosiqnalların ötürülməsi üçün kabel. R.k. radioverici, radioqəbuledici və TV qəbuledicilərinin antena-fider qurğularında fider kimi, həmçinin radioelektronika aparatları, hesablayan elektron maşınlar və s. bloklararası və blokdaxili birləşmələr üçün istifadə edilir.
|
RADİOVERİCİ (radio/transmitter) – Radiotezlik diapazonunda yüksək tezlikli modulyasiya olunmuş elektrik rəqslərinin generasiyası və onların elektromaqnit dalğaları şəklində şüalandırılması üçün qurğu (qurğular kompleksi). R. informasiyanın radio dalğaları vasitəsilə ötürülməsi sistemi və qurğuların (radiorabitə, TV, radio verilişi, radiolokasiya, radionaviqasiya və s. texnika sahələrində) mühüm tərkib hissəsidir.
|
RADİO VERİLİŞLƏRİ (transmission broadcast) – Geniş dinləyici kütləsi üçün nəzərdə tutulan operativ informasiya və kütləvi təbliğat, təşviqat vasitələrindən biri. İctimai-siyasi, informasiya, bədii-publisistika R.v.-nin əsas istiqamətləri, məlumat-radio buraxılışı, radioqəzet, radiojurnal isə kütləvi formalarıdır.
|
RADİOVİZİYA (radiovision) – Radiodalğalar vasitəsilə obyektlərin görünən təsvirlərinin alınması; optik dalğa diapazonunda qeyri-şəffaf obyektlərin daxili strukturunu öyrənmək və optik qeyri-şəffaf mühitdə yerləşən obyektləri müşahidə etmək üçündür.
|
RADİOYAYIM STUDİYASI (broadcasting studio) – Radiostudiya; Radioyayımın Aparat-Studiya Bloku (ASB-RY). Radioyayımını gerçəkləşdirən əsas sistemin tərkib hissəsi.
|
RAKORD (leader) – Kadrlara bölünmüş müvafiq işarələrdən, aydınlaşdırma və tanınma yazılarından ibarət, müəyyən uzunluqlu kinofilm rulonunun başlanğıc və son hissələri. R. rulonun tərkib hissəsidir (filmin bir hissəsinin), yaxud kinofilmin hissəsinə yapışdırıla, yaxud onunla birlikdə hazırlana bilər.
|
RAKURS (fore/shortening) – Baxış bucağı; çəkilən predmetə baxış nöqtəsi; məqsəddən asılı olaraq tətbiq edilən operator sənəti üsulu; çəkiliş zamanı optik oxun mailliyi; əşyanın kinokameraya çəkiliş nöqtəsinə nisbətən vəziyyəti. Bu zaman daha uzaq hissələrin perspektivli ixtisarı müşahidə olunur. Kinokadrlarda kinoçəkiliş aparatına yaxın olan çəkiliş obyekti hissələri böyüdülə bilər. Təsviri montaj kompozisiyası üçün R. geniş istifadə olunur. R. müəllifin ideyasını ifadə etməyə, montaj parçalarında hadisənin dinamikasını nəzərə çarpdırmağa xidmət edir.
|
|