1.2.3. Heyvandarlıq məhsullarının istehsalı, emalı və damazlıq işi
Heyvandarlıq məhsullarının istehsalı. Heyvandarlıqda islahatlar 1994-cü ildən başlamışdır. Bu sahədə islahatların aparılması çox zəruri idi, çünki 1990-cı ildən başlayaraq hər il orta hesabla, iribuynuzlu malların sayı 70 min baş, xırdabuynuzluların sayı 243 min baş, ət istehsalı 25 min ton, süd istehsalı isə 47 min ton azalırdı. İslahatlar nəticəsində mal-qaranın sayında və heyvandarlıq məhsullarının istehsalında ciddi artım əldə edildi. Belə ki, 2008-ci il 1 yanvar tarixinə 2001-ci ilin müvafiq dövrünə nisbətən iribuynuzlu mal-qaranın sayı 490,2 min baş (24,2 faiz), xırdabuynuzlu heyvanların sayı isə 2 milyon baş (33,3 faiz) artmışdır. Hazırda ölkədə 26 quşçuluq müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə istehsal olunan quş əti ölkə üzrə istehlakın təxminən 70 faizini təmin edir.
Bütün bunlara baxmayaraq, ölkədə ət və süd istehsalı sahəsində tələbatın tam ödənilməsi baxımından hələlik gerilik mövcuddur.
Heyvandarlığın inkişafında əsas problemlərdən biri də yem bazasının zəif olmasıdır. Senaj və silos kimi qiymətli yemlər heyvanların yem rasionundan çıxmışdır. 2007-ci ildə ölkədə cəmi 6,4 min ton yaşıl qarğıdalı kütləsi və 2,4 min ton kökümeyvəlilər istehsal olunmuşdur. İnək və camışlar əsasən kəndətrafı örüş sahələrinin hesabına saxlanılır. Bu sahələrin isə ot örtüyü xeyli seyrəkləşmiş, qış otlaqlarının quru ot məhsuldarlığı isə 3-4 sentnerə qədər azalmışdır. Hazırda quşçuluq müəssisələri istisna olmaqla qarışıq yem istehsal olunmur.
Damazlıq işi. Hər inək və camışdan 2007-ci ildə 1110 kq süd sağılması onu göstərir ki, iribuynuzlu mal-qara arasında damazlıq işi də tələb olunan səviyyədə aparılmır, qısırlığa qarşı mübarizə tədbirləri zəif həyata keçirilir.
Hazırda ölkədə 80-dən çox iri özəl damazlıq təsərrüfatı fəaliyyət göstərir. Eyni zamanda, 11 regional, 60 şəhər və rayon süni mayalama mərkəzi, 900 kənd və qəsəbə süni mayalama məntəqəsi yaradılmışdır. 2007-2008-ci illərdə süni mayalama üzrə 255 nəfər texnik hazırlanmış və onlar lazımi avadanlıqlarla təmin olunmuşlar.
2007-ci ildə 16,3 min baş inək, camış və düyənin süni yolla mayalandırılması nəticəsində 12,9 min baş bala alınmışdır ki, bu da mövcud tələbatdan xeyli aşağıdır.
Bu sahədə problemlərin aradan qaldırılması üçün iribuynuzlu mal-qaranın cins tərkibinin yaxşılaşdırılması ilə bağlı aparılan işlər genişləndirilməli və hər il xaricdən ən azı 7-8 min baş cins mal gətirilməlidir.
|