ErməNİstanda azərbaycan məNŞƏLİ toponiMLƏRİN İzahli lüĞƏTİ 1




Download 1,35 Mb.
bet10/2
Sana24.03.2017
Hajmi1,35 Mb.
#1841
1   2

çəkilən Ağ hasar (27, 118) toponiminin sonralar təhrif olunmuş formasıdır. "Ağ hasar" adı əvvəlcə Ağasor, sonra da Ağadzor şəklinə düşmüşdür.

AĞADOST - Rəvan əyalətinin İrəvan qəzasında kənd adı. Ehtimal ki, Ağadost şəxs adındandır. Digər adı  - Çatqıran [169, 62].  (Bax: Çatqıran)

AĞAKƏNDİ - Qapan vilayətinin Sisəcan nahiyəsində kənd adı [134, 168]. Mənbədə Ağayi kimidir [32, 32] ki, bu da "Ağaya məxsus" mənasındadır. Həmin mənbədə deyilir ki, kənddə cəmi 1 müsəlman (azərbaycanlı) ailəsi yaşayır (32, 233). 1661-ci ilə aid sənəddə kəndin ermənicə Aqants adlandığı göstərilir [135, 221].

AĞASIBƏYLİ - İrəvan xanlığının Vedibasar mahalında kənd adı [159]. Yerli tələffüz forması - Aqaslı [20, 219]. 1828-1832-ci illərdə azərbaycanlı  əhalisi qovulduqdan sonra kənd dağılmışdır. 1926-cı ildən sonra kənddə yezidi kürdlər və ermənilər məskunlaşmışlar. XX əsrin 40-cı illərində kənd ləğv edilmişdir [20, 219]. Ağasıbəyli kəndin əsasını qoymuş nəslin adıdır.

AĞA SOFI - Ermənistanın Əzizbəyov r-nunda dağ adı (60, 61). Ermənicə Sopi (erməni dilində “f” səsi olmadığına görə). XX əsrin 30-cu illərində Sopi adlandırılmışdır. Əsli - Əxi Sufi. Dağın adı Sufi dərviş ordeninə mənsub əxinin qəbrinin ziyarətgah olması ilə bağlıdır.

AĞATALA - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (indi Ermənistanın Krasnoselo rayonunda) kənd adı. XIX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd ləğv  edilmişdir [20, 85]. Ağa şəxs adından və tala - "düzən", "meşə içərisində açıq yer" sözündən ibarətdir.

AĞATQAYA - Alaverdi r-nunda, Lecan dağından şimal-qərbdə dağ adı (60, 63). XX əsrin 30-cu illərində  ermənicə Akatkar adlandırılmışdır. Azərbaycan dilində “ağ otlu qaya” mənasındadır.

AĞATƏPƏ - İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı [133]. XIX əsrin sonlarından sonra kəndin adı mənbələrdə çəkilmir. Ağa şəxs adından və təpə sözündən ibarətdir.

AĞAÇURUM - Rəvan əyalətinin İrəvan qəzasında kənd adı [169, 60]. Əsli -   Ağ uçurum.

AĞACAN - İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı [170, 139]. Mənbədə kəndin həm də Dördtəpə adlandığı qeyd olunur (yenə orada). Ağacan kəndin (ondan əvvəl qışlağın) əsasını qoymuş şəxsin adıdır [170].

AĞACƏRİ - Rəvan əyalətinin Qarni nahiyəsində kənd adı [169, 207]. Başqa adı - Tantaq [23, 49]. Kənd Səlcuq oğuzlarının Ağacəri tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Azərbaycanda Tovuz rayonundakı Ağacəridağ (hünd. 1769 m. ) oronimi ilə mənşəcə eynidir

AĞAFLI - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Gorus rayonunda) kənd adı. XX əsrin əvvəllərində kəndin əsasını qoymuş nəslin adındandır.

AĞAHƏMZƏLİ - İrəvan xanlığının Zəngibasar mahalında kənd adı [159]. Yerli tələffüz forması - Aqamzalı. 1828-ci və 1878-ci illərdə kənddə ermənilər də yerləşdirilmişdir. 1886-cı ildə kəndin əhalisi azərbaycanlılardan və ermənilərdən ibarət idi. 1918-ci ildə azərbaycanlılar qovulmuşdur [11, 164]. 1922-ci ildən sonra bir hissəsi geri qayıdaraq yenidən məskunlaşmışdır. 1948-ci ildə azərbaycanlılar Azərbaycana köçürülmüşdür. 1967-ci ildə kənd ermənicə Marmaraşen adlandırılmışdır. Kəndin adı Əxi (bax: Ağabaş)  və qızılbaşların Həmzəli tayfasının [24, 192] adından ibarətdir. "Əxiyə məxsus Həmzəli kəndi" mənasındadır.

AĞBABA - İrəvan xanlığının Sürməli mahalında kənd adı [159]. XIX əsrin ortalarından sonra kəndin adı mənbələrdə çəkilmir. (Bax: Ağbaba dağı)

AĞBABA - İrəvan xanlığının Türkiyə ilə sərhəd bölgəsində dağ adı [159]. Dağ oradakı müqəddəs sayılan Ağbaba pirinin adı ilə adlanmışdır. Ağbaba dağ silsiləsi Baş Güney, Qaya Güney, Qısırdağ, Kalloy, Keçəldağ, Göydağ, İkiqat, Naxoşdağ, Tayaqaya və b. zirvələrdən ibarətdir (6, 189). Böyük Ağbaba və Kiçik Ağbaba dağları vardır. XX əsrin 30-cu illərində bu dağlara Qukasyan Mets və Qukasyan Pokr adları verilmişdir. XIX əsrdə Qars əyalətinin Kağızman dairəsində Ağbaba dağ beli [133, 3] və Azərbaycanda Ağbaba (Kəlbəcər rayonu) dağ adları ilə mənaca eynidir. 1728-ci ilə aid türkcə mənbədə Tiflis əyalətində də bir kəndin Ağbaba adlandığı qeyd olunmuşdur [31, 157]. "Əxi baba" adından təhrifdir. (Bax: Ağabaş)

AĞBAŞ - İrəvan xanlığının Qarnibasar mahalında kənd adı [159]. 1590-cı ildən məlumdur [169, 267]. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır [11, 164]. "Ağbaş" kənd yaranmazdan əvvəl yerin adı olmuşdur. Naxçıvandakı Ağbaş çayının və Dəvəçi rayonundakıё Ağbaş kəndinin adları ilə mənaca eynidir. "Əxi və fars dilində bəş ("suvarılan yer" əkin yeri)" adından təhrifdir. (Bax: Ağabaş)

AĞBAŞ - İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı (23, 150). "Əxiyə məxsus əkin yeri" mənasındadır.

AĞBULAQ - İrəvan xanlığının Aqin mahalında kənd adı. Digər adı Sübhanverdi. 1886-cı ilə aid məlumata görə əhalisi azərbaycanlılardan və ermənilərdən ibarət idi. 1919-cu ildə azərbaycanlılar qovulmuşlar. 1947-ci ildə kənd ermənicə Lyusaxpur adlandırılmışdır. XIX əsrdə Qafqazda mövcud olmuş 24 Ağbulaq toponimindən [133, 4] biridir. Sübhanverdilər adlı oymağın "Ağbulaq" adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ağbulaq Azərbaycan dilindəki ağ - "içməli su", "axan su", "yağış və qar sularından qidalanan su" və  bulaq  sözlərindən ibarətdir.

AĞBULAQ - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı [133]. Kənd Vedibasar mahalının Ərmik kəndindən çıxmış ailələrin "Ağbulaq" adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. 1918-1920-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağıdılmışdır.

AĞBULAQ - İrəvan xanlığının Göycə mahalında (Krasnoselo r-nu) kənd adı. 1991-ci ildən Axperek adlanır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Altuntaxt adlı kənddən olan bir qrup ailənin "Ağbulaq" adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır [170, 12].

AĞBULAQ - İrəvan quberniyasının Sürməli qəzasında dağ adı [133]. Orada olan yaylaq yerindəki "Ağbulaq" bulağının adındandır.

AĞBULAQ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Gorus rayonunda) kənd adı. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Zəngəzur qəzasında yaşamış Ağkörpü (bax) tayfasının Ağbulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır (103, 146).

AĞBULAQ – Gorus r-nunda bulaq adı.

AĞBULAQ - Rəvan əyalətinin Abnik nahiyəsində kənd adı. Digər adı - İtqıran [169, 257]. (Bax: İtqıran)

AĞBULAQ -   İrəvan əyalətinin Şirakel (Şöreyəl) nahiyəsində kənd adı. Digər adı - Qarakilsə [170, 152].

AĞBULAQ - İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı. [23, 119]. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur.

AĞBULAQ - İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı [23, 130]. Başqa adı - "İlanlı" (yenə orada). "Əhalisi Muğanlu əşirətindəndir" (yenə orada).

AĞBULAQ - İrəvan əyalətinin  Qırxbulaq nahiyəsində kənd adı [23, 76].

AĞBULAQ - İrəvan əyalətinin Abaran nahiyəsində kənd adı [23, 114]. Başqa adı - "Qoşabulaq" (yenə orada). 1948-ci ildə əhalisi Azərbaycana köçürülmüş və ermənilər yerləşdirilmişdir. Ermənicə kənd Luys adlandırıl-mışdır.

AĞBULAQ - İrəvan əyalətini Şirakel nahiyəsində kənd adı. Şirvancıq kəndinin yaxınlığında yerləşir  [23, 124].

AĞBULAQ - İrəvan əyalətinin Şirakel nahiyəsində Əliqaya (başqa adı - Sərdanəsə) kəndinə məxsus məzrənin adı [23, 128].

AĞVANİ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan rayonunda) kənd adı (60, 61). Qədim türk mənşəli Alban etnoniminin ermənicə tələffüz formasıdır. 1950-ci illərdə kənd dağılmış-dır.

AĞVEYS - İrəvan xanlığının Sürməli mahalında kənd adı [133, 23]. 1828-1832-ci illərdə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir [159]. Qovulmuş ailələr indi Azərbaycana mənsub Zəngilan rayonuna gələrək Ağbiz (Aqveysdən təhrif) kəndinin əsasını qoymuşlar. 1728-ci ilə aid türkcə mənbədə Axi-Veys kimidir [170, 18]. Orta əsrlərdə Yaxın Şərqdə sufi ordeninə mənsub adamlar biri-digəri üçün əxi (ərəbcə "qardaş") sayılırdı. Kəndin adı Əxi Veys şəxs adındandır. (Bax: Ağabaş)

AĞVERƏN - İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı [133]. 1918-ci ildə Türkiyədən gəlmə ermənilər də kəndə yerləşdirildikdən sonra əhali qarışıq yaşamışdır. 1949-cu ildə kəndin azərbaycanlıları Azərbaycana köçürülmüşdür. 1950-ci ildə kənd ləğv edilmişdir. 1590-cı ilə [169, 254] və 1728-ci ilə [170, 34] aid mənbələrdə kəndin adı Aqviran kimidir. Azərbaycan dilindəki ağ (rəng bildirir) və "xarabalıq" bildirən viran(ə) sözlərindən ibarətdir. Digər adı Kəbir-Əli, əsli isə "Kəbir eli"dir. Kənd mənşəcə xəzərlərin Kəbər tayfasına mənsub ailələrin "Ağ viranə" adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır.

İrəvan əyalətinin bir sıra kənd adlarında fars dilində viranə - "xarabalıq" və viran - "dağıdılmış", "adam yaşamayan yer" [145, 47] cözləri vardır. Lakin viranə sözü danışıqda "örənə", viran sözü "verən" və "örən" formalarına keçmişdir. "Viran" ("verən", "örən") sözləri ilə bitən adlar göstərir ki, bu adları daşıyan kəndlər qədim qala və kilsə xarabalıqlarının yaxınlıqlarında yaranmışdır. İrəvan əyalətindəki Qaraviran [170, 28], Qaraörən [170, 28], Qaracaörən [170, 25], Tülküviran [170, 61], Həsənviran [170, 43], Ortaviran [170, 34] və b. kəndlərin  adı çəkilir. (Bax: Qızılörən)

AĞVƏNG – Yeğeqnadzor (Keşişkənd) r-nunda qala adı.

AĞVİRAN - İrəvan əyalətinin Vedi nahiyəsində kənd adı [23, 104]. "Zəncirli kəndinin yaxınlığında yerləşir" (yenə orada).

AĞVİRANİ-KƏBİR - İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı [170, 3]. "Böyük Ağ viranə" mənasındadır.

AĞQAYA - İcevan rayonunda, İcevan şəhərindən qərbdə dağın adı (60, 63). XX əsrin 30-cu illərində ermənicə Akkar adlandırılmışdır.

AĞQAYA –Qafan r-nunda dağ adı.

AĞQALA - İrəvan xanlığının Göycə mahalında [159] (XIX əsrin ortalarından sonra İrəvan quberniyasının Novobayazid qəzasında - 136, 32)  1991-ci ildən Berdkunk adlanan (Kamo r-nu) kəndin keçmiş adı.  1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. Yaxınlıqdakı ağ rəngli daşdan tikilmiş qədim qalanın adındandır.

AĞQAŞ - İrəvan xanlığındakı Dərəkənd-Parçenis mahalında kənd adı [159]. XIX əsrin ortalarında kənd dağılmışdır. Yaxınlıqdakı Ağqaş qayasının adındandır. Qayanın adı rəng bildirən ağ və qaş - "dağ çıxıntısı", "dağın qaşı" sözlərindən ibarətdir.

AĞQIRAQ - İrəvan xanlığının Göycə mahalında kənd adı [159]. Kənd XIX əsrin ortalarında dağılmışdır. Toponim rəng bildirən ağ və qıraq (kənar) sözlərindən ibarətdir.

AĞQULA - Ələyəz bölgəsində xaraba kənd adı. 1878-ci ildə ermənilər kəndi dağıtmış və XIX əsrin 90-cı illərindən kənd xaraba qalmışdır (6, 152). Ağ-qüllə adından təhrifdir. "Ağ rəngli qüllə formalı qədim qala" mənasındadır.

AĞDABAN - İrəvan əyalətinin Zar-Zəmin nahiyəsində kənd adı [23, 120]. Rəng bildirən ağ (torpağın süxurunun rənginə görə) və monqolca daban - "dağ aşırımı" [126, 168] sözlərindən ibarətdir. Kəlbəcər rayonundakı Ağdaban kəndinin adı ilə eynidir.

AĞDAĞ -  İrəvan quberniyasının   Şərur-Dərələyəz qəzasında dağ adı (133, 9).

AĞDAĞ -  Kamo (Kəvər) və Ararat (Vedi) r-larında dağ adı.

AĞDAĞ -  Vedi r-nunun ərazisində yuru, ağ-narıncı rəngli süxurlu dağ adı.

AĞDAM -  Artaşat (Qəmərli) r-nunda kənd adı. XX əsrin əvvəllərində ləğv edilmişdir.

AĞDAMLAR - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı [133, 4]. XX əsrin əvvəllərində kənd dağılmışdır. Toponim rəng bildirən ağ və dam -"qışlaş yerində mal-qaranı saxlamaq üçün tövlə" sözlərindən ibarətdir.

AĞDAN - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (indi Ermənistanın İcevan rayonunda) kənd adı [133]. XIX əsrin ortalarında bu kəndin adından Aşağı Ağdan  yarandıqdan sonra da Yuxarı Ağdan kəndinin adı yaranmışdır. 1969-cu ildə kənd ermənicə Aqnaxpur, 1978-ci ildə Qandzakar adlandırılmışdır. Aktan bir türk mənşəli tayfanın adıdır. Erkən orta əsrlərdə Volqaboyunda yaşamış bu tayfa Qızıl Ordaya daxil olmuşdur. Onun Azərbaycana gəlib məskunlaşma vaxtı məlum deyil.

AĞDAN  - İcevan (Karvansaray) r-nunda çay adı.

AĞDAŞ - Tumanyan rayonunda kənd idi. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd ləğv edilmiş, əhalisi Şamlıq və Ağtala kəndlərinə köçürülmüşdür [20, 307]. Rəng bildirən ağ və daş (qaya) sözlərindən ibarətdir.

AĞDAŞ - İrəvan quberniyası Novobayazid qəzasında Böyük Məzrə kəndinin maldarlarına məxsus yurd yerinin adı [136, 34].

AĞDAŞ MƏZRƏSİ - Rəvan əyalətinin Məvaziyi-Xatun nahiyəsində kənd adı [169, 132]. Ağdaş adlı qayanın yaxınlığında məzrə (əkin yeri) mənasındadır.

AĞDƏVƏ - Gümrü kəndinin yaxınlığında dağ adı. Əsli - Aq-tava. Azərbay-canda (Abşeronda) Alatava toponimi ilə mənaca eynidir.

AĞDƏMİR - İrəvan xanlığının Karbibasar mahalında kənd adı [159]. [23, 88]. 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır [159].  Mənbədə adı Qızıl Təmir (bax) kəndi ilə yanaşı çəkilir [169, 81]. Mənbədə Ağ Temur kimidir [170, 49]. Ağ Temur kəndin əsasını qoymuş şəxsin adıdır. (Bax: Qızıldəmir)

AĞDƏRƏ - İrəvan xanlığının Dərələyəz mahalında kənd və çay adı [159]. 1919-cu ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Kənd "Ağdərə" dərəsinin adı ilə adlanmışdır. Dərənin adı isə rəng bildirən ağ (torpağın süxurunun rənginə görə) və dərə  sözlərindən ibarətdir.

AĞDİVAR - İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı [23, 125].

AĞDİZ - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı [133, 4]. 1918-ci ilin əvvəllərində Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Rəng bildirən ağ (torpağın süxurunun rənginə görə) və türk dillərindəki tis - "şiş zirvə" [126, 553] sözlərindən ibarətdir. İrəvan əyalətinin Sürməli nahiyəsindəki Aqdis kimidir [170, 17]. Tiflis quberniyasının Qori qəzasında Aqdis dağının [133] adı ilə mənaca eynidir.

AĞZIBİR - İrəvan quberniyasının Novobayazid qəzasında (Kamo r-nunda) kənd adı [136, 32]. Digər adı Əbilkənddir [20, 297]. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1922-ci ildə qaçqınların az hissəsi qayıtmışdır. 1945-ci ildə kənd ermənicə Lcap adlandırılmışdır. 1949-cu ildə azərbaycanlılar Azərbaycana köçürülmüşdür. Azərbaycan dilində dağlıq ərazidə ağzıbir "üç tərəfdən qapalı yer" mənasındadır. Azərbaycandakı Ağzıbir (Ağdaş rayonu) kəndinin adı ilə mənaca eynidir.

AĞZIBÖYÜK - Lori bölgəsində Urut çayının digər adı. Ad çayın mənsəbinin böyüklüyünü göstərir.

AĞZIQANLI - Rəvan əyalətinin Şərabxana nahiyəsində kənd adı [169, 24].  Əsli Axis – Qanlı.  "Axis (bax: Axis) kəndi yaxınlığında Qanlı (kəndi) " mənasındadır. Qədim türk mənşəli Kanqlı tayfasının adını əks etdirir. (Bax: Qanlı)

AĞZIƏYRİ - İrəvan quberniyası Novobayazid qəzasındakı Ağbulaq kəndinə məxsus yaylağın adı. "Ağzıəyri" yaylaqdan axan kiçik çayın adıdır. "Ağzı (mənbəyi) əyri olan çay" mənasındadır.

AĞILLI   -  Krasnoselo r-nunda yaylaq adı.

AĞILLININ TAPI  -  Krasnoselo (Çəmbərək) r-nunda təpə adı.

AĞİN - İrəvan xanlığının Göyçə mahalının Aleksandropol qəzasında (133, 5) kənd adı. Yerli tələffüz forması - Əgin. 1878-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir (6, 151). 1961-ci ildə erkən orta əsrlərdə indiki Türkiyə ərazisində mövcud olmuş Ani şəhərinin (XIV əsrdə zəlzələdən dağılmışdır) adı ilə Ani adlandırılmışdır. (Bax: Ağindağı)

AĞİNDAĞI - Şirak vadisində, Arpaçayın sol sahilində, Ağin kəndinin yaxınlığında dağ adı. Türk dillərindəki əqin - "təpə", "yüksəklik" [126, 627] sözündəndir. XIX əsrdə Şimali Qafqazda Stavropol quberniyasındakı Eqen-Balqan [133, 300], Qazax qəzasındakı Aqnavat (əsli - Aqinavat, əqin və türk dillərindəki  bət, səth, üz, - "aşırım", "dağ yamacı",  "dağın gün düşən tərəfi" - 143, IV, 2, 1617 sözlərindəndir), Naxçıvan qəzasındakı Aqinek-təpə (dağ adı) [133], indi Qubadlı rayonundakı Ayindağ və həmin dağın ətəyindəki Əynezir (bax: Eynəzir) toponimləri ilə mənaca eynidir.

AĞİS - Göyçə bölgəsində Qelam (ermənicə Qeğam) dağ silsiləsində bir dağın adı (60, 67 )

AĞIZLI -   İrəvan əyalətinin Dərəçiçək nahiyəsində Şaharbuz kəndinə məxsus məzrənin adı [23, 116].

AĞIRLI - İrəvan əyalətinin Xınzirək nahiyəsində kənd (23, 47). "Əhalisi Şaqiabad camaatındandır" (yenə orada).

AĞIT - İrəvan əyalətini Şirakel nahiyəsində kənd adı [23, 130]. "Əhalisi Muğanlu əşirətindəndir" (yenə orada). Əsli - Aqut. "Ağ otluq" mənasındadır. (Bax: Ağudi)

AĞYAYLAQ -   İrəvan əyalətinin Maku nahiyəsində kənd adı [23. 41].

AĞYATAQ - Talin rayonunda kənd adı. Mənbədə Ağyataq yaylaq adı kimi göstərilmişdir [169, 334]. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Rəng bildirən ağ (torpağın ağımtıllığını bildirir) və yataq  - "payızda qoyun salınan dam" (hər 50 qoyuna bir yataq düzəldilirdi) sözlərindən ibarətdir. Azərbaycandakı Yataqoba (Xaçmaz rayonu) kəndinin adı ilə mənaca eynidir. (Bax: Qızıl-Yataq)

AĞYOL - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) kənd adı [133]. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır.

AĞYOXUŞ - Basarkeçər rayonunda kənd və aşırım adı. 1935-ci ilə qədər "Zod" sovxozunun adı ilə Zod adlanırdı [20, 278]. 1988-ci ildə əhalisi Azərbaycana qovulmuşdur. 1590-cı ildən [169, 66] məlum olan "Ağyoxuş" yaylağının adındandır.

AĞKƏND - İrəvan xanlığının Dərələyəz mahalında (Yeğeqnadzor r-nu) kənd adı [159]. 1918-ci ildə kəndin əhalisi qovulmuşdur. 1922-ci ildə bir hissəsi geri qayıtmış və ermənilərlə qarışıq yaşamışdır. XX əsrin 30-cu illərində kəndin azərbaycanlı əhalisi sıxışdırılıb çıxarılmışdır. 1968-ci ildə kənd ermənicə Aqicadzor adlandırılmışdır. Əsli Əxikənddir. Əxi (titul) və kənd sözündən ibarətdir. (Bax: Ağabaş)

AĞKƏND  - Qafan r-nunda kənd adı.  XX əsrin əvvəllərində ləğv edilmişdir.

AĞKƏND - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan mahalında) kənd adı [133]. 1828-ci ildə İrandan gəlmə ermənilər kənddə yerləşdirildikdən sonra əhali qarışıq yaşamışdır [20, 180]. 1918-ci ildə azərbaycanlılar yenidən qovulmuş, lakin 1948-ci ildə bir hissəsi geri qayıtmışdır. 1948-ci ildə kənd ermənicə Aşotavan adlandırılmışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Əsli Əxikənddir.

AĞKİLSƏ - İrəvan xanlığının Göycə mahalında (indi İcevan rayonunda) kənd adı [159]. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Kəndin adı rəng bildirən ağ və ərəbcə kilis (kilsə) sözlərindən ibarətdir. "Ağ rəngli daşdan tikilmiş kilsə" mənasındadır.

AĞKİLSƏ - İrəvan xanlığının Göycə mahalında kənd adı. [170, 12]. 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır [159]. [170, 12]. XIX əsrdə Azərbaycanda və Ermənistanda mövcud olmuş 10 Ağkilsədən [133] biridir. Rəng bildirən ağ (kilsənin tikildiyi daşın rəngini bildirir) və kilsə  sözlərindən ibarətdir. "Ağ rəngli daşdan tikilmiş kilsə" mənasındadır.

AĞKİLSƏ - Basarkeçər rayonunda kənd adı. 1935-ci ildə ermənicə Azat (fars dilində azat - "vergi verməyən", "süvari" sözündən) adlandırılmışdır. Aşıq Ələsgərin doğulduğu kənddir. 1988-ci ildə əhalisi Azərbaycana qovulmuşdur. Ondan sonra böyük aşığın məzarı da məhv edilmişdir.

AĞKİLSƏ - Axuryan (Düzkilsə) rayonunda kənd adı. Digər adı - Ağyelli. 1829-cu ildə Türkiyədən gəlmiş ermənilər də məskunlaşmışlar. 1878-ci ildə azərbaycanlılar qovulmuşlar (6, 151). 1945-ci ildə kənd ermənicə Qraşen adlandırılmışdır.

AĞKİLSƏ - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında (Yexeqnadzor r-nu) kənd adı [159]. [23, 58].  Mənbədə deyilir ki, kənddə adam yaşamır, şiə olduqlarına görə köçmüşlər [32, 282]. Ondan sonra kəndin yeri qonşu kəndlər üçün məzrə olmuşdur. XIX əsrin ortalarında qışlaq əsasında yeni məntəqə yaranmışdır. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır.

AĞKİLSƏ - İrəvan xanlığının Vedibasar mahalında kənd adı. [170, 92]. Digər adı - Kadili (yenə orada). 1919-cu ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuşdur. 1930-cu ildə əhalinin az qismi  qayıdıb yenidən orada məskunlaşmışdır. 1948-ci ildə Azərbaycan əhalisi Azərbaycana köçürüldükdən sonra kənd dağılmışdır [20, 220].

AĞKİLSƏ -   İrəvan əyalətinin Zarzəmin nahiyəsində kənd adı [23, 120].

AĞKİLSƏ -   İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı [23, 134]. "Çarcor kəndinin yaxınlığında yerləşir" (yenə orada).

AĞKİXLU - İrəvan rayonunda kənd adı. 1951-ci ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd dağılmışdır.

AĞILQAYA - İrəvan quberniyasının Aleksandropol qəzasında hündürlüyü 1788 m. olan dağın adı. Keçmişdə qoyun ağıllarının yerləşdiyi yerdir.

AĞIRLI -   İrəvan əyalətinin Xınzırək mahalında kənd adı [170, 7].

AĞKÖRPÜ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənitanın Sisyan rayonunda) kənd adı [133]. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. XIX əsrin ortalarından bu kənddən Aşağı Ağkörpü kəndi yaranmışdır. Ağkörpü kəndinin əsasını qoymuş bir elin [103, 146] adıdır. XIX əsrdə Tiflis quberniyasının Borçalı qəzasındakı Ağkörpü kəndinin [99, 504] adı ilə mənşəcə eynidir.

AĞKULA - İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı [133]. XIX əsrin sonlarından sonra adı mənbələrdə çəkilmir. Əsli Ağqüllədir. Yaxınlığındakı ağ daşdan tikilmiş qüllənin adındandır.

AĞGÖL - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Gorus rayonunda) kənd adı [133]. XIX əsrin sonlarında kənd dağılmışdır. Oradakı "Ağ göl"ün adındandır.

AĞGÖL  - Qafan r-nunda göl adı. Hazırda Berandzov adlanır.

AĞGÖL  - Masis  r-nunda qoruq adı. 1939-cu ildə ləğv edilmişdir.

AĞGÖL  - Qafan r-nunda kənd adı.  1939-cu ildə ləğv edilmişdir.

AĞGÖL  - Vedi r-nunda göl adı.  Başqa adı - Şorgöl.

AĞLAĞAN - İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı [133,5]. Boz Abdal dağ silsiləsinin zirvələrindəndir. Hünd 2992 m.-dir.   İlk dəfə "Kitabi-Dədə Qorqud" eposunda (IV boy) adı çəkilir (27, 69). Türk dillərində rəng bildirən ağ və mənası məlum olmayan "laqan" sözlərindən ibarətdir. XIX əsrdə Eçmiadzin qəzasındakı Qızıl Laqan (bulaq adı), Şimali Qafqazda Stavropol quberniyasının Böyük Derbet  ulusundakı Laqan-Xuduk (dağ adı) [133] və Dağıstan əyalətinin Teymurxanşura dairəsindəki Cakas-Lağan (133, 80) toponimləri ilə mənaca eynidir. XX əsrin 30-cu illərində fərmanla ermənicə Urasar adlandırılmışdır.

AĞMANQAN - İrəvan quberniyasının Novobayazid qəzasında (Kamo r-nunda) dağ adı [133]. Mənbədə yaylaq adı kimi qeyd olunmuşdur [169, 66]. Digər adı Abdulhasardır.  (133,1). Yerli tələffüz forması həm də Ağmağandır (Miskin Abdalın "Aslan şah və İbrahim" dastanında: "Harda qaldı Ağmağanın elləri"). XIX əsrə aid rus dilli ədəbiyyatda Ağ Maxan forması da vardır [90, 157]. Dağın adı türk dillərindəki ağ və manqkan - "açıq sarımtıl" [143, IV, 2, 2000], ya da mağan - "qaşqa" [143, IV, 2.2000] sözlərindəndir. Mənbələrdə İrəvan xanlığında (Oşakan kəndi yaxınlığında) ermənicə yazılışda Manqanos (yaşayış-məntəqə adlarındakı "os" sonluğu erməni dilində yunan mənşəli şəkilçidir) kəndinin adı çəkilir [135, 47]. Lakin həmin kəndin adı XI əsrə aid elə ermənicə mənbədə Mankan-Qom kimi qeyd olunmuşdur [142, 106]. Mənbələrdə bu dağ həm də Mağmağan və Armağan adları ilə məlumdur (60, 62). Göyçə gölü hövzəsinin cənub-qərbində yerləşən bu dağın zirvəsindəki  göl Armağan adlanır (60, 62).

AĞMANQAN  SIRA DAĞLARI  -  Axtı, Yeğeqnadzor r-nunda silsilə.

AĞMƏHƏMMƏD - İrəvan xanlığının Sürməli mahalında kənd adı [159]. 1918-ci ilin axırında Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Mənbədə Əxi Məhəmməd kimidir. Qurdlar camaatının bir tirəsinin adı idi [170, 18]. Əxi (bu söz barədə bax: Ağabaş) Məhəmməd həmin tirənin sahibkarının adıdır.

AĞNADƏRƏ - İrəvan əyalətinin Xınzirək nahiyəsində kənd adı [170, 7]. Yaqut Həməvinin (XIII əsr) Gəncə şəhəri yaxınlığında qeyd etdiyi Akna qalasının adı ilə eynidir.

AĞOTLUQ - İrəvan əyalətinin İqdır nahiyəsində qışlaq adı [23, 68]. Ərəb qrafikası ilə yazılışı Ağutluq kimidir. Mənbədə qışlağın həm də Mustafabəy qışlağı adlandığı qeyd olunmuşdur (yenə orada). Mal-qaranın otlaması üçün daha münasib sayılan "ağ çiçəkli otluq yer" mənasındadır.

AĞOTLUQ - İrəvan əyalətinin İqdır nahiyəsində qışlaq adı [23, 68].  Mənbədə qışlağın həm də "Qaraçılar qışlağı" adlandığı qeyd olunmuşdur (yenə orada).

AĞOTLUQ - İrəvan əyalətinin İqdır nahiyəsində qışlaq adı [23, 67]. Mənbədə qışlağın həm də Xəndanqulu qışlağı adlandığı qeyd olunmuşdur (yenə orada).

AĞÖVRAT - İrəvan əyalətinin Sürməli nahiyəsində kənd adı [23, 63]. Rəng bildirən ağ və ərəbcə rabat - "möhkəmləndirilmiş düşərgə" sözlərindən ibarətdir. (Bax: Arbat)

AĞÖRƏN - İrəvan əyalətinin Razdan (Aktı)  r-nunda  Katak (Kotayk) nahiyəsindəki  kəndin adı [150, 362]. 1966-cı ildə ləğv edilmişdir. Rəng bildirən "ağ" və örən -"xaraba qala divarı" sözlərindən ibarətdir. (Bax: Ağverən)

AĞÖRƏN -  İrəvan əyalətinin Qırxbulaq nahiyəsində məzrə (əkin yeri) adı [23, 80].

AĞPARA - İrəvan xanlığında Dərəçiçək mahalının Razdan (Axtı) r-nunda kənd adı [159]. Mənbədə Axparadır (23,116). XIX əsrin ortalarında Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid məlumatda kəndin əhalisi erməni idi [136, 60]. Əsli - Əxipara. Əxi (bax: Ağabaş) və para (əsli farsca) "kənddən kənarda əkin və bostan  üçün torpaq sahəsi" [145, 109] sözlərindən ibarətdir.

AĞRI YAYLAĞI - İrəvan əyalətinin Sürməli nahiyəsində yaylaq adı [23, 65]. "Burada Sürməli kəndlərinin rəiyyətləri yaylayır" (yenə orada)

AĞRIYURD  -  Quqark (Böyük Qarakilsə) r-nunda qışlaq adı.

AĞRISİFƏT - İrəvan xanlığının Saatlı mahalında kənd adı [159]. Yerli  tələffüz  forması Əyrisifətdir. 1828-ci  ildə ermənilər tərəfindən azərbaycanlılardan ibarət əhalisi qovulduqdan sonra Türkiyədən gəlmə  ermənilər yerləşdirilmişlər. 1940-cı ildə kənd ləğv edilmişdir (6,169). Türk dillərində ağruki - "sakit" (yavaş axan mənasında) (93, 49) və suvat - "suvarılan  sahədə dairəvi axıdılan su" sözlərindən ibarətdir. (Bax: Arisubat) Azərbaycandakı Pirsaat çayının orta axınında "Səbət düzü" toponimi ilə mənaca eynidir.

AĞRISİFƏT - İrəvan xanlığının Karbibasar mahalında kənd adı [159]. 1939-cu ildə kənd ermənicə Dzoraqyuq adlandırılmışdır.

AĞRICA - İrəvan xanlığının Göycə mahalında kənd adı [159]. "Ayrıca" adının  rus dilində yazılış formasıdır. Yerli təhrif forması Əyricədir. 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi ermənilər tərəfindən qovulduqdan sonra kənd dağılmışdır [159]. XIX əsrdə Azərbaycanda və Ermənistanda mövcud olmuş 6 Ayrıca kənd adından [133, 9] biridir. Keçmişdə müəyyən kəndin bir qrup ailəsinin həmin kəndə məxsus torpaq sahəsində yaratdığı yeni yaşayış məntəqəsi "Ayrıca" və "Yenicə" adlanırdı. "Ayrıca" ilə "Yenicə" arasında fərq onda idi ki, birinci halda kənd verəcəyi vergini ayrılıqda, ikincisi isə ana kəndlə bir yerdə ödəyirdi. Belə yaşayış məntəqəsi "Yarımca" da adlanırdı, çünki yeni məntəqənin əhalisi ana kəndin əhalisi ilə bir icma, bir camaat olaraq qalırdı.

AĞSU - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında (Yexeqnazdor  r-nunda) kənd adı [133]. XX əsrin əvvəllərində kənd dağılmışdır.

AĞSU  -  Qafan r-nunda çay adı.

AĞTABAN - Ermənistanda Zəngəzur dağ belinin cənub hissəsində dağ adı (60, 66). XX əsrin 30-cu illərində ermənicə Artapan adlandırılmışdır. Türk dillərindəki  ağ və monqolca daban - "dağ aşırımı" sözlərindən ibarətdir. (Bax: Ağdaban)

AĞTALA - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (indi Ermənistanın Krasnoselo rayonunda) kənd adı. 1949-1950-ci illərdə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd dağılmışdır. Rəng bildirən ağ və türk dillərindəki  talaq - "dağ zirvəsi" [126, 542] sözlərindən ibarətdir.

AĞTEX - XVIII əsrin əvvəllərində İrəvan əyalətinin Dərəçiçək nahiyəsində kənd adı [150, 362]. Azərbaycan dilində rəng bildirən ağ və farsca teq - "torpaq", "süxur" (145, 205) sözlərindəndir.

AĞTƏPƏ  -  Krasnoselo r-nunda kənd adı. X1X əsrin ortalarında ləğv edilmişdir.

AĞUDİ - Azərbaycanın Yelizavetpol quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) kənd adı 1991-ci ildən Aqitu adlanır Sisyan r-nu) [133, 6]. 1918-ci ildə əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1922-ci ildə əhali geri qayıtmış və ermənilərlə qarışıq yaşamışdır. 1988-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur.

Ağudi Ermənistan ərazisində ən qədim türk mənşəli toponimlərdəndir. İlk dəfə er.əv. VIII əsrə aid Urartu mənbələrində Kiçik Qafqazda Akutaini adı çəkilir (bax: 14, 55). Bu adın "ini" hissəsi Urartu dilində məkan bildirən şəkilçidir. Ona görə də mənbədəki Akuta adı ilə Aqudi toponiminin eyniliyinə şübhə ola bilməz. XIX əsrdə Qars əyalətinin Oltin dairəsindəki Aqut-Kom (kənd və yayla adı) (133,6), Kutais quberniyasının Zuqdidi qəzasındakı Axuti (kənd adı)(133, 24), Tiflis quberniyasının Borçalı qəzasındakı Akut-qaya (dağ adı) (133, 10), Naxçıvan qəzasındakı Aqut-İr (kənd adı) (133, 6), Azərbaycanda Quba qəzasındakı Oqudi (qışlaq adı) [133, 122] toponimləri ilə mənşəcə eyidir. Azərbaycanda Şəki r-nundakı Öhüd (XIX əsrə aid mənbələrdə Oxut şübhəsiz ki, Okut adının fonetik forması) kəndinin adı da bu sıraya aid edilə bilər.

AĞXAÇ - Rəvan əyalətinin Məvaziyi-Xatun nahiyəsində kənd adı [169, 132]. "Üstündə xaç rəsmi olan daş, qaya" mənasındadır.

AĞXAÇ - İrəvan quberniyasının Dərələyəz mahalında (Vayk) kənd adı [133]. 1847-ci ildə Türkiyədən gəlmə ermənilər də məskunlaşmışdır. 1919-cu ildə azərbaycanlılar qovulmuşdur.

AĞCA - İrəvan əyalətinin Karni nahiyəsində kənd adı. Ermənicə yazılışı Aqcaots kimidir [150, 358]

AĞHƏMZƏLİ - Zəngilan r-nunda kənd adı.  Əhalisi 1988-ci ildə ermənilər tərəfindən qovulmuşdur.

 

AĞCAARX - Oktemberyan rayonunda kənd adı. 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı kimi qeyd olunur [23, 91]. "Əhalisi Sinli əşirətindəndir" (yenə orada). 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Arevik adlandırılmışdır. Rəng bildirən "ağca" (ağımtıl) və "arx" sözlərindən ibarətdir.



AĞCAVƏNG -  İrəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı [170, 14]. Həmin mənbədə deyilir ki, kənddə adam yaşamır, şiə olduqlarına görə köçmüşlər [23, 281].

AĞCAVİRAN -     Rəvan əyalətinin Vedi nahiyəsində kənd adı [169, 222].

AĞCAQAYA -   Rəvan əyalətinin Şərabxana nahiyəsində kənd adı [169, 241].

AĞCAQALA - İrəvan quberniyasının Eçmiadzin qəzasında (sonra Talin r-nunda) kənd adı [33, 4]. Mənbədə kəndin həm də Uruş adlandığı qeyd olunur [170, 53]. 1828-1832-ci illərdə kənddə xaricdən gəlmə ermənilər də məskunlaşmışlar [159]. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur. 1946-cı ildə kənd ermənicə Bazmaberd, 1978-ci ildə Tsaxqalanq adlandırılmışdır. Yaxınlığındakı "Ağcaqala" xarabalığının adındandır. Xarabalıq isə qədim Yervandaşat şəhərinin qalıqlarıdır. XVII əsr erməni müəllifi yazır ki, qədim Yervandaşat indiki Ağcaqaladır [57, 61]. Ağcaqala "ağımtıl rəngli daşdan tikilmiş qala" mənasındadır. XIX əsrdə Azərbaycanda və Ermənistanda mövcud olmuş 9 Ağcaqala toponimindən [133] biridir. Ağcaqala toponiminin adı  "Ağcaqala Sürməli" formasında ilk dəfə "Kitabi-Dədə Qorqud" eposunda çəkilir (27, 78). Şərqi Türkiyədə, Qars çayı üstündə yerləşən həmin Ağcaqalanı XVII əsrin əvvəllərində bir erməni müəllifi də qeyd etmişdir [91, 17]. Həmin Ağcaqala orta əsrlərdə Sancaqlığın mərkəzi idi.

AĞCAQALA -   Rəvan əyalətinin Karbi nahiyəsində kənd adı [169, 85]. Mənbədə kəndin həm də Xatunkəndi adlandığı göstərilir (yenə orada).

AĞCAQALA -   İrəvan əyalətinin Xınzirək nahiyəsində kənd adı [23, 48].

AĞCAQALA -   İrəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı [170, 16].

AĞCAQALA - XVIII əsrin əvvəllərində Qeqarkuni mahalında (Göycə mahalında) kənd adı [150, 360].

AĞCAQALA - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (indi Ermənistanın Krasnoselsk rayonunda) qışlaq adı. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq qışlaq dağılmışdır.

AĞCAQALA -   İrəvan əyalətinin Məzrə nahiyəsində kənd adı [23, 62].

AĞCAQALA -   Rəvan əyalətinin Ağcaqala nahiyəsində kənd adı [169, 182].

AĞCAQALA -   Vedi mahalında Məngük kəndinin ərazisində qədim tikili.

AĞCAQIŞLAQ - İrəvan əyalətinin Sürməli nahiyəsində kənd adı. "Pirilu camaatına mənsub qışlaqdır" [170, 16]. (Yenə orada)

AĞCAQIŞLAQ -   İrəvan əyalətinin Xınzirək nahiyəsində kənd adı [170, 7]. Mənbədə kəndin Şaqiabad (Şəkiabad) camaaatına məxsus olması qeyd edilir [170, 7].

AĞCAQIŞLAQ - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı [133]. Mənbədə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı idi [23, 83]. "Başqa adı Çerçerakin" (yenə orada). 1918-ci ildə kəndin əhalisi qovulmuş və İrandan gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə əhalisinin bir hissəsi qayıdaraq ermənilərlə qarışıq yaşamışdır. XX əsrin 30-cu illərində azərbaycanlılar sıxışdırılıb çıxarılmışlar.

AĞCAQIŞLAQ - İrəvan xanlığının Zəngibasar mahalında (Masis r-nunda) kənd adı [159].  1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1978-ci ildə kənd ermənicə Getapiya adlandırılmışdır.

AĞCAQIŞLAQ - İrəvan xanlığının Qarnibasar mahalında (Artaşat r-nunda) kənd adı [159].  "Əhalisi Qəmərli camaatındandır" (yenə orada). 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1948-ci ildə kənd ermənicə Qetazat adlandırılmışdır. 1728-ci ilə aid mənbəyə görə kənd "Kəmərlu camaatı"nın qışlağı əsasında yaranmışdır [170, 9].

AĞCAQIŞLAQ - İrəvan əyalətinin Maku nahiyəsində qışlaq adı [23, 42].

AĞCAQIŞLAQ -   İrəvan əyalətinin Qarni nahiyəsində kənd adı [23, 101]. "Başqa adı Xatunkənd" (yenə orada).

AĞCAQIŞLAQ -   İrəvan əyalətinin İqdır nahiyəsində Tecirlu kəndinə məxsus qışlağın adı [23, 66].

AĞCADAMAN -   Rəvan əyalətinin Bazarçay nahiyəsində kənd adı [169, 156]. Rəng bildirən ağca (ağımtıl) və türk dillərindəki taman - "ətək", "dib" (126, 542) sözlərindən ibarətdir.

AĞCAKƏLKİD -   Rəvan əyalətinin Məzrə nahiyəsində kənd adı [170, 15]. XVIII əsrin ortalarına aid ermənicə mənbədə Ağca-Kilid kimidir [150, 360]. Adın bu yazılışı düzgündür.  Azərbaycanca ağca və farsca kilid (əsli kəlat) - "qala" [145, 108] sözlərindən ibarətdir.

AĞCAKƏND -   Rəvan əyalətinin Zar nahiyəsində kənd adı [169, 328].

AĞCAKƏND -   Rəvan əyalətinin Sisyan nahiyəsində kənd adı [169, 334]. 1728-ci ilə aid mənbədə də adı çəkilir [23, 150]. Mənbədə deyilir ki, kənddə adam yaşamır [32, 242].

AĞCAKƏND - İrəvan quberniyasının Dərələyəz qəzasının Vayk (Əzizbəyov) r-nunda kənd adı [133]. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır.

AĞCAKİLSƏ -   Rəvan əyalətinin Vedi nahiyəsində kənd adı [169, 222].

ADA - Krasnoselo r-nunda qala adı.

ADA - XVII əsrdə Göycə gölünün içərisindəki adanın adı [150, 360]. (Bax: Göycə) "Ada" sözü oğuz dilləri üçün səciyyəvi olduğuna görə (başqa türk dillərində "Aral"dır) görünür, toponim oğuzlara aiddir.

ADAKUT  -  Meqri r-nunda kənd adı.  Ləğv edilmişdir.

ADAMBAZAR - 1590-cı ildə Rəvan əyalətinin Sisyan nahiyəsində kənd adı [169, 334].

ADAMDƏRƏSİ  -  Martuni r-nunda çay adı.

ADAMXAN - Martuni r-nunda kənd adı. 1968-ci ildən adı Vardadzordur. 1940-cı illərin axırlarında kənd dağılmışdır. Adamxan şəxs adındandır.

ADATƏPƏ - Yelizavetpol quberniyasının Qazax qəzasında (indi Ermənistanın Tumanyan rayonu) qışlaq adı [133]. Adatəpə dağının adındandır.

ADATƏPƏ - İrəvan quberniyasının Novobayazid qəzasında dağ adı [133, 6]. Adatəpə Göyçə gölünün şərq sahilində yarımadanın adıdır. Digər adı Ardanışdır (Bax: Ardanış).  Azərbaycanın Qazax bölgəsinin maldar ellərinin yaylaq yeri olmuşdur. Əsl adı Adaytəpədir. Türk dillərindəki aday (ada) və təpə sözlərindən ibarətdir. XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Nalçik dairəsindəki Aday-Su (çay adı), həmin əyalətin Vladikavkaz dairəsindəki Aday-Xox (dağ adı), Azərbaycanda Quba qəzasındakı Adakar (dağ adı) [133] toponimləri ilə mənaca eynidir. Türk dillərində ada (aday) və ata  "dörd tərəfdən su ilə əhatə olunmuş quru sahə, yer" mənasındadır. Quruda isə bu söz yumruvarı formalı qabarıq təpə mənasını bildirir. (Türkmənistandakı ada -"qum təpəsi" sözü barədə bax: S.Ataniyazov. Türkmenistanın qeoqrafik atlarının düşündirişli sözlüqi. Aşqabad. 1980, s.23).

ADATƏPƏ -  Krasnoselo r-nunda kənd adı.  Ləğv edilmişdir.

ADATLI - İrəvan xanlığının Qarnibasar mahalında kənd adı [159]. 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra [159]  kənd dağılmışdır. Adatlı dağının adındandır.

ADATLI - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı [133]. Mənbədə Adətli kimidir. [170, 20]. Adatlı dağının adındandır.

ADATLU - İrəvan əyalətinin Aralıq nahiyəsində kənd adı [23, 71]. Adatlı dağının adındandır.

ADATLU - İrəvan quberniyasının Sürməli qəzasında iki dağın adı [133,6]. Ehtimal ki, orta əsrlərdə şahsevənlərin Adatlı tayfası da adını bu dağdan almışdır, çünki bu dağ onların da yaylaq yerləri idi. XIX əsrdə Dağıstan əyalətinin Andi dairəsində Adatlmeer (Adatlı dağı) dağ adı ilə eynidir. Mənası məlum deyil.

ADYAMAN - İrəvan quberniyasının Aleksandropol qəzasında (Martuni r-nunda) dağ, çay və kənd adı [133]. Mənbədə İrəvan əyalətinin Məzrə və Şirakel nahiyələrində Adıyaman iki kəndin adı kimi qeyd olunmuşdur (23, 61; 23, 126]. 1919-cu ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Qarnhovit adlandırılmışdır. Türkcə mənbələrdə kəndin adı Adiyaman kimidir. Hələ XIX əsrin I yarısında bu kəndin Yuxarı Adyaman (bax) və Aşağı Adyaman (bax) məntəqələri yaranmışdır. XIX əsrdə Şərqi Türkiyədə Adiyaman (başqa adı Xisn Mansur) qalasının adı ilə mənşəcə eynidir. Toponimin mənası məlum deyil. Er.əv. VIII əsrdə Urartu çarlarının yazılarında indiki Ermənistan ərazisində Aydaman "ölkə" adı çəkilir. Biz həmin toponimin Adyaman adı ilə mənşəcə eyniliyini qeyd etmişik (bax: 15). (Bax: Aydaman)

AZADEK - İrəvan xanlığının Şərur-Dərələyəz mahalında (Yeğeqnadzor r-nunda) kənd adı [159]. Mənbədə kənddə üç erməni ailəsinin yaşadığı qeyd olunmuşdur [32, 305]. 1828-1832-ci illərdə kənddə xaricdən gəlmə ermənilər də yerləşdikdən sonra əhali qarışıq yaşamışdır. XX əsrin əvvəllərində azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. Qədim türk dillərindəki asu - "qırmızı gil" [93, 64] və farsca teg -"torpaq", "süxur" [145, 205], ya da həmin dildə dək "yağışdan sonra su ilə dolan şoran çökəklik", "şor göl", "şoran torpaq", "bitkisiz yer" (45, 67) sözlərindən ibarətdir. Ola bilər, bu toponim Azad şəhər adı ilə bağlıdır. Həmdullah Qəzvini (XIV) Ordubaddan 30 km aralıda Gilançayın üstündə Azad şəhərinin yerləşdiyini yazır. Onda, ehtimal ki,  bu kəndin adı Azad və farsca deh - "kənd" sözlərindən ibarətdir.

AZADİBEK  -  Gümrü yaxınlığında kənd adı.

AZADKAHA -   İrəvan əyalətinin Göycə nahiyəsində kənd adı [23, 55]. Azad şəxs adından və Azərbaycan dilindəki kaha (mağara, zağa) sözündən ibarətdir. Əsli Əsədkahadır. Əsəd şəxs adından və kaha "mağara", "zağa" sözündən ibarətdir.

AZADKAHA -   İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı [23, 125]. Hacı Bayram kimi də tanınır (yenə orada).

AZAKLAR - İrəvan xanlığının Qırxbulaq mahalında kənd adı [159]. 1828-1832-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağılmışdır [159]. Azaklar kəndin əsasını qoymuş nəslin adıdır. Ehtimal ki, eranın əvvəllərində Şimali Qafqazda yaşamış Yazık tayfasının adındandır. İosif Filavi yazır ki, Yazık peçeneqlərin bir tayfasıdır. (Н.А. Месерский. История Иудейской войны Иосифа Флавия в древне русском переводе. М-Л, 1958, с. 454).

AZƏRKU - Rəvan əyalətinin Karbi nahiyəsində kənd adı [169, 93]. Azərbaycan dilindəki (əsli ərəbcə - hesar) hasar "möhkəmləndirilmiş kənd", "qala", "qala divarı" [145, 237] və farsca kuh "dağ" sözlərindən ibarət təhrif olunmuş addır.

AZNABERD  -  Meğri r-nunda dağ adı.

AYAQŞORCA - İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı. 1919-cu ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Kəndin adı "Ayaqda (yəni ətəkdə) yerləşən Şorca kəndi" mənasındadır. (Bax: Şorca)

AYAZLI - İrəvan xanlığının Qarnibasar mahalında, sonra İrəvan quberniyasının İrəvan qəzasında kənd adı [133, 26]. 1918-1919-cu illərdə əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1938-ci ildə kənd ermənicə Ayqestan adlandırılmışdır. Əsli - Ayaslı. Ehtimal ki, gətirilmə addır. Anadolunun şərqində orta əsrlərdə Ayas mahalından [34, 198] gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. (Bax: Ayaslu-Kəbir)

AYARLI - İrəvan xanlığının Qarbibasar mahalında, sonra İrəvan quberniyasının Eçmiadzin qəzasında (Eçmiədzin r-nu) (133, 26) kənd adı [159]. İlk dəfə 1728-ci ildən məlumdur [170, 68]. Həmin mənbədə Əyarlı kimidir (yenə orada). 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1978-ci ildə kənd ermənicə Lernamets adlandırılmışdır. Mənşəcə Şərur-Dərələyəz qəzasındakı Ayar (bax: Əyar) kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır.

AYASLU-İ KƏBİR -   İrəvan əyalətinin Karpi nahiyəsində kənd adı [170, 9]. "Böyük Ayaslı" mənasındadır. Mənbədə kəndin həm də Quşçu adlandığı qeyd olunur (yenə orada). Mənşəcə kənd Şərqi Türkiyədə (Kilikiyada) orta əsrlərdə mövcud olmuş Ayas mahalından gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır.

AYASLU-SAQİR -   İrəvan əyalətinin Karpi nahiyəsində kənd adı [170, 9]. "Kiçik Ayaslu" mənasındadır. Ayaslu Kəbir (Böyük Ayaslu) kəndinin adından yaranmış məntəqədir.

AYVAZLI - Kasak (Sirkəli) çayı hövzəsində kənd adı. 1920-ci ildə ermənilər bu kiçik kəndin əhalisinin bir hissəsini öldürmüş, digər hissəsini taxıl quyularına doldurub üstlərinə daş tökmüşlər (6, 152).

AYQIZPARÇİ -   İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı [170, 4]. Əsli Axis - Parçi, yəni "Parçi kəndi yaxınlığında yerləşən Axis kəndi". (Bax: Axis) (Eçmiadzin qəzası). Parçi toponimi barədə bax: Parçenis.

AYQIRBAQ - Pəmbək silsiləsində dağ adı.

AYQIRGÖL - Eçmiadzin r-nunda kənd adı. 1918-1919-cu ildə əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir. 1978-ci ildə kənd ermənicə Aknaliç adlandırılmışdır. Ayqırgölün adındandır. (Bax: Ayqırgölü) Türk dillərindəki ayqır otunun adından və göl sözlərindən ibarətdir. "Ətrafında ayqır otu bitən göl" mənasındadır. Qazaxıstandakı Ayqırbulaq və Ayqırgöl [108, 18] toponimləri ilə mənaca eynidir.


Download 1,35 Mb.
1   2




Download 1,35 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



ErməNİstanda azərbaycan məNŞƏLİ toponiMLƏRİN İzahli lüĞƏTİ 1

Download 1,35 Mb.