ErməNİstanda azərbaycan məNŞƏLİ toponiMLƏRİN İzahli lüĞƏTİ 1




Download 1,35 Mb.
bet2/2
Sana24.03.2017
Hajmi1,35 Mb.
#1841
1   2
Ona görə də XIX əsrin əvvəllərində Ağbaba dağı "Ağbaba ziyarətgahı dağı" da adlanırdı (bax: 159). Ağbaba daş hasarlı pirdir. Ziyarətgahın yanında "Ziyarət bulağı" adlı bulaq da vardır. Qızıl Ocaq piri isə Ağbaba pirindən bir qədər aşağıda yerləşir. Bu pir keçmişdə Azərbaycan türkləri tərəfindən ziyarət edilmiş bir neçə qəbirdən ibarətdir. Ağbaba bölgəsində Çaxmaq kəndinin üst tərəfində,  Şiş ocağı (Şiş piri) dağında Qoyunbulaq piri yerləşir. Ağbaba dağ silsiləsində Qayıqulu, Kəngər, Sakat və Baytar adlı etnonimik oronimlər vardır.

Ermənistanın Türkiyə ilə sərhəd bölgəsində XIX əsrdə bir dağ Göydağ (hünd. 2871 m) adlanır. "Kitabi-Dədə Qorqud" eposunda bu dağın adı "Gögcədağ" kimidir (27, 69).

Ermənistanda türk mənşəli ən qədim dağ adı Alagözdür. Azərbaycanlılar içərisində "Ələyəz" kimi tələffüz olunan bu dağın hündürlüyü 4090 m-dir. Ermənicə tələffüz formasında Araqadz kimi bu dağın adı V əsr erməni mənbələrindən məlumdur. Bir sıra xarici və erməni tədqiqatçılarının bu oronimin mənasının qədim erməni dili və məlum qədim Şərq dilləri əsasında aydınlaşdırılması təşəbbüsləri boşa çıxmışdır. Belə də olmalı idi, çünki dağın adı qədim türkcədir. Alagöz türkcə al "geniş", "böyük sahə" (147, 1, 755) (Alazan çayının adında olduğu kimi, bax: 13, 182) və gəz "dağ belində batıq yer" sözlərindən ibarətdir. Deməli, bu oronim əslində Alagəz, daha dəqiqi Alaqəz olmuşdur. Oronimin ikinci komponentinin "qəz" olduğunu qədim ermənicə "ğadz" kimi yazılışı da göstərir. Lakin danışdıqda adın "q" səsi fonetik dəyişikliyə uğrayaraq "y" səsinə keçmişdir. (Şiraqel etnotoponiminin Şörəyəl formasını kəsb etməsi kimi). Oronimdə "gəz" sözünün iştirak etməsi zirvəsində vulkan mənşəli iri batıq yerin olması ilə əlaqədardır. Bu adın "ala" sözü də məhz həmin gəzə - yəni vulkan mənşəli batıq yerə aiddir. Qeyd etmək lazımdır ki, Ermənistanda Şahdağın zirvələrindən biri də Gəzdək adlanırdı.

Alagözün zirvələrinin adları da türk mənşəlidir: Çınqıl, Güyül, Ziyarət, Qızıl, Ləqəm, Qaradağ, Qaraköynək, Qızıl Ziyarət, Qızıldağ. Şiştəpə, Buğutlu, Börklü, Qıpçaq, Qaranluq, Bakugöl, Şəkərli gölü, Marallıq və s. (bax: Z.Korkotən. Araqaü (qara Alaqez), Erevan, 1936). XIX əsrdə Şərur-Dərə-Ələyəz və Eçmiadzin qəzalarında Alagöz adlı çay və şəhər xarabalığı vardı (133, 16).

İndi ermənicə Birakn kimi yazılan dağın (hünd. 3650 m.) adı XIX əsrin I yarısına aid ədəbiyyatda Binqel (yəni Mingöl) kimidir. Ermənilər adın birinci "n" səsini "r" səsinə çevirmiş, "göl" sözünü isə ermənicə "bulaq", "göl" mənasında "akn" sözü ilə əvəz etmişlər. Alagöz dağının yamacında yerləşən bu dağın adı sonra Byurakan şəklinə salınmış və beləliklə ermənicə akn "göl" sözü "akan" formasına çevrilmişdir.

Sarakn dağının (hünd. 3542 m) adı Sarıbulaq oroniminin erməniləşdirilmiş formasıdır, yəni adın "bulaq" sözü ermənicə akn "bulaq" sözü ilə əvəz edilmişdir. Ermənistanda Tondrak dağının (hünd. 3542) adı orta əsrlərdə mövcud olan Tondrak mahalının adındandır. Mahal və dağ qədim türk mənşəli Dondar tayfasının adını əks etdirir (bax: 79, 135-137 və 352).

Ermənistanın Türkiyə ilə sərhəd bölgəsində Qarqar dağları yerləşir. "Kitabi-Dədə Qorqud"da "qarşu yatan qara qarlı dağlar"(27, 54) ifadəsindəki "qara-qarlı" sözü eposun üzünü köçürmüş katiblərin səhvidir və ona görə "Qarqarlı" kimi bərpa edilməlidir. Şərqi Türkiyədə, Yuxarı Basində bir dağ indi də "Karqar dağları" adı ilə məlumdur. Dağın adı qədim türk mənşəli Qarqar tayfasının adından ibarətdir. "Alban tarixi"ndə Albaniya ərazisində qarqarların adı eranın əvvəllərinə aid hadisələrdə çəkilir. Dağlıq Qarabağda da bir dağ Qarqardağ (hünd. 2320 m) adlanır. Digər Qarqardağ Samur çayının mənsəbindədir. Mənbədə deyilir ki, Ənuşirəvan (531-579) Müşkur torpağında (Şimal-Şərqi Azərbaycanda) Karkar şəhərini tikmişdir (Мухаммед Аваби Акташи. Дербенднаме. Махачкала, 1992, с.43). Ибн Xordadbeh (IX əsr) bu şəhərin adını Kərkərə kimi qeyd etmişdir.  Azərbaycanın bəzi tədqiqatçıları (İqrar Əliyev, Fəridə Məmmədova və b.) rus və erməni tarixçilərinin ardınca bu tayfanı Dağıstan dilli və ya Nax (yəni Çeçen-İnquş) mənşəli sayırlar. Bu, uydurma fikirdir. Oxucu haqlı olaraq soruşa bilər ki, Ermənistan-Türkiyə sərhəd bölgəsində Qarqar dağlarında hansı dağıstanlılar, yaxud çeçen-inquşlar yaşaya bilərdi? Azərbaycanda və Ermənistanda bu tayfanın adı təhrif olunmuş şəkildə Gərgər və Herher kimi bir neçə yaşayış məntəqəsinin adında qalmışdır. Əslində qarqarlar, bizcə,  er.əv. VIII əsrdə sakların tərkibində Cənubi Qafqaza gəlmiş türk mənşəli tayfadır  (Qarqarlar barədə bax: 79, 78-81).

Ermənistan ərazisində bir dağ silsiləsi Ağ-Manqan allanır. Lüğətdə bu dağın adının türkcə mənası verilmişdir. Silsilənin Qızıl Ziyarət, Naltəpə, Şahbulağı, Südlübulaq və Arxaşan adlı zirvələri vardır. Bu dağlar Ermənistan azərbaycanlılarının yaylaq yerləri olmuş, ona görə də bəzi kənd adlarında onların adları  öz əksini tapmışdır.

Ermənistanın Gürcüstanla sərhəddində Pəmbək dağ silsiləsi yerləşir. Keçmişdə yaylaq yerləri olmuş bu ərazi qədimlərdən türk tayfalarının məskənidir. Oronimin Azərbaycan türkləri içərisində tələffüz forması Bəmbək, orta əsr erməni mənbələrində Pambak kimidir. Əsli Bambakdır. Dağın adı Altay (türk, tunqus, mancur) dillərində geniş yayılmış bom, boom "çay vadisinin dar hissəsində hündür, sıldırım qaya", "çay sahilində hündür qaya-burun" (126, 91) və bak, bək "təpə" sözlərindən ibarətdir. İlk baxışda oronimin bam komponenti ilə bom (boom) sözünün eyniliyi şübhə doğura bilər. Lakin V.V.Radlov hələ keçən əsrdə yazmışdı ki, qırğızlarda bom sözü buam  (yakutlarda buom) kimi tələffüz olunur (V.V.Radlov. Краткий отчет о поездке в Семиречнюю область и на Иссык-Куль летом 1859 г. "Известия Русского географического обшества", 1870, № 6).  Buradan belə nəticəyə gəlmək olar ki, bu sözün həm bom, həm də buam (danışıqda "u" və "a" səslərinin yanaşı durması ilə əlaqədar olaraq - "bam") forması möv-cud olmuşdur. Maraqlıdır ki, XIX əsrdə Şimali-Qafqazda - Maykop əyalətində də bir dağ Pəmbək adlanırdı (133, 31). "Kitabi-Dədə Qorqud" eposunda adı çəkilən Bambam (27, 65) toponimi ehtimal ki, (katiblərin səhvi üzündən) "Bambak" adının yazılışıdır. Ağrıdaq (Ararat) silsiləsində bir dağın Bambul adlanması da diqqəti cəlb edir. Bu ad bamb ("b" səsi danışıqda əlavə olunmadır) və türk dillərində ul  "yüksəklik", "dağ" (147, 1, 594) sözlərindən ibarətdir. Cənubi Sibirdə Meçin-Ul, Terqen-Ul dağ adları var (126, 575). Pəmbək oroniminin "bək" hissəsi isə Azərbaycanda və Ermənistanda bir sıra toponimlərdə olduğu kimi, qədim türk dillərində "təpə", "yüksəklik" (bax: 86) mənasındadır və bu söz Ermənistanda bir neçə yaşayış məntəqəsisinin adında əksini tapmışdır. Dağın adı ilə bağlı olaraq Ermənistanda Pəmbəkçay və Pəmbəkkənd adları da olmuşdur. Bu adlar barədə lüğətdə məlumat verilmişdir.

Pəmbək dağ silsiləsinin bir zirvəsi Maymaq adlanır (yüks. 3082m). Maymaq əslində oradakı qədim ziyarətgahın adıdır; deməli, dağ pirin adı ilə adlanmışdır. Ehtimal ki, pir qədim türklərin Umay (May ana) ilahəsinin adından ibarətdir. Qədim türklərdə bu ilahə körpələrə himayəlik edən kölgəsiz quş kimi təsəvvür olunurdu. XIX əsrin əvvəllərində Pəmbək dağ silsiləsinin aşağıdakı zirvə adları qeyd olunmuşdur: Böyük Buğutlu, Kiçik Buğutlu, Cəngi, Sudaqan, Qarnıyarıq, Misxana, Ulyaşik, Şəkərbaşı, Eşşəkmeydan, Eşşəkquduran, Alapapax və b. (159, 356). Buralar həm də Azərbaycan türklərinin yaylaq yerləri idi.

İndi Ermənistana aid Göycə mahalı tarixən Alban ərazisidir. VII əsr Alban tarixçisi Musa Kalankatlı er.əv. II əsrə aid hadisələrdən danışarkən yazır ki, Artaşes paytaxtında "Alban ordularını yanına dəvət edir, onlarla Göycə gölünün sahilinə gəlir və onların köməyilə Yervandı qovub Ərməniyəni işğal edir" ("Alban tarixi", I kitab, 9-cu fəsil). Bu məlumatdan aydın olur ki, o vaxtkı Göycə mahalı Ərməniyəyə məxsus deyildi. Ümumiyyətlə, mahalın əhalisi tarix boyu, hələ er.əv. VIII-VII əsrlərdən bəri türk dillilər olmuşlar. Bu barədə aşağıda "Etnik tarix məsələləri" fəslində deyiləcəkdir.

Bu mahalda XIX əsrin əvvəllərinə aid rus dilli ədəbiyyatda çəkilən dağ adlarının hamısı (Güneydağ, Cantəpə, Şahdağ, Adatəpə, Qara-Erkəc, Oğrunca, Şişqaya, Konqurdağ və b.) (159, 366) təmiz azərbaycancadır.

Borçalı mahalı hələ eradan əvvəl türk mənşəli tayfaların yaşadığı bölgədir. Mahalın Lori nahiyəsini ermənilər 1918-ci ildə işğal etmiş və orada 1930-cu ildə Alaverdi rayonunu, 1969-cu ildə Tumanyan rayonunu təşkil etmişlər. Bu rayonun ərazisindəki Danabaşı, Keçəltəpə, Dikdaş, Babaqar, Dəlidağ, Gəzdək dağları Azərbaycan türklərinin yaylaq yerləri olmuşdur. Qeyd edilməlidir ki, bu dağların hətta XIX əsrdə gürcücə və ermənicə adları yox idi.

Ermənistanın Martuni rayonunun ərazisində Armağan, Asoy Mirzə və Sakoyvar dağlarının adları da türkcədir. Bunlardan Sakoyvar dağının adı diqqəti cəlb edir. Əslində bu oronim Sakavardır. Sakoyvar forması onun ermənicə yazılış formasıdır. Sakavar eradan əvvəl VII əsrdən indiki Ermənistan və Azərbaycan ərazisində hakim etnos olmuş qədim türk mənşəli Sak(a) tayfasının (bax: 13) adını əks etdirir. Ermənistanda Saka (Şaka) etnonimi ilə bağlı toponimlər çoxdur.

Ağrıdağ (ermənicə Ararat) silsiləsindəki dağların adları - Kəbirdağ, Koroğludağ (Kəbirdağdan 30 km cənub-şərqdə yerləşən bu dağın zirvəsində "Koroğlu qalası" adlı qala vardır), Təkaltu (Koroğludağdan 20 km aralıda yerləşir, əsli Təkəaltı, "dağ keçisi, yəni təkə yaşayan dağ"), Ağdağ, Zordağ, Siçanlıdağ, Qara Çomaq, Parçenis, Pambul (yaxud Xaç Gədik) (bax: 159) və s. oralarda qədimdən əhalinin türk dilli olduğunu göstərir.

Ermənistanın Gürcüstan və Azərbaycanla sərhəd bölgəsində Kəngər dağları yerləşir. V əsrə aid erməni mənbələrindən məlum olan bu dağın adı şübhəsiz ki, eranın əvvəllərindən orada yaşayan qədim türk mənşəli kəngərlərlə bağlıdır (bax: 79, 101-103).

Ermənistanda Quqar və Kayıqulu dağları isə qədim türk mənşəli Quqar (bax: 79, 193-197) və Səlcuq oğuzlarının Kayı (Kayıqulu oronimi Kayıoğlu adının təhrifidir) tayfalarının adlarını əks etdirir.

Qədim Alban əyaləti olan Sisakan (sonrakı Zəngəzur) müəyyən tarixi hadisələrlə əlaqədar olaraq orta əsrlərdə İrəvan əyalətinə daxil idi. Sonra bu bölgə Qarabağ, Naxçıvan və İrəvan xanlıqları arasında parçalanmışdı. XIX əsrdə tarixi ədalət yerini tutmuş və Zəngəzur mahalı Yelizavetpol (Gəncə) quberniyasına mənsub edilmişdi. Azərbaycan və Ermənistan arasında razılaşma əsasında XX əsrin 20-ci illərinin əvvəllərində Zəngəzurun çox hissəsi (indiki Sisyan, Qafan və Gorus rayonları) Ermənistana verilmişdir. Lakin bu bölgənin bütün toponimləri, o sıradan dağ adları türkcədir. Lüğətdə bu dağ adları haqqında məlumat verilmişdir.

Ermənistan ərazisində Arxaşan (2300 m), Tej (yüks. 3090 m), Maymaq (yüks. 3082 m), Ağlağan (yüks. 2992 m), Dəlidağ (yüks. 3196 m), Gəlinqaya (yüks. 2488 m), Tayaqaya (yüks. 3250 m), Köksügözəl Qayaköynək (yüks. 2630 m) və b. dağ silsilələrinin adları da türkcədir. Köksügözəl Qaraköynək dağının adı ehtimal ki, "Kitabi-Dədə Qorqud" eposundakı Köksügözəl Qabataq adının (27, 37) bəlkə də eynidir.

Ümumiyyətlə, indiki Ermənistan ərazisində qədim türk mənşəli Bayat,  Qarqar, Kəngər, Quqar, Kayı və Şirak etnonimləri ilə bağlı dağ adları oralarda həmin tayfaların qədimdən yaşadığını göstərən faktlardır. Diqqəti bu cəlb edir ki, həmin dağların ermənicə adları məlum deyil. İndi Azərbaycan türklərinin Ermənistanda yaşamadığı bir şəraitdə ermənilərin bu dağları necə adlandıracaqları bilinmir.

Ermənistanda dağların adları barədə A. Bayramovun əsərində ətraflı məlumat verildiyinə görə  (6, 90-102) deyilənlərlə kifayətlənirik.

İrəvan xanlığında və İrəvan quberniyasında Urartu mənbələrində adı çəkilən, lakin ermənicə olmayan Axuryan (Urartuca er.əv. VIII əsrdə Akuriani) istisna edilməklə bütün çay adları da türkcə idi. İndiki Ermənistan ərazisində ermənicə çay adı da yoxdur.

Araz çayının adını ilk dəfə er.əv. VI əsr müəllifi Hekatey çəkir. Urartu mənbələrində onun adı Muna kimidir ki, bu da Altay dillərində mu "su" [126, 378] sözündəndir. Araz çayının adı haqqında çox yazılmış, lakin indiyədək mənası aydınlaşdırılmamış qalmışdı. Son tədqiqatlar bu adın qədim türkcə ərəz, uras, oraz "sakit", "dinc", "xeyirxah", "xeyir gətirən" (147, I, 666-667) sözündən ibarət olduğunu göstərmişdir. Çaya belə ad verilməsi onun xalqın təsərrüfat həyatındakı, xüsusilə suvarma əkinçiliyindəki rolu ilə əlaqədar olmuşdur. (Bu barədə bax: Q.Qeybullayev. Azərbaycanlıların etnik tarixinə dair. Bakı, 1994). Aşağıda Araz adının mənşəyi məsələsinə qayıdacağıq.

Şərqi Türkiyədən və Ermənistandan axan Arpaçay çay adını götürək.

Yunan müəllifi Ksenefont (er.əv. 430-354) er.əv. 403-cü ildə İrana getmiş, Kiçik Kirin öz qardaşı II Artakserksə qarşı hərbi səfərində iştirak etmiş, lakin Kir döyüşdə öldürüldükdən sonra 10 min nəfər muzdlu yunan əsgərinin başında Kiçik Asiyanın şərqindən keçib Qara dənizin şimal sahillərinə qayıtmasını təşkil etmişdir. Keçdiyi yol boyu müşahidə etdiklərini "Anabasis" adlı əsərində təsvir etmiş Ksenefont "skiflərin yaşadığı ərazidə" "Arpazos" çayının adını çəkir. (Ksenefont, "Anabazis", IV, 7, 18).

Araşdırmamız göstərir ki, "Arpazos" Arpaçay (Qərbi Arpaçay) adının qədim yunan dilində yazılış forması olmaq etibarilə "Arpaz" və qədim yunan dilində müəllifin əlavə etdiyi "os" adlıq hal şəkilçisindən ibarətdir. Ksenefont yerli əhalidən eşitdiyi  "Arpaçay" adını "Arpaz" (əsli Arpaç) (qədim yunan dilində "ç" səsi olmadığına görə müəllif onu "z" səsi ilə verməli olmuşdur) kimi qeyd etmiş, deməli, Arpaçay adının “a”, “y” səslərini  nəzərdən qaçırmış, sonuna qədim yunan mənşəli "os" adlıq hal şəkilçisi əlavə etməklə onu Arpazos (Arpaços) kimi yazmışdır. Buradan aydın olur ki, Arpaçay hidronimi er.əv. V əsrdə mövcud idi. Arpaçay adının sonunu təşkil edən "çay" komponenti göstərir ki, bu hidronim türk dilli əhalinin yaşadığı bir mühitdə yaranmışdır. Əgər sorğu vaxtı əhali bu adı "Arpaçay" kimi tələffüz  etməsəydi, Kcenefont "Arpa" komponentindən sonra "ç" səsini əvəz edən "z" səsini əlavə etməzdi.

İkinci məsələ bu türk dilli əhalinin mənşəyi məsələsidir. Bizə görə,  bu əhali er.əv. VII əsrdə şimaldan gələrək Cənubi Qafqazı işğal etmiş türk mənşəli saklardır. Bunu iki faktla təsdiqləmək olar. Əvvələn, Şərqi Türkiyənin  Qars əyalətində indi də Şəki yaşayış məntəqəsi vardır və sözsüz ki, bu toponim Azərbaycanda Şəki və Ermənistanda Sisyan rayonunundakı Şəki kənd adları ilə bir mənşəyə malikdir; ikincisi, Ksenefont bu çayın hövzəsində yaşayanların Pasian adlandığını yazır. Bu ad indiyə qədər Şərqi Türkiyədə Basinlər (Basianlar) formasında qalmışdır. "Kitabi-Dədə Qorqud" eposunda bu əyalət Pasinuk (27, 53) kimidir. Pasianların (yaxud basianların) sak mənşəli olması onunla təsdiq olunur ki, antik müəlliflər Orta Asiyada sakların bir qolunun Pasian adlandığını yazmışlar (Strabon, XI, 8,2). Orta Asiyada bu tayfanın adı sonra s > ç fonetik əvəzlənməsinə görə Paçine (Peçeneq) formasını kəsb etmişdir. Aşağıda deyəcəyik ki, saklar Şimali Azərbaycan ərazisini də tutmuşdular. Ona görə də sakların bir hissəsi indiki Dağlıq Qarabağ ərazisində məskunlaşdıqdan sonra bu ərazi Artsak "Sak yüksəkliyi" (qədim türk dillərində art "yüksəklik", "dağlıq ərazi",  " aşırım" deməkdir; bax: 93, 55) adlanmışdır. Həm də VII əsrdə Artsakda Alban əyalətlərindən biri Pasian (basian) tayfasının adı ilə Rot-Pasian adlanırdı  (bu barədə bax: 13).

Yuxarıda deyilənlər göstərir ki, Şərqi Türkiyədə Ksenefontun qeyd etdiyi pasianlar türk dilli sakların bir qolu idi.

Üçüncü məsələ, Arpaçay adının "arpa" komponentinin mənasıdır. Məlumdur ki, Arpaçay mənbəyini 2006 m. hündürlükdə Arpa gölündən alır. Aydın olmur ki, göl çayın, yoxsa çay gölün adı ilə bağlıdır. Bəzi tədqiqatçılara görə gölün yaxud, çayın  adı arpa bitkisinin  adındandır.  Bizcə,  bu  fikir inandırıcı deyildir. Arpa bitkisi suyun üzündə çox və həmişə olmalı idi ki, çaya ad verilməsi üçün səciyyəvi xüsusiyyət olsun. Biz hesab edirik ki, Arpaçay adı əslində  adında "br" qoşa səsinin "rb" ("rp") ilə əvəzlənməsi nəticəsində yaranmışdır. Türk dillərində, o cümlədən Azərbaycan dilində belə əvəzlənmə vardır: torpaq - topraq; İrbahim - İbrahim; övrət- arvad; yarpaq - yapraq və s. Əgər bu belədirsə, onda bu əvəzlənmə hələ Ksenefontdan əvvəl baş vermiş və deməli,  Apraçay (Abraçay) adı Arpaçay formasını kəsb etmişdir. "Abraçay" isə qədim türk dillərində abra "xeyirxah", "xilas etmək", "saxlamaq", "bağışlamaq", "xeyir vermək", "yardım etmək", "maddi rifaha səbəb olmaq" mənasındadır (bax: 147, 1, 59-60). Çaya belə ad verilməsi onun xalqın təsərrüfatında, xüsusilə, suvarmada müsbət rolu ilə bağlıdır. Məlumdur ki, qədimdə oturaq əhali əsasən çay sahillərində yaşayırdı. Çünki bu, həm maldarlıq və əkinçilik (o sıradan bostançılıq), həm də içmək üçün sərfəli idi. Çaylara belə ad verilməsi səciyyəvidir.

Ermənistanda Qarniçay, Zəngiçay, Kazax, Göyçə və b. hidronimlər də türkcədir. Lüğətdə bu adlar haqqında danışıldığına görə təkrar etmirik.

İrəvan xanlığı vaxtında mahalların bəziləri oradakı çayların adları ilə adlanırdı: Vedibasar, Qarnibasar, Zəngibasar və b. Bu mahal adlarında "basar" sözü XVIII–XIX əsrlərdə Azərbaycanda Gəncəbasar, Kürəkbasar və b. adlarda olduğu kimi "çayın suvara bildiyi ərazi" mənasındadır. İrəvan xanlığının ərazisində əkinçilik əsasən suvarma ilə əlaqədar olduğuna görə, orta əsrlərdə Arazdan və başqa çaylardan çoxlu kanallar çəkilmişdi. XIX əsrin əvvəllərinə aid məlumata görə İrəvan xanlığı zamanı aşağıdakı arxlar vardı: Sarbazarxı, Zülfüqararxı, Evçilərarxı, Qazançıarxı, Qızıl Zakirarxı, Məmişgölarxı, Xoşxəbərarxı, Xəlfəliarxı, İqdırarxı, Alaçarxı, Qızılarx, Taşarx, Arxaçıarxı və b. (bax: 159).

Ermənistan ərazisində azərbaycanlıların qədimdən məskun olduğu bir mahal orta əsrlərdə Göycə gölünün adı ilə Göycə adlanırdı. Alban tarixçisi Musa Kalankatlı eranın birinci əsrinin ortalarından danışarkən Albaniyada yaşayan tayfalar içərisində ermənicə yazılışda Savdey, V əsr erməni müəllifi Moisey Xorenasi Sod tayfasının adını çəkir və onun Alban çarı Ərənin nəslindən olduğunu qeyd edir. Bu etnonim Göycə mahalında bütün orta əsrlər boyu Zod toponimində əksini tapmışdır. Zodların türk mənşəli olması dolayı yolla onunla təsdiq olunur ki, albanların özləri türk mənşəli (13, 171-210; 79, 73-76), çar Aranın (yəni Ərənin) adı da türkcədir. Eranın I əsrinin ortalarında çarlıq etmiş Ərənin türk mənşəli olması barədə əvvəlki əsərlərimizdə yazmışıq (bax: 13; 14;). 1930-cu ildə gölə verilmiş Sevan adı isə gölün içərisində "Ada" adlanan adada azərbaycanlıların Qaravəng, ermənilərin Sevvanq ("Qaravəng" adının ermənicə tərcüməsi) sözündəndir. Lüğətdə bu barədə ətraflı məlumat verilmişdir.

Biz Ermənistan ərazisində dağ və su mənbələri adlarının yalnız bir qismi ilə oxucunu tanış etdik, çünki lüğətdə yeri gəldikcə bu barədə danışılır.

Bu xülasədən Ermənistan azərbaycanlılarının mənşəyi baxımından prinsipial əhəmiyyətli nəticə çıxır: Ermənistan ərazisində dağların və çayların erməni dilində adları olmamışsa, onda ermənilər oranın köklü, həm də əksəriyyət təşkil edən sakinləri hesab edilə bilməzlər. Əksinə, bu coğrafi adların türk  dilli sözlərdən və qədim türk mənşəli etnonimlərdən ibarət olması, V əsrə aid erməni mənbələrində "Alagöz" və "Kəngər dağı" dağ adlarının çəkilməsi son iki min il ərzində türk dilli əhalinin orada həm köklü olduğunu, həm də çoxluq təşkil etdiyini göstərir. Bu barədə qısa da olsa məlumat verilməsi ona görə zəruri idi.

II. ERMƏNİSTANIN QISA SİYASİ TARİXİ.

AZƏRBAYCANA QARŞI ƏRAZİ İDDİASININ KÖKLƏRİ.

HƏQİQƏT VƏ UYDURMALAR.

1.Siyasi tarix. Azərbaycanlıların Ermənistan ərazisində köklü olduğuna əmin olmaq üçün oranın siyasi tarixini qısaca nəzərdən keçirmək lazımdır. Bununla əlaqədar olaraq əvvəlcə “Ermənistan” və “Ərməniyə” anlayışlarını araşdırmalıyıq.

Azərbaycan dilində “Ermənistan” sözü 1921-ci ildə Sovet Rusiyasının İrəvan quberniyası ərazisində təşkil etdiyi dövlətin (və ölkənin) adıdır. Ondan əvvəl “Ermənistan” adı məlum deyildi. 1588 və 1728-ci illərə aid türkcə arxiv sənədlərində İrəvan şəhərinin adı ilə bu ölkə müvafiq olaraq “Rəvan əyaləti” və “İrəvan əyaləti” adlanır. Əyalətin əsasında yaranmış xanlıq və Rusiyanın bu xanlıq əsasında təşkil etdiyi quberniya da İrəvan xanlığı və İrəvan quberniyası adlanırdı.

“Ermənistan” adının kökünü Azərbaycan dilində “erməni” etnonimi təşkil edir. Lakin tarixən “erməni” etnonimi ermənilərin özünüadlandırması olan “hay” etnonimi ilə üst-üstə düşmür. Aşağıda deyəcəyimiz kimi, “erməni” etnonimi “hay”lar üçün heç vaxt etnik özünüadlandırma olmamışdır. “Erməni” etnoniminin mənşəyi aşağıda dediyimiz kimidir.

Er.əv. VII əsrə aid Urartu dilində mənbədə (Urartu dövləti və Urartu adı barədə aşağıda danışacağıq) Kiçik Asiyanın şərqində, Fərat çayının yuxarı axınının hövzələrini əhatə edən ərazi Arme (Urme kimi də oxunur) adlanır (88). Arme toponiminin mənası və bu əyalətin sakinlərinin dil mənsubiyyəti məlum deyil. İ.M.Dyakonova görə er.əv XII-VI əsrlər arasında (88.200) Balkanlardan gəlmiş friqlərin (bu friqlər Kiçik Asiyada Xet dövlətini yıxaraq onun yerində mənbələrdə “Friqiya” adlanan qurum yaratmışdılar, aşağıda bu dövlətə türk mənşəli kəmərlərin son qoyduğunu deyəcəyik; friqlərin bir qolu sayılan ermənilərin bu dövlətin yaradılmasında rolu məlum deyil; hər halda,  erməni tarixçiləri Friqiya dövlətini özlərinə çıxmırlar) bir qolu olan ermənilərdən əvvəl əyalətdə əhali hurri və luviya dillərində danışırdı (88, 232). Arme toponimi barədə o yazır ki, bu adın əsli Or(o)m olmuşdur (88.226). Ona görə də erməni tarixçisi Q Kapansyanın Balkanlardan gəlmə friqlərin bir qolunun guya “arim” adlanması və “erməni”sözünün həmin “arim” sözündən yaranması fikrini (88. 226) İ.M.Dyakonov rədd edir.

Tədqiqatçılar hesab edirlər ki, Balkanlardan gəlmə friq tayfalarının bir qolu olan indiki ermənilər Arme və Hayasa əyalətlərinə gəlib məskunlaşmışlar (88.194).

Friqlərin bu qolu konkret mənada ermənilərin (etnik adı “hay” olanların) bir hissəsi idi. Sami (semit) dillərində danışan və Mesopotamiyanın (Dəclə və Fərat çayları arası ərazinin) şimalında yaşayan arameylər Arme əyalətində yaşayanlara əyalətin adı ilə “Armina”, hurri dilli Urartulular isə “Armini” (“Arme” adından və Urartu dilində “ini” şəkilçisindən) deyirdilər. Hər iki halda bu söz “Arme (əyalətinin) məskunu”, “Armedə yaşayan” mənasındadır (88.234). Deməli, Armina (və ya Armini) adı həm bu əyalətin köklü sakinlərinə, həm də er.əv. XII-VI əsrlər arasında Balkan yarımadasından gəlmə friqlərin bir qoluna (etnik adı “hay” olanların ulu acdadlarına) verilmiş ümumi ad olduğuna görə əlbət ki, etnik mənsubiyyət bildirmir. İ.M.Dyakonov xüsusi olaraq qeyd edir ki, indi bütün dünya xalqlarında işlənən “erməni” adı mənşəcə yalnız özünü “hay” adlandıranlara şamil oluna bilən etnik ad deyil (88.235, qeyd 116). Ona görə ki, qədimdə “Armina” və “Armini” adları həm Arme əyalətinin, həm də əyalətdə yaşayanların adlarını ifadə edirdi. Coğrafi ədəbiyyatda“Armini” adı Şərqi Anadoluda “Erməni yaylası” adında işlənməkdədir.

İ.M.Dyakonova görə məhz arameylərdən “Armina” adı qədim farslara keçmiş və er.əv. 520-ci ildə Büsutun qaya yazısında Urartu dövlətinin adı kimi “Armini” formasında çəkilmişdir (88.234). Lakin, bizcə, müəllifin bu fikri dəqiq deyil. Məlumdur ki, er.əv. 590-ci ildə Urartu dövlətinə Maday (Midiya) dövləti son qoymuşdur. Şübhəsiz ki, Urartu ərazisində, o cümlədən Arme əyalətində Madaya tabe canişinlik yaradılmalı idi. Aşağıda deyəcəyik ki, Urartu dövlətinin yerli adı Biaini idi. İkiçayarasında yaşayan assurlar bu dövlətə “Urartu” deyirdilər. Madayların bu dövləti necə adlandırdıqları məlum deyil. Lakin ehtimal etmək olar ki, arameylərin və Urartuluların müvafiq olaraq “Armina” və “Armini” adlandırdıqları ad madaylara keçmiş və canişinliyin mərkəzi orada yerləşdiyinə görə assurca URARTU, Urartuluların dillərində Biaini adının qarşılığı kimi “Armini" adı qəbul olunmuş və er.əv. 550-ci ildə Madayda hakimiyyət Əhəmən sülaləsindən farslara keçdikdən sonra onlar bu adı madaylardan qəbul edərək Büsutun qaya yazısına salmışlar. Ona görə də Büsutun kitabəsinin  babil və elam dillərində variantlarında olan “Urartu” adı əvəzinə qədim fars  variantında “Armini” yazılmışdır.

Qədim yunanlara keçdikdən sonra “Armini”  adı “Armeniya” formasını almış və Avropa dillərinə də yayılaraq həmin dillərdə “hay” adlananlar üçün etnik ada çevrilmişdir. Lakin, yuxarıda deyildiyi kimi, aramey, Urartu və fars dillərində Armina (Armini) adları ermənilərin etnik adı deyildi. İ.M. Dyakonov yazır ki, haylar heç vaxt özlərinə “erməni” deməmişlər (88.226). Çünki “erməni” adı “hay”lara bir hissəsi Arminidə, sonra Ərməniyədə yaşadıqlarına görə kənardan verilmə ümumiləşdirici addır.

Buna uyğun olaraq, Armina (Armini) ölkə adının mənşəcə indiki Ermənistan ərazisinə qəti dəxli yoxdur. Büsutun qaya yazısındakı “Armini” adı məhz Urartu dövlətinin adıdır. İndiki Ermənistan ərazisi isə Urartu dövlətinin tərkib hissəsi deyildi. Ermənistan ərazisinə “Armini” adının şamil olunması əsas etibarilə er.əv.II əsrdə “Böyük Ərməniyə”nin yaradılması ilə əlaqədardır. «Böyük Ermənistanı» yaradanlar isə, aşağıda deyəcəyimiz kimi, heç də etnik mənsubiyyətcə özünü “hay” adlandıranların hökmdarları yox, türk mənşəli sərkərdələr idi.

Yuxarıda deyilənlərdən görünür ki, “erməni” adı mənşəcə “hay” adlananların etnik özünüadlandırmaları deyil. Diqqəti burası cəlb edir ki, qədim erməni mənbələrində “Armini” ölkə adından yaranmış “erməni” etnonimi və “Armini” ölkə adı yoxdur. Bu mənbələrdə ermənilərin ölkəsi hər yerdə Hayk (“haylar”) adlandırılır, amma onun coğrafi koordinatları göstərilmir; yəni , hayların yaşadıqları ərazinin sərhədləri qeyd olunmur Lakin qədim erməni mənbələrindəki Hayk sözü rus və Avropa dillərinə “Armenia” kimi  tərcümə olunur. Halbuki er. əv II əsrə qədər antik mənbələrdə “Armenia” dedikdə yalnız Kiçik Asiyadakı “Armini” nəzərdə tutulur. Armini adı indiki Ermənistan ərazisinə şamil olunduqdan sonra Kiçik Asiyada həmin əyalət üçün antik mənbələrdə “Kiçik Armini” işlədilmişdir. (məsələn,  bax; Strabon, XI, 14, 5). Ona görə aşağıda biz Armini dedikdə Kiçik Arminini, “Ərməniyə”  (Nizami Gəncəvidə və Qətran Təbrizidə - Ərmən) dedikdə indiki Ermənistanın ərazisini nəzərdə tutacağıq.

Yuxarıda deyilənlərdən köründü ki, Azərbaycan dilində “erməni” anlayışı ermənilərin “hay” anlayışının qarşılığı olsa da, əslində bu etnik adlar bir etnosun adı deyil, yəni tarixi baxımdan “erməni” anlayışı ilə “hay” anlayışı bütünlükdə üst-üstə düşmür. Arme əyalətində təkcə Balkanlardan gəlmə friqlərin bir qolu olan “hay”ların yaşadığını göstərən heç bir fakt məlum deyil. Yalnız Arme əyalətinin adı ilə sonralar yaranmış “erməni” adı həm də “hay”lara şamil olunduğuna görə “Armina” adı Hayk adının qarşılığına çevrilmişdir.

Şərqi Anadoluda “Armini” əyalətinin adı er.əv. II əsrdə “Böyük Ərməniyə”nin yaradılması ilə indiki Ermənistan ərazisinə şamil olması nəticəsində “erməni” adı həm haylara, həm də indiki Ermənistanda yaşayanlara, o sıradan türk dillilərə (bu onunla əlaqədar idi ki, indiki Ermənistan ərazisində yaşamış müxtəlif türk mənşəli tayfaların vahid etnik adı yox idi) verilmiş addır, çünki ümumi mənada “erməni” sözü “Ərməniyədə yaşayan” anlamındadır. Deyildiyi kimi, Ərməniyədə isə təkcə haylar yaşamırdılar. Haylar Ərməniyədə - indiki Ermənistan ərazisində heç vaxt etnik çoxluq təşkil etməmişlər. Orada aparıcı rol əvvəlcə er.əv VII-VI əsrlərdə gəlmiş qədim türk mənşəli kəmərlərə (kimmerlərə) və saklara (sakların tərkibində basine, qarqar, quqar, şirak və b. tayfalara) və erkən orta əsrlərdə məskunlaşmış türk etnoslarına (cinli, kəngər, peçeneq, hun, xəzər, oğuz və qıpçaq) məxsus idi. Eradan əvvəlki əsrlərdə Ərməniyədə şəxs (hökmdar. sərkərdə, feodal və s.) adlarının və V-VII əsrlərdə mahal və əyalət adlarının (Alaqəz, Artaqan, Basin, Quqark, Kanqark, Şirak, Kolb, Kolt, Katak, Becini, Karadunis, Şorapor, Çopapor, Taşir və b.) qədim türk mənşəli olması bu fikri təsdiq edir. Aşağıda bu adlar barədə danışacağıq.

Deyilənlərdən görünür ki, qədim yunan, fars, latın, ərəb və s. mənbələrində olan “erməni” anlayışı konkret mənada özünü “hay” adlandıranlarla yanaşı, ümumi mənada Ərməniyədə yaşayan türk mənşəli tayfaların adlarını da əhatə etmişdir. Məsələnin bu cəhəti nəzərə alınmalıdır ki, Kiçik Asiyanın şərqində yerləşən tarixi Armeni (yaxud Armini) ölkə adını indiki Ermənistan ərazisinə–yəni Ərməniyəyə etnik adı ”hay” olanlar şamil edə bilməzdilər, çünki yuxarıda deyildiyi kimi, “hay”ların, yəni etnik mənsubiyyətcə erməni saydıqlarımızın dilində “erməni” sözü” olmamışdır, indi də yoxdur; bu söz onlara “Armeni” əyalət adı ilə kənardan verilmə addır. Əgər əksinə olsaydı, onda indiki Ermənistan ərazisinin adı başqa dillərdə “hay” etnonimi ilə bağlı bir ad olmalı idi. Halbuki, qədim mənbələrdə belə ad yoxdur; erməni mənbələrindəki Hayk adı isə yuxarıda deyildiyi kimi, sadəcə olaraq “haylar” mənasındadır. Ermənilərin Ermənistanı adlandırdıqları “Hayastan” adı XX əsrin 20-ci illərində yaranmışdır. Şübhəsiz, yaradıcı, yəni təhlili təfəkkürə malik erməni tədqiqatçıları bu məsələni bilməmiş deyillər. Lakin onlar Ermənistanın obyektiv tarixini yazmırlar. Ona görə də tarixi həqiqət üstüörtülü qalmışdır.

İndi Ermənistanın siyasi tarixinə nəzər salaq.

Assur mənbələrində er. əv. IX əsrdə (870-860-ci illər arasında; 88.140) Kiçik Asiyanın şərqində, Van gölünün ətraf dağlıq ərazisində “Urartu” adlanan kiçik dövlət yaranır. Bu dövlətin yaradıcıları Arami adlı bir hurri mənşəli şəxsin (ermənilərdə Aram şəxs adı onun adındandır) başçılığı ilə hurrilər idilər (141.49). B.B.Piotrovskiyə görə assur mənbələrində Kiçik Asiyanın şərqində Nahariya (Nairi) adlanan ölkədə yaşayanlar sonra Urartu dövlətini yaratdılar (141.49). Hurrilər şumercə Subir (Subar), akkad mənbələrində isə Subar adlanırdılar. Əslində “Subar” Dəclə və Fərat çaylararası ərazinin (yunan mənbələrində - Mesopatamiyanın, qədim yunanca mez “orta”, “ara” və potam “çay” sözlərindən) adıdır. Deməli, Subar ölkə adıdır və bu dillərdə hurrilərə verilmiş “subar” adı “Subarda yaşayan” mənasındadır. Tədqiqatçılar “Subar” adının mənşəyini aydınlaşdıra bilməmişlər. Halbuki, bu elə qədim türk dillərindəki sub “su”, “çay” və “ara” sözlərindən ibarət olmaqla şumer dilində “Su arası” (yəni “Çaylar arası”) deməkdir. Həmin subarlar, yəni hurrilər Mesopotamiyanın şimal-qərbində er.əv. XVI əsrdə qədim mənbələrdə “Mitanni” adlanan dövlət yaratmışlar. Mitanni dövlətinə er. əv. XIII  əsrdə assurlar son qoyduqdan sonra hurrilər Kiçik Asiyaya keçmiş və er. əv. IX əsrdə Urartu dövlətini yaratmışlar. Hurrilərin dili Qafqaz dil ailəsinə mənsub edilir və bu  dilin çeçen-inquş dilləri ilə yaxınlıq təşkil etdiyi qeyd olunur. (89, 23).

Urartu hökmdarlarının mixi əlifbası ilə qayalarda yazdırdıqları kitabələrdə “Urartu” adı yoxdur. Onlar dövləti və onun əhatə etdiyi ərazini (yəni Van gölünün ətraf ərazisini) “Biaini” (İ.M.Dyakonovun yazdığına görə Urartuca - Biaineli “Bia ölkəsi”) adlandırırdılar (88. 198). Lakin tarixşünaslıqda bu dövlətin adının assur mənbələrindəki kimi “Urartu” formasında  işlənməsi qəbul olunmuşdur.

Qeyd etmək lazımdır ki, qədim erməni mənbələrində nə “Urartu”, nə də “Biaini” adları yoxdur. Herodot (er.əv. V əsr) Urartuluları “alarod” adlandırır (Herodot, III, 94) ki, bu da yenə “Urartu” adının təhrifidir.

Urartu dövləti sürətlə böyüyərək Van gölü hövzəsindən kənara çıxmış, Şərqi Anadoluda Nairi, Arme (indiki Ərzincan-Karin əyalətləri arasındakı ərazi) və Hayasa (indiki Ərzincan-Bayburt və Ərzrum bölgələri) əyalətlərini işğal etmişdir. Arme əyalətinin er.əv.773-cü ildə işğal edildiyi məlumdur (88,158). Bu əyalətlərdə yuxarıda deyildiyi kimi, er.əv. XII əsrdən sonra Balkanlardan köçüb gəlmiş friqlərin bir qolu, yəni sonralar “hay” adlandırılanların əcdadları da yaşayırdılar. Lakin. şübhəsiz, onlardan əvvəl həmin əyalətlərin yerli əhalisi vardı.

Ermənilərin etnik özünüadlandırması sayılan “hay” etnonimi məhz Hayasa əyalətinin adındandır (105, 10). Hayasa əyalət adı isə naməlum mənalı “hay” və Anadolu yarımadasında yaşamış Hind-Avropa mənşəli Luviya etnosunun dilindəki “-sa” şəkilçisindən ibarətdir  (Меликишвили Г.А.  К истории древней Грузии, Тбилиси, 1959, с.171).  İ.M.Dyakonov yazır ki, “(-a) -sa” şəkilçisi erməni dilinə aid deyil (88, 212). O həm də qeyd edir ki, mənbələrdə Hayasa əyalətində çəkilən şəxs və yer adları da ermənicə deyil. Deməli, “hay” sözü də ermənilərin etnik adı sayılmır. Həm də qeyd edilməlidir ki, ermənilərin ulu əcdadları Balkan yarımadasından (88, 206) gəlməmişdən çox əvvəl Hayasa əyalətinin adı er.əv. XIV əsrdə yaşamış Xet dövlətinin hökmdarı II Mursilisin (er.əv. 1339-1336) kitabələrində çəkilir (88,81). Hayasa əyalətinin ermənilər oraya gəlməzdən əvvəlki əhalisinin dili Q.A.Melikişvili və İ.M.Dyakonova görə xat dilinə yaxın idi (121, 83).

Deyilənlərdən aydın olur ki, ermənilərin “erməni” və “hay” adlarının hər ikisi Urartu mənbələrində adları çəkilən Arme (Armeini) və Hayasa əyalətlərinin adlarından ibarətdir.

Urartu çarları indiki Ermənistan ərazisinə hərbi səfərlər təşkil etmişlər. Mixi əlifba ilə qayalarda yazdırdıqları kitabələrdə onlar burada çoxlu xırda “ölkələri” işğal etdiklərini göstərmişlər. Bu “ölkələrin” adları hurricə (Urartuca) və ermənicə deyil. Ona görə erməni tarixçilərinin indiki Ermənistan ərazisində “Sevandan Qarsa qədər yalnız hurri dillilərin yaşadıqları” (История армянского народа. Ереван. 1980. s.17.) uydurmadır. Urartu mənbələrində indiki Ermənistan ərazisi üçün vahid ad çəkilmir. Belə ad heç olmamışdır. Çünki Urartu çarlarının qarətçi hərbi səfərlərinə qarşı çıxa biləcək siyasi qurum da yox idi.

İndiki Emənistan ərazisi Urartunun inzibati tərkib hissəsi deyildi. Çar Argiştinin er.əv. 782-ci ilə aid kitabəsində indiki Ermənistan ərazisinin “düşmən ölkə” adlandırılması bu fikri təsdiqləyir. Burası məlumdur ki, I Argişti İrəvan yaxınlığında İrpuni adlı qala tikdirmiş və orada 6600 döyüşçü yerləşdirmişdi. Erməni tarixçiləri bu döyüşçülərin etnik mənsubiyyətcə erməni olduqlarını yazırlar. Lakin Urartu kitabələrində göstərilir ki, bu döyüşçülər “xetlərin və tsupilərin ölkələrindən” idilər (112.128). Urartu mənbələrində Fərat çayının sol sahilində, Malatiyadan şərqdə yerləşən Tsupa əyaləti antik mənbələrdə “Sofena” kimi qeyd olunmuşdur.

Er.əv.VII əsrdə Qara dənizin şimal çöllərindən Kür-Araz ovalığına və indiki Ermənistan ərazisinə qədim türk mənşəli kəmərlər (antik mənbələrdə kimmerlər) kəldilər. Antik mənbələrdə onların adı həm də ümumiləşdirici “skif” kimi çəkilir. Tarixşünaslıqda skiflərin iran dilli sayılması ucbatından Cənubi Qafqazda və Ön Asiyada bu qədim türk mənşəli etnosun tarixi təhrif olunmuş vəziyyətdə qalmaqdadır. Bəzi tədqiqatçılar hesab edirlər ki, ilk dəfə Homer (er.əv.IX əsr) tərəfindən “at südü sağanlar” kimi səciyyələndirilən və “kimmer” adlandırılan bu etnosun əsl yerli adı “kimmer” deyil, kənardan hansısa bir iran dilli etnosun onlara verdiyi addır və iran dillərində guya, “həmişə hərəkətdə olan” mənasındadır. Bu fikri iranşünas V.A.Livşits irəli sürmüş və ona İ.M.Dyakonov tərəfdar çıxaraq “kimmer” etnik adı “zirək (çevik) atlı dəstəsi" kimi mənalandırmışdır. (Дьяконов И.М. К методике исследования по этнической истории (“Киммерийцы”. “Этнические проблемы истории Центральной Азии в древности”. М.; 1981. с.97.).

Kimmerlərin iran dilli sayılması və antik mənbələrdə “kimmer” etnoniminin kənardan verilmə ad sayılması fikri kökündən səhvdir. Bu qədim etnosun əsl adı Kəmər (yaxud Qəmər) olmaqla qədim türk mənşəlidir. Kəmər etnonimi ilə Şərqi Anadoluda Karasu (Fərat çayının yuxarı başı) və Kızıl İrmak çaylar arası ərazi qədim erməni mənbələrində Qamirk (əsli Qamark) adlanır (Fast Buzand, III kitab, 17-ci fəsil). Kızıl İrmak çayının sol sahilində Sivaşla Qeysəriyyə arasında bir bölgənin adı indi də Kəmərəkdir (165. 67). İ.M.Dyakonova görə assur çarı II Sarqonun (er.əv. 722-705-ci illər) yazılarında Urartunun şimal-qərbindəki Qamar ölkəsinin adı çəkilir. Azərbaycanda, Gürcüstanda, Ermənistanda, Şərqi Türkiyədə və Cənubi Azərbaycanda Qəmərli kənd adları bu tayfanın adını saxlamışdır. XIX əsrdə təkcə Cənubi Qafqazda 10 Kəmərli adlı yaşayış məntəqəsi vardı (113.111). Bu kəndlərin hamısının əhalisi türk dilli idi. Kəmərlərin Qədim Şərq mənbələrində təhrifə uğramış formalarda qeyd olunmuş çar adları (Teuşpa, Tuqdame, Sandakur) da qədim türkcədir (14,82-85).

Kəmərlər Urartunun indiki Ermənistan ərazisindəki sərhədlərinə çatdıqda Urartu çarı I Rusa (er.əv.735-715) er.əv. 715-ci ildə (Очерк истории Грузии. том I, Тбилиси 1989, с.211).Urartu mənbələrində - Kuriani (B.B.Piotrovskiyə görə Kür) çayının yuxarı axınında (bu belədirsə, onda “Kür” hidronimi er.əv. VII əsrdə mövcud idi) onları ordusu ilə qarşıladı. Qanlı döyüşdə URARTU ordusu məğlub oldu (121, 278) və çar Rusa (assur mənbələrində Ursa) xəncəri ilə qarnını yırtaraq özünü öldürdü (bax: 165). Kəmərlər Ermənistan ərazisində çox qalmadılar, çünki onların ardınca er.əv. VII əsrin əvvəllərində (er.əv.680-ci ildə) türk dilli saklar şimaldan Cənubi Qafqaza gəlmişdilər. Saklar kəmərləri Kür-Araz ovalığından və indiki Ermənistan ərazisindən sıxışdırıb çıxardaraq Urartu sərhədlərinə çatdılar. Urartu çarı II Rusa (er.əv. 680-646) saklara qarşı çıxmaqdan çəkindi. Görünür, o, babası I Rusanın kəmərlər tərəfindən məğlubiyyətini yaxşı bilirdi. Əksinə, II Rusa kimmerlərə (kəmərlərə) yaxınlıq edərək onlarla birlikdə saklara qarşı birgə döyüşə girmək istəmişdi. Lakin kəmərlərin özləri də saklarla toqquşmadan çəkinirdilər. Ona görə kəmərlər indiki  Ermənistan ərazisindən er.əv.652-ci ildə Kiçik Asiyaya keçərək, bir hissəsi mənbələrdə Qamar adlanan  oradakı ərazidə (bax: yuxarıda) məskunlaşdı, digər hissəsi Manna ərazisinə keçdi. Kiçik Asiyanın şərqində Friqiya dövlətinə son qoyduqdan sonra kəmərlər onun ərazisində oturdular. Q.Kapansyana görə məhz kimmerlərin Kiçik Asiyaya girməsindən sonra ermənilərin əcdadlarının əsas hissəsi indiki Ermənistan ərazisinə köçdü (106.155).

Əhməd Zəki Validi Toqana görə saklar Ermənistan ərazisinə Gogunun başçılığı ilə gəlmişdilər (172.166). Onun Sarati və Parati adlı oğlanları da atalarının fəaliyyətini davam etdirdilər. Herodot Paratinin adını Prothius kimi (172.166), Paratinin oğlu olan Maduvanun oğlunun adını isə Madius kimi (172.166) yazmışdır. Bu hakimlər Ön Asiyanı da lərzəyə salaraq 28 il müddətində oranı nəzarətləri altında saxladılar. Maday çarı Kiaksar (er.əv.625-585) Asuriyanı yıxmaqda ona hərbi qüvvə ilə kömək etmiş sakların başçılarını qonaqlığa dəvət edərək öldürdükdən sonra sakların Ön Asiyada 28 illik ağalığına son qoyuldu (172. 167). Sakların əsas hissəsi isə Kür-Araz ovalığında və Alazan-Kür arası ovalıqda və indiki Ermənistan ərazisində məskunlaşdılar və bu əraziləri əhatə edən çarlıq yaratdılar.

Sakların içərisində tayfaların adları məlum deyil. Qədim mənbələrdə eradan əvvəlki əsrlərdə və eranın ilk əsrlərinə aid hadisələrlə əlaqədar olaraq Azərbaycan və Ermənistan ərazisində adları çəkilən türk mənşəli etnotoponimlər (Alban, Basine, Qarqar, Quqar, Uti, Şamaki, Şirvan, Şirak və b.) əsasında biz ehtimal tərzdə sakların alban, basine, qarqar, quqar, kəncək, Uti, şamake, şirvan və şirak adlı iri tayfalardan ibarət olduğunu yazmışıq (Qeybullayev Q.Ə. Azərbaycanlıların etnik tarixinə dair. Bakı. 1994).

Cənubi Qafqazda (Zaqafqaziyada) skiflər və Skif çarlığı barədə çox yazılmışdır. Lakin tədqiqatçılar antik müəlliflərin əsərlərində “skif” adı altında sakların, “Skif çarlığı” adı altında Sak çarlığının nəzərdə tutulduğunu, sakların etnik mənsubiyyətcə qədim türk mənşəli etnos olduğunu özləri üçün ayırd edə bilməmişlər. Bu bir tərəfdən həmin tədqiqatçıların əsas etibarı ilə ixtisasca iranşünas olmalarından irəli gəlirsə, digər tərəfdən qərəzli surətdə (bu qərəz rus, erməni, fars və gürcü tarixçilərinin mənsub olduğu ölkələrdə qədim dövrdə və erkən orta əsrlərdə türk mənşəli etnosların ağalığı ilə əlaqədar olaraq nəsildən-nəslə keçmiş mənfi pataloji emosiya ilə bağlıdır) qədim türk etnoslarının tarixdə rolunu kiçiltmək kimi elmlə qəti surətdə əlaqəsi olmayan iyrənc bir mövqe ilə əlaqədardır. Antik mənbələrdə “skif” adı altında müxtəlif qədim türk tayfalarının, o sıradan,  əsas etibarilə sakların (əsli Saka yaxud Şaka) nəzərdə tutulduğu obyektiv tarixi həqiqətdir. Bunu, heç olmasa, er.əv.VII əsrdə Manna ərazisində Saka, antik mənbələrdə Atropatena, Albaniya və Anadolunun şərqində qeyd olunan üç Sakasena, Atropatena ərazisində Balasakan, Albaniyada Artsak, Sisakan, hazırda Şimali Azərbaycanda və Ermənistanda Şəki, Cənubi Azərbaycanda Şakabad və b. əyalət, mahal və yaşayış məntəqələrinin  adları aydın göstərir (Bax: 82-101). “İranşünaslıq korluğu” xəstəliyinə tutulmuş tədqiqatçılar və bu “xəstələrin” yazdıqlarına kor-koranə inananlar həqiqəti görməkdən məhrumdurlar. Nə etmək olar, adamlar üçün çoxlu fizioloji xəstəliklər olduğu kimi, elmdə də xroniki xəstəliklər vardır, bu da onlardan biri. Əgər bu,  bir xəstəlik deyilsə, Mərkəzi Asiyadan Qara dənizin şimal sahillərinə qədər nəhəng bir ərazidə er.əv. I minilliyin müxtəlif əsrlərində tarix səhnəsində görünmüş Altay-Türk mənşəli kimmerlərin (kəmərlərin, yaxud qəmərlərin), sakların, sarmatların, alanların, massaqetlərin və b. iran dilli sayılması necə izah oluna bilər? Normal elmi düşüncə qabiliyyətinə malik adamı yalnız müəyyən zaman çərçivəsində bu boyda nəhəng uydurmaya inanmağa təhrik etmək olar, lakin sonra tarixi həqiqət özünə yol tapıb üzə çıxmalıdır. Gələcək nəsillərdən çıxacaq təfəkkürlü tədqiqatçılar gec-tez tarixşünaslıqda kök salmış  bu şişi kəsib atacaqlar. Buna söz ola bilməz.

Saklarla əlaqədar həllini gözləyən problemlər çoxdur. Mövzumuzla əlaqədar olaraq biz Sak çarlığının etnik atribUtikası,  bu çarlığın ərazi hüdudları və sakların Azərbaycan və indiki Ermənistan ərazisində azərbaycanlıların mənşəyində rolu məsələsini çox qısa şəkildə nəzərdən keçirəcəyik. Bunun üçün arxeoloji qazıntıların nəticələrinə, antik mənbələrdə bu məsələ ilə bağlı pərakəndə məlumatlara və tarixçilərin bu problem ətrafında  yazmış olduqları  mülahizələrinə istinad edəcəyik.

Arxeoloji qazıntılar nəticəsində aşkarlanmış “skif tipli” əşyaların (xüsusilə ox ucluqlarının) yayılma ərazisi göstərmişdir ki, saklar əsas etibarilə Kür-Araz ovalığında, Azərbaycanın qərb (Dağlıq Qarabağ və Zəngəzur) bölgələrində, indiki Ermənistan ərazisində, Azərbaycan və Ermənistanın Gürcüstanla həmsərhəd rayonlarının ərazilərində yaşamışlar. Gürcüstanın Axalsix qəzasında XIX əsrdə bir dağın Sakyurt adlanması  (133. 215) fikrimizin doğruluğunu təsdiq edir.  “Skif əşyaları” ən çox Kür-Araz çaylararası ərazinin Ermənistana aid hissəsində və Alazan-Kür çaylararası ərazidə (Gürcüstanın Kaxetiya, Siqnax, Qurcaani, Tioneti və b. r-nlarında) tapılmışdır (Очерк истории Грузии. том I, Тбилиси 1989, с.211). xəritə.).Buradan aydın olur ki, Skif (Sak) çarlığı da təxminən məhz bu əraziləri əhatə edirdi.

Kürdən şimalda - Azərbaycan ərazisində skif ox ucluqları cəmi iki yerdə - Abşeron yarımadasında və Alazanın Kürə qovuşduğu ərazidə,  Mingəçevirdə üzə çıxarılmışdır. Kürün Arazla birləşdikdən sonra Xəzərə qədər olan hissəsindən cənubda - Muğan düzündə skif mənşəli abidə yoxdur. Bu ərazi o vaxt Mannaya, sonra Midiyaya aid idi.


Download 1,35 Mb.
1   2




Download 1,35 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



ErməNİstanda azərbaycan məNŞƏLİ toponiMLƏRİN İzahli lüĞƏTİ 1

Download 1,35 Mb.