Verilənlərin proqramla emalı
Kompüterin əsas funksiyası informasiyanı emal etməkdir.
20-ci əsrin 50-60-cı illərində kompüter elektron-hesablayıcı maşın (EHM) adlanarkən yalnız hesablama işi apara bilirdi. İnformasiyanın emalı prosesi ədədi verilənlər üzərində
aparılan əməliyyatlardan ibarət idi. 70-ci illərdə kompüter mətnlərlə işləməyi ―öyrəndi‖. İstifadəçi mətn tərtib edib onu redaktə etmək imkanı qazandı. Hal-hazırda kompüterlərin əksəriyyəti və sərf edilən vaxtın çoxu mətn verilənləri üzərindəki işlə bağlıdır. 80-ci illərdə qrafik informasiya ilə işləyən ilk kompüterlər meydana gəldi. İndi kompüter qrafikası işgüzar qrafikada (diaqram, qrafik və s. qurulmasında), kompüter modelləşdirməsində, təqdimatların hazırlanmasında, Web-saytların yaradılmasında, televiziya reklamlarında, animasiya filmlərində və s. geniş istifadə edilir. Qrafik verilənlərin emalına kompüter tətbiqi daim genişlənməkdədir.
90-cı illərdə kompüter səs informasiyasını emal etmək imkanı qazandı. Müasir kompüter istifadəçisi səs fayllarının yazılması, dinlənilməsi və redaktə edilməsi işini reallaşdıran proqram əlavəsi ilə işləyə bilər. Səs faylı ilə iş multimediya texnologiyasının ayrılmaz tərkib hissəsidir.
Ədəd, mətn, qrafik və səs informasiyasının kompüterdə işlənməsi üçün onlar verilən96
formasına gətirilməlidir. Verilənlər kompüterdə maşın dilində (0 və 1-lər sırası şəklində) saxlanır və emal edilir.
Verilən üzərində nə etməyi bilmək üçün kompüterin prosessoru müəyyən əmr (təlimat) almalıdır. Məsələn, ―iki ədədi topla‖ və ya ―bir simvolu digərinə dəyiş‖ kimi əmr verilə bilər.
Adətən hər hansı bir məsələni həll edərkən prosessor çoxsaylı əmrlər ardıcıllığını icra etməli olur. Maşın əmrləri ardıcıllığı proqram adlanır.
Beləliklə, verilənlərin emalı prosesində kompüterin icra etdiyi əmrlər ardıcıllığına proqram deyilir.
40-50-ci illərdə, kompüter erasının başlanğıcında proqramlar bilavasitə maşın dilində, yəni prosessorun başa düşdüyü dildə tərtib edilirdi. Bu proqramlar 0 və 1-lərin son dərəcə uzun sırasından ibarət olduğu üçün baş açmaq çox çətin idi.
60-cı illərdə yüksək səviyyəli proqramlaşdırma dilləri (Alqol, Fortran, Basic, Paskal və s.) yaradıldı. Bu dillər proqram tərtibini xeyli yüngülləşdirdi. Hal-hazırda vizual proqramlaşdırma sistemlərinin (Visual Basic, Delphi və s.) meydana çıxması ilə proqramlaşdırma kütləviləşmişdir.
96 Kompüter formasında (maşın dilində) təqdim edilən və kompüterdə emal edilən informasiya verilən adlanır.
Müxtəlif verilənlərin emalı üçün lazım olan proqramlar bir neçə 10 illər ərzində yaradılmışdır.
Proqramlar çoxluğu kompüterin proqram təminatını təşkil edir.
Beləliklə, verilənlərin kompüterdə emalı üçün hardware deyilən aparat təminatı ilə yanaşı, software adlanan proqram təminatı da zəruridir.
Verilənlərin kompüterdə proqramla emalı prosesi aşağıdakı kimi gedir: icraya buraxıldıqdan sonra xarici yaddaşda saxlanan proqram operativ yaddaşa yüklənir; prosessor proqramdakı əmrləri ardıcıl oxuyub icra edir; əmrlərin icrası üçün lazım olan verilənlər xarici yaddaşdan operativ yaddaşa köçürülür və onların üzərində lazımi əməliyyatlar icra edilir; əmrlərin icrası nəticəsində alınmış verilənləri prosessor operativ yaddaşa, oradan da xarici yaddaşa yazır; proqramın icrası zamanı prosessor veriləni giriş qurğularından alıb, aldığı nəticəni çıxış qurğularına da çıxara bilir.
|