TELEKOMMUNİKASİYA SAHƏSİNDƏ FƏALİYYƏTİN İQTİSADİ ƏSASLARI
Maddə 44 . Telekommunikasiya şəbəkələri və vasitələri üzərində mülkiyyət hüququ
44.1. Telekommunikasiya şəbəkələri, qurğuları və vasitələri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər.
44.2. Dövlət, mülkiyyət formasından asılı olmayaraq, operatorlar, provayderlər üçün bərabər hüquqi şərait yaradır.
44.3. Dövlət mülkiyyətində olan telekommunikasiya şəbəkələri, qurğuları və vasitələrinin təsnifatı normativ hüquqi aktlarla müəyyən edilir.
Maddə 45 . Telekommunikasiya şəbəkələri, qurğuları və vasitələri ilə bağlı mülkiyyət formasının dəyişdirilməsi
45.1. Telekommunikasiya şəbəkələri, qurğuları və vasitələrinin (o cümlədən dövlətin mülkiyyətində olanların) mülkiyyət forması qanunla nəzərdə tutulmuş qaydada dəyişdirilə bilər.
45.2. İstənilən hüquqi və fiziki şəxslər telekommunikasiya sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin özəlləşdirilməsində, icarəyə və idarəetməyə verilməsində Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada iştirak edə bilərlər.
45.3. Telekommunikasiya şəbəkələri, qurğuları və vasitələri üzərində mülkiyyət formasının dəyişdirilməsinə onların mövcud maddi-texniki bazasını zəiflətməmək və texnoloji fəaliyyəti pozmamaq, habelə fiziki və hüquqi şəxslərin telekommunikasiya xidmətlərindən istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırmamaq şərtilə qanunvericiliklə müəyyən olunmuş qaydada yol verilir.
Maddə 46 . Telekommunikasiya ehtiyacları üçün torpaqdan və digər daşınmaz əmlakdan istifadə
46.1. Telekommunikasiya şəbəkələri, vasitələri və qurğuları qanuna uyğun olaraq dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlarda yerləşdirilə bilər.
46.2. Torpaq sahələrinin ayrılması, mühafizə zona və zolaqlarının müəyyənləşdirilməsi qaydaları, onlardan istifadə müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.
46.3. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zolaqlarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.
46.4. Yaşayış məntəqələrinin yenidənqurulması, ayrı-ayrı binaların, yolların, körpülərin təmiri, meliorasiya işlərinin görülməsi, faydalı qazıntı yataqlarının emalı zamanı və bu kimi digər hallarda telekommunikasiya qurğularının köçürülməsi və ya yenidənqurulması sifarişçinin vəsaiti hesabına, mövcud standartlara və telekommunikasiya şəbəkəsinin mülkiyyətçisinin texniki şərtlərinə uyğun şəkildə həyata keçirilir.
46.5. Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza bərpa işlərinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
46.6. Telekommunikasiya şəbəkələrinin və qurğularının layihələşdirilməsi, tikintisi, təmiri, yenidənqurulması, quraşdırılması və yerdəyişməsi müvafiq dövlət və sahə standartlarına, müəyyən edilmiş norma və qaydalara uyğun olaraq həyata keçirilir.
Maddə 47 . Telekommunikasiyanın inkişafına investisiya qoyuluşu və onun fəaliyyətinin maliyyələşdirilməsi mənbələri
47.1. Telekommunikasiyanın inkişafına investisiya qoyuluşu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
47.2. Telekommunikasiyanın inkişafı üçün investisiya qoyuluşuna dair qərarlar qanunvericilikdə müəyyən olunmuş qaydada, müvafiq dövlət proqramları və müqavilələr əsasında qəbul olunur.
47.3. Müvafiq ərazilərin sosial-iqtisadi inkişaf proqramlarına uyğun olaraq telekommunikasiyanın inkişafı üçün aidiyyəti icra hakimiyyəti orqanları da müəyyən tədbirlər görürlər.
47.4. Xarici investisiyaların telekommunikasiyanın inkişafına cəlb edilməsi və onların qorunması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq təmin edilir.
47.5. Telekommunikasiyanın inkişafı üzrə tədbirlər uyğun olaraq büdcə və büdcədənkənar vəsaitlər, operatorların, provayderlərin öz vəsaitləri, kreditlər, qrantlar və qanunvericiliklə qadağan edilməmiş digər mənbələr hesabına maliyyələşdirilir.
47.6. Dövlət hakimiyyəti orqanlarının telekommunikasiya xidmətləri və telekommunikasiya təyinatlı strukturlarının maddi-texniki bazasının inkişafı üçün nəzərdə tutulmuş xərclər həmin orqanlar üçün ayrılmış müvafiq büdcə vəsaitinin tərkibinə daxil edilir.
47.7. Fiziki və hüquqi şəxslərə məxsus telekommunikasiya şəbəkələrinin inkişafı qanunvericiliklə qadağan edilməmiş mənbələr hesabına təmin edilir.
Maddə 48 . Telekommunikasiya xidmətlərinin göstərilməsi ilə əlaqədar məlumatların emalı
48.1. Telekommunikasiya xidmətlərinin göstərilməsinə görə ödənişlər müvafiq qaydada emal edilmiş məlumatlar əsasında həyata keçirilir.
48.2. Operatorlar, provayderlər telekommunikasiya xidmətlərindən istifadəyə və ya şəbəkəyə qoşulmaya görə aşağıdakı məlumatları emal edir:
48.2.1. abunəçinin, yaxud onun son avadanlığının məxsusiləşdirilməsini mümkün edən məlumat;
48.2.2. abunəçinin ünvanı;
48.2.3. ümumistifadəli telekommunikasiya xidmətlərinə görə abunəçinin ödədiyi məbləğin hesabatının aparılmasına əsas olan ölçü vahidləri;
48.2.4. istifadə edilən xidmət vahidi üzrə aidiyyəti əsas göstəricilər (məxsusiləşdirilmə nömrəsi, xidmətdən istifadə müddəti, həcmi və s.);
48.2.5. telekommunikasiya xidmətini göstərən şəxsə istifadəçinin avans olaraq, yaxud hissə-hissə köçürdüyü ödənişlər barədə məlumatlar;
48.2.6. telekommunikasiya xidmətini göstərən şəxs tərəfindən xəbərdarlıqlar və telekommunikasiya xidmətlərinə məhdudiyyətlər barədə məlumatlar.
48.3. Operator, provayder bu maddədə göstərilmiş məlumatları mühafizə etməlidir və qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsas olmadan üçüncü şəxslərə (aidiyyəti abunəçi istisna olmaqla) verməməlidir.
48.4. Operatorlar, provayderlər bu maddədə göstərilmiş məlumatların mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddətləri bitənə qədər saxlanmasını təmin etməlidirlər.
48.5. Mobil telekommunikasiya xidməti göstərən operatorlar şəbəkələrində rouminq rabitəsində olan xarici istifadəçilərə aid qeydiyyata alınmış bütün məlumatların ən azı 1 (bir) il müddətində saxlanılmasını təmin etməlidirlər.
Maddə 49 . Telekommunikasiya şəbəkələrində qəzaların nəticələrinin aradan qaldırılması
49.1. Telekommunikasiya şəbəkələrində qəzaların nəticələrinin aradan qaldırılması işləri telekommunikasiya vasitələrinin yerləşdiyi torpaq sahəsi, bina və ya qurğu mülkiyyətçisi, icarəçisi ilə əldə edilən qarşılıqlı razılıq əsasında aparılır. Fövqəladə və təxirəsalınmaz hallarda, dövlət və ya ictimai mənafelərin təmin edilməsi tələb olunduqda belə işlərin aparılmasına həmin şəxslərin razılığı tələb olunmur.
49.2. Bərpa və təmir işləri zamanı dəyən zərər qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməlidir.
49.3. Telekommunikasiya şəbəkələrində qəzaların nəticələrinin aradan qaldırılması işlərinə qəza nəticəsində zədələnmiş telekommunikasiya vasitələrinin bərpası və ya yenidən qurulması ilə yanaşı, təbiətin mühafizəsi üzrə zəruri tədbirlərin görülməsi də daxildir.
Maddə 50 . Telekommunikasiya vasitələrinin idxalı, ixracı, istehsalı, satışı və onlardan istifadə
Telekommunikasiya vasitələrinin idxalı, ixracı, istehsalı, satışı və istifadəsi qanunvericiliyə uyğun həyata keçirilir.
Maddə 50-1. Telekommunikasiya vasitələri və qurğuları ilə yayımlanan reklam
50-1.1. Operator və provayder reklamverici ilə bağlanılan müqavilə əsasında reklam yayımlaya bilər. Operator və provayder abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanılan yazılı müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər. Operator və provayder abunəçiyə reklam göndərilməsindən istənilən vaxt imtina etmək və ya abunəçinin yalnız arzuladığı reklamı yayımlamaq üçün imkan yaratmalıdır. Abunəçinin razılığı olmadan və ya “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına zidd olan reklamın göndərilməsi üçün operator və provayder məsuliyyət daşıyır.
50-1.2. Operator və provayder ilə abunəçi arasında bu Qanunun 50-1.1-ci maddəsinin ikinci cümləsində göstərilən reklamın göndərilməsi barədə müqavilə bağlanıldığı halda, abunəçinin reklam göndərilməsindən imtina etməsi barədə operatora və (və ya) provayderə sorğusu əsasında abunəçiyə məxsus son telekommunikasiya avadanlığına reklamın yayımlanması dərhal dayandırılır.
Operatora və provayderə məlumat üçün müraciət edən abunəçinin sorğusuna cavab verilənədək, reklam yayımlana bilər. Məlumat xidməti ödənişli olduqda, reklamın yayımlanması arayışın dəyərinə daxil edilə bilməz.
50-1.3. Telekommunikasiya qurğularında tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamı yerləşdirilə bilməz.[29]
VII fəsil
TELEKOMMUNİKASİYA XİDMƏTLƏRİ GÖSTƏRİLMƏSİNİN XÜSUSİYYƏTLƏRİ
Maddə 51 . Telekommunikasiya sahəsində istifadə olunan dil
51.1. Azərbaycan Respublikasının ərazisində operatorlar, provayderlər kargüzarlıq işini qanunvericiliyə uyğun olaraq Azərbaycan dilində aparırlar.
51.2. Azərbaycan Respublikasının ərazisində operatorların, provayderlərin qəbul etdikləri və ötürdükləri yazılı məlumatların ünvanları Azərbaycan dilində tərtib edilir.
51.3. Ölkə hüdudlarından kənara ötürülən məlumatlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş dillərdə tərtib edilə bilər.
Maddə 52 . Telekommunikasiya sahəsində uçot vaxtı
52.1. Azərbaycan Respublikası ərazisində telekommunikasiya xidmətləri üçün vahid uçot-hesabat vaxtı - Bakı vaxtı tətbiq edilir.
52.2. Beynəlxalq telekommunikasiya sahəsində uçot-hesabat vaxtı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən müəyyən edilir. Əgər beynəlxalq müqavilələrdə ayrı qayda nəzərdə tutulmayıbsa, uçot-hesabat vaxtı ümumdünya sistemləşdirilmiş vaxtı ilə müəyyənləşdirilir.
VIII fəsil
TELEKOMMUNİKASİYA FƏALİYYƏTİ SAHƏSİNDƏ
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ
Maddə 53 . Telekommunikasiya sahəsində beynəlxalq əməkdaşlığın əsasları
53.1. Telekommunikasiya sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, telekommunikasiya operatorlarının xarici telekommunikasiya operatorları ilə bağladığı müqavilələrə müvafiq olaraq həyata keçirilir.
53.2. Müvafiq icra hakimiyyəti orqanı səlahiyyətləri çərçivəsində digər dövlətlərin telekommunikasiya qurumları ilə qarşılıqlı əlaqələr yaradır, beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil edir və maraqlarını qoruyur.
53.3. Azərbaycan Respublikasının telekommunikasiya sahəsi üzrə beynəlxalq təşkilatlarda iştirakı ilə bağlı üzvlük haqları qanunvericiliyə uyğun olaraq ödənilir.
53.4. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində telekommunikasiya sahəsində fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə müəyyən olunmuş qaydada tənzimlənir.
Maddə 54 . Telekommunikasiya sahəsində beynəlxalq əməkdaşlığa tətbiq olunan hüquq
Telekommunikasiya sahəsində beynəlxalq layihələrin həyata keçirilməsində iştirak edən Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ilə xarici hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələrdə tətbiq edilən hüquq göstərilməlidir.
IX fəsil
TELEKOMMUNİKASİYA FƏALİYYƏTİ SAHƏSİNDƏ MÜBAHİSƏLƏRİN HƏLLİ
Maddə 55. Beynəlxalq telekommunikasiya şəbəkələrindən istifadə edilərkən mübahisələrin həll olunması
Azərbaycan Respublikasının və xarici dövlətlərin telekommunikasiya operatorları, provayderləri arasında mübahisələr Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilələrdə və tərəflər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmuş qaydada həll olunur.
Maddə 56 . Telekommunikasiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan mübahisələrin həlli
56.1. Telekommunikasiya fəaliyyəti subyektləri arasında yaranan mübahisələr qanunvericiliklə müəyyən olunmuş qaydada həll edilir.
56.2. Operatorlar arasında arabağlantı, xüsusi çıxış və icarə olunan xətlər, kanallar məsələləri üzrə yaranan mübahisələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. Mübahisə ilə bağlı qəbul edilmiş qərar dərc olunur və onun mətni mübahisədə iştirak edən tərəflərə təqdim olunur. Qəbul edilmiş qərarla razılaşmayan tərəfin məhkəməyə müraciət etmək hüququ vardır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyun 2005-ci il
№ 927-IIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 20 oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 932)
2. 1 may 2007-ci il tarixli 324-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 442)
3. 9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053)
4. 29 aprel 2016-cı il tarixli 212-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 iyun 2016-cı il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 969)
5. 28 oktyabr 2016-cı il tarixli 371-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2016-cı il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 1989)
6. 10 mart 2017-ci il tarixli 540-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 346)
7. 14 aprel 2017-ci il tarixli 608-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 iyun 2017-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1024)
8. 16 may 2017-ci il tarixli 672-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2017-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1046)
9. 31 may 2017-ci il tarixli 700-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2017-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7, maddə 1266)
10. 1 dekabr 2017-ci il tarixli 900-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2017-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2255)
11. 1 may 2018-ci il tarixli 1102-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2018-ci il, № 142)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 1 dekabr 2017-ci il tarixli 900-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2017-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2255) ilə 1.0.19-cu maddədə və 7.1-ci maddənin birinci cümləsində “ölkə kodlu” sözləri “az” ölkə kodlu” sözləri ilə əvəz edilmişdir.
[2] 14 aprel 2017-ci il tarixli 608-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 iyun 2017-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1024) ilə 6.1.3-cü maddədə “sertifikatlaşdırma” sözü “sertifikatlaşdırmanın təşkili” sözləri ilə əvəz edilmişdir.
[3] 10 mart 2017-ci il tarixli 540-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 346) ilə yeni məzmunda 6.1.7-1-ci maddə əlavə edilmişdir.
[4] 20 oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 932) ilə 7.4-cü maddədə “provayderinə” sözlərindən sonra “,eyni zamanda digər hüquqi və fiziki şəxslərə” sözləri əlavə edilsin, “ayrılması qaydalarına” sözləri “ayrılması və istifadəsi qaydalarına” sözləri ilə əvəz edilmişdir.
[5] 9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053) ilə 7.5-ci maddədə “qanuna uyğun olaraq” sözləri “inzibati qaydada və (və ya)” sözləri ilə əvəz edilmişdir.
[6] 20 oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 932) ilə 7.9-cu maddənin birinci cümləsində “bölüşdürülməsi və istifadəsi qaydası” sözləri “ayrılması və istifadəsi qaydaları” sözləri ilə əvəz edilmişdir.
[7] 1 dekabr 2017-ci il tarixli 900-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2017-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2255) ilə 7.10-cu maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
7.10. Ölkə kodlu domen adlarının qeydiyyatı, istifadəsi qaydaları beynəlxalq normalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı və aidiyyəti qurumların birgə iştirakı ilə tənzimlənir.
[8] 14 aprel 2017-ci il tarixli 608-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 iyun 2017-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1024) ilə 9.4-cü maddədə “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar” sözləri ilə əvəz edilmişdir və yeni məzmunda 9.4-1-ci maddə əlavə edilmişdir.
[9] 1 may 2007-ci il tarixli 324-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 442) ilə 10.1-ci maddəsində “tənzimlənir” sözü “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir” sözləri ilə əvəz edilmişdir.
[10] 20 oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 932) ilə 13.6-cı maddədə, birinci cümlədə “radioelektron vasitələr nəzərə alınmaqla birdəfəlik və müddətli” sözləri “istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla birdəfəlik və müddətli (aylıq və ya illik)” sözləri ilə əvəz edilmişdir.
ikinci cümlədə “Birdəfəlik və müddətli ödənişlərin təyin olunması, bölüşdürülməsi və istifadəsi qaydası” sözləri “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları” sözləri ilə əvəz edilmişdir.
[11] 10 mart 2017-ci il tarixli 540-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 346) ilə yeni məzmunda 13-1-ci maddə əlavə edilmişdir.
[12] 1 may 2018-ci il tarixli 1102-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2018-ci il, № 142) ilə 16-cı maddəsinin adına və 16.1-ci maddəyə “fövqəladə” sözündən sonra “və ya hərbi” sözləri əlavə edilmişdir.
[13] 1 may 2018-ci il tarixli 1102-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2018-ci il, № 142) ilə 16.1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
[14] 9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053) ilə 17.4-cü maddədə “məhkəməyə” sözündən əvvəl “inzibati qaydada və (və ya)” sözləri əlavə edilmişdir.
[15] 20 oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 932) ilə 21.3-cü maddədə “keçmiş” sözü “keçmir” sözü ilə əvəz edilmişdir.
[16] 20 oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 932) ilə 31.4-cü maddədə “keçirilən müsabiqə nəticəsində” sözləri “müvafiq icra hakimiyyəti orqanı tərəfindən keçirilən müsabiqə əsasında” sözləri ilə, “üzərinə” sözü “müvafiq icra hakimiyyəti orqanı tərəfindən üzərinə” sözləri ilə, “vəzifəsi qoyulmuş telekommunikasiya operatoru” sözləri “öhdəliyi qoyulmuş telekommunikasiya operatoru, provayderi” sözləri ilə əvəz edilsin, maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
[17] 29 aprel 2016-cı il tarixli 212-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 iyun 2016-cı il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 969) ilə yeni məzmunda 33.1.3-1 maddə əlavə edilmişdir.
[18] 16 may 2017-ci il tarixli 672-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2017-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1046) ilə 33.1.3-2-ci, 33.1.3-3-cü, 40.3.5-1-ci, 40.3.5-2-ci, 40.3.5-3-cü, 40.3-1-ci və 48.5-ci maddələr əlavə edilmişdir.
[19] 10 mart 2017-ci il tarixli 540-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 346) ilə yeni məzmunda 33.1.9-1-ci və 33.1.9-2-ci maddələr əlavə edilmişdir.
[20] 10 mart 2017-ci il tarixli 540-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 346) ilə 33.2-ci maddədə “32.1.4-cü” sözləri “33.1.4-cü” sözləri ilə əvəz edilmişdir.
16 may 2017-ci il tarixli 672-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2017-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1046) ilə 33.2-ci maddədə “33.1.4-cü maddəsi” sözləri “33.1.3-2-ci, 33.1.3-3-cü və 33.1.4-cü maddələri” sözləri ilə əvəz edilmişdir.
[21] 1 dekabr 2017-ci il tarixli 900-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2017-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2255) ilə yeni məzmunda 33.3-cü maddə əlavə edilmişdir.
[22] 29 aprel 2016-cı il tarixli 212-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 iyun 2016-cı il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 969) ilə yeni məzmunda 34.1.2-1 maddə əlavə edilmişdir.
[23] 20 oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 932) ilə39-cu maddənin adında və 39.1-ci maddədə “əməliyyat-axtarış” sözlərindən sonra “, kəşfiyyat və əks-kəşfiyyat” sözləri əlavə edilmişdir.
[24] 29 aprel 2016-cı il tarixli 212-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 iyun 2016-cı il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 969) ilə yeni məzmunda 40.3.7-1-ci maddə əlavə edilmişdir.
[25] 28 oktyabr 2016-cı il tarixli 371-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2016-cı il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 1989) ilə yeni məzmunda 40.4-1-ci maddə əlavə edilmişdir.
[26] 28 oktyabr 2016-cı il tarixli 371-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2016-cı il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 1989) ilə 40.5-ci maddədə “Fövqəladə hallar” sözlərindən sonra “, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparıldığı hallar” sözləri əlavə edilmişdir.
[27] 20 oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 932) ilə 43.1-ci maddənin mətni yeni redaksiyada verilmişdir.
[28] 10 mart 2017-ci il tarixli 540-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 346) ilə yeni məzmunda 43.4-cü və 43.5-ci maddələr əlavə edilmişdir.
[29] 31 may 2017-ci il tarixli 700-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2017-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1266) ilə 50-1-ci maddə əlavə edilmişdir.
|