Tərcümə edəni: Akif ƏLİ




Download 59.06 Kb.
Sana04.04.2017
Hajmi59.06 Kb.

Mayk Gelprin

(ABŞ)

Şam yanırdı

Tərcümə edəni: Akif ƏLİ

---------------------------------

d:\akif ali doc\depo\aa- yaradan - proses\ dafine \ yanir\622a9fcd1a30.gif

Ümidi hər yerdən kəsilən Andrey Petroviçin əli dünyadan üzüldüyü vaxt qəflətən qapının zəngi çalındı.

-Salam, mən Sizin elanı oxuyub gəlmişəm. Siz ədəbiyyat dərsi deyirsiniz?

Andrey Petroviç diqqətlə videofonun ekranına baxdı. Qapıda otuz yaşlarında bir adam dayanmışdı. Geyimi ciddi - kostyum, qalstuk. Sifəti gülümsər, lakin baxışları da çox ciddi. Andrey Petroviçin ürəyi guppuldadı, çünki axır vaxtlar o, elanı elə-belə, vərdiş elədiyinə görə internet səhifəsində yerləşdirirdi. Son on ildə cəmi altı adamdan zəng gəlmişdi. Onlardan üçü nömrəni səhv salmışdı, ikisi köhnə fikirli sığorta agentləri çıxdı, biri də ədəbiyyatla ətriyyatı səhv salmışdı.

- B-bəli, d-dərsi d-deyirəm...– Andrey Petroviç həyəcandan dili dolaşa-dolaşa cavab verdi.

Dili - Timor o.dagi shahar, Sharqiy Timorning maʼmuriy markazi. Aholisi 60 ming kishidan ziyod (1990-y.lar oʻrtalari). Parfyumeriya, kulolchilik buyumlari, kofega ishlov berish korxonalari bor. Yirik port; chetga kopra, kofe, kauchuk, paxta, jun, teri va b.

– Özü də e-evimdə... Sizi ədəbiyyat maraqlandırır?

- Bəli, maraqlandırır, - qapıda dayanan adam başını tərpətdi. – Adım Maksimdir. İcazənizlə, şərtləri bilmək istərdim.

“Nə şərt? Havayı!” – az qaldı qışqıra-qışqıra desin Andrey Petroviç. Ancaq birtəhər özünü məcbur edib:

- Saat hesabı haqqını ödəmək şərti ilə, - dedi. – Razılaşarıq. Siz haçan başlamaq istərdiniz... dərslərə?

- Mən, əslində... – həmsöhbəti mızıldandı.

- Baxın, birinci dərsimiz pulsuz olacaq! – Andrey Petroviç tələsik əlavə etdi. – İşdir-şayət birdən xoşunuza gəlməsə, onda... Olur da...

- Yaxşı, sabahdan başlayaq, - Maksim qətiyyətlə dedi. – Səhər saat onda gəlsəm olar? Çünki doqquzda uşaqları məktəbə aparıram, sonra ikiyə qədər boşam.

- Olar, əlbəttə, – Andrey Petroviç sevindi. – Koordinatlarımı yazın.

- Siz deyin, yadımda qalar.
O gecəni ilan vuran yatdı, Andrey Petroviç yatmadı, həyəcandan əlləri titrəyə-titrəyə quş damına oxşayan balaca, darısqal otağında var-gəl elədi, fır-fır fırlandı. Düz on iki il idi o işsizliyə görə müavinətlə birtəhər dolanırdı. Ta ki işdən qovulduğu gündən bu günədək.
-Sizin ixtisasınız çox dardır, məhduddur, - o vaxt işlədiyi humanitar təmayüllü liseyin ditrektoru baxışlarını oyan-buyana gəzdirə-gəzdirə demişdi. – Biz Sizi təcrübəli bir pedaqoq kimi əlbəttə, çox qiymətləndiririk, amma dərs dediyiniz fənn... təəssüf ki.... Bura baxın, bəlkə ixtisasınızı dəyişəsiniz? Əlavə oxumaq lazımdırsa, təhsil haqqının müəyyən qismini liseyimiz ödəyə bilər. Məsələn, virtual etika, virtual hüququn əsasları, robot texnikasının xüsusiyyətləri... bu fənləri asanlıqla mənimsəyib tədris edə bilərsiniz. Uzaqbaşı kinematoqrafdan dərs deyərsiniz, axı kino hələ tam ölməyib, özünü birtəhər saxlayır. Düzdür tez-gec o da ömrünü bağışlayacaq, amma hələlik vaxtınız çatar... Nə deyirsiniz?
O zaman Andrey Petroviç hikkə göstərib bütün təkliflərdən imtina etsə də, sonralar peşiman oldu. Başqa yeni iş yeri tapa bilmədi, çünki ədəbiyyat dərsləri barmaqla sayılası bir neçə təhsil ocağında qalmışdı, kitabxanalarsa bir-birinin ardınca bağlanırdı, filoloqlar hamısı tələm-tələsik ixtisaslarını dəyişib başqa sahələrə keçirdilər. O, düz iki il gimnaziyaların, liseylərin, xüsusi məktəblərin kandarını yağır elədi. Nəhayət, bezib əl çəkdi. Yarım il ixtisasartırma kurslarına getdi-gəldi, nəsə eləmək istədi, amma arvadı bezib onu tərk edəndən sonra o da həmin kursları atdı.

Ehtiyat üçün yığdığı pullar tez xərclənib qurtardı və Andrey Petroviçin qara günləri başlandı. Köhnə də olsa, ona sədaqətlə xidmət edən avtomobilini satdı. Anasından yadigar qalan əntiq qab-qacağı, sonra ev əşyalarını satışa çıxartdı. Sonra... Sonra hər yadına düşəndə təpəsindən tüstü qalxan Andrey Petroviç kitablara keçdi. Qədimi, qalın, gözəl vərəqləri olan, yenə də anasından qalan kitabları xırıd elədi... Kolleksiyaçılar hər kitaba yaxşı da pul verdilər, hətta qraf Tolstoy Andrey Petroviçi düz bir ay yedirib-içirtdi. Dostoyevski – iki həftə, Bunin isə on gün dolandırdı...


Nəticədə Andrey Petroviçin özünə cəmi otuz-qırx kitab qaldı - ən sevimliləri, dönə-dönə oxuduğu, əlindən yerə qoya bilmədiyi nadir kitablar. Remark, Heminquey, Markes, Bulqakov, Brodski, Pasternak... Bu kitabları səliqə ilə dörd cərgədə rəfə düzüb hər gün tozunu alırdı.
“Hə... Əgər bu oğlan... Maksim... - otaqda var-gəl edən Andrey Petroviçin fikriləri bir-birini qovur, beynini qarışdırırdı. - Hə, əgər o mənə... aha, demək... onda gedib Balmontu geri ala bilərəm. Uzaqbaşı Murakamini. Ya da Jorj Amadunu qaytararam... Nə isə, bunlar boş-boş fikirlərdir, - Andrey Petroviç düşündü. - Əsas o deyil ki, kitab almağa pulum qalacaq, ya yox. Əsas odur ki, bildiklərimi kiməsə öyrədəcəm. Buvaxtadək yığdığım bilikləri insanlara sərf edəcəm...”
Düz səhər saat on tamamda, dəqiqəbə-dəqiqə dediyi vaxtda Maksim qapının zəngini çaldı.

-Oooo... Keçin, keçin, - Andrey Petroviç əl-ayağa düşdü. – Əyləşin. Belə, yaxşı... Siz hardan başlamaq istərdiniz, nədən başlayaq...

Maksim sıxıla-sıxıla, sanki qırılacağından qorxub ehmalca stulun kənarına çökdü.

- Siz özünüz nədən məsləhət bilsəniz. Mən bu sahədə tamamilə cahiləm. Profan... Mənə heç nə öyrətməyiblər.

- Hə-hə, əlbəttə, təbiidir, elə olar da... - Andrey Petroviç başını yellədi. – Hamı eyni gündədi. Hamı necə Siz də elə. Axı ümumtəhsil məktəblərində artıq yüz ildir ədəbiyyat keçilmir. Heç xüsusiləşdirilmiş məktəblərdə də keçmirlər ədəbiyyatı.

-Necə yəni keçmirlər? Heç? – Maksim astaca soruşdu.

-İnan ki heç... Bilirsiz, dünyanın böhranı iyirminci əsrin sonlarından başladı. Hamının başı pula qarışdı, kitab oxumağa vaxt qalmadı. Əvvəl-əvvəl heç kim uşağına kitab oxumadı, sonra həmin uşaqlar böyüyüb öz uşaqlarına da kitab oxumadılar... Valideynlər ümumiyyətlə kitaba maraq göstərmədilər... Başqa-başqa həzz mənbələri meydana çıxmışdı - əsasən də virtual aləmdə. Oyunlar, proqramlar, testlər, əyləncələr...əh! - Andrey Petroviç əsəbiliklə əlini yellədi. – Bu məsələdə əlbəttə, texnikanın da günahı az deyil. Texniki fənlər humanitarları sıxışdırıb çıxartdı hər yerdən. Kibernetika, kvant mexanikası, elektrodinamika, yüksək enerjilər fizikası... Tarix, ədəbiyyat, coğrafiya - bunlar keçdi arxa plana. Xüsusən də ədəbiyyat... Ədəbiyyat... Sizin fikriniz məndədir, Maksim?

-Bəli, bəli, buyurun, davam edin.

-Hə, iyirmi birinci əsrdə tədricən kitab çapı azaldı, azaldı və tamam dayandı. Kağızı elektron mətnlər əvəz elədi. Amma yenə də, hətta elektron variantda da, ədəbiyyata maraq sürətlə azalmağa başladı, hər gələn yeni nəsil kitabdan bir az da uzaqlaşdı. Bu səbəbdən get-gedə ədəbiyyat adamlarının sayı azaldı və axırda ümumiyyətlə yoxa çıxdı, – daha heç kim yazıçı olmaq istəmədi. Yalnız filoloq alimlər birtəhər sonrakı yüzillikdə özlərini saxladılar. O da bilirsiniz nəyin hesabına? Əvvəlki iyirmi əsr ərzində yazılmış gözəl kitabların hesabına. Onları elmi cəhətdən araşdırmaqla, tədqiqata cəlb edib o tərəf-bu tərəfə çevirməklə başlarını girlədilər...
Andrey Petroviç sözünü bitirib əlinin arxası ilə alnının tərini sildi.

- Bu barədə danışmaq mənim üçün asan deyil, Maksim, - dedi. – Mən anlayıram ki, bütün bunlar təbii proseslərdir. Ədəbiyyat ona görə sıradan çıxdı ki, bəşəriyyətin tərəqqisi ilə ayaqlaşa bilmədi. Amma bəs uşaqlar var axı, Maksim, uşaqlar yazıqdı, başa düşürsünüzmü... Uşaqlar! Ədəbiyyat insanda təfəkkürü formalaşdırar, idraka təsir edərdi. Xüsusən də poeziya. Poetik düşüncə insanın iç dünyasını müəyyən edər, onun mənəviyyatını cilalayardı. İndi isə uşaqlar mənəviyyatdan bixəbər böyüyürlər, Maksim, bax bu pisdir, çox pis, hətta dəhşətli dərəcədə qorxuludur bu!

-Mən özüm sərbəst şəkildə analitik araşdırmalar aparıb bu qənaətə gəlmişəm, Andrey Petroviç. Elə ona görə də Sizə müraciət etdim.

-Uşaqlarınız var?

-Bəli, - Maksim yerində qurcalandı. – İkisi. Pavlik və Aneçka, təxminən həmyaşıddırlar. Bilirsiniz, Andrey Petroviç, mənə yalnız ədəbi işin əlifbası lazımdır. Bilim ki nə - nədir. Ədəbiyyat deyəndə nəyə fikir verməliyəm. Siz bunları öyrədin mənə. Qalan materialları, lazım olan ədəbi-bədii mənbələri özüm internetdən tapıb oxuyaram.

-Əlbəttə, öyrədəcəm, Maksim, – dedi Andrey Petroviç. – Çox mətləblərdən agah olacaqsan. Məsələn, baxın... - O sıçrayıb ayağa qalxdı, qollarını sinəsində çarpazladı, fikrini toparlayıb baxışlarını uzaqlara dikdi.

- Pasternak!!! – Təntənəli ədayla əzbərdən deməyə başladı:

“Yağır, yağır, ələnirdi,

Çovğunda qar sovrulurdu.

Masam üstə şam yanırdı,

Yanır, yanır, qovrulurdu...”

Ah!...
-Maksim, Siz sabah da gələcəksinizmi? - Andrey Petroviç səsindəki kövrək titrəyişi sezdirməmək üçün təmkinlə soruşdu.

- Mütləq. Ancaq məsələ ondadır ki... Bilirsiz, mən bir varlı ailədə işlər müdiriyəm. Təsərrüfata baxıram, haqq-hesabı aparıram, cürbəcür tapşırıqlar olur... Amma maaşım elə də çox deyil, pulum azdır. Mən... Sizə... - Maksim otağa göz gəzdirdi, - Mən ərzaq gətirə bilərəm. Əşyalar da mümkündür, məişət texnikası, müxtəlif cihazlar... Yəni zəhməthaqqı kimi... Buna razı olarsınız?

Andrey Petroviç yanaqlarının qızardığını hiss elədi. Əslində o sevdiyi fənni havayı da deməyə razı idi. Amma... kitab almaq arzusu...

- Əlbəttə, Maksim, - dedi. – Bu nə sözdür? Versəniz də sağ olun, verməsəniz də. Sabah gəlin, gözləyəcəm... Bilirsiniz, ədəbiyyat təkcə o deyil ki, adam əlinə qələm alıb nəsə yazsın, - Andrey Petroviç danışa-danışa otaqda var-gəl elədi. – Ədəbiyyat işi həm də necə yazmaq məsələsidir. Yəni yazarın dili. Bilirsən, Maksim, dil – bütün böyük nasir və şairlərin istifadə etdiyi alətdir. Əmək aləti. Siz kitab oxuyanda mütləq bu cəhətə də fikir verin.

Maksim diqqətlə qulaq asırdı. Sanki o, müəllimin dediyi hər sözü yadında saxlamağa, onun nitqini beyninə yazmağa çalışırdı.



  • Baxın, Puşkin! - Andrey Petroviç yenə əzbərdən deməyə başladı. – “Tavrida”,

“Ançar”, “Yevgeni Onegin”... Yaxud Lermontov – “Mıtsıri”. Eh!!! Baratınski, Yesenin, Mayakovski, Blok, Balmont, Axmatova, Qumilyov, Mandelştam, Vısotski... Görün bir zamanlar dünyada nələr var idi !

Maksim diqqətlə ona qulaq asırdı.

- Yorulmadınız ki? - arada Andrey Petroviç soruşurdu.

- Yox-yox, qətiyyən, davam edin, xahiş edirəm.


...Beləcə günlər bir-birini əvəz edirdi. Andrey Petroviçin sanki çiçəyi çırtlamışdı, kişi birdən birə ruhlanmış, ömrü mənalanmış, qəlbində həyat eşqi oyanmışdı. Gah həzin-həzin şeir oxuyurdu, gah şeirdən nəsrə keçirdi, danışdıqca cuşə gəlir, sanki ağzından alov püskürürdü.

Maksim çox qədirbilən və bacarıqlı şagird çıxmışdı. Müəlliminin hər sözünü göydə tuturdu. Andrey Petroviç hətta təəccüb edirdi ki, əvvəl-əvvəl az qala söz anlamayan, sözü hiss etməyən, ədəbi mətnin dilindəki sehrli harmoniyanı duya bilməyən Maksim bu qədər sürətlə inkişaf edir, hər gün bir az irəliləyir, deyiləni daha yaxşı qavrayır, daha dərindən dərk edirdi.

O bütün dünya ədəbiyyatını mənimsəmişdi. Balzak, Hüqo, Mopassan, Dostoyevski, Turgenev, Bunin, Kuprin, Bulqakov, Heminquey, Babel, Remark, Markes, Nabokov... On cəkkizinci əsr, on doqquzuncu, iyirminci əsrlərin ədəbiyyatı... Klassik dövr, zərif belletristika, fantastika, detektiv janr...

Janr (fransuzcha genre - „koʻrinish“) - shakliy va tarkibiy xususiyatlar majmui bilan tavsiflanuvchi asar turi.

Stivenson, Tven, Konan Doyl, Şekli, Struqatskilər, Vaynerlər, Japrizo... Heyrətamiz idi!
... Günlərin bir günü, çərşənbə axşamı Maksim gəlib çıxmadı. Andrey Petroviç səhər-səhər onu çox gözlədi, fikirləşdi ki, bəlkə nasazlayıb. Amma daxilindən gələn səs ona deyirdi ki, yox, işinə dəqiq, inadkar, hətta bir qədər pedant olan Maksim xəstələnsə də dərsdən qalmazdı. Bu il yarım ərzində o heç vaxt bir dəqiqə də gecikməmişdi. Hər gün düz on tamamda qapının zəngi çalınırdı. Amma indi o heç telefonla da zəng vurmur.

Axşama doğru Andrey Petroviç artıq narahat olmağa başladı, özünə yer tapa bilmirdi. Bütün gecəni isə gözünü belə qırpmadı. Ertəsi gün səhər saat onda artıq üzgün və halsız Andrey Petroviçin ümidləri tamam kəsildi. Maksimin daha gəlməyəcəyini başa düşsə də, yenə qapıya yaxınlaşıb videofonla bayıra baxmaq istədi.

“Sizin nömrəniz xəttdən ayrılmışdır” , - mexaniki səs onu xəbərdar etdi.

Sonrakı bir neçə gün isə bütöv bir dəhşətli yuxu kimi keçdi. Hətta sevimli kitablar da onu sıxıntıdan qurtara bilmirdi. İl yarım idi yadına belə düşməyən üzücü, əzabverici “gərəksizlik” fikri yenə onun bütün varlığını sarmışdı. Beynini cürbəcür fikirlər deşirdi, nə etsin, xəstəxanalara, morqlara zəng vursun, oğlanı axtarsın. Amma zəng vurub nə desin? Kimi soruşsun? Desin sizə otuz yaşlarında Maksim adlı bir adam gətirməyiblər ki? Familyası? Bağışlayın, familiyasını bilmirəm...


Artıq dörd divar arasında qüssədən darıxan Andrey Petroviç günlərin bir günü geyinib evdən çıxdı.

- A, Petroviç ! – Andrey Petroviç pilləkənin başında görünən kimi aşağıdan qonşusu qoca Nefyodov onu səslədi. – Çoxdandı görünmürsən? Niyə çölə çıxmırsan, yoxsa xəcalət çəkirsən? Axı sən yazığın nə taqsırı?

- Anlamadım, mən niyə xəcalət çəkməliyəm, Nefyod? - Andrey Petroviç təəccüblə dedi.

- Əşi, o oğlana görə deyirəm də, - Nefyodov əlini xirtdəyinə çəkdi. – Sənin yanına gəlib-gedən... Qoy rədd olsun, fikri eləmə... Mən də məəttəl qalmışdım ki, bu Petroviç qoca vaxtında avaralar dəstəsinə niyə qoşulub?

- Başa düşmədim, Siz nədən danışırsınız? - Andrey Petroviçin içindən qəribə gizilti keçdi. – Nə dəstəbazlıq, mən kimə qoşulmuşam?

- Məzələnmə, kişi... Mən o cür dələduzları uzaqdan görən kimi tanıyıram, bilirəm kim nə yuvanın quşudur. Otuz il onları ram eləməklə məşğul olmuşam, zarafat deyil.

- Onları, yəni kimi axı? - Andrey Petroviç heç nə başa düşmürdü. – Siz ümumiyyətlə nə haqda danışırsınız, bir izah edin?

- Bay, Petroviç, sən doğrudan heç nə bilmirsən? – Bu dəfə Nefyodov təəccübləndi. – Onda get hərdənbir Xəbərlərə bax, bütün kanallar car çəkib bu hadisədən danışır...


Andrey Petroviç qapıdan qayıdıb liftə necə girdiyini bilmədi. On dördüncü mərtəbəyə qalxıb əlləri əsə-əsə cibindən açarları çıxartdı. Beşinci cəhddən sonra nəhayət, qapını açıb özünü kompyüterin üstünə atdı, soyuq cihazı enerjiyə qoşub düyməsini basdı, tələm-tələsik son xəbərlər lentinə göz gəzdirməyə başladı. Və birdən... qocanın ürəyindən ağrı tutdu. Monitordan Maksim ona baxırdı, şəklin altından sürətlə keçən sətirlərə göz gəzdirdi.

“Ev sahibləri tərəfindən ifşa olunub, - bu cümləni oxuyanda Andrey Petroviçin gözü alacalandı, güclə özünü toparlayıb sonrasını oxudu, - ərzaq məhsulları, pal-paltar və məişət əşyaları oğurlayaraq... DRQ-439 K seriyalı ailə robot-təsərrüfatçısı... Onun idarəetmə proqramında yaranan defekt nəticəsində... Bildirmişdir ki, özü müstəqil surətdə uşaqların mənəviyyat dünyasının kasadlığı qənaətinə gəlmişdir və bununla mübarizəyə qalxmışdır... Robot özbaşına olaraq uşaqlara məktəbdənkənar tədris proqramları təqdim etməyə çalışmışdır. Cihaz özünün bu fəaliyyətini sahiblərindən gizlin icra etmişdir... O artıq dövriyyədən çıxarılmışdır və... Fakta əsasən sxemi sökülərək utilləşdirilmişdir... Şəhər ictimaiyyəti bu hadisədən xeyli təşviş keçirmiş, uşaqlara nəzarət artırılmışdır... Robotu istehsal edən firma əhaliyə dəyən ziyanın xərcini ödəməyə hazır olduğunu bildirmişdir.... İnsidentlə bağlı yaradılmış faktaraşdırıcı missiya qərara almışdır ki... ”


Andrey Petroviç kompyüterdən gözünü çəkib birtəhər dikəldi. Qalxıb ayaqlarını sürüyə-sürüyə mətbəxə doğru getdi. Dolabın alt gözünü açıb ordan Maksimin zəhməthaqqı olaraq gətirdiyi konyak şüşəsini götürdü. Şüşənin ağzındakı mantarı çəkib çıxartdı, qədəh üçün o yan-bu yana boylandı. Gözünə heç nə dəymədi və hövsələsizcəsinə konyakı başına çəkdi. Çox içdiyindən boğazı tutuldu, çəçidi, şüşəni əlindən salıb geri-geri səndərləyərək divara dəydi. Dizləri büküldü və Andrey Petroviç ağır-ağır yerə çökdü.

“Hədər imiş, - düşündü. - Hər şey boş-boşuna imiş. Bütün bu müddət ərzində robota dərs deyirmiş... Hissiz, duyğusuz, qəlbsiz, defektli dəmir-dümür yığnağını öyrədirmiş. Bildiklərini havaya üfürürmüş. İnsanın bu dünyaya niyə gəlməsi, həyatın mənası barədə fəlsəfi düşüncələrini cansız dəmirə döşəyirmiş. Özü üçün nəyi həyatının mənası sayırdısa, nəyə görə yaşayırdısa hamısını robot Maksimə təlqin etməyə çalışırmış... Heyhat!”

Andrey Petroviç ürəyini parçalayan sancmalara məhəl qoymayıb birtəhər ayağa qalxdı. Pəncərəyə tərəf süründü, hər yeri kip örtüb möhkəm-möhkəm bağladı... İndi qalır qaz sobası. Qazın bütün gözlərini açmaq və yarım saat gözləmək... Yarım saatdan sonra...

Vəssalam.


Sobaya doğru getdiyi anda qəflətən qapının zəngi çalındı. Andrey Petroviç bu yersiz qonağın gəlişinə əsəbiləşdi, hirslə dişini-dişinə sıxıb qapıya tərəf getdi. Qapının o üzündə iki uşaq dayanmışdı. On yaşlarında bir oğlan və bir qız uşağı.
-Siz ədəbiyyat dərsi deyirsiniz? – qızcığaz gözünün üstünə düşən telini əli ilə yana itələyib altdan-yuxarı qocaya baxa-baxa soruşdu.

-Nə? - Andrey Petroviçin gözləri bərəldi. – Siz kimsiniz?

-Mən Pavlikəm, - oğlan bir addım irəli atdı. - Bu isə Aneçkadır, bacım. Bizi Maks yollayıb.

- Kim? Kim yollayıb dedin?

- Maks, - oğlan qürurla təkrar etdi. – O bizə dedi ki sizin yanınıza gələk. Onu... onu... məhv eləməmişdən qabaq... dedi....

- “Yağır, yağır ələnirdi... Çovğunda qar sovrulurdu...” - birdən qızcığaz cır səslə

oxudu.

Andrey Petroviç titrək əli ilə ürəyini tutub bir neçə dəfə udqundu, doluxsundu, gözlərinə yaş gəldi, handan-hana qəhərini boğub özünü ələ aldı.

- Zarafat edirsən, qızım? – səsi güclə çıxdı.

- “Masam üstə şam yanırdı...Yanır, yanır, qovrulurdu...” – oğlan qətiyyətlə əlavə etdi.

– Bunları bizə Maks öyrədib, dedi gələk Sizə də deyək... Bizə ədəbiyyat dərsi keçərsiniz?

Qapının çərçivəsindən yapışıb asta-asta kandardan geri çəkilən Andrey Petroviç:



  • Aman Allah! – dedi. – Gəlin, ay uşaqlar, keçin içəri.

d:\akif ali doc\depo\aa- yaradan - proses\ dafine \ yanir\knigi.jpg

-----------------------------------------------------------------------


Əsər məxsusi olaraq NK yanında Tərcümə Mərkəzinin

elan etdiyi “Dəf(i)nə” müsabiqəsi üçün ilk dəfə

Rus dilindən Azərbaycan dilinə tərcümə eilmişdir.

Akif ƏLİ


4 dekabr 2014.

P.S. B.Pasternakın şeiri orijinalda belədir:

“Мело, мело по всей земле

Во все пределы.

Свеча горела на столе,

Свеча горела...”






Download 59.06 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa


Tərcümə edəni: Akif ƏLİ

Download 59.06 Kb.