AYQIRGÖL - İrəvan quberniyasının Eçmiadzin qəzasında göl adı. Ermənicə – Metsamor. Yeraltı bulaq sularından qidalanır.
AYĞIRGÖLÜ - Şirak vadisində dərinliyi 10 m, sahəsi 5 kv.km. olan gölün adı. (6, 222). "Kitabi-Dədə Qorqud" eposunda "Ayqırgözlü suyu" hidronimi ilə (27, 50) səsləşir.
AYDAN - İrəvan xanlığının Dərəçiçək mahalında kənd adı [159]. 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır (yenə orada). Şərqi Türkiyədə (Kilikiyada) orta əsrlərdə mövcud olmuş Adan şəhərinin adındandır. (Habelə bax: Ağdan)
AYDAMAN - İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı [133, 7]. (Bax:Adıyaman)
AYDAMAN - İrəvan quberniyasının Novobayazid qəzasında çay adı [133, 7].
AYDINEV - İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı [170, 129]. Qızılbaşların Aydıneli tayfasının [15, 16] adından və ev - "dayanacaq" [93, 162] sözündən ibarətdir. Qeyd etmək lazımdır ki, bəzi qədim toponimlərdə ev həm də "tikinti", "bina", "ibadət evi" mənasındadır; XIX əsrdə Kutais quberniyasının Şaropan qəzasında Kolevi (Kol tayfasının adından) və Siqnax qəzasında Kulevi (133, 139 və 147), Tatev - Albaniyada monastır, Avey (əsli "Ay-ev") Qazax r-nunda qədim ibadətgahın yerləşdiyi dağ adı və s. (Avey dağının zirvəsindəki ikiotaqlı Ay məbədi haqqında geniş məlumat üçün bax: Firuzə Muradova və Cəfərqulu Rüstəmov. Qafqaz Albaniyasının abidələri. "Ədəbiyyat və İncəsənət" qəzeti, 1990, № 42).
AYDINKƏND - İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı [23, 129].
AYDINKƏNDİ - İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı [23, 108]. "Kəndin başqa adı Arıqvəli" (yenə orada). (Bax: Arıqvəli)
AYDIN DƏRVİŞ - XVIII əsrin ortalarında İrəvan əyalətində kənd adı [150, 339]. "Aydın adlı dərvişə mənsub" mənasındadır.
AYDINLI - Eçmiadzin r-nunda kənd adı. 1918-1919-cu illərdə əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Lenuqs adlandırılmışdır. Orta əsrlərdə Anadoluda yaşamış Yeryük tayfa birləşməsinin Aydınlı tayfasının (bax: 34) məskunlaşması nəticəsində yaranmışdır.
AYDOĞMUŞ - İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı [23, 135]. Gözlübulaq da adlanır (yenə orada). Başqa adı -Qaraörən (yenə orada). Aydoğmuş şəxs adındandır.
AYIDƏRƏSİ - İrəvan quberniyasının Novobayazid qəzasında (indiki Krasnoselo r-nu) Toxluca kəndinə məxsus qışlaqlardan birinin adı [136, 33].
AYIBASAN - Rəvan əyalətinin Aralıq nahiyəsində kənd adı [169, 268].
AYIQIŞLAĞI - İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı [170, 39]. Mənbədə kəndin həm də Təkzor adlandığı qeyd olunmuşdur [23, 83]. "Ərkük kəndinə məxsus qışlaq" adıdır (yenə orada).
AYIYATAĞI - Talin r-nunda xaraba kənd adı. 1914-cü ildə ermənilər dağıtmışlar (6, 152).
AYGÖRMƏZ - Vedi r-nunda Dəvəli və Şahablı kəndləri arasındakı dərənin adı. Digər adı - Aydoğmaz.
AYNALI - Talin r-nunda kənd adı. 1918-ci ildə kəndin əhalisi qovulmuş və 1915-1928-ci illərdə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir [20, 111]. Anadolunun Qars əyalətində Aynalı [36] kəndinin adı ilə mənşəcə eynidir. Ehtimal ki, tayfa adıdır.
AYNAXLI - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Gorus r-nunda) kənd adı [133]. XX əsrin əvvəllərində kənd dağılmışdır. Mənası məlum deyil.
AYRABCA - İrəvan quberniyasının Novobayazid qəzasında Toxluca kəndinə məxsus qışlaqlardan birinin adı [136, 34].
AYRANLI - İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı [133]. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Ayranlı dağının adındandır.
AYRANLI - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında dağ adı [133]. Dağ oradakı "Ayranlı" bulağının adı ilə adlandırılmışdır.
AYRIM - Noyemberyan r-nunda kənd adı. 1960-cı ildə kənd ermənicə Pxtovan adlandırılmış və 1988-ci ildə əhalisi Azərbaycana qovulmuşdur. Orta əsrlərdə İrəvan əyalətində yaşamış türk mənşəli Ayrım (Ayrum) tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Ayrımların mənşəyi haqqında dəqiq tarixi məlumat yoxdur. A.Bakıxanova görə Əmir Teymur 1402-ci ildə Ankara vuruşmasından sonra 50 min türk ailəsini İrəvanda, Qarabağda və Gəncədə yerləşdirmişdir. Ehtimal ki, bu ellər sonra Ayrum (El-Rum adının təhrifi) adlanmışdır. İ.Şopenə görə Türkiyədə İkonum sultanlığı ləğv edildikdən sonra türklərin bir hissəsi Ərməniyəyə keçərək Ayrumlu (631 ailə), Seyid Axsalı (311 ailə), Taşanlı (124 ailə) və Saatlı (160 ailə) adları ilə yaşamışlar (159). Kiçik Qafqazda və Qazax qəzasında səpələnmiş ayrımlar Aqsaq Ayrum, Quşçu Ayrum, Baqanis-Ayrım (türk dillərində bakanes -"çayın aşağı axarının quru məcrası" mənasındadır), Dadanis Ayrum (Dadanis kənd adıdır), Polad Ayrum və b. qollara bölünmüşlər.
AYRIM - Tumanyan r-nunda kənd adı. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur.
AYRICA - Şərur-Dərələyəz mahalı ilə Göycə mahalı arasında, Kiçik Qafqazın cənub ətəklərindəki yaylağın adı [159]. 1590-cı ilə aid türkcə mənbədə "Əyricə yaylağı ki, Şərur camaatı yaylayır" kimidir [169, 66]. Böyük Ayrıca və Kiçik Ayrıca vardır. Oradan axan kiçik çay da Ayrıca adlanırdı. Türk dillərində oyriçə "çay axan çöl", "çay axan yayla" sözündəndir.
AYSASI (AYSƏSİ) - İrəvan xanlığının Dərələyəz mahalınında (Yeğeqnadzor r-nunda) kənd adı [159]. Mənbədə "Ayısəsi" kimidir [23, 288]. Mənbədə kənddə 2 erməni ailəsinin yaşadığı qeyd olunmuşdur [yenə orada]. 1946-cı ildə kənd Qızılgül adlandırılmışdı. 1991-ci ildən adı Aretadır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. XIX əsrdə Şimali Qafqazda, Dağıstan əyalətinin Kaytaq Tabasaran dairəsindəki Aysatəpə (dağ adı), Ter əyalətinin Teymurxanşura dairəsindəki Aysiqoretepe (dağ adı) toponimləri (133, 9) ilə mənaca eynidir. Evenkcə aksa "qaya", "hündür sahil", mancurca yaksa "girintili-çıxıntılı sahil", eksa "qaya" [126, 197] mənalarındadır.
AYSASI - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Meğri r-nunda) kənd adı [33]. 1988-ci ildə əhalisi Azərbaycana qovulmuşdur.
AYSORGÖL - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı. Göl Aysor və Türk gölü də adlanmışdır [20, 219]. Əvvəlcə əhalisi Azərbaycan türklərindən ibarət olan kəndə XIX əsrin I yarısında aysorlar da gəlmişlər. 1918-ci ildə daşnaklar tərəfindən kəndin azərbaycanlı əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir.
AYTAQ - İrəvan quberniyasının Eçmiadzin qəzasında (Talin r-nunda) kənd adı (133, 1).
AYTAXT - İrəvan xanlığının Karbibasar mahalında kənd adı [159]. Mənbədə Haytaq formasındadır [23, 92]. "Əhalisi Albatanlı əşirəbindəndir" (yenə orada). Əsli Aq-taxtdır. Rəng bildirən ağ (torpağın süxurunun ağımtıllığını bildirir) və ərəbcə təxt "yüksəklik" [145, 211] sözlərindən ibarətdir. Cənubi Qafqazda bir sıra toponimlərdə "taxt" (məsələn, Naxçıvanda Şahtaxtı toponimində) sözü ilə türk mənşəli taxta "dağ döşündə hamar yer" (məsələn, XIX əsrdə Qazax rayonundakı Aqtaxtatəpə dağ adı - 133, 6) sözləri bəzi hallarda danışıqda qarışdırılmışdır.
AYTƏVİ - İrəvan əyalətinin Şirakel nahiyəsində Ovala kəndinə məxsus məzrə [23, 132] adı.
AKAS - İrəvan xanlığının Karbibasar mahalında kənd adı [159]. Yerli tələffüz forması Axıs. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır . Ehtimal ki, mənşəcə yunan dilindəki aqios "müqəddəs (yer) " mənasındadır. (Bax: Axasku və Haxıs)
AXİKƏND - İrəvan xanlığının Qırxbulaq mahalında kənd adı [159]. Digər adı Muradtəpə. 1920-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi ermənilər tərəfindən qovulduqdan sonra kənd dağılmışdır. Naxçıvan xanlığında Şərur mahalındakı Akikənd kənd adı [159] ilə mənaca eynidir. Əsli Əxikənddir. "Əxiyə mənsub kənd" mənasındadır. (Bax: Ağabaş)
AKO - İrəvan quberniyasının Eçmiadzin qəzasında qışlaq adı [133, 6]. XIX əsrdə Batum əyalətindəki Axo kənd adı, Qars əyalətinin Oltin dairəsindəki Axo kənd və dağ adları [133, 24] toponimləri ilə mənaca eynidir. Orta əsrlərdə Türkiyə ərazisində yaşamış Akyo tayfasının [90, 19] adını əks etdirir. Albaniyada Artsak əyalətində IV əsr hadisələri ilə əlaqədə adı çəkilən Aku (ermənicə yazılışda Haku) kənd adı (Alban tarixi, I kitab, 10-cu fəsil) ilə əlaqəsi aydın deyil.
AKUNK - Göycə mahalında kənd adı [150, 360].
AKSAK - İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı [133]. İrəvan xanlığı dövründə bir mahal bu kəndin adı ilə Seyidli-Axsaqlı (Ayrım elinin Seyidli qolunun adı) adlanırdı (Bax: Ayrım). XIX əsrin II yarısında bu mahal İrəvan quberniyasının İrəvan qəzasının tərkibində idi. Axsaqlının əsl adı Aksakludur [1728-ci ilə aid mənbədə Aksaklu - 170, 7). Kəndin adı isə Türkiyədə orta əsrlərdə Aksakqala nahiyəsinin adı ilə bağlıdır. Ermənistan ərazisində XIX əsrdə Anqar-Saq (Əngər-sak) (bax), Sarsaxlı (Sarı-Saklı) (bax), Seyid-Axsaqlı (bax), Talış dağ silsiləsində Mirzə-Saq dağ adı və Pir-Sak (bax) toponimləri ilə sıra təşkil edir. Türk dillərində rəng bildirən ak və sak - "içməli su" [93, 480] sözlərindən ibarətdir. (Bax: Axsaq Tavus və Axsaq Toyuq)
AKURİ (AXURA) - İrəvan xanlığının Dərələyəz mahalında kənd adı [159]. Böyük Ararat dağının yamacında yerləşən bu kənd 1840-cı ildə zəlzələdən dağılmışdır. (M.F.Axundovun "Müsyö Jordan və Dərviş Məstəlişah" komediyasında cadugər Məstəlişah Şəhrəbanu xanıma deyir: "Əcinnələrə, ifritələrə hökm etdim ki, tamam Naxçıvan, Şərur mahallarının dağlarını qaldırıb yer ilə yeksan etsinlər ki, zərbindən Aqri dağının bir tərəfi də qopub tökülüb Akur kəndini batırdı". M.F.Axundov. Əsərləri. I cild, s.68). Kəndin sağ qalmış əhalisi köçüb haqqında danışdığımız kəndi yaratmışdır. Ona görə kənd Yeni Axura adlanmışdır. İlk dəfə Urartu mənbələrində (er.əv. VIII əsr) Akuriayni kimidir. Qədim Akuri kəndi ilk dəfə "Kitabi-Dədə Qorqud"da Arquri ("Arquri yatan Alataq") kimidir (27, 37). XVII əsrin əvvəllərində kəndin adı "Arquri" yazılmışdır[160, 53]. XIX əsrdə Tiflis quberniyasının Borçalı qəzasındakı Akori, həmin quberniyanın Oltin qəzasındakı Akurtis, Telavi qəzasındakı Akuri, Akuris-mta [133, 10], Naxçıvandakı mənbəyini Keçəltəpə dağından alan Axurçay, Qusar r-nundakı Axurçay və s. toponimlərlə mənşəcə eynidir. Gürcüstanın Kaxeti bölgəsində Akuri adlı kənd 1407-ci ildən məlumdur. (Qruzinskie dokumentı IX-XV vv. M. 1982, s.116.). Qədim türk dillərində argu -"dağlar arası vadi", ya da arqu -"dərələrlə şaxələnmiş dağ" [126, 58] sözündəndir.
AL - Qafan r-nunda dağ adı.
ALAVAR - Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Quqark rayonunda) kənd və çay adı. Türk dillərindəki alay -"hərbi hissə" (147, I, 132) və "var" sözlərindən ibarətdir. Toponimlərdə var sözü İran dillərində həm "qala", həm də "tərəf", XIX əsrdə Azərbaycan dilində isə "düşərgə yeri" mənasındadır. XVII əsrdə İrəvan mahalının Kotak (sonra Dərəçiçək) mahalında ermənicə yazılışda Alaber kənd adı [150, 362] ilə mənaca eynidir.
ALAKAK - İrəvan əyalətinin Dərəçiçək nahiyəsində kənd adı [170, 12]. Türk dillərində rəng bildirən ala və ükək -"qüllə", "qala" [93, 623] sözlərindən ibarətdir. Türk dillərində kak həm də "bərk süxur" mənasındadır (70, 9).
ALAKİLSƏ - Amasiya rayonunda kənd adı. 1828-1832-ci illərdə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir [159]. 1886-cı ilə aid məlumata görə kəndin əhalisi erməni idi. 1935-ci ildə kənd ermənicə Baytar adlandırılmışdır. XIX əsrdə Qars əyalətinin Kaqızman dairəsindəki Alakilsə kənd adı ilə mənaca eynidir. Rəng bildirən ala (müxtəlif rəngli daşlardan tikildiyinə görə) və kilsə sözlərindən ibarətdir.
ALAKİLSƏ - İrəvan quberniyasının Aleksandropol qəzasında (indi Abovyan r-nunda) kənd adı [133, 11]. 1948-ci ildə əhalisi Azərbaycana köçürüldük-dən sonra kənd dağılmışdır.
ALAGÖZ - İrəvan xanlığı ərazisində ən böyük dağın adı. V əsrə aid ermənicə mənbələrdə yazılışı "Araqadz" kimidir (Favst Buzand, III, kitab, 24-cü fəsil, Moisey Xorenasi, I kitab, 12-ci fəsil). Qədim ermənicə dağın adı Qaxtik (Xaldik adının qədim erməni dilində "l" səsi olmadığına görə yazılışıdır, urartuluların etnik adı olan xaldi, haldi adındandır) olmuşdur. Bir sıra tədqiqatçıların "Alagöz" adının erməni dili əsasında etimologiyası haqqında axtarışları nəticəsiz qalmışdır. Qax r-nun Sarıbaş kəndi yaxınlığındakı Alagöz dağının adı ilə mənaca eynidir. Əslində bu oronim qədim türkcə olmaq etibarilə "ala" və "kəz (gəz)" hissələrindən ibarətdir. Adın birinci komponenti olan ala sözü türk dillərində "geniş" ("böyük") mənasındadır [147, I. 755] və bu söz məsələn, Alazan (əsli Alaözən) "Geniş çay" çayının adında da vardır. Oronimin ikinci hissəsi olan "göz" sözü (əslində "gəz") Cənubi Qafqazda bir sıra dağ adlarında əksini tapmışdır: XIX əsrdə İrəvan quberniyasının Sürməli qəzasında Dərəgəz, Laçın rayonunda (Mıxtökən silsiləsinin şərq hissəsində) Çilgəz, Naxçıvanda Maqqız (dağın adındakı "qız" sözü), Quba və Şamaxı r-larının sərhəddində Kəlgəz və b. dağ adlarında bu söz vardır. Azərbaycan dilində gəz "dağ başında batıq yer" deməkdir [17]. Bu söz bəzi türk dillərində giz -"dərə" [143, II, 2, 1389] kimidir. Alagöz dağı da vulkan mənşəlidir və zirvəsində böyük batıq vardır. Alagöz Azərbaycan türklərinin yaylaq yeri olmuşdur. Z.Korkotyanın bu dağın ayrı-ayrı hissələrinin adları haqqında məlumatı bunu təsdiq edir: Çınqıl, Kühül, Ziyarət, Qızıl Ləqəm, Qaradağ, Qaraköynək, Qızılziyarət, Qızıldağ, Şiştəpə, Boğutlu, Börklü, Qıpçaq, Qaranluq, Bakugöl, Təkərli gölü, Takış gölü, Maralik çayı və s. [108]. Beləliklə, Alagöz (əsli Alagəz) "(Başında, zirvəsində) geniş batıqlı" mənasındadır.
ALAGÖZ - İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı [133,10]. 1949-cu ildə əhalisi Azərbaycana köçürülmüşdür. 1930-cu ildə kənd ermənicə Araqats adlandırılmışdır. Toponimin Alagəz (Ələyəz) dağ adından ibarət olması ağlabatan deyil. XIX əsrdə Şimali Qafqazda Dağıstan əyalətinin Teymurxanşura dairəsində Alaqaz, Naxçıvan qəzasında Alaqaz-Məzrə, Şərur-Dərələyəz qəzasında Alaqaz çayı, Qars əyalətinin Ərdahan dairəsində Alagöz, Şərur-Dərələyəz qəzasında Alagöz kənd xarabalığı, Qars əyalətinin Kaqızman dairəsində Alagöz kənd xarabalığı [133, 10] adları ilə mənaca eynidir. Ehtimal ki, Alagöz tayfa adındadır. Türkmənistanda Alagöz toponimi və tayfa adı məlumdur. (Ataniyazov. S. Türkmənistanın qeoqrafik atlarının düşündirişli sözlüqi s.34).
ALAGÖZ - Talin r-nunda kənd adı. 1950-ci ildə Araqats adlandırılmışdır. Mənbədə İrəvan əyalətinin Dərələyəz (əsli Dərə-Alagəz) nahiyəsində bir kənd Alagöz adlanır [170, 14].
ALAGÖZ - Yexeqnadzor r-nunda kənd adı. [170, 14]. Bu mənbədə Alagəz kimidir. Digər adı Məzrə - Kərimxan. XIX əsrin II yarısında Dərələyəz mahalının mərkəzi idi. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd xaraba qalmışdır.
ALAGÖLLƏR - Ələyəz dağının zirvəsində göl adı [6,172]. 1934-cü ildə ermənicə Lçakneriovit adlandırılmışdır.
ALAGÖLLƏR - İrəvan quberniyası, Novobayazid qəzasında (Vardenis r-nunda) dağ adı (133, 13).
ALAGÖLLƏR - İrəvan quberniyasının Zəngəzur qəzasında göl adı [133, 10].
ALANDZA - İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı [133, 11]. XIX əsrdə əhalisi əsasən ermənilərdən ibarət idi. Şərqi Anadoluda indiki Göynük çayının sol sahilində erkən orta əsrlərdə mövcud olmuş Yelandzberd [142, 110] şəhərinin adındandır. Bir fikrə görə "Xallı maral qalası" mənasındadır [142, 168, şərh.11]. Ermənilərin özləri ilə İrəvan əyalətinə gətirdikləri addır.
ALAPAPAX - Pəmbək dağ silsiləsində dağ adı [159].
ALAPARAQ - İrəvan xanlığının Dərəçiçək mahalında kənd adı. 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhali ermənilər tərəfindən qovulduqdan sonra kənd dağılmışdır [159]. Əsli Alıparaqdır. Alı şəxs adından və paraq -"gecələr mal-qaranı salmaq üçün hasarlanmış yer" sözlərindən ibarətdir. Azərbaycandakı Gözparaq (Zaqatala rayonu), Mumparaq (yenə orada) və b. kənd adları ilə mənaca eynidir.
ALAPARS - İrəvan xanlığının Dərəçiçək mahalında (Razdan r-nunda) kənd adı [159]. Mənbədə İrəvan əyalətinin Qırxbulaq nahiyəsindəki Alabars kəndinin adı çəkilir [170, 28]. 1828-1832-ci illərdə əhalisi Azərbaycan türklərindən ibarət kənddə ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid mənbədəki məlumata görə kənddə ermənilər vardı [136, 33]. XIX əsrin ortalarında kəndin azərbaycanlı hissəsinin yaylaq yeri "Şah yolu" adlanırdı [136, 32]. 1918-ci ildə kənddən azərbaycanlıların qovulması məlumdur. Azərbaycan dilindəki ala və farsca barz -"hündür yer" sözlərindən ibarətdir.
ALAGÜNEY - Meğri r-nunda mədən yeri.
ALATALA - Berd (Şəmşəddin) r-nunda qışlaq adı. 1960-cı ildə ləğv elidmişdir.
ALAHACILI - İrəvan əyalətinin Aralıq nahiyəsində kənd adı [23, 70].
ALAHACILI - İrəvan əyalətinin İqdır nahiyəsində kənd adı [170, 19].
ALAÇIQ (ALAÇIQQAYA) - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (indi Ermənistanın İcevan r-nunda) kənd adı. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. 1989-cu ildə ləğv edilmişdir. Alaciki dağ adının (bax) təhrifidir.
ALACİGİ - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (indi Qazax r-nunda) dağ adı [133, 10]. Əsli Ala-Çikidir. Türk dillərindəki ala (ehtimal ki ya rəng bildirir, ya da türk dillərində "geniş" mənasındadır) və çiki "dar dərə" [126, 615] sözlərindən ibarətdir. Dağ oradakı "Alaçiki" dərəsinin adı ilə adlanmışdır. (Bax: Çikdamlı)
ALQIRIX - Martuni r-nunda kənd adı. 1935-ci ildən Astxadzordur.
ALAŞIQ - İrəvan əyalətini Dərəçiçək nahiyəsində kənd adı [23, 117]. "Palçıqlı da adlanır" (yenə orada). "Övliya (seyid olduğuna görə) şıx (şeyx)" adından təhrifdir. (Bax: Ulyaşıx)
ALQURD - Qafan r-nunda mədən yeri.
ALDƏRƏ - Meqri r-nunda kənd adı. Əsli Əlidərə, yaxud Alıdərədir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Əli (Alı) şəxs adından və dərə sözündən ibarətdir.
ALƏM - Rəvan əyalətinin Ağcaqala nahiyəsində kənd adı [169, 195]. Türk dillərində olom - "keçid" [126, 412] sözündəndir.
ALIAĞA - Gümrü r-nunda qədim yurd yerinin adı. Gümrünün Alı ağa adlı mülkədarının yurd yeri [6, 153].
ALINCALI - İrəvan xanlığının Göycə mahalında kənd adı [159]. Əsli Əlincəlidir. 1948-ci ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd dağılmışdır.
ALIXAN - İrəvan quberniyasının Aleksandropol qəzasında (indi Qukasyan r-nunda) kənd adı [133, 13]. 1829-cu illərdə gəlmə ermənilər də məskunlaşmışdı. 1886-cı ilə aid məlumata görə kəndin əhalisi qarışıq idi. 1920-ci ildə azərbaycanlı qarapapaqlar Türkiyəyə köçmüşlər 1935-ci ildə kənd ermənicə Qetk adlandırılmışdır. 1940-cı ildə kənd ləğv edilmişdir. Ehtimal ki, şəxs (mülkədar) adıdır.
ALIXAN PƏYƏSİ (ALXANPƏYƏSİ) - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında (indiki Yeğeqnadzor r-nunda) kənd adı [133, 13]. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi daşnaklar tərəfindən qovulduqdan sonra kənd dağılmışdır. Alıxan şəxs adından və pəyə sözündən ibarətdir.
ALKAVANİS - İrəvan əyalətinin Göycə nahiyəsində kənd adı [170, 12]. Türk dillərindəki alik - "yüksəklik" [143, 1, 1, 372] və avan - "kənd" sözlərindən ibarət adın ermənicə tələffüz formasıdır.
ALLAHVERDİ - Ermənistanda 1939-cu ilədək rayon və onun mərkəzinin adı. 1969-cu ildən adı Tumanyandır. Ləlvər dağının yamacında mis mədəni əsasında yaranmışdır. Əhalisi qarışıq (azərbaycanlı, erməni, yunan) olmuşdur. 1988-ci ildə azərbaycanlılar Azərbaycana qovulmuşdur. Azərbaycan dilindəki Ləlvər (əsli Ləlpar) adının ermənicə təhrif formasıdır. (Bax: Ləlvər)
ALLAHVERDİ - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı [133, 13]. Digər adı Çoban güneyidir [20, 203]. Keçmişdə Qrampa da adlanmışdır [133, 13]. 1918-ci ildə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. (Bax: Qrampa)
ALLAHVERDİBƏY - İrəvan xanlığının Göycə mahalında kiçik kənd adı [159]. XIX əsrin 30-cu illərində kənd dağılmışdır. Allahverdibəy adlı bir mülkədara məxsus rəiyyətin məskunlaşması nəticəsində yaranmışdır.
ALLAHVERDİ KƏNDİ - İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı [133, 13]. Digər adı - Qorçulu. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur.
ALLAHVERDİ KƏNDİ - İrəvan əyalətinin Zarzəmin nahiyəsində kənd adı [23, 121].
ALLAHQULU QIŞLAĞI MƏZRƏSİ - İrəvan əyalətini Şirakel nahiyəsində Qızıl Çaqçaq kəndinə məxsus məzrənin adı [23, 128].
ALLAHYERİ - İrəvan quberniyasının Aleksandropol qəzasında xaraba qala adı [133, 13]. (Bax: Allah-Əkbər)
ALLAHYERİ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd adı [133, 13].
ALLAH-ƏKBƏR - İrəvan quberniyasının İrəvan qəzasında dağ adı [133, 13]. Azərbaycanlıların qədim ziyarətgahlarındandır. XIX əsrdə Qars əyalətindəki Allah Əkbər dağının [133, 13] adı ilə mənaca eynidir. Toponimlərdə "allah" sözü həm ərəbcə allah (ilahi), həm də türk dillərində ələk (ələh) "müalicə əhəmiyyətli mineral bulaq" mənasındadır. Abşeron arxipelağındakı Pirallahı adasının adında bu sözün məhz bulaq mənası əksini tapmışdır. XIX əsrə aid ədəbiyyatda bu ada Pir-Alaqi kimi qeyd olunmuşdur [133, 227]. Buna misal olaraq Yardımlı r-nundakı Ələhi və Ordubad r-nundakı Ələhi müalicə əhəmiyyətli mineral bulaq və XIX əsrdə Dağıstandakı Allah-Katı (133, 13), Qars əyalətindəki Alla dağ Alla gədik adlarını göstərmək olar.
ALMALI - Qafan r-nunda kənd və dağ adı. 1930-cu ildə ləğv edilmişdir.
ALMALI - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) kənd adı [133, 13]. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Almalı kənd adları Azərbaycanda və İranda da çoxdur. Bu toponimlərin bəziləri alma meyvəsinin adı ilə, bəziləri isə qızılbaşların Armalu tayfasının adı ilə bağlıdır.
ALMALI - İrəvan quberniyasının Şərur Dərələyəz qəzasında (sonra Əzizbəyov r-nunda) kənd adı [133, 13]. 1828-1832-ci illərdə kənddə ermənilər də məskunlaşmışdılar. 1988-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur.
ALMALI - İrəvan əyalətinin Qarni nahiyəsində kənd adı [23, 49] [169, 209]. "Əhalisi Qəmərli camaatındandır" (yenə orada).
ALMALIQ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (in-di Ermənistanın Sisyan r-da) kənd adı [133, 13]. XX əsrin əvvəllərində kənd dağılmışdır. XIX əsrdə Zəngəzurda yaşamış Sarallı tayfasının qışlaqla-rından birinin adıdır (103, 164).
ALPAQ MƏZRƏSİ - Rəvan əyalətinin Qarni nahiyəsində kənd adı [169, 206].
ALPEVİ (ARPAVAR) - İrəvan əyalətinin Qarni nahiyəsində kənd adı [170, 76]. 1945-ci ildən Lusakert, 1967-ci ildən Nşvan (Artaşat) r-nudur. Qədim türk dillərində ev sözü həm də "dayanacaq", "düşərgə" mənasındadır [93, 162]. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır [11, 164]."Alp evləri (kəndi)" mənasındadır. (Bax: Aydınev)
ALTIQIŞLAQ - İrəvan əyalətinin Aralıq nahiyəsində kənd adı [23, 70]. Digər adı Quzugüdənlidir.
ALPOUT - İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı [23, 135]. "Kəndin başqa adı Hafizdərədir" (yenə orada). Qədim türk mənşəli Alpout tayfasının adındandır. Rus mənbələrində ilk dəfə Kulikovo döyüşü (1380-ci il) ilə əlaqədar çəkilən bu elin adı həm də XIV-XV əsrlərdə qaraqoyunluların bir tayfasının adı idi. (bax: 78). Azərbaycanda Qazax, Bərdə, Ucar və b. r-nlardakı Alpout kənd, Dağlıq Şirvandakı Alpoutdağı adları ilə mənşəcə eynidir.
ALTUNQUTNİ - Rəvan əyalətinin Zebil nahiyəsində kənd adı. Digər adı Məlikkənd [169, 330]. XIII əsrdə gəlmiş monqolların Oltin tayfasının adından və monqolca xut "düşərgə" sözündəndir.
ALTUNTAQ - İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı [133]. 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi ermənilər tərəfindən qovulduqdan sonra [159] kənd dağılmışdır. Oradakı Altundaq təpəsinin adındandır. Təpənin adı isə monqolların tərkibində XIII əsrdə gəlmiş Oltin tayfasının adından və türk dillərindəki taq "dağ" sözündən ibarətdir. XIII əsrdə Qars əyalətinin Oltin mahalının (133) adı ilə mənşəcə eynidir.
ALTUNTAXT - İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı [133]. Arxiv sənədlərində İrəvan əyalətinin Göycə nahiyəsində Altuntaxt kəndinin adı qeyd olunmuşdur [170, 12], [habelə bax: 150, 361). 1828-1832-ci illərdə azərbaycanlılardan ibarət əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir [159]. Altuntaxt dağının adındandır. (Bax: Altuntaxt dağ adı)
ALTUNTAXT - İrəvan xanlığının Dərəçiçək mahalında dağ və yayla adı [159]. İlk dəfə "Kitabi-Dədə Qorqud" eposunda (27, 50) adı çəkilir. (Eposda deyilir ki, burada Qazan xanın "orda"sı yerləşir). Türk dillərindəki altun - "qızıl" (vulkan mənşəli qaya adlarında "qırmızı" mənasında) və ərəbcə təxt - "yüksəklik" [145, 211] sözlərindən ibarətdir. XIX əsrdə Zəngəzur qəzasındakı (Laçın r-nu) Altuntaxt dağının və Şuşa qəzasındakı Altuntaxt aşırımının [133, 13] adları ilə mənaca eynidir. (Bax: Aytaxt)
ALÇADƏRƏLİ MƏZMƏZƏK - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan r-nunda) kənd adı [133, 14]. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır.
ALÇAKİLSƏ - İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı [23, 78].
ALÇALI - Azərbaycanın Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Gorus r-da) kənd adı [133, 14]. 1918-ci ildə azərbaycanlılardan ibarət əhalisi daşnaklar tərəfindən qovulduqdan sonra kənd dağılmışdır.
ALÇALI - İrəvan xanlığının Dərəkənd-Parçenis mahalında kənd adı [159]. XIX əsrin II yarısından sonra adı çəkilmir. "Alça olan yer" mənasında-dır.
ALÇALI (AŞAĞI ALÇALI) - Martuni r-da kənd adı. 1968-ci ildə kənd ermənicə Artsvanist adlandırılmışdır. "Alça olan yer" mənasındadır.
ALÇALIQ - Qafan r-nunda dağ adı.
ALÇALI TƏPƏ - Martuni r-nunda çay və təpə adı.
ALÇALU DƏRƏSİ - İrəvan quberniyası Novobayazid qəzasında (Versdağ dağında) Kiçik Məzrə kəndinin maldarlarına məxsus yaylaqda yurdun adı [136, 34].
AMAQU - İrəvan əyalətinin Dərələyəz nahiyəsində (indi Yexeqnadzor r-nunda) kənd adı. 1988-ci ildə əhalisi Azərbaycana qovulmuşdur. Kənd yerləşdiyi "Amaqu dərəsi"nin (bu dərə "Zəngəzur" də adlanır) adı ilə adlanmışdır. 1727-ci ilə aid mənbədə qeyd olunur ki, Amaqu kəndində heç kim yaşamır [32, 303]. V əsr müəllifi Favst Buzand Ararat vadisində ermənicə yazılışda Amok adlı kəndi qeyd etmişdir (Favst Buzand, VI kitab, 6-cı fəsil). XIX əsrdə Şimali Qafqazda Kuban əyalətinin Maykop dairəsindəki Amaqu-Kor çay adı, Dağıstan əyalətinin Qazi-Qumuq dairəsindəki Amoki kənd adı [133, 15] və Gürcüstandakı Amuqo dağ adı (133, 15) ilə eynidir. Mənası məlum deyil.
AMASİYA - Anadolunun şərqində Qars əyalətində kənd adı [133, 14]. 1930-cu ilədək Ağababa r-nun və mərkəzinin adı. 1988-ci ildə 295 ailədən (6,153) ibarət əhalisi Azərbaycana qovulmuşdur. Yaxınlıqdakı Çətindərə adlı yerdə Amasiya (Hamasiya) qala xarabalığının adındandır. Qala və mahal XIII əsrdə xatırlanır [144, 209]. Mənşəcə qədim yunan yaşayış məntəqəsinin adındandır (I əsr məşhur yunan coğrafiyaşünası Strabonun vətənidir). Mənası məlum deyil. Əsli Amasadır. Toponiminin sonluğu olan "asa" şəkilçisi Kiçik Asiyada er.əv. XIV əsrdən məlum olan Hayasa (ermənilərin etnik "hay" adı da bu əyalətin adındandır) əyalətinin adındakı Luviya dil mənşəli "asa" sözü ilə mənşəcə eynidir. Maraqlıdır ki, XIX əsrdə Dağıstan əyalətinin Dargin dairəsində Amasiya adlı kənd vardı [133, 14].
AMARAT - İrəvan xanlığının Sürməli qəzasında kənd adı. İrəvan əyalətinin İqdır nahiyəsində kənd adı [170, 15]. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi daşnaklar tərəfindən qovulmuş və kənd dağılmışdır. İlk dəfə adı 1728-ci ilə aid mənbədə çəkilir [170, 18]. Ehtimal ki, ərəbcə imarət -"tikinti", "bina", "saray" sözündəndir.
AMPERT - İrəvan quberniyasının Eçmiadzin qəzasında dağ adı [133, 15]. Azərbaycan türklərinin yaylaq yeri. Oradakı qədim Ambert qala xarabalığı azərbaycanlılarda Qızqaladağı adlanırdı. İlk dəfə XVII əsrdən məlumdur [150, 197]. (Bax: Qızqalası dağı)
AMRBAR - Mənbədə Göycə mahalında kənd adı [150, 361]. Əmirbar (yaxud Əmirvar) toponiminin ermənicə yazılışıdır. Əmir (titul, ya da şəxs adı) və farsca per "dağ", "dağ beli" [145, 171] sözlərindən ibarətdir.
AMUDUQ - Azərbaycanın Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Gorus r-da) kənd adı. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Əsli Armudluqdur. "Armud meyvə ağacı bol olan yer" mənasındadır.
AMURQALASI - Qərbi Arpaçayın sahilində qədim qala adı. (6, 153).
ANAGÜNEY - Krasnoselo (Dilican) r-nunda təpə adı.
ANATAN - Rəvan əyalətinin Aralıq nahiyəsində kənd adı [169, 270].
ANQARSAQ (ANKERSAQ) - İrəvan quberniyasının Eçmiadzin qəzasında (indiki Aştarak r-nunda) kənd adı [133, 15]. Yerli tələffüz forması Əngərsaqdır. 1918-ci ilin əvvəllərində Azərbaycan türklərindən ibarət əhalisi daşnaklar tərəfindən qovulmuş və kənd dağıdılmışdır. 1728-ci ilə aid sənəddə İrəvan əyalətinin Vedi nahiyəsində Əngir ("Qarabaqi Kəbir kəndi nəzdində Ənkir") kəndinin adı qeyd olunur [170, 10]. Anqarsaq dağının adındandır. Türk və monqol dillərindəki anqar - "dərə", "vadi”, "keçid" [126, 50] və saq -"içməli su" sözlərindəndir. (Bax: Aksak) XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Qara-Noqay dairəsindəki Ankar tubə təpə [133, 16], Qubar r-nun Rustov kəndindəki Qala Əngər (yerli forması Kələngər) dağ adı ilə səsləşir.
ANDİ (AND) - İrəvan xanlığının Vedibasar mahalında (indiki Ararat r-nu) kənd adı [159]. 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi ermənilər tərəfindən qovulduqdan sonra kənd dağılmışdır. Ermənistandakı türk mənşəli qədim adlardandır. 765-ci ilə aid ermənicə mənbədə Taçat Andzevatsi naharar adının çəkilməsi And toponiminin orada VIII əsrdə mövcud olduğunu göstərir. Alagöz (ermənicə Araqadz) dağının dərəsində Andzin kənd adını Favst Buzand (Vəsr) qeyd etmişdir. (Favst Buzand, III kitab, 24-cü fəsil). Bu müəllif Ərməniyədə Andmiş qala adını da çəkir (Favst Buzand, VI kitab, 6-cı fəsil). "And" sözünün iştirak etdiyi ən qədim toponim II Sarqonun (er. əv. 720-705) assurca kitabəsində Cənubi Azərbaycan ərazisində, indiki Qızılüzən çayı hövzələrində Andiya əyalətinin adı ilə qeydə alınmışdır. Bu toponim Azərbaycan xalqının etnik tarixi üçün bir bəlaya çevrilmişdir. İlk dəfə Q.A.Melikişvili Mannada Dağıstan dillilərin (indiki andilərin) yaşadığı fikrini söyləmiş və sonra tarixçilərimiz də yağlı tikə kimi onu udmuşlar. Er. əv. VIII əsrdə Urartu kitabəsindəki Andamaniv, XIX əsrdə Şərqi Anadoluda Fərat çayının yuxarı axımının sol sahilindəki Andit [142, 99], XIX əsrdə Şimali Qafqazda Stavropol quberniyasındakı And Ağı göl adı və And çayı, Dağıstan əyalətindəki Andi dairəsinin adı və həmin dairədəki Andi-Girey göl adı [133, 16], Tiflis quberniyasının Axalsix qəzasındakı Anda kəndi [133, 16], həmin quberniyanın Tioneti qəzasındakı Andakist-skali çay adı [133, 16], Naxçıvan qəzasındakı And-Əmiç (Əndəmiç) kənd adı, Dağıstanın Qunib dairəsindəki Andik kəndi [133, 16] toponimləri ilə mənaca eynidir. Ermənicə yazılışda əvvəlinə "h" səsinin əlavəsi ilə Handu (əsli Andu) qala adı "Alban tarixi"ndə çəkilmişdir (Alban tarixi, III kitab, 19-cu fəsil). Ərəb mənbələrində Həndan - indiki Xanta, Dağlıq Qarabağda 1288-ci ilə aid mənbədə ermənicə yazılışda Handaberd (əvvəlinə "h" səsinin əlavə olunması ilə "Andqala") toponimi [82] məlumdur. Türk dillərindəki anta, anda, andı, andi "izləmək", "gözləmək", "keşik çəkmək", "qaravulunu çəkmək" və s. [147, I, 157-158] sözündəndir. Deməli, and tərkibli toponimlər mənşəcə qaravul (keşikçi) məntəqələri (qalaçaları) əsasında yaranmışdır. (Habelə bax: Hand)
ANDİ - İrəvan xanlığının Dərəçiçək mahalında kənd adı [159]. XIX əsrin ortalarından sonra mənbələrdə bu kəndin adı çəkilmir. Türk dillərində andi - "qaravulunu çəkmək" sözündəndir.
ANDOK - İrəvan əyalətinin Abaran nahiyəsində kənd adı [169, 236]. Mənbədə kəndin həm də Yellitəpə adlandığı qeyd olunur (yenə orada). Ehtimal ki, türk dillərindəki an -"karst çuxuru, yarığı" [126, 50] və utuq -"sulu çəmən", "suvarıla bilən biçənək" [126, 584] sözlərindəndir.
ANDOK - İrəvan əyalətinin Dərəçiçək nahiyəsində kənd adı [170, 104].
ANDON - İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı [23, 136]. Məlikkənd də adlanır (yenə orada). Türk dillərindəki an "karst çuxuru, yarığı" və ton "təpə" sözlərindən ibarətdir.
ANİPEMZA - Ani rayonunda kənd adı. 1878-ci ildə kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir (6, 153). Sonralar kənd ermənicə Temzaşen adlandırılmışdır. Zağa və Qızqülləsi də adlanmışdır (6, 153). Anadolunun şərqində erkən orta əsrlərdə mövcud olmuş Ani şəhər xarabalığının adındandır. Qeyd edilməlidir ki, Ani adlı iki qədim şəhər məlumdur. Bu adı Şərqi Anadoluda (erməni mənbələrində Kamax) və Ərməniyədə Şirak düzünə er. əv. II əsrdə gəlmiş bulqarlar yaratmışlar. Xarabalıqları Arpaçayın kənarında qalmaqdadır. Paytakaran (Balasakan) əyalətində də bir şəhər Hani adlanırdı. Orxon-Yenisey mənbələrində Altayda Ani adlı çay adının çəkilməsi [93, 45] toponimin türk mənşəli olduğunu göstərir.
ANUXS – Mənbədə Göycə mahalında kənd adı [150, 360].
APADAR - İrəvan əyalətinin Göycə mahalında kənd adı [150, 361]. Abay şəxs adından və tör "dağ örüşü" [126, 550] sözlərindən ibarət adın ermənicə tələffüz formasıdır.
APAXE - İrəvan əyalətinin Göycə mahalında kənd adı [150, 360]. İlk dəfə bu toponimin adı "Alban tarixi"ndə çəkilmişdir (Alban tarixi, II kitab, 7-ci fəsil).
APAKLI - Stepanavan şəhərindən şimal-şərqdə yerləşən dağın adı (60, 64). XX əsrin 30-cu illərində dağ ermənicə Akakesar adlandırılmışdır. Azərbaycan dilindəki (zirvəsi həmişə qarlı olduğuna görə) ağappaq sözündəndir.
APAĞA - İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı [170, 4].
APNAKƏND - İrəvan xanlığının Abaran mahalında kənd adı [159]. XIX əsrin əvvəllərində xaricdən gəlmə ermənilər Azərbaycan türklərindən ibarət yerli əhalini qovmuş və yerini tutmuşlar. Ermənicə kənd Apnaqyux adlandırılmışdır. Ermənicə apn - "qırağı", "kənarı" (dərəsinin, su mənbəyinin) və azərbaycanca kənd sözlərindən ibarətdir.
ARAVUS - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Gorus rayonunda) kənd adı (60, 65). Yerli tələffüz forması -Ərəvüz.
ARAZDƏYƏN - İrəvan quberniyasının İrəvan qəzasında (indi Ararat r-nunda) kənd adı [133, 17]. Başqa adı - Qotur (yenə orada). XIX əsrin II yarısında xaricdən gəlmiş ermənilər də məskunlaşmışlar. 1968-ci ildə ermənicə Erasx (Araz adının ermənicə tələffüzü) adlandırılmışdır. 1988-ci ildə kəndin azərbaycanlı əhalisi Azərbaycana qovulmuşdur. Yerli tələffüz forması -Arazdayan. Arazdəyən çayın yazda daşaraq sahilləri basması (döyməsi) ilə bağlı yer adı olmuş və kənd də yarandıqda bu adı qəbul etmişdir. 1905-ci ildə dəmiryol stansiyası da Arazdöyən adlandırılmışdı. Azərbaycan ərazisinə (Naxçıvana) mənsub kənd və stansiya sonra Ermənistana verildi. Sədərək kəndinin bir məhəlləsi indi də Arazdöyən adlanır. Azərbaycanda ilk dəfə XIII əsrdən məlum olan [144, 243] Arazbar (əvvəlcə Ordubad-Meğri arası ərazinin, sonra Pənah xanın və İbrahim xanın mal-qarasının otlaq yeri olmuş Qarabağın Araz sahili hissəsinin adı) toponimi ilə (Araz çayının adından və farsca bər "sahil", "kənar" sözlərindən) mənaca eynidir.
ARAZKƏND - İrəvan quberniyasının Novobayazid qəzasında (indi Razdan r-nunda) kənd adı. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi daşnaklar tərəfindən qovulmuş və ermənilər yerləşdirilmişdir. Əsli - Arzakənd. Araz çayının adı ilə əlaqəsi yoxdur. Ərəb coğrafiyaşünası Belazurinin (IX əsr) VIII əsrə aid hadisələrdə qeyd etdiyi "Arezax daqları" toponimi isə Artsaka aiddir. XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Nazran dairəsində Arzi kəndi və Arzi-Çaç-Kort dağ adı, Stavropol quberniyasında Arzqir-təpə (iki kənd və iki təpə adı) [133] toponimləri ilə mənaca eynidir. Orta əsrlərdə Türkiyədə Arzənsu [90, 28], Ərzrum (XIII əsrə aid mənbədə Arz-an-Rum -129, 37), Azərbaycan-da hazırda Arzanax dağı (Qax r-nu) adları ilə əlaqəsi aydın deyil. XIX əsrdə Naxçıvanda Arazin dağının [133, 17] və indiki Ərəzin kəndinin adı, erkən orta əsrlərdə Albaniyada Arajank (Alban tarixi, I kitab, 28-ci fəsil) toponimləri göstərir ki, bu adlar bir tayfanın adını əks etdirir. Herodot (er.əv. V əsr) Midiyada bir tayfanın Arizant adlandığını yazmışdır (bu barədə bax: 13, 119-120).
ARAGAHÇALA - İrəvan ərazisinin Aralıq nahiyəsində kənd adı [170, 20]. Digər adı Biləkli [23, 70].
ARALIQ - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı [133]. Tam adı - Aralıq-Kolanı, yəni «aralıqda yerləşən Kolanı kəndi». Mənbədə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində Aralıq Ulya və Aralıq Sufla kənd adları qeyd olunmuşdur [170, 3]. Qazaxların məşhur Qarapapaq tayfasının yaşadığı kəndlərdən idi. 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Erazqavors adlandırılmışdır. 1970-ci ildə Arpaçay su ambarının tikilməsi ilə əlaqədar olaraq əhali köçürülmüş, kəndin ərazisi su altında qalmışdır. Kəndin adı "iki müxtəlif mənşəli yaşayış məntəqəsi arasındakı kənd" mənasındadır. XIX əsrdə İrəvan quberniyasında Aralıq, Aralıq-Başkənd, Aralıq-Bək, Aralıq Gilanlı, Aralıq-Surb Ohan, Aralıq-Xan və b. kənd adları vardı (bax: 133, 17).
ARALIQ - İrəvan xanlığının Karpibasar mahalında kənd adı [159]. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır.
ARALIQ - Talin r-da kənd adı. 1919-cu ildə Azərbaycan türklərindən ibarət əhalisi daşnaklar tərəfindən qovulmuş və kənd dağıdılmışdır. 1920-ci ildə Türkiyədən gəlmə ermənilər yerləşdirilmiş və ermənicə Micnadzor adlandırılmışdır [20, 111]. Tam adı Aralıq-Başkənd, yəni "Başkənd yaxınlığındakı Aralıq kəndi".
ARALIQ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd adı. Oxçu-Aralıq da adlanmışdır. 1918-ci ildə azərbaycanlı əhali qovulmuş və ermənilər yerləşdirilmişdir. Sonralar Aralıq kəndi Oxçu kəndi ilə birləşmişdir.
ARALIQ - Axuryan r-nunda kənd adı. XX əsrin 30-cu illərində kənd ermənicə Erazqovors adlandırılmışdır.
ARALIQ BAŞKƏND - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı (133, 17).
ARALIQ QOYUN – Krasnoselo r-da qışlaq adı.
ARALIQ GİLANLI - Eçmiadzin r-nunda kənd adı. 1949-cu ildə əhalisi Azərbaycana köçürüldükdən sonra İrandan və Suriyadan gəlmə ermənilər yerləşdirilmişdir. Kənd ermənicə Verin Qelanlu adlandırılmışdır.
ARAMLU - İrəvan xanlığının Karnibasar mahalında kənd adı [159]. Digər adı Aramanis-köy (133, 18) 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Aramlı dağının adındandır.
ARAMLI - Yelizavetpol quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanda Sisyan r-da) Bərgüşad dağ silsiləsində zirvə adı [133, 18]. Ehtimal ki, tayfa adındandır.
ARAMUS - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı [133]. 1590-cı ilə aid türkcə mənbədə Əramus kimidir [169, 61]. Mənbədə adı İrəvan əyalətinin Qırxbulaq nahiyəsində çəkilir [23, 75]. Yerli tələffüz forması -Ərəmis. VII əsrdən məlumdur. Katolikos David Aramusetsinin [728-741] məlumatından göründüyü kimi [150, 70] kənddə ermənilər də yaşamışlar. Orta əsrlərdə Qatar-göl monastırının Vəqf kəndi olmuşdur [150, 358]. 1886-cı ilə aid məlumatlarda əhalisi ermənilər idi. Lakin XX əsrin əvvəllərində orada azərbaycanlıların da yaşadığı məlumdur və onlar 1918-ci ildə qovulmuşlar. Türk dillərindəki urem "dağ vadisində çaykənarı dərinləşmiş zolaq" [126, 380] və erməni dilindəki yunan mənşəli os (us) şəkilçisindən ibarətdir. Zəngəzur qəzasında XIX əsrdə azərbaycanlıların yaşadığı Aramis (indi İrimis) kənd adı ilə mənşəcə eynidir (Bax: Armaz və Aramaz).
ARAN - İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı [23, 77]. Kənd İsmayıl Abdulla oğlu adlı bir şəxsə məxsus idi (yenə orada). Bu toponim iki cür izah olunur: 1. Qədim türk mənşəli Aran tayfasının adını əks etdirir (Bax: Eranos). 2. Qədim türk dillərindəki aran "qışlaq yeri", "mülayim iqlimli yer" sözündəndir.
ARANİ-MİRZƏ - Rəvan əyalətinin Karbi nahiyəsində kənd adı [169, 72]. Türk dillərindəki aran "çəmən", "mülayim iqlimli ərazi", "aşağı yer", "qışlaq" [143, 1, 1, 255] və ərəbcə məzrə "əkin yeri" sözlərindən ibarətdir. Toponimlərdə aran sözü eranın əvvəllərində artıq Albaniyada yaşaması güman olunan Aran tayfasının adı (bax: Eranos) ilə qarışdırılmamalıdır.
ARATAN - İrəvan xanlığının Karnibasar mahalında kənd adı [159]. XIX əsrin II yarısından etibarən adı çəkilmir. Musa Kalankatlının "Alban tarixi"ndə Albaniyanın Arsak bölgəsində Tancik (yəni "Kiçik Tan"), Bulu-Tan (1828-ci ildə İrandan gəlmə ermənilər yerləşdikdən sonra təhrif olunmuş Plıtans şəklindədir) yəni "Ulu (böyük) Tan" və 1727-ci il arxiv sənədinə görə orada Müsəlman-Tan [171] kənd adları ilə sıra təşkil edir. 1949-1950-ci illərdə kəndin əhalisi Azərbaycana köçürülmüşdür.
ARAXUS - İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı [23, 79]. "Kəndin başqa adı Başköydür" (yenə orada) 1. Azərbaycan dilindəki ara (yer) və qədim türk dillərindəki küz "payız (otlağı)" sözlərindən ibarətdir. 2. Toponim türk dillərində örək "qala" sözündən və "us" şəkilçisindən ibarətdir. Mənbədə kəndin Qatar-Göl monastrına mənsub olması qeyd olunmuşdur [58, 358].
ARAÇIN - Ermənistanda Zəngəzur dağ silsiləsində zirvələrdən birinin adı (60, 10).
ARAÇIN - Talin r-nunda kənd adı. XX əsrin 30-cu illərində kənd ermənicə Davidaşen adlandırılmışdır.
ARBAT - İrəvan quberniyasının İrəvan qəzasında (133, 18) (indiki Masis r-nunda) kənd adı. Mənbədə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində Arebat kimidir [170, 24]. XVII əsrin əvvəllərinə aid ermənicə mənbədə Arpat kimi [150, 117], 1590-cı ilə aid türkcə mənbədə Arbad [169, 37] kimidir. Ərəbcə rabat "sərhəd məntəqəsi", "din uğrunda mübarizələrin istehkamı" (Bartolğd V.V. Soç. t.III, M. 1965, c.119) sözündəndir. Türkmənistanda Daş Arbat və Kızıl Arbat şəhərinin (S.Ataniyazov. Türkmenistanın qeoqrafik atlarının düşündirişli sözlüqi. s.125, 136) və Azərbaycanda XIX əsrdə Cavad qəzasında Arbat kənd xarabalığı [133, 18] adları ilə mənaca eynidir.
ARQIÇI - Göycə gölü ilə Gədikçay arasında dağ adı (60, 65).
ARQIÇI - Göycə gölünün cənub-qərb hövzəsində çayın adı.
ARDAQ - İcevan r-nunda İcevan şəhərindən qərbdə bir dağın adı (60, 66). XX əsrin 30-cu illərində dağ ermənicə Arsar adlandırılmışdır.
ARDALAS - İrəvan xanlığının Qırxbulaq mahalında kənd adı [159]. Yerli tələffüz forması - Ardaraz. 1949-50-ci illərdə əhalisi Azərbaycana köçürül-dükdən sonra kənd ləğv edilmişdir.
ARDANİÇ (ARDANIŞ) - İrəvan quberniyasının Novobayazid qəzasında (indiki Krosnoselo r-da) kənd adı [133, 18]. 1988-ci ildə əhalisi Azərbaycana qovulmuşdur. Mənbədə Araniç kimidir [170, 16]. Şərqi Türkiyədəki Ərzrum əyalətində Ardanuç [83, 261], XIX əsrdə Batum əyalətinin Artvin dairəsində Ardanuç kəndi (133, 18), Ardanuçsu çay adı ilə mənşəcə eynidir. Mənası məlum deyil. Yalnız ehtimal tərzdə iki fikir irəli sürmək olar: 1. Ad İran dillərindəki arta (arda) "müqəddəs" (məsələn, Artavanta, indiki Ərdəbil - "Müqəddəs su", həqiqətdə də Ərdəbildə qədimdə türklər tərəfindən "Çeraq Cu" adlanan müalicə əhəmiyyətli mineral su vardır, türk dillərində çeraq - "müalicə əhəmiyyətli su" mənasındadır) sözündəndir. 2. Ad türk dillərindəki art "dağ keçidi", "aşırım" və eniş sözlərindən ibarətdir. (Parxar dağının yanındakı Orciqax (gürcücə Artapuci, türkcə Ardapuc) haqqında bax: 159, 25).
|