ErməNİstanda azərbaycan məNŞƏLİ toponiMLƏRİN İzahli lüĞƏTİ 1




Download 1,35 Mb.
bet5/2
Sana24.03.2017
Hajmi1,35 Mb.
#1841
1   2

Beləliklə, Strabonun yaşadığı dövrdə (er.əv. I əsr və bizim eranın I əsri) Sakasena adlı üç əyalət vardı: biri Gürgandan cənubda (Atropatenada), ikincisi Kürdən cənubda (indiki Gəncəbasar bölgəsi), üçüncüsü Kiçik Asiyanın şərqində - Arminidə. Mənbədə Atropatenadakı Sakasena Ərməniyəyə aid edilir (aşağıda onun er.əv. I əsrdə Ərməniyə tərəfindən işğal olunduğunu deyəcəyik), üçüncüsünün isə Arminidə  yerləşdiyi qeyd olunur.

İndiyədək tədqiqatçılar ərazicə bir-birindən aralıda yerləşən birinci və üçüncü Sakasena barədə Strabonun məlumatlarını ikinci Sakasena (Kürdən cənubdakı Gəncə bölgəsi) barədə məlumatla birləşdirərək (məsələn, İ.M.Dyakonov yazır ki. Strabon əsərinin bir neçə yerində Gəncə bölgəsindəki Sakasenanın adını çəkmişdir; 89, 250). Kürdən cənubda Azərbaycan ərazisinin binadan Ərməniyəyə, yəni haylara məxsus olduğu kimi səhv nəticəyə gəlmişlər. Belə hesab etmişlər ki, Strabonun Sakasena barədə məlumatları yalnız bir Sakasenaya aiddir. Azərbaycanlı tədqiqatçılar bu dolaşıqlığı görə bilməmiş, Strabonu ardıcılsızlıqda təqsirləndirməklə kifayətlənmişlər.

İndi biz başqa bir məsələni araşdırmalıyıq.

Sakasenalar  barədə Strabonun məlumatlarından aydın oldu ki, iki Sakasena Ərməniyəyə aiddir: Gürgandan cənubdakı Sakasena və Arminidə - yəni Kiçik Asiyada "yaxşı torpaqları tutmuş" sakların yerləşdiyi Sakasena. Kürdən cənubdakı Sakasenanın  (tədqiqatçıların haqlı olaraq Gəncə bölgəsi ilə lokalizə etdikləri Sakasenanın) Ərməniyəyə aid olması barədə Strabonun əsərində və başqa qədim mənbələrdə məlumat yoxdur. Özlüyündə aydındır ki, bunu  Strabonun Arminidə "yaxşı torpaqları tutmuş" sakların yerləşdiyi Sakasena haqqında məlumatla birləşdirmək olmaz, ona görə ki, Kiçik Asiyanın şərqində - Arminidə olan Sakasena er.əv. VII əsrdə sakların Urartu  dövlətinin ərazisinə  girərək məskunlaşması nəticəsində yaranmışdır. O zaman hələ Kiçik Asiyanın şərq hissəsinin adı kimi "Ərməniyə" adı yox idi, Urartu dövlətinin tərkibində "Armeini" (Armini) əyaləti vardı. Deməli, Strabonun Arminidə "sakların yaxşı torpaqları tutması" məlumatını "Urartuda saklar yaxşı torpaqları tutdular" kimi başa düşmək lazımdır. Deməli, er.əv. VII əsrdə Kürdən cənubdakı ərazimiz Urartuya daxil olmadığına görə buradakı Sakasenanı Arminidə lokalizə etmək olmaz. Araşdırmamız göstərmişdir ki, Ərməniyənin işğal etdiyi Sakasena Kürdən cənubdakı Sakasena yox, məhz Gürgandan cənubda - Atropatenadakı Sakasenadır. Aşağıda bu nəticəni təsdiqləyən faktları verəcəyik. İndi bunu deməklə kifayətlənirik ki, Strabona isnad edərək Kürdən cənubdakı ərazimizin "haylara" məxsus olması baxışı tarixi saxtalaşdırmaqdır.

3. Erməni  tarixçilərinin Kürdən cənubda Azərbaycan ərazisini tarixən "hay"ların torpağı saymaları bir də Strabonun Kaspiananın Ərməniyəyə aid olması məlumatına (Strabon, XI, 14, 5) əsaslanır. Halbuki, Strabon əsərinin başqa yerində yazır ki,  Kaspiana əyaləti albanlara məxsusdur (Strabon, XI , 4, 5). İndiyədək tədqiqatçılar bu iki məlumatın yalnız bir Kaspianaya aid olduğunu güman edərək albanların Kaspiana əyalətinin bir vaxt Ərməniyə tərəfindən işğalı nəticəsinə gəlmişlər. Bu nəticənin yanlış olduğunu sübut etmək üçün biz əvvəlcə Kaspi əyaləti barədə məlumatları şərh etməli və deməli, indiki Şimali Azərbaycan ərazisində qədimdə iki Kaspi əyalətinin mövcud olduğunu göstərməli və onların lokalizəsini verməliyik.

Nəzərdə tutulmalıdır ki, antik müəlliflərin haqqında danışdıqları Albaniyada (Kür çayından şimalda yerləşən Albaniyada) Kaspi adlı əyalət olmamışdır. Strabon heç yerdə yazmamışdır ki, Albaniyada Kaspiana əyaləti vardır, o yazır ki. "Kaspiana albanlara məxsusdur". Bunlar müxtəlif şeylərdir. Bu onunla izah olunur ki, albanlar həm Kürdən şimalda (Strabonun vaxtında bu albanların Alban adlı dövləti vardı), həm də Kürdən cənubda (Strabonun vaxtında Kürdən cənubda dövlət adı məlum deyil) yaşayırdılar və Kaspi əyaləti də məhz Kürdən cənubdakı albanlara aid idi. V əsr erməni mənbələrindən aydın olur ki, Paytakaran (bu, Beyləqan adının qədim ermənicə yazılışıdır) Kaspi əyalətində yerləşir (Favst Buzand, II, kitab 53-cü fəsil). Beyləqan (Paytakaran) isə Strabon dövründə Kürdən Dərbəndə qədərki ərazini əhatə edən Alban dövlətinə məxsus ola bilməzdi. Bu Kaspi əyaləti yalnız eranın I əsrinin 60-cı illərində əvvəlcə Kürdən cənubdakı ərazidə yaranmış və sonra da Kürdən şimalda yerləşən Alban dövlətini də əhatə etmiş yeni Alban dövlətinə (şərti olaraq biz bunu yeni Alban dövləti adlandırıq) məxsus olmuşdur.

Lakin mənbələrdə digər bir Kaspi də qeyd olunur. III əsrə (262-ci ilə) aid I Şapurun kitabəsində, kitabənin Parfiya versiyasında Balasakan (yunan versiyasında Kaspiana) İran ərazisi kimi qeyd olunmuşdur. Bu Kaspiananın göstərilən mənbədə Balasakan ("Sak düzənliyi") adlanmasının səbəbi məlumdur. Strabonun Böyük Ermənistana aid etdiyi Kaspiana da bu Kaspi əyalətidir. Aşağıda deyəcəyimiz kimi, Ərməniyə məhz bu Kaspiananı er.əv. I əsrin 80-ci illərində işğal etmiş, həmin əsrin 66-cı ilində Böyük Ermənistanın dağılması ilə yenidən Atropatenaya qaytarılmışdır. Bu əyalət Kürün Arazla birləşdikdən sonra Xəzərə qədərki hissəsindən cənubda - indiki Salyan və Muğan düzlərində yerləşirdi. İndi Şimali Azərbaycana aid bu bölgə qədimdə Midiyaya, sonra isə Atropatenaya məxsus olmuşdur. Bəzi Azərbaycan tədqiqatçılarının bu bölgəni Albaniyaya (istər antik müəlliflərin haqqında yazdıqları Albaniyaya, istərsə də şərti olaraq yeni Albaniya adlandırdığımız Albaniyaya) aid etmələri tamamilə səhvdir. Atropatenaya aid bu Kaspiana əyaləti eranın III əsrindən (Sasanlar dövlətinin Atropatenanın müstəqilliyinə son qoyduqdan sonra) İranın ərazisi idi.

Bu Kaspiananın əvvəlcə Atropatenaya, III əsrdən sonra İran Sasanlar dövlətinə məxsus olması bir də aşağıdakı faktlarla təsdiqlənir. Alban tarixçisi Musa Kalankatlı yazır ki. Mesrop Maştos (Vəsr) Kaspi əyalətində xristianlığı yaymışdır. ("Alban tarixi", I kitab, 27-ci fəsil). Aydındır ki, Maştos Zərdüşt dinini himayə edən İran Sasanlar hakimiyyətinin qüvvətli vaxtında İran ərazisində Kaspianada heç bir təbliğat apara bilməzdi. Onun xristian dinini təbliğ etdiyi Kaspi əyaləti indiki Mil düzü idi. Erməni müəllifi Aqatanqel (V əsr) yazır ki, erməni çarı Xosrova (217-238) kaspilər, albanlar, lbinlər və cqiblər köməyə gəlmişdilər. Aydındır ki, Ərməniyədə Arşak sülaləsindən olan Xosrova qarşı mübarizə aparan Sasanlar (bu sülalənin özü İranda Arşaklar sülaləsinin hakimiyyətinə son qoymuşdu) vaxtında İrana məxsus Kaspianadan Ərməniyədə Arşaklar sülaləsindən olan Xosrova kaspilər köməyə gedə bilməzdi. Bu kömək Mil düzünü əhatə etmiş Kaspi əyalətindən ola bilərdi. Erməni tədqiqatçıları əvvəlcə Atropatenaya, sonra İrana aid Kaspiana barədə antik müəlliflərin məlumatlarını (o sıradan Kaspiananın Ərməniyəyə  aid olması barədə Strabonun məlumatını) Mil düzünü əhatə etmiş Kaspi barədə erməni mənbələrində və "Alban tarixi"ndə olan məlumatları ilə (o cümlədən Strabonun Kaspiananın albanlara məxsus olması məlumatı) birləşdirərək albanların Kaspi əyalətinin (Mil düzünün) Böyük Ərməniyəyə aid olması nəticəsinə gəlmişlər. Azərbaycan tarixçiləri  də yazmışlar ki, bu əyalət əvvəlcə Albaniyaya aid idi, sonra Atropatenaya keçmişdir (Azərbaycan Sovet Ensiklopediyası. V, s. 291). Deməli, tədqiqatçılar qədimdə  Cənubi Qafqazda iki Kaspi əyalətinin mövcud olduğunu  sezə bilmədiklərinə görə yanlış nəticəyə gəlmişlər. Məsələ belədir: Kürün Arazla birləşdiyi yerdən Xəzərə qədər olan hissəsindən cənubda yerləşən və Atropatenaya aid olan Kaspiananı er. əv. I əsrin 80-ci illərində  Ərməniyə işğal etmişdir. Strabonun Kaspiananın Ərməniyəyə aid olması məlumatı da bu hadisə ilə əlaqədardır. Aşağıda bu fikri təsdiqləyən  faktları verəcəyik. İndi yalnız bunu qeyd etməklə kifayətlənirik ki, Strabonun albanlara aid etdiyi Kaspiana (Mil düzü - Beyləqan)  heç vaxt Ərməniyəyə (yəni haylara) aid olmamışdır. Bu fikri təsdiqləyən bir faktı oxucuların nəzərinə çatdıraq: Alban tarixçisi Musa Kalankatlı yazır  ki, Ərməniyə çarı III Tiridad öləndən sonra (330 ya da 332-ci ildə) Paytakaran şəhərində (yəni Beyləqanda) albanlara Sanatruk adlı bir nəfər hökmdar başçılıq edirdi. "Buradan (yəni Beyləqandan-Q.Q.) o, Ərməniyəyə basqın edir" ("Alban tarixi", I kitab, V fəsil). Əgər Paytakaran erməni əyalətidirsə, əvvələn, orada nəyə görə Sanatruk ermənilərin yox, albanların hökmdarıdır, ikincisi, Paytakaran hayların əyalətidirsə müəllif nəyə görə yazmalı idi ki, Sanatruk oradan Ərməniyəyə basqın etdi?

Deməli, Strabonun Kaspiananın Ərməniyəyə  aid olması məlumatına əsasən Kürdən cənubdakı ərazimizin tarixən indiki Ermənistana aid olması fikri də tarixi saxtakarlıqdır.

Lakin bununla əlaqədar olaraq bir məsələni nəzərdən keçirmək lazımdır. "VII əsr Erməni coğrafiyası" adlı mənbədə deyilir ki, Paytakaran Ərməniyənin bir əyalətidir (59). Yuxarıda isə qeyd etdik ki, erməni mənbələrində "Paytakaran" adı Mil düzündə Beyləqanın adının ermənicə yazılışıdır. Tədqiqatçıları dolaşığa salan da budur. Əslində isə məsələ belədir: Ərməniyə er. əv. 80-ci illərdə Atropatenanın Kaspiana əyalətini işğal etmişdi. Lakin VII əsrə aid erməni müəllifi («VII əsr Erməni coğrafiyası» əsərinin müəllifi) Mil düzünü əhatə etmiş Kaspi əyaləti ilə Ərməniyənin  er.əv. I əsrdə işğal etdiyi Atropatena Kaspianası ilə qarışdırmış, Mil düzündəki Kaspi əyalətinin ermənicə adı olan Paytakaran adını Atropatenaya aid Kaspianaya şamil etmişdir. Bu onunla bağlı olmuşdur ki, Ərməniyənin Atropatenadan Kaspiana əyalətini qopartdığı vaxtdan təxminən 800 il keçdiyinə görə erməni müəlliflərinin Paytakaran barədə məlumatları dəqiq deyildi. Məsələn, bir erməni mənbəyində Tiflis şəhərinin Paytakaranda yerləşdiyi qeyd olunur. Deməli, VII əsr erməni müəllifinin Ərməniyəyə aid etdiyi Paytakaran Albaniyaya aid Paytakaran yox, Atropatenaya aid Kaspianadır.

4. Erməni və rus tarixçilərinin Kürdən cənubdakı Azərbaycan ərazisinin tarixən ermənilərə məxsus olması fikri bir də Strabonun  bu məlumatına əsaslanır ki, Araksena Ərməniyənin əyalətidir (Strabon, II, 14, və XI, 7, 8). Azərbaycan tarixşünaslığında  bu məsələ indiyədək araşdırılmamışdır.

Əvvəlcə qeyd etməliyik ki, "Araksena" Strabonun özünün düzəltdiyi ad olmaq etibarilə Araz çayının adından və qədim yunan dilindəki yer, ərazi bildirən "-ena" şəkilçisindən ibarətdir. Araksena "Araz sahili" mənasındadır. Belə olduqda, özlüyündə aydındır ki, iki Araksena ola bilər: Arazın sağ sahili və Arazın sol sahili.  Bu fikir Strabonun "Araz Araksenanın içərisindən axır" (Strabon, XI, 14, 3) məlumatı ilə təsdiqlənir. Araşdırmamız göstərir ki,  Strabonun Ərməniyəyə aid etdiyi Araksena Arazın sağ sahili, yəni Arazın Atropatenaya məxsus sahilidir. Aşağıda bu fikri təsdiqləyən faktları verəcəyik. İndi bunu deməklə kifayətlənirik ki, Strabonun Araksenanın Ərməniyəyə məxsus olması haqqındakı məlumatı Gürgandan cənubda - yəni Atropatenaya aid Sakasena ilə yanaşı qeyd olunmuşdur (Strabon, II, 14 və XI, 7, 8). Demək, bu Araksena Ərməniyəyə məxsus Sakasena ilə ərazicə yaxındır. Özlüyündə aydındır ki, bu yaxınlıq Gürgandan cənubdakı Sakasena ilə yalnız Arazdan cənubdakı Araksena arasında ola bilərdi.

Beləliklə, deyilənlərdən aydın oldu ki, birinci, Ərməniyə er. əv. I əsrdə Atropatenanın Sakasena, Kaspiana və Araksena əyalətlərini işğal etmişdi, ikinci, Sakasena, Kaspiana və Araksena əyalətlərinin Ərməniyəyə aid olması haqqında Strabonun məlumatları Kürdən cənubdakı Azərbaycan torpağının tarixən erməni ərazisi olduğunu deməyə əsas vermir; üçüncü, Albaniyaya məxsus Sakasena (Gəncə bölgəsi), Kaspiana (Mil düzü) və Araksena (Arazın sol sahili) əyalətlərinin guya Böyük Ərməniyənin tərkib hissələri olması fikri Strabonun məlumatlarının yanlış şərh edilməsi nəticəsində yaranmışdır.

İndi er.əv. V əsrdə Ərməniyənin Sakasena, Kaspiana və Araksena əyalətlərini məhz Atropatenadan qopardığını göstərən faktlara nəzər salaq.

1. Strabon yazır ki, "atropatenlilərin qüdrətli qonşuları vardır: onların ( yəni atropatenlilərin) ölkəsini tez-tez viran qoyan ermənilər və parfiyanlardır. Lakin onlar (yəni atropatenlilər) müqavimət göstərir və işğal olunmuş torpaqlarını geri alırlar" (Strabon,XI,13, 2)

2. Strabon yazır ki, erməni çarları onları əhatə edən xalqların əyalətlərinin bir hissəsini kəsərək malikanələrini genişləndirirlər. Onlar Midiyadan (Strabonun vaxtında Atropatenadan) Kaspiananı, Bosoropedi" (Naxçıvan bölgəsini-Q.Q.). (Strabon,XI,14, 5)

3. Strabon yazır ki. Tiqran (er.əv. 95-56-cı illərdə yaşamış II Tiqran nəzərdə tutulur) Atropatena hakimlərini fəth etdi (Strabon, XI, 14, 15).

4. Strabon yazır: "Ərməniyənin şimal hissələrindən (burada Ərməniyənin  işğal etdiyi Atropatenanın şimalı nəzərdə tutulur - Q.Q.) biri Kaspi dənizi üstündə (burada Xəzərin cənub qərbi nəzərdə tutulur - Q.Q.) Paraxoatr (Xəzərin cənub qərbində Baqrov dağları nəzərdə tutulur - Q.Q.) dağlarıdır" (Strabon, XI,14, 1).

5. Strabon yazır ki,  Mantiana gölü (Urmiya gölü nəzərdə tutulur - Q.Q.) Ərməniyədədir.

6. "VII əsr Erməni coğrafiyası" adlı mənbədə 12 əyalətdən ibarət olduğu Paytakaranın Ərməniyəyə məxsus olması göstərilir (59).

Yuxarıda dedik ki, Albaniyada və Atropatenada  iki əyalətin Kaspi adlanması erməni mənbələrində  dolaşıqlıq əmələ gətirmiş və Mil düzündə Kaspi əyalətinin ermənicə adı olan Paytakaran (Bəyləqan) adı Ərməniyənin er.əv. I əsrdə Atropatenadan qopardığı Kaspiana əyalətinə də şamil edilmişdir. Özlüyündə aydındır ki, "VII əsr Erməni coğrafiyası" adlı mənbədə Paytakaranın 12 əyalətdən ibarət olması məlumatı da həmin mənbənin Atropatenaya aid edildiyi Paytakarandır. Bu 12 əyalətin adları Kürün Arazla birləşdikdən sonra Xəzərə qədər olan hissəsindən cənubda olan bölgədə lokalizə olunmuşdur Ашурбейли С.Б. О датировке и назначении Гыз галасы в крепости Баку, Известия АН Азерб.ССР, 1974, с. 3).  Bu məsələ S.Aşurbəyli tərəfindən tədqiq olunduğuna görə üzərində dayanmayacağıq. Təkcə onu deyək ki, Sara xanımın Paytakarana Abşeron yarımadasını da daxil etməsi (Yenə orada, s. 39.) səhvdir.

Gətirilən faktlar göstərir ki, birinci, qədim mənbələrdə Böyük Ərməniyəyə aid edilən Sakasena, Kaspiana və Araksena əyalətlərinin Kür-Araz arası ərazidə yox, Atropatenada olduqları şübhə yeri qoymur. Bu fikrimiz "VII əsr Erməni coğrafiyası" adlı mənbədə bir məlumatla  təsdiq olunur. Orada Böyük Ərməniyənin Atropatenada  ərazisi haqqında deyilir: "Atropatakanda: Midiyaya tərəf istiqamətdə onun sərhədləri (şimali) Arazın (burada Kürün Arazla birləşdikdən sonra Xəzərə qədər olan hissəsi nəzərdə tutulur - Q.Q.) Xəzər dənizinə  töküldüyü yerə qədər dönür" (59). Bu məlumat Kürün bu hissəsindən cənubda yerləşən Kaspiananın Ərməniyə tərəfindən er.əv. I əsrin 80-ci illərində işğal edildiyi haqqında dediklərimizlə üst-üstə düşür. İkinci, yuxarıda deyilənlərdən aydın oldu ki, Böyük Ərməniyənin özü heç də hayların dövləti deyildi.

İndi Atropatenanın Kaspiana, Sakasena və Araksena əyalətlərinin nə vaxt işğal olunması və nə vaxtadək Ərməniyənin tərkibində qalması sualına cavab verməliyik.

Er.əv. 250-ci ildə indiki Türkmənistanın cənubunda yaranmış Parfiya dövləti sürətlə böyüyərək Ön Asiyanın bir sıra ölkələrini əhatə edən dövlətə çevrilmişdi. Er.əv. II  əsrin ortalarında Parfiya İran ərazisini işğal etdikdən sonra Atropatenanı da özündən əsılı vəziyyətə salmışdı. Bəzi tədqiqatçılara görə bu hadisə er.əv. 161-155-ci illər arasında olmuşdu. Antik müəllif Pompey Troq yazır ki, Parfiya midiyalılarla (yəni atropatenlilərlə-Q,Q.) müharibə aparmış və onları məğlub etmişdir (Pompey Troq, XI, 1, 6). Lakin er.əv. I əsrin əvvəllərində Parfiya zəifləyir. Bundan istifadə edən Ərməniyə çarı II Tiqran (er.əv. 95-55-ci illər) er.əv. 87-ci ildə Parfiya ilə müharibəyə başlayaraq onun hökmdarı II Qotarzın Atropatenanın Aqbatan (indi Həmədan) şəhərini mühasirəyə aldı. II Qotarz II Tiqrana sülh təklif etmiş və müqaviləyə görə Atropatena üzərindəki hakimiyyəti ona vermişdi. II Tiqran Atropatena üzərindəki hakimiyyətini qanunlaşdırmaq məqsədilə hökmdarın qızına evlənmişdi. (История армянского народа. Ереван, 1980, стр. 41).

Erməni tarixçiləri yuxarıda adları çəkilən əyalətlərin eramızın IV əsrinə qədər (çünki IVəsrdə Ərməniyə dövləti dağılır) Ərməniyənin tərkibində qaldığını yazırlar. Bu ağ yalan onunla bağlıdır ki, rus və erməni tarixçiləri Ərməniyə tərəfindən er.əv. 80-ci illərdə  işğal olunmuş Sakasena, Kaspiana və Araksena əyalətlərini Kür-Araz ovalığında lokalizə etmiş və deməli, Kürdən cənubda Azərbaycan ərazisinin guya 600 il (er.əv. II əsrdən eramızın IV əsrinə qədər) Ərməniyə tərkibində qaldığını yazmışlar, halbuki, yuxarıda deyildiyi kimi, həmin əyalətlər  Atropatenaya məxsus idi. Ərməniyənin Atropatenadan qopardığı həmin əyalətlər er.əv. 66-cı ildə geri qaytarılmışdı. Həmin il Roma II Tiqranı məğlub etmiş və bağlanmış müqaviləyə görə Ərməniyə bütün işğal etdiyi ölkələrdən əl çəkmişdi. Er.əv. 66-cı il Böyük Ərməniyənin dağılması ili hesab olunur. Erməni tarixçisi A.Manandyan yazmışdır ki, II Tiqran vaxtında er.əv. 69-66-cı illərdə Böyük Ərməniyə dağılmışdı (118). (Очерк истории Грузии. Том I, Тбилиси, 1989, с. 296). Bundan sonra Atropatena öz müstəqilliyini bərpa etmiş və deməli, işğal olunmuş Sakasena, Kaspiana və Araksena əyalətlərini geri almışdı. Bunu Klavdi Ptolemeyin (II əsr) Kaspiananın Atropatena əyaləti  kimi qeyd etməsi  (Ptolemey, VI, 25) də göstərir.

İndi biz Strabonun Kürdən cənubdakı Sakasena (Gəncə bölgəsi) haqqında məlumatına qayıdaq.

Yuxarıda deyildiyi kimi, tədqiqatçılar indiyədək Strabonun Ərməniyəyə aid etdiyi Sakasena (Ərməniyənin er.əv. 87-ci ildə Atropatenadan qopardığı Sakasena) haqqında məlumatı er.əv. VII əsrdə sakların Arminidə (Kiçik Asiyanın şərqində) «yaxşı torpaqları» tutaraq ora öz adlarına uyğun  Sakasena adının verilməsi haqqındakı məlumatına qoşaraq onu Kürdən cənubda Sakasena (Gəncə bölgəsi) haqqındakı məlumatı ilə birləşdirmiş və Kürdən cənubdakı Azərbaycan ərazisinin Ərməniyə tərəfindən işğal olunduğu kimi saxta nəticəyə gəlmişlər. Məsələn, A.Akopyan Strabonun “saklar Arminidə ən yaxşı torpaqları tutdular” məlumatını (yuxarıda dedik ki, bu məlumat Şərqi Türkiyədə olan Sakasenaya aiddir) onun Kürdən cənubdakı Sakasena (Gəncə bölgəsi) haqqındakı məlumatına qoşaraq Kür-Araz ovalığının er.əv. VII əsrdən eramızın IV əsrinə qədər Ərməniyəyə məxsus olduğunu yazmışdır (Акопян А.А. Албания-Алуанк в греко-латинских и древне-армянских источниках. Ереван. 1987, s. 15.). Lakin bu uydurma öz-özünü təkzib edir: saklar er.əv. VII əsrdə gəlmişlərsə Kür-Araz ovalığında Ərməniyədə “ən yaxşı torpaqları” necə tuta bilərdilər ki, o vaxt Armini Urartunun tərkibində Kiçik Asiyanın şərqində bir əyalət idi?! Bizcə, bu qondarmanın üzərində dayanmağa dəyməz. Strabon Kürdən cənubdakı Sakasena barədə yazır: “Bu düzəndən (yəni Arazın sol sahili olan Araksenadan - Q.Q.) sonra Albaniya və Kür çayı ilə sərhədləşən Sakasena gəlir, sonra isə Qoqarena gəlir” (Strabon, XI, 14, 4). Qoqarena indiki Ermənistanla Gürcüstanın həmsərhəd bölgəsinin adıdır və Ermənistanın Quqark r-nun adında indiyədək qalmışdır. Belə çıxır ki, Kürdən cənubdakı ərazi, o cümlədən Sakasena (Gəncə bölgəsi) Strabonun vaxtında Albaniyaya daxil deyildi və Kür çayı Albaniyanın cənubda sərhəd xətti idi.

Həqiqətdə də antik müəlliflər Plini (Plini, VI, 39), Appian (Appian, 103) və Dion Kassiy (Dion Kassiy, 36. 54) Kür çayını Albaniya ilə Ərməniyə arasında sərhəd xətti kimi qeyd etmişlər. Fəridə Məmmədova məsləhət görür ki, bu antik müəlliflərin məlumatlarına inanmaq lazım deyil. Lakin V əsr erməni müəllifi Favst Buzandın bir məlumatı da vardır: “371-ci ildə Muşeq (türk mənşəli Cinli tayfalarından Ərməniyə sərkərdəsi Muşel Mamiqun - Q.Q.) onlardan (yəni albanlardan -Q.Q.) çoxlu əyalət geri aldı, hansıları ki, onlar tutmuşdular: Uti, Şakaşen, Qardman, Kolt və onlarla həmhüdud əyalətlər. Kür çayını öz ölkəsi ilə (yəni Ərməniyə ilə -Q.Q.) Albaniya arasında əvvəllər olduğu kimi sərhəd etdi” (Favst Buzand, V kitab 13-cü fəsil). Müəllifin qeyd etdiyi bu əyalətlər Kürdən cənubda yerləşirdi: Şakaşen - Gəncə bölgəsi, Uti - Aqstafa r-nu, Kolt - Zəyəmçay və Şamxorçay arasında bölgə, Qardman - Qazax-Borçalı bölgəsi. Bu mənbələrdə olan məlumatlardan Kürdən cənubdakı ərazinin Albaniyaya aid olmadığı nəticəsi  alınır. Lakin bir məsələyə diqqət yetirilməlidir: Antik müəlliflərin Albaniyası ilə Favst Buzandın Albaniyası ərazi etibarilə eyni şey deyildi. Belə ki, antik müəlliflərin əsərlərində Albaniya Kürdən şimalda olan ərazini əhatə etdiyi halda, Favst Buzandın adını çəkdiyi Albaniya Kürün hər iki sahilini əhatə edən Albaniyadır. Bu məsələ Azərbaycan tarixşünaslığında dəfələrlə qoyulsa da, onun həllinə nail olunmamışdır.

Yuxarıda verdiyimiz məlumatdan aydın olur ki, Favst Buzandın “əvvəllərdə olduğu kimi” Muşelin Kürü Albaniya ilə Ərməniyə arasında sərhəd xətti fikrini tamamilə başqa cür izah etmək lazımdır: “əvvəllər” dedikdə Ərməniyə ərazisində Sak çarlığı,  Orodlar və Ərtaşlar dövlətinin vaxtları nəzərdə tutulur. Lakin qeyd edilməlidir ki, erməni mənbələrində Ar-Taşın Paytakaran (Beyləqan) əyalətini (Kaspi əyalətini) tutması haqqında heç bir məlumat yoxdur. Ona görə də K.V.Treverin  Uti, Paytakaran və Kürün bütün sağ sahilinin Artaşes tərəfindən tutulduğu fikri (154, 58) yalnız II Tiqran tərəfindən tutulmuş Kaspiana, Araksena və Sakasena əyalətlərinin Atropatenada yox, Kürdən cənubda səhv lokalizəsi ilə bağlıdır.

Deməli, Strabon, Plini və başqa antik müəlliflər er.v. IV əsrdən eramızın I əsrinin 60-cı illərinə qədər mövcud olmuş Alban dövlətini nəzərdə tuturlar. Yuxarıda  deyildiyi kimi, həqiqətdə də çar Ərənə qədər şimaldakı Alban dövləti ilə indiki Ermənistan ərazisində mövcud olmuş qədim türk mənşəli Sak çarlığı, Orodlar (ermənicə Ervandlar) və Ar-Taşlar dövləti arasında Kür çayı sərhəd xətti idi. Deməli, Plininin “Ərməniyə”adlandırdığı dövlət “hay” adlananların   dövləti yox, indiki Ermənistan ərazisində er.əv. 30-20-ci illərə qədər mövcud olmuş türk mənşəli siyasi qurumlar nəzərdə tutulur. Plini eramızın I əsrinin 20-ci illərində öldüyünə görə eranın 50-ci illərindən sonra indiki Ermənistanda Arşaklar sülaləsinin dövləti barədə yaza bilməzdi.

İndi Strabonun üçüncü Sakasena barədə məlumatının  təfsirinə keçək. Strabon yazır ki, saklar “Arminidə ən yaxşı yerləri tutaraq oraya öz adları ilə Sakasena adını vermişlər (Strabon, 81, 8, 4). İndiyədək bütün tarixçilər, o cümlədən azərbaycanlı tədqiqatçılar Strabonun və Atropatenada Kürdən cənubda (Gəncə bölgəsində) Sakasena haqqında məlumatlarını onun "saklar Arminidə ən yaxşı yerləri tutaraq öz adları ilə Sakasena adları vermişlər” məlumatı ilə birləşdirərək Kürdən cənubda yerləşən Sakasenanın hələ er.əv. VII əsrdə (sakların Cənubi Qafqaza gəldikləri əsrdə ) Ərməniyəyə məxsus olduğunu  yazmışlar (Шанидзе А.Г. Язык и письмо Кавказских албанцев. “Вестник отд. общественных наук Грузинской ССР. Тбилиси, 1960, № 1, с. 169-170; Тревер К.В.Очерки по истории и культуре Кавказской Албании., М.Л., 1959, с.58.). Halbuki, Strabonun bu Sakasenası Kiçik Asiyanın şərqində yerləşirdi. Türkiyənin şərqində Qızıl İrmak çayının hövzələri orta əsrlərdə Sakasena adlanmışdır (165, 77). Sakların Ərməniyədə tutduğu “yaxşı torpaqlar" da oradadır.

Deməli,  yuxarıda deyildiyi kimi, qədimdə Sakasena (əsli Sakasin) adlı üç əyalət vardı; birinci, Kürgandan cənubda (Atropatenada), ikinci, Kürdən cənubda - indiki Kəncəbasarda, üçüncü, Şərqi Türkiyədə. Strabonun ermənilərə aid etdiyi Sakasena Atropatenada yerləşirdi. Er.əv.  80-60-cı illərdə bu Sakasena II Tiqranın hakimiyyəti illərində Böyük Ərməniyəyə aid idi.

Deyilənlərdən nəticə alınır ki, birinci, tədqiqatçıların “Sakasena” adının Saka və İran mənşəli «şauna»dan yaranmış “şen” sözündən ibarət olması fikri səhvdir; ikinci, Strabonun məlumatlarında Ərməniyəyə aid Sakasena, Araksena və Kaspiana Atropatenadan II Tiqranın vaxtında işğal olunmuş əyalətlərdir; üçüncü, deməli, Strabonun Sakasena, Kaspiana və Araksena əyalətlərinin Ərməniyəyə aid olması məlumatları əsasında Kürdən cənubdakı Azərbaycan ərazisinin tarixən hayların torpağı olması nəticəsi yanlışdır. Sakasena köklü “Sakasin” adının  yunan dilində yazılış formasıdır. Favst Buzandın 371-ci ildə Muşelin Şakaşeni tutması və əvvəllərdə olduğu kimi, Kür çayını Ərməniyə ilə Albaniya arasında sərhəd xətti hesab etməsi məlumatı isə başqa səciyyəlidir: yuxarıda deyildiyi kimi, həqiqətdə, Kürdən cənubdakı Azərbaycan ərazisi “əvvəllər” - yəni er.əv. VII əsrdən türk mənşəli Sak çarlığına, sonra fars  mənşəli Yervandlara, daha sonra Artaşlar dövlətinə aid idi. Ona görə də İqrar Əliyev və Fəridə Məmmədova Strabonu və Favst Buzandı günahkar hesab etməkdə (Алиев И.Г. К интерпретации параграфов 1,3,4,5, IV главы XI книги Географии Страбона. ВДИ, 1975, № 3, с.10;  Мамедова Ф.  О некоторых вопросах исторической географии Албанин I-VIII вв. Сб. “Историческая география Азербайджана”, Баку, 1987,  с. 12.)  haqlı deyillər. Nəzərdə tutulmalıdır ki, Strabonun Albaniya haqqındakı məlumatları müxtəlif vaxtlara mənsub mənbələrə əsaslanır

Strabonun  “Araz  Armininin  içərisindən  axır” (Strabon, XI, 1.5.) məlumatı da məhz bu tarixi şəraitlə əlaqəlidir. Onun bu məlumatı şübhəsiz, er.əv. I əsrə ( Pompeyin er.əv. 66-cı ildə Albaniyaya hərbi səfəri) aiddir. O vaxt Albaniya Kürdən  şimaldakı ərazimizi əhatə edirdi. Kürdən cənubda türk mənşəli sakların, albanların, qarqarların, Utilərin, gəncəklərin və s. yaşadıqları ərazimiz isə indiki Ermənistan ərazisi ilə birlikdə Artaşlar dövlətinin tərkibində idi. Lakin Kürdən cənubda yaşayan bu tayfalar antik müəlliflər üçün ümumi mənada “albanlar” idilər, çünki onların içərisində Alban tayfası aparıcı rola malik idi. Təsadüfi deyildi ki, eranın I əsrinin 60-cı illərində Kürdən cənubda (Aranda) yaranmış dövlət də Alban adlanırdı. Ona görə də Strabon “Qafqaz xalqlarını” sadaladıqda yalnız albanları və iberləri qeyd edir (Strabon, II, 5. 12. ), “erməni” və ya “hay” adını çəkmir. Odur ki, Kürdən cənubda vaxtilə Artaş (Artaşes) tərəfindən işğal olunmuş Paytakaran (Mil düzü), Uti, Artsak və Şakaşen eranın I əsrində çar Ərənin dövlətinə daxil olmuşdur.

Erməni tarixçisi Moisey Xorenasi yazır ki, Ərməniyə hökmdarı III Tiridad (287-382) şimaldan gəlmiş basillərlə (Basil qədim türk mənşəli tayfa adıdır) döyüşdü. Erməni tarixçiləri bu məlumatdan Qarqar çölünün Ərməniyəyə məxsus olması nəticəsinə gəlmişlər.

Lakin belə nəticə yanlışdır. Moisey Xorenasi yazır ki, Tiridad “albanların torpağının içərisindən şimallıların (yəni basillərin - Q.Q.) üstünə yola düşdü” (Moisey Xorenasi, II  kitab, 84-cü fəsil). Demək, Qarqar düzünə düşmək üçün Tiridad “albanların torpaqlarının içərisindən” keçmişdi. Bu “alban torpağı” ya Zəngəzur, ya da Artsak (Dağlıq Qarabağ) ola bilər. Bu tamamilə aydındır. Lakin, əgər bu düzən Ərməniyəyə aid deyildisə, Ərməniyə ölkəsinin hökmdarı Albaniyanın Qarqar düzünə nəyə görə gəlmişdi? Əsas məsələ də budur. Lakin buradan heç də Qarqar düzünün Ərməniyəyə məxsusluğu nəticəsi çıxmır. Çünki  həmin müəllifin özü II kitab, 84-cü fəsildə yazır ki, İran şahı Şapur şimallıların (yəni türk basillərin) Ərməniyəyə basqınını təşkil etmişdi. Tiridad bundan xəbər tutduğuna görə basillərin Albaniya ərazisindən Ərməniyəyə keçmələrinin qarşısını almaq məqsədilə onları qabaqlamış,  “Alban torpağı içərisindən” (yəni ya Zəngəzurdan,  ya Dağlıq Qarabağdan) aşaraq Qarqar düzünə düşmüş və basillərlə döyüşmüşdü. Bu məlumat Alban tarixçisi Musa Kalankatlının “Alban tarixi” əsərində də vardır: “Tiridad ordusunu sıraya düzərək Qarqar çölünə enir (bu o deməkdir ki, Tiridad müəyyən dağlıq ərazini aşaraq düşmüşdü - Q.Q.) və sərt bir döyüşdə şimallılarla üz-üzə gəlir” (“Alban tarixi”, I kitab, 12-ci fəsil).

Göründüyü kimi, Moisey Xorenasinin bu məlumatdan heç də Qarqar düzünün o vaxt Ərməniyəyə məxsus olması nəticəsi alınmır. Doğru nəticə budur ki, həm Qarqar düzü, həm də müəllifin “Alban torpağı” adlandırdığı ərazi (Zəngəzur,  ya Dağlıq Qarabağ) Alban ərazisi idi. Bu fikir həmin müəllifin başqa bir məlumatı ilə  təsdiqlənir. O yazır ki, (III kitab,  54-cü fəsil) Mesrop Maştos (361-440) Siuni (sonrakı Zəngəzur) əyalətinə gəlib əslən alban olan Beniamin (bu ad “Bibliya”dan götürülmədir) köməyilə albanlar üçün əlifba düzəltdikdən sonra “Ərməniyəyə qayıtdı”. Bu məlumatdan görünür ki, Siuni, hər halda,  Ərməniyəyə daxil deyildi. Çünki Maştos buradan Ərməniyəyə qayıtmışdı. Əgər IV əsrin ikinci yarısı və V əsrin I yarısında Siuni Ermənistana aid idisə, nəyə görə Moisey Xorenasi yazmışdır ki, Maştos oradan Ərməniyəyə qayıtdı?.

Verdiyimiz xülasə göstərir ki, Azərbaycanın qədim və erkən orta əsrlər tarixinin bir sıra prblemləri araşdırılmamış vəziyyətdə qalmışdır. Tarixi mənbələrdə olan məlumatların düzgün şərhi əsasında tarixi həqiqət ortaya çıxarıla bilər, bu şərtlə ki, mənbələrdə olan məlumatlar tarixilik çərçivəsində izah olunmuş olsun. Bu çərçivədən çıxarılmış və başqa dövrə aid edilmiş təfsir elmi əhəmiyyətini itirir.

III. ETNIK  TARIX  MƏSƏLƏLƏRI

Yuxarıda verdiyimiz xülasədən aydın oldu ki, indiki Ermənistan ərazisində er.əv. I minillliyin əvvəllərindən başlayaraq siyasi hadisələrin əsas iştirakçıları türk mənşəli tayfalar və türk mənşəli şəxsiyyətlər idilər. Bu müddəa Cənubi və Şimali Azərbaycan ərazilərində eradan əvvəlki minilliklərdən başlayaraq əhalinin əsas hissəsinin etnik mənsubiyyətcə türk mənşəli olması haqqında konsepsiyamızın tərkib hissəsini təşkil edir. Buna görə biz əvvəlcə qısa şəkildə bu konsepsiya ilə oxucunu tanış etməliyik.

Son vaxtlaradək Azərbaycan tarixşünaslığında Azərbaycan (burada həm Cənubi, həm Şimali Azərbaycan nəzərdə tutulur) ərazisində və ona bitişik  bölgələrdə eradan əvvəlki minilliklərdə və eramızın I minilliyində əhalinin etnik mənsubiyyəti, yəni onların dilcə kimlər olması məsələsində baxışın məzmunu qısaca belə idi: cənubda er.əv. III minillikdən başlayaraq er.əv. I minilliyin ortalarına qədər əhali ya hurri dilində (bu dilin müasir Dağıstan dilləri ilə qohumluğu güman olunur), ya elam dilində (bu dilin isə Hindistanın Dravid-dil ailəsinə mənsub olması güman olunur) danışırdı. Er.əv. I minilliyin əvvəllərində Cənubi Azərbaycan ərazisində yaranmış Manna dövləti də məhz həmin dillərin birinə mənsub etnosun siyasi qurumu idi. Sonra deyilir ki, er.əv. I minilliyin əvvəllərində ya Orta Asiya tərəfdən, ya da Cənub-Şərqi Avropadan İran yaylasına gəlmiş Ari (qədim fars) tayfaları hakim etnosa çevrilmiş və guya onların bir qolu olan madaylar er.əv. VII əsrdə Manna dövlətini yıxaraq Maday (Midiya) dövlətini yaratmışlar. Er.əv. 550-ci ildə hakimiyyət arilərin fars qoluna keçmiş və Əhəmənlər dövləti yaranmışdır. Sonra da deyilir ki, guya ari mənşəli madaylar hurri, yaxud elam dilli tayfaları assimilyasiyaya uğratmış (yəni özünə qataraq dillərini məhv etmiş) və nəticədə er.əv. IV əsrdə Makedoniyalı İsgəndər Əhəmənlər dövlətinə son qoyduqdan sonra Cənubi Azərbaycan ərazisində əvvəlki mannalar, madaylar və başqa tayfalar əsasında dili "azəri" adlanmış bir İran mənşəli xalq - Atropaten xalqı və onun dövləti təşəkkül tapmışdır. Bu xalq isə XI-XII əsrlərdən sonra Səlcuq oğuzları tərəfindən assimilyasiya edilmişdir. Deməli, Azərbaycan dili kənardan gətirilmə və yerli əhaliyə zorla qəbul etdirilmə deyildir. Bu baxış tamamilə qondarmadır.

Şimali Azərbaycanda er.əvvəl I minilliyin I yarısından əvvəl əhalinin tarixi haqqında yazılı məlumat yoxdur. Bunun səbəbi odur ki, er.əv. III-I minilliklərdə akkad, assur, elam, Urartu və qədim fars mənbələrində olan məlumatlar əsasən Cənubi Azərbaycan haqqındadır. Bu məlumatlar Arazdan şimaldakı ərazini əhatə etmir. Ona görə də Şimali Azərbaycan ərazisi haqqında yazılı mənbələr yalnız Makedoniyalı İsgəndərin er.əv. IV əsrdə Yaxın Şərqi zəbt etməsi ilə əlaqədar olaraq qədim yunan və latın dillərində, eramızın V əsrindən sonra qədim erməni və gürcü mənbələrində və əsas etibarilə erməni dilində tərcümələri ilə bizə gəlib çatmış yerli Alban tarixçilərinin əsərlərindədir. Ona görə də xalqımızın mənşəyi haqqındakı baxış dövr etibarilə Şimali Azərbaycan ərazisinin yalnız er.əv. IV-III əsrlərini və eramızın I minilliyini əhatə edir. Mövcud baxışa görə buradakı əhali (yəni albanlar) ya Dağıstan dilli (ləzgi, avar, saxur, lak, dargin və s.), ya da Şimal-Şərqi Qafqaz dilli (yəni çeçen-inquş, yaxud Nax mənşəli) idi. Bəzi tədqiqatçılar (Azərbaycanda İqrar Əliyev və Fəridə Məmmədova) isə sadəcə "Nax - Dağıstan mənşəli" ifadəsini işlədirlər. Deməli, Şimali Azərbaycan ərazisində minillik dövlət qurumuna malik olmuş alban xalqı ya Dağıstan, ya da Çeçen-İnquş mənşəli imiş. Sonra da deyilir ki, XI-XII əsrlərdə Orta Asiyadan gələrək, Yaxın Şərqi və Cənubi Qafqazı işğal etmiş oğuzlar cənubda "İran mənşəli Atropaten xalqı" ilə yanaşı Dağıstan mənşəli Alban xalqını da assimilyasiya etmiş və tarix səhnəsindən çıxarmışlar. Nəhayət, deyilir ki, indiki azərbaycanlılar cənubda XI-XII əsrlərdən sonra türkləşmiş İran mənşəli atropatenlilərin, şimalda türkləşmiş Dağıstan mənşəli (yaxud Nax, yəni Çeçen-Inquş mənşəli) albanların və bu xalqları assimilyasiya etmiş səlcuq oğuzlarının nəsilləridir. Azərbaycanlıların mənşəyi haqqında baxışın əsas müddəaları belədir.

Bəzi Qərbi Avropa, rus, erməni, gürcü və fars tarixçiləri tərəfindən söylənilmiş bu saxta konsepsiya Azərbaycan tarixinə dair ümumiləşdirilmiş əsərlərdə öz əksini tapmışdır. (Bu barədə ətraflı məlumat üçün bax: 13, 15-40).

Azərbaycanın minilliklər boyunca tarixini parçalamış, onun etnik tarixində və mədəni irsində arasıkəsilməzliyi, ənənəviliyi məhv etmiş bu baxışın xalqımıza vurduğu mənəvi və maddi zərərin həcmi ölçüyə sığışmır. Onun mənfur cəhəti ondadır ki, namərd erməni qonşumuzun torpağımıza qarşı təcavüzünü tarixi baxımdan əsaslandırmağa çalışan erməni tarixçilərinin fikirləri ilə səsləşir: madam ki, Şimali Azərbaycan ərazisinin XI-XII əsrlərə qədər yiyələrinin kimlər olması aydın deyil, onda Kürdən cənubdakı ərazi ermənilərin, Kürdən şimaldakı ərazi isə Dağıstan xalqlarının olmalıdır.

İqrar Əliyev və Fəridə Məmmədova Azərbaycanda türk dilli əhalinin XI-XII əsrdən əvvəl yaşadığını inkar edir, Azərbaycan dilinin guya buraya həmin əsrlərdən sonra gətirilmə olduğunu söyləməklə erməni tarixçilərinin Azərbaycana qarşı ərazi iddiasına şərik çıxırlar.

Beləliklə, son vaxtlara qədər qədim türk etnoslarının Ön Asiyada və Cənubi Qafqazda, o sıradan indiki Ermənistan ərazisində çoxminlik tarixi üstüörtülü vəziyyətdə qalmışdı. Rus və erməni tarixçilərinin nəsildən-nəslə keçmiş qatı antitürk emosiyası ucbatından tarixi həqiqətin üstünü qara pərdə örtmüşdü. Azərbaycan tarixçiləri onların dediklərini təkrar etməklə kifayətlənməli olmuş və deməli, bu antitürk emosiya onların da əsərlərində özünə yer tapmışdı.

Bu saxta baxış hələ Sovet hakimiyyəti dövründə bəzi tarixçilərdə və dilçilərdə şübhə doğurmuşdu. Çünki, bir tərəfdən, er.əv. III minillikdən başlayaraq Cənubi Azərbaycan ərazisində yerli əhalinin hurri, yaxud elam mənşəli, Şimali Azərbaycan ərazisində Dağıstan, yaxud Nax mənşəli olduğu göstərilir, digər tərəfdən deyilir ki, göstərilən minilliklərdə müxtəlif qədim mənbələrdə çəkilən həm Şimali, həm də Cənubi Azərbaycan yer adları və şəxs adları məlum qədim Şərq dillərində (akkad, assur, elam, hurri, Urartu, qədim fars) və indiki erməni, gürcü, Dağıstan və Nax dillərində deyil. Ona görə bu adların çoxu "qədim yerli dillərdəndir" adı ilə kənara qoyulmuşdu. İkincisi, heç cür başa düşmək olmurdu ki, nəyə görə təkcə Azərbaycan ərazisində minilliklər və əsrlərlə ölçülən dövlət qurumları yaratmış yerli əhali belə çox asanlıqla assimilyasiya prosesinə meyilli idilər və iki-üç dəfə dillərindən imtina edərək cənubda guya hurri, yaxud elam mənşəli dillərini ataraq İran dillərinə, sonra da türk dillərinə, şimalda Dağıstan mənşəli, yaxud Nax dillərini ataraq türk dillərinə keçmişlər? Bu proses necə baş vermişdir, hansı linqvistik mexanizm əsasında? Aydın görünür ki, bu qara baxış ağ sapla tikilmişdir. Həm də araşdırma göstərirdi ki, məlum qədim Şərq dillərində, müasir erməni,  gürcü və Dağıstan dillərində izah olunmadıqlarına görə "qədim yerli dillərdəndir" adı ilə kənara qoyulmuş adlar əslində qədim türk mənşəlidir (bax: 13, 73-111). Bunun əsasında aydınlaşırdı ki, həm cənubda, həm şimalda yaşamış qədim əcdadlarımız məhz türk mənşəli idilər, lakin onlar özlərini "türk" adlandırmırdılar. Eradan əvvəl I minillikdə cənubda Manna, Maday və Atropatena, şimalda Albaniya dövlət qurumları da türk mənşəli etnosların qurumları idi. Sonra da məlum olmuşdur ki, er.əv. VIII-VII əsrlərdə şimaldan gələrək əsasən Azərbaycan ərazisində və indiki Ermənistan ərazisində məskunlaşmış kimmerlər (Kimmer adı Kəmər, yaxud Qəmər tayfa adının qədim yunan dilində tələffüz və yazılış formasıdır) və saklar İran mənşəli yox, qədim türk mənşəli idilər. Lakin Sovet quruluşu vaxtında rus və erməni tarixçilərindəki türk antipatiyası şəraitində həqiqəti açıqlamaq mümkün deyildi. Bunun üstündə "pantürkist" damğası gözlənilirdi. XX əsrin 20-30-cu illərində bir sıra ziyalılarımız məhz  bu damğanın qurbanı olmuşdular.

1985-ci ildə ilk dəfə olaraq Azərbaycan Respublikası EA müxbir üzvü Mahmud İsmayılın təşəbbüsü ilə "Azərbaycan xalqının etnogenezinə dair" adlı cəmi 250 nüsxədə məcmuə çap olundu. Bununla da tarixi həqiqətin ortaya çıxması prosesi başlandı. Sonra da tarixçilərdən Mahmud İsmayılın, Y.Yusifovun, S.Əliyarovun, filoloqlardan - N.XUdiyevin, T.Hacıyevin, F.Cəlilovun, E.Əzizovun monoqrafiyaları və məqalaləri, Q.Ə.Qeybullayevin 1986-cı ildə "Azərbaycanın toponimiyası" (rusca), 1990-cı ildə "Qarabağ", 1991-ci ildə "Azərbaycanlıların etnogenezinə dair" (rusca), 1992-ci ildə "Qədim türklər və Ermənistan", 1994-cü ildə "Azərbaycan türklərinin təşəkkülü tarixindən" və "Azərbaycanlıların qədim etnik tarixinə dair" əsərləri çap olundu. Bununla da Azərbaycan ərazisində eradan əvvəlki minilliklərdən başlayaraq türk mənşəli etnosların yaşaması haqqında yeni konsepsiya yarandı və xalqımızın etnik tarixində arası kəsilməzlik və ənənəvilik yerinə qoyuldu, bir sözlə, xalqın tarixi özünə qaytarıldı. Bu baxış təkzibolunmaz tarixi faktlara əsaslanır (Bax: 13). Həmin faktların bəzisini qısaca oxucuların nəzərinə çatdırırıq.

Cənubi Azərbaycanın Urmiya ətrafı ərazilərində er.əvvəl IX əsrin sonlarında yaranmış dövlət er.əv.  843-cü ilə aid assur dilinə aid kitabədə "Manna", er.əv. 810-781-ci illər arasında Urartu dilinə aid kitabədə "Mana" adlanır. Burası şübhəsizdir ki, "Manna" adında "n" səsinin qoşalaşması sami mənşəli assur dilində baş vermişdir. Lakin tarixşünaslıqda er.əv. 615-613-cü illərə qədər yaşamış bu dövlətin adı nədənsə məhz assur dilindəki yazılış formasında "Manna" kimi yazılır. Görünür, bu,  "Manna" adının "Mana" adına nisbətən diləyatımlı olması ilə bağlıdır.

Manna (Mana) adının yerli tələffüz forması məlum deyil. Bu adı daşıyanların etnik mənsubiyyəti məsələsində də bitkin fikir yoxdur. Lakin doğru qeyd edilir ki, bu etnonim orada yaşayan bir etnosun etnik adıdır və mannalar er.əvvəl III minilliyə aid akkad mənbələrində Urmiya ətrafı ərazidə adları kUti, lüllubi, subi, turukku və s. kimi çəkilən tayfaların birbaşa varisləridir (89 a, 11). Deməli, mannalar köklü yerlilər idilər.

Bir fikrə görə mannalar elam mənşəli, digər fikrə görə hurri mənşəli idilər (bax: 13). İranın Xuzistan bölgəsində farslardan əvvəl yaşamış elamların Hindistanın Dravid dil ailəsinə, Suriya ərazisində er.əv. II minillikdə Mitani adlı dövlətə malik olmuş hurrilərin isə Urartulularla birlikdə Şərqi Qafqaz dillərinə mənsub dillərdə danışdıqları fikri vardır. Lakin yuxarıda deyildiyi kimi,  yazılır ki, Mannada yer və şəxs adları nədənsə nə elam, nə də Urartu və hurri dillərində deyil. Buna görə Manna ərazisində er.əv. I minilliyin I yarısına aid yer və şəxs adlarının çoxu "qədim yerli adlar" adı ilə kənara qoyulmuşdur.

Aydın görünür ki, bu fikirlər ağlabatan deyil. Əslində bu baxış belə  səthi düşüncələrdən irəli gəlir ki, əgər mannalar sami mənşəli (yəni, akkad, assur) deyildilərsə, onda mütləq ya elam mənşəli, ya da hurri mənşəli olmalı idilər.

Son illərdə Urmiya ətrafı ərazilərdə hələ er.əv. III minillikdə yaşayanların (deməli, həm də onların sonrakı nəsilləri olan mannaların) Altay-türk mənşəli olmaları baxışı ortaya qoyulmuşdur. Bu baxış Manna ərazisində er.əv. I minilliyin I yarısında, yəni Manna dövlətinin mövcud olduğu əsrlərdə yer və şəxs adlarının qədim türk dillərində olmasına dair onomastik faktlara əsaslanır (bax: 161; 162; 79; 13). Bununla da Manna (Mana) etnoniminin mənşəyi probleminin aydınlaşdırılması üçün meydan açılmışdır.

Problemin həllinə bundan başlamaq lazımdır ki, er.əv. I minilliyin I yarısına aid assur və Urartu mənbələrində müvafiq olaraq "Manna" və "Mana" adları çəkildiyi halda (axırıncı dəfə "Manna" adı er.əv. VI əsrin əvvəllərində çəkilir) "Maq" adına rast gəlinmir. Lakin həmin minilliyin ortalarına aid qədim fars dilli mənbədə (er.əv. 519-cu ilə aid Bisütun qaya yazısında) və Midiya barədə geniş məlumat vermiş er.əv. V əsrdə yaşamış  yunan müəllifi Herodotun "Tarix" əsərində "Manna" yaxud "Mana" adı çəkilmir, hər yerdə "Maq" etnonimi qeyd olunur. Tədqiqatçılar bunun səbəbini onda görürlər ki, guya er.əv. 673-cü ildə Cənubi Azərbaycan ərazisində və İranın şimal qərbində yaranmış Maday (Midiya) dövləti er.əv. 615-613-cü illər arasında Manna dövlətini özünə qatdıqdan sonra madaylar (yəni midiyalılar) mannaları assimilə etmiş (Фрай Р. Наследие Ирана. М.1972, с.97), iranlaşdırmış (172, 110) (çünki madaylar ari mənşəli əhali sayılır; əslində bu, qətiyyən belə deyil, madayların özləri qədim türk mənşəli idilər; bax aşağıda), İran mənşəli Maday dili mannalar üçün ünsiyyət vasitəsinə çevrilmiş (89, 70) və beləliklə mannalardan bir iz qalmamışdır. (Играр Алиев. Очерк истории Атропатены. Баку, 1989, с.25).Lakin bunu da yazırlar ki, Maday (Midiya) dövlətinin yaşadığı təxminən 125 il müddətində vahid maday xalqı formalaşmamışdı (89, 65). Belə olduqda başa düşmək olmur: mannaları madaylar necə assimilə edə bilərdilər? Aydın görünür ki, bu fikirlərin heç biri həqiqəti əks etdirmir və beləliklə, assur və Urartu mənbələrində Maq etnoniminin, qədim fars (Bisütun qaya yazısında) və qədim yunan (Herodotun əsərində) mənbələrində Manna (Mana) etnonimi adının çəkilməməsinin səbəbi aydınlaşdırılmamış vəziyyətdə qalmaqdadır.

Əvvəlcə onu qeyd edək ki, madayların ari mənşəli sayılması fikri tamamilə uydurmadır. Maday ərazisində yer və şəxs adlarının hamısı Altay-türk mənşəlidir (13, 129). Madayların ari mənşəli farslara qarşı düşmən münasibəti bunu aydın göstərir. Herodota görə madaylı maq axırıncı Maday hökmdarı Astiaqa demişdi: "Bizim dövrümüz üçün sənin hakimiyyətini möhkəmləndirmək vacibdir; çünki hakimiyyət farsa keçsə madaylar qula çevriləcək, farslar onlara (yəni madaylara) özgələr kimi nifrətlə baxacaqlar. Əksinə, nə qədər ki, sən, bizim həmtayfamız, hökmranlıq edirsən, biz sənin hakimiyyət payından bəhrələnirik və sənin vasitənlə bizə böyük hörmət göstərilir" (Herodot, I, 120). Fikrimizcə,  bu söhbətdən hər şey aydındır.

Deməli, türk mənşəli madaylar türk mənşəli mannaları assimilə edə bilməzdilər. Eyni dildə danışan iki etnosun qarşılıqlı münasibətləri assimilyasiya yox, konsolidasiya prosesini sürətləndirir.


Download 1,35 Mb.
1   2




Download 1,35 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



ErməNİstanda azərbaycan məNŞƏLİ toponiMLƏRİN İzahli lüĞƏTİ 1

Download 1,35 Mb.