2.Tikinti materialları və konstruksiyaları istehsalı
Tikinti materialları sənayesi üç əsas sahədən ibarətdir, bura mineral-tikinti xammalının (qum, çınqıl, müxtəlif daş, mərmər) çıxarılması, hörgü materiallarının (sement, əhəng, gips) istehsalı, bina və tikililər üçün müxtəlif divar materiallarının, məmulat və konstruksiyaların hazırlanması daxildir.
Təsərrüfatın inkişafı əhalinin yaşayış şəraitinin təşkili və yaxşılaşdırılması tikinti materialları sənayesi olmadan mümkün deyildir. Tikinti özü təsərrüfat kompleksinin mühüm tərkib hissəsidir. Azərbaycanda ümummilli məhsulun strukturunda tikinti, sənaye və kənd təsərrüfatından sonra üçüncü yeri tutur.
Azərbaycan tikinti materialları sənayesi üçün rəngarəng xammal ehtiyatı ilə çox zəngindir, respublikada 1000-ə qədər mineral tikinti xammal yatağı məlumdur. Tikinti materialları arasında mişarlıq əhəng daşı, but daşı, üzlük əhəng daşı, bişmiş kərpic və kirəmit gili, çınqıl-qum, sement xammalı (gil süxurları), karbonatlı daşlar – anhidrid əsas yer tutur. Bu ehtiyatların yalnız 25%-dənistifadə edilir. Kiçik Qafqazda və Abşeron yarımadasında daha çox tikinti materialları yataqları aşkar edilmişdir.
Respublikanın əsas tikinti materialları sənayesi məhsullarına sement, müxtəlif ölçülü dəmir-beton konstruksiyalar və panellər, kubik-daş, kərpic, şüşə, şifer, absestsement borular, istilik – izolyasiya, polimer və b. aiddir. Bundan başqa, son illərdə linoleum, yüngül doldurucu mineral tikinti materialları, mərmər, travertin kimi bəzək materialları, çuqun və dəmirdən santexnika məmulatları da istehsal olunur. Tikinti materialları sənayenin tərkibində məhsul istehsalına görə birinci yeri dəmir-beton konstruksiyaları və hissələri istehsalı, ikinci yeri sement sənayesi, üçüncü yeri isə təbii divar daşı və müxtəlif xammal hasilatı tutur.
Tikinti sənayesi müəssisələrinin böyük hissəsi xammal bolluğu və geniş quruculuq işləri ilə əlaqədar Abşeronda cəmlənmişdir. Abşeron və onun ətraflarında mənimsənilməsi əlverişli olan müxtəlif növ tikinti daşları, şüşə və tikinti qumu, bitum, keramika xammalı ehtiyatları vardır. Bu ehtiyatların bazasında Bakı şəhəri, Qaradağ, Maştağa, Binəqədi, Suraxanı və Sumqayıt tikinti materialları sənayesi yaranmışdır. Onların payı ümumi respublika tikinti-quraşdırma işlərinin 60%-ə qədəri düşür.
Abşeron tikinti materialları sənayesi həm də respublikanın başqa regionları ilə müqayisədə yüksək kompleksliliyi və intensivliyi ilə fərqlənir. Respublikada istehsal edilən mişar daşının beşdə dördü Abşeron daş karxanalarının payına düşür. Qaradağ, Güzdək, Şüvəlan və Korgöz mexanikləşdirilmiş daş karxanalarında daha çox məhsul buraxılır. Qaradağ sement, Bakı Asbestsement, 2, 3, 4 saylı dəmir-beton konstruksiyaları zavodları respublikanın tikinti materialları sənayesinin ən böyük müəssisələridir. Burada həmçinin bitum, çınqıl-qum, kərpic, şüşə, asbest-şifer, kafel və tikinti üçün digər saxsı məmulatları istehsal edilir.
Respublikanın əsas sement istehsalı müəssisəsi 1951-ci ildə yerli əhəng daşı əsasında işə düşən Qaradağ sement zavodudur. Burada şifer üçün xüsusi sement, 400 və 500 markalı portland sementi, neft-qaz quyuları üçün tıxac sementi, 200 markalı üzlük sement və başqa sement növləri istehsal edilir. Zavodda ildən-ilə sement istehsalının həcmi artırılsa da, respublikanın bu mühüm tikinti məhsuluna olan tələbatı hələlik tam olraq ödənilmir.
Gəncə-Qazax iqtisadi rayonunda mineral mənşəli təbii tikinti materialları ehtiyatı çoxdur. Gəncədə iri panelli evtikmə və sənaye-tikinti kombinatı, Qazaxda, Zəyəmdə, Ağdamda daş karxanaları, Daşkəsən və Tovuzda çeşidli tikinti məhsulları kombinatı regionun əsas müəssisələridir.
Respublikada tikinti materialları sənayesi potensialına görə Mingəçevir - Şəki rayonu da daxildir. Mingəçevir, Yevlax, Şəki, Zaqatala və digər tikinti sənayesi bazaları onun əsas tərkib hissəsidir. Mingəçevirdə dəmir-beton məmulatları istehsalı, iripanelli evtikmə, qum-çınqıl, termik izolyatorlar buraxılışı tikinti materialları sənayesinin aparıcı sahələridir. Başqa bazalarda kərpic, saxsı məmulatları, əhəng, gəc istehsal olunur. Onlar əsasən yerli əhəmiyyətlidir.
Qarabağ tikinti materialları sənayesi Ağdam, Xankəndi, Bərdə, Horadiz və başqa tikinti qovşaqlarını özündə birləşdirir. Bərdənin dəmir-beton məmulatları və Şahbulaq tikinti daşı istehsalı müəssisələri istisna olmaqla ixtisaslaşmış sahələr yoxdur.
Aşağı Kür tikinti materialları sənayesi rayonu Əli-Bayramlı, Hacıqabul, İmişli və Bəhramtəpə tikinti sənayesi qovşaqlarını əhatə edir. Burada tikinti materialları sənayesi neft və energetika sənayesinin, su təsnifatı quruculuğunun genişlənməsi nəticəsində inkişaf etmişdir. Əsas tikinti xammalları yerli daş, çınqıl, qum və gildir.
Dəmir-beton məmulatları (Əli-Bayramlı), qum-çınqıl, gil (Bəhramtəpə,İmişli), tikinti daşı (Atbulaq) istehsalı sahənin əsas məhsullarıdır.
Tikinti materialları sənayesinin inkişafı ilə bağlı yuxarıda göstətilən rayonlardan başqa, Quba-Xaçmaz (qum-çınqıl, kərpic, daş, kirəmit), Lənkəran (kərpic, kirəmit, ağac tikinti hissələri), Kəlbəcər-Qubadlı və Dağlıq Şirvan (tikinti daşı, ağac tikinti və mebel hissələri) yerli əhəmiyyətli tikinti məmulatları istehsal edilir.
Hazırda Azərbaycanın tikinti materialları sənayesi məhsullarına daha böyük ehtiyacı vardır. Erməni təcavüzkarlarının respublikanın bütöv cənub-qərb sərhədləri boyu xaraba qoyduqları onlarla şəhərin, yüzlərlə kəndin bərpa edilməsi, yenidən qurulması tikinti materialları olmadan mümkün deyildir.
|