Maşınqayırma kompleksi və kimya sənayesi




Download 44,25 Kb.
bet2/4
Sana02.04.2021
Hajmi44,25 Kb.
#13903
1   2   3   4
1.Maşınqayırma kompleksi və kimya sənayesi

Maşınqayırma kompleksi bir-biri ilə qarşılıqlı sürətdə əlaqədar olan energetika, radioelektronika, cihazqayırma, dəzgahqayırma, müxtəlif avadanlıq, nəqliyyat, kənd təsərrüfatı və s. Maşınqayırma sahələrini əhatə edir. Müstəqil inkişaf yoluna qədəm qoyan respublikamız üçün maşınqayırmanın müstəsna əhəmiyyəti vardır. Elmi-texniki tərəqqinin təmin olunmasında elektroenergetika və kimya sənayesinə nisbətən maşınqayırmanın rolu daha böyükdür. Xalq təsərrüfatının bütün sahələrinin inkişafı maşınlarsız, avadanlıqlarsız mümkün deyildir.

İnkişaf etmiş maşınqayırma sənayesi ölkənin iqtisadi və hərbi qüdrətini, siyasi müstəqilliyini təmin edir. Buna görə də respublikamızda maşınqayırma sənayesinin bütün sahələrinin inkişafına böyük səy göstərilir.

Ağır sənaye sahələri arasında maşınqayırma istehsal edilən məhsulun dəyərinə və işçilərinin sayına görə birinci yeri tutur. 1990-cı ildə sənaye məhsulunun altıda biri maşınqayırmanın payına düşmüşdür. Respublikasında maşınqayırma və metal emalı istehsal edilən məhsulun dəyərinə görə yeyinti və yüngül sənayedən sonra üçüncü yeri tutur. Azərbaycanda əlverişli şəraitin olmasına baxmayaraq, maşınqayırmanın bir çox mütərəqqi sahələri inkişaf etdirilməmişdir. Maşınqayırma və metal emalı sahələrindəki bu qüsurları aradan qaldırıb, onu yenidən qurmaq, yeni maşın, avadanlıq, cihaz növləri istehsalını təşkil etmək respublika qarşısında duran ən mühüm vəzifələrdən biridir.

Elmi-texniki inqilab şəraitində maşınqayırma və metal emalının metaldan asılılığı xeyli zəifləmişdir. Eyni zamanda onun ixtisaslı işçi qüvvəsinə və elmi mərkəzlərə meyli güclənmişdir.

Maşınqayırma 70-dən çox sahədən və istehsalatdan ibarətdir.

Müasir maşınları hazırlamaq üçün metal ilə yanaşı, plastik kütlə, rezin, parça, rəng, taxta tələb olunur.

Maşınlar yüzlərlə və minlərlə hissələrdən yaradılır. Məsələn, avtomobil 30 min, təyyarə 120 min hissədən ibarət olur. Bütün bu hissələri bir zavodda hazırlamaq əlverişli olmur. Buna görə də maşınqayırmada hazır məhsulun ayrı-ayrı hissələrinin buraxılışı üzrə və hazır məhsul (avtomobil, kondinsioner, məişət soyuducusu) buraxılışı üzrə ixtisaslaşma geniş yayılmışdır

Maşınların konstruksiyası və istifadə edilən xammalın müxtəlifliyi ayrı-ayrı hissələr istehsalı üzrə ixtisaslaşdırılmış müəssisələrlə (metal, plastik kütlə, rezin və s. verən digər sahələrin müəssisələri) istehsal əlaqələri, yaxud kooperasiya tələb edir. Bu əlaqələri ancaq inkişaf etmiş nəqliyyat həyata keçirə bilər. Buna görə də maşınqayırma müəssisələrinin yerləşdirilməsində əlverişli nəqliyyat yollarının olması nəzərə alınır.

Energetika, elektrotexnika, avtomobil, təyyarə, dəzgah və cihazqayırma istehsalı əmək və elm tutumludur. Bununla əlaqədar olaraq, maşınqayırmanın yerləşdirilməsində ixtisaslı fəhlə və elmi-texniki kadrların olması da vacib şərtdir.

Müasir maşınqayırma zavodları tökmə, dəmirçi-pres, mexaniki və yığma sexlərdən ibarət olur. Metallurgiya müəssisələrindən alınan metal və prokat metaltökmə və dəmirçi-pres sexlərində formaya salındıqdan sonra mexaniki sexdə yonulub cilalanaraq, hazır hissəyə çevrilir. Həmin hissələrdən və digər maşınqayırma zavonlarından alınan cihazlardan, detallardan, kimya müəssisələrindən alınan plastik kütlə və rezindən, toxuculuq kombinatlarından alınan texniki parçadan və ağac emalı müəssisəsinin verdiyi oduncaq hissələrdən yığma sexində hazır məhsul – maşın yığılır.

70-ci illərdən başlayaraq, respublikamızda əmək və elm tutumlu, texniki tərəqqini təmin edən dəzgah və alətqayırma, elektrotexnika, cihazqayırma, radioelektronika kimi sahələr inkişaf etdirilmişdir. Bakı məişət kondsionerləri, məişət cihazları və bir neçə radielektron zavodlarının işə salınması maşınqayırmanın sahəvi strukturunun yaxşılaşmasında və cihazqayırmanın payının artmasında müsbət rol oynamışdır. Gəncə, Lənkəran, Xaçmaz, Siyəzən, Şərur, Şəki, Şəmkir və başqa şəhərlərdə elektron, elektrotexnika, radiotexnika, cihazqayırma müəssisələrinin açılması sahənin coğrafiyasını genişləndirmişdir.

Respublikada maşınqayırma yaxın zamanlara qədər əsasən neft-qaz sənayesi üçün avadanlıq istehsalı üzrə ixtisaslaşmışdı. İndi maşınqayırma müəssisələrində, həmçinin elektrik mühərrikləri, müxtəlif cihazlar, avtomatlaşdırma və telemexanika qurğuları, yellənmə dəzgahları, elektrotermik avadanlıq və cihaz növləri, kompressorlar və s. istehsal olunur.

Neft sənayesi üçün maşın və avadanlıq istehsalı tarixən tez inkişaf etmiş və maşınqayırma sənayesində əsas yer tutmuşdur. Azərbaycan dünyada neft maşınqayırması ölkəsi kimi tanınmışdır. Respublikamızda maşınqayırma və metal emalı məhsulunun dörddə biri neft-mədən avadanlığı istehsalının payına düşür.

Dünyada buruq qazma işində yeni mərhələ açmış turbin qazma və elektrik qazma qurğuları ilk dəfə Bakıda istehsal edilmişdir.

Bakıda neft avadanlığı istehsalı üçün çox əlverişli imkanlar vardır. Bir əsrdən artıq vaxtda yaranmış zəngin təcrübə peşəkar fəhlə və yüksək ixtsaslı elmi-texniki kadrlar hazırlanması, neft-maşınqayırma institutları, konstruktor-layihə büroları, neft-qaz sənayesinin ehtiyacları burada neft-mədən avadanlığı istehsalının səmərəli inkişafını təmin etmişdir.

Keşlə maşınqayırma zavodu tökmə çuqun, 2000 metrəqədər dərinliyi olan quyuları qazmaq və təmir etmək üçün qurğular, boru kəmərləri, kaçalka dəzgahları üçün reduktorlar və ehtiyat hissələri, borudaşıyan maşınlar, kimya sənayesi üçün avadanlıq və s. istehsalı üzrə ixtisaslaşdırılmışdır.

Tamamilə yenidən qurulmuş və təkmilləşdirilmiş Binəqədi zavodu gil məhlulları hazırlayan, təmizləyən və regenerasiya edən avadanlıq, traktor-kranlar, hidravlik qaldırıcılar və başqa vasitələr istehsalı üzrə ixtisaslaşdırılmışdır.

Yeni tikilmiş Bakı dərin dəniz özülləri zavodu (Sahil qəsəbəsi) 1987-ci ildə tam gücü ilə işə düşmüşdür.

Maşınqayırmanın, birinci növbədə elektrotexnika və cihazqayırmanın tökmə çuquna, polada və əlvan metallara olan tələbatının ödənilməsində 1962-ci ildə işə düşmüş “Bakı Elektrotökmə” zavodu mühüm rol oynayır. Bu zavod işə salındıqdan sonra Azərbaycana kənardan tökmə polad gətirilməsi dayandırılmışdır.

Elektrotexnika sürətlə inkişaf edən və tərkibi ildən-ilə yeniləşən sahədir. Respublikada maşınqaırma məhsulunun 40 %-i onun payına düşür. Elektrotexnikanın inkişafı bu sahədə yüksək ixtisaslı işçi qüvvəsi və elmi-texniki kadrların, xammalın, habelə elektrotexnika mallarına böyük tələbatın olması ilə əlaqədardır.

Respublikamızda ilk elektrotexnika müəssisəsi olan Bakı elektrik maşınqayırma zavodunun birinci növbəsi 1947-ci ildə işə düşmüşdür. Bu zavodun əsasında “Elektrik maşınqayırma birliyi” (Əmircan, Şüvəlan, Quba və başqa zavodlarla birlikdə) yaradılmışdır. Keçmiş İttifaqda istehsal olunan məişət kondisionerlərinin hamısı, yüksək gərginlikli cihazların dörddə birindən çoxu və gücü 100 kvt-dan çox olan elektrik mühərriklərinin onda biri Azərbaycanın payına düşürdü. Hazırda respublikanın elektrotexnika sahəsi işıq-texnika avadanlığı, elektrik lampaları, elektrik-izolyasiya materialları, transformatorlar, akkumulyatorlar (Bakı), kabel (Mingəçevir), “isti-su” tipli su qızdırıcıları (Salyan), “Çinar” markalı məişət soyuducuları, müxtəlif çeşidli elektrik mətbəx cihazları və s. istehsal edir. Bu cihazların bir çoxu dünya bazarına çıxarılır. Bakı kondisionerlərinin sorağı dünyanın bütün qitələrindən gəlir və dünyanın bir çox ölkəsinə Bakı kondisionerləri (məişət sərinkeşləri) ixrac olunmuşdur.

“Azərelektroterm İstehsal Birliyi” müəssisələrində 70 növdən çox mütərəqqi avadanlıq buraxılır. Çuqun istehsalı üçün iri həcmli elektrik peçləri, çox saf polad külçələr alınması üçün vakuum-qövs qurğuları, avtomat qaynaq xətləri və s. Həmin birliyin istehsal avadanlıqlarıdır.

Elektrotexnika sənayesinin respublikada yeni müəssisələrindən biri Bakı elektrik avtomatları zavodudur. Zavod sənaye müəssisələri və neft mədənləri üçün 14 adda 800 növdə elektrik avadanlığı və “Don-1500” markalı taxıl kombaynları üçün elektrik maqnitləri istehsal edir.

Respublikamızın yeni maşınqayırma sahələrindən biri cihazqayırma, avtomatlaşdırma vasitələri idarəetmə sistemləri istehsalıdır. Əli-Bayramlı məişət cihazları zavodunu da özündə birləşdirən Bakı “Neftqazavtomat” elm-istehsalat birliyi avtomatlaşdırma və telemexanika vasitələri buraxılışı üzrə ixtisaslaşdırılmışdır. Bakı geofiziki cihazqayırma zavodunda istehsalat proseslərini uzaqdan idarə edən avtomat cihazlar istehsal edilir. Gəncədəki “Büllur” zavodunda istehsal proseslərinə nəzarət və onu tənzim edən nadir cihazlar, avtomat qurğular sistemi hazırlanır. Belə cihazlar və avtomatlar neft emalı və kimya sənayesində istehsalı avtomatlaşdırmaq üçün zəruridir.

Elektron, radio və onlarla əlaqədar olan sənaye sahələrinin inkişafının böyük əhəmiyyəti vardır. Bu sahələri Bakı radio, EHM (Elektron Hesablama Maşınları) zavodları, EHM xidmət mərkəzi, “Azon”, “Nord” və s. zavodları təmsil edir.

Təsərrüfat sahələri üçün müxtəlif avadanlıq istehsalı maşınqayırma sənayesinin yeni sahələrindən biridir. Respublikamızda dəzgahqayırma sənayesinin ilki olan Bakı Dəzgahqayırma zavodunda 10 adda dəzgah buraxılır.

Bakıda neft sənayesinin ehtiyacını ödəmək üçün (Binəqədi zavodunda) dəst nasos-kompressor və soyuducu qurğu avadanlığı, suvarma qurğuları üçün güclü elektrik mühərriki olan nasoslar, habelə yüngül və yeyinti sənayesi üçün müxtəlif maşın və avadanlıq hazırlanır.

Avadanlıq istehsalını daha da inkişaf etdirmək üçün Əli-Bayramlıda polimer avadanlığı zavodu, Bərdədə yem avadanlığı zavodu və s. tikiləcəkdir.

Nəqliyyat və kənd təsərrüfatı maşınqayırması sahəsi ümumi məhsul istehsalında hələlik kiçik yer tutur. Nəqliyyat maşınqayırmasını gəmiqayırma, gəmi təmiri, avtomatlaşdırma və avtomobil təmiri zavodları təmsil edir. Bakı gəmiqayırma zavodunda yedək gəmiləri, kiçik tankerlər, qazma gəmiləri istehsal edilir. Gəmi təmiri zavodlarında müxtəlif gəmilər, o cümlədən, bərə və sərnişin gəmiləri bərpa olunur. Azərbaycanın Avrasiya nəqliyyat dəhlizindəki mövqeyi ilə əlaqədar bu sahənin sürətli inkişafı tələb olunur.

Avtomobil istehsalı ixtisaslaşdırılmış sahədir. Bakı avtomobil zavodu yük və sərnişin daşımaq üçün xüsusi avtobuslar buraxır. Tikilmiş olan Gəncə avtmobil zavodu respublikada avtomobilqayırma istehsalının həcmini artırmışdır. Kənd təsərrüfatının artan tələbatı kənd təsərrüfatı maşınqayırmasının inkişafı üçün geniş imkanlar açır. Lakin respublikada bu sahə hələlik zəif inkişaf etmişdir. Mingəçevir kənd təsərrüfatı maşınqayırma zavodu avtoyükləyicilər və xəndəkqazan maşınlar, Zəyəm zavodu isə kənd təsərrüfatı alətləri və suvarma nasosları istehsal edir.

Kimya sənayesi təsərrüfatın inkişafında mühüm rol oynayan sahələrdən biridir. Mineral gübrələr istehsalı kənd təsərrüfatının intensivləşdirilməsi üçün şərait yaradır. Kimya sənayesi əhalinin müxtəlif əşyalara olan tələbatının ödənilməsinə kömək edir, kimyəvi-texnoloji üsulları genişləndirir.

Müasir kimya texnologiyası, xammalın mexaniki emalından fərqli olaraq, kimyəvi mineralları (apatit, fosforit, kalium duzu, xörək duzu, kükürd və s.) mineral yanacaqları, xüsusən də neft, qaz və kömürü, ağac və bitki, heyvan mənşəli xammalları, hava, su və s. qiymətli sənaye məhsullarına çevirir. Texniki tərəqqi artdıqca yeni xammallar ixtira edilir, baha və qıt olan xammal ucuz xammallarla əvəz olunur, xammaldan kompleks istifadə edilir. Məsələn, istehsal tullantıları emal edilərək, yeni məhsul alınır.

Kimya sənayesi bir neçə sahələrdən ibarətdir:



  1. Dağ-mədən kimyası (mineral xammalın hasilatı);

  2. Əsas kimya (duz, turşu, mineral gübrələrin alınması);

  3. Üzvi sintez kimyası (karbohidrogen xammalı, yarımfabrikat istehsalı);

  4. Polimerlər kimyası (plastik kütlə, kauçuk, müxtəlif lif alınması);

  5. Polimer materiallarının emalı (şin, polietilen hazırlanması).

Bu sahələrin yerləşmə prinsipləri müxtəlifdir, dağ-mədən kimyası xammal mənbələrində yerləşdirilir, əsas kimya sənayesi məhsullarının (mineral gübrələr və müxtəlif turşular) daşınması çətin olduğundan onların müəssisələrinin tələbat rayonlarında yerləşdirilməsi sərfəlidir. Bununla yanaşı, kalium gübrə zavodları xammal mənbələrinə meyl edir. Polimer kimyası çoxlu istilik və elektrik enerjisi, su və xüsusi xammal tələb etdiyindən,ona görə də bu sahə neft məhsulları istehsalı, kömürün kokslaşdırılması, ucuz yanacaq energetika, bol su ehtiyatı olan rayonlara meyl edir. Kimya sənayesi xammalın müxtəlifliyi və geniş yayılması onun yerləşdirilmə imkanını genişləndirir. Azərbaycanda müxtəlif kimya xammalının geniş yayılması, neft-qaz ehtiyatı, mədən-kimya, yodlu-bromlu sular, neft-qaz və əlvan metallurgiya sənayesi tullantıları çoxsahəli kimya sənayesinin inkişafı üçün şərait yaradır.

Azərbaycanın kimya sənayesi ağır sənaye sahələri arasında istehsal etdiyi məhsulun həcminə görə maşınqayırma və yanacaq-energetika sənayesindən sonra üçüncü yeri tutur.

Sumqayıt dünyada tanınan məşhur kimya sənayesi şəhəridir. Azərbaycanda ilk kimya zavodu 1879-cu ildə bakıda tikilmişdir.Lakin əsas kimya sənayesi kompleksi müəssisələrinin istifadəyə verilməsi 50-ci illərdən başlayır. Bu müəssisələrdə sintetik kauçuk, avtomobil şinləri, plastik kütlə, süni lif, mineral gübrələr, xlor və kaustik soda, yod, sintetik yuyucu vasitələr, dərmanlar və s. istehsal edilir.

Azərbaycanın və Sumqayıtın ən böyük kimya zavodu “Kimyasənaye” istehsalat birliyidir. “Sintetik kauçuk”, “Üzvi sintez”, “Superfosfat” zavodları və “Məişət kimyası” birlikləri, polimer kombinatı əsas kimya sənayesi müəssisələridir. Bütün müəssisələr arasında sıx istehsalat və texnoloji əlaqələrə əsaslanan kooperasiya mövcuddur. “Üzvi sintez” birliyində onlarla müxtəlif adda polimer məhsulları buraxılır. Sintetik kauçuk zavodunda əasən sintetik kauçuk, sintetiketil spirti, etilbenzol və başqa spirtlər istehsal edilir. Son vaxtlar yeni texnologiyanın tətbiqi hesabına qazdan spirt əldə olunur. Sumqayıt polimer tikinti materialları kombinatında qətrandan izolyasiya materialları, linoleum, müxtəlif tikinti və sanitariya texnikası məmulatları istehsal edilir.

Məişət kimyası zavodunda xörək duzundan və karbohidrogendən duz turşusu, kimyəvi zəhərləyicilər, sintetik yuyucu maddələr, herbisidlər, kaustik soda, sulfanol hazırlanır. Soda istehsalında Baskunçakdan gətirilən duzdan istifadə edilir. Respblikanın sodaya olan tələbatını ödəmək üçün Naxçıvan duz yataqlarının istismarı genişlənmişdir.

Bundan başqa, respublikada kimya sənayesi məhsulları Gəncədə (sulfat turşusu, kalium gübrələri, sabun, lak-boya), Salyanda (plastik kütlə, polietilen örtük, boru, müxtəlif xalq istehlakı malları), Bakıda və Neftçalada (yod-brom) istehsal edilir. Digər sənaye sahələrində olduğu kimi, kimya sənayesi kompleksində də istehsal edilən məhsulların həcmi son illərdə çoxalmışdır.

Respublikanın başqa sənaye sahələri kimi, kimya sənayesi də əsasən ilkin emal məhsulları istehsalı üzrə ixtisaslaşmışdır. Kimya sənayesi xalq təsərrüfatının inkişafında mühüm rol oynasa da, ekoloji cəhətdən ziyanlı sahədir. Torpağa, suya və havaya atılan tullantılar bəzən böyük faciələrə gətiri çıxarır. Abşeronda ekoloji gərginlik son həddə çatmışdır və bu ekoloji gərginliyi zəiflətmək və tədricən aradan qaldırmaq üçün kimya sənayesi müəssisələrinin yeni texnoloji avadanlıqla təchizatı hesabına istehsalın səmərəliliyini artırmaq, ekoloji müvazinəti bərpa etmək və yaxşılaşdırmaq tələb olunur.


Download 44,25 Kb.
1   2   3   4




Download 44,25 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Maşınqayırma kompleksi və kimya sənayesi

Download 44,25 Kb.