Elektromaqnit dalğaları
Elektromaqnit Dalğalarının tədqiqi. Maksvellin elektromaqnit sahəsi haqqındakı fərziyyəsinin doğruluğu elektromaqnit dalğasının təcrübədə aşkar edilməsi ilə təsdiqini tapdı. Onun nəzəriyyəsinə görə elektromaqnit dalğaları bir-birinə perpendikulyar istiqamətdə yayılan elektrik və maqnit rəqslərindən ibarətdir. Belə ki, elektromaqnit sahəsi fəzada elektromaqnit dalğaları kimi bir nöqtədən digər nöqtəyə yayıldığı məlum oldu. Elektromaqnit sahəsinin fəzada dalğa şəkilində yayılmasını ilk dəfə 1887-ci ildə alman alimi Henriks Hers təcrübi olaraq təsdiq etdi. H. Hers tərəfindən əvvəlcədən kəşf edilmiş elektromaqnit dalğaları birinci dəfə olaraq 1895-ci ildə A. S. Popov tərəfindən radiovericinin küməyilə siqnalların naqilsiz məsafəyə ötürülməsində tətbiq edildi. Beləliklə, Maksvell nəzəri, Hers isə təcrübi olaraq müəyyən etdilər ki, elektromaqnit dalğasında elektrik sahəsinin intensivlik vektoru və maqnit sahəsinin induksiya vektoru həm bir-birinə, həm də dalğanın yayılma istiqamətinə (sürətinə) perpendikulyardır. Deməli elektromaqnit dalğası eninə dalğadır. Elektromaqnit dalğalarının sürəti məhdud olduğundan, onu yaradan səbəb (mənbə) olmadıqda belə mövcud olmur. Elektromaqnit dalğaları yayıldığı mühitin xüsusiyyətindən asılı olaraq müəyyən bir sürətlə yayılan elektromaqnit rəqslərdir. Müxtəlif mühitlərdə yayılarkən elektromaqnit dalğaları digər növ dalğalar kimi iki mühitin sərhəddində sınmaya, əks olunmaya, udulmaya, interferensiya və difraksiya hadisələrinə məruz qalır.
Elektromaqnit dalğaları şkalası. Müxtəlif diapazonlu elektromaqnit dalğaları dalğa uzunluğundan asılı olaraq onların alınması, qeyd olunması, ətraf mühitin elementləri ilə qarşılıqlı əlaqə xüsusiyyətləri müxtəlif olur. Elektromaqnit dalğaları çox uzun dalğalardan başlayaraq infraqırmızı dalğalara kimi şüalanma və udulma xüsusiyyətləri klassik elektrodinamika qanunları əsasında izah olunur. Daha qısa dalğalarda isə, xüsusən də rentgen və qamma şüaları diapazonunda gedən proseslər kvant elektrodinamikası əsasında izah olunur. Bu dalğaların hər biri dalğa uzunluğundan asılı olaraq vahid elektromaqnit dalğa şkalasında müəyyən yer tutur.
Radiodalğalar – dalğa uzunluğu 3000m-dən - 0.1 m-ə qədər olan elektromaqnit dalğalarıdır. Bu dalğaları 4 növə ayırmaq olar:
Uzun dalğalar – dalğa uzunluğu 30000m - 3000m arasında olan radiodalğalar
Orta dalğalar – dalğa uzunluğu 3000m-lə – 200m arasındar olan radiodalğalar
Qısa dalğalar – dalğa uzunluğu 200m-lə - 10m arasında olan radiodalğalar
Ultraqısa dalğalar – dalğa uzunluğu 10m-dən – 0.1mm-dək olan radiodalğalar
İnfraqırmızı şüalanma – dalğa uzunluğu 10-4 m ilə - 10-6 m arasında olan elektromaqnit dalğaları. Bu dalğalara ən güclü şüalandırıcı olan ulduzlar və Günəşin şüalarıdır. Məişətdə işlətdiyimiz qızdırıcı peçlər, işiqlandırıcı lampalar, hətta insan da infraqırmızı şüaların mənbəyidir.
Görünən işıq – dalğa uzunluğu 0.76x10-6 m-dən 0.4x10-6 m arasında olan elektromaqnit dalğalarıdır. Bu dalğalar insan gözünün normal qəbul edə biləcəyi şüalardır.
Ultrabənövşəyi şüalanma – dalğa uzunluğu 10-7 m ilə 10-9 m arasındakı elektromaqnit dalğalarıdır. Bu şüaların bizə yaxın ən güclü mənbəyi Günəşdir.
Rentgen şüalanması – dalğa uzunluğu 10-10 m-dən 10-12 m dalğa uzunluğuna malik elektromaqnit dalğalarıdır. Bu şüalar borularda sürətli elektronların metallara dəyərək tormozlanması zamanı yaranır.
Qamma şüalanma – dalğa uzunluğu 10-12 m-lə 10-14 m arasındakı elektromaqnit dalğalarıdır. Bü şüalar atom nüvələrinin çevrilməsindən əmələ gəlir. Tibbdə ən çox rentgen və qamma şüalanması diaqnostika və müalicədə istifadə olunur.
Radiorabitənin Beynəlxalq Məsləhət Komitəsinin qərarına görə kilometrik, hektometrik, dekometrik, metrlik, destimetrlik, santimetrlik və millimetrik alt dalğalar diapazonu radiodalğalara aid edilmişdir. Bu komitənin reqlamentinə görə 0.1m – 1 mm uzunluqlu, 3 – 30 QHs tezlikli dalğalar İfrat Yüksək Tezlikli dalğalar qəbul edilmişdir. Radiofizikada, optikada, kvant elektronikasında, submillimetrdən uzaq ultrabənövşəyi şüalanma dalğa uzunluğu diapazonu – Optik diapazon qəbul edilmişdir. Görünmə diapazonuna 0.76 mkm – 0.38 mkm-ə qədər dalğa uzunluqlu rəqslər aid edilir.
Qeyd etmək lazımdır ki, radiodalğalar, işıq, infraqırmızı və ultrabənövşəyi şüalanmalar, rentgen şüaları və qamma şüalanma – bütün bunlar dalğa uzunluqları ilə bir-birindən fərqlənən elektromaqnit təbiətli dalğalardır. Elektromaqnit spektrinin elə müəyyən oblastı var ki, orada dalğaların generasiyası və qeyd olunması getdikcə çətinləşir. Spektrin uzundalğalı və qısadalğalı ucları qəti şəkildə tam müəyyən edilməmişdir. Dalğa uzunluğu nə qədər böyük olarsa, uzun dalğa oblastında generasiyanın və detektirlənmənin effektivliyi bir o qədər böyük olar. Çox yüksək tezlikli rəqsləri almaq üçün enerjinin yüksək konsentrasiyası tələb olunur. Bu rəqslərin qeydə alınması qısadalğalı şüalanmanın böyük nüfuzetmə qabiliyyətinə görə və eyni zamanda cüzi miqdarda udulmasına görə çətinləşir. İstisna deyildir ki, spektrin sərhədlərində sonrakı biliklər bizim düşüncələrimizə çox yeniliklər gətirəcəkdir.
|