• 2. Texnologiya məşğələsinin praktik metodu.
  • 3. Texnologiya məşğələsinin şifahi metodu.
  • Məktəbəqədər yaşlı uşaqların əmək təlimi və tərbiyəsinin mahiyyəti, məqsədi və vəzifələri Plan




    Download 0.68 Mb.
    bet15/33
    Sana02.07.2021
    Hajmi0.68 Mb.
    #15333
    1   ...   11   12   13   14   15   16   17   18   ...   33
    P l a n

    1. Texnologiya məşğələsinin əyani metodu.

    2. Texnologiya məşğələsinin praktik metodu.

    3. Texnologiya məşğələsinin şifahi metodu.

    N ə t i c ə

    Ədəbiyyat



    1. Texnologiya məşğələsinin əyani metodu. Təlim prosesində tərbiyəçi müxtəlif metodlardan istifadə edir. Uşaq bağçasında təlimin metodları məktəbəqədər yaşlı uşaqların bilik, bacarıq və vərdişlərinin müvəffəqiyyətlə həyata keçirilməsi və öyrənmə marağının inkişaf etdirilməsinə xidmət edir. Tərbiyəçi təlim prosesində istifadə edəcəyi metodları və tərzləri (tərz - bu və ya digər metodun elementinə, hissəsinə deyilir) qabaqcadan müəyyən edir və bunların vasitəsilə təlimin səviyyəsini yüksəldir. Metod - yunanca “methodes” sözündən olub şərh, izah qaydası “nəyəsə yol, idrak yolu” deməkdir. Yəni, metod dedikdə müəyyən fəaliyyət sahəsində məqsədə nail olmaq üçün yol nəzərdə tutulur. Uşaq bağçasında texnologiya məşğələsinin metodları aşağıdakılardır: əyani metod, şifahi metod və praktik metod. Əyani metod. Uşaq bağçasında əyani metodlar geniş yer tutur. Əyani metoddan yeni biliyin öyrənilməsində daha çox istifadə olunur. Əyani metodda natural obyektlər (əşya və hadisələr-natural obyekt dedikdə alət, müxtəlif məmulatlar və əşyaların özləri nəzərdə tutulur), əyani vasitələr (şəkillər, model nümunələri və s.) və texniki vasitələr (videofilmlər, maqnitafon yazıları, televiziya verlişləri və s.) mühüm yer tutur. Əyani metodun bir növü müşahidədir. Müşahidə ətraf mühitdəki cisim və hadisələri məqsədyönlü, planlı, qısa və uzunmüddətli qavrama prosesidir. Onun məqsədi cisim və hadisələri sadəcə göstərmək deyil, ətraf mühitdə baş verən dəyişmələri uşaqlara müşahidə etdirməkdir. Uşaqlar yaşlıların əməyini, nəqliyyatın hərəkətini, heyvanların xarakteri və həyat tərzini, bitkilərin inkişafını müşahidə etməklə çox şey öyrənirlər. Tərbiyəçi uşaqları tədricən müşahidə etmək bacarığına və qabiliyyətinə yiyələndirir. Bu baxımdan müşahidənin təşkili və keçirilməsi üçün bir sıra şərtlərə əməl edilməlidir. Belə ki, elə şərait və vaxt seçilməlidir ki, uşaqlar müşahidə ediləsi keyfiyyəti obyektdə görə bilsinlər. Müşahidənin səmərəliyini (onun öyrədici, inkişaf etdirici və tərbiyəedici xarakterini) təmin etmək üçün tərbiyəçi aşağıdakı tələblərə əməl etməlidir. a. Müşahidəni keçirmək üçün uşaqların qarşısında aydın və konkret məqsəd qoyulmalı. b. Planlaşdırma müşahidənin məzmununu əks etdirməlidir. c. Obyekt çox da böyük olmamalı, uşaqların yaş və anlaq səviyyəsinə uyğun gəlməlidir. d. Keçirilən müşahidə uşaqların əqli fəallığına və müstəqilliyinə kömək etməlidir. Müşahidə uşaqların “tədqiqatçılığına”, öyrənmə, axtarma marağına və əmək fəaliyyətinə öz təsirini göstərməlidir. e. Müşahidə dəqiq və konkret sözlərlə müşaiyət edilməli, uşaqlarda tam təsəvvür yaratmağa və söz ehtiyatının artmasına müsbət təsir göstərməlidir. Əşyaların göstərilməsi daha çox yayılmış təlim tərzlərindən biridir. Uşaqlar ətrafdakılara baxır, oyuncaqları, ev əşyalarını, əmək alətlərini, şəkil, yapma və quraşdırma vasitələrini müşahidə edir, bu zaman bilmədikləri bir çox əlamət və hadisələri öyrənirlər. Tərbiyəçi əşyanı elə göstərməlidir ki, həm onun haqqında qısa məlumat verə bilsin, həm də uşaqlar onu yaxşı görsünlər. Şəkil və illüstrativ materialların nümayiş etdirilməsi. İllüstrasiya – şəkil, sxem, model və ya əşyanı gətirib göstərməkdir. Demonstrasiya isə tərbiyəçinin təcrübə göstərməsidir. İllüstrasiya əşyanı statikada göstərməyə, demonstrasiya isə hadisəni, əşyanı dinamikada göstərməyə deyilir. Bu metoddan istifadə edərkən alınmış və ya tərbiyəçi tərəfindən çəkilmiş şəkillərdən istifadə etmək olar. Şəkildə müəyyən alətlər və ya əməliyyatlar göstərilə bilər. Nümunələrin göstərilməsi əmək fəaliyyəti və quraşdırma işlərində mühüm əhəmiyyətə malikdir. Nümunə şəkillərdən, applikasiya və quraşdırma işlərindən ibarət ola bilər. Bəzi uşaqlarda yaradıcılıq qabiliyyətini inkişaf etdirmək üçün tərbiyəçi uşaqlara bir neçə nümunə göstərir, onlardan hansı mühümdürsə, onun üzərində daha çox iş təşkil edir. Fəaliyyətdə göstərmə. Texnologiya məşğələsi zamanı görülən işin keyfiyyətini yaxşılaşdırmaq üçün işin yerinə yetirilmə ardıcıllığını tərbiyəçi özü uşaqlara göstərməlidir. Kəsmə və quraşdırma işlərində təlimin bu tərzindən geniş istifadə edilir. Əməliyyatları uşaqlara göstərmək üçün hamının görə biləcəyi yer müəyyən edilməlidir ki, müşahidə səmərəli olsun. Göstərmə aydın dəqiq elementlərlə yerinə yetirilməlidir. Tərbiyəçi hər bir əməliyyatı sözlə müşayiət etməlidir. Uşaq bağçasında texniki vasitələrin tətbiqi. Təlim prosesində ekran vasitələrindən və radiotexnikadan əyani vəsait kimi istifadə edilir. Təlim zamanı videofilmlər, maqnitafon yazıları, televerlişlər və kompüter texnikasından istifadə etməklə yüksək müvəffəqiyyətlərə nail olmaq olar. Texniki vasitələrdən istifadə təlim prosesini cəzbedici və maraqlı edir, uşaqları istehsalatın əsasları və əmək prosesləri ilə tanış etmək üçün geniş imkanlar yaradır. Bu yolla tərbiyəçi otağa gətirilməsi və göstərilməsi mümkün olmayan obyektləri və əşyaları nümayiş etdirir. Filmə baxarkən onlar öyrənirlər ki, insan həyatı üçün lazım olan bütün maddi nemətlərin əldə olunması çoxlu əmək tələb edir və onların qədrini bilməklə, qənaətlə istifadə etmək lazımdır. Belə texniki vasitələrdən istifadə 10 dəqiqədən artıq olmamalıdır. 2. Texnologiya məşğələsinin praktik metodu. Uşaq bağçasında texnologiya məşğələsinin praktik metodlarına çalışmalar və modelləşdirmə daxildir. Çalışmalar. Çalışmalar uşaqlara verilmiş tapşırıqları praktik cəhətdən tətbiq etməklə dönə-dönə təkrarıdır. Uşaqlar bu prosesdə zehni fəaliyyətin müxtəlif formalarına yiyələnir, onlarda praktik vərdişlər formalaşır, bilikləri daha da möhkəmlənir. Bir qayda olaraq uşaqların hamısı tapşırığı icra edir, nəticə isə tərbiyəçi və uşaqların özü tərəfindən yoxlanılır. Tərbiyəçi elə tapşırıqlar müəyyənləşdirə bilər ki, onların icrası prosesində uşaqlarda müstəqillik və fəallıq daha da inkişaf etsin. Uşaq bağçasında təqlidi-icraçılıq, konstruktiv və yaradıcı tapşırıqlardan çox istifadə olunur. Təqlidi-icraçılıq təmrinlərində tərbiyəçi uşaqların qarşısında elə vəzifə qoya bilər ki, onun icrası prosesində uşaqlar işi ardıcıl görməklə müəyyən bacarıq və vərdişlərə yiyələnsinlər. Adətən, uşaqlar verilmiş nümunə əsasında işi icra edirlər. Sonra gördükləri iş haqqında şifahi cavab verirlər. Uşaqlar əvvəl yiyələndikləri bacarıq və vərdişlər əsasında konstruktiv təmrinlərə keçirlər. Bunlar əvvəlkilərə nisbətən daha mürəkkəb olmaqla, yiyələndikləri bacarıq və vərdişlərin dərinləşməsinə kömək edir. Yaradıcı xarakterli təmrinlərdə uşaqlar yiyələndikləri bilik, bacarıq və vərdişləri yeni şəraitdə tətbiq edir, fəaliyyətin yeni növü üzərində işləyirlər. Belə iş prosesində uşaqlara daha çox müstəqillik verilməli, bilik, bacarıq və vərdişlərini yaradıcı şəkildə tətbiq etməyə şərait yaradılmalı, imkanlarını inkişaf etdirmək üçün tərbiyəçi nəzarəti gücləndirməlidir. Modelləşdirmə. Bu əyani-praktik metod uşaq bağçasında get-gedə geniş yayılır. Modelləşdirmə müəyyən modelin uşaqlar tərəfindən düzəldilməsi, bu prosesdə əşyanın keyfiyyəti, quruluşu və digər obyektlərlə əlaqəsi haqqında biliyə yiyələnmək deməkdir. Bu metodun üstün cəhəti odur ki, uşaqlar əyani olaraq cisim və hadisələrin əlamətini qavrayır, hafizələrini faktik biliklərlə zənginləşdirirlər. Bu zaman görmə, eşitmə, tənəffüs üzvləri fəal surətdə iştirak edir. Modelləşdirmə əyani-praktik metod kimi bir sıra tələblərə cavab verməlidir. 1. Model düzəldilən əşyanı olduğu kimi əks etdirməlidir. 2. Modelin düzəldilməsi uşaqların anlaq səviyyəsinə uyğun olmalıdır. 3. Mühüm keyfiyyətləri elə aydın və dəqiq çatdırmaq lazımdır ki, onların köməyi ilə əşya başa düşülsün. 4. Öyrənilən mürəkkəb sahələri nisbətən asanlaşdırmaq lazımdır. Didaktikada üç növ model müəyyənləşdirilmişdir. Birinci növ fiziki konstruksiyadan ibarət predmet modeli. Bu zaman predmeti hissələrə ayırmaq və hər hissəni başqa hissələrlə əlaqələndirib mahiyyətini uşaqlara öyrətmək lazımdır. Uşaqlar hissələri sonra özləri tapıb modeli düzəltməlidirlər. İkinci növ predmet - sxematik modeldir. Burada predmetin mühüm hissələrini göstərmək üçün əlavə hissələr və sxemlərdən istifadə olunur. Məsələn, əmək prosesini öyrətmək üçün əvvəlcə onun yəni əşyanın şəkli göstərilir, uşaqlar görülən işin məqsədi haqqında fikirləşirlər. İkinci mərhələdə əşyanı düzəltmək üçün material göstərilir, parça və ya ağac üzərində müşahidə təşkil olunur. Üçüncü mərhələdə istifadə olunacaq alətlər, dördüncü mərhələdə geniş həyata keçirilmə nümunəsi, beşinci mərhələdə əmək prosesində alınmış əşya göstərilir. Uşaqlar belə əmək prosesi zamanı əşyanın hər bir hissəsini ayrıca tanıyır, onlar üzərində lazımi iş aparır və modeli düzəldirlər. Üçüncü növ qrafik model adlanır. Bu növ model obyektin daxili hissələrinin mahiyyətini uşaqlara öyrətmək üçün tətbiq edilir. Bunun üçün uşaqlar əşyanın xüsusiyyətlərini yaxşı bilməli, onun haqqında fikir yürütməli, ona uyğun başqa əşya ilə müqayisə etməyi bacarmalıdır. Qrafik modeldə birinci növbədə uşaqlar modelin özünü tanımalı, onun hissələrini öyrənməli, sonra isə quraşdırma işi ilə məşğul olmalıdırlar. 3. Texnologiya məşğələsinin şifahi metodu. Hər hansı əyani və praktik metodun həyata keçirilməsində sözdən geniş istifadə olunur. Bu metod uşaqların ətraf aləmi öyrənmələrində biliyi ümumiləşdirmək və sistemləşdirməkdə mühüm əhəmiyyət daşıyır. Şifahi metod uşaqlarda müsbət hisslər oyadır, əmək proseslərinin məzmununu başa düşməyə kömək edir. Texnologiya məşğələsində şifahi metodun başlıca növlərindən tərbiyəçinin nəqletməsi, uşaqların nəqletməsi, müsahibə və s. göstərmək olar. Tərbiyəçinin nəqli. Tərbiyəçinin nəqlində başlıca məqsəd hər hansı bir əşya və hadisə haqqında uşaqlarda aydın və dəqiq təsəvvür yaratmaqdır. Nəqletmə uşaqların ağlına, hiss və təsəvvürlərinə güclü təsir edir. Nəqletmə zamanı tərbiyəçi bilməlidir ki, danışılan predmet haqqında uşaqlarda nə kimi məlumat var. Tərbiyəçinin nitqi ifadəli, təsirli və emosional olmalıdır. Yeri gəldikdə o, əyaniləşdirmədən istifadə etməklə söhbəti əşyanın özü, şəkli və modeli üzərində qurmalıdır. Uşaqların nəqletməsi başlıca metodlardan biri kimi onların biliyini təkmilləşdirir, düşünmək və danışmaq bacarığını gücləndirir. Müsahibə. Müsahibə əsasən yuxarı qruplarda keçirilir. Müsahibə əqli fəaliyyət üçün mürəkkəb təlim metodudur. Müsahibə biliyi dürüstləşdirmək, dərinləşdirmək və ümumiləşdirib sistemə salmaq məqsədilə keçirilir. Müsahibə didaktik məzmununa görə iki yerə bölünür. a) ilkin müsahibə; b) yekun və ya ümumiləşdirici müsahibə. İlkin müsahibə ilə uşaqların əvvəlki bilikləri aşkar edilir. Məsələn, tikiş fabrikinə ekskursiya təşkil etmək üçün qabaqca uşaqların paltarı kimlər, necə və nə ilə tikmələri haqqında ilkin bilikləri aşkar edilməlidir. Bu müsahibə qısa, çox da çətin olmayan məzmunda orta qrupda keçirilir. Yekun və ya ümumiləşdirici müsahibə biliyi sistemə salmaq, onu daha da dərinləşdirmək və ya aydın başa salmaq üçün keçirilir. Bu prosesdə əşyanın təhlili, qarşılaşdırma və müqayisə yolu ilə əsas əlamətlər arasındakı əlaqə uşaqlara öyrədilməlidir. Belə müsahibənin keçirilməsində əyani vasitədən geniş istifadə olunur. Yekun müsahibə uşaqların yaş və anlaq səviyyəsinə uyğunlaşdırmaqla böyük qrupda keçirilir. Təlimin şifahi tərzləri (priyomlar). Təlimin gedişində tərbiyəçi müxtəlif tərzlərdən də istifadə edir. Belə tərzlərdən aşağıdakıları göstərmək olar: nümayiş etdirmək (göstərmə), izahetmə, aydınlaşdırma, pedaqoji qiymətləndirmə və s. Aydınlaşdırma və izah təlimin tərzi kimi hadisələri müşahidə edərkən, əşyalara və modellərə baxarkən, tapşırıq və çalışma üzərində iş zamanı, təcrübə keçərkən, bu və ya digər metoddan istifadə edərkən tətbiq olunur. Lakin əşya və modelləri zahirən müşahidə etmək bəzən həqiqi bilik vermir, daxili mahiyyət məktəbəqədər yaşlı uşaqlar üçün qaranlıq qalır. Belə şəraitdə tərbiyəçi izah və aydınlaşdırmadan geniş istifadə edərək onlara bilmədiklərini izah edir. İzah və aydınlaşdırmadan əşyaların göstərilməsində geniş istifadə olunur. Göstərmə və şərh zamanı uşaqlar həm də praktik vərdişlərə yiyələnirlər. Ayrı-ayrı hallarda göstərmədən təlim tapşırığının icrası zamanı istifadə olunur. Məsələn, konstruktiv iş zamanı (quraşdırma) applikasiya (latın sözü applicatio üzərinə qoymaq) texniki tsvir növündən olub, müxtəlif formaların kəsilməsi, fon kimi qəbul edilən başqa material üzərinə qoyulması və bərkidilməsinə əsaslanır), oyuncaqların hazırlanması və s. fəaliyyət prosesində göstərmə çox tətbiq olunur. Nümunə göstərilməsi konstruktiv işdə, görmə əməliyyatının keçirilməsində geniş tətbiq olunur. Nümunələrin göstərilməsi izah, aydınlaşdırma və şərhlə müşayət edilməlidir. Pedaqoji qiymət təlimin mühüm priyomlarından biridir. Qiymətləndirmədən məşğələnin yekununda geniş istifadə olunur. Qiymətləndirmə fərdi və kolektiv formada həyata keçirilir. Uşağın praktik işi həyata keçirməsi, bacarıq və vərdişlərinin səviyyəsini uşağa çatdırmaq üçün onun fəaliyyətini qiymətləndirmək çox faydalıdır. Bu zaman uşaq müsbət cəhətini və nöqsanlarını bilir, müsbət fəaliyyətini daha da inkişaf etdirir, nöqsanlarını isə tərbiyəçinin göstərişi əsasında aradan qaldırır. Uşağın fəaliyyətini qiymətləndirərkən, tərbiyəçi bir sıra pedaqoji tələblərə əməl etməlidir. Bunlar aşağıdakılardır: əldə edilmiş nəticələr uşağın özü tərəfindən qiymətləndirilməlidir, qiymətləndirmə didaktik tələblərə cavab verməlidir, qiymətləndirmə uşağı irəliyə doğru aparmalıdır, qiymətləndirmə zamanı uşağın fərdi və yaş xüsusiyyətləri nəzərə alınmalıdır. Yuxarıda qeyd olunan metodlar ənənəvi təlimdə uzun illərdir ki, tətbiq edilir və reproduktiv (təkraredici) xarekter daşıyır. Fəal təlimdə istifadə olunan yeni metodlar produktiv (yaradıcı) tətbiqetmə səciyyə daşıyır və uşaqların təfəkkürünün (məntiqi, tənqidi, yaradıcı) inkişafını təmin edir. Bu metodlara aşağıdakılar daxildir: beyin həmləsi, BİBO, Venn diaqramı, akvarium və s. Beləliklə, məktəbəqədər yaşlı uşaqların bilik, bacarıq və vərdişlərinin müvəffəqiyyətlə həyata keçirilməsi və öyrənmə marağının inkişaf etdirilməsində metodların müstəsna əhəmiyyəti vardır və hər bir tərbiyəçi bu metodlara əsaslanmaqla təlimin müvəffəqiyyətlə nəticələnməsinə nail ola bilər.



    Download 0.68 Mb.
    1   ...   11   12   13   14   15   16   17   18   ...   33




    Download 0.68 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Məktəbəqədər yaşlı uşaqların əmək təlimi və tərbiyəsinin mahiyyəti, məqsədi və vəzifələri Plan

    Download 0.68 Mb.