İstehsal avadanlığının tərkib hissələri (o cümlədən borular, kabellər və bu kimi hissələr)
elə hazırlanmalıdır ki, onlar təsadüfən zədələndikdə təhlükəli vəziyyətlər yaratmasınlar. İstehsal
avadanlığı yanğın və partlayış cəhətdən təhlükəsiz olmalıdır.
Əgər istehsal avadanlığının hərəkət edən hissələri insanlar üçün təhlükəli vəziyyət
yaradırlarsa, onlar çəpərlənməli və ya başqa mühafizə vasitələrilə təchiz edilməlidirlər. Bu hal
texniki cəhətdən mümkün olmadıqda, avadanlıq işə salınmanı xəbərdar edən siqnalizasiya
vasitələri və təhlükə yarandıqda işi dayandıran sistemlərlə təchiz olunmalıdır.
İstehsal avadanlığından ayrılan (və ya udulan) istiliyin miqdarı, eləcə də zərərli maddələrin
və nəmliyin miqdarı, onların iş zonasında yol verilən normadan çox olmasına səbəb
olmamalıdır. İş prosesində ayrılan zərərli, partlayış və yanğın təhlükəli maddələrin bilavasitə
ayrıldığı yerlərdən kənar edilməsi üçün istehsal avadanlığı xüsusi qurğu ilə təchiz edilməli, bu
qurğunu birləşdirmək üçün xüsusi yer nəzərdə tutulmalıdır. Təhlükəli və zərərli maddələr
tullantılarından istifadə etmək üçün, onları zərərsizləşdirmək məqsədilə xüsusi qurğular nəzərdə
tutulur. Birgə tullanmalarına yol verilməyən maddələrin nəqli üçün ayrı-ayrı atqı xətləri
qurulmalıdır. İstehsal avadanlığının konstruksiyasında elektrik təhlükəsizliyi qaydalarının
tələblərinə cavab verən elektrik cərəyanından mühafizə tədbirləri nəzərdə tutulmalıdır.
İstehsal avadanlığının idarəetmə sistemləri elə yerinə yetirilməlidir ki, funksional
sistemlərin birgə işi zamanı təhlükəli vəziyyətlər yaranmasın. Avadanlığın konstruksiyasında
onun normal iş rejiminin pozulmasının siqnalizasiyası, vacib hallarda isə avtomatik
dayandırılması və ya qəza vaxtı enerji mənbəyindən açılması sistemləri nəzərdə tutulmalıdır.
İstehsal avadanlığının işçi orqanları (həmçinin tutucu, sıxıcı və qaldırıcı qurğuları) onlara
enerji verilməsi kəsildikdə (elektrik cərəyanı, hidrosistemlərə maye, pnevmosistemlərə sıxılmış
hava və s) təhlükəni aradan qaldıran vasitələrlə təmin edilməlidir. Enerji verilməsi yenidən bərpa
edildikdə isə, həmin işçi orqanların öz-özünə işə düşmələrinin qarşısı alınmalıdır.
İstehsal avadanlığının elektrik dövrəsində elə bir açıcı qurğu nəzərdə tutulmalıdır ki, bu
qurğu bütün elektrik dövrələrini mərkəzləşdirilmiş qaydada qidalandırıcı şəbəkədən aça bilsin.
İstehsal avadanlığının konstruksiyasına daxil olan iş yerləri təhlükəsiz və iş üçün rahat
olmalıdır. Avadanlığın konstruksiyası onun istismar edildiyi şəraitə uyğun olan yerli
işıqlandırma sistemi ilə təchiz edilməlidir.
Xüsusi hallarda, işçiləri xarici şəraitin mənfi təsirindən mühafizə etmək üçün kabinələr
nəzərdə tutulur.
Yuxarıda göstərilən ümumi təhlükəsizlik tədbirlərindən əlavə hər bir istehsalat
avadanlığının spesifik xüsusiyyətini nəzərə alan təhlükəsizlik tələblərinin həyata keçirilməsi
zəruridir.