4.2. Əmək mühafizəsinin əsas prinsipləri və işçinin hüququnun təminatı
Dövlət hakimiyyəti orqanları, mülkiyyətçilər, işəgötürənlər və işçilər tərəfindən əməyin
mühafizəsinin təmin olunmasının əsas prinsipləri dövlət hakimiyyəti orqanlarının,
mülkiyyətçilərin, işəgötürənlərin işçilərin əmək şəraitinin və əməyin mühafizəsinin
yaxşılaşdırılmasına, istehsal qəzalarının, xəsarətlərinin, zədələrinin və peşə xəstəliklərinin
qarşısının alınmasına yönəldilmiş fəaliyyətindən; işçinin həyatının və sağlamlığının müəssisənin
istehsal fəaliyyətinin nəticələrindən üstün tutulmasından; bütün müəssisələr üçün əməyin müha-
fizəsi sahəsində vahid tələblərin müəyyən edilməsi və ona nəzarətdən; ümumbəşəri elmi-texniki
tərəqqi və qabaqcıl təcrübədən geniş istifadə edən, habelə təhlükəsizlik texnikasının və
texnologiyanın səmərəli mühafizə vasitələrini hazırlayan və tətbiq edən işəgötürənlərin müvafiq
qayda və vəsaitlərlə həvəsləndirilməsi ilə yanaşı, əməyin mühafizəsi normalarının müntəzəm
olaraq təkmilləşdirilməsindən ibarətdir.
İşçilərin fərdi mühafizə vasitələri ilə, müalicə-profilaktik tədbirlərilə, yeməklə və digər
vasitələrlə pulsuz təmin edilməsi; təhsil müəssisələrində əməyin mühafizəsi üzrə mütəxəssislərin
hazırlanması; istehsalatda baş vermiş hər bir bədbəxt hadisənin hökmən təhqiq edilməsi, uçota
alınması, təhlil edilməsi və bunun əsasında istehsalat xəsarətlərinin, zədələrinin və peşə
xəstəliklərinin vəziyyəti barədə işçilərə dürüst məlumatların verilməsi; istehsalatda bədbəxt
hadisələrdən zərərçəkmiş və ya peşə xəstəliklərinə tutulmuş işçilərin mənafelərinin sosial, maddi
və mənəvi müdafiəsi; həmkarlar ittifaqının, müəssisələrin və ayrı-ayrı fiziki, hüquqi şəxslərin
əməyin mühafizəsini təmin etməyə yönəldilmiş fəaliyyətinə hərtərəfli yardım olunması; əməyin
mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq münasibətlərinin genişləndirilməsi məsələləri də
əməyin mühafizəsinin əsas prinsiplərinə aid edilir.
İşəgötürənlə işçi arasında əmək müqaviləsinin bağlanması şərtləri, Əmək Məcəlləsi ilə
müəyyən edilmiş əməyin mühafizəsi normalarının tələblərinə uyğun olmalıdır. Əmək
müqaviləsində hökmən işəgötürən tərəfindən işçinin sağlam və təhlükəsiz əmək şəraitinə təminat
verilməsi barədə öhdəliliyi göstərilməlidir. İşçi peşə xəstəliyinə tutulmağa yüksək təhlükə
mənbəyi olan işə qəbul edilərkən belə, xəstəliyə tutulmağın ehtimal olunan müddəti barədə
işəgötürən onu hökmən xəbərdar etməlidir. Bu halda, həmin müddətdə məhdudlaşan müddətli
əmək müqaviləsi bağlanmalı və onun müddəti bitdikdən sonra işçiyə əvvəlki orta əmək haqqı
saxlanılmaq şərti ilə başqa iş verilməlidir.
Həyat üçün yüksək təhlükə mənbəyi olan işlərdə çalışan işçilər istehsalatda bədbəxt
hadisələrdən və peşə xəstəliklərindən işəgötürən tərəfindən mütləq icbari sığorta edilməlidir.
Ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərlə əmək müqaviləsi bağlanarkən, onların
hökmən ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi müayinələrdən keçməsi
işəgötürənin hesabına təmin edilməlidir.
İşçilərin təqsiri olmadan müəssisələrdə və ya bilavasitə iş yerlərində əməyin mühafizəsi
qaydalarının pozulması nəticəsində işin dayandırıldığı müddətdə, onların iş yeri, vəzifəsi və orta
əmək haqqı saxlanılır.
İşəgötürən tərəfindən təhlükəsiz əmək şəraiti təmin edilmədikdə və bununla əlaqədar
işçinin sağlamlığı və ya həyatı üçün təhlükə olduqda, işçi əmək funksiyasının icrasından imtina
edə bilər. Bu halda, işçi hər hansı məsuliyyət daşımır və həmin əmək mübahisəsi müəyyən
olunmuş qaydada həll edilir.
Səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı
ilə tibbi rəyə uyğun olaraq, daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə
borcludur.
İşçi, sağlamlığının mühafizəsinin təmin olunması məqsədi ilə səhhətinə mənfi təsir
göstərməyən yüngül və əvvəlkinə nisbətən aşağı maaşlı işə keçirilə bilər. Bu halda, işçilərin
yüngül isə keçirildiyi gündən etibarən bir ay ərzində əvvəlki işi üzrə orta əmək haqqı saxlanılır.
İş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə
tutulmuş və Tibbi Sosial Ekspert Komissiyasının rəyi əsasında yüngül işə müvəqqəti keçirilmiş
işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənilir. Bu fərq
işçinin əmək qabiliyyəti bərpa olunanadək və ya əlillik müəyyən edildiyi vaxtadək ödənilməlidir.
İşçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilmədikdə və
kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədikdə, qanunvericilikdə
nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilir.
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz
Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi” nəzarət etdiyi sənaye obyektlərində işlə-
rin təhlükəsiz yerinə yetirilməsi qayda, norma və təlimatlarının ardıcıl olaraq pozulması
hallarında, işəgötürənləri inzibati qaydada müəyyən edilmiş məbləğdə cərimə etmək hüququna
malikdir.
Səhiyyə Nazirliyinin sanitariya-epidemiologiya xidmətinin vəzifəli şəxsləri işçilərin iş
yerlərində sanitariya-gigiyena və epidemiyaya qarşı sanitariya norma və qaydalarının
pozulmasına görə işəgötürənləri, inzibati qaydada müəyyən edilmiş məbləğdə, cərimə etmək
hüququna malikdirlər.
İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsiri olan işəgötürən,
həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş
zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona təqaüd, müavinətlər verilməsi ilə
əlaqədar sosial sığorta orqanları tərəfindən çəkilən xərclərin əvəzini bütövlükdə ödəməlidir.
İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi
nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə
və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə
görə müvafiq ödənclər ödənilməlidir. Bu ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği
Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.
|