|
Müəssisələrdə əməyin mühafizəsi xidmətləri və nəzarətBog'liq M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra4.8. Müəssisələrdə əməyin mühafizəsi xidmətləri və nəzarət
Əməyin mühafizəsi işinin təşkili və əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə
əməl edilməsinə nəzarətin həyata keçirilməsi üçün, iqtisadiyyatın bütün sahələrində işçilərin sayı
50 nəfərdən çox olduqda əməyin mühafizəsi xidmətləri yaradılır.
Əməyin mühafizəsi xidmətinin tərkibinə əmək qanunvericiliyini, əməyin mühafizəsi
normalarını mükəmməl bilən mütəxəssislər daxil edilir. Bir min nəfərdən çox işçinin çalışdığı
müəssisələrdə sənaye-sanitariya laboratoriyası təşkil olunur, habelə əməyin gigiyenası üzrə
həkim vəzifəsi təsis edilir. İşçilərin sayı əlli nəfərdən çox olan müəssisələrdə əməyin mühafizəsi
üzrə mühəndis vəzifəsi, işçilərin sayı beş yüz nəfərdən artıq olduqda isə müəssisə rəhbərinin
(baş mühəndisinin) əməyin mühafizəsi üzrə müavini təsis edilir.
Qeyd edilən xidmətin mütəxəssisləri əmək mühafizəsi qaydalarına və normalarına əməl
olunmasına nəzarət etmək, aşkara çıxarılmış pozuntuların aradan qaldırılması barədə vəzifəli
şəxslərə icrası məcburi olan göstərişlər vermək, habelə əməyin mühafizəsi haqqında
qanunvericiliyi pozan şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə işəgötürənə
təqdimatlar vermək hüququna malikdirlər.
Əməyin mühafizəsi xidmətinin mütəxəssisləri öz vəzifələrinə aid olmayan işlərin yerinə
yetirilməsinə cəlb edilə bilməzlər. Onlar vəzifə borclarını düzgün və keyfiyyətli yerinə
yetirilməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.
İşəgötürən əməyin mühafizəsi xidmətini yalnız əmək qanunvericiliyinə əməl olunmasına
dövlət nəzarətini həyata keçirən orqanın razılığı ilə yenidən təşkil və ya ləğv edə bilər.
Müəssisələrdə əməyin mühafizəsi normalarının, qaydalarının, habelə əməyin mühafizəsinə
dair normativ – hüquqi aktların tələblərinin yerinə yetirilməsinə, əmək qanunvericiliyinə əməl
olunmasına dövlət nəzarəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək
Müfəttişliyi tərəfindən aparılır.
Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan və onun
vəzifəli şəxslərinin, öz səlahiyyətləri daxilində, qəbul etdikləri qərarlar hökmən icra olunmalıdır.
Bu qərarlardan, ancaq qanunla müəyyən olunmuş qaydada məhkəməyə şikayət verilə bilər.
Əməyin mühafizəsi üzrə qanunvericiliyə əməl edilməsinə ictimai nəzarəti əmək
kollektivinin müvəkkil etdiyi şəxslər və həmkarlar ittifaqları təşkilatlarının nümayəndələri
həyata keçirirlər.
Əməyin mühafizəsi üzrə əmək kollektivinin müvəkkil etdiyi şəxsin, həmkarlar ittifaqları
təşkilatının nümayəndəsinin iş yerlərində əməyin mühafizəsi vəziyyətini maneəsiz yoxlamaq,
aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasını vəzifəli şəxslərdən tələb etmək, habelə
təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi barədə işəgötürən qarşısında məsələ qaldırmaq
hüququ vardır.
İşəgötürən əməyin mühafizəsi üzrə müvəkkilinə, öz vəzifələrini yerinə yetirmək üçün, hər
həftə, orta əmək haqqı ödənilməklə, iş vaxtında iki saata qədər vaxt ayırmalıdır.
|
| |