Qulu məHƏRRƏMLİ Kino, televiziya




Download 3,99 Mb.
bet31/42
Sana14.11.2020
Hajmi3,99 Mb.
#12435
1   ...   27   28   29   30   31   32   33   34   ...   42

TƏXƏYYÜL (imagination) Xəyal gücü. Gerçəklikdən alınmış təəssüratın yenidən dəyişdirilməsi əsasında insan şüurunun yeni obrazlar yaratmaq qabiliyyəti.


TƏQLİD (imitation) – Yamsılama. Başqalarının etdiklərini təkrar etməkdən ibarət olan hərəkət, adət.

TƏDRİS FİLMİ (educational film) – Bax: T ə d r i s k i n o s u.

TƏDRİS KİNOSU (training/educational picture)Elmi kino növlərindən biri; tədris və təlim prosesində köməkçi vasitə kimi istifadə olunur. T.k.-na, adətən, məşğələ şəraitində tədris materialının qavranılması çətin olduqda müraciət edilir. Kinematoqrafiya sürətlə gedən prosesləri yavaşıdılmış üsulla nümayiş etdirməyə imkan verdiyi üçün T.k.-nda dəqiq izahı tələb olunan hadisələri yerli-yerində göstərmək, gözlə görünməyən prosesləri böyütmək, onların daxilinə nüfuz etmək, həmçinin ümumiləşdirmə və mücərrədlikləri multiplikasiya vasitəsilə əyaniləşdirmək olur.

TƏKRAR ELEKTRON ÇOXALDICI (electron multiplier) – Təkrar elektron emissiya əsasında elektron axınının gücləndirilməsi (çoxaldılması) üçün qurğu. T.e.ç., bir qayda olaraq, dissektorun, superortikonun və s. tərkibinə daxildir.

TƏKRAR NEQATİV (negative rehearsal) – Aralıq pozitivinin çapı, yaxud da çevirmə vasitəsilə neqativdən alınan neqativ. T.n. film nüsxələrinin kütləvi çapı üçün zəruridir və orijinal neqativin nüsxəsidir. Çap olunmuş qara-ağ pozitivin keyfiyyəti orijinal neqativdən çap olunmuş müvafiq pozitivin keyfiyyətindən aşağı olur. Bax:K o n t r a t i p.

TƏLƏFFÜZ (articulation) – 1) Nitq səslərinin məxrəclərinə məxsus xüsusiyyətlər; 2) Dilin bu və ya digər təzahür növlərinə məxsus orfoepiya normalarının məcmusu.

TƏLQİN (reprimand/suggestion/imposing) – Aşılanma. Tamaşaçıya, yaxud dinləyiciyə hansısa ideyanın, fikrin, mövqenin dönə-dönə izah edilməsi, təbliğat-təşviqat vasitəsilə qəbul etdirilməsi cəhdi; bir adamın digərinin psixikasına təsiretmə vasitəsi. T. adətən, başqasının fikir və iradəsinə təsirlə əlaqədardır. Kifayət qədər müstəqil düşünə bilməyən, zəif iradəli adamlar nisbətən daha tez T.-ə uyurlar.

TƏNASÜB-MÜTƏNASİBLİK (balancing) – Ekranda predmetin müxtəlif elementlərinin bir-birilə qarşılıqlı münasibətinin simmetrikliyinin, həmahəngliyinin ifadə edilməsi. Hər hansı predmeti ekranda dolğun göstərmək üçün operator onu diqqətlə öyrənir, ayrı-ayrı hissələr arasında tənasübü düzgün müəyyənləşdirir. Əgər danışan adamın üzünün və ya bədəninin hər hansı bir hissəsi uyğun gəlməzsə, onda ekranda tənasüb pozulur və belə kadr zay təsiri bağışlayar.

TƏSİREDİCİ MONTAJ (effective edit) – Tamaşaçı diqqətini cəlb etmək, ona təsir etmək üçün çəkilənlərin effektli düzülməsi üsulu ilə aparılan montaj növü. T.m. əks təsirə görə qurulur. Mövzunun təbii axınından yaranan rəmzlərdən istifadə edilir.

TƏSVİR (image/picture) – 1) Görüntü. TV və kinonun əsas ifadə vasitəsi; 2) Nəyi isə təsvir etmək, göstərmək. Sənət vasitələri ilə gerçəklik predmetləri və hadisələrinin konkret – təkrarolunmaz fərdi xüsusiyyətlərinin birlikdə yenidən canlandırılması. Gerçəkliyin incəsənətdə əks olunması prosesinin mühüm tərkib hissəsi olan T. bu və ya başqa formada incəsənətin bütün növlərinə aiddir. T.-in mahiyyəti özünü təsviri sənətin rəssamlıq, heykəltəraşlıq, qrafika kimi növlərində daha aydın göstərir. İncəsənətin hər bir növü yaradıcılıq təcrübəsinin bütün inkişafı gedişində qazanılan öz sabit təsvir vasitələri sisteminə malikdir.

TƏSVİRAÇMA (picture scanning) – Müəyyən dövri qanuna görə təsvirin təhlili və sintezi prosesində dağıdıcı elementlərin yerdəyişməsi. T.a.-nı elektron impulsların köməyi ilə, yaxud işığahəssas elementlərin elektrik kommutasiyası üsulları ilə gerçəkləşdirmək mümkündür.

TƏSVİRAÇMA GENERATORLARI (picture scanning generators) – Cərəyanın sapma sistemlərində rastrın mümkün qeyri-xətti təhrifləri göstərilən sabitliyi ilə nominal ölçülərinin təmin olunduğu genişlik və formalarının alınması üçün qurğu. Açan qurğular kadr və sətri açma generatorlarından ibarətdir.

TƏSVİR AYDINLIĞI (sharpness) – Təsvirdəki xətlərin dəqiq, aydın göstərilməsi. Bu məqsədlə dəqiqlik nizamlayıcısından istifadə olunur. Nizamlayıcı düymədən yararlanmaqla xətləri yumşaltmaq və təsvirə romantik ab-hava vermək də mümkündür.

TƏSVİR DURULUĞUNUN AVTOMATİK TƏNZİMLƏNMƏSİ (automatic contrast control) – Giriş siqnallarından asılı olmayaraq ağ və qara təsvirlərin ən yuxarı hədləri arasında daim aydın görüntünün alınması üçün tətbiq olunan mexanizm.

TƏSVİR ELEMENTİ (image element) – Daxilində yalnız orta parlaqlığın verilməsi mümkün olan təsvirin elektrooptik analizi prosesində ayrılan fotohəssas səthin minimal sahəsi.

TƏSVİR FOKUSUNUN POZULMASI (defocus) – Xüsusi effekt almaq məqsədi ilə kadrın sanki yuyulması. Bir qayda olaraq, T.f.p. effektindən keçidlər zamanı istifadə olunur.

TƏSVİR FORMATI (image size/format) – Ekranın səciyyəsinə uyğun olaraq göstərilən təsvirin eni və hündürlüyü. T.f. belə formula ilə ifadə olunur: f=l+h (burada f – format, l – təsvirin eni, h – təsvirin hündürlüyüdür).

TƏSVİRİ İFADƏ VASİTƏLƏRİ (picture origination) – İncəsənət obrazlarını yaratmaqla onların əyaniliyini və emosional-estetik ifadəliliyini müəyyən edən bədii üsullar və vasitələr. İstər materialın seçilməsi, istərsə onun estetik işlənməsinin üsul və vasitələri incəsənətin bu və ya digər növünün mahiyyəti, vəzifəsi və xüsusiyyətlərindən asılıdır. Bədii təcrübənin çoxəsrlik tarixində incəsənətin müəyyən növünə məxsus spesifik bədii dildən ibarət olan sabit T.i.v. sistemi təşəkkül tapıb formalaşmışdır.

TƏSVİRİN AÇILMASI (picture origination) – Bir çəkilişin qaranlıqdan başlayıb get-gedə aydınlaşaraq təsvirlərin, siluetlərin tədricən açıq görünməsi. T.a. təsviri qaraltmanın əksidir.

TƏSVİRİN AYDINLIĞININ AVTOMATİK TƏNZİMLƏNMƏSİ (automatic briqhtness control ABC) – Maneələri aradan qaldırmaq, təsvirin aydınlığının, duruluğunun avtomatik şəkildə daim orta səviyyədə saxlanması.

TƏSVİRİN BƏRPASI (image reproduction) – Videosiqnalın ilkin işlənməsi prosesində təsvirin müxtəlif təhrifedici maneələrdən təmizlənməsi. Ümumi halda ilkin və bərpa olunmuş təsvirlər öz aralarında ötürücü funksiyalı dəyişdirici hissə vasitəsilə bağlanır.

TƏSVİRİN DƏQİQLİYİ (image resolution) – Təsvirin xırda detallarınadək canlandırılmasının keyfiyyəti. T.d. ekrandakı təsvirdə canlandırılan elementlərin maksimal sayı ilə qiymətləndirilir. Dəqiqliyin şaquliüfüqi növləri var. Şaquli istiqamətdə təsvir diskret olur, təsvir elementinin ölçüləri sətirlərin eninə bərabərdir. Üfüqi istiqamətdə təsvir diskret struktura malik olmur, dəqiqlik təsvir elementinin ölçülərindən asılı deyil. Adətən, üfüqi və şaquli istiqamətlər üzrə eyni dəqiqliyin təmin olunmasına cəhd göstərilir.

TƏSVİRİN EKRAN ÖLÇÜSÜ (picture ratio) – Ekrandakı görüntünün münasib ölçülərdə verilməsi. Bu, ən yaxşı müşahidə şəraitindən seçilir. Müşahidəçi təsvirin sətri strukturuna və əhəmiyyətsiz struktur maneələrinə diqqət yetirməməlidir. Ekranın sahəsi istənilən müşahidə məsafəsindən fərqli olaraq ən aydın və dəqiq görmə sahəsinə uyğun olmalıdır.

TƏSVİRİN OPTİMALLAŞDIRILMASI (optimum picture controlOPC) – Maqnit lentinin (ML) və videomaqnitofonun (VM) qarşılıqlı şəkildə uyğunlaşmasını təmin edən təsvirin keyfiyyətinin avtomatik qaydaya salınması sistemi. T.o. sistemi 2,5 san. ərzində hərəkətsiz ML-dən istifadə etdikdə onun xarakteristikasını müəyyənləşdirir və başlığın iş rejimini optimallaşdırır, həm də əldə olunan optimallaşma həmin tipli lentdən istifadə zamanı axıradək saxlanır.

TƏSVİRİN RƏQƏMLİ SABİTLƏŞDİRİCİSİ (digital picture stabilizer) – Əllə çəkiliş zamanı kameranın tərpənməsi və titrəməsi nəticəsində yaranan təsvirin əsməsini aradan qaldırmağa imkan verən sistem.

TƏSVİRİN TƏHLİLİ (image analysis) – Təsvir sahəsindəki ayrı-ayrı detalların səciyyəsinin, bütövlükdə görüntünün tərkib hissələrinin, fraqmentlərin və ya ayrı-ayrı obyektlərin öyrənilməsi. Bir sıra hallarda təhlilin nəticəsi son məqsəd olur, məsələn, ölçülən sətri çıxış transformatorlarında (TÇS-lərdə) belə bir nəticə ölçülərə görə (detallara texnoloji nəzarət, kvadratların ölçülərinin müəyyənləşməsi və s.) skanlaşdırma sahəsindəki obyektlərin paylaşdırma funksiyalarının əhəmiyyəti əsas götürülür. Digər hallarda təhlil hər hansı əlamətin (görüntü obrazlarının tapılması və s.) formalaşdırılması üçün yalnız başlanğıc prosesi ola bilər. Bu halda da təsvirin son nəticəsi obyektlərin, yaxud bütövlükdə təsvirlərin təyinata görə müəyyənləşdirilməsi və ya təsnifatı ola bilər.

TƏSVİRİN TƏHLÜKƏSİZ SAHƏSİ (image safety area) – Ekrana verilən təsvirin düzgün görmə sahəsində dəqiq yerləşdirilməsi. Təsvirin sahəsi ümumi dövlət standartı (ÜDST) norması ilə müəyyən edilmişdir. Bu normativ tövsiyə edir ki, efir üçün əhəmiyyəti olan bütün kadrlar ekranda mərkəzə yaxın yerləşdirilsin. Ona görə ki, təsvirin kənarları çox vaxt ekranın xaricində qalır. Bu isə kadrın tamlığı, normal qavranılması üçün təhlükə yaradır. Ona görə də rejissorlar, onların assistentləri, kino və TV operatorları, rəssamlar bu normanı mütləq nəzərə almalıdırlar.

TƏSVİR İŞLƏNMƏSİ (image picture processing) – Müvafiq optik və ya elektrik siqnallarının işlənməsinə əsaslanan proses. T.i. orijinalla müqayisədə formalaşdırılan təsvirə bu və ya digər dəyişikliklərin edilməsini nəzərdə tutur (təsvirin xırda detallarının təzadının böyüdülməsi, təsvirin müəyyən detallarının şərti rənglərə boyadılması, təsvirdə parlaqlığın sıralanmasının paylaşdırılması və s.).

TƏSVİR KEYFİYYƏTİ (image quality) – Təsvirin müəyyənləşdirilə bilən və ölçüyə gələn ayrı-ayrı parametrləri onun ümumi xarakteristikasını – keyfiyyətini əks etdirir. TV təsvirinin keyfiyyətini, adətən, adi gözlə müşahidə olunan görüntünün optik təsvirinə, yaxud səhnədən verilən hər hansı təsvirə nə dərəcədə bənzəməsinə görə müəyyənləşdirirlər.

TƏSVİR MİQYASI (image scale) – 1/m – kinolentdə əşyanın təsvirinin xətti ölçülərinin həqiqi xətti ölçülərindən nə qədər kiçik olduğunu kəsrlə ifadə edən göstərici (burada kəsrin surəti "1", məxrəci isə "m" olur).

TƏSVİRSABİTLƏŞDİRİCİ SİSTEM (image stabilization system) – Videokameralarda cihazın əsməsi nəticəsində meydana gələn arzuolunmaz titrəyişləri aradan qaldıran sistem. Bu sistemdə üfüqi və şaquli linza mühərrikləri vardır. Aşağıya və ya yuxarıya titrəmə varsa, şaquli qeydə alıcılar şaquli linza mühərrikinə elektrik siqnalı göndərir. Mühərrik də, öz növbəsində, linzanın titrəmə olan tərəfinin əksinə hərəkət edərək tarazlığın təmin olunmasına çalışır. Bu sistem təsvir titrəməsini tam olaraq aradan qaldırmır, ancaq kifayət qədər azaldır.

TƏSVİR RADİOSİQNALI (picture radio signal) – Tam rəngli TV siqnalları ilə modullaşdırılmış təsvir daşıyan siqnal. T.r., bir qayda olaraq, neqativ ziddiyyətli TV siqnallarından istifadə yolu ilə formalaşdırılır ki, bu da kineskopun ekranında tünd ləkə, yaxud zolaqlar şəklində canlanan impuls xarakterli maneələrin nəzərə çarpmasını azaltmağa və sinxronlaşdırma siqnallarının maneələrə davamlılığını artırmağa imkan verir. Həmin siqnalların verilməsi zamanı maksimum güc şüalanır.

TƏŞVİQAT (agitation) – Proqram ideyalarının, şüarların yayılması (şifahi və çap) yolu ilə geniş kütlələrin şüuruna, davranış və psixologiyasına təsirlə əlaqədar siyasi fəaliyyət.

TƏŞVİQAT ŞƏRAİTİ (agitation method) – Jurnalistin özünün hadisəni modelləşdirməsi üsulu; adamların bu və ya digər təklif edilən şəraitə təbii reaksiyası.

TƏTBİQİ TELEVİZİYA (industrial-institutional television) – Müasir TV texnikası iki əsas istiqamətdə inkişaf edir. Bunlardan biri yayım TV-si, ikincisi isə tətbiqi TV adlanır. T.t. dedikdə, xalq təsərrüfatında, idarəetmə sistemində, elmi tədqiqatlarda, kosmik rabitədə, hərbi işlərdə və s. istifadə olunan TV üsulları və vasitələri məcmusu başa düşülür.

TİRADA (tirade) – Yüksək tonda ifadə olunan nitq parçası.

TİTR (title/lettering/caption) – Kinofilmlərdə, TV verilişlərində məzmuna aid informativ, izahedici yazı və ya danışıq mətninin yazı ilə əks etdrilməsi.

TİTR-KREDİT (caption) – Xəbər proqramında göstərilən hər süjetin sonunda videomontaj rejissorunun və operatorun adlarını əks etdirən təsvirüstü yazı. Süjeti hazırlayan reportyorun adı isə bir qayda olaraq, materialın əvvəlində verilir. TV təcrübəsində T.-k., adətən, göstərilən süjet, mövzu, çəkiliş və montaj işi baxımından xüsusi maraq doğurduqda verilir.

TİTR MİKŞERİ (caption mixer) – Videomontajda və canlı efirdə titrləri ekrana vermək üçün xüsusi qurğu.

TİTRVERİCİ (caption scanner) – Titrləri efirə vermək üçün studiyada stasionar formada (tərpənməz) istifadə olunan daimi telekamera.

TOK-ŞOU (talk show) Hərfi mənada: danışıq tamaşası. Studiyada ictimai-siyasi, elm, incəsənət və mədəniyyət xadimlərinin, habelə müxtəlif tərkibli auditoriyanın (və ekspertlərin) iştirakı ilə hazırlanan veriliş forması. Müsahibə və diskussiya janrlarının əlamətlərini özündə birləşdirən T.-ş., adətən, sərbəst şəraitdə aparılır. Daha çox aparıcının fərdi keyfiyyətlərinə və şəxsiyyətinə söykənən T.-ş.-da hər hansı problemin dərin və ciddi müzakirəsi istisna edilir. Əksər hallarda aktual problemlərin tədqiqinə həsr edilən T.-ş. əyləncəli, qalmaqallı mövzularla, kəskin diskussiya və situasiyalarla müşayiət olunur. İlk T.-ş. ABŞ TV-lərində yaranıb.

TOLERANTLIQ (tolerancy) – Xoşniyyətli yanaşma, dözüm. Telekanalın, yaxud hər hansı jurnalistin tərəfkeşlik etmədən müxtəlif, o cümlədən ziddiyyətli hadisələri qiymətləndirməsi.

TON (tone) – 1) Oxu və ya danışıq zamanı gərginləşmiş səs tellərinin ritmik (ahəngdar) şəkildə rəqsetmə tezliyi ilə müəyyənləşən səsin fiziki keyfiyyəti. Nitqin ahəngdarlığını (melodika) təmin etmək üçün səsin qalxması və enməsi. Ə s a s t o n (sadə ton) – saitlərin akustik əsasını təşkil edən və onların yaxşı eşidilməsinə imkan verən səs tonu. S ə s t o n u – hava təzyiqi nəticəsində bir-birinə yaxınlaşmış gərgin səs tellərinin titrəyişi (vibrasiya) ilə əmələ gələn səs; 2) Rəng keçidlərini özünə tabe edən rəng ahəngi. Ekran əsərinin koloriti həm də rəng T.-u ilə müəyyənləşir.

TONAL PERSPEKTİV (tonal perspective) – Çəkiliş nöqtəsindən uzaqlaşdıqca əşyaların təsvirlərinin tonal dəyişməsinin köməyi ilə kadrdakı məkan dərinliyinin verilməsi. T.p. ona əsaslanır ki, həyatda müşahidə olunan əşyalar müşahidəçidən uzaqlaşdıqca cizgilərini itirir və rəngini dəyişərək əşyaları tamaşaçıdan ayıran havanın qalınlığı çoxaldıqca daha dumanlı şəkil alır.

TON-ATELYE (sound studio) – Studiyalarda xüsusi olaraq səsin yazılması üçün texnoloji əməliyyatların yerinə yetirilməsinə imkan verən məkan. Kinostudiyalarda dublyaj, musiqi yazılışı, nitqin və səs effektlərinin səsləndirilməsi, yazının köçürülməsi üçün belə atelyelər mövcuddur. T.-a. bir-birindən ölçülərinə, akustik parametrlərinə və avadanlığın tərkibinə görə fərqlənir.

TONFİLM (sound film) – Yalnız monofonik səsyazmadan ibarət kinolent.

TOPOLOGİYA (topology) – EHM-də elementlərin şəbəkəyə qoşulma konfiqurasiyası. T. şəbəkənin bir sıra vacib xarakteristikalarını, o cümlədən etibarlı işləməsini, məhsuldarlığını, dəyərini, mühafizə olunma qabiliyyətini və s. müəyyənləşdirir. Təsnifata görə, geniş yayılmış ardıcıl tipli T. mövcuddur.

TRAFARET (pattern) – 1) Təzə, orijinal olmayan, şablon, çeynənmiş, basmaqəlib; həmişəlik qəbul olunan hər hansı bir nümunənin yaradıcı münasibət və əlavə olmadan, tənqidi surətdə qiymət verilmədən, dəyişdirilmədən kor-koranə təkrar edilməsi; 2) Digər kanalda gedən verilişin formasının eynilə köçürülməsi; hazır veriliş formalarından, dil (nitq), təsvir stereotiplərindən istifadə olunması.

TRANS... (trance) – Hər hansı məkan daxilində hərəkəti bildirən mürəkkəb sözlərin birinci tərkib hissəsi, sözönü.

TRANSFOKATOR (transfocutor) – Aralarındakı məsafəni dəyişmək mümkün olan bir neçə linzadan, həmçinin affokal (teleskopik) qarmaqlarla obyektivin birləşməsindən ibarət olan optik cihaz; foto və kino aparatının, yaxud ötürücü TV qurğusunun obyektivinin fokus məsafəsini, habelə alınmış təsvirin ölçülərini dəyişdirən qurğu. T. dəyişən fokus məsafəli obyektiv kimi işləyir.

TRANSFORMATOR (transformer) – Dəyişən elektrik cərəyanının gərginliyini artırmaq və ya azaltmaq üçün aparat; nəyi isə dəyişmək, başqa şəklə salmaq.

TRANSİVER (transiver) – EHM-də işçi stansiyanı yoğun koaksil kabelinə qoşan qurğu.

TRANSKODER (trance coder) – Bir TV formatından digərinə keçmək üçün (köçürmə və s.) işlədilən qurğu. Məs., PAL-dan SECAM-a keçid yalnız T. vasitəsilə mümkündür.

TRANSKRİPSİYA (transcription) – Hər hansı bir dilin qrafik və orfoqrafik normalarından asılı olmayaraq bütün incəliklərinin mümkün qədər dəqiq verilməsi üçün tətbiq edilən yazı, yaxud işarələr sistemi; elmi-tədqiqat məqsədi ilə nitqin yazılış qaydalarını tənzimləmə üsulu; əcnəbi dillərə məxsus sözlərin (əsasən xüsusi adların və terminlərin) Azərbaycan əlifbasına məxsus hərflərlə əks etdirilməsi.

TRANSLYASİYA (broadcast/relay/transmission) – 1) Səs, musiqi və təsvirin radio, TV və ya sim vasitəsilə uzaqlara verilməsi; hadisə yerindən canlı və ya videoyazı formasında yayımlanan veriliş; 2) Bu üsulla verilən konsert, iclas və s.

TRANSPONDER (transponder) – TV kanallarının siqnallarını Yerdən qəbul edən və Yerə retranslyasiya edən peyk avadanlığının tərkibinə daxil olan qurğu.

TRANZİSTOR (transistor) – 1) Elektrosiqnalların gücləndirilməsi və dəyişdirilməsi üçün yarımkeçirici cihaz; 2) Belə bir cihaza malik olan portativ qəbuledici.

TREKİNQ (tracking) – 1) Videolentin başlıqdan keçdiyi bucağın izlənməsi. Xarici kasetlərin istifadəsindən meydana gələn və təsvirin alt-üst bölümlərində artıq xətlərə səbəb olan maneə T.-lə, yəni nizamlama düyməsi ilə yox edilir; 2) Videolarda təsvirin qaydaya salınması, ölçü.

TRİVİAL (trivial) – Köhnəlmiş, dəyərdən düşmüş, forma və məzmunca orijinallığını, təzəliyini itirmiş.

TRYUK (trick) – Cəld, effektli üsul, fənd; mürəkkəb manevr; kino və telefilmlərdə istifadə olunan ən ifadəli sirk sənəti növlərindən biri.

TRYUK KİNOÇƏKİLİŞLƏRİ (trick shooting) – Ekranda qeyri-adi effektlərin alınmasına imkan verən üsullarla xüsusi kinoçəkilişlər. T.k.-nə əksinə kinoçəkiliş, «stop» üsulu, «qaralma», «qaralmadan», şəklin tamaşaçıya yaxınlaşdıqca böyüməsi və bəzi kombinasiyalı kinoçəkilişlər daxildir.

TUREL (turret) – Kinoda və TV-də kameraların obyektivlərinin dəyişdirilməsi üçün cihaz.

TUŞLAMA MÜSTƏVİSİ (shadowing plane) – Kəskinliyə tuşlamanın yerinə yetirildiyi əşya məkanındakı müstəvi. T.m. təsvir müstəvisinə qoşulmalıdır.

TÜNDLƏŞDİRİCİLƏR (shadowing mask) – Kamera qarşısında çəkilən şəxslərin fiqurlarında süni kölgələr yarada bilən örtük, tül, sipərciklər. T. operatorun təbii işıq şəraitindən asılı olduğu naturada kinoçəkilişlər zamanı xüsusilə tez-tez işlənir. Gün işığının müvafiq şəkildə, operatorun istədiyi kimi çəkiliş obyektini işıqlandıracağı məqamı gözləməmək üçün T.-dən istifadə olunur. Bundan başqa, elektrik projektorlarından, inikas işıqlandırıcılarından və yastı güzgülərdən istifadə yolu ilə də pavilyon şəraitinə yaxın olan naturada çəkiliş aparmaq olar. T. qeyri-şəffaf, məftil karkasa tikilmiş möhkəm materiyadan, fanerdən, kartondan da hazırlana bilər.

TV KOMMUTATORUNDA AVTOMATİK QURĞU (autotake) – Əvvəlcədən formalaşdırılmış təsvirin şin siqnallarını efirə gedən proqram siqnalları şininə keçirən qurğu. Proqramın avtomatik dəsti.

TV-NİN APARAT-STUDİYA KOMPLEKSİNİN (ASK) TƏRKİBİ (television studio complex) – TV studiyalarının və TV aparat otaqlarının məcmusu. ASK-nın əsas struktur vahidləri bunlardır: aparat-studiya blokları (ASB), aparat-proqram blokları (APB), aparat videoyazıları (AV), telekino aparat otaqları (TKA), studiyadankənar proqram aparat otaqları (SPA), mərkəzi aparat otaqları (MA) və s.

Aparat-studiya bloku (ASB) A.S.K.-nin əsas hissəsidir. A.S.K.-nin avadanlığı TV siqnallarının formalaşdırılması və işlənməsi, rəngarəng bədii effektləri və bir təsvirdən digərinə keçid vasitələrini tətbiq etməklə bir neçə mənbədən alınan təsvirlərdən kombinə edilən təsvirlərin formalaşdırılması vəzifəsini yerinə yetirir. ASB-də həmçinin səs müşayiəti siqnallarının formalaşdırılması və cilalanması, ASB-nin bütün əsas nöqtələrində siqnalların və təsvirlərin kommutasiyası və bunlara nəzarət həyata keçirilir. ASB-nin tərkibinə TS, texniki aparat otağı (TAO), video rejissorunun və səs rejissorunun aparat otaqları (AO) daxildir.



TV-NİN SƏS SİQNALLARININ VERİLİŞİ KANALI (TV sound signal broadcasting channel) – Səs yayımının elektrik siqnallarını mikrofonun çıxışından və ya səsləndirmə kanalından ötürücü antenaya, yaxud naqil yayımının abonent girişinə çatdırmağa imkan verən texniki vasitələrin məcmusu. Bəzən səsli yayımın elektrik kanalı (SYEK) da adlanır.

TV NÖVLƏRİ (TV types) – TV-nin əmlaka, maliyyələşmə formasına, yayım üsulunayayımın əhatə dairəsinə görə təsnifatı. Mülkiyyət forması və maliyyələşmə üsuluna görə TV-nin d ö v l ə t, b ə l ə d i y y ə, k o m m e r s i y a (özəl) və i c t i m a i kimi növləri mövcuddur: 1) Dövlət TV-si – dövlətin mülkiyyətində olan, büdcədən maliyyələşən telequrum; 2) Bələdiyyə TV-si yerli bələdiyyələrin pulu ilə maliyyələşən qurum; 3) İctimai TV – tamaşaçıların abonent ödənişi, ictimai təşkilatların fondu, müəssisələrin və ayrı-ayrı şəxslərin könüllü ianəsi, səhmdarların payı, qismən dövlət büdcəsi hesabına maliyyələşən TV; 4) Kommersiya TV-si – ilk növbədə, təsisçinin vəsaiti və reklam hesabına öz xərclərini ödəyən telekanal; Y a y ı m (translyasiya) üsuluna görə TV-nin efir, kabel, peyk yayımı kimi növləri vardır. Fəaliyyət növünə görə isə TV-ləri yayımistehsal (prodüser, distribütor) kimi təsnif etmək olar.

TV PROYEKTOR (Projection television) – Bax: P r o y e k s i y a t e l e v i z i y a s ı.

TV SİSTEMİNDƏ SİNXRONLAŞDIRMA (TV system synchronization) – Təsvirlərin analizi və sintezi zamanı təsvir açmalarının qurulması və müvəqqəti uyğunlaşdırılması prosesi. Təsviri açan qurğulardakı proseslər silsilələrinin eyni ritmdə davamiyyəti sinxron sayılır. Sinxron proseslər eyni zamanda baş verdikdə isə sinfaz olur.

TV TƏSVİRLƏRİNİN RƏNG PARAMETRLƏRİ (picture/image color parameters) – Buraya rəng tonu, dolğunluq və işıqlılıq aiddir. RYT sistemlərində verilən rəng tonlarının diapazonu, demək olar ki, təbiətdə rast gəlinən bütün rəng çalarlarını əhatə edir, kinofilmlərə baxarkən müşahidə edilən rəng tonlarının diapazonundan isə bir qədər genişdir.

TV TELESKOP (television telescope) – Teleskopun optik sisteminin yaratdığı kosmik obyektlərin təsvirinin ötürücü TV borusunun fotokatoduna daxil olduğu qurğu. T.t-da təsvir elektron-şüa cihazının ekranından fotoya alına bilər. T.t. həmçinin müşahidələrin nəticələrini EHM-lərə daxil etmək imkanına malikdir.

TV VİDEOAXTARICISI (electronic view finder) – Çəkilmiş materialı operativ şəkildə nəzərdən keçirmək və lazım olan kadrları təcili tapmaq üçün videoqurğu.

U

UĞURLU DUBL (good take)

ULTRA... (ultra) – Bir sıra mürəkkəb sözlərin «üstün», «son», «ifrat» mənasında olan birinci tərkib hissəsi. Məs., ultraqısa dalğa, ultradəbli musiqi.

ULTRAQISA DALĞALAR (ultrashort waves) – TV-də, radiolokasiyada, radioyayımda geniş istifadə olunan son dərəcə qısa dalğa.

ULTRASƏS (ultrasound) – İnsan qulağının qəbul edə bilmədiyi, tezliyi 15 kHs-dən çox olan səs tezlikləri.

UNİSON (unison) – 1) Eyni, oxşar səsli; ahəng uyğunluğu; musiqidə bir səslə ifa olunan əsər; 2) İki titrəyiş mənbəyində tənliklər bərabərliyi; 3) TV-də yol verilməyən hal kimi sözün və təsvirin eyni məna ifadə etməsi.

UZAQLAŞDIRMA-YAXINLAŞDIRMA (zoom) - Çəkiliş zamanı kameranın irəliyə, yaxud geriyə hərəkəti ilə fokus məsafəsinin dəyişdirilməsi. U-y. prosesi kameranın dayanmadan fasiləsiz hərəkəti ilə və bir uzun planla gerçəkləşdirilir. U. iri plandan ümumi plana keçərək obyektin kiçildilməsi, Y. isə obyektin böyüdülməsi və tamaşaçıya yaxınlaşdırılması deməkdir.

UZAQLAŞMA (removal/zooming) – Obyektin yalnız öz miqyasını dəyişməklə kadrın əvvəlindən axırınadək obyektivin görüntü sahəsində qaldığı xüsusi kinoçəkiliş qaydası. Amma istənilən formal üsul tamaşaçının diqqətini məzmundan yayındırır, buna görə də həmin üsulu yalnız o halda tətbiq etmək lazımdır ki, məzmunun açılmasına nəsə yenilik gətirsin, baş verən hadisələrdən nəticə çıxarmaqda tamaşaçıya yardımçı olsun.

UZAQLIĞA GÖRƏ MİKROFON SEÇİMİ (Zoom mic) – Uzaqlığa görə nizamlana bilən və uzaqdakı səsləri yaza bilən mikrofon növünün (Mic High, Mic Normal) müəyyənləşdirilməsi.

UZAQ PLAN (zoom plan) – Bütövlükdə hadisə yerini seyrçiyə göstərərək, ona şəraitin ümumi ab-havasını göstərən, adamlarla əşyaların məkandakı nisbətlərini anladan görüntü. U.p.-nın çatışmazlığı odur ki, tamaşaçı detalları, incəlikləri görmür. Məsələn, o, futbolçunun topu qovduğunu seyr edə bilir. Ancaq topu itirərkən futbolçunun üzündə hansı ifadə yarandığını görmür. U.p. görünən mənzərə barədə ən ümumi təsəvvür oyadır. Bu planın əsas üstünlüyü odur ki, seyrçiyə fikrini cəmləmək, ekranda baş verənləri saf-çürük etmək, düşünmək imkanı yaradır. Yəni seyrçinin fikrini özündə cəmləşdirməklə diqqətin xırda detallara yayınmasının qarşısını alır.

UZUN DALĞA (long wave) – Əhatə dairəsi 600 metrdən çox olan dalğa.

Ü

ÜÇQAT BÖLÜM QAYDASI (rule of triple separation) – Kadr kompozisiyasını qurmaq üçün istifadə olunan mexaniki qaydalardan biri. Bax: E k r a n (k a d r) k o m p o z i s i y a s ı.

ÜÇ NÖQTƏDƏN İŞIQLANDIRMA (tree point illumination/lighting) – Çəkiliş zamanı üçölçülü təəssürat oyatmaqdan ötrü formanı sezdirmək (rəsmləyici işıq); çəkiliş obyektini fondan ayırmaq (əks işıq); rəsmləyici işığın (doldurucu işıq və ya köməkçi işıq) yaratdığı qatı kölgəni seyrəltmək üçün istifadə olunan işıqlandırma üsulu.

ÜÇÖLÇÜLÜ VİDEO (three dimensional video) – İki ayrı mikrokamera obyektivindən istifadə edilməsi. Bu zaman hər iki obyektiv saniyədə 60 təsvir yazır. Bu yazılara xüsusi standart eynəklərlə baxmaq olar. Yazılan təsvir ilə eynəklər arasında sinxronlaşdırmanı təmin etmək üçün xüsusi kabeldən istifadə olunur.

ÜFÜQİ PANORAM ÇƏKİLİŞİ (horizontal view shot) – Müstəvidə yerləşən çəkiliş obyektinin tam görüntüsünü almaq üçün kameranın tədricən hərəkət etməsi və təsvirin ara kəsilmədən lentə köçürülməsi. Ü.p.ç. zamanı kəsik-kəsik və nizamsız üfüqi yerdəyişmələrə yol verilməməlidir. Hər bir panoram çəkilişin aydın məqsədi olmalı və çəkilişin dayandığı məqamlar lentə alınan səhnənin ən maraqlı məqamına düşməlidir. Kameranın hər hansı yerdəyişməsi kimi üfüqi panoram da ehmallı olmalı və nəzarətdə saxlanmalıdır. Burada «hədəfdən yan ötmək» yolverilməzdir. Kameranın hər bir yerdəyişməsi çox ehmallı sonluqla bitməlidir. Əgər üfüqi panoram çox kəskin başlayıb kəskin hərəkətlə də bitirsə, sanki kamera müxtəlif görüntülərə ilişirsə və yerdəyişmə sürəti tez-tez dəyişirsə, yaxud kamera aşağı-yuxarı əsirsə, deməli, istənilən çəkiliş effekti alınmamışdır.

ÜMUMDÜNYA HÖRÜMÇƏK TORU (World Wide Web WWW) – Kompüterdə şəbəkə resurslarının təşkil olunmasının ən müasir vasitəsi. İnformasiyanın h i p e r m ə t n şəklində təsvir olunmasına əsaslanan Ü.h.t. şəbəkədə istənilən materialı axtarıb tapmağa və ötürməyə imkan verir.

ÜMUMİ AUDİTORİYA (sumulative audience) – Hansısa proqrama, yaxud müəyyən TV stansiyasının müəyyən vaxt kəsiyində, məsələn, həftə, yaxud ay ərzində yayımladığı verilişlərə baxan televizor sahiblərinin sayını əks etdirən göstərici.

ÜMUMİ RABİTƏ XİDMƏTİ (universal service) – Bütün arzu edənlərə açıq olacağını, müxtəlif coğrafi regionların sakinləri üçün belə bir açıqlığın bərabər imkanlarını və əsas xətlərin (magistralların) fasiləsiz işləyəcəyini vəd edən İSM-nın funksional xüsusiyyətlərinin səciyyəsi. Həmin magistralların «fiziki sərhəddi» olmadığına görə daha ənənəvi ictimai rabitə xidməti (public service) anlayışı ümumi kommunikativ xidmət anlayışı ilə əvəz olunur.

ÜNSİYYƏT (contact/socialability/intercourse)Burada: tamaşaçı ilə qarşılıqlı münasibətləri əks etdirən psixoloji hadisə; insanın başqaları ilə qarşılıqlı əlaqədə üzə çıxan mövcudluq üsulu; informasiya mübadiləsi və sosial-psixoloji əlaqələr. Fəlsəfi mənada Ü. həm də insanların qarşılıqlı bağlılığının şüurlu dərk olunan dərinliyinə aid edilir.

ÜNVANLI YAYIM (narrowcasting) – İnformasiyanın bu və ya digər növlərinə (əyləncəli, maarifçilik, işgüzar, idman və s.) görə fərdi sifarişə uyğun olaraq dinləyici və tamaşaçıların məhdud dairəsi üçün yayımlanan radio və TV proqramları.

ÜNVAN PLANLARI (address plan/narrow plan) – Montaj prosesində tamaşaçıları hadisənin yeri və hadisə iştirakçılarının nisbi yerləşdirilməsi ilə tanış edən ekspozisiya və köklənmə planı. Ü.p.-nın köməyi ilə hadisənin yerini seyrçilərə göstərəndən sonra məntiqi olaraq ardıcıl montajın bir sıra digər üsulları ortaya çıxır.

ÜSLUB (style/manner/form) – 1) Kino, TV və radionun özünəməxsus səciyyəvi cəhətlərinin məcmusu; müəyyən edilmiş ideyanın qabarıq verilməsi üçün dil və təsvir vasitələrindən istifadə manerası; 2) Müəllifin (aktyor və aparıcının) özünəməxsus yaradıcılıq manerası, ona məxsus olan ifadə tərzi; 3) Ünsiyyət məqsədi ilə əlaqədar dil vasitələrini seçmə, seçilən vahidləri əlaqələndirib birləşdirmə baxımından səciyyələnən dil növü. Dil üslubu. Funksional üslub; 4) Dilin sintaktik qaydaları və sözişlətmə normaları əsasında yazma və ya danışma. Süni üslub. Səhv üslub (üslub səhvi). İ n c ə s ə n ə t d ə bədii ifadəliliyin obrazlı sisteminin, vasitə və üsullarının ideya-estetik və ictimai-tarixi məzmununun vəhdətindən asılı olaraq tarixən təşəkkül tapmış ümumiliyi. Bu vəhdət müəyyən yaradıcılıq metodu əsasında əldə edilir. Ü.-da cəmiyyətin istər sosial-iqtisadi həyat şəraiti və istərsə də bu və ya digər xalqın xüsusiyyətləri və ənənələri öz əksini tapır. Ü. həm də obraz sisteminin, bədii ifadə vasitələrinin və priyomlarının incəsənətin ideya məzmunu ilə şərtlənən tarixən təşəkkül tapmış nisbi, sabit ümumiliyidir.

ÜTÜLƏMƏ (anti-alising) – Kölgə salmaq, yaxud xüsusi rəng vermək yolu ilə təsvirin pilləli olmasını sığorta etmək metodu. Ü.-nin köməyi ilə açıq tondan tünd tona keçilməsi o qədər də bilinmir.

V

VAXTÖLÇƏN (timer) – 1) TV-nin proqramlana bilən açma-qapama saatlarını nizamlayan sistem; 2) Video cihazını vaxta görə nizamlama, yazma səviyyəsinə görə hazırlama.

VAXT ÖLÇÜSÜ (time) – Video və kamerada vaxt nizamlayıcılarının yay saatına görə qurulması və ya dünyanın hər hansı bir şəhərinin saatına görə nizamlaması.

VARİOSKOPİK KİNOFİLM (varioscopic film) – Nümayiş zamanı kadrları kinotəsvirin hündürlüyünün eninə müxtəlif nisbətində görünən film.

VASİTƏLİ TELEVİZİYA YAYIMI (direct telecast) – Yerüstü antenadan peykə, oradan isə birbaşa istehlakçıların ev antenasına ötürülən yayım.

VEB-SƏHİFƏ (Web – Site) – Kompüter şəbəkəsində tərkibində mətn, digər sənədlərə, qrafiklərə, audio və video təsvirlərə hiperistinad olan sənədləri özündə əks etdirən ünvan. V.-s.-lərlə işləmək üçün bu əməliyyatlar ardıcıllıqla yerinə yetirilməlidir: a) sənədin açılışı; b) kodlaşdırmanın dəyişdirilməsi; v) hiperistinadlar vasitəsilə lazımi səhifəyə keçid; q) seçilmiş sənədin faylının saxlanılması; d) sənədin çap edilməsi. Konkret V.s.-yə baxmaq üçün mütləq onun ünvanını vermək tələb olunur. Baxış keçirmək və bir səhifədən başqasına keçməyi b r a u z e r l ə r gerçəkləşdirir. Bax: B r a u z e r.

VEKTOR QRAFİKASI (vector graphics) – Rastr qrafikasında olduğu kimi, təsvirin ayrı-ayrı elementlərini nöqtələr məcmusu şəklində yox, vektorlarla, yəni yönəlmiş parçalar şəklində verən sistem. V.q.-nda bir parçanın verilməsi üçün onun başlanğıc və son nöqtələrini, eləcə də xəttin qalınlığını göstərmək tələb olunur. Rastr qrafikasından fərqli olaraq, V.q.-da təsviri keyfiyyəti itirmədən böyüdüb-kiçiltmək mümkündür.

VELOTAYP (velotype) – Sürətlə yazan maşın. Bu maşının klavişləri (dilləri) ayrı-ayrı hərf və işarələrə deyil, bütöv hərflər qrupuna (hərf birləşmələrinə, hecalara) uyğun olur. V.-dan zəif eşidənlər üçün veriliş proqramlarında subtitrlərin verilməsi üçün istifadə olunur.

VERBAL (verbal) – Hər hansı mətləbin sözlə şifahi deyilişi. TV və radioda şifahi söz, vizual sistem dedikdə isə görüntü ilə bağlı olan materiallar nəzərdə tutulur.

VERBAL İNFORMASİYA (verbal information) – Ekranda yalnız sözlə, nitq vasitəsilə verilən informasiya. V.i. həm ekranda danışan adamın nitqində, həm də kadrarxası mətnlərdə (diktor, yaxud aparıcı mətni) verilir.

VERİLİŞİN DÖVRİLİYİ (program periodicity) – Proqramın yayım cədvəli ilə müəyyən edilmiş vaxtda dövri olaraq efirə çıxması. Hər hansı proqramın populyarlığında başqa keyfiyyət amilləri ilə yanaşı onun dövriliyi də mühüm rol oynayır.

VERİLİŞLƏRİN XRONOMETRAJI "TAYMİNQ" (timing) – Yayım proqramları üçün vaxtın seçilməsi və hesablanması. Postmodernizm konsepsiyasına istinad edən bir sıra analitiklərin fikrincə, yeni elektron media vasitələri sərhədlərə, gündüzə, gecəyə və digər ənənəvi "şərti vaxt" anlayışlarına məhəl qoymadan, kompüter şəbəkələri və İSP-lərin virtual məkanında "elektron vaxt"ın imkanlarına tabe olaraq "azad tayminqlər" rejiminə keçməyə şərait yaradır.

VERNİSAJ (varnishing day) – Xüsusi dəvət olunmuş rəssamların, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə bədii sərginin rəsmi açılışı. Televernisaj – hər hansı bir rəssamın əsərlərindən ibarət toplunun TV-də təqdimatı. Adətən, televernisajlar verilişlər arasında fasilə zamanı musiqinin müşayiəti ilə verilir.

VERSİYA (version) – Müəllifin məqsədindən asılı olaraq hər hansı faktın bir-birindən fərqli bir və ya bir neçə mənada izahı, şərhi; hər hansı hadisənin müxtəlif variantlarda (çalarlarda) təqdim edilməsi.

VESTERN (western) – Amerika ədəbiyyatının, kinosunun və TV-sinin ABŞ-ın Qərbi fəthetmə mövzusuna əsaslanan populyar janrı. Bəzi kommunikoloqlar V.-i tamaşaçıları ekranda zorakılıq aktlarının təsviri yolu ilə təcavüzkar meyllərdən təmizləyən katarsis forması kimi nəzərdən keçirirlər.

VHS FORMATI (video home system VHS) – Məişətdə işlədilən videoyazı sistemi (Vi-Eyç-Es), ən geniş yayılmış video formatlarından biri. Bu formatda təsvirin maksimal dəqiqliyi 240-260 xətt həddindədir.

VİBRASİYA (vibration)Hərfi mənada: titrəmə, əsmə. Simli alətlərdə barmaqlarla simi titrətməklə icra olunan çalğı üsulu. Belə ifa aləti ilə insan səsini yamsılama və s. mümkündür.

Vİ-ÇİP (v-chip) – Gənclərin, xüsusən yeniyetmələrin tərbiyəsi üçün zərərli olan televerilişlərin seyr edilməsini avtomatik dayandıran qurğu.

VİDEO... (video) – 1) Təsviri yazan və canlandıran cihaz; 2) Videosiqnal. 3) TV, radiolokasiya siqnalları və s. mürəkkəb elektrik siqnallarının elektron şüa borusunun ekranındakı təsvirlə bağlılığını bildirən mürəkkəb sözönü. Məs., videomaqnitofon, videotelefon, videoyazı və s.

VİDEOARAYICI (view finder) – Çəkiliş obyektini müşahidə etmək və məkanın sərhədlərini müəyyənləşdirmək (kadrları düzmək) üçün vasitə; kinoçəkiliş aparatının görüntü axtarıcı qurğusu; videokamera monitoru. V. əsasən çəkiliş zamanı kadrın sərhədlərinin müəyyənləşdirilməsinə, eləcə də kinoçəkiliş prosesində müşahidə aparmağa xidmət edir. Çəkilən səhnələrin baxılması üçün V.-dan miniatür bir monitor kimi də istifadə edilir. Monitordan görünən şəkillər və məlumatlar istifadəçiyə yardımçı olur. V. çəkilişin və montajın asanlaşmasını təmin edir. V.-ya çox vaxt müxtəlif göstəricilər, oxlar, şkalalar və kinoaparatın işi haqqında digər informasiyalar çatdırılır. Kinoçəkiliş aparatlarında üç tip V. tətbiq olunur: Qaliley tipli parallakslı; Kepler tipli parallakslı və Kepler tipli güzgülü (yaxud ikitərəfli tuşlayıcılı).

VİDEOBAŞLIQ TƏMİZLƏYİCİSİ (head cleaner) – Təsvirdə meydana gələn pozuntular videobaşlığın təmizlənməsini tələb edir. Videobaşlıqda çirklənmə oksidləşmədən meydana gəlir. Başlıqların təmizlənməsi üçün xüsusi lentlərdən istifadə edilir. Bu lentlərin sürtülmə (yeyilmə) təsiri oksid parçalarını əzərək yox edir. Xrom-dioksid lentli bu kasetlərin istifadə vaxtı 30 san.-dir. Bəzi lentlərdə təmizləmənin başa çatdığına dair məlumat ekranda görünür. Videonun istismarı zamanı hər 50 saatdan bir 10 san.-lik kasetlə təmizlənməsi tövsiyyə edilir.

VİDEODA RƏQƏMLİ SAYĞAC YADDAŞI (digital counter memory) – Hər hansı proqramın (təsvirin) əvvəlcədən ölçülərək rəqəmli texnologiya ilə yaddaşa köçürülməsi. Bu, istənilən bir proqramın sıfırla işarələnmə halında tapılmasını asanlaşdırır. Bunun üçün yaddaşdakı "memory" düyməsini basmaq kifayətdir.

VİDEODA SÜRƏTLİ AXTARIŞ NÖQTƏSİ (cue) – Təsvirlərin videoda irəliyə doğru sürətli keçidi. Bu vəziyyətdə lentin sürəti normadan 7 dəfə çoxalır, səs kəsilir və sürətli keçid anında ekranda xətlər yaranır.

VİDEODİSK (video disk) – Sintetik materialdan ibarət olub, səthində müxtəlif tipli videoinformasiyaların yazılışı üçün spiral, yaxud konsentrik cığırlara malik disk formasında videofonoqram. Göstərilmə sistemindən və elementindən asılı olaraq müvafiq görüntü anlayışlarını, məsələn, "mexaniki videodisk", "optik videodisk", "həcmli videodisk" anlayışlarını ifadə edir. V. ekranda xüsusi video qurğuların köməyi ilə göstərilir.

VİDEOEFFEKT (video effect) – Çox vaxt siqnal mənbələrinin dəyişdirilməsini müşayiət edən bir görüntünün digəri ilə əvəzlənməsini göstərən ardıcıl təsvirlərin formalaşdırılması üsulu.

Download 3,99 Mb.
1   ...   27   28   29   30   31   32   33   34   ...   42




Download 3,99 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Qulu məHƏRRƏMLİ Kino, televiziya

Download 3,99 Mb.