QULU MƏHƏRRƏMLİ
Kino, televiziya
və
radio terminləri
Izahlı lüğət
“Azərbaycan Milli Ensiklopediyası”
Nəşriyyat-Poliqrafiya Birliyi
B a k ı – 2 0 0 2
92(Az)
M 59
Lüğət
Azərbaycan Milli Elmlər Akademiyası
Terminologiya Komissiyasının
qərarı ilə nəşr olunur.
Rəyçilər:
İnqilab Kərimov,
AMEA-nın müxbir üzvü,
sənətşünaslıq doktoru, professor
Müseyib Məmmədov,
filologiya elmləri doktoru, professor
İsmayıl Vəliyev,
filologiya elmləri doktoru, professor
Sayalı Sadıqova,
filologiya elmləri doktoru
Elmi redaktor:
Rasim Əfəndiyev,
akademik
İxtisas redaktorları:
Ayaz Salayev,
Zeynal Məmmədli
Məhərrəmli Qulu Məmmədqulu oğlu.
Kino, televiziya, radio terminləri. İzahlı lüğət. “Azərbaycan Milli Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyi, Bakı, 2002, 352 səh.
Kitabda kino, radio, televiziya, həmçinin bu sahələrin sıx bağlı olduğu informatika, sosiologiya, informasiya texnologiyaları və müasir kommunikativistika sistemində ən çox işlənən terminlərin izahı verilmişdir.
Ölkəmizin nəşriyyat təcrübəsində ilk nümunə olan bu lüğət audiovizual sənət sahəsində çalışanlar və bu sahəni öyrənmək istəyənlər üçün nəzərdə tutulmuşdur.
M 4602030000
M657 -2002
ISBN–89600–337–4
Qulu Məhərrəmli, 2002
GİRİŞ
Hər bir dilin zənginliyi, həm də onun müxtəlif sahələrə aid terminlərinin zənginliyi ilə ölçülür. Bu mənada müasir dünyanın ictimai-siyasi və mədəni həyatına güclü təsir göstərən kütləvi kommunikasiya sisteminin (mətbuat, kino, televiziya, radio) inkişafı Azərbaycan dilinin lüğət fonduna da təsirsiz qalmır. Çağdaş elektron-informasiya inqilabı, sürətli texnoloji dəyişmələr informatika və jurnalistikadan tutmuş filologiya və sənətşünaslığa qədər bir çox elm sahələrinin nəzəri konsepsiyalarına və terminologiyasına mühüm yeniliklər gətirir. Elm və incəsənətdə, təbiət, cəmiyyət və insan psixologiyasında baş verən hadisə və təzahürləri, texnoloji prosesləri dəqiq ifadə etməli olan terminlər sürətlə inkişaf edən sahələrdə özünü daha çox göstərir. Hazırda bütün dünyada belə yüksək dinamizmə və rəngarəngliyə malik olan sahələrdən biri kino, radio və televiziyadır. Təqribən yarım əsr əvvəl bu vasitələrin mövcudluğu möcüzə sayılırdısa, indi telekommunikasiyada şifrəli eranın başlanması, rəqəmli televiziyanın kompüter və informasiya supermagistralları ilə birləşməsi, kinoda fantastik çəkiliş üsullarının meydana gəlməsi heç kimi təəccübləndirmir.
Kommunikasiya sisteminin, medianın, kino, radio, televiziya və İnternetin sürətli inkişafı Qərb ölkələri üçün daha xarakterikdir. Buna görə də həmin ölkələrdə texnologiyanın hər inkişaf mərhələsinə uyğun olaraq ingilis, fransız, alman, rus və s. dillərdə mətbuatın, kino və elektron jurnalistikanın elmi-nəzəri, praktik məsələlərinə aid yüzlərlə yeni söz, ifadə və termin yaranır. İzahlı lüğətlərin vəzifəsi məhz bu terminlərin mənasını aydınlaşdırmaq və onların müxtəlif cür yozulmasının qarşısını almaq, yaxud bu meyli minimuma endirməkdir.
Kino, teleradio istehsalı və yayım texnologiyasının inkişafı ilə bağlı xarici dillərdə yaranan saysız-hesabsız terminlər sürətlə Azərbaycan dilinin də lüğət fonduna daxil olur. Mütəxəssislər bu terminlərin mümkün, uyğun qarşılığını tapmağa və onu praktikada işlətməyə çalışırlar. Lakin bu terminlərin əksəriyyətinin uzun müddət rus dilində, indi isə ingiliscə işlədilməsi səbəbindən mövcud sahənin həm elmi-nəzəri, həm praktik sahəsində, həm də tədris prosesində çoxsaylı çətinliklər yaratması faktdır. Sizə təqdim olunan bu izahlı lüğət, məhz həmin çətinlikləri qismən aradan qaldırmaq, teleradio və kino sənətinin terminologiyasını yığcam əks etdirmək və ona müəyyən dərəcədə aydınlıq gətirmək zərurətindən yaranmışdır.
Nəzərə almaq lazımdır ki, ekran-efir sintetik sənət sahəsinə aid olduğu üçün buraya teatr, ədəbiyyat, təsviri sənət, musiqi, hüquq, dilçilik, fəlsəfə, psixologiya, fizika, rabitə, informatika və s. sahələrdən çoxlu sayda termin keçmişdir. Son illərdə kino, radio və televiziya sənətində nəzərə çarpan dəyişikliklər bir tərəfdən yeni tendensiyalar yaratmış, digər tərəfdən isə bu sahəyə aid olan terminlərin məzmun tutumunu genişləndirmişdir. Məsələn, ilk vaxtlar "televiziya" dedikdə, yalnız təsvirin ötürülməsi üsul və vasitəsi başa düşülürdü, sonralar həmin vasitəyə xidmət edən qurumlar da "televiziya" adlandırıldı. Müəyyən vaxt keçdikdən sonra bu qurumun həmin vasitənin köməyi ilə yaydığı məhsulları da eyni sözlə (məs., televiziya verilişi, televiziya studiyası və s.) adlandırmağa başladılar. Bu sözləri eynilə "kütləvi kommunikasiya" termini haqqında da demək olar. Bu söz birləşməsinin işlədilməsi əleyhinə etirazların səbəbi həmin anlayışın tarixən təşəkkül tapmış çoxmənalılığı idi. Ənənəyə görə, həm sosial informasiyanın yayılması prosesini, həm də yayım kanallarının özünü kütləvi kommunikasiya adlandırırlar. Bundan başqa prosesin məzmunu da həmin anlayışla ifadə edilir. Terminlərin belə çoxmənalılığı və bunlara müvafiq olan anlayışların diffuzluğu getdikcə, sözün əsl mənasında, ciddi təhlükəyə çevrilir. Azərbaycanda yeni dil mühitinin təşəkkül tapıb formalaşmağa başladığı indiki vaxtda belə bir təhlükəni sovuşdurmaq, yaxud onu minimum həddə endirmək üçün lüğətdə bu sayaq terminlərin mənasının dəqiq izahına cəhd göstərilmişdir.
Müəllif lüğəti hazırlayarkən kino, radio və televiziya ilə bağlı terminləri diqqətlə toplamış, bu sahələrə aid elmi, monoqrafik, metodik ədəbiyyatlarda, ingilis və rusdilli məlumatlarda, sözlüklərdə, ixtisas jurnallarında, reklam materiallarında, servis sənədlərində rast gəlinən çoxlu sayda terminləri araşdırmış, onların dəqiq semantikasını öyrənmişdir.
Lüğətdə sırf kino, televiziya və radio terminləri ilə yanaşı, başqa elm və sənət sahələrinə (təsviri sənət, teatr, kulturologiya, musiqi, fizika, sosiologiya, dilçilik və s.) aid bəzi terminlər də öz əksini tapmışdır. Məsələn, lüğətdə verilmiş inkrutasiya, simmetriya, işıq-kölgə (təsviri sənət), unisson, oberton, ritm, populyar, vokal (musiqi), auditoriya, kommunikator, informasiya (sosiologiya), podium, avansəhnə, alqoritm (teatr), diksiya, nitq, mətn (dilçilik) və s. terminlər aid olduqları sahələrlə yanaşı, həm də artıq çoxdan kinonun, televiziya və radionun işlək anlayışlar fonduna keçmişdir. Lüğətə, həmçinin məişət və peşəkar televideo və radio cihazları ilə bağlı çoxlu sayda termin və onların izahı da daxil edilmişdir. Müəllif elm və texnikanın bu istiqamətdə istehsalata gətirdiyi mürəkkəblikləri, demək olar ki, hər gün dəyişən texnologiyanın yüksələn xətlə gedən inkişafını nəzərə alaraq yeni terminlərin izahına xüsusi diqqət yetirmiş, xüsusən kompüter qrafikası və rəqəmli texnologiya ilə bağlı terminlərə geniş yer vermişdir. Televiziyaya, kino və radioya həm öz ifadə vasitələri olan sənət, həm kütləvi informasiya vasitəsi, həm də texniki nailiyyətlər daşıyıcısı kimi baxan bu nəşr kino sənəti, teleradio, ümumilikdə KİV sahəsində çalışan yaradıcı və texniki işçilər, tərcüməçilər, teleradionun texniki sahələrini öyrənənlər, onun istehsalı və istismarı sahəsində çalışanlar, habelə geniş tamaşaçı və dinləyici kütləsi üçün faydalı ola bilər.
Şübhəsiz ki, Q.Məhərrəmlinin bütün sahə yeniliklərini (texnoloji, texniki, yaradıcılıq və s.) özündə əks etdirən bir strukturda – televiziyada uzun müddət səmərəli çalışması və nəzəri hazırlığı lüğət üçün material toplanması, müxtəlif terminlərin məna çalarlarının dönə-dönə araşdırılması, dəqiq variantın seçilməsi işinə müsbət təsirini göstərmişdir. Eləcə də bu nəşrin Bakı Dövlət Universitetinin "Televiziya və radio jurnalistikası" kafedrasında hazırlanması, burada çalışan bir çox tanınmış mütəxəssislərin tövsiyyələrinin nəzərə alınması da işə çox kömək etmişdir. Azərbaycan kinosunda, teleradio sistemində maraqlı proseslərin getdiyi, kino və teletənqidə ehtiyacın artdığı, texnoloji nailiyyətlərin audiovizual sahələrə geniş sirayət etdiyi, jurnalistlərin informasiya-kommunikativ fəaliyyətində terminlərin, söz formalarının əhəmiyyətli rol oynadığı bir vaxtda meydana çıxan bu lüğətin, həm də elmi-məlumat nəşri rolunu oynayacağı şəksizdir.
Əlbəttə, lüğət işi mürəkkəb yaradıcılıq prosesidir və daha çox kollektiv səy tələb edir. Buna görə də müəllif belə bir faydalı nəşrin ərsəyə gəlməsində ona yardımçı olmuş filologiya elmləri doktoru, professor Müseyib Məmmədova, filologiya elmləri doktoru, professor Aydın Ələkbərova, filologiya elmləri namizədi Ədilə Ağabəyliyə, BDU-nun "Televiziya və radio jurnalistikası" kafedrasının əməkdaşlarına, lüğətin hazırlanması prosesində faydalı məsləhətlərini vermiş kino və televiziya mütəxəssisləri Ayaz Salayev və Zeynal Məmmədliyə, kompüter texnologiyaları üzrə mütəxəssis Arzu Abdullayevə, eləcə də bu çətin işin ağırlığını əvvəldən axıradək çiyinlərində daşımış redaktor Firuzə Nadirə, həmçinin kompüter operatorları Nəzakət Zeynalova və Ruhiyyə Mustafayevaya öz minnətdarlığını bildirir.
Ölkəmizin nəşriyyat təcrübəsində ilk nümunə olduğu üçün biz lüğətdə bəzi qüsurların və mübahisə doğuracaq məqamların mövcudluğunu da istisna etmirik. Buna görə də lüğətlə bağlı təklif, mülahizə və iradlarını Milli Elmlər Akademiyası Terminologiya Komissiyasına, BDU-nun "Televiziya və radio jurnalistikası" kafedrasına və müəllifə bildirəcək mütəxəssislərə əvvəlcədən təşəkkür edirik.
Sayalı Sadıqova
filologiya elmləri doktoru,
AMEA Terminologiya Komis-
siyasının sədr müavini.
|