Maddə 28. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi[52]
I. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda yol hərəkətində olan nəqliyyat vasitəsi və onun sahibi haqqında məlumatları təsdiq edən vahid sənəddir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı— “AZ”, bu sənədi verən orqanın adı, onun verilmə tarixi və aşağıdakı məlumatlar göstərilir:
1) nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi — “A”;
2) nəqliyyat vasitəsinin buraxılış ili və ya ilk qeydiyyatının tarixi — “B”;
3) nəqliyyat vasitəsi sahibinin soyadı, adı, atasının adı və yaşayış yeri — “C”;
4) nəqliyyat vasitəsi istehsalçısının adı və ya markası — “D”;
5) nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, rəngi — “E”;
6) nəqliyyat vasitəsinin icazə verilmiş maksimum kütləsi (yalnız yük daşıyan nəqliyyat vasitəsi üçün) — “F”;
7) nəqliyyat vasitəsinin yüksüz kütləsi (yalnız yük daşıyan nəqliyyat vasitəsi üçün) — “G”;
8) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarlılıq müddəti (bu müddət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhdudlaşdırılırsa) — “H”.
II. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin adı Azərbaycan Respublikasının dövlət dilində və fransız dilində (“Certificat dimmatriculation”), bu maddənin birinci hissəsinin 1-ci—8-ci bəndlərində göstərilən məlumatların adı Azərbaycan və ingilis dillərində, başqa məlumatlar isə Azərbaycan dilində yazılırlar.
III. Nəqliyyat vasitəsi qeydiyyat üzrə uçota alındıqda, bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdədövlət rüsumu ödənilir.
IV. Nəqliyyat vasitəsi sahibinin soyadı, adı, atasının adı dəyişdirildikdə, ona verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi itdikdə və ya yararsız hala düşdükdə, bu maddəninüçüncü hissəsində nəzərdə tutulmuş qaydada onlara verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi dəyişdirilir. Qeydiyyat şəhadətnaməsinin dublikatını almaq üçün, onun sahibi vəya sərəncam vermək hüququ olan digər şəxs əvvəlki şəhadətnamənin itirilməsi barədə müvafiq icra hakimiyyəti orqanına müraciət edir.[53]
V. Bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki yazılarda dəqiqsizliyə yol verilmişdirsə, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi nəqliyyat vasitəsi sahibindən dövlət rüsumu alınmadan, müvafiq dövlət orqanının hesabına dəyişdirilir.
VI. Bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları nəqliyyat vasitələrinə verilmiş qeydiyyatşəhadətnamələrindəki məlumatların mərkəzləşdirilmiş uçotunun aparılmasını təmin edirlər.
Maddə 29. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı
I. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərində və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur.
II. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir.
II-I. Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının internet səhifəsində yerləşdirilir. Mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatların öyrənilməsinə və dövlət rüsumunun ödənilməsinə imkan verən istifadəsi sadə olan elektron avadanlıqlar həmin orqanın imtahan-qeydiyyat məntəqələrində və digər yerlərdə quraşdırılır, habelə hər kəsin yaxşı görə biləcəyi yerlərdə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğini əks etdirən lövhələr yerləşdirilir.[54]
III. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır. Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir.[55]
IV. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yararsız hala düşdükdə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinin həmin dövlət qeydiyyat nişanının yenisi ilə (rəqəmlərin və hərflərin kombinasiyası saxlanılmaqla) əvəz edilməsi barədə müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin dövlət qeydiyyat nişanının yenisi ilə əvəz edilməsi bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
V. Dövlət qeydiyyat nişanı itdikdə və ya oğurlandıqda, dövlət qeydiyyat nişanı itmiş və ya oğurlanmış nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinə yeni dövlət qeydiyyat nişanının alınması üçün bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət edir. İtmiş və ya oğurlanmış dövlət qeydiyyat nişanı tapıldıqda, həmin dövlət qeydiyyat nişanı ilk olaraq onun sonuncu sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə təklif edilir.
VI. Bu maddənin III, IV və V hissələrində nəzərdə tutulmuş hallarda dövlət qeydiyyat nişanının əvvəlki (sonuncu) sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə verilməsinə görə, həmin şəxs “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.6.2-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunu ödəməlidir.[56]
|