Maddə 10. Avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi[19]
I. Avtomobil yollarının saxlanılması və abadlaşdırılması yol hərəkəti iştirakçılarının tələbatlarının maksimum ödənilməsinə və yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına xidmət etməlidir. Bu məqsədilə:
1) avtomobil yolları yol hərəkətinin iştirakçıları üçün sərfəli və rahat şəraitdə saxlanılmalı, qorunmalı və daha da yaxşılaşdırılmalıdır. Yol hərəkətinin təhlükəsizliyi üçün qorxu törədənşərait yarandıqda, yol hərəkəti qadağan edilməli və ya məhdudlaşdırılmalıdır, təhlükəsiz hərəkət şəraitinin bərpası üçün təxirəsalınmaz tədbirlər görülməlidir;[20]
2) avtomobil yollarında nişanlama xətləri çəkilməli, yol nişanları və göstəriciləri (o cümlədən təhlükəli və çətin keçilən sahələri əks etdirən marşrut xəritələri və sxemləri), svetoforlar və yol hərəkəti təşkilinin digər texniki nizamlama vasitələri quraşdırılmalıdır;
3) avtomobil yolunun yaxınlığında xəstəxananın olması, onun istiqaməti, yerləşdiyi məsafə, xəstəxananın telefon nömrəsi barədə məlumat verən müvafiq yol nişanları quraşdırılmalı, yolların yaxınlığında tibb müəssisələrinin yerləşməsi “Tibbi yardım məntəqəsi” yol nişanı ilə bildirilməlidir;
4) texniki qurğuların quraşdırılması, kommunikasiyaların çəkilməsi, mühafizə işlərinin görülməsi, xidmət obyektlərinin tikilməsi və avadanlıqlarının qurulması təmin edilməlidir;
5) avtomobil yollarında yol şəraiti və hərəkət rejimi haqqında yol hərəkəti iştirakçılarına vaxtında məlumat verilməli, yol şəraitinin xeyli pisləşməsi zamanı (qar yığınları, yolun buz bağlaması) isə, bu məqsədlə radio və televiziya vasitələrindən istifadə olunmalı, əlverişsiz hava şəraitində yol hərəkəti iştirakçılarının təhlükəli yol sahələrini qəzasız keçmələri təmin edilməlidir;
6) avtomobil yollarında işlərin görüldüyü, yol tikintisində istifadə olunan mexaniki nəqliyyat vasitələrinin, tikinti materiallarının və s. qoyulduğu yerlər, yol örtüyünün hərəkət üçün təhlükə törədə biləcək zədələri (kələ-kötür və çökək yerlər, çuxurlar və s.) qəza təhlükəli sahələr və yol-nəqliyyat hadisələrinin tez-tez baş verdiyi yerlər vaxtında aşkar edilməli vətəxirəsalınmadan aradan qaldırılmalıdır, bu mümkün olmadıqda isə müvafiq yol nişanları ilə, çəpərləyici və yönəldici vasitələrlə bu Qanunla nəzərdə tutulmuş xəbərdarlıq nişanları iləişarələnməlidir;
7) avtomobil yollarının hərəkət hissəsinin palçıqdan, su, qum və ya qar yığınından, buzdan və yaxud daş düşməsindən təcili olaraq təmizlənməsi üçün tədbirlər görülməlidir;
8) tırtıllı, uzun ölçülü, iri qabaritli, təhlükəli və yükdaşıyan digər ağır çəkili nəqliyyat vasitələrinin avtomobil yollarının üst örtüyünü, yol qurğularını, dəmir yolunu və ya dəmiryol keçidinin avadanlığını zədələyə biləcəyi hallarda, onların hərəkəti qadağan olunmalı və ya yolun təhlükəli olan sahələrini qəzasız keçmələri təmin edilməli, xüsusilə təhlükəli hallarda isə, başqa yol hərəkəti iştirakçılarının hərəkəti məhdudlaşdırılmalıdır;
9) şəhərlərarası avtomobil yollarında təcili yardım çağırış sistemləri qurulmalıdır, nəqliyyat vasitələrinin dayanacaqları, duracaqları, təşkil edilməli və yol hərəkəti iştirakçılarının ilk tibbi yardım almaq, dincəlmək, qidalanmaq, insanın adi həyati və məişət ehtiyaclarının ödənilməsinin təmini məqsədi ilə müvafiq yerlər düzəldilməlidir;
10) avtomobil yollarından yol nişanlarının, svetoforların, hərəkətin təşkilinin digər texniki vasitələrinin çıxarılmasına, görünüşünün müxtəlif maneələrlə məhdudlaşdırılmasına, zədələnməsinə, özbaşına qurulmasına, görmə şəraitini pisləşdirən reklam lövhələrinin və transparantların qurulmasına yol verilməməlidir.
II. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün avtomobil yollarının bu maddənin birinci hissəsinin tələblərinə uyğun olaraq saxlanılmamasına, qorunmamasına vəabadlaşdırılmamasına, habelə avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə:[21]
1) dövlət əhəmiyyətli avtomobil yolları üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;
2) yerli əhəmiyyətli avtomobil yolları, küçələr və meydanlar üzrə müvafiq icra hakimiyyəti orqanları;
3) özəl avtomobil yolları üzrə bu yolların sahibləri;
4) dəmiryol keçidləri üzrə dəmiryol təşkilatları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
III. Bu maddənin birinci hissəsində göstərilmiş tələblərin hüquqi və ya fiziki şəxslər tərəfindən yerinə yetirməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanıtərəfindən həyata keçirilir.
IV. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və həddə bu maddənin birinci hissəsindəgöstərilmiş tələbləri pozan hüquqi və ya fiziki şəxsləri məsuliyyətə cəlb və tənbeh etmək ixtiyarı vardır.
V. Bu maddənin ikinci hissəsində göstərilmiş hüquqi və fiziki şəxslər avtomobil yollarının lazımi vəziyyətdə saxlanılmaması, qorunmaması, onların abadlaşdırılmaması və ya avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmaması nəticəsində baş vermiş yol-nəqliyyat hadisələri zamanı yol hərəkəti iştirakçılarına dəymiş maddi zərəri ödəməyə borcludurlar.[22]
Maddə 11. Avtomobil yollarından istifadə olunması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi
I. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər bu maddənin tələblərinə riayət etməklə avtomobil yollarından istifadə edə bilərlər. Avtomobil yollarında yalnız dövlət qeydiyyatından keçmiş, texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələrinin hərəkətinə yol verilir.
II. Nəqliyyat vasitələri yol hərəkəti qaydalarına uyğun olaraq, ancaq yolun hərəkət hissəsində hərəkət edə bilərlər. Nəqliyyat vasitəsinin yol çiyini ilə hərəkətinə yalnız dar yollarda başqa nəqliyyat vasitəsi ilə toqquşmamaq, habelə qısamüddətə dayanmaq üçün icazə verilir.
III. Nasaz nəqliyyat vasitələrinin, yüklərin, materialların sahibləri onları ümumi istifadədə olan yolun təhkim zolağı //çıxarılıb// hüdudlarından kənara çıxarmadıqda, avtomobil yollarına xidmət edən yol təsərrüfatı müəssisələri özləri bu nəqliyyat vasitələrini, yükləri, materialları təhkim zolağının hüdudlarından kənara çıxarmaq hüququna malikdirlər. Bu zaman avtomobil yollarına xidmət edən yol təsərrüfatı müəssisələri nəqliyyat vasitələrinin, yüklərin və materialların salamatlığı üçün məsuliyyət daşımırlar.[23]
IV. Avtomobil yollarında və təhkim zolağında aşağıdakılar qadağandır:
1) örtüyü təkmilləşdirilmiş yollarda tırtıllı, yaxud metal tikanlı şinləri olan nəqliyyat vasitələrinin hərəkəti (dolayı yollar olmadıqda, onların körpülərdən, bəndlərdən, bataqlıq yerlərdən keçən yol sahələrindən hərəkəti, yol örtüklərinin zədələnməməsi şərti ilə, yollara xidmət edən yol təsərrüfatı müəssisələrinin yazılı icazəsi ilə həyata keçirilə bilər);
2) yolların və ya yol qurğularının kənar predmetlərlə zibillənməsi, yaxud tutulması, yolda kənd təsərrüfatı məhsullarının qurudulması, zibil və qar yığınlarının yaradılması;
3) yolların hərəkət hissəsində yanacaq-sürtkü materiallarının, kimyəvi maddələrin, bitumun axmasının mümkünlüyü ilə bağlı işlərin görülməsi, habelə yük vurulub-boşaldılması;
4) yollardan qum və çınqıl çıxarılması;
5) xüsusi olaraq buna uyğunlaşdırılmamış körpülərin altından taxta-şalban axıdılması;
6) mal-qaranın otarılması, habelə onların yolun müəyyən edilməmiş və uyğunlaşdırılmamış yerlərindən keçirilməsi;
7) üzən nəqliyyat vasitələrinin körpü dayaqlarına yan alması, körpülərin altında qayıq stansiyalarının, digər qurğuların yerləşdirilməsi;
8) torpaqların şumlanması, yaşıllığın qırılması;
9) kütləvi istirahət yerlərinin təşkil edilməsi;
10) kanalizasiya, sənaye və çirkli suların axıtması;
11) yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada qablaşdırılmadan aparılması;
12) müəyyənləşdirilməmiş yerlərdə yola girmə və yoldan çıxma.
V. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan avtomobil yollarında və nəzarət edilən zonalarda aşağıdakılar qadağandır:
1) yolun hərəkət hissəsində və ya səkilərdə materialların yığılması və predmetlərin saxlanılması (səkilərdə materialların və ya predmetlərin saxlanılması nəticəsində yaranmışməhdudiyyətlərin piyadaların gediş-gəlişi üçün yolun hərəkət hissəsindən istifadə etməsinə səbəb olmadığı hallar istisna olmaqla);
2) geoloji, axtarış, tikinti, meliorasiya işlərinin aparılması, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsi;
3) daimi və müvəqqəti giriş-çıxış yerlərinin, başqa yollarla birləşmələrin və kəsişmələrin yaradılması;
4) yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsi;
5) təhkim zolağında hərəkət təhlükəsizliyinə aid olmayan nişanların və göstəricilərin, reklam lövhələrinin və transparantların qurulması;
6) dəmiryol keçidlərinin, bəndlərin, şlüzlərin, nohurların, digər meliorasiya və hidrotexniki qurğuların tikintisi, yenidən qurulması, təmiri və ləğvi, çayların və kanalların yatağının dərinləşdirilməsi;
7) bərk örtüklü yollarda avtomobillərin, traktorların, digər özügedən və qoşqulu nəqliyyat vasitələrinin zavod sınaqlarının keçirilməsi;
8) təhkim zolağında nəqliyyat vasitələrinin durması və yuyulması üçün meydançaların, xidmət obyektlərinin, köşklərin, pavilyonların, digər qurğuların yerləşdirilməsi və ticarət aparılması;
9) yarışların, məşqlərin və digər idman tədbirlərinin keçirilməsi (krosslar, avtomotoyarışlar, digər kütləvi tədbirlər).
VI. Tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çəkili və ya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti bu Qanunun 10-cu maddəsinin ikinci hissəsindəgöstərilən hüquqi və ya fiziki şəxslər ilə razılaşdırılmalıdır. Tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çəkili və ya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin avtomobil yollarından istifadəqaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çəkili və ya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəydikdə, onların sahibləri bu zərəri ödəməyə borcludurlar.
VII. Bu maddədə sadalanan qadağanlar və məhdudiyyətlər bu Qanunun 10-cu maddəsinin ikinci hissəsində göstərilmiş hüquqi və ya fiziki şəxslər tərəfindən avtomobil yollarının saxlanılması, abadlaşdırılması və avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılması üçün görülən işlərə şamil edilmir.
VIII. Avtomobil yollarından istifadə olunması zamanı yol hərəkəti təhlükəsizliyinin bu maddədə göstərilmiş tələblərini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi iləmüəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
|