Maddə 5. Yol hərəkəti sahəsində hüquqi şəxslərin vəzifələri
I. Yol hərəkəti sahəsində mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin aşağıdakı vəzifələri vardır:
1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi və yol hərəkəti qaydalarının tələblərinə riayət etmək;
2) yol hərəkəti qanunvericiliyinin tələblərinə əməl olunması üzrə əmək kollektivlərində profilaktik iş aparmaq;
3) həmkarlar ittifaqı təşkilatları ilə razılaşdırmaqla sürücülərin sağlamlıq vəziyyətinə, sürücülər tərəfindən əmək və istirahət rejiminə əməl olunmasına nəzarət etmək;
4) daşıma fəaliyyəti ilə məşğul olduqda daşımaların xüsusiyyətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, yol hərəkəti sahəsindəqüvvədə olan qaydalar, normativlər və standartlar əsasında xüsusi qaydalar qəbul etmək;
5) yol-nəqliyyat hadisələrinin profilaktikası ilə bağlı tədbirlərin təşkili və maliyyələşdirilməsi, nəqliyyatın fövqəladə hallarda istismarı məsələlərini həll etmək;
6) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək.
II. Hüquqi şəxslərin sürücüləri yol hərəkətinin təhlükəsizliyi tələblərini pozmağa hər hansı fomada sövq etməsi qadağandır.
Maddə 6. Yol hərəkəti sahəsində fiziki şəxslərin hüquq və vəzifələri
I. Yol hərəkəti sahəsində fiziki şəxslərin aşağıdakı hüquqları vardır:
1) müəyyən edilmiş qaydalara müvafiq olaraq avtomobil yollarında sərbəst və maneəsiz hərəkət etmək, müvafiq icra hakimiyyəti orqanlarından yol hərəkəti şəraiti haqqında məlumat almaq;
2) avtomobil yollarında hərəkətin məhdudlaşdırılmasının və ya qadağan edilməsinin səbəbləri barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarından məlumat almaq;
3) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məmulatların və xidmətlərin keyfiyyəti haqqında məlumat almaq;
4) yol-nəqliyyat hadisələri zamanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada pulsuz tibbi yardım və digər təcili kömək almaq;
5) yolların hərəkət təhlükəsizliyi tələblərinə uyğunsuzluğu nəticəsində baş vermiş yol-nəqliyyat hadisələri zamanı səhhətinə, eləcə də nəqliyyat vasitəsinə dəymiş zərərin ödənilməsini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada tələb etmək;
6) yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin hərəkətlərindən məhkəməyə şikayət etmək;
6-1) barələrində yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən inzibati tənbeh haqqında qərarlarla və onların nəticələri (cərimələr və onların ödənilməsi, balların sayı və ya silinməsi) ilə bağlı rəsmi internet informasiya ehtiyatlarından məlumat almaq;[14]
7) bu Qanunla müəyyən olunmuş digər hüquqlardan istifadə etmək.
II. Yol hərəkəti sahəsində fiziki şəxslərin aşağıdakı vəzifələri vardır:
1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək;
2) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində iştirak etmək və bunun üçün keçirilən tədbirlərdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına köməklik göstərmək;
3) onlara məxsus olan nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması və istismarı üçün tədbirlər görmək;
4) yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı və ətraf mühitin nəqliyyatın zərərli təsirindən qorunması üçün tədbirləri həyata keçirmək;
5) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək.
İkinci fəsil
Yol hərəkətİ təhlükəsİzlİyİnİn təmİn edİlməsİ
Maddə 7. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin başlıca prinsipləri və əsas istiqamətləri
I. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin başlıca prinsipləri aşağıdakılardır:
1) yol hərəkətində iştirak edən insanların həyatının və sağlamlığının təsərrüfat fəaliyyətinin iqtisadi nəticələrindən üstünlüyü;
2) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə görə dövlətin məsuliyyətinin yol hərəkətində iştirak edən insanların məsuliyyətindən üstünlüyü;
3) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi zamanı insanların, cəmiyyətin və dövlətin mənafelərinə əməl olunması;
4) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyətə məqsədyönlü və kompleks yanaşma.
II. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirilir:
1) yol hərəkətinin təşkilində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi;
2) yol hərəkəti təhlükəsizliyi sahəsində Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinin və məsuliyyətlərinin müəyyən edilməsi;
3) yol hərəkəti təhlükəsizliyinə dair qaydaların, standartların, texniki normaların və digər normativ sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada işlənib hazırlanması və onların təsdiq edilməsi;
4) avtomobil yollarında yol hərəkəti üçün sərfəli və rahat şəraitin yaradılması;
5) avtomobil, şəhər yerüstü elektrik nəqliyyatının və yol təsərrüfatı fəaliyyətinin nizama salınması;
6) nəqliyyat vasitələrinin yol hərəkətinə buraxılması;
7) yol hərəkətinin nizama salınması;
8) nəqliyyat vasitələri sürücülərinin hazırlanmasının və ixtisasının artırılmasının təşkili;
9) yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi;
10) yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi;
11) ətraf mühitin mühafizəsi;
12) yol hərəkəti təhlükəsizliyi tədbirlərinin maddi və maliyyə təminatı;
13) yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların nəticələrinin ağırlığını azaltmaq məqsədilə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyətininəlaqələndirilməsi;
14) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin və müvafiq qaydaların, standartların, texniki normaların və digər normativ sənədlərin tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətinin həyata keçirilməsi.
|