Maddə 17. Nəqliyyat vasitələri sürücülərinin sağlamlığının qorunması və onlar üçün lazımi əmək şəraitinin yaradılması
I. Nəqliyyat vasitəsinin sürücüsünü işə götürmüş hər hansı fiziki və ya mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxs:
1) yol-nəqliyyat hadisələrindən sürücünün sığortalanmasını təşkil etməlidir; [27]
2) sürücülərin işini Azərbaycan Respublikasının qanunvericiliyinə, əmək və istirahət rejiminə uyğun olaraq təşkil etməlidir;
3) sürücülərin əmək gərginliyinin və yorğunluğunun səviyyəsini azaltmağa yönəldilmiş lazımi tədbirlər görməlidir.
II. Sürücülərinin sayı 100 nəfər və daha çox olan nəqliyyat vasitələrinin sahibləri ixtisaslaşdırılmış tibbi idarə və sağlamlaşdırma məntəqələri, tibbi-sanitariya hissələri, poliklinika bölmələri və səhiyyə müəssisələri yaradırlar. Sürücülərinin sayı 100-dən az olan nəqliyyat vasitələrinin sahibləri isə, onlara tibbi xidmət göstərilməsi üçün ərazi tibb müəssisələri ilə müqavilələr bağlayırlar.
Maddə 18. Yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi
I. Yollarda təhlükəsiz davranma qaydaları vətəndaşlara məktəbəqədər, ümumtəhsil və xüsusi təhsil müəssisələrində, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada razılıq almış digər müəssisələrdə öyrədilir.
II. Yollarda təhlükəsiz davranma qaydaları vətəndaşlara Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanmış və təsdiq edilmiş nümunəvi proqramlar vəmetodik tövsiyyələr əsasında öyrədilir.
III. Yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi barədə müddəa müvafiq dövlət təhsil standartlarına daxil edilir.
IV. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müəssisələr tərəfindən, yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi işinə köməklik göstərməlidirlər.
V. Yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi üçün kütləvi informasiya vasitələrindən də istifadə oluna bilər.
Maddə 19. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı
I. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı sürücülüyə namizədlərin və nəqliyyat vasitələri sürücülərinin məcburi qaydada tibbi müayinədən və təkrar müayinədən keçməsindən, nəqliyyat vasitələri sürücülərinin reys qabağı, reysdən sonra cari tibbi müayinədən keçməsindən, yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərə tibbi yardım göstərilməsindən, yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərə, ixtisaslı həkim köməyinədək ilk tibbi yardım göstərilməsi üsullarının yol hərəkəti iştirakçılarına, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və ixtisaslaşdırılmış bölmələrin vəzifəli şəxslərinə, habelə əhaliyə öyrədilməsindən ibarətdir.
II. Məcburi tibbi müayinənin və təkrar müayinənin məqsədi sürücülüyə namizədlərin və nəqliyyat vasitələri sürücülərinin sağlamlığının sürücülük fəaliyyətinə zidd göstəricilərinin və ya digər məhdudiyyətlərin müəyyən edilməsindən ibarətdir.
III. Yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərə göstərilən tibbi yardım aşağıdakılardan ibarətdir:
1) yol-nəqliyyat hadisələrinin baş verdiyi yerdə ilk tibbi yardımın göstərilməsindən;
2) yol-nəqliyyat hadisələrinin baş verdiyi yerdə, tibb müəssisəsinə gedərkən və tibb müəssisəsində tibbi yardımın göstərilməsindən.
IV. Məcburi tibbi müayinənin dövriliyi, onun keçirilməsi qaydası, Azərbaycan Respublikası vətəndaşları tərəfindən nəqliyyat vasitələrinin idarə olunmasını qeyri-mümkün edən tibbi göstəricilərin siyahısı, habelə yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərə tibbi yardımın təşkili qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 20. Yol-nəqliyyat hadisələrində zərər çəkənlərə tibbi yardım göstərilməsinin təşkili
I. Azərbaycan Respublikasının səhiyyə müəssisələri yol-nəqliyyat hadisələri nəticəsində zərər çəkənlərə yardım göstərilməsini təmin edir, nəqliyyat vasitəsini idarə edən şəxslərin alkoqoldan, narkotik vasitələr, psixotrop maddələrdən //çıxarılıb// və güclü təsir göstərən digər maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə olub-olmadıqlarını müəyyən edir, onların uçotunu aparır, nəqliyyat vasitələrini idarə etməyə yararlılıq haqqında arayış verirlər. [28]
II. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları mütəxəssislərlə, şöbə və palatalarla təchiz olunmuş, müayinə və müalicə etmək imkanına, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının stasionar postları ilə rabitə əlaqəsinə malik olan müalicəxanaları yolların konkret sahələrinə təhkim edirlər. Bu müalicəxanalar yol-nəqliyyat hadisəsi yerinədərhal getmək və zərər çəkənlərə zəruri tibbi yardım göstərmək üçün lazımi tədbirlər görməlidirlər.
III. Yolların yaxınlığında olan tibb müəssisələri (xəstəxanalar və müalicə-profilaktika müəssisələri) rabitə vasitələri ilə təchiz edilməli və tibbi yardım çağırışlarına cavab verməlidirlər. Yollara təhkim edilmiş xəstəxanalar və təcili yardım stansiyaları da müvafiq rabitə cihazları ilə təmin olunur. Məlumatı qəbul etməməyə, eləcə də yol-nəqliyyat hadisəsi yerinə vaxtında getməməyə və ya ixtisaslı tibbi yardım göstərməməyə görə, tibbi heyətin məsul şəxsləri Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
IV. Sürücülər idarə etdikləri nəqliyyat vasitələrində xüsusi dərman qutularının olmasını, onların komplektləşdirilməsini təmin etməlidirlər.
Maddə 21. Ətraf mühitin mühafizəsi
I. Mexaniki nəqliyyat vasitələrini layihələşdirən, istehsal və istismar edən fiziki və hüquqi şəxslər göstərilən nəqliyyat vasitələrinin ətraf mühitə çirkləndirici maddələr buraxmasının, eləcədə səs-küyün və vibrasiyanın qarşısını almaq və onları azaltmaq üçün tədbirlər görməlidirlər. Tullantılarında müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin istehsalı, idxalı və istismarı qadağandır.
II. Bütün hüquqi və fiziki şəxslər müvafiq nəqliyyat tipinin ətraf mühitə tullantılarında çirkləndirici maddələrin yol verilən hədlərini və fiziki təsir göstərilməsinin yol verilən səviyyələrini müəyyən edən normativlərə əməl edilməməsi üçün məsuliyyət daşıyırlar.
|