İŞARƏVERİCİLƏRİN QURULUŞU.
Dəmiryol nəqliyyatında siqnal cuhazlarının əsasını işarəvericilər təşkil edir. İşarəverici optik cihaz olub, günün bütün saatlarında bir və ya bir neçə rəngdə işıqla işarə verir. İşarəvericilər linzalı və projektorlu olurlar. Linzalı işarəvericilərin aşağıdakı formaları mövcuddur: metal və ya dəmir-beton dirəyin üzərində bərkidilmiş linza kompleksli maçtalı (şəkil 2a); qatarın hərəkəti istiqamətində və ya yolun oxunun üzərində konsol (körpü) üzərində başlığı yolun üstündən asılmış konsollu və ya körpülü (şəkil 2b); başlığı maçtasız bir-başa bünövrəyə bərkidilən, kiçik məsafələrdən aydın görünən cırtdan tipli (şəkıl 2v).
Elektrikləşdirilmiş yollarda kontakt şəbəkəsinin varlığında işarəvericilərin yaxşı görünməsi üçün, həmçinin yolun qabaritinin məhdudluğu şəraitində konsol tipli işarəvericilərdən istifadə olunur.
Cırtdan işarəvericilər yollararası sahələrdə, yan yoldan çıxmaq və manevr etmək məqsədi ilə istifadə olunur.
Linzalı işarəvericilər 15, 25 və 35 Vt gücündə və 12 V gərginlikli olub, hər rəng üçün ayrıca linza komplektinə malikdir (şəkıl 3). Linza komplektləri işarəvericilərdə elə yerləşdirilirlər ki, onlar bir-birləri ilə əlaqəli olmasın. Bunun üçün onlar bir-birlərindən lövhələrlə ayrılırlar. Nəticədə işıqlanmaların rəngi bir-birlərinə mane olmur.
Başlıqda olan fon lövhəcikləri işarələrin görünmə effektliyini artırır, çirklənmələrdən, qardan, günəş şüalarından və lokomotivin projektor işığından qoruyur. Linza tipli işarəvericilərin kompleksinə yolun döngəli hissəsi üçün səpələndirici şüşə linzalar daxildir. Bu linza şüanı horizontal müstəvidə 10 və ya 20 dərəcə yolun əyilən tərəfinə yönəldir. Nəticədə tormozlama məsafəsindən işarəvericinin siqnalı aydın görünür.
Projektorlu işarəverici maçta dirəyindən, işarəvericinin başlığından və dairəvi fon lövhəsindən ibarətdir.
Üç müxtəlif rəngli siqnal almaq üçün başlıqda üç rəngli şüşədən ibarət işıq süzgəci qoyulur. Həmin şüşələr projektor relesinin köməyi ilə hərəkət etdirilir. Onların hərəkət istiqaməti relenin sarğısından axan cərəyanın polyarlığından asılıdır.
Projektor tipli işarəvericilər linzalılara nisbətən daha az elektrik enerjisi sərf etsələr də onlar istismarda daha az etibarlıdır.
|