MƏNZİLLƏRDƏ İMB QURĞULARI.
Qatarların hərəkətinin interval tənzimləməsində işarəvermə, mərkəzləşmə və bloklama –İMB və rabitə qurğularından istifadə olunur. Bu avtomatika və telemexanika sistemləri eyni zamanda dəmir yolunda hərəkət təhlükəsizliyi və qatarburaxma qabiliyyətini təmin edir.
İlk vaxtlar dəmir yolunda qatarların hərəkəti aşağıdakı prinsip üzrə hərəkət edirdi: eyni istiqamətə bir qatar növbəti qatardan müəyyən vaxt intervalından sonra buraxılırdı. Stansiyalar arasında qatarların yola salınması və qəbulu haqqında məlumatın ötürülməsi üçün heç bir rabitə vasitəsi yox idi. Bu üsulla qatarın yol boyu dayanması növbəti qatar üçün toqquşma təhlükəsi yaradırdı. Hərəkət ölçülərinin artması ilə əlaqədar olaraq mənzildə bir qatarın olması prinsipi qəbul olundu. Beləliklə, verilən mənzilin məhdudlaşması, qatarın qəbulu və yola salınması haqqında məlumatın ötürülməsi və qatarların növbəli buraxılması məqsədilə stansiyalar arası rabitənin tətbiq olunmasının vacibliyi müəyyən olundu. Müasir dövrdə qatarların hərəkətinin interval tənzimləməsinə avtomatik bloklama, avtomatik lokomotiv işarəverməsi, qatarların hərəkətinin dispetçer nəzarəti qurğusu, keçidin və çəpərin avtomatik işarəverməsi və həmçinin yarımavtomat bloklama sistemləri daxildir. Dəmir yolunda avtomatik bloklamadan istifadə olunanhallarda, mənzillər xüsusi sahələrə bölünür və hər bir sahədə bir qatarın ola bilməsi əsas götürülür. Bununla da nəticədə yüksək qatarburaxma qabiliyyətinə nail olunur. Yolda qatar varsa işarəverici siqnal bağlı vəziyyətdə qalır, nəticədə hərəkətin təhlükəsizliyi tam təmin olunur. Yol bloklama avadanlıqları olan dəmir yolu stansiyalarında çıxış svetoforları quraşdırılır və maşinistin heç bir xüsusi icazəsi olmadan qatar sərbəst halda açıq göstəricisi üzrə yola salınır. Buna uyğun olaraq qatarların boş dayanması azalır, hərəkət təhlükəsizliyi yüksəlir və sahənin qatarburaxma qabiliyyəti artır.
Avtomat bloklama qatarların mənzillər üzrə hərəkətində ən müasir tənzimləmə vasitəsi hesab olunur. Avtomat bloklamada qatar blok sahəyə daxil olarkən svetoforlar avtomatik bağlanır. Avtomat bloklamada hərəkət təhlükəsizliyini artırmaq üçün avtomat lokomotiv işarəverməsindən və avtostoplardan istifadə olunur. Bir çox sahələrdə avtomat lokomotiv işarəverməsindən qatarların hərəkətinin sərbəst rabitə və işarəvermə vasitəsi kimi istifadə olunur. Bu halda lokomotiv svetoforları qarşıdakı blok sahənin boş və ya dolu olmasını göstərməlidir. Qatarların hərəkət sürətinin artması ilə əlaqədar olaraq, yol svetoforlarının göstəricisi çətinlik törətdikdə avtomat lokomotiv işarəvermə qurğuları qatarların hərəkətinin tənzimlənməsində əsas götürülür.
Texniki İstismar Qaydalarına əsasən az əhəmiyyətli dəmir yollarında rabitə vasitəsi kimi elektrik jezla sistemi və telefon əlaqəsindən istifadə olunur.
|