RELS DÖVRƏLƏRİNİN İŞ PRİNSİPİ VƏ ONLARIN TƏYİNATI
Rels dövrələri dəmiryol avtomatika və telemexanikasının əsas elementidir. Onlar qatarların hərəkətini və onların idarə olunmasında iştirak edən elementlərin, yol çərçivələrinin və svetoforların işinin idarə edir və müəyyən dərəcədə qatarların təhlükəsizliyini qoruyur, onların etibarlığını müəyyənləşdirir və təyin edir. Rels dövrəsi qida və rels sonluğundan ibarət elektrik dövrəsidir. Bu dövrəni elektrik cərəyanı ötürən naqillər və dəmir yolunun rels xətləri təşkil edir.
Sadə rels dövrəsinin elektrik sxemi şəkil 6 – da verilmişdir. Rels dövrəsi iki rels sapından – rels xəttindən, calaq birləşdiricilərindən – 10, qarışıq rels dövrələrini bir-birindən ayıran izoləedici qovşuqlardan – 9, qida sonluğu aparatlarından tənzimləyici rezistor – 5, rele şkafından – 4;15, akkumulyator – 3 və düzləndirici – 1 idarə qurğusundan, batareya şkafından – 2, rele sonluğu aparatlarına daxil olan yol relesindən – 16 ibarət olur.
Dartı cərəyanının tipindən və rels bəndlərini bir-birinə birləşdirən calaqların növündən asılı olaraq rels dövrələri bir-birindən fərqlənirlər. Məsələn, avtonom dartılı sahədə polad ştepsel və qaynaq tipli elektrikləşdirilmiş sahələrdə isə - mis qaynaq tipli calaq birləşdiricilərindən istifadə olunur. Rels xətləri bir-birindən ağac və ya dəmir-beton şpallar vasitəsilə izolyasiya olunurlar.
Qonşu rels dövrələri bir-birindən izolyasiya edici calaqlar (9) vasitəsilə izolyasiya olunurlar, yəni elektrik cəhətdən ayrılırlar. İzoləedici qovşuqlar etibarlı elektrik izolyasiyasına və yolun üst qatında yüksək mexaniki davamlığa malik olmalıdır. Bu səbəbdən də onların yüksək mexaniki davamlığı və nəmlik şəraitində isə yararlığını lazımi qədər saxlaya bilən izoləedici materiallardan hazırlayırlar. Drossel transformator dartı cərəyanının (Jd) izolyasiyaedici calaqlardan ötürülərək rels xətləri boyunca onun axmasını təmin edir.
Drossel transformator əsas və əlavə dolaqlardan ibarətdir. Əsas dolağın üç çıxıntısı vardır, bunlardan ikisi kənar çıxıntılı rels saplarına, orta çıxıntı isə qonşu rels dövrəsinin cihazlarına qoşulur.Rele sonluğunda işarə verici cərəyan rels xəttindən (sabit və dəyişən) yol relesi qəbul edir. Yol relesi rels dövrəsinin vəziyyətini, yəni qarşıdakı blok sahələrdə hərəkət vasitələrinin olub-olmamasını və relslərin vəziyyətinin sazlığını qeyd edir. Qeyd olunan məlumat digər avtomatika və telemexanika qurğularına ötürülür.
Yol relesi ilə rels xətti arasında rels dövrəsinin növündən asılı olaraq aşağıdakı cihazlar qoşula bilir; izoləedici və ya yüksəldici transformatorlar, mühafizə süzgəci və s.
Qida və rele sonluğu cihazları rels xəttinə kabel dayağı - 7 vasitəsilə,kabel – 13 və troslara qoşulur. Bu cihazlar rele şkafında və ya mərkəzləşmiş elektrik sistemlərində yerləşdirilir.
Deməli, stansiyalar arası sahələrdə və stansiyalarda qurulmuş rels dövrəsi, blok sahələrinin boş olub-olmamasına, rels xətlərinin elektrik bütövlüyünə, eləcə də yolçeviricilərinin hərəkət vasitəsi olan halda özü-özünə vəziyyətinin dəyişməsinin baş verməsi üçündür.
İstismar şəraitindən asılı olaraq, qatarların təhlükəsiz hərəkətini təmin etmək üçün çoxlu sayda müxtəlif rels dövrələri mövcuddur. Bütün bu rels dövrələri özünün fəaliyyət prinsipinə, qida cərəyanının növünə, relslərə işarəvermə cərəyanın ötürülmə üsuluna, əks dartı cərəyanının buraxılmasına lokomotivdə avtomatik işarəvermə sistemi qurğularının işinin qurulmasına və eləcə də tətbiq sahələrinə görə təsnifatlaşdırılır. Bunları qısa nəzərdən keçirək.
Fəaliyyət prinsipinə görə rels dövrələri normal açıq və normal bağlı olur. Normal vəziyyət dedikdə, rels dövrəsində hərəkət vasitəsinin olmadığı hal nəzərdə tutulur. Qida cərəyanının növünə görə rels dövrələri sabit və dəyişən cərəyan rels dövrələrinə ayırırlar. Sabit cərəyan rels dövrələri ancaq avtonom dartılı sahələrdə istifadə olunur. Dəyişən cərəyan rels dövrələri isə daha geniş yayılmışdır. Onlardan elektrikləşdirilmiş və avtonom dartılı sahələrdə istifadə olunur. Bu rels dövrələri öz aralarında relslərə ötürülən işarəvermə cərəyanının tezliyinə görə də müxtəlif olur (25 və 50 Hs).
Relslərə işarəvermə cərəyanının verilmə üsuluna görə rels dövrələri fasiləsiz impulsa və kodla qidalanan rels dövrələrinə bölünürlər. Budaqlanmış rels dövrəsi yol çeviriciləri olan sahələrə tətbiq olunur. Belə rels dövrəsi bir neçə yol qəbuledicisinə malik olur. Bunlardan hər biri öz ayırıcısının boş və saz olmasına nəzarət edir.
Rels dövrələri, avtomatika və telemexanika sistemlərinin etibarlı fəaliyyət göstərməsini və qatarların təhlükəsiz hərəkətini təmin etdiyindən, onların iş fəaliyyətində bir sıra tələblər təmin olunmuşdur. Rels dövrəsinə hərəkət vasitəsi olmadıqda yol relesi rels dövrəsinin bu vəziyyətini yüksək etibarlıqla qeyd etməlidir. Əgər rels dövrəsində hərəkət vasitəsinin heç olmazsa, bir cüt təkəri olarsa və ya relsdə qırılma baş verərsə, onda yol relesinin lövbəri düşməli və yolun boş olmadığı qeyd olunmalıdır.
Bu təlabatların ödənilməsi üçün rels dövrələri əsas üç rejimdə işləməlidir: normal, şuntlanma və nəzarət. Yuxarıda göstərilən rejimlərdə rels dövrəsi ballastın müqavimətinin, relslərin müqavimətinin və qida mənbəyi gərginliyinin bütün dəyişmələrində etibarlı işləməlidir. Bu dəyişənlərin hər biri rels dövrəsinin iş rejimlərinə müxtəlif cür təsir edirlər.
|