|
Microsoft Word II -an imp.+
|
bet | 2/142 | Sana | 27.05.2024 | Hajmi | 3,55 Mb. | | #255298 |
Bog'liq Microsoft Word II -an Ön söz
“Elektron qurğularının element bazası”, “Analoq və impuls qurğuları” və “Rəqəm qurğuları” adlanan 3 cilddən ibarət olan bu dərslik, müxtəlif növ elektron qurğularının və onlar əsasında qurulan texniki sistemlərin işlənməsi, tətbiqi və düzgün istismarını gələcək peşə fəaliyyətində həyata keçirən texniki ixtisasların tələbələrinin istifadəsi üçün nəzərdə tutulub. Eyni zamanda, bu sahələrdə çalışan mühəndis-texniki heyət, magistr, doktorant və elmi işçilər də bu dərslikdən faydalana bilərlər.
Elektron qurğularının işlənməsi və tətbiqi, onlar əsasında qurulan sistemlərin yaradılması və düzgün istismarı elektron qurğularının əsasları və onların sxem həlləri ilə bağlı olan biliklərlə sıx əlaqəlidir. Ona görə də bu dərslikdə elm və texnikanın xüsusi bir sahəsi olan, texnikanın digər sahələri, xüsusən də, elektronika ilə həmahəng olaraq dinamik inkişaf edən elektron qurğularının əsasları və onların sxemotexnikasının predmeti, rolu, həll etdiyi məsələlərə baxılmış, texniki sistemlərdə geniş tətbiq olunan qurğuların sxemotexniki təsvirinə geniş yer verilmişdir.
Elektronikanın sürətli inkişafı, funksional elektronikanın, mikro- elektronikanın və elektronikanın tamam yeni bir sahəsi olan nanoelektronikanın nailiyyətləri elektron qurğularının əsaslarının və sxemotexnikasının inkişafı üçün gələcəkdə yeni imkanlar açır.
Yüksək texniki-iqtisadi göstəricilərə malik olan elektron, radioelektron və digər texniki sistemlərin yaradılması üçün onların müxtəlif sxemotexniki realizə edilmə variantlarına baxılır və bu sistemlərin təşkil olunduğu elektron qurğularının və müxtəlif hissələrinin elektrik, konstruktiv və digər növ hesabatı aparılır, element bazası və digər komponentləri seçilir. Hal-hazırda belə hesabatların ən effektiv yerinə yetirilməsinə nail olmaq üçün müasir riyazi modelləşdirmə metodlarından da geniş istifadə olunur. Qeyri standart və verilmiş istismar-texniki xarakteristikalara malik olan elektron qurğularının sxemini operativ qurmaq, laboratoriya dərslərini yerinə yetirmək üçün Micro- Cap3, MicroCapV, Electronics Workbench, MultiSim, Proteus və onların daha yeni versiyası olan müasir sxemotexniki modelləşdirmə proqramları istifadə oluna bilər ki, bu da tələbənin, yaradıcı mütəxəssisin işini xeyli sürətləndirir və asanlaşdırır.
Dərslikdə, texnikada geniş tətbiq olunan elektron qurğularının qurulma və işləmə prinsiplərinin təhlilinə və izahına geniş yer verilmiş, onların sxemotexnikasına ətraflı baxılmış, oxucuların elektron qurğularının əsaslarını sistematik və sərbəst olaraq öyrənə bilməsi üçün bu qurğularda tətbiq olunan elektron cihazlarının quruluş və iş prinsipinin izahına da xüsusi yer verilmişdir.
Hal-hazırda elektron qurğularının və onların elementlərinin təsviri zamanı iki, bir-birinə zidd olan, biri dərin təhlil, digəri isə səthi təhlil ilə fərqlənən
izahat üsullarından geniş istifadə olunur. Eyni zamanda sxemotexniki modelləşdirmə sistemlərinin müasir səviyyəsinə əsaslanan təhlillər də geniş yer tapmışdır. Bunları nəzərə alaraq, müəlliflər uyğun bölmələrdə ən əlverişli üsuldan istifadəyə üstünlük vermişlər.
Dərsliyin birinci cildində elektron cihazlarının quruluşu, ış prinsipi və onlarda baş verən fiziki proseslər şərh edilmiş, əsas elektron cihazlarının riyazi modellərinin ətraflı izahı verilmişdir. İkinci cilddə analoq və impuls qurğularının, üçüncü cilddə isə rəqəm qurğularının ətraflı təsviri verilmiş, lazımi sorğu materiallar və praktiki sxemlər verilmişdir.
Konkret elektron qurğularının quruluş və iş prinsipinin izahı zamanı onların sxemlərinin ətraflı təhlilinə və hesabatına xüsusi əhəmiyyət verilmişdir.
Dərslik, müəlliflərin sxemotexnika və digər elektronika yönümlü fənlər üzrə çoxillik mühazirə oxumaq və eyni zamanda malik olduqları nəzəri və praktiki biliklərinə əsaslanan təcrübələri əsasında yazılmışdır. Onun məzmunu MAA-da uzun illər tədris olunan “Sxemotexnika” fənninin, və hal-hazırda bakalavr pilləsində tədris olunan “Elektronikanın əsasları”, “Sxemotexnikanın əsasları” və “Analoq və rəqəm elektronikası” fənlərinin proqramlarına uyğun olub, bu fənlərin əsas bölmələrini əhatə edir.
Texniki sistemlərin əsasını müxtəlif növ analoq və rəqəm elektron qurğuları təşkil edir, ona görə də onların optimal sxem həllərinin tapılmasına xidmət edən sxemotexnika elektron qurğularının işlənməsi və yaradılması prinsiplərini öyrədən bir sahə olaraq praktiki istiqamətliliyi ilə fərqlənir.
Elektron qurğularının fiziki və texniki izahının asan mənimsənilməsi üçün onların real xarakteristikaları haqda məlumatların olması da zəruridir. Ona görə də sxemlərin və onların konkret elementlərinin, geniş yayılmış mikrosxemlərin xarakteristikalarının şərhi də dərslikdə öz əksini tapmışdır. Bunlarla yanaşı nanoelektronika, onun elementlərinin hazırlanma texnologiyaları, onlar əsasında qurulan qurğuların və sistemlərin sxemotexnikasının xüsusiyyətləri və tətbiqi perspektivləri haqqında ümumi məlumatlara da yer verilmişdir.
Dərslikdə bir sıra paraqrafların, məsələlərin və şəkillərin fraqmentləri digər uyğun dərsliklərin və monoqrafiyaların materialları ilə üst-üstə düşə bilər. Bu da ilk növbədə onunla bağlıdır ki, yüz ildən çox inkişaf tarixi keçmiş elektronika və digər texnika sahələrində çoxlu dərsliklər, elmi ədəbiyyat və laboratoriya praktikumları nəşr edilmişdir. Bu ədəbiyyatlarda geniş yer tapmış cihaz və qurğuların dəyişməz olan fiziki mahiyyətinin təsvirinin bir çox ədəbiyyatda, o cümlədən, geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu dərslikdə də eyni şəkildə verilməsi qaçılmazdır.
Müəlliflər dərin minnətdarlıq hissi ilə kitab barədə faydalı iradları, şərhləri, təklifləri və qeydləri Bakı, Binə qəsəbəsi, MAA nəşriyyatı, islam.nus@mail.ru, t.497-26-00 (24-26), 055 717 32 77, 050 281 29 39
ünvanında qəbul etməyə hazırdırlar.
|
| |