|
Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani
|
bet | 19/81 | Sana | 12.12.2023 | Hajmi | 345,89 Kb. | | #116562 | Turi | Mühazirə |
Bog'liq Akademik və işgüzar kommunikasiya 15 mühazirə (1) (1)Ədəbiyyat
Abdullayev A.S. Nitq mədəniyyəti və natiqlik sənəti. Bakı.1981
Abdullayev N.Ə. Orfoepiya və orfoqrafiya təlimi məsələləri. Bakı.1985
Azərbaycan nitq mədəniyyəti problemləri. Bakı. 1988
Əliyev K. Natiqlik sənəti. Bakı. 1994
Ə. Əfəndizadə Orfoqrafiya-orfoepiya-qrammatika lüğəti. Bakı. 1983
N. Abdullayev. “Nitq mədəniyyətinin əsasları”. Bakı 2013
T.Əbdülhəsənli, S.Zülfüqarlı, A.Rzai. “Azərbaycan dili və nitq mədəniyyəti” . Bakı, 2014.
T.Əbdülhəsəmli, A.Hüseynova, M.Əmrahova. “İşgüzar yazışmalar” (dərs vəsaiti) Bakı 2018
MÖVZU 6
Akademik kommunikasiya. Akademik nitqin növləri: monoloji, dialoji və poliloji nitq. Monoloji nitqin növləri: mühazirə, məruzə, çıxış, nitq və s.
VI Mühazirənin
PLANI
Akademik kommunikasiya.
Akademik nitqin üslub və janr xüsusiyyətləri.
Akademik nitqin növləri: monoloji, dialoji və poliloji nitq.
Monoloji nitqin növləri: mühazirə, məruzə, çıxış, nitq və s.
Qloballaşmanın, informasiya-kommunikasiya bumunun özü ilə gətirdiyi yenilik və üstünlüklərdən biri də elm və təhsil sahəsində yanaşmaların, standartların unifikasiyalaşması, yəni vahid bir forma alması və bunun tez bir zamanda yayılaraq dünya elm ictimaiyyəti tərəfindən fəal istifadə olunmasıdır.
İnformasiya-kommunikasiya texnologiyalarının sayəsində müxtəlif xarakterli elmi tədbirlər - konfrans, simpozium, konqres və s. haqqında dünya elm ictimaiyyətini operativ olaraq məlumatlandırmaq və bu toplantılarda onların iştirakını təmin və təşkil etmək əvvəlki dövrlərlə müqayisədə qat-qat asanlaşıb. Bu kontekstdə beynəlxalq elm və təhsil məkanına inteqrasiya etmək, ümumi məsələlər haqqında eyni "dildə danışmaq" zərurəti yaranır. Bu "ümumi dilə" nələr daxildir? Tərəflərin bir-birini anlamasında bu amilin rolu nə dərəcədə vacibdir? "Ümumi dili" mənimsəməklə nələrə nail olmaq olar? Beynəlxalq elm və təhsil sisteminə inteqrasiyada tərəflərin bir-birini anlaması üçün dünyanın bir çox qabaqcıl universitet və təhsil mərkəzlərində qəbul olunmuş standartlara bələd olmaq lazımdır.
“Azərbaycan dilində işgüzar və akademik kommunikasıya ” fənni işgüzar və akademik elmi fəaliyyətdə ictimai nitq ünsiyyətinin xüsusiyyətlərini tədqiq edir. Akademik kommunikasiya ─ peşəkar ictimai nitqin yaradılması qanunauyğunluqları və onun effektivliyinin şərtləri haqqında elə bir bilik sahəsidir ki, hədəfi bu və ya digər sahəyə aid biliklərə yiyələnmək istəyən dinləyicilərə məqsədyönlü təsir göstərməkdir.
Qeyd edək ki, peşəkar nitq deyəndə, peşəkar ünsiyyət zamanı istifadə edilən nitq başa düşülür (məs., müəllimin, hüquqşünasın, din xadiminin və b. nitqi). İctimai nitq isə çoxsaylı auditoriyaya müraciətlə söylənən nitqdir. İctimai nitqin müxtəlif növləri ( akademik, diplomatik nitq, məhkəmə nitqi və s.) və müxtəlif janrları (məruzə, mühazirə, tənqidi çıxış, vəsatət xarakterli çıxış, təbliğat yönümlü çıxış və s.) vardır. İctimai monoloqu natiqin nitqi də adlandırırlar. Akademik natiqlik kommunikativ təcrübə və biliklərin xüsusi sahəsi olaraq, effektiv, məqsədyönlü, harmonik və təsirli nitq haqqında elm və incəsənət kimi dəyərləndirilən ritorika, başqa sözlə bəlağət elmi çərçivəsində formalaşmışdır.
Akademik natiqlik sosial əsaslara malikdir, onun inkişafı cəmiyyətin struktur xüsusiyyətləri, əxlaqi və estetik dəyərləri ilə bağlıdır. Akademik nitq natiqlik incəsənətinin bir növü olaraq, antik dövrdə, eramızdan əvvəl V əsrdə formalaşmağa başlamışdır, belə ki, o dövrdə təlim-tədrisin özü, o cümlədən də, ritorikanın tədrisi ictimai xarakter daşıyırdı. Heç də hamı inandırıcı, məntiqli və təsirli nitq hazırlamağı və cəmiyyət qarşısında çıxış etməyi bacarmırdı. Buna görə də qədim Yunanıstanda ritorika elmini tədris edən müəllimlər ─ sofistlər peşəkar nitqlər tərtib edən loqoqrafları və peşəkar natiqləri yetişdirirdilər. Ritorika elmini dahi filosoflardan Sokrat (e.ə. 469-399), Platon (e.ə. 427-347) və Aristotel də (e.ə. 384-322) tədris etmişlər.
Natiqliyin nəzəri cəhətdən dərk edilməsi ilə bağlı yazılmış ilk əsərlər də antik dövrə aiddir. Natiqliyin antik nəzəriyyəsinin bir çox müddəaları bu gün də aktualdır.
Akademik nitq dilin elmi fəaliyyətə xidmət edən xüsusi bir növüdür. Elmi kommunikasiya bu cür fəaliyyətin zəruri tərkib hissəsidir. Xüsusi fəaliyyət sahəsi sayılan elmin əsas məqsədi reallıqdakı hadisə və proseslərin obyektiv təsviri, izahı və proqnozudur. Elmi fəaliyyətin xüsusiyyətləri elmi üslubun əsas əlamətlərini müəyyənləşdirir ki, bunlara aşağıdakılar aid edilir: elmi bilik nitq predmeti kimi, elmi kommunikasiyanın hədəfi, elmi mətnin adresatının xarakteri, elmi mətnin müəllifinin obrazı.
Nəzərə almaq lazımdır ki, elmi nitqin məzmununu təşkil edən elmi bilik müxtəlif xüsusiyyətlərə malik müxtəlif növlərə bölünür. Elmi biliklərin hər bir növü elmi mətnlərdə müəyyən dil vasitələrinin köməyi ilə öz əksini tapır.
Elmi bilik hər şeydən öncə anlayışları, qanunauyğunluqları və ideyaları əhatə edir.
Akademik nitq inteqrativ üslub hadisəsidir. Bu hal akademik ünsiyyət şəraitində həll edilən vəzifələrin inteqrasiyası ilə izah edilir. Akademik nitqin əsas vəzifəsi elmi biliklərin elmi birlik və cəiyyətlərin nümayəndələrinə, o cümlədən tələbələrə ötürülməsidir. Əgər dinləyicilər elmi birliyin bərabər hüquqlu nümayəndələridirsə, bu vəzifə elmi məruzə və elmi şərh janrında icra edilir. Əgər nitq tələbələrə ünvanlanıbsa, həmin nitqdə informasiyanın mənimsənilməsi elə bir tərzdə təmin edilməlidir ki, dinləyicilər ondan gələcək peşəkar fəaliyyətlərində istifadə edə bilsinlər. Bu vəzifə isə akademik mühazirə janrında yerinə yetirilir.
Akademik ünsiyyətdə xüsusi bir şərtin mövcudlığu, yəni adresat üçün dinləmə (oxuma) fəaliyyətinin məcburi olmaması nəticəsində dərketmə marağı kateqoriyası xüsusi əhəmiyyət kəsb edir ki, bunu da nitqin müəllifi auditoriyada yaratmalıdır. Bunu akademik nitqə populyarlaşdırma elementlərinin gətirilməsi zərurəti diktə edir. Beləliklə, akademik natiqlik elmi və elmi-tədris yarımüslublarının populyarlaşdırma elementlərinə inteqrasiyasına əsaslanır.
Hazırda beynəlxalq elm və təhsil məkanına inteqrasiya ölkəmiz üçün prioritet məsələlərdəndir. Bu sahədə xeyli sayda beynəlxalq anlaşmalar və müqavilələr imzalanmışdır. Azərbaycan alimləri və tədqiqatçıları, həmçinin doktorant, magistr və tələbələr beynəlxalq elmi tədbirlərə qatılır, çıxışlar edir, ölkəni tanıdır, elmi əməkdaşlıq əlaqələri qururlar. Bu əlaqələrin nəticəsi kimi, alimlərimiz həm də beynəlxalq jurnallarda məqalələr dərc etdirir, xarici həmkarları ilə birgə layihələr və əsərlər üzərində işləyirlər. Təbii ki, əməkdaşlıq əsnasında beynəlxalq elm və təhsil məkanındakı qayda və standartlarla tanışlıq baş verir, sistemlərarası fərqlər aşkarlanır. Uzun müddət Sovet təhsil sistemində tətbiq olunan qayda və normalar bir sıra hallarda beynəlxalq təhsil məkanında qəbul edilmiş analoji standartlara uyğun gəlmir. Bunlardan biri də akademik yazı qaydalarıdır.
Yazının ən başlıca xüsusiyyəti onun qalıcı və sənəd xarakterli olmasıdır. Başqa sözlə, məhz bu özəllikləri sayəsində yazılı materiala dönə-dönə qayıtmaq və ondan faydalanmaq mümkündür. Bu xüsusiyyət istifadəçilər üçün faydalı olmaqla yanaşı, həm də yazı müəllifindən böyük məsuliyyət tələb edir. Xüsusilə əgər söhbət alimin yazdığı mətn və ya materialdan gedirsə. Alim sözünə hər zaman inam və güvən olmuşdur. Bu güvəni qazanmaq yetərli deyil, onu həm də qorumaq və itirməmək lazımdır. Savadlı və yaxşı təşkil olunmuş yazı bunun ən sınanmış yollarındandır.
İnformasiya -kommunikasiya texnologiyalarının yaratdığı imkanlar sayəsində yazmaq meylləri də çoxalıb. Sosial media sıravi vətəndaşların İnternetə çıxışına unikal şərait yaradır, onları çağdaş kommunikasiya vasitələrinin fəal istifadəçisinə çevirir. Ənənəvi mediaya çıxışı daha çətin və çoxpilləli, bəzən isə qeyri-mümkün sayan insanlar öz axtarışları və tapıntıları haqqında məlumatları bloq yaratmaq və yazdıqlarını orada paylaşmaqla fikir mübadiləsini həyata keçirmiş olurlar. Təbii ki, bu istifadəçilər arasında elm adamları da çoxluq təşkil edirlər.
Akademik yazı elmin və ali təhsilin ayrılmaz atributlarından biridir. Daha dəqiq ifadə etmək lazım gələrsə, onun özəlliyini müəyyənləşdirən meyarlardan biridir. Akademik yazı qaydalarına əməl etmək savadlılıq, mədəniyyət və məsuliyyətin göstəricisidir. Hazırda yazı mədəniyyəti ilə bağlı orta və ali təhsil müəssisələrində müəyyən problemlər var; bir sıra obyektiv səbəblərdən bəzi elm adamlarının beynəlxalq akademik yazı qaydaları haqqında təsəvvürləri o qədər də geniş deyil, bəzən isə yetərincə məhduddur. Bu isə, hər şeydən əvvəl, Sovet təhsil sistemində formalaşmış yazı standartlarının post-Sovet ölkələrində hələ də prioritet mövqeyə malik olması amili ilə bağlıdır. Digər səbəblərdən biri də, heç şübhəsiz ki, dil amilidir. Bir zamanlar latın dili elm dili sayıldığı kimi, çağdaş dünyada ingilis dilinin bu statusa yüksəlməsi faktı çoxlarımıza bəllidir. Bu səbəbdən də dünya elm sistemində baş verən proseslər haqqında məlumat əsasən ingilis dilində paylaşılır. Dil biliyi bu zəngin mənbələrdən istifadə etməyə imkan verməyən şəxslərin bir çox yeniliklərdən kənarda qalması ehtimalı böyükdür. Lakin beynəlxalq elm və təhsil sistemində tətbiq olunan qayda və standartlar haqqındakı informasiyanın tərcümə olunaraq yerli şəraitə uyğunlaşdırılması bu problemi həll edə bilər.
Akademik natiqlik ─ peşəkar ictimai nitqin yaradılması qanunauyğunluqları və onun effektivliyinin şərtləri haqqında elə bir bilik sahəsidir ki, hədəfi bu və ya digər sahəyə aid biliklərə yiyələnmək istəyən dinləyicilərə məqsədyönlü təsir göstərməkdir.
Mühazirə akademik nitqin xüsusi janrıdır. Mühazirənin hazırlanması və təqdim olunması zamanı nəzərə almaq lazımdır ki, bu situasiyada üslubun ekstra-linqvistik faktorları ritorik əhəmiyyət kəsb edir: burada əsas vəzifə adresata təsir göstərərək mühazirənin elmi məzmununu dərk etməsini təmin etməkdir.
Müasir elmdə mühazirə 1) nitq janrı, 2) tədris prosesinin təşkili forması, 3) tədris ünsiyyəti forması kimi dəyərləndirilir. Mühazirə bu yanaşmaların hər biri çərçivəsində hər şeydən öncə tədris kommunikasiyasının müəyyən sistemi kimi xarakterizə edilir. Məsələn, məhz mühazirənin kommunikativ xarakteristikası ilə əlaqədar elmi-metodik ədəbiyyatda onun əlamətləri müəyyənləşdirilir.
Mühazirənin əsas xüsusiyyətlərindən biri onun faktlara əsaslanmasıdır. Fakt biliyin bir növü olaraq, mühazirədə məfhum və qanunauyğunluq kimi nitq məzmunu komponentlərindən az əhəmiyyət kəsb etmir.
Mühazirəçi bütün nitq formalarından istifadə bacarığına yiyələnməlidir. Xüsusən, spontan nitqə daim hazır olmalı, hər hansı bir şəraitdə öz fikrini toplamağı, sistemləşdirməyi, onu münasib sözlərlə, ifadələrlə başqalarına çatdırmağı bacarmalıdır.
Monoloji nitqin quruluş sxemi və xüsusiyyətlərinə görə fərqlənən bir sıra növləri vardır: mühazirə, məruzə, məlumat, çıxış, nitq və s.
|
| |