|
Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani
|
bet | 17/81 | Sana | 12.12.2023 | Hajmi | 345,89 Kb. | | #116562 | Turi | Mühazirə |
Bog'liq Akademik və işgüzar kommunikasiya 15 mühazirə (1) (1)Pauza (nitq fasiləsi). İntonasiyanın digər ünsürü fasilədir. Nitq müəyyən dayanacağa malikdir. Tənəffüs məqsədilə danışıq və oxu prosesində edilən bu dayanacaq fasilə (pauza) adlanır. Nitq zamanı zəruri fizioloji tələbatın nəticəsi kimi baş verən tənəffüs – fasilə həm danışanın, həm də dinləyənin nitq orqanlarının müəyyən sakitliyi, rahatlığıdır. Tələffüz prosesində nəfəs və səsin düzgün tənzim edilməsi mühüm şərtlərdəndir. Xüsusən, nəfəsalmaya düzgün əməl olunmaması nitq zamanı darıxmaya, təngnəfəsliyə, diksiyanın pozulmasına və s. kimi hallara gətirib çıxarır. Buna yol verməmək üçün, birinci növbədə, nitqdə normal fasiləyə əməl olunmalıdır.
Nitq fasiləsinin təkcə söyləyən və ya oxuyan üçün deyil, dinləyici üçün də böyük əhəmiyyəti vardır. Dinləyici öz növbəsində danışan və oxuyanın etdiyi fasilə zamanı eşitdiklərini mənimsəyir, “həzm” edir, sonrakı fikri tutmaq üçün diqqətini səfərbərliyə alır. Nitq prosesində normal tənəffüsün rolu böyükdür. Tənəffüs iki funksiyanı yerinə yetirir: o həm insan həyatı üçün zəruri şərt, həm də nitqi yaradan başlıca vasitədir. Həyat üçün lazım olan tənəffüs aşağıdakı ardıcıllığa malikdir, nəfəsalma, nəfəsvermə və fasilə. Nəfəsalma (ciyərlərin oksigenlə doldurulması) tənəffüsdə ən aktiv, şüurdan asılı olmayan prosesdir. Bu prosesdən sonra hərəkətverici əzələlərin gərginliyi azalır, onlar sakit vəziyyət alaraq, növbəti nəfəsalmaya qədər bu vəziyyətdə qalırlar. Həm nəfəsalmaya, həm də nəfəsverməyə sərf olunan vaxt, təxminən, eynidir. Nəfəsvermədə ciyərlər heç bir vaxt havadan tam azad olmur, orada ehtiyat hava qalır. Həyat üçün zəruri olan tənəffüsün ritmik hərəkəti qeyri-şüuri, reflektiv formada icra edilir. Nitq tənəffüsünün isə tamam fərqli xüsusiyyətləri vardır. Bu tənəffüs nitq prosesi ilə bağlıdır və ona xidmət edir. Danışanın məqsədindən, daha doğrusu, nitqin məzmunundan asılı olaraq tənəffüsün, xüsusən nəfəsvermənin adi ritmi pozulur, nəfəsvermə nəfəsalmadan xeyli uzun sürür. Nəfəsvermə və nəfəsalma arasındakı dövretmənin nəticəsində nitqdə uzun və qısa fasilələr əmələ gəlir.
Nitq fasiləsi həm məntiqi, həm də psixoloji funksiya daşıyır. Məntiqi fasilə nitqi məna daşıyan hissələrə bölməklə, onun dəqiqliyini, düzgünlüyünü, aydınlığını təmin edir. Danışan bu fasilənin köməkliyi ilə ifadə edəcəyi fikri dinləyicinin diqqətinə çatdırır, bəzən nitqdə yaranan dolaşıqlığı aradan qaldırır. Fasilə cümlədə vahid məna bütövlüyündə birləşən qrupları həm ayırır, həm də birləşdirir. Buna görə də, ona əlaqələndirici, yaxud birləşdirici fasilə də deyilir. Məsələn:“Çalış, öhdəliyi vaxtında yerinə yetir.” Burada bölgü bildirən fasilə (çalış sözündən sonra) fikrin düzgün ifadə olunmasına xidmət edir. Yaxud:“Oxusan, əlaçı olarsan” cümləsində məntiqi fasilə (oxusan sözündən sonra) cümlənin iki hissəsini (oxusan və əlaçı olarsan) vahid bir məna bütövlüyündə birləşdirir. Fasilənin birləşdirmə funksiyası onun ayırma funksiyasından üstündür. O, nitqə axıcılıq verir, onun təbii oxunaqlığını təmin edir. Bu fasilənin köməyi ilə biz sözdən nitqin məntiqi cəhətdən daha canlı olan digər formasına – sözlərin birləşməsinə keçirik. Fasilə bizim üçün fikrimizi təshih etmək, səhvlərin qarşısını almaqdan ötrü qoruyucu rolunu oynayır. Fasiləsiz, daha doğrusu, məntiqi aydınlığa malik olmayan nitq mənasızdır.
Şifahi ədəbi dilin ən çox işlənən sahələrindən biri şifahi kütləvi informasiya vaistələridir. Kütləvi informasiya vaistələrində (əsasən televiziya və radioda) informasiyaların, mətləblərin çatdırılmasında şifahi dil normalarına əməl olunması şəksizdir. Televiziyada və radioda müxtəlif elm və istehsal sahələrinə aid daha çox ayrı –ayrı əcnəbi mənşəli söz və terminlərin tələffüzündə bir çox çətinliklər onlarda vurğunun düzgün deyilib – deyilməməsi ilə də bağlıdır. Bəllidir ki, dillərin milli təbiətini əks etdirən hadisələrdən biri də vurğudur. Azərbaycan dilində vurğu sözlərin sonuncu hecasının üzərinə düşür. (6. 3, 4)
Vurğu dildə fonosemantik əhəmiyyət kəsb edən və səs qurğusuna daxil olan, informativlik yükü ilə müəyyənləşən vahiddir. Onu da qeyd edək ki, müasir Azərbaycan dilində vurğu, avazlanma (intonasiya), durğu işarələri mühüm rol oyanyır. Və bunlar fonosemantik əlamətlər kimi çıxış edir. Ancaq tarixən fonosemantik əlamətlər sırasında ton, zil, bəm və s. kimi tələffüz çalarlarının da xüsusi rolu olmuşdur. Təbii ki, dil inkişaf etdikcə, onun qrammatik quruluşu zənginləşdikcə fonosemantik əlamətlər də cilalanmış, müəyyən qaydaya, sistemə düşmüşdür. Hazırda fonosemantik elementlər sırasında vurğunun, avazlanmanın (intonasiyanın), səs durğusunun (durğu işarələrinin) rolu göz qabağındadır. Xüsusilə, müasir Azərbaycan dilində vurğu, avazlanma (intonasiya), durğu işarələri fonosemantik elementlər kimi mövcuddur. Cümlədəki sözlərdən, sözdəki hecalardan birinin digərinə nisbətən daha güclü deyilməsinə vurğu deyilir. Bu tərifdən də görünür ki, vurğunun hüdudu söz və hecadır. Belə ki, sözlərdəki hecalardan, cümlədəki sözlərdən biri digərinə nisbətən aydın, səlis və güclü tələffüz olunur. Bu da nitqin məzmun, məna çalarlığına xidmət edir. Həm də bu zaman nitq prosesi dalğalı axına bənzəyir. Vurğu, onun xarakteri, növləri ilə bağlı tədqiqatlar az olmamışdır. Məsələn, M.Kazımbəy vurğunun əhəmiyyətindən, vurğu qəbul etməyən bəzi şəkilçilərdən bəhs etmişdir. N.Aşmarin Azərbaycan dilində vurğunu Nuxa (Şəki) şivəsinə aid topladığı dil faktları əsasında izah etmişdir. O, Azərbaycan dilində vurğunun sözün son hecasının üzərinə düşməsi və bəzi alınma sözlərdə vurğunun sözün son hecasının üzərinə düşməməsi məsələsinə diqqət yetirmişdir. Vurğudan xüsusi olaraq bəhs edənlərdən biri də Ə.Dəmirçizadə olmuşdur. Ə.Dəmirçizadə vurğusu son hecaya düşən və vurğusu son hecaya düşməyən sözlərdən, o cümlədən Azərbaycan dilində vurğu qəbul edən və qəbul etməyən şəkilçilərdən, vurğunun növlərindən xüsusi olaraq bəhs etmişdir.
Hər bir dilin fonetik sistemində vurğu mühüm yer tutur. Sait və samit fonemlər kimi, vurğu da sözləri fərqləndirməyə xidmət edir. Məsələn, a'lma -alma', dondurma' - dondu'rma, gə'lin-gəlin' və s. Vurğu ədəbi tələffüz üçün əsasdır. Heca vurğusu sahəsində olan əsas səhvlər, demək olar ki, yalnız alınma sözlərin deyilişində özünü göstərir. Bu səhvlərin meydana çıxmasının müxtəlif səbəbləri ola bilər. Fikrimizcə, bu hər şeydən əvvəl, psixoloji səbəbdən irəli gəlir. Bəllidir ki, Azərbaycan dilində vurğu bir qayda olaraq, sözün və ya söz formasının son hecasına düşür. Bununla bağlı olaraq, başqa dillərdən, xüsusilə Avropa dillərindən alınma sözləri, sanki öz sözlərimiz kimi vurğulayıb tələffüz edirik. Məsələn, relye'f - re'lyef, ya'rmarka - yarma'rka, ka'fedra - kafe'dra, allergiya' - alle'rgiya, İngi'ltərə - İngiltə'rə.
Sözlərin vurğularının düzgün deyilməməsi bəzən sözlərin mənasının yaxşı dərk olunmamasından irəli gəlir. Məsələn rus dilində -oviç şəkilçisi yerinə görə həm ata adını, həm də soyadı bildirir. Birinci halda şəkilçi tamam vurğusuz deyilir, ikinci halda isə vurğu şəkilçinin birinci hecası üzərinə düşür: Serafi'moviç - Serafimo'viç, Ada'moviç - Adamo'viç və s.
Bəzən həyəcanlı vurğu ilə deyilən sözlərdə heca vurğusu, adətən, öz həqiqi yerini dəyişir. Məsələn, Va'qif! Ey sərvərim, ey xiridarım! ifadəsində həmin sözdə vurğu sonuncudan birinci hecaya düşür. Vurğu intonasiya ilə müşayiət edilən sözün, söz birləşməsinin və cümlənin informativliyinə təsir göstərən ekstrolinqvistik göstəricilərdən biridir. Dil vahidlərinin kommunikasiyasında vurğu ilə məna bir –birini tamamlayan amillər kimi qrammatik quruluşa da təsir göstərir.
İstər fonetik tərkibi eyni olan bəzi oxşar vahidləri mənaca bir-birindən fərqləndirmək və ya cümlənin hər hansı bir üzvünü məntiqi cəhətdən nəzərə çarpdırmaq, istərsə də müəyyən emosional incəlikləri vermək üçün vurğunun müxtəlif növlərindən istifadə olunur.
|
| |