|
Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani
|
bet | 16/81 | Sana | 12.12.2023 | Hajmi | 345,89 Kb. | | #116562 | Turi | Mühazirə |
Bog'liq Akademik və işgüzar kommunikasiya 15 mühazirə (1) (1)Normativ üslub: Ədəbi tələffüz normaları əsasında yaranan üslub normativ üslub adlanır. Əgər danışan və ya hər hansı bir mətni oxuyan adamdan, uşaqlar, gəlirlər kimi söz və qrammatik formaları ədəbi tələffüzə uyğun şəkildə adamnan, uşaxlar, gəlillər kimi söyləyirsə, o, normativ tələffüz üslubunda danışmış və ya oxumuş olur. Normativ üslub orfoepiyanın əsasını təşkil edir.
Kitab üslubu: Bu üslubda danışanlar, oxuyanlar sözlərin yazılışını, hərf tərkibini əsas götürür və elə başa düşürlər ki, sözlər nə cür yazılırsa, elə də tələffüz olunmalıdır. Müəyyən sözlərin yazıldığı kimi deyilişi ədəbi tələffüz baxımından qüsurlu sayılır.
Adi danışıq üslubu: Dil ünsiyyətinin geniş forması bu üslubda aparılır. Adi danışıq üslubunun özünəməxsus xüsusiyyətləri var. Məs. normativ üslubda mənimçün tələffüz olunan söz danışıq üslubunda məmçün kimi tələffüz edilir.
Ümumiyyətlə, adi danışıq dili şivəyə nisbətən ədəbi dilə yaxın olduğu kimi, onun tələffüz qaydaları da ədəbi dilin tələffüz qaydalarına yaxındır. Adi danışıq dili ilə ədəbi dil arasında ümumi cəhətlər çoxdur. Ədəbi dilin tələffüz norması müəyyənləşdirilərkən adi danışıq dilinin tələffüz şəkilləri üzərində seçmə əməliyyatı aparılır.
Avropa mənşəli alınmalarda unifikasiya normaları tətbiq edilir. Müasir dövrdə Azərbaycan dilinə ərəb və fars dillərindən söz alınmır. Elm və texnikanın inkişafı ilə əlaqədar Avropa dillərindən çoxlu sözlər alınmış və alınmaqdadır. Bu sözlər və terminlər birbaşa yazılı dilə daxil olduğu üçün bütövlükdə onun ümumi qanunları və prinsipləri hüdudunda işlənir. Dilimizdəki Avropa mənşəli sözlərin yazılışında Azərbaycan dilinin fonetik, qrafik və morfoloji tələblərinə uyğun prinsiplər əsas götürülür.
Şifahi nitq zamanı intonasiya və vurğu, nitq fasiləsi (pauza) da mühüm əhəmiyyət kəsb edir.
İntonasiya. Nitqdə intonasiyanın rolu çox böyükdür. Xüsusilə bədii üslubda intonasiya çox mühüm yer tutur. Əgər nitqin bədiiləşməsində əsas vasitələrdən biri sayılan məcazlaşma ilə intonasiyanın dildəki, xüsusilə dilin bədiiləşməsindəki mövqeyini müqayisə etsək, intonasiyanın daha mühüm rol oynadığını görərik. Əgər məcazlaşma (sözlərin mənaca əlaqəyə girməsi) yolu ilə bir sözə və ya ifadəyə 10 cür çalar vermək mümkündürsə, intonasiya vasitəsilə həmin sözə bir yarım— iki dəfə çox məzmun çaları vermək olar. Məcazlaşma dildəki bütün vahidləri bədiiləşdirə bilmir. Lakin dildə elə bir ünsür tapılmaz ki, intonasiya vasitəsilə ona məzmun çaları vermək mümkün olmasın, hətta ən adi, məzmunsuz nitq vahidləri olan bağlayıcılar, qoşmalar belə intonasiyanın köməyi ilə məzmun çaları qazanıb ekspressivləşə bilir.
İntonasiya bədii əsərin strukturuna daxil olan komponentlərdən biridir. Hər bir əsərin kompozisiyası, dil və s. xüsusiyyətləri olduğu kimi intonasiya xüsusiyyətləri də vardır. İntonasiya nitqi məzmunca zənginləşdirən, onun bədiiliyini artıran mühüm komponent kimi xarakterizə olunur.
Ədəbi əsərin intonasiyası bədii üslubu ilə sıx bağlıdır. Buna görə də əsərin intonasiyasını başa düşüb öyrənmək üçün əvvəlcə həmin üslubun xüsusiyyətləri haqqında aydın təsəvvürə malik olmaq lazımdır.
Şifahi nitqdə danışan ifadə edəcəyi fikirdən asılı olaraq, intonasiyasını seçir. Cümlə boyu orada iştirak edən səslər gah ucalır, gah alçalır, gah uzanır, gah qısalır, bütün bunlar nitqin ekspressivliyini təmin etmək üçündür. İntonasiya həm fonosemantik, həm də fonosintaktik mahiyyət daşıyır. Beləliklə, intonasiyaya belə bir tərif vermək olar ki, nitq axını zamanı danışanın ifadə edəcəyi fikirdən asılı olaraq formalaşan ritmik-metodik səs quruluşuna intonasiya deyilir. İntonasiya cümlənin mənasını müəyyənləşdirir. Başqa sözlə desək, eyni söz və birləşmələrdən ibarət cümlə fərqli məntiqi və qrammatik məna verir.
İntonasiyanın aşağıdakı fonosintaktik mənaları vardır:
Nəqli, sual, əmr və nida cümlələrini formalaşdıran intonasiya;
2 Arzu, xahiş məzmunu ifadə edən intonasiya;
3. Sadalama, qarşılaşdırma bildirən intonasiya. Bu intonasiya növü bağlayıcısız mürəkkəb cümlələrin də yaranmasında aparıcı rol oynayır;
4. Cümlə daxilində xitabları, ara sözləri, ümumiləşdirici sözləri, əlavələri, xüsusiləşmələri nəzərə çarpdıran və ayıran intonasiya;
İntonasiyanın aşağıdakı əsas funksiyaları mövcuddur:
İntonasiyanın apelyativ funksiyası. Bu, adresat ilə əlaqədar olan funksiya kimi danışanın nitq mədəniyyətini özündə əks etdirir. Təbii ki, böyüyə və ya uşağa müraciətdə intonasiya fərqli olur. Bu zaman sosial rollar, hadisə, məqam anlayışları da öz təsirini göstərmiş olur. Yəni, diktorun danışığı, məişət nitqi, diplomatik görüşlər və danışıqlar zamanı intonasiya eynilik təşkil etmir. Bu da əsas verir ki, intonasiyaya həm də üslubfərqləndirici bir hadisə kimi yanaşaq.
İntonasiyanın delimitativ (hüdudlandırıcı) funksiyası. Nitq axarında cümlələrin (cümlə daxilində həmcins üzvlərin, ara sözlərin və s.) hüdüdlarını, bir-birindən ayrıldığını göstərən funksiyadır. Göstərilən funksiya nitq axınını təşkil edən digər vasitələr, xüsusilə pauza və melodika ilə təmasda özünü göstərir. Qeyd edək ki, cümlənin aktual üzvlənməsi də bu əsasda təzahür edir.
İntonasiyanın emosional-ekspressiv funksiyası. İntonasiya vasitəsi ilə danışanın emosional vəziyyəti əks olunmaqla yanaşı, habelə nitqin məzmununa və adresata münasibət də öz ifadəsini tapır. İntonasiyanın bu funksiyası əsas etibarilə tembr və melodika hesabına gerçəkləşir.
İntonasiyanın estetik funksiyası. Göstərilən funksiya daha çox səhnə sənəti, bədii qiraət və s. hallarda təzahür edir.
İntonasiyanın kommunikativ funksiyası. Bu, intonasiyanın ümumi funksiyası olmaqla, əslində bütün digər funksiyaları özündə birləşdirir. Daha doğrusu, bütün funksiyalar kommunikativ funksiyadan asılıdır. Bunu belə izah etmək lazımdır ki, biz yalnız kommunikativ əlaqədə olduqda intonasiyanın digər funksiyaları reallaşır. Əks halda, bu barədə söz açmaq məntiqdən kənardır.
1.İntonasiya ünsiyyət silahı kimi dilin tərəflərindən biridir. O, ünsiyyətin xüsusiyyətləri ilə, gerçəkliyin və ya mətnin konteksti ilə müəyyən edilir və leksik tərkiblə qrammatik cümlə quruluşunun vəhdətində üzə çıxır.
2.İntonasiya konkret ünsiyyət şəraitində cümlə bitənədək ifadə olunan fikri yaradır.
3. İntonasiya ünsiyyət prosesində insanların emosional-iradi münasibətlərini ifadə edir, söyləmə ünsiyyət şəraitinə uyğun zəruri müəyyənliyi verir.
4. İntonasiya cümlə növlərini və kommunikativ tipləri fərqləndirir.
5. İntonasiya üslubi əhəmiyyətə malikdir.
6. İntonasiya müvafiq dildə düzgün ədəbi tələffüz əlamətlərindən biri kimi çıxış edir.
7. İntonasiya müəyyən akustik əlamətlərə malikdir: zaman daxilində əsas tonun dəyişən tezliyi və intensivlik, eləcə də frazanın tələffüzü zamanında ümumi səs enerjisi.
8.İntonasiya hər hansı bir nəqletmə, sadalama, adlandırma, sual və ona cavab növü kimi, müxtəlif əmr və nida növləri kimi qəbul edilir. Nitq intonasiyasını qəbul edərkən biz nitqin frazaya, frazanın sintaqm adlanan mənalı parçalara üzvlənməsini (fasilə və vurğunun köməyi ilə) eşidirik. Biz səsin ucalması və alçalması (əsas tonun ucalığı), səs ucalığının güclənməsi və zəifləməsi, nəzakətlilik, xahiş, əmr və sairənin tembral rəngini eşidirik. Biz eləcə də nitqin sürətlənməsi və ya ləngiməsini, başqa sözlə, tempini qəbul edirik.
9. İntonasiya necə ifadə olunur və qəbul edilirsə, dilin bu tərəfindən istifadə də bir o qədər fizioloji və psixoloji qanunauyğunluqlara malikdir.
Qeyd olunanlar bunu göstərir ki, intonasiya mədəniyyəti yalnız dil xarakteri deyil, eləcə də psixoloji və kommunikativ xarakter daşıyır.
|
| |