Müxtəlif hüquqi və fiziki şəxslər tərəfindən qazdan qanunsuz istifadə və talama halları:
-
sayğaclara müdaxilə,
-
nəzarət-ölçü cihazlarından kənar istifadə etmək yolu ilə
| -
Çoxillik neqativ təcrübəyə əsaslanaraq demək olar ki, əksər hallarda enerji oğurluğu istehlakçı və nəzarətçinin birgə “əməkdaşlığı” nəticəsində baş verir.
-
Əvvəlki dövrdə qüvvədə olan qanunvericilik qeyd edilən hüquqpozmaların törədilməsinə görə yalnız inzibati məsuliyyət müəyyən etməklə, bu hüquqpozmaların ictimai təhlükəliliyinə cavab verən repressiv mexanizmi nəzərdə tutmurdu. Eyni zamanda, bu inzibati xəta növünə görə inzibati icraata başlamalı olan orqanın səlahiyyətlərinin qeyri-müəyyən olaraq qalması, enerjidən qanunsuz istifadə halları ilə mübarizəni səmərəsiz edirdi.
-
Qeyd edilən hallar xeyli miqdarda təbii qazın, elektrik və ya istilik enerjisinin talanması əməllərinin qanunvericiliyimizdə cinayət əməli kimi təsbit edilməsini, bu enerji növlərinin az miqdarda talanmasına görə isə inzibati məsuliyyətin sərtləşdirilməsini zəruri etmişdir.
Beləliklə, beynəlxalq təcrübə də nəzərə alınmaqla təbii qazın, elektrik enerjisinin talanması əməlini kriminallaşdırmaq, qeyd edilən enerji növlərinin az miqdarda talanmasına görə inzibati məsuliyyəti sərtləşdirilmək məqsədilə “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 19 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikası Qanunu (daha sonra Qanun) qəbul edilmişdir.
Qanunla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin mülkiyyət əleyhinə olan cinayətlər fəslinə yeni – “189-1 – Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması” maddəsi əlavə edilməklə cinayət qanunvericiliyimizdə bir sıra əməllər cinayət kimi təsbit edilmişdir.
Həmin cinayətlərin obyekti xüsusi icazə əsasında əhalinin və digər istehlakçıların təbii qaz, elektrik və ya istilik enerjisi ilə təchizatına təminat verən hüquqi şəxslərlə müxtəlif istehlakçılar arasında verilmiş təbii qaz, elektrik və ya istilik enerjisinə görə yaranan və qanunla qorunan mülkiyyət münasibətləridir.
CM-nin 189-1.1-ci maddəsilə nəzərdə tutulmuş cinayətin obyektiv tərəfi təbii qaz, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu enerji resurslarının xeyli miqdarda ziyan vurmaqla talanmasından ibarətdir.
Enerjidən qanunsuz istifadə etmə əməlləri o halda cinayət məsuliyyəti yaradır ki, belə əməllər özündə talamanın əlamətlərini əks etdirsin. Təcrübədə bu əsasən verilmiş enerjinin nəzarət ölçü cihazlarına, sayğaclara müdaxilə etmək yolu ilə onların göstəricilərinin süni şəkildə azaldılmaqla təhrif edilməsi və ya ümumiyyətlə, nəzarət ölçü cihazları, sayğaclar olmadan, gizli yolla, müvafiq qurumların nəzarətindən kənar çəkilmiş xəttlər və naqillər vasitəsilə enerji resurslarından istifadə yolu ilə törədilir.
Eyni zamanda, şərh edilən maddə ilə cinayət məsuliyyətinin yaranması üçün törədilən əməllə enerji resursları ilə təchizat subyektlərinə xeyli miqdarda ziyan vurulması zəruridir. Xeyli miqdarda ziyanın anlayışı isə CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsində verilmişdir.1 CM-nin 189-1.2-ci maddəsi eyni əməllərin külli miqdarda ziyan vurmaqla törədilməsini tövsifedici əlamət kimi nəzərdə tutur.
Dövlətimizin müstəqillik əldə etdiyi ilk illərdə keçid dövrünün problemləri, işsizlik, sosial yükün və yoxsulluğun artması onunla nəticələnmişdir ki, həmin vaxtlardan başlayaraq təbii qaz, elektrik enerjisinin talanması halları əhali arasında geniş vüsət almışdır. Bu səbəbdən, həmçinin cinayət qanunvericiliyimizin humanizm prinsiplərinə əsaslanaraq, qanunverici maddənin “Qeyd” hissəsində CM-nin 189-1.3, 189-1.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxsin cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunması barədə müddəanı nəzərdə tutmuşdur. Bu müddəa, həmçinin stimullaşdırıcı xarakter daşımaqla, hüquqpozucularını vurduqları ziyanı tamamilə ödəməyə həvəsləndirir.
CM-nin 189-1.3, 189-1.4-cü maddələri təbii qaz, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsi olmayan səlahiyyətli nümayəndəsinin CM-nin 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin qarşısının almaması ilə bağlı cinayət əməllərini nəzərdə tutur. Qeyd edilən cinayətlərin subyekti və nəticələri eyni olsa da, həmin cinayət tərkibləri təqsirin formasına görə fərqlənir.
Belə ki, CM-nin 189-1.3-cü maddəsilə nəzərdə tutulmuş cinayət təbii qaz, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsi olmayan səlahiyyətli nümayəndəsinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində, yəni ehtiyatsızlıqdan törədilir.
CM-nin 189-1.3-cü maddəsilə nəzərdə tutulmuş cinayət isə qeyd edilən şəxslər tərəfindən xidməti mövqeyindən sui-istifadə etməklə tamah və ya sair şəxsi marağı üzündən, yəni qəsdən törədilir. Bu zaman təqsirkar qulluq səlahiyyətlərindən qulluq mövqeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun enerji təchizatı müəssisəsinin mənafelərinə mühüm zərər vurma ilə ifadə olunan nəticələrini (enerji resurslarının talanmasını) qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir. Bu cinayətin tərkibinin daha bir zəruri elementi həmin cinayətin motividir. Şərh edilən maddədə bu tamah və ya sair şəxsi maraq kimi müəyyən edilmişdir.
CM-nin 189-1.1-ci maddəsilə nəzərdə tutulmuş cinayətin subyekti ümumidir. Bu cinayətin subyekti qismində enerji resurslarının təchizatı müəssisəsilə müqavilə bağlanıb-bağlanılmamasından asılı olmayaraq bütün şəxslər ola bilər.
CM-nin 189-1.3, 189-1.4-cü maddələrilə nəzərdə tutulmuş cinayətlərin subyekti xüsusidir. Bu cinayətlərin subyekti qismində əmək vəzifələrinə enerji, təbii qaz xəttlərinə, naqillərinə qanunsuz müdaxilələri, qoşulmaları aşkar etmək, qarşısını almaq vəzifələri daxil olduğu təbii qaz, elektrik və ya istilik enerjisi təchizatı müəssisəsinin vəzifəli şəxs olmayan səlahiyyətli nümayəndələri ola bilər.
Həmin şəxslərin sırasına rayon paylayıcı elektrik şəbəkələrinin, qaz istismarı idarələrinin müfəttişlərini, sahə ustalarını, elektrik montyorlarını və digər işçiləri aid etmək olar. Bu və ya digər işçinin şərh edilən cinayətin subyektləri dairəsinə aid olub-olmamasını müəyyən etmək üçün ilk növbədə paylayıcı elektrik şəbəkələrində, qaz istismarı idarələrində qüvvədə olan müvafiq vəzifə təlimatlarında həmin şəxslərin əmək vəzifələrinə enerji, təbii qaz xəttlərinə, naqillərinə qanunsuz müdaxilələri, qoşulmaları aşkar etmək, qarşısını almaq vəzifəsinin daxil edilib-edilmədiyi yoxlanılmalıdır.
Qeyd edilən müəssisələrin vəzifəli şəxsləri törətdikləri eyni əməllərə görə Azərbaycan Respublikası CM-nin 33-cü fəslində nəzərdə tutulmuş müvafiq maddələrlə məsuliyyət daşıyırlar.
19 dekabr 2006-cı il tarixli Qanunla Azərbaycan Respublikası CM-nin 189-1-ci maddəsilə nəzərdə tutulmuş cinayətlərin istintaq aidiyyəti prokurorluq orqanlarına aid edilmişdir.
Qeyd edildiyi kimi, Qanunla həmçinin təbii qazın, elektrik və ya istilik enerjisinin az miqdarda talanması və ya onlardan məişətdə istifadə qaydalarının pozulmasına görə inzibati məsuliyyəti sərtləşdirilmək məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101.2 və 118-ci maddələrinə müvafiq əlavə və dəyişikliklər edilmişdir.
|