Sahə stansiyaları əsasən tranzit qatarların hazırlanması üçün nəzərdə tutulur. Burada vaqonlara texniki qulluq yerinə yetirilir, lokomotiv briqadaları, bəzilərində isə lokomotivlər dəyişdirilir. Sahə stansiyaları arasındakı məsafə lokomotivlərin dövretmə sahəsinin uzunluğundan, vaqonların texniki qulluq aparılmadan keçə biləcəkləri sahənin uzunluğundan, yerli vaqon axınlarının yaranma və sönmə məntəqələrinin yerləşməsindən asılı olaraq müəyyən edilir. Bu stansiyalar 10-20 ehtiyat yoluna, lokomotiv deposuna, yük və sərnişin təsərrüfatı tikililərinə, siqnalizasiya və rabitə qurğularına malik olurlar.
Çeşidləmə stansiyalarına kütləvi olaraq qatar yaradan və parçalayan stansiyalar aiddir. Çeşidləmə stansiyaları kütləvi yük axınlarının işləndiyi məntəqələrdə: iri sənaye mərkəzlərinin, iri dəniz və çay limanlarının girişlərində, böyük dəmir yolu qovşaqlarında yaradılır. Onlar böyük miqdarda ehtiyat yoluna malik olurlar ki, bunlar da xüsusiləşdirilmiş parklara həmçinin yük qatarlarının yaradılma və dağıdılması üçün çeşidləmə təpələrinə malik olurlar. Çeşidləmə stansiyalarında adətən lokomotiv və vaqon depoları, yolun xidməti, siqnalizasiya, rabitə və s. müəsisələri yerləşdirilirlər.
|