AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ NƏZDİNDƏ
BAKI DÖVLƏT RABİTƏ VƏ NƏQLİYYAT KOLLECİ
ELEKTRİK ÖLÇMƏLƏRİ
VƏ VASİTƏLƏRİ
fənnindən
mühazirələr toplusu
HAZIRLADI QAİM CƏFƏROV
Metrologiya haqqında ümumi məlumat
Metrologiya çox dəqiq fiziki eksperimentə, həmçinin riyaziyyat, fizika, kimya və digər elmlərin nailiyyətlərinə əsaslanaraq ölçmə, ölçmələrdə vəhdət və lazımi dəqiqlik yaratmaq haqqında elmdir. Metrologiya yunanca metron – ölçü və loqos – qanun, kəlam sözlərindən əmələ gəlib, ölçülər haqqında elm mənasını verir. Metrologiyanın əsas məsələlərinə ölçmələrin ümumi nəzəriyyəsi, fiziki kəmiyyətlərin vahidlərinin və vahidlər sisteminin yaradılması, ölçmə üsulları və vasitələri, ölçmələrin dəqiqliyinin təyini üsulları, ölçmə xətası nəzəriyyəsi, ölçmə vasitələri arasında vəhdət yaratmaq üsulları, vahidlərin qiymətini etalonlardan işçi ölçmə vasitələrinə ötürmək daxildir.
Metrologiya elmində fiziki kəmiyyətlərlə vahidlər sisteminin yaradılma prinsipləri arasında əlaqənin nəzəri məsələləri öyrənilir.
Qanunvericilik metrologiyasına aid olan məsələlərin həlli üçün adətən metroloji xidmət yaradılır. 1960-cı ildən Beynəlxalq vahidlər sistemini təşkil edən yeni standart qəbul edilmişdir.
Ölkədə ölçmə və ölçmə vasitələri arasında vəhdət yaratmağa xidmət edən dövlət və metrologiya orqanları şəbəkəsi olan metroloji xidmətin elmi əsaslarını metroloji institutlar yaradır. Respublikamızda bu sahəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi başçılıq edir.
Dövlət Metrologiya xidməti dövlət idarəetmə sisteminin bir həlqəsi kimi metroloji təchizat sahəsində idarə və müəssisələrin fəaliyyətində kompleks tədbirlər həyata keçirən bir orqandır. Vəzifəsi tələb olunan ölçmələrin dəqiqliyini və vahidliyini təmin etməklə məhsulun keyfiyyətini yüksəltmək və istehsal sahəsinin effektliyini qaldırmaqdır. Dövlət Metrologiya xidmətinin fəaliyyətinin əsas istiqamətlərinə metroloji xidmət idarə, müəssisə və təşkilatlarının işinin koordinasiyası, sahə və dövlət standartlarının və yeni texnikanın tətbiqi, ölçmə vasitələrinin dövlət sınaqları və onların yerinə yetirilməsinə nəzarət, etalonların və yoxlayıcı avadanlığın işlənib hazırlanması, ölçmə vasitələrinin işlənib hazırlanması sahəsində texniki tapşırıqlar, kadrların hazırlanması, dövri informasiya nəşrlərinin buraxılması, metrologiya sahəsində yeni nailiyyətlər barədə konfransların, seminarların keçirilməsi daxildir.
|