Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib
16.12.2015
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə yaradılmış İctimai Şuranın ilk iclası keçirilib. Transparency.az-a verilən məlumata görə, dekabrın 15-də keçirilən iclası açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov müvafiq fəaliyyət sahələrində vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulmasının nazirliyin əsas fəaliyyət prinsiplərindən biri olduğunu vurğulayıb: “Əmək və sosial müdafiə sisteminin bütün sektorlarında aparılan işlərdə vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlığa, görülən işlərdə ictimai nəzarətin təmin olunmasına xüsusi önəm veririk. Sosial cəhətdən həssas əhali qruplarını əhatə edən qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə mütəmadi görüşlər keçirilir. Yeni qanunvericilik layihələrinin hazırlanması və təkmilləşdirilməsində, sosial müdafiə tədbirlərinin daha səmərəli təşkilində onların rəy və təklifləri diqqətlə öyrənilərək nəzərə alınır”.
Müslümov həmçinin sosial sifarişlər əsasında sosial xidmətlərin göstərilməsi ilə əlaqədar 20-dən çox ixtisaslaşmış QHT, məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün nazirlikdə akkreditasiya olunmuş 10 qeyri-dövlət qurumu ilə əməkdaşlıq həyata keçirildiyini bildirib: “Ötən ilin sentyabrında isə nazirliklə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb”.
Hazırda nazirliyin ümumilikdə 50-yə yaxın QHT ilə əməkdaşlıq əlaqələrində olduğunu qeyd edən Müslümov nazirlik yanında İctimai Şuranın yaradılmasının bu sahədə mühüm addımlardan biri olduğunu vurğulayıb: “Məlum olduğu kimi, “İctimai iştirakçılıq haqqında” qanunda dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində, qərarların qəbulu və fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakı nəzərdə tutulur. Bununla əlaqədar nazirlikdə vətəndaş cəmiyyəti institutlarından ibarət İctimai Şuranın yaradılması qərara alınıb və şuranın təşkili məsələləri ilə bağlı müvafiq Komissiya yaradılıb”.
Nazir qeyd edib ki, çoxsaylı QHT-lərin iştirakı ilə keçən toplantıda tam şəffaf və demokratik şəraitdə İctimai Şuranın 15 vətəndaş cəmiyyəti institutundan ibarət tərkibi seçilib (İctimai Şura). Müslümov İctimai Şuranın formal bir qurum kimi mövcud olmayacağına və daim işgüzar ruhda fəaliyyət göstərəcəyinə, müvafiq sahələr üzrə qanunvericilik layihələrinin hazırlanması və təkmilləşdirilməsində, ictimai nəzarətin təmin olunmasında, əmək, məşğulluq, sosial müdafiə sahələrində qərarların qəbulunda, sosial müdafiə işinin daha səmərəli təşkilində əhəmiyyətli rol oynayacağına əminliyini bildirib, İctimai Şuranın üzvlərinə uğurlar arzulayıb.
İclasda şuranın gündəliyinin müəyyən olunması və fəaliyyət istiqamətləri müzakirə olunub.
Hökumətin strukturu dəyişib
16.12.2015
Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin yaradılması Azərbaycan hökumətinin strukturuna təsir edib. Transparency.az bildirir ki, yenilik Nazirlər Kabinetində qurumların sayını 38-ə çatdırıb.
Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti dekabrın 14-də Milli Təhlükəsizlik Nazirliyinin bazasında yaradılıb. Hər iki qurum dekabrın 15-də Nazirlər Kabinetinin strukturuna daxil edilib. Bununla hökumətdə nazirliklərin sayı 20-dən 19-a düşüb, dövlət xidmətlərinin sayı isə 2-dən 4-ə qalxıb.
Dəyişikliklərdən sonra baş naziri və onun müavinlərini də nəzərə alanda Nazirlər Kabineti 44 nəfərlikdir. Hazırda Nazirlər Kabinetində 42 nəfər təmsil olunur. Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru və rabitə və yüksək texnologiyalar naziri postları boşdur.
Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru postu 2013-cü ilin dekabr ayından vakantdır. O vaxtdan direktorun səlahiyyətlərini müavin Hacıağa Əliyev həyata keçirir.
Bu il noyabrın 12-də isə Əli Abbasov rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən çıxarılıb. Noyabrın 25-də prezident İlham Əliyev sərəncam imzalayaraq Ramin Quluzadəni rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edib. Sədrin səlahiyyətlərinin icrası ona tapşırılıb.
Hökumətin yeni strukturu:
Xarici İşlər Nazirliyi
Daxili İşlər Nazirliyi
Müdafiə Nazirliyi
Müdafiə Sənayesi Nazirliyi
Ədliyyə Nazirliyi
Maliyyə Nazirliyi
Vergilər Nazirliyi
İqtisadiyyat və Sənaye Nazirliyi
Energetika Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Kənd Təsərrüfatı Nazirliyi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Mədəniyyət və Turizm Nazirliyi
Təhsil Nazirliyi
Səhiyyə Nazirliyi
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Gənclər və İdman Nazirliyi
Nəqliyyat Nazirliyi
Fövqəladə Hallar Nazirliyi
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
Dövlət Gömrük Komitəsi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Dövlət Statistika Komitəsi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Diasporla İş üzrə Dövlət Komitəsi
Əmlak Məsələləri Dövlət Komitəsi
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
Dövlət Dəniz Administrasiyası
Dövlət Mülki Aviasiya Administrasiyası
Dövlət Təhlükəsizliyi Xidməti
Xarici Kəşfiyyat Xidməti
Dövlət Miqrasiya Xidməti
Dövlət Sərhəd Xidməti
Milli Arxiv İdarəsi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
Dövlət Sosial Müdafiə Fondu.
|