Yaşıllaşdırma ilə məşğul olan ASC-nin işində nöqsanlar aşkarlanıb
16.12.2015
Hesablama Palatasının Kollegiyası dövlət büdcəsindən “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı audit tədbirinin nəticələrinə baxıb. Rəsmi məlumata görə, iclasda çıxış edən auditor bildirib ki, ASC büdcə proqnozlarını tərtib edərkən vəsaitə olan tələbat əvvəlki illərin icra səviyyəsi nəzərə alınmadan artıq hesablanıb, onun tabeliyində olan idarələr isə büdcə vəsaitinə tələbatın hesablanması barədə məlumatı mərkəzi idarə aparatına təqdim etməyib: “Cəmiyyətin tabeliyində olan yaşıllaşdırma idarələrinin qulluq etdiyi sahələrin qeyri-meşə fondu torpaqları olması, həmçinin qulluq göstərilən ərazilərin (sahələrin) əksər hissəsini qeyri-münbit torpaqların təşkil etməsi, bəzi yaşıllaşdırma idarələri üzrə torpağın əkinə hazırlanması işlərinin və qulluğun tələb olunan səviyyədə aparılmaması səbəbindən qeyri-meşə fondunda (yolkənarı) əkilmiş ağac və kolların bitiş norması (faizi) müvafiq qaydada qəbul edilmiş həddən aşağı olub.
ASC-nin “Maliyyə vəziyyəti haqqında hesabat”ında ilin əvvəlinə və sonuna qısamüddətli debitor və kreditor borcları və gələcək hesabat dövrlərinin gəlirləri üzrə qısamüddətli öhdəliklərin az, material ehtiyatları üzrə qalıq məbləğinin çox göstərildiyi, ilin sonuna isə yanacağa görə yaranmış kreditor borcunun hesabatda əks etdirilmədiyi, yaşıllaşdırma idarələrinin magistral avtomobil yollarının kənarında əkdiyi ağaclar və kolların (bioloji aktivlər) uzunmüddətli aktivlər kimi deyil, qısamüddətli aktivlər kimi uçota alındığı, layihə-smeta sənədlərinin hazırlanması üzrə yaranmış kreditor borcların isə maliyyə hesabatlarında göstərilmədiyi də üzə çıxıb”.
Auditor ASC-nin mülkiyyətində olmayan bəzi torpaq sahələrinin münbitləşdirilərək əkin üçün hazırlanmasına və ilbəil becərilməsinə dövlət büdcəsinin vəsaiti hesabına çəkilən xərclərin potensial olaraq səmərəsiz xərclərə çevrilməsi riskini yüksəltdiyini qeyd edib.
Tövsiyələr diqqətə çatdırıldıqdan sonra nəzarət tədbirinin nəticələri üzrə qərar qəbul olunub.
Prokuror Rauf Mirqədirova 7 il həbs cəzası istədi
16.12.2015
Dekabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun işi üzrə növbəti proses keçirilib. Musavat.com xəbər verir ki, prosesdə dövlət ittihamçısı çıxış edib. O, Rauf Mirqədirovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Hakim növbəti prosesi dekabrın 23-nə təyin edib.
2014-cü il aprelin 19-da tutulan jurnalist dövlətə xəyanətdə günahlandırılır. Prokurorluğun apardığı istintaqa əsasən, jurnalist Sülh və Demokratiya İnstitutunun xətti ilə Ermənistan xüsusi xidmət orqanlarına casusluq edib.
Bu iş üzrə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus da ittiham edilir. 2015-ci il avqustun 13-ü Bakı Ağır Cinayətlər Məhkəməsi Leyla Yunusu 8 il 6 ay, Arif Yunusu isə 7 il müddətinə azadlıqdan məhrum edib. Onlar maliyyə cinayətlərində təqsirli bilinib. 2014-cü ilin yayında tutulan həyat yoldaşlarının dövlətə xəyanət ittihamı üzrə cinayət işi ayrı icraata verilib.
Bu ay Bakı Apellyasiya Məhkəməsi onlara 5 il sınaq müddəti təyin etməklə şərti cəza kəsib. Hər iki şəxs azadlığa çıxıb. Yunuslara qarşı dövlətə xəyanət ittihamına gəlincə, onların vəkilinin verdiyi məlumata görə, bu ittiham üzrə icraat dayandırılıb.
Rauf Mirqədirov 1961-ci ildə Bakıda anadan olub. 1987-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirən Rauf Mirqədirov uzun illər “Zerkalo” qəzetinin siyasi icmalçısı olub, 2010-cu ildən qəzetin Türkiyədə xüsusi müxbiri postunda çalışıb.
Rauf Mirqədirov 2005-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə əməkdar jurnalist fəxri adına layiq görülüb.
Ötən ilin dekabr ayında İsveçrədə Rauf Mirqədirovun həyat yoldaşına, iki qızına siyasi sığınacaq verilib.
Cəbhənin ön xəttinə reyd olub
16.12.2015
Mod.gov.az xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə zonasında yerləşən birlik, birləşmə və hərbi hissələrdə olub.
Müdafiənin ön xəttindəki səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri onların döyüş hazırlığı və sosial-məişət şəraiti ilə maraqlanıb. Məlumat verilib ki, yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən şəxsi heyət qablaşdırılmış qida məhsulları, o cümlədən gündəlik olaraq küftə, üç növ dolma və digər milli xörəklərlə, əşya-əmlak, yanacaq və istiliklə tam təmin olunub.
Nazir xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu mükafatlandırıb, onlara qiymətli hədiyyələr təqdim edib.
Düşmənlə təmas xəttində yerləşən bölmələrdən birində komanda müşahidə məntəqəsinə baş çəkən müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti, müdafiə zolağında həyata keçirilən tədbirlər barədə məruzə edilib.
Ön İdarəetmə Mərkəzində olan müdafiə naziri onun fəaliyyəti, qoşunların daimi idarə olunması, birlik və birləşmələrin qərargahları ilə bölmələr arasında qarşılıqlı operativ əlaqə, rabitə və elektron vasitələrin dayanıqlığı və əhatə dairəsi, eləcə də döyüş və ya əməliyyatların idarə olunması imkanlarını yoxlayıb.
Ekspert vergi və seçki bağı istəyir
16.12.2015
İqtisadçı ekspert, müxalif REAL Hərəkatının liderlərindən olan Natiq Cəfərli hökumətin vergi nəzarətini gücləndirməsini, bu yöndə cərimələri artırmasını şərh edib. Transparency.az-ın məlumatına görə, ekspert islahatların əks effekt verəcəyini yazır: “Vergi məsuliyyətdir, özü də ikitərəfli məsuliyyətdir, yəni tək vətəndaşın dövlət qarşısında götürdüyü məsuliyyət deyil, həm də vergini yığan dövlətin, vətəndaş vergiləri ilə proqramlar həyata keçirən, maaş alan hökumətin də məsuliyyəti var.
Sivil dünyada hökumətlərlə vətəndaşlar arasında iki önəmli bağ olur: vergi və seçki. Vətəndaş vergiləri vaxtlı-vaxtında ödəyir, əvəzində isə ödədiyi vergilərin necə xərclənməsinin hesabatını hökumətdən tələb edir. Hesabatı yaxşı verməyən, işləməyi bacarmayan, vergilərdən formalaşan ölkə büdcəsini normal idarə edə bilməyən, vətəndaşların tələb və gözləntilərinə cavab verə bilməyən hökumətlər 4-5 ildən bir seçkilər zamanı öz qiymətini alır, yaxşı işləyən hökumətlər seçki yolu ilə bir də hakimiyyətdə qalır, pis işləyənlər isə hakimiyyətdən gedir. Mexanizm məhz belə işləyir, tək bu yolla effektiv olur.
Bizdə 22 ildir hakimiyyət vətəndaşla öz arasında bu iki mühüm bağı kəsib atıb: seçkilər total saxtalaşdırılır, neft gəlirlərinə görə formalaşan büdcəmizdə isə vətəndaşların vergisinin əhəmiyyəti azalırdı. Bizim büdcəmizdə vətəndaşlardan toplanan vergilər büdcənin heç 10 faizini təşkil etmirdi, sivil ölkələrdə isə bu rəqəm 65-70 faizdən çox olur. Yəni illərdir hökumət vətəndaşın vergisinə, səsinə ehtiyac duymurdu, indi isə vəziyyət qəlizləşib deyə yükün böyük bir hissəsini vətəndaşın çiyninə qoymaq istəyir. Olsun, mümkündür, amma mən vətəndaş olaraq ödədiyim vergilərin necə xərclənməsini bilmək istəyirəm, ölkədə həyata keçirilən iri layihələr zamanı mənimlə məsləhətləşmək lazım olduğunu bildirirəm, ictimai rəyin nəzərə alınmasını gözləyirəm, nəhayət, azad və ədalətli seçki istəyirəm, yoxsa hesabatlılığı olmayan və seçilməyən hökumətə niyə vergi verməliyəm ki?!
Ancaq vətəndaşın üzərində olan məsuliyyət modeli olmur, işləmir, belə sistemlər dağılır, dünyada bunun onlarla örnəyi var, amma əksini sübut edən bir nümunə belə yoxdur”.
|