Azərbaycanın təhlükəsizlik orqanı nə qədər ad dəyişib?
15.12.2015
Dekabrın 14-də Milli Təhlükəsizlik Nazirliyinin bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradıldı. Transparency.az Azərbaycanın təhlükəsizlik orqanının tarixi ərzində neçə ad dəyişikliyi olduğuna nəzər salıb.
1919-cu ilin iyun ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarı ilə yaradılmış xüsusi xidmət orqanının adı əvvəlcə Dövlət Müdafiə Komitəsi olub, ancaq cəmi iki gün sonra o, Əksinqilabla Mübarizə Təşkilatına çevrilib.
1920-ci ildə qurulan sovet rejimi illərində xüsusi xidmət orqanı əvvəl Fövqəladə Komissiya adlanıb. Sonralar ad bir neçə dəfə dəyişib:
Dövlət Siyasi İdarəsi
Birləşmiş Dövlət Siyasi İdarəsi
Xalq Daxili İşlər Komissarlığı
Xalq Dövlət Təhlükəsizliyi Komissarlığı
Dövlət Təhlükəsizlik Nazirliyi
Daxili İşlər Nazirliyi.
SSRİ dövründə xüsusi xidmət orqanının son adı Dövlət Təhlükəsizlik Komitəsi olub.
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Milli Təhlükəsizlik Nazirliyi təsis edilib.
2015-ci il dekabrın 14-də Milli Təhlükəsizlik Nazirliyinin bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqda verilən qərar faktiki olaraq Milli Təhlükəsizlik Nazirliyi adında xüsusi xidmət orqanının tarixə qovuşması deməkdir.
Azərbaycan xüsusi xidmət orqanlarının rəhbərləri:
Məmmədbağır Şeyxzamanlı: 1919
Nağı Şeyxzamanlı: 1919-1920
Semyon Pankratov: 1920
Baba Əliyev: 1920
Eyyub Xanbudaqov: 1920-1921
Mircəfər Bağırov: 1921-1927
Novruz Rizayev: 1927-1929
Mircəfər Bağırov: 1929-1930
Mixail Frinovski: 1930-1933
Aleksey Aqrba: 1933-1934
Yuvelian Sumbatov (Topuridze): 1934-1938
Mixail (Yakov) Rayev-Kaminski: 1938
Stepan Yemelyanov: 1939-1953
Anatoli Quskov: 1953-1956
Fyodor Kopılov: 1956-1959
Aleksandr Kardaşov: 1959-1963
Semyon Sviqun: 1963-1967
Heydər Əliyev: 1967-1969
Vitali Krasilnikov: 1969-1980
Ziya Yusifzadə: 1980-1988
İvan Qorelovski: 1988-1989
Vaqif Hüseynov: 1989-1991
İlhüseyn Hüseynov: 1991-1992
Fəxrəddin Təhməzov: 1992-1993
Nəriman İmranov: 1993-1994
Namiq Abbasov: 1994-2004
Eldar Mahmudov: 2004-2015.
2015-ci il dekabrın 14-də Orxan Sultanov Xarici Kəşfiyyat Xidmətinin, Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi postuna təyinat alıb. Mədət Quliyev həmin il oktyabrın 20-dən milli təhlükəsizlik nazirinin birinci müavini idi, nazir səlahiyyətlərini icra edirdi.
Ticarət dövriyyəsi və iaşə xidmətləri: yeni rəsmi rəqəmlər
15.12.2015
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ilin 11 ayı ərzində istehlakçılara 22,4 milyard manatlıq məhsul satılıb. Bu, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,1 faiz çoxdur. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın həcmi 9,6 faiz artaraq 11185,2 milyon manat, qeyri-ərzaq məhsulları üzrə isə 13,5 faiz artaraq 11249,4 milyon manat olub.
11 ayda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2 dəfə artaraq 11,5 milyon manata çatıb. Elektron ticarətlə əhalinin sifariş verdiyi istehlak məhsullarının 91,6 faizi hüquqi şəxslərdən, 8,4 faizi isə fərdi sahibkarlardan alınıb. Elektron ticarət dövriyyəsinin 96,2 faizi qeyri-ərzaq məhsullarının payına düşüb.
2015-ci ilin yanvar-noyabr aylarında iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz artaraq 950,7 milyon manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 416,2 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar üzrə isə 534,5 milyon manat təşkil edib.
Yeni tikilən hərbi hissə açılıb
15.12.2015
Yeni tikilən hərbi hissənin açılışı olub. Mod.gov.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin rəhbərliyi inşa edilən qərargah, əsgər yataqxanaları, xidməti, tədris və istirahət otaqları, brifinq zalı, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana, qazanxana kompleksi və digər obyektlər ilə tanış olub.
Şəxsi heyət qarşısında çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib ki, bu il yeni tikilmiş onuncu hərbi şəhərcik açılır: “Ən müasir, bütün avadanlıqlarla təchiz olunan hərbi hissə şəxsi heyətin istifadəsinə verilir. Prezident İlham Əliyev Silahlı Qüvvələrimizin bütün istiqamətlər üzrə inkişafını ciddi nəzarətdə saxlayır. Ordunun döyüş hazırlığı yüksəlir, hərbi hissələr yeni silah-sursatla, ən müasir döyüş texnikası ilə təmin olunur, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşır, daimi və xidməti mənzillər istifadəyə verilir. Dövlətin və xalqın etimadını doğrultmaq üçün biz gərək gecə-gündüz çalışaq və xidməti-döyüş hazırlığımızı yüksək səviyyədə təşkil edək.
Qarşımızda torpaqlarımızı işğaldan azad etmək kimi əsas və müqəddəs vəzifə dayanır. Silahlı Qüvvələrimiz cəbhədə düşmənə sarsıdıcı zərbələr vurur və nəticədə qarşı tərəf çoxlu itki verir. İndiki mərhələdə düşmənin bütün ordusu ilə bizim ordumuzun yalnız kiçik bir qismi mübarizə aparır. Nə qədər ki, torpaqlarımız işğaldan azad olunmayıb, biz hər qarış torpağımıza görə sonadək vuruşacağıq.
Bundan sonra düşmənə qarşı daha ciddi tədbirlər görəcək, ona daha sarsıdıcı zərbələr endirəcəyik. Onda düşmən Azərbaycan əsgərinin, Silahlı Qüvvələrimizin gücünü daha çox hiss edəcək. Məqsədimiz düşmənə sarsıdıcı zərbələr endirərək onu işğal olunmuş torpaqlarımızdan qovmaqdır. Biz bu işi bundan sonra daha da sərt şəkildə həyata keçirəcəyik. İşğalçılar torpaqlarımızı nə qədər tez tərk etməli olduqlarını anlasalar, itkiləri bir o qədər az olar. Düşmənlərimiz də bunu bilməli və anlamalıdırlar”.
Müdafiə Nazirliyinin rəhbərliyi ərazi ilə tanış olub, müvafiq göstəriş və tövsiyələrini verib, hərbi qulluqçularla birlikdə nahar ediblər.
|