Xəzərdə Türkiyənin yükünü daşıyan Azərbaycan bərələrinə problem yaranıb
14.12.2015
Qazaxıstanın Aktau limanı qapalı elan olunub. Nəticədə bu ölkəyə, eləcə də Mərkəzi Asiyanın digər ölkələrinə Türkiyənin yük maşınlarını daşıyan Azərbaycana məxsus bərələrin işində problem yaranıb.
Rəsmi məlumata görə, Aktau limanı dekabrın 4-dən Xəzərdə başlanan güclü qasırğaya görə qapalı elan edilib.
Məsələ ilə bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC dekabrın 13-də açıqlama yayıb.
Transparency.az/cnews xəbər verir ki, açıqlamada Aktau limanının qapalı elan olunmasının bərələrin hərəkət qrafikinə çox ciddi təsir etdiyi vurğulanır. Bildirilir ki, son günlər Türkiyənin yük maşınlarını daşıyan Azərbaycana məxsus bərələr ardıcıl olaraq Aktau limanına yola salınıb. Dekabrın 6-9-da 4 ədəd bərə Aktau limanına çatıb, lakin liman qapalı elan olunduğundan bərələr körpüyə yan ala bilməyib, lövbərdə havanın düzəlməsini gözləməli olublar. Bu müddət ərzində limanda başqa yük maşınları da toplanıb.
Açıqlamada o da qeyd edilir ki, Aktau limanında bərələr üçün 1 ədəd yanalma körpüsü var və bu körpünün qasırğadan, yüksək dalğalardan qorunmaması vəziyyəti bir qədər də çətinləşdirib.
Açıqlamada deyilir ki, hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin iki bərəsinin boşaldılması Aktau limanındakı yanalma körpüsündə yaranan texniki nasazlığa görə ləngiyir.
Xatırladaq ki, oktyabrın üçüncü ongünlüyündə prezident İlham Əliyevin fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb. Noyabrın ortalarında şuranın ilk iclası keçirilib. Dekabrın 3-dən isə şura Azərbaycandan Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına istiqamətlənmiş iritonnajlı yük avtonəqliyyat vasitələri üçün tranzit gediş-gəliş xərclərini təqribən 40% aşağı salıb. Bakı-Aktau-Bakı istiqamətləri üzrə dəniz yolu ilə daşıma tarifləri də 20%-dək aşağı salınıb və hər iki istiqamət üzrə birlikdə 2100 ABŞ dolları həcmində müəyyənləşdirilib. Bununla da hər bir iritonnajlı yük avtonəqliyyat vasitəsi üçün hər gediş-gəliş tranzit xərcləri hər iki istiqamət üzrə birlikdə təxminən 2600 ABŞ dolları olub.
Dekabrın 3-dən şura neft və neft məhsullarının Azərbaycan ərazisindən ayrı-ayrı istiqamətlər üzrə dəmir yolları vasitəsilə tranzit daşınması və dəniz terminallarının bu sahədə göstərdiyi yükaşırma xidmətlərinin tariflərinin yuxarı həddini də təsdiq edib. Tariflərə neft və neft məhsullarının tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri ilə bağlı bütün ödənişlər daxildir. Şuranın qərarına görə, aidiyyəti xidmət göstərən subyektlər tariflərə 30 faizədək güzəştlər tətbiq edə bilər. Yüklərin tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri üzrə güzəştlərin 30 faizdən artıq müəyyən edilməsi isə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının səlahiyyətindədir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin dekabrın 13-də yaydığı açıqlamada deyilir ki, prezident İlham Əliyevin Türkiyədən Mərkəzi Asiya, xüsusilə də Qazaxıstan istiqamətində yük maşınları ilə daşımalar üçün Xəzər üzərindən marşrutda əlverişli şəraitin yaradılması barədə tapşırıqları var və bu tapşırıqların icrası Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının tərkibinə daxil olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ciddi diqqət mərkəzindədir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” bəyan edir ki, Türkiyəyə məxsus yük maşınlarının vaxtında və təhlükəsiz daşınması qurum üçün ən mühüm məsələlərdən biridir: “Bunu nəzərə alaraq, hava şəraitinin düzəlməsi ilə bərələrin yenidən təyin olunmuş qrafiklə hərəkət etməsi təmin olunur”.
Noyabrda istehlak 0,4 faiz bahalaşıb
14.12.2015
Dövlət Statistika Komitəsi istehlak bazarında ötən ay baş verən dəyişikliklə bağlı hesabat yayıb. Transparency.az rəsmi məlumata əsaslanıb bildirir ki, noyabrda ərzaq məhsullarının qiyməti 0,9 faiz artıb, qeyri-ərzaq məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişiklik olmayıb. Ümumilikdə istehlak məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,4 faiz artıb.
Ay ərzində düyünün, unun, toyuq ətinin, kolbasa məmulatlarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, üzümün, xiyarın, pomidorun, badımcanın, bibərin, lobyanın, kartofun, soğanın, sarımsağın qiymətlərində artım, qarabaşaq yarmasının, mal və qoyun ətinin, limonun, portağalın, naringinin, almanın, heyvanın, bananın, xurmanın, kələmin, göyərtinin, balqabağın, çuğundurun, yerkökünün qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişiklik baş verməyib.
Kənd təsərrüfatı və sənayedə istehsal qiymətləri necə dəyişib?
14.12.2015
Dövlət Statistika Komitəsi kənd təsərrüfatı və sənaye məhsullarının istehsalçı qiymətləri haqda məlumat yayıb. Transparency.az rəsmi hesabata əsasən bildirir ki, ötən ay bitkiçilik məhsullarının istehsalçı qiymətləri 3,7 faiz artıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində dəyişiklik müşahidə olunmayıb. Ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,8 faiz artıb.
Noyabrda mədən sənayesi üzrə istehsalçı qiymətləri 8,2 faiz, emal sənayesi üzrə 1,4 faiz azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələri üzrə isə qiymətlərdə dəyişiklik baş verməyib. Ümumilikdə sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 7,1 faiz azalıb.
Yükdaşıma: noyabr üzrə rəsmi hesabat bəlli olub
14.12.2015
Nəqliyyat sektorunda yükdaşıma qiymətlərinin vəziyyətinin ötən ay necə olduğu açıqlanıb. Dövlət Statistika Komitəsi bildirir ki, noyabrda boru kəməri nəqliyyatı ilə neftin nəql olunması 0,2 faiz ucuzlaşıb, qazın nəql olunması isə 0,1 faiz bahalaşıb.
Dəmir yolu ilə yükdaşımada qiymətlər 0,1 faiz, dəniz nəqliyyatı ilə yükdaşımada 1,4 faiz artıb.
Transparency.az-ın məlumatına görə, rəsmi hesabatda bildirilir ki, hava və avtomobil nəqliyyatı sahələrində yükdaşımanın qiymətlərində dəyişiklik olmayıb. Ümumilikdə nəqliyyat sektorunda yükdaşıma qiymətləri əvvəlki ayla müqayisədə sabit qalıb.
|