|
Dissertasiyanın aprobasiyası və tətbiqi
|
bet | 8/16 | Sana | 24.07.2021 | Hajmi | 68,01 Kb. | | #15967 |
Dissertasiyanın aprobasiyası və tətbiqi: Tədqiqatın əsasları müxtəlif elmi məcmuələrdə dərc olunmuş 9 məqalə və elmi-nəzəri konfranslarda edilmiş bir sıra məruzələrdə öz əksini tapmışdır.
Dissertasiya işinin yerinə yetirildiyi təşkilatın adı: Dissertasiya Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasında yerinə yetirilmişdir.
Dissertasiyanın quruluşu. Dissertasiya giriş, üç fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.
Dissertasiyanın struktur bölmələrinin ayrılıqda həcmi və işarə ilə ümumi həcmi. Giriş 5 səhifə, I fəsil 47 səhifə, II fəsil 41 səhifə, III fəsil 40 səhifə, Nəticə 4 səhifə, istifadə edilmiş ədəbiyyat, 13 səhihə. Ümumi həcmi 153 səhifə – 263, 595 işarə.
TƏDQİQATIN ƏSAS MƏZMUNU
Dissertasiyanın “Giriş” hissəsində mövzunun aktuallığı və işlənmə dərəcəsi əsaslandırılır, tədqiqatın məqsəd və vəzifələri müəyyənləşdirilir, tədqiqatın metodları, müdafiə çıxarılan əsas müddəalar, elmi yeniliyi, nəzəri və praktik əhəmiyyəti açıqlanır, dissertasiyanın aprobasiyası və tətbiqi, dissertasiya işinin yerinə yetirildiyi təşkilatın adı, dissertasiyanın quruluşu, dissertasiyanın struktur bölmələrinin ayrılıqda həcmi və işarə ilə ümumi həcmi haqqında məlumat verilir.
Tədqiqatın I fəsli “Azərbaycan ədəbi dilində pedaqogika terminologiyanın inkişafı” adlanır. Bu fəsil üç yarımfəsildən ibarətdir.
Birinci fəslin birinci bölməsi “Müasir dövrdə termin və anlayışların funksionallığı” adlanır. XX əsrin sonlarından başlayaraq ictimai həyatda əhəmiyyətli dəyişikliklər baş vermişdir. Bu dəyişmələr, hər şeydən əvvəl, informasiya cəmiyyətinin yaranması ilə bağlıdır. Yeni elmi istiqamətlərdə yaxınlıq, müştərəklik informasiya cəmiyyətində terminlərin istifadə sahələrinin sərhədlərini genişləndirir.
Azərbaycan dilində termini müxtəlif cəhətdən xarakterizə edərək S.Sadıqova yazır: “Termin elm və texnikanın, iqtisadiyyat və mədəniyyətin müxtəlif sahələrində məntiqi cəhətdən dəqiq formalaşmış spesifik anlayışları ifadə edən, adlandıran, xüsusi funksiya daşıyan, definisiyaya malik söz və söz birləşməsidir”1.
Sahə anlayışları bir-biri ilə əlaqələnən mürəkkəb bir sistem təşkil edir. psixologiya: qavrayış↔hiss üzvləri, qavrayış↔duyğu, qavrayış↔inikas, qavrayış→ qavrayışın sabitliyi, intuisiya – mühakimə, intuisiya – sezmə və s.
Deməli, termin yalnız sahə anlayışının adı deyildir, termin həm də sahələrarası yeni anlayışı formalaşdırıb yaradan vasitədir.
V.Leyçikə görə, termin üçlaylı mürəkkəb quruluşdur. Termini aşağıdakılar təşkil edir: 1) təbii dil substratı; 2) məntiqi substrat; 3) terminoloji mahiyyət2.
Hər bir elmin anlayışlar sisteminin və terminologiyasının yaranması bu elmin inkişafı ilə sıx bağlıdır. Elmi biliklər keyfiyyətcə yeni elmi-nəzəri səviyyəyə keçməsi onun anlayışlar sisteminin formalaşıb sabitləşməsi ilə möhkəm əlaqədar olur. Anlayışlar tədricən qeyd olunan, təyin edilən məna alır. Pedaqogikada da üç qrup leksik vasitənin olması qeyd olunur. Məsələn, B.B.Komarovski leksik vasitələrin üç qrupunu belə ayırır: “1) sözün həqiqi mənasında terminlər; 2)yalnız nominativ funksiya yerinə yetirən nomenklaturlar; 3)qismən pedaqogikaya aid olan terminlər”3. Bu qruplardan birinci və üçüncüsündə termin-anlayış uyğunluğu aşkara çıxır.
Sahə terminin, eləcə də pedaqoji terminin mövcud olduğu spesifik oblastdır. Bu oblast daxilində termin onu səciyyələndirən bütün əlamətlərə malik olur. Sahə müəyyən sərhədə malikdir. Bu sərhəd sahənin məhdudluğunu və ya qapalılığını şərtləndirmir. Sərhəd sahəni söz və başqa sahə terminlərindən ayırır4. Ekstralinqvistik amillərin təsiri ilə sahəyə yeni-yeni terminlər daxil olur. Nominasiya prosesi çoxmərhələlidir. Məsələn, tərbiyə insan şəxsiyyətinin məqsədyönlü formalaşması və inkişafı prosesi və nəticəsidir. O, iki mənada - geniş və dar mənada işlənir. Geniş (sosial) mənada tərbiyə sosial təcrübənin (yaşlı nəslin əldə etdiyi bilik və bacarıqların, ideya və baxışların) gənc nəslə verilməsi prosesi kimi başa düşülür. Bu halda tərbiyə insana bütün mütəşəkkil və məqsədyönlü təsirləri, o cümlədən sosial həyatın təsirlərini, tərbiyə, təhsil və təlimi özündə birləşdirir. Dar (pedaqoji) mənada tərbiyə tərbiyəçilərin (eləcə də təlim və təhsilin) mütəşəkkil və məqsədyönlü təsiri ilə şəxsiyyətin formalaşması və inkişafı prosesi kimi başa düşülür. Təlim müəllimin rəhbərliyi altında insanın təhsil alması prosesidir. O, müəllim və şagirdlərin məqsədyönlü qarşılıqlı əlaqəsinə əsaslanır. Şəxsiyyətin inkişafı müxtəlif amillərin (təbii və sosial, xarici və daxili amillərin) təsiri ilə insanın şəxsiyyət kimi formalaşması prosesidir. Eyni anlayışın bir neçə terminlə adlandırılması mümkündür. Lakin sonuncu mərhələdə bir termin seçilir.
|
| |