P.3. Rollu oyunlar
Oyunlar daha maraqlı və səmərəli iş formasıdır. Rollu oyun kiçik improvizasiya-pyesdir. Onun məqsədi təlim materialının qavranılmasını və dərk edilməsini asanlaşdırmaq, şagirdləri real təhsildə və həyatda baş verən vəziyyətlərə hazırlamaqdır. Qeyri-müəyyənlik şəraitində, yaradıcılıq fəaliyyətində, real mühitin əsas cəhətlərinin təxəyyüldə yaradıldığı vəziyyətdə qərar qəbul etməyi öyrətmək üçün oyundan istifadə olunur. Müəllimin vəzifəsi öz personajına kənardan baxmağı öyrətmək, bu vəziyyətdə onun güclü və zəif tərəflərini başa düşməyə kömək göstərməkdən ibarətdir.
Tətbiq etmək qaydası.
- Müəllim əvvəlcədən situasiya fikirləşib tapır, sinif otağını hazırlayır.
- Oyunun iştirakçılarını ehtiyatla və ustalıqla seçmək lazımdır.
- Rolun ifası zamanı münaqişələrin yaranmasına yol verilməməlidir.
- Rollar qısa olmalı, sadə dildə yazılmalıdır.
- Müəllim sinfi öz rollarını ifa edən bir neçə qrupa bölə, ya da bir qrupa oynamağı, qalanlarına isə aktyorların oyununu müşahidə etməyi tapşıra bilər.
Oyunun sonunda şagirdləri ustalıqla rollarından “çıxarmaq” vacibdir. Yekunlaşdırarkən müəllim diqqəti aktyorların söylədiyi ayrı-ayrı sözlərə deyil, məşğələnin məqsədlərinə yönəldir.
|