Dozimetrik cihazların ion kamerası və blok sxemləri
Mülki müdafiə (MM) sistemində dozimetriyanın əsas vəzifəsi – müxtəlif radiasiya şəraitində əhalinin, mülki müdafiə qoşunları və hərbiləşməmiş dəstələrin fəaliyyətini təmin etmək məqsədilə ionlaşdırıcı şüalanmaları aşkar etmək və bu şüalanmaların onlar üçün yaratdığı təhlükənin dərəcəsini qiymətləndirməkdir.
İonlaşdırıcı şüalanmaları aşkar etmək, onların enerjisini və digər xassələrini ölçmək üçün istifadə edilən cihazlara detektor deyilir. Detektor tədqiq edilən şüalanmaları ölçmək üçün istifadə olunan cihazların əksəriyyətinin, habelə mürəkkəb qurğuların vacib hissəsidir.
Detektorların əksəriyyətinin işi ionlaşdırıcı şüalanmadan maddənin şüalanması, ya da onun atomlarının və ya molekullarının təsirlənməsi (həyəcanlanması) effektinin aşkar olunmasına əsaslanır. Qazlarda ionlaşma effektinin aşkar olunması əsasında işləyən detektorlara ionlaşma kameraları və qazboşalma sayğacları aid edilir. İonlaşma kamerasında şüalanmanın yaratdığı elektronlar və müsbət ionlar elektrik sahəsi qüvvəsinin təsiri altında müvafiq elektrodlara tərəf hərəkət edir, nəticədə xarici dövrədə cərəyanın kəmiyyətinə görə ionlaşma effektini ölçmək mümkün olur.
Cihazın sxemində çevrilən siqnalların xarakterinə görə dozimetrik qurğular iki qrupa ayrıla bilər. Birinci qrupa elə cihazlar aid edilir ki, burada nəzarət edilən şüalanmaların hissəcikləri və ya fotonları detektor vasitəsilə qısa, ardıcıl elektrik siqnallarına (impulslara) çevrilir. Bu qrup cihazların elektrik sxemi çevirici və impuls gücləndiricisi rolunu oynayır. İkinci qrupa aid olan dozimetrik cihazlarda isə cihazın detektoru ona təsir göstərən şüalanmaları fasiləsiz sabit cərəyana çevirir. Belə halda cihazın sxemi sabit cərəyan gücləndiricisi və çevirici rolunu oynayır.
|