TÜrk xalqlari folkloru IV kitab altay dastanlari və ƏfsanəLƏRİ baki – 2016 Redaktoru: fil. ü. f d. Əfzələddin ƏSGƏR




Download 1.31 Mb.
bet7/14
Sana29.12.2019
Hajmi1.31 Mb.
#6098
1   2   3   4   5   6   7   8   9   10   ...   14

XAN MERQEN

(Çedek1 Kuranakov söyləyib)


Dəmir rəngli göy-kürən (kok-kuren) atlı, ağ ilxısı Altayına sığmayan, adamları (el-yon) torpaqlarını tutmayan Xan Merqe­nin saçları çal olmuşdu; o qocalırdı. Ağ ilxısı, mal-heyvanı şo­ran otları yeyirdi. Xan Merqen də, onun mal-qarası da Arjan-Kutuk ça­yın­dan su içir­di­lər. Onun Altayında yay ilə qış bilin­mirdi, buna görə də buraya Yay Al­tay deyirdilər. Həm­çinin gecə ilə gündüz də fərqlənmirdi, buna görə Tuş Altay (əbədi gün) da deyirdilər. Edil (qu­qu quşu) həmişə oxuyur, Emil-aqaş meşəsi hə­mişə ya­şıl­la­şır­dı; təbiət beləcə ecazkar ya­ra­­dılmış­dı. O dü­şü­nürdü: “Yanımda yaşayacaq oğlum, yad­­la­ra verməyə qızım yox­dur. Öləndə cəsədimi qurd-quş göyə-yerə dağıda­caq”. Xan Mer­qe­nin Yetı Burxan (Yeddi ulduz) Tanrısı ilə Buu­rıl-Burxan vasitəçi dilmancı vardı; o Xan Mer­qe­nin hamisi idi. Onun qızıl örqösü, göy səmaya qalxan yetmiş yeddi talalı temir-alqa tayqası vardı.

Yer üzü yaranandan bəri o, bu dağların zirvəsində olma­mışdı, dedi:

– Oy, oy, hələ ki, ölməmişəm, gedim, əlçatmaz qara tay­qalarımda ov ovla­yım.

O, tərlikləri, mis artaşı götürüb Kok-kürən atı yəhərlədi, otuz qarınaltını bərkidib altmış altı düyməli qızıl çümü, üstün­dən qapqara his kimi zirehi geyindi, ağ almaz po­lad qılıncını bağladı, qara ay kimi saadakı çiyninə keçirib yanmış meşə ki­mi oxlarla do­lu oxluğu qurşağına başladı, qupquru ağaza bən­zəyən nizəni əlinə aldı. O, ayağını üzən­gi­yə qoyub üç təkanla atı mindi, yola düşdü. Xan Merqen yetmiş yeddi tala­lı tayqa­ya gir­di, altı altaya göz gəzdirib torpağa baxdı, yabanı dağları, çayları keçib öz-özünə dü­şün­dü: “El-obamı qoruyacaq oğlum, yad ellərə veriləcək qızım yoxdur; camaatım da, il­xı­larım da düzdə sahibsiz qalacaq”. O, belə düşünüb kədərli bir mahnı oxudu, səsi daş-qa­yada əks-səda verdi. Altay Kanay gurultu qo­pardı; quşlar qanadları ilə, heyvanlar cüt dır­naqları ilə onun arxasınca düşdülər. Yer üzündə yetmiş xan, yer altında altmış xan onun mahnısını eşidib dedilər:

– Bu mahnını oxuyan hansı bədbəxtdir?

Yuxarıda dayanan Yetı Burxan, dilmanc olmuş Buurıl-Bur­xan dedilər:

– Bu nə kədərli mahnıdır?

Yerin altında Erlik-biy boynunu uzadıb dinlədi, dedi:



Belə gözəl oxuyan kimdir, hansı bədbəxtdir? Bunun ru­hu bədənindən ayrılıb be­­lə oxuyur, yoxsa həyatından razı deyil?

O, bir az dinləyib Xan Merqenin səsini tanıdı, bildi ki, o, övladsız həyatından gi­ley­­lənir, dedi:

– Niyə yaradanlar öz məxluqlarına fikir vermirlər?

Erlikin üç qızı da mahnını eşitdi. Erlik sözlərini bitirməyə macal tapmadı. Qızlar şövqlə qışqırdılar:



Gəlin, Erlik atamızın yanına gedib ona deyək, qoy, o, oxuyanı buraya çağırt­dır­­sın, biz də mahnıya qulaq asıb zövq alaq!

Böyük qız dedi:

– Mən Erlikin yanına qaçıram. Ata, biz belə qəşəng mah­nını dinləsək, olmaz­mı? Həmin adamı bura çağırtdırın.

Möhtərəm Erlik qəzəb içində göy kimi guruldadı, böyük qızına açıqlanıb dedi:

– Sənin işin-gücün yoxdur? Dünyada nə yoxdur ki? Bizim ona ehtiyacımız yox­dur, rədd ol burdan, ədəbsiz!

Ortancıl qız içəri girib dedi:

– Erlik ata, mərhəmət edib həmin adamı sehrinizin gücü ilə çağırtdırın!

Erlik yenə qəzəbləndi:

– İnsanların kədərindən, dərdindən bizə nə? Çıx burdan!

Erlikin sevimli kiçik qızı nazlana-nazlana gəlib atasının başını tumarladı, çiy­ni­ni çırpıb dedi:

– Erlik, atam, oxuyanı bura çağırtdır, biz də ona qulaq asaq, müsibət qopmaz ki?

Erlik bu dəfə dedi:

– Ah! Qızlarımın israrlı xahişinə qarşı çıxa bilmərəm!Qoy, elə olsun, dinləyin!

Kiçik qız dedi:

– Ay qızlar, atam mənə dedi ki, gətirdəcək.

Erlik dedi:



Sehrli mis qarmaq1, Xan Merqenin əl-ayağını zən­cir­lə! Tor at (tor şuup). Onun üzərinə en, birlikdə Erlik-biyin qapısında ol!

O, belə deyib sehrli qüvvəni buraxdı, qüvvə guruldayıb göyə qalxdı. Buurıl-Bur­xan Erlik-biyin bu sehrini aydınca görüb tanıdı. O dedi:

– Sehrli qüvvə, sən çölə en!

Tor çölün ortasında qara daşın üstünə düşdü. Xan Merqen də bütün bunlardan xə­bər­siz oxuya-oxuya gedirdi. O, dəmir dağ­lara qalxdı, başqa Altay gördü. Orada ağ dəniz (ak talay) ləpə­lənirdi; ak talayın sahilində ağ saray vardı. Xan Merqen dedi:

– Altayımda məskən salmağa kim cürət edib?

Sarayın qapıları yanında ağ-boz at vardı, kol kimi sıx ilxılar otlayırdı; adamlar qa­ra meşələr kimi ucsuz-bucaqsız idi. Bir bahadır əlində yəhər-tərlik saraydan çıxdı; bu, ağ-boz atlı Ak-mus idi. O, qara ay kimi ox-yayı çiyninə aşırıb atını Xan Merqenin yanı­na çapdı. Onlar söyüş söyə-söyə bir-birinə yaxınlaşırdılar:

– Sənin atanın başı... tamqa! Ananın döşləri....tamqa!

Nizə ilə vuruşdular; nizələrin tutacağı qaldı, qılınclarla döyüşdülər; qılıncların dəstəyi qaldı. Əllərini atıb bir-birinin yaxasından tutdular; atlarla birlikdə yerə sərildilər.

Eheyy” deyib təkbətək döyüşə başladılar; ayaqları çaya dəyəndə çay quruyur, dağa dəyəndə yalnız dağın yeri qalırdı. Ba­hadırlar yeddi il beləcə döyüşdülər. Xan Mer­qen nə qədər mü­layim olsa da, indi qəzəblənməyə başlamışdı. O, üç təkanla düş­mənini cavan ağac kimi silkələdi, quru kəmər kimi əlində əzdi. Üç nəfəsə düşmənini göyə qal­dır­dı, ağ buludlar arasında fırlayıb yerə atdı; yer çatlaq verdi. O, ayağı ilə başı bə­də­nin­dən qopardı. Düşmənin qanı dənizə döndü, sümükləri dağ boyda oldu. Bunlar Xan Mer­qe­nin bir ovucu boyda idi. O tərəf-bu tərəfə baxanda gördü ki, ağ-boz at buludların ara­sın­dadır. Oxluqdan bir kandu yebe çıxarıb atdı, ox ayla günəşdən aşağıda atı üç hissəyə par­çaladı. Ağ-boz atın sümükləri ayrıca üç Altaya düşdü. O, Kok-kuren atına oturub ağ sa­raya yaxınlaşdı, atını qızıl axura bağladı, saraya girdi. İçəridə Ak-Musun arvadını gör­­dü; qadın ay kimi, günəş kimi bərq vururdu; çox gözəl idi. Qadın onun qarşısına qızıl masa qoyub şirin təamlar gətirdi, hal-əhval tutdu:

– İndi sən camaatımın, ilxılarımın, mal-qaramın sahibi ol­dun! Bizi, ağ ilxımızı qo­vub aparmaq istəyirsənmi? İlxının sa­hibi, camaatın xanı yoxdur. Mən də ərsiz qadı­nam, oturmu­şam. Camaatı, ağ ilxını qovub özünə aparsan, mən sevinmə­rəm. Bizi burda saxlamağı düşünsən, onu da özümə dərd etmərəm.

Elə bu vaxt kürəyi qızıl, sağrısı gümüş bir oğlan uşağı har­dansa qaçıb gəldi, dedi:

– Camaatı, ağ ilxını qovub aparsan, bundan incimərəm. Burda saxlasan da, kədərlənmərəm.

Xan Merqen başını qaldırıb baxınca uşaq yox oldu; onun dayandığı yerdə yalnız toz burumu qalmışdı. O, Altın-Sudur xanımdan soruşdu:

– Bu oğlan kimdir?

Altın-Sudur cavab verdi:

– Mən bura əsir gətiriləndə o, bətnimdə idi. Ak-Musun oğlu deyil.

Xan Merqen dedi:

– Burada öz evin kimi yaşa, mənə fərqi yoxdur; ora da mə­nim evimdir, bura da; sizi buradan köçürüb bir dağı aşır­mağına dəyməz.

O çıxıb Kok-kuren atını mindi; altmış bahadır atını gətirdi, yetmiş bahadır qolundan tutdu. O, uca dağlar aşıb, dərin çaylar keçdi, yetmiş yeddi zirvəli Temir-Tay­qa­sına girib Altayına tamaşa etməyə başladı; gördü ki, onun qızıl sarayının ətrafında üç sı­rada ucu-bucağı görünməyən qoşun dayanıb; nizələr meşə kimi sıralanıb, qılıncların ucu buz kimi bərq vurur. Qıyqacı baxıb ilxılarını, camaatı yoxladı; hamısı sağ-sala­mat, öz yerin­də idi, düşündü: “Düşmən müharibə etməyə gəlsəydi, hamını əsir aparardı. Bəs, onda bu nədir?” Xan Merqen aşağı qaçıb Arjan-Kutuk çayını keçdi, adamlarından soruşdu, dedilər:

– Gedən bəyin yerinə başqa bəy gəlib, gedən xanın yerinə başqası xan olub.



Xan Merqen bu sözləri eşidən kimi evə tərəf qaçıb atını qızıl axura bağladı. At axu­run yanından keçə bilmirdi. Onun üzünə soyuq tər gəldi, qaşlarını dartdı, gözlərini qan aldı. Altmış baha­dır qolundan tutdu; əlində qara polad nizə ilə qızıl saraya girib ocaq­la qapının arasında dayandı. Elə bu vaxt yeni doğulmuş körpənin gözlərindən göy qurşağı kimi parlayan işıq gördü, dedi:

– Bu, nə vaxtsız doğuşdur? Bu körpə sənə hardandır? Evdə dinməz-söyləməz gə­zib dolanırıq, bic uşaqlar doğuruq! Hə, deməli, sən belə arvadsan!

O, nizəni körpəyə tuşlayıb vurmaq istədi, ana körpəni qoruyub özünü onun üstü­nə atdı, əri ilə vuruşmağa başladı. Onlar belə vuruşanda iki dəmir biləkli bahadır gəldi, körpəni beşikdən götürüb Xan Merqenın əlindən qaçırdılar. Ər-arvad da vuruşa-vuruşa qaldılar. Arvadı dedi:

Uşaq olmayanda özünə dərd edirsən, ağlayırsan, elə ki, do­ğulur, öldürmək istə­yir­sən. Doğrusunu Burıl-Burxandan soruş.

Qadın belə deyəndə Xan Merqenın hirsi soyudu. Dəmir biləkli bahadır körpəni camaatın, ağ ilxıların arasından gizlicə keçirib apardı. Ağ Altayda ağ çay axırdı; çayın kə­narında bir ev vardı. O, həmin evin yanında, ilxı otaranların yaxınlığında körpəni ye­rə qoyub dedi:

– Qoy, övladı olmayan bir nəfər tapıb yedirtsin.

İlxıları otaran qoca bir kişi körpəni tapdı. Qocanın övladı yox idi, indi yaradan ona övlad yetirmişdi. Bu körpə oğlan idi, iki gecədən sonra “ana”, altı gecədən sonra “ata” deyib əyri ayaqları ilə qaçdı, oynadı. Qapının ağzında qızılı qovağın yar­paq­ları arasında iki yüz quşcuğaz pırıldayıb uçurdu. Oğlan dedi:

– Eh, indi mənim ox-yayım olsaydı....

O, tütəyi sındırıb ox, qarğıdan da yay düzəltdi. Bir oxla iki yüz quşu vurub yan-yana düzdü. Qoca ilə qarısı heyrətlə qışqırdılar:

– Eeey! Bu uşaq dəliqanlı yaşına çatanda biz qocaları ac qalmağa qoymayacaq! O, adi adamın övladına bənzəmir, yəqin ki, hansısa bahadırın, xanın törəməsidir.

Oğlan tütəkdən düzəltdiyi ox-yayını götürüb ucu-bucağı görünməyən çölə üz tutdu. Qoca ilə qarı onu gözdən itirdilər, tapa bilmədilər, dedilər:

– Çox yaxşı oğlan idi.

Onlar belə deyib acı-acı ağlamağa başladılar. Oğlan ağ çayın kənarına gəlib üzü üstə uzandı. O, üzünü torpağa qoyub gur səslə qışqırdı:

– Ey göylərdəki Tanrı, məni belə bədbəxt yaradınca, ya­rat­masaydın yaxşı idi.

Göydəki Burıl-Burxan bunu eşitdi. Onun qapısı yanında qırmızı-çal rəngli, yalında, quyruğunda nizə, ayaqlarında qılınc olan at dayanmışdı. Burıl-Burxan qırmızı-çal atına dedi:

– O oğlanın yanına get!

Qırmızı-çal at yerə endi. Oğlan yatmışdı, at onun yanında dayanıb dırnaqları ilə torpağı qazmağa başladı. O, altmış altı düyməli qızıl çumu geydirdi, qapqara his kimi zirehini üstdən keçirdi, ay kimi qara ox-yayını çiynindən aşırıb qırmızı-çal ata mindirdi. Qırmızı-çal at nazik ayaqlarını qatlayıb, yaş qayış kimi fırlanıb tullandı, oğlanın gah huşu gedir, gah da özünə gəlirdi. Onlar ağ çayın kənarında dayandılar. O, özünə gələn­də uzun, ağır zireh onun dizində qaldı, qara kamanı heç çiynini örtmədi; oğlan qırmızı-çal atını tərpədib yetmiş yeddi zirvəli Temir-alqa tayqaya yortma çapdı. Burıl-Burxan ona dedi:

Salam! Sənin atanın övladı olmayanda ağlayırdı; mən ona övlad verdim. Qoy, sənin adın qırmızı-çal atlı Kıs-Merqen olsun.

Oğlan dedi:



Ey yuxarıdakı Burxanım, mənə həmişə mərhəmət edir­siniz!

O, belə deyib atını Temir-alqa tayqadan aşağı yortma çap­dı; onun qapqara his kimi zirehinin səsi göy gurultusuna bən­zəyirdi; bu səsdən böyük dağlar yarıldı, yerində qara dağıntılar qaldı, böyük çaylar məhvərindən çıxdı. Kıs-Merqen gəlib at­dan düşdü, atını qızıl axura bağlayıb alaçığa girdi. Oğlan içəri girəndə Xan Merqen oturub göz­lə­ri­ni yerə dikmişdi; o, oğlun­dan utanırdı. Kıs-Merqen anası ilə görüşdü, atasına dedi:

– Sən mənə bic oğul dedin, öz halal oğlunu necə böyüdüb yedirəcəksən, görə­cə­yəm. Sənin rədd etdiyin mən çölləri dola­şacağam, harda olsa öləcəyəm.

O, belə deyib alaçıqdan çıxdı, yola düşdü. Onu hamı axı­rıncı dəfə gördü, hara qeyb olduğunu görən olmadı, arxasınca yalnız burulğan qaldı.

Yeddi gündən sonra çox uzaqdan, göylə yerin birləşdiyi yerdən zirehin səsi gəldi. Ər ilə arvad hələ də dalaşa-dalaşa qal­mışdılar. Qadın deyirdi:

– Bircə oğlunu bic saydın, çöllərdə sərgərdan dolaşmağa məcbur etdin.

Xan Merqen göy-boz atını yəhərləyib qara ox-yayını çiy­nindən aşırdı, dedi:

– İndi də mən geri qayıtmayacağam, dağda-daşda sərgər­dan dolaşıb öləcəyəm.

Xan Merqen böyük çaylar keçdi, mamır basmış dağlar aşdı, gəlib bir topa qovağın altında düşərgə saldı; dağlarda dağ quşu, sularda su heyvanı ovladı; tişdə1 elik ətindən kabab çək­di, ət bişirib yedi, ilik yedi. Xan Merqen dedi:

– Hə, indi yəqin arvadın hirsi soyuyub, burada qalmaq olmaz, onun yanına gedim.

O, göy-boz atını minib ovladığı quşları yəhərə bağladı, öldürdüyü heyvanları ata yükləyib Temir-alqa tayqadan bax­mağa başladı: ağ ilxı, el-oba sağ-salamat idi; sara­yı­nın qapısı ağzında çoxlu yəhərli at, ondan da çox adam vardı, dedi:

– Bu hansı tamqalardır belə, mənsiz əmr sahibi olublar?

Belə deyib atını sarayına doğru yortma çapdı, qızıl axurun yanında dayanıb dedi:

– Sarayımda nə baş verib?

Dedilər:

– Xanımızın arvadının uşağı olub, biz də buna sevinib şənlik edirik.

Xan Merqen atdan düşdü, qara gözləri qanla dolmuşdu. Alaçığa girib dedi:

– Bu, tamqa necə arvaddır ki, mən olmayanda bic uşaqlar doğur? Sənin qara­ci­yə­ri­ni o körpə ilə birlikdə tikə-tikə etmə­səm, mən mən olmaram (adım unudulsun).

O, qara qılıncı ilə beşiyə yaxınlaşanda qadın yüyürüb ya­nına qaçdı, dedi:

– Kəsəcəksənsə, məni kəs, öldürəcəksənsə, məni öldür.

Ər-arvad bir-birinə qəzəblənib tutaşdılar. Dəmir bahadır gəlib körpəni beşikdən götürdü, bayıra qaçdı. Ər-arvad bir-birini söyə-söyə qaldılar. Dəmir bahadır körpəni atın üstünə qoyub ağ çayın kənarına gətirdi; burada da ilxıları otarırdılar, evlər vardı. O, körpəni bir tiken aralın1 yanına qoydu, dedi:

– Qoy, kimin övladı yoxdursa, tapıb yedirtsin.

Bir qoca ilə qarı ağ çayın yanında buzovları axtarırdılar, körpə çağanı görüb götürdülər; çox sevinirdilər. Onlar çağanı otla örtülmüş alaçığa gətirib dedilər:

– Hə, bu, yaxşı oğlandır.

Uşaq iki gecə yatıb “ana” dedi, altı gecədən sonra artıq “ata” deyirdi. Tütəkdən ox, qarğıdan kaman düzəldib quşları vur­du, sonra da qeyb oldu. Qoca ilə qarı ağ çayın kənarında do­­laşıb oğlanı tapa bilmədilər, acı-acı ağladılar. Oğlan acqa­rına çayın sahilin­də uzanıb acı-acı ağlayırdı. O, birdən qışqırdı:

– Bu qədər bədbəxt olmaqdansa, kaş ki, yuxarıdakı Tanrı məni yaratmayaydı.

Burıl-Burxan dedi:

– Qanunu pozan tamqa yenə mənim balamı incidib əzab çəkdirir.

Oğlan ağlayıb, ağlayıb yuxuya getdi, ayılanda gördü ki, Burıl-Bur­xanın yanında yumşaq yorğan-döşəkdə uzanıb. Burıl-Burxan üzünü yeddi burxana tutub dedi:

– Mal-mülkü varissiz qalmasın deyə mən ona oğul verdim. O da uşağı yanından qovur. İndi biz Xan Merqenə nə edək?

Dedilər:

– Qoy, qırmızı-kürən atlı Kumanak olsun!

Ona qırmızı-kürən at verildi; Kumanak-Merqen qırmızı-kürən atını tunc yəhərlə yəhərlədi, altmış altı düyməli qızıl çum geyindi, üstündən doxsan doqquz düyməli his kimi qap­qara zireh keçirdi; göy kimi guruldadı, dəmir kimi cingildədi. O, ağ ilxıları, el-obanı ötüb qızıl axura yaxınlaşdı, Xan Mer­qenin qızıl sarayına daxil olub dedi:

– Salam, ata, salam, ana! Mən sağ-salamatam.

Yerə baxan atası, gözlərini bir an qaldırıb ona baxdı, sonra yenə yerə dikdi. Oğ­lan dedi:

– Məndən qabaq doğulan qardaşım hara gedib?

– Günçıxana gedib.

Oğlan dedi:

– Biz qanunsuz doğulmuşuq, çöllərdə avara-sərgərdan do­la­şıb öləcəyik. Siz qanuni doğulmusunuz, ona görə də evdə ya­şayın.

Altmış altı künclü qızıl masa qoydular, şirin təamlar gətir­dilər. Amma Kumanak bunlara heç gözünün ucu ilə də bax­madı, dedi:

– Yaxşısı budur, nə mən sənin üzünü görməyim, nə də sən mənim.

O, qırmızı-kürən atını minib uca dağlar, dərin çaylar keçib oradan tez uzaqlaşdı. Böyük, enli çaylar parlayıb arxada qaldı, qar­şıda Ağ Altay göründü. Ağ Altayın içində qapqara toz qalxıb zirehin göy gurultusuna bənzər səsi eşidilirdi; Kumanakım vahi­mə­yə düşmüşdü; onun qorxudan ürəyi parçalanırdı, gizlənməyə yer axtarırdı. Gözlərini qırp­ma­ğa, əllərini qaldırmağa macal tap­mamış iki eyni ağ bahadır onun qarşısında görün­dü, soruşdular:

– Adın nədir? Hardan gəlib, hara gedirsən? Atan-anan kim­dir?

O dedi:

– Mən qırmızı-kürən atlı Kumanakam. Xan Merqenin oğ­luyam. Kıs-Merqen adlı qardaşım var. Onu axtarmağa gedi­rəm. Siz ondan bir şey eşitməmisiniz?



Dedilər:

– Sənin qardaşını qızıl yunlu ağ kəmənd atlı Qızıl xanın (Altın xanın) qapısında əl-qolunu dörd payaya bağlayıb qamçı­layırlar; yəni biz onun haqqında eşitmişik, sən tamqanı da qamçılayıb gözdən qoymamaq lazımdır.



Onlar Kumanakı atdan dartıb saldılar, yerlə sürüdülər, əl-qolunu dörd payaya bağ­­layıb qamçılamağa başladılar. Onun sə­si gah yerin üstündə, gah da altında eşidilirdi. Ku­manak dedi:

– Mən sizə nə pislik etmişəm? Heç bir işinizə yaramıram? Atlarınıza baxaram, yem­ləyərəm, yerinizi salaram. Cavan canıma qıymayın, qırmızı qanımı axıtmayın!

Qırmızı-kürən at Kıs-Merqeni axtarmağa getdi. Kumana­kın səsini Kıs-Merqen Ağ Altayda dəmir dağın arxasında eşitdi, dedi:

– Kumanak iki ağ bahadıra nə pislik edib?

Kıs-Merqen atına bir qamçı vurub uca dağların ətəkləri, dərin çayların qırağı boyu bərk çapdı. O, atını çapıb gələndə ağ bahadırlar hələ də Kumanakı qamçılayır­dı­lar. Kıs-Merqen qış­qırdı, onun səsi göy kimi guruldadı:

Məgər atla tək gəzmək qadağandır? O, sizə nə pislik edib?

Cəld atdan yerə tullanıb bahadırların hörüklərindən tutdu. Kıs-Merqen bahadırları qamçı ilə döyməyə başladı, onların səsi yerə-göyə bülənd oldu:

– Bir də belə giclik etmərik, axmaqlığımızı bağışla.

Kıs-Merqen dedi:

– Tək bacınızı Kumanaka verəcəksinizmi?

– Vay, yazıq olduq! Yaxşı, verəcəyik. Burax bizi, ömrü­müzə qıyma.

– Vermək istəyirsinizsə, elə indicə verin; yenə yaramazlıq etsəniz, məndən aman gözləməyin, sizə bundan da çox işkəncə verərəm.

O, üzünü Kumanaka tutub dedi:

– Atanın bu tərəfindəki göy Altaydır, oradan göy çay axır, çayın qovuşduğu yerdə altmış budaqlı qızıl qovaq var; atını qovağa bağla, orda da özünə alaçıq qur.

İki ağ bahadır Kumanakı özləri ilə apardılar. Ağ Altayda ağ ça­yın kənarında kol ki­­mi sıx ilxılar otarılırdı; camaatın yaşadığı ala­çıqlar qara meşə kimi düzülmüşdü. Oba boyunca iki ağ saray gö­rünürdü; onlar dəmir at axurunun yanında atdan düşdülər. Ca­ma­ata xəbər göndərib məclis qurdular, çay boyda araq çəkib, dağ boy­da ət doğradılar. Evin qapısında itlər yeyir, obanın o başında inəklər içirdilər. Onlar bacıları Altın-Yus­tü­kə1 ağ saray qurub onun baş-gözünü bəzədilər, saçlarını iki hörüb çiy­ninə atdılar, şən­lik edib əyləndilər. Oyun, gü­­lüşlər bitdi, şənlik qurtardı; onlar Al­tın-Yustükün qızıl yunlu ağ-boz atını yəhər­lə­di­lər. Kumanak dedi:

– Salamat qalın, aqa kaindarım1.

Kumanak Altın-Yustüklə birlikdə evinə getdi. Onlar uca dağları, böyük çayları ötüb keçəndə göy Altay göründü. “Bəs qı­zıl qovaq hardadır?”. Göy çayın qırağında qı­zıl qovaq görün­dü. Kumanak dayandı, qırmızı-kürən atını bağlayıb buradaca ya­şa­ma­ğa başladı. Onun nə arxa-xalqı, nə də otarmağa ilxısı vardı.

Merqen xanın ağ-kürən atlı Kıstay-Merqen adlı bir oğlu da oldu. Kıstay-Merqen arxa-xalqının içində, ağ ilxıların arasında gedəndə gördü ki, göy çayın mənsəbində qızıl qovağın yanında ağ saray var; qapının yanında iki at bağlanmışdı. O dedi:

– Əvvəllər, deyəsən, burda saray yox idi.

O, atını irəli çapıb həmin yerə çatdı, ağ-kürən atını altmış budaqlı qızıl qovağa bağlayıb saraya girdi, gördü ki, içəridə bir gənc xanım əyləşib; xanım aya deyir, sən çıxma, mən çıxım, günə deyir, sən baxma, mən baxım.

– Adın nədir? Hardan gəlib hara gedirsən? Atan-anan kimdir?

– Mən ağ-kürən atlı Kıstay-Merqenəm. Merqen xanın ye­ga­nə oğluyam!

– Aaa. Görüm, atanın başını, ananın döşünü yeyəsən! Mer­qen xanın oğlusansa, biz ayrı-ayrı adamlarıq; sən qanuni doğulmusan, mən bic doğulmuşam.

Kıstay-Merqen ordan çıxıb ağ-kürən atını mindi, könülsüz evə yollandı. “Niyə o mənə nifrət edir?” Atasının qızıl at axu­runa çatıb atdan endi, qızıl saraya girib dedi:

– Göy Altayda bir yurd var. Kumanak “Sən Merqen xanın oğlusansa, yurduma gir­mə” deyib məni ordan qovdu.

Merqen xanın arvadı dedi:

– Bəs onun adını, yaşını soruşmadın? O, sənin böyük qar­daşın olacaq; niyə onun hal-əhvalını soruşmadın axı? Səndən qabaq doğulan iki böyük qardaşın var: qırmızı-çal atlı Kıs-Merqen, qırmızı-kürən atlı Kumanak.

Kıstay-Merqen bunu eşidib geri qayıtdı, ağ-kürən atını mi­nib ora çapdı. O, qızıl qovağın yanına çatıb atını bağladı, sa­raya girdi.

– Salam, qardaşım!

Onlar görüşdülər. Kumanak dedi:

– Mən qanuni doğulmamışam. Niyə sən məndən qorx­ma­yıb qonaq gəlmisən?

Kıstay-Merqen dedi:

– Məgər biz bir ananın döşündən süd əmməmişik?Bir ananın bətnindən doğul­ma­mı­şıq? Sən öldüyün yerdə mən də öləcəyəm. Hara gedirsən, get, səndən əl çək­mə­yə­cə­yəm. Bizim böyük qardaşımız hardadır? İndi o hara gedib?

Kumanak dedi:

– Bütün Ağ Altay boyunca ömrümdə bircə dəfə onu görə bildim. Hara gedəcəyini mənə demədi.

Kıstay-Merqen dedi:



Mən çoxdan çıxıb getmiş qardaşım Kıs-Merqeni axtar­ma­ğa gedirəm. Ölübsə, sümüklərini, sağdırsa, özünü görəcəyəm.

O, qara ay kimi qapqara ox-yayını çiyninə aşırıb iti ox kimi yola düşdü. Kıstay-Merqen elə iti gedirdi ki, çayları gör­mürdü, dağların ucalığını, alçaqlığını bilmirdi. O, qara dağların ətəyində dayanıb ətrafa baxmağa başladı; qara Altayın orta­sında qapqara çöl uzanır, çöl boyunca qara çay axırdı. O, qara çöldən ötəndə gördü ki, qara duman qal­­xır. Qara zirehin səsi göy gurultusuna bənzəyir, qara ox-yay dəmir kimi cingil­də­­yir­di. O, indiyədək heç nədən qorxmasa da, indi vahiməyə düşdü, ürəyi əsməyə başladı, giz­lənməyə yer axtardı, tapa bil­mədi. Budur, iki eyni Sarı-Çulmus göründü; onların gözlərin­dən od parıldayırdı, nəfəslərindən qığılcım çıxırdı, soruşdular:

– Atan-anan kimdir? Hardan gəlib, hara gedirsən? Adın nədir?

– Mən ağ-kürən atlı Kıstay-Merqenəm. Merqen xanın oğ­luyam. Böyük qardaşım Kıs-Merqeni axtarıram. Siz onun haq­qında bir şey eşitmisiniz?

Onlar dedi:

– Yox, eşitməmişik. Onu qızıl kəmənd atlı Altın xanın qapısında əl-qolunu dörd payaya bağlayıb qamçılayırlar; o vaxtdan çox keçib. Bunu da burda öldürsək, nə olar?

Onlar belə deyib Kıstay-Merqenin əl-qolunu dörd payaya bağladılar, qamçı­la­ma­­ğa başladılar. Kıstay-Merqen dedi:

– Kalaqay-koron!Möhtərəm qardaşlar, sizə nə pislik etmi­şəm? Qırmı­zı canımı al­ma­yın, qırmızı qanımı axıtmayın! Mə­gər sizin heç bir işinizə yara­mı­ram? Atlarınıza ba­xa­ram, ba­şınızın altına yastıq qoyaram!

Çulmuslar yuxarı baxmadan onu qamçılayırdılar. Kıs-Mer­qen Altın-xanın qızını almışdı, böyük məclis qurub çoxlu xan çağırmışdı. Kıs-Merqenin qırmızı-çal atı qulaq­la­rını şək­lə­yib yarımgünlük bir məsafəyə baxmağa başladı. Arvadı Al­tın-Tadi ata yaxınlaşıb soruşdu:

– Nə iy aldın? Hara baxırsan?

– İki çulmus yolun yarısında Kıs-Merqenin qardaşını qam­çılayır, qırmızı ürəyi güclə tab gətirir.

Altın-Tadi geri qayıdıb gördü ki, əri yetmiş xanın arasında yarışın (cıdır) qalibi kimi oturub; əvvəlcə düşündü ki, çağırıb desin, sonra lazım bilmədi; birdən fikir­lə­şərlər ki, bu, onun ca­nını yarışdan qurtarmağa bir bəhanədir. O, qayıdıb qızıl çumu geyindi, üst­dən qa­ra zireh keçirib qara almaz qılınc taxdı, qap­qara meşə kimi oxlar olan kurmanı çiy­ninə keçirtdi, yağışın yu­duğu qupquru ağaca bənzər nizəni əlinə alıb ayağını üzən­giyə bas­dı, üç təkanla cəld atı mindi; yel kimi gözdən itdi. At yeddi dağ aşıb, yeddi çay keç­di; Kıstay-Merqenin iniltisi eşi­dildi. Elə bu vaxt igid Altın-Tadi gəlib yetişdi, qışqırdı:

– Ey, tamqa! Bəyəm tək adam atla gəzə bilməz?

O, çulmusların hörüklərindən tutub onları qamçılamağa başladı.

Yetmiş xanın başı oyuna qarışmışdı:

– Siz doğrudan da qorxmaz igidlərsinizsə, marqan möröy­də1 iştirak edin!

Altın-Tadi çulmusları atın yedəyinə bağlayıb aparırdı, Kıstay-Merqen də öz atında onun ardınca gedirdi. Kıs-Merqen yetmiş xanla yarışıb qələbə qazandı, dedi:

– Məgər zəif olan kəs bu tamqaların yanından ötüb keçə bilməz?

O, tullanıb atdan düşdü, çulmusları qapının yanında dörd payaya bağlayıb tolono çubuğu ilə döyməyə başladı. Onlar yalvarmağa başladı:

– Aylanaim balam1! Qulun olarıq, atına baxarıq, yatağını təmizləyərik; qanımızı tökmə, qırmızı canımıza qıyma!

Kıs-Merqen dedi:

– Hə, indi yeganə qızınızı ona ərə verəcəksiniz?

– Kalak-koron! Verərik, təki canımıza qıymayın!

Kıs-Merqen dedi:

– Yaxşı, verməyə razısınızsa, alaçığı hazırlayın, biz də birlikdə gələcəyik. Görsək ki, bizi aldatmısınız, sizi bundan da artıq cəzalandıraca­ğam.

Çulmuslar yola düşdülər. Sonra Kıs-Merqen ilə Kıstay-Merqen atlarını yəhərlə­yib dedilər:

– Biz də getməliyik.

Altın-xan dedi:

– Bunlar çox pis adamlardır. Onlardan ehtiyatlı olun, çox kinlidirlər.

Qardaşlar: “Elədir” deyib yola düşdülər. Altın-xan onlara tapşırdı ki, araq içmə­sin­lər. Onlar cəld tərpəndilər; qara zireh­lər dağlar kimi səs salıb qara saadaklar su kimi xışıl­dayırdı. Dağları ötəndə ucalığını, çayları keçəndə dərinliyini bilmirdi­lər. Beləliklə, çulmusların dəmir axuruna çatdılar. Atı almağa alıpların əli yetmədi, qonaqların qolun­dan tutmağa kulüklərin əli çatmadı. Şənliyə kəsilən ət dağ boyda, çəkilən araq çay boy­da idi. Kıs-Merqen dedi:

– Ey, ey, bura bax, sənə hazırlanan alaçığa gir, mən də elçi alaçığına gedirəm. Araq içmə!

Kıs-Merqen qabağa keçdi, əlini belinə vurub oturdu. Alt­mış altı künclü qızıl masa qoyub şirin təamlar gətirdilər. Kıs-Merqen ən yaxşı təamlardan yeyib ləzzətlə ən acı araq iç­di. Nəhayət, o çox keflənib yerişini itirdi. Böyük çulmus dedi:

– Özünü kimə belə yaxşı göstərmək istəyir? İstəsəm, qo­hum olarıq, ixtiyar mə­nim­dir, yox, istəməsə, biz də and içmə­yəcəyik.

O belə deyib çarpayıya uzandı. Bu zaman Kıs-Merqen alaçıqdan çıxıb bayırda gəzişməyə başladı. Sonra o, qardaşına hazırlanmış ağ sarayın qapısına yaxınlaşdı. Kıs­tay-Merqen həyətdə uzanmışdı. Kıs-Merqen dedi:

– Sənə nə olub, qardaş? Alaçığında deyilsən?

Kıstay-Merqen dedi:

– Belə arvadla evlənməkdənsə, tək ölmək daha yaxşıdır. Belə doğman olunca, su­bay ölsəm yaxşıdır.

Kıs-Merqen dedi:

– Evlənmək istəmirsənsə, nahaq yerə narahat olursan; gedək evə.

Kıs-Merqen qırmızı-çal atını, Kıstay-Merqen də ağ-kürən atını minib evə yollan­dı­lar. Kıs-Merqen dedi:

– Eybi yox, bu iki çulmus bir gün qarşımıza çıxar; dağ-dağa rast gəlməz, insan in­sa­na rast gələr.

Onlar atlarını çapıb tezliklə Altın-xanın torpağına gəlib çıxdılar:

– Xoş gördük, igidlər! Necə gedib gəldiniz?

Kıs-Merqen dedi:

– İgid istəmirsə, biz nə edə bilərik.

Altın-xan əllərini dizlərinə çırpıb dedi:

– Siz narahat yaşamalı olacaqsınız. Ömrünüz atın üstündə müharibələrdə, basqın­lar­da keçəcək. Sizi belə aqibət gözləyir.

Kıstay-Merqen ağ-kürən atını minib dedi:

– Öz yurduma, evə gedim, Kumanaka baş çəkim!

Kıs-Merqen əl-qolunu ata-ata onunla birlikdə getdi. Onlar uca dağlar aşıb, iti çay­lar keçdilər, gecə-gündüz yol getdilər. Qarğa-quzğunların uça bilmədiyi, sağsağanların ötə bilmədiyi ucsuz-bucaqsız çöllərdə onların ardınca yalnız burulğan qalır­dı; sarı çöllər onların arxasınca sanki tozdan bəzəkli qalırdı, nə­hayət, göy Tilar-Tilbas çayı göründü, axıb-axmadığı bilin­mir­di. Otlaqlarda yaşıl otlar qalxıb dizə çatmış, camaatın ya­şa­dığı yerləri gicitkən basmış, at axuru olan qızıl qovaq qopar­dı­lıb bir tərəfə atılmış, ağ saray alt-üst olmuşdu. Kıs-Merqen dedi:

– Hə, gəlinimiz ağıllıdırsa, daş sacayağının altına özündən bir nişan qoyub, yox, ağlı yoxdursa, ordan heç nə çıxmayacaq.



O, daş ocağı təpiklə vurub dağıdanda ordan iki qoyun cəm­dəyi, iki tajuur araq ilə sabra-biçik çıxdı. Onlar iki qoyun cəm­də­yini yeyib doydular, iki tajuur arağı içib kef­lən­dilər, sonra fərmanı oxumağa başladılar. Orada yazılmışdı: “İki eyni ağ ba­hadır, iki eyni xurmayı tüklü çulmus, bir də onlara başçılıq edən tünd boz atlı Kurenke-xan ilə biz vuruşduq. Kurenke-xanın qar­daşı tünd boz atlı Almıs-xandır, onların hamısına Çulmus-xan ağalıq edir, onun tünd səmənd atı var. Bu xan ölməzdir, onun axmağa qırmızı qanı, qılıncla almağa canı yoxdur. Bu üç xana doqquz uclu orbusu1 olan Torloo-Emeqen “kək­lik qarı” başçılıq edir; bu qadın gələcəkdən xəbər verir; ətrafda olan hər şeyi bilir. Kıs-Merqen ilə Kıstay-Merqen burda olsalar, bizi xilas etməyə gəl­mə­sinlər; orada on­la­rı ölüm gözləyir”. Kıs-Merqen dedi:

– Sonra deyəcəklər ki, biz onlardan qorxub bunları xilas etməyə getməmişik. Gü­lünc vəziyyətdə qalmaqdansa, gedək. Hə, nə fikirləşirsən?

Onlar birlikdə yola düşdülər. Kıs-Merqen danışmağa başladı:

– Buurıl-burkanımız, dilmanc, bir də yeddi burxanımız, tanrılarımız, bizə orada ölməyi məsləhət bilibsə, öləcəyik. Niyə at uçuruma düşməsin, qızıl deyil ki? Niyə igid ölməsin, bəyəm o əbədi yaşamalıdır? At öldüyü altayı (yeri) özü seçmir, igid də öləcəyi yeri özü seçmir.



Onlar atdan düşdülər, üç yerdə bir diziüstə dayanıb dua et­di­lər, tuulqa-börükü1 qoltuqlarına vurub Tanrını köməyə çağırdılar:

– Ey Buurıl-burkan, dilmancımız! Yeddi burkan, tanrıları­mız! Yurdumuz Altay! Ti­­­lar-Tilbas çayımız, bir də nəhəng dağ­­lar, alınmaz qalalarımız! Bizə xeyir-dua ve­rin!

Onlar dua edib qurtarandan sonra atlarına minib qovulan ilxıların, əsir aparılan camaatın arxasınca yola düşdülər; atların yanına qamçı ilə vurub yortma çapırdı­lar. At­la­rın ayaqları san­ki havada oynayırdı, arxa ayaqları yortma çapırdı, gözləri elə bil hədə­qə­sindən çıxıb ətrafı süzürdü. Onlar Kurenkenin yur­duna çatanda bacasından haram ilik kimi zəif tüstü çıxan yum­ruq boyda alaçıq gördülər. İki igid göy çayın kənarında silkinib iki Tas-Tarakaya döndülər, öz qotur yabılarını söyüd çubuqları ilə döyə-döyə alaçığa yaxın yerə gətirib kiçik alaçığa girdilər. İçəridə onların qardaşı Kumanak-Mer­qen oturmuşdu; yəqin o, atları otarırdı, onların gəlini də inəkləri sağırdı:

– Hara gəlib çıxmısınız, yudu-taslar2?

Onlar dedi:

– Biz əvvəllər Kumanakın çobanları idik. Heyvanları, quş­ları ovlamağa gedirdik, azıb qalmışıq. Evə qayıdanda gör­dük ki, ora bomboşdur; istəyirdik onun yaşadığı yeri tapaq, axtara-axta­ra gəlib bura çıxdıq.

Kumanakın arvadı, yəni iki ağ bahadırın bacısı gözlərini o iki qoturdan çəkməyib baxırdı; qadın onlarda iki igidin əlamət­lərini görürdü, onun qaynı1 Kıs-Merqen buna yaman oxşayırdı. Qadın otura bilməyib bayıra çıxdı, diqqətlə qotur yabılara bax­dı. “Hə, əzizim, bu yabı qırmızı-çal ata yaman oxşayır”. Onun gözlərindən yaş axmağa başladı:

– Deyəsən, keçmiş qayın qardaşım bizi axtarır.

O belə deyib alaçığa girdi:

– Niyə qayın qardaşım yaxşı adam olduğu halda belə pis tərəfə yönəlib?

Kıs-Merqen silkinib öz cildinə girdi, qəhqəhə çəkdi. Gəlin dedi:

– Qayın qardaş, burdan geri qayıdın! Siz üç xanın haki­miy­yətini necə məhv et­mək istəyirsiniz? Onlar Yer üzündə ya­şayan yetmiş xanın, yerin altında yaşayan altmış xa­nın ürəyini öz əllərində saxlayıblar. Burdan geri qayıdın!

Kıs-Merqen dedi:

– Gizlənə-gizlənə nə qədər ömür sürmək olar? Tanrının təqdiri budursa, öləcəyik.

İgidlər atlarını minib yola düşdülər. Gəlin ağlaya-ağlaya onların arxasınca qaçdı:

– Dayanın!

İgidlər atlarının başını döndərib onu gözlədilər. Qadın on­la­rın yanına gəlib dedi:

– Mən dayanıb gözlədim, demək istədiyimi deyə bilmə­dim. Öz surətinizdə get­mə­­­­yin, ölərsiniz. Bilsələr, ölməli olma­sanız da, öldürərlər. Kurenke-xanın, Al­mıs-xanın, iki ağ baha­dırın, iki xurmayı saçlı çulmusun canları birdir, yeddi Burxanın əlindədir; təzə ay çıxanda, ay bədirlənəndə, bir də ay kiçiləndə, yəni ildə cəmi üç dəfə görünür; vəssalam, bunları gözünüzdən qaçırmayın, özünüzü qoruyun.

İgidlər milçəyə dönüb uçdular, Kurenke-xanın qapısında üç budaqlı qamış olub bitdilər. Kurenke-xan dedi:

– Kıs-Merqenlə Kıstay-Merqen artıq burda olmalıdırlar; yəqin hardasa buralarda, bizim torpaqda gizləniblər.

Almıs-xan dedi:

– Çaçılqa1 edəcəyəm.

O, öz adamlarına əmr etdi ki, bunu təkrar etsinlər. Onun saysız-hesabsız camaatı arakı gətirdi. Dəmir arabaya yeddi eyni məxmər kimi qapqara at qoşdular, iki eyni dəmir bahadırı geyindirdilər, çaçılqanı arabaya qoyub doqquz uclu haça orbası olan Tor­loo-Emeqen qarının yanına şamanlığa getdilər. Dəmir arabanın gurultusundan yer titrəyirdi. Qarının alaçığı yeddi çayın qovuşuğunda idi. İki bahadır alaçığın qapısına yaxınlaş­dı. Şaman qarı içəridə oturmuşdu, soruşdu:

– İgidlər niyə gəliblər?

– Bizi Almıs-xanla Kurenke-xan göndərib. İstəyirlər ki, gəlib şamanlıq edəsiniz.

Qarı dedi:

– Ehh, mən artıq qocalmışam, nə bilirəm ki? Ruhlarım2 artıq məni eşitmirlər.

– Belə olsa da, onlar xahiş edirlər ki, qoy anamız gəlib şa­manlıq etsin, istəyimizi rədd etməsin.

Qarı mis qavalını götürüb zınqırovlar asılmış kürkünü ara­baya qoydu, arabaya oturub yerə endi, göy guruldadı, altay-xaçqay əks-səda verdi; Torloo qarı Kurenke-xanın qapısına gəldi. Yetmiş bahadır onu əlləri üstündə apardı. Kurenke-xan ilə Almıs-xan dedi:

– Pis yuxular görürük. Deyəsən, Kıs-Merqen ilə Kıstay-Merqen torpağımızdadır. Siz hər şeyi görürsünüz, baxın.

Qarı dedi:

– Ruhlarım daha məni dinləmirlər, baxım, görüm, bilə­rəm­mi?

İki xurmayı saçlı çulmus içəri girib iki tajuur arakı verdi, iki ağ bahadır da daxil olub iki tajuur arakı verdi. Böyük mən­səb sahibləri alaçıqda oturmuşdular, qara camaat bayırda idi. Kumanakın arvadı, yəni iki ağ bahadırın bacısı da Torloo qa­rının adını eşi­dib əri ilə gəlmişdi:

– Siz şərab içib məni adaxladınız, sizin razılığınız ilə ərə getdim. Günahım nədir ki, mənə aclıqla işkəncə edirsiniz?

Kurenke-xan ilə Almıs-xan dedi:

– O, düz deyir. Biz onun mal-qarasını qovub gətirmişik, meşə kimi saysız-hesab­sız camaatını əsir etmişik. O, bu qədər əzab çəkib. İndi günahı azalıb, qoy istədiyi kimi yaşasın.

Kumanakın arvadı ilə özü baş əydilər. Torloo qarının doq­quz haça toxmaqlı mis qavalını yeddi gün ocaqda qurutdular. Torloo doqquz haçalı orbo ilə mis qavalı əli­nə aldı, yerə sığ­mayan manyakı əyninə geyindi; mis qavalla yellənəndə yer-göy tərpən­məyə başladı; yüz altay onun kürkündən asılan yüz zınqırovun səsinə əks-səda ver­di.

Kıs-Merqen Altayımda yoxdu ki? Kim bilirsə, mənə desin.

O, üçbudaqlı qamışla öz kurmesterindən1 belə soruşurdu. Kıs-Merqen də onun qar­şı­sın­da dayanıb onu ovsunlayırdı:

– Ruhların bu xəbərləri səndən sovuşacaq, alt-üst olacaq! Sən şamanlığın gücü ilə nə biləcəksən axı? Bildiklərin də boş səslər olacaq!

Qarı deyirdi:

– Hər şey yaxşı olacaq; mal-qaran da, camaatın da. Kıs-Merqen ilə Kıstay-Mer­qe­nin burada olması mümkün deyil.

Kıstay-Merqen ürəkdən təşəkkür etdi:

– Göyün üçünçü qatında yaşayan Buurıl-Burxana minnət­daram, göyün yeddinci qatında yaşayan yeddi şanlı burxana min­nətdaram. Onların ədaləti ilə qələbə olacaq.

Qarı dayanıb şamanlıq edə-edə dedi:

– Rahat yaşayacaqsınız.

Arabanı gətirib qoydular, məxmər kimi qapqara yeddi atı bağladılar. İki bahadır qa­rını arabaya oturtdu, araba gurultu ilə tərpənib qarını evinə apardı. Bütün camaat da­ğı­lışıb evinə getdi. Kıs-Merqen rahatca izləməyə başladı. Budur, artıq təzə ay görün­dü; bir­dən yeddi burxanın qapısından ağ şahin uçub çıxdı, o baxmağa macal tapmamış quş ar­tıq Kurenke-xanın alaçığına girdi. Kıs-Merqen oxla quşu vurmaq istədi, gözlədi ki, geriyə uçanda vursun. Ağ şahin Kurenke-xanın alaçığının bacasından uçdu; Kıs-Merqen quşun uçduğunu gördü, baxmağa macal tapmamış quş yeddi burxanın qapısında yoxa çıx­dı. İndi o, ayın bədrlənməsini gözlədi; amma nə etməli? Bircə onu gördü ki, ağ şahin Almıs-xanın alaçığının bacasında gözə dəyib yox oldu; yenə də uğursuzluq. İndi o, qu­şun geri uçmasını gözləyirdi. Quş birdən görünüb yoxa çıxdı, uçub yeddi burxanın qa­pı­sın­dan içəri keçdi. Yenə də Kıs-Merqenin əli boşa çıxdı. İndi artıq üçüncü fürsət qal­mış­dı. O, ayın kiçilməsini gözləməyə başladı; elə belə fikirləşirdi ki, birdən şahinin Ku­r­e­nke-xanın alaçığına doğru uçduğunu gördü. Kıs-Merqen öz-özünə fikirləşdi:

– Sonuncu fürsət qalır. Gözləmək, yeddi burxanın qapısına baxmaq qalır.

Yonulmuş ox hazır idi; elə ağ şahin yeddi burxanın qapı­sına uçmaq istəyirdi ki, ox onun qanadlarını vurub sındırdı, par­ça-parça etdi. Həmin anda dəmir sarayda ağlaş­ma, hönkürtü qalxdı; üç yerə parçalanmış Kurenke-xan qızıl çarpayıda yıxı­lıb qalmışdı, Al­mıs-xan da ölmüşdü, onlarla birlikdə digər Al­tayda iki çulmus, iki bahadır da ölmüş­dü­lər. At ilxıları öz xan­larının gözlənilməz ölümündən çaxnaşmaya düşmüşdü, camaat ağ­la­ya-ağlaya: “Şanlı xanımız həlak oldu” deyib fəryad qopa­rırdı. Kıs-Merqen qara milçəyə döndü, Torloo qarının qapısına uçdu, onun alaçığına girib Tida-Tasa çevrildi. Qarı dedi:

– Hara gəlmisən, qotur?

Mən camaata, mal-qaraya zərər verən yuxu görmüşəm, ona görə də gəlmişəm fala baxam, görəm, bu yuxum nə de­məkdir?

– Bilmirəm, ruhlarım mənə artıq tabe olmaq istəmirlər.

– Siz mənə təcili söz verin, mən də təzə ay çıxmamış xə­bər verim.

Qarı doqquz uclu orba ilə mis qavalı götürüb yellədə-yellədə şamanlığa başladı:

– Camaat rahatdırmı? Mal-qara zərər çəkməyib ki?Almıs-xan, Kurenke-xan...

Qarı sözünü bitirə bilmədi, yer üzünə düşdü. Kıs-Merqen dedi:

– Ah, ürəyim!

O arxası üstə yerə yıxıldı. Bundan sonra Torloo qarı mis qavalı ilə gurultu sala-sala doqquz çayın dibindən uçub çıxdı, şamanlıq edib yer üzünü fırlanmağa başladı. Yüz zınqırov səslənirdi, yüz qaytan yer üzünə səpələnmişdi. Qarı dedi:

– Kıs-Merqen ölsə də, Kıstay-Merqen sağdır. O, əlimdən heç yerə qaça bilməz.

Qarı hələ də fırlanırdı. Birdən yay çəkildi, iti ox atıldı, baş barmağın dibindən tüs­tü çıxdı, oxun ucundan qığılcım qopdu; qarının mis qavalı yeddi yerə parçalandı, yüz qaytanın hərəsi bir tərəfə dağıldı, qarının başı yerindən qopdu. Kıstay-Merqen yerin yu­xa­rı tərəfindən qəzəbli səslə aşağı enirdi:

– Tanrı bizə kömək etdi! Gör, nə qədər adamı məhv etdik! Burdan getsək, Çul­mus-xan necə olsun?

Onlar irəli getdilər. Sərt dağlar aşdılar, dərin çaylar keç­dilər. Nəhayət, dəmir dağlar göründü. Onlar dağın başına çıxıb Çulmus-xanın başı göylərə çatan dəmir sarayı­nı gördülər; qapı­nın yanında yetmiş künclü at axuru vardı, tünd səmənd at ora bağ­lan­mış­­dı. At dırnaqları ilə torpağın yeddi qatını qazıb aşağı girmişdi; onun hər iki tərəfində göl, dəniz yaranmışdı, sanki qazanda su qaynayırdı. Kıs-Merqen dedi:

– Hə, belə!

O, iti uclu oxu qoyub yayı çəkdi, elə çəkdi ki, kürək sü­mük­ləri bir-birinə toxun­du, baş barmağının ucundan tüstü çıx­dı, oxun ardından od qalxdı, dəmir yay göy gurul­tu­su kimi gu­ruldadı. Ox atın yalın ayağına dəyib geri sıçradı, sanki daş par­çasına dəydi, tünd kəmənd at oxun zərbəsindən havada bir ay­lıq məsafəni uçub yerə düşdü, ordaca da ayaqları üstün­də dik dayandı. Çulmus-xan dedi:

– Atanın başını, ananın döşünü, atım sənə nə edib? İstə­yir­sənsə, məni vur, erdine at sənə nə pislik edib?

Çulmus-xan tünd səmənd atını minib irəli çapdı; onlar atın üstündə bir-birinin yaxasından tutub yerə yıxdılar; gah bir-birinin çiynindən, gah da qurşağından tutur­du­lar. Uca dağlar dağılıb su çuxuruna dönürdü, sular da quruyub yerində dağ yaranırdı; iki düş­mənin mübarizəsinə heç bir canlı varlıq döz­mürdü. Düşmən­lərin ayağı dəyən yerdə su­lar, çaylar dibinədək quruyurdu, dağ­lara, təpələrə toxunanda dərələr yaranırdı. Gü­nə­­şin, ayın şüaları yeri işıqlandırmırdı, qapqara toz qalxmış, ayın-günəşin qarşısını kəs­miş­di. Pəhləvanların döyüşdüyü ye­rin yaxınlığında yaşayan adamlar torpa­ğı qucaqlayıb deyir­di­lər: “Torpaqdan ayrılmarıq!” Oradan uzaq yerlərdə yaşayan ca­maat tələsik daha uzaq yerlərə köçürdü. Yuxarıdakı Buurıl-burxan bunu görüb deyirdi:

– Qoy qələbə Kıs-Merqenin tərəfində olsun!

Aşağıdakı Bos-erlik1 də deyirdi ki, Çulmus-xan qələbə qa­zansın. Mübarizə davam edir­di. Onlar ayların, illərin necə keç­diyini hiss etmədilər, birgə yıxılıb birgə də qal­x­dı­lar; tor­pa­ğın qatını ayaqları ilə eşib yerin altına düşdülər, orada da on­lar­dan heç biri o bi­rinə qalib gəlmək iqtidarında deyildi. Onlar uzun zaman Erlik-biyin yurdu ya­nın­da vuruşdular. Erlik-biy dedi:

– Bunların əlindən bizə rahatlıq yoxdur. Öz səs-küyləri ilə canlı məxluqlara dinc­lik vermirlər.

Erlikin səbri tükəndi, oğlu Sokor-Karanı göndərib dedi:

– Get, onların başını bədənlərindən ayır!

Bahadır Sokor-Kara öz qara buğasına minib Kara-çoltuk2 qılıncını əlinə aldı. Ba­ha­­dır­lar közərmiş dəmir kimi qızar­mış­dılar, onlardan heç biri o birinə qalib gələ bilmir­di­. Nəhayət, onlardan biri yerə yıxılıb öldü; ölənin ruhu Sokor-Karanın ya­nından ötüb keç­di, dedi:

– Altın-tolunun qapısında sən Kıs-Merqendən qisasımı alma­sam mən mən olma­ram.

Sokor Kıs-Merqenin yanına qaçanda o, ocaqda közərən də­mir kimi qızarmışdı, irəliyə-geriyə səndirləyirdi. Sokor-Kara soruşdu:

– İgid, sənə nə olub?

Kıs-Merqen heç bir səs çıxarmadan ona baxdı. Sokor-Kara dedi:

– Bu tamqa niyə cavab vermir?

O, qılıncını Kıs-Merqenin boynuna sapladı; qılınc doqquz yerə parçalandı; hətta on­da da Kıs-Merqen səsini çıxarmadı. Onun nə danışmağa dili, nə də eşitməyə qulağı var­­dı. Sokor-Kara onu atının quyruğuna bağlayıb atası Erlik-biyin yanına gətirdi. Erlik-biy soruşdu:

– Sizin hansınız düşmənçiliyə, müharibəyə birinci başladı?

Cavab yox idi.

– O cavab vermir, ona nə olub?

Heç nəyə nail ola bilməyən Erlik dedi:

– Onu aynalı qara cəhənnəmə1 atın!

Bir-birinə tay dörd bahadır gəlib Kıs-Merqeni apardı; onu cəhənnəmin ağzına gətirib atmaq istədilər. Qırmızı-çal at Kıs-Merqeni cəhənnəmə atmağa gətirənləri görəndə kişnədi:

– Doğru yalandan ayırd edilməyəcəksə, haqlıları zorla cə­hənnə­mə atacaqlarsa, onda Altın-tolunu niyə ora qoyublar?

Bu sözləri Altın-tolu aydınca eşitdi. Hakimlər cavab ola­raq ucadan qışqırdılar:

– Doğrudur, həqiqətlə yalan ayırd edilməyəcəksə, onda yaşamağa dəyməz.

Dörd dəmir biləkli bahadır Kıs-Merqeni cəhənnəmin ağzı­na itələdilər, amma ba­car­madılar, o, yerindəcə qaldı. Qırmızı-çal atın kişnəməsini Kıs-Merqen də eşitdi, ha­kim­lər də dəmir toxmağı vurdular ki, o, özünə gəlsin. Bundan sonra Kıs-Mer­qe­nin huşu özü­nə gəldi. Hakimlər belə soruşdular:

– Sizin hansınız müharibəyə birinci başladı?

– Mən dinc yaşayırdım. Döyüşməyə başlayanda ata-ana­mı, qardaşımı əsir apardı­lar. Mən müharibəyə getməyə məcbur olanda özüm onlara pislik etmək istəmirdim, onlar özləri nahaq yerə müharibə etdilər.

Altın-tolunun hakimləri sabra-biçik kitabına baxıb dedilər:

– Sizin günahınız odur ki, yerin altındakı yetmiş xana hökmranlıq etmisiniz: Çul­mus-xan, Almıs-xan, Kurenke-xan, iki çulmus, iki ağ bahadır qara cəhənnəmə atı­lıb­­­­lar. Sən də, Kıs-Merqen, indi insanlara nahaq yerə zərər vermə.

Hakimlər ona belə tapşırıq verdilər. Hakimlərə and içib söz verən Kıs-Merqen dedi:

– Mən sizin qərarınıza razıyam.

Kıs-Merqen çox zəifləmişdi, o, yerin altından üstünə çıx­ma­ğa özündə güc tap­mır­­dı; bu zaman Erlikin iki qızı yapa­laqları göndərib dedilər:

– Kıs-Merqeni yerin üstünə çıxarın.

İki yapalaq Kıs-Merqeni ayşəkilli qanadlarının üstündə yerin üstünə çıxarıb əziz qır­mızı-çal atının yanına qoydular. O, arçımakda1 ehtiyat qoyduğu bişmiş əti götürüb ye­mə­yə başladı, bir az özünə gəlib atını mindi, Kurenke-xanın yurduna yola düş­dü. O, gəlib çatanda gördü ki, artıq Kıstay-Merqen ilə Ku­manak kürklərlə bəzənmiş sarayı dağıdıb alt-üst ediblər, tor­pağı dağıdıblar, mal-qaranı, ilxıları qovub, camaatı köçürüb­lər. Qabaqda gedən mal-qara yaşıl ot yeyirdi, arxada qalan heyvan­lar qırmızı torpağı yalayırdı. Qabaqda gedən mal-qara su içirdi, arxada qalan heyvanlar yalnız qurumuş çayın dibində qalan daş­ları yalayırdı. Onlar yüksək təpələrdə yurd saldılar, ovalıq­ları ilxılara otlaq etdilər, çox odun-ocaqlı yerdə camaat məs­kun­laşdı, mal-qara otlaqlara buraxıldı, Kıstay-Merqen ilə Ku­manak qardaşları beləcə öz Altaylarında yaşamağa başladılar. Kıs-Merqen bildirdi ki, o, Altın-xanın altayında yaşayacaq.

– Sağlıqla yaşayın, qardaşlar!

Kıs-Merqen bunu deyib gözdən itdi. Onun yerində qara tozdan bütöv bir dirək qaldı.


Download 1.31 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Download 1.31 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



TÜrk xalqlari folkloru IV kitab altay dastanlari və ƏfsanəLƏRİ baki – 2016 Redaktoru: fil. ü. f d. Əfzələddin ƏSGƏR

Download 1.31 Mb.