1
Windows
əməliyyat sistemi
Windows
əməliyyat sisteminin yaranma tarixi və inkişaf mərhələləri
Windows əməliyyat sistemi istifadəçilər üçün rahat işləmə mühiti yaratmaq məqsədilə meydana gəlmişdir. Bu ƏS
yaranmamışdan əvvəl istifadə edilən istənilən ƏS istifadəçidən kompyuteri idarə edən əmrləri bilməsini tələb edirdi. Windows əməliyyat
sisteminin yaranması sistem mühiti və burada işləmə qaydasını dəyişməyə imkan verdi. İstifadəçi üçün çox sadə işləmə qaydalarına
malik olan qrafik interfeysin meydana gəlməsi istifadəçini əmrlər strukturunu öyrənməkdən azad etdi. Maraqlıdır ki, bu ƏS-nin ilk
versiyalarının yaranması istifadəçilər tərəfindən çox soyuq qarşılandı. 1985 – 1990-cı illər ərzində bu ƏS çox da istifadə olunmadı.
Yalnız 1990-cı ildən sonrakı beşillikdə Windows əməliyyat sistemi kompyuter dünyasının ona qarşı olan münasibətini tamam dəyişdirdi.
İlk versiyalarında MS-DOS sisteminin örtüyü kimi meydana çıxan bu yeni ƏS Windows-95, Windows-98 və Windows-2000 kimi
versiyalarında tam hüquqlu ƏS kimi öz təsdiqini tapdı.
IBM PC kompyuterlərində 1981-ci ildən 1995-ci ilə qədər əsas ƏS kimi MS-DOS istifadə edilmişdir. Bütün bu illər ərzində
MS-DOS əməliyyat sistemi MS-DOS 1.0-dan MS-DOS 6.22-yə qədər inkişaf yolu keçmiş və hər dəfə yeni versiyanın buraxılması ilə
daha çox qurğularla işləmək mümkün olmuş və sistem yeni proqramlarla gücləndirilmişdir. Bu ƏS-nin ən zəif yeri əməli yaddaşla iş
prosesinə aid idi. Belə ki, o dövrdəki əksər kompyuterlərdə ƏY-nin həcmi 250 Kbaytı aşmırdı, MS-DOS isə 640 Kbayt əməli yaddaşla
işləyə bilirdi.
MS-DOS-un ikinci çatışmazlığı isə ondan ibarət idi ki, bu sistem qrafik ƏS olmadığından, qrafik rejimdə işləmək mümkün
deyildi.
Nəhayət, MS-DOS-un təkməsələli ƏS olması onun növbəti çatışmazlığı idi.
Microsoft şirkətində IBM PC tipli fərdi kompyuterlər üçün qrafik əməliyyat sistemlərinin yaradılması istiqamətində aparılan
işlərə başlanılmış və belə bir sistemin ilk versiyası 1985-ci ildə Windows 1.0 adı ilə buraxılmışdı. Bu sistem IBM PC AT 286
mikroprosessorlu kompyuterlər üçün nəzərdə tutulmuşdu və diskdə 2 Mbaytdan bir az artıq yaddaş sahəsi tuturdu. Windows 1.0 ilə eyni
vaxtda bu sistemdə işləyən kalkulyator, saat, təqvim kimi bəzi utilitlər, Microsoft Paint qrafik redaktoru, Notepad – sadə mətn redaktoru
və buna nisbətən daha mükəmməl olan Microsoft Write mətn redaktoru da yaradılmışdı. Bu sistem müstəqil ƏS deyildi, sadəcə MS-
DOS üzərində qurulmuş örtük idi.
Microsoft firması 1987-ci ilin oktyabrında sistemin Windows 2.0 versiyasını buraxdı. Bu sistem əslində Windows 1.0-ın
təkmilləşdirilmiş versiyası idi. Bu versiyada qurğularla bağlı (məsələn, yeni yaradılmış VGA standartlarına uyğun videokart, böyük
həcmli sərt disklər, modemlər) proqram təminatı gücləndirilmişdi. Sistem IBM PC AT 386 kompyuterləri üçün nəzərdə tutulmuşdu,
bununla yanaşı əvvəlki maşınlarda da normal işləyirdi. Windows 2.0 ƏS üçün Microsoft Excel cədvəl prosessoru və Word 1.0 mətn
prosessoru işlənib hazırlanır. 80286 mikroprosessorlu kompyuterlər üçün hazırlanan Windows versiyası istifadəçilərə genişləndirilmiş
yaddaşdan istifadə etməyə, 80386 mikroprosessorlu kompyuterlər üçün hazırlanmış Windows versiyası isə çoxməsələliyə imkan
vermişdir.
|