TƏPƏCİYİN AVTOMATİK MƏRKƏZLƏŞMƏSİ
Çeşidləyici stansiyanın işi qəbul olunan qatarların vaqonlarını ayırmaqdan, yola salınan qatarların formalaşdırılmasından ibarətdir. Nəzərdə tutulan təpəciyin planı və profili şəkıl 13 – də verilmişdir.
Təpəciyin ən yüksək səviyyəsinə verilən vaqonlar aşağı səviyyəli sahəyə hərəkət edir. Burada paylanma zonası yerləşmişdir. Bu zonanın başlanğıcında daha böyük maillik mövcuddur ki, bu da vaqonun yüksək sürətlə hərəkətini təmin edir. Bu zonanın sonunda paylayıcı zona başlayır. Burada maillik kiçikdir. Paylayıcı zonanın sonunda isə yolçeviricinin ayırıcı boğazı yerləşmişdir. Həmin boğazdan vaqon paylama parkına keçir.
Çeşidləmə təpəciyinin əsas iş prinsipinə vaqonların sərbəst aşağıya doğru hərəkəti aiddir. Parka yaxınlaşan qatardan əvvəlcə ayrı-ayrı vaqonlar ayrılır və sonra manevr lokomotivi bu vaqonları təpəciyə doğru itələyir. Burada bir neçə vaqon birlikdə ayrılıb təpəciyə itələnə bilər. Təpəciyin ucqar nöqtəsindən ötürülən vaqonlar öz ağırlıqları ilə aşağıya doğru paylayıcı zonalara hərəkət etməyə başlayır və onlar üçün nəzərdə tutulmuş çeşidləmə parkına yığılır. Burada tam qatar formalaşır.
Bu vaqon və ya vaqon qruplarının təpəcikdən aşağı hərəkət sürəti müxtəlifdir. Belə ki, ağır vaqonlar daha böyük sürətə malik olurlar. Ona görə də belə vaqon qrupları vaxtında tormozlanmalıdırlar ki, nəzərdə tutulmuş sahədə dayana bilsinlər və həmçinin ondan əvvəl hərəkət edən vaqonlara dəyməsinlər.
Burada qatarların formalaşma müddətini azaltmaq üçün, yəni təpəciyin məhsuldarlığını artırmaq üçün itələnən vaqonlar arası zaman və məsafə intervalı kiçik götürülməlidir. Bu vəziyyəti əldə etmək üçün təpəcikdə komöleks mexanikləşdirmə və avtomatlaşdırma əməliyyatları aparılmalıdır.
Paylayıcı zonada yolçeviricilərin mexanikləşdirilməsində təpəcik mərkəzləşdirilməsi və vaqonların hərəkətini yavaşıdan mexanizmlər tətbiq edilir ki, bu da operatora yüksək sürətli vaqon qruplarının vaxtında tormozlanmasına imkan verir. Nəticədə bu vaqon qruplarından qabaqda hərəkət edən kiçik sürətli vaqonlarla toqquşma ehtimalı tamamilə aradan qalxır. Lakin operatorun iştirakı və mexanikləşdirmədə istifadə olunan mexanizmlər vaqonların çeşidlənməsinin sürətini artıra bilmir, nəticədə tələb olunan qatarların formalaşması müddəti uzanır.
Formalaşma prosesinin avtomatlaşdırılmasına aşağıdakı sistemlər daxil edilə bilər: blok şəkilli təpəciyin avtomatik mərkəzləşməsi (BTAM); vaqon qrupunun enmə sürətini avtomatik tənzim edən sistem (ATS); təpəcik operativ yaddaş qurğusu (TOYQ); aşağı enmə sürətini avtomatik müəyyənetmə tapşırığı (ATM); təpəcik lokomotivinin teleidarə sistemi (TLTS).
BTAM – avtomatik olaraq yolçeviriciləri idarə edir və nəticədə vaqon qrupu lazımi marşruta yığılır;
ATS – tormozlama prosesini avtomatik təmin edir və vaqon qrupları arasında tələb olunan məsafəni tənzimləyir;
TOYQ – müxtəlif qatarların formalaşmasında istifadə olunan vaqonların göstəricilərini öz yaddaşında saxlayır və onların hərəkət proqramını özündə cəmləşdirir;
AMT – hərəkət sürətinin lazımi qiymətlərdə dəyişməsini təmin edir;
TLTS – maşinistin iştirakı olmadan təpəciyin başına itələnən vaqonun hərəkət sürətinin tənzimini təmin edir.
Çeşidləmə təpəciyində üç pozisiyalı tormoz vaqon yavaşıdıcısından istifadə edilməsi təklif edilir: birinci tormozlama pozisiyanın böyük mailliyə malık enişində birinci ayırma yolçeviriciyə qədər yerləşdirilir. Bu pozisiyanın köməyi ilə inteval tormozlama yerinə yetirilir; ikinci tormozlama pozisiyası müxtəlif yol ayrıclarında qoyulmuş yolçeviriciyə qədər yerləşdirilir, bu isə vaqonun tələb olunan qatar formalaşan yola çıxması üçün müvafiq sürəti təmin edən məqsədyönlü tormozlama adlanır; üçüncü tormozlama çeşidləmə təpəciyinin sonunda qatarın formalaşdığı zonada yerinə yetirilir və nişanalma tormozlama adlanır.
Tormozlamanın tam avtomatlaşdırılması qatar qrupunun normal hərəkətini təmin edən operatorun ağır və qorxulu əməyini aradan qaldırır, vaqonların dağılmasının qarşısını alır, əl əməyini tamamilə aradan qaldırır.
|