Debat prosesində şagirdlər aşağıdakı bacarıq və keyfiyyətlərə nail ola bilərlər




Download 0.73 Mb.
bet6/75
Sana10.04.2017
Hajmi0.73 Mb.
#3660
1   2   3   4   5   6   7   8   9   ...   75
2. Yeni təlim texnologiyalarının mahiyyəti. Ənənə və müasirlik.
İnkişaf etmiş Qərb dövlətlərinin təhsil sistemində istifadə edilən aktiv və ya interaktiv təlim metodlarından respublikamızın təhsil müəssisələrində yüksələn xətlə istifadə edilməkdədir.

Bu metodların şagird şəxsiyyətinin formalaşdırılmasında xüsusi yeri vardır. Təlimi humanistləşdirmədən, humanitarlaşdırmadan, demokratikləşdirmədən şagird şəxsiyyətini formalaşdırmaq olmaz. Təlimin humanistləşdirilməsi prinsipi sosial, bəşəri və mədəni ideyalara xidmət edir. “Məlum olduğu kimi islahatın əsas mahiyyətini təhsilin humanistləşdirilməsi, humanitarlaşdırılması, demokratikləş- dirilməsi, diferensiallaşdırılması və inteqrasiya kimi prinsiplər təşkil edir. Bu prinsiplər isə milli zəminə, bəşəri dəyərlərə əsaslanan dünyəvi təhsil sisteminin yaradılmasının, təhsil alanın şəxsiyyət kimi formalaşdırılması üçün onun təlim-tərbiyə prosesinin bərabər hüquqlu subyektinə çevrilməsini bir vəzifə kimi qarşıya qoyur”. Yeni təlim texnologiyalarında şagirdlərin intellektual, mənəvi cəhətdən inkişaf etdirilməsi ön plana keçirilir. Yeni texnologiyaların təlimdə tətbiqi şagirdlərin öz fikirlərini aydın, məntiqi ardıcıllıqla ifadə etmələrinə şərait yaradır. Bu metodlar şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişafını təmin etməklə, onlarda yüksək ünsiyyət mədəniyyəti formalaşdırır.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiya iclasınınn materiallarında göstərilir: “Fasiləsiz təhsil konteksində şəxsiyyətin, kamil insanın hazırlığı üzrə dünya təcrübəsinə inteqrasiya prinsipi zəruri faktor kimi qəbul edilməli, həmin istiqamətdə konkret fəaliyyət həyata keçirilməlidir“ (3,səh.4-52). Bu şagirdləri müəyyən qədər fəallaşdıran, təlimdə müvəffəqiyyət qazanmağa imkan verən ənənəvi təlim metodlarından bütövlükdə imtina etmək demək deyildir. Ənənəvi metodların müsbət cəhətlərindən istifadə edərək yeni yanaşmanın, yeni təlim texnologiyalarının, innovasiyaların pedaqoji, psixoloji əsaslarını işləmək və nəticəyönümlü, şagirdə istiqamətlənmiş təlim-tərbiyə prosesinin elmi əsaslarının müasir tələblərə uyğun araşdırmaların aparılması təhsil sisteminin qarşısında duran ən aktual problem kimi qiymətləndirilir.

Təlim metodlаrı təlimdə müəyyən məqsədə nail olmaq üçün müəllim və şagirdlərin fəaliyyətinin nizama salınması qaydasıdır. Təlim metodları dedikdə, məqsədə nail olmaq, təhsil vəzifələrini həll etmək yollarının məcmusu başa düşülür. Pedaqoji ədəbiyyatda metod anlayışı müəllimin və ya şagirdlərin fəaliyyətinə aid edilir. Müəllimin fəaliyyəti ilə bağlı olan metodlar tədris metodları, şagirdlərin fəaliyyəti ilə bağlı olan metodlar isə öyrənmə metodları adlanır. Müəllim və şagirdlərin birgə fəaliyyəti ilə bağlı olan metodları təlim metodları kimi işlətmək lazımdır. Təlim metodları strukturunda priyomları (tərzləri) da fərqləndirmək lazımdır. Priyom metodun elementidir, onun tərkib hissəsidir, metodun tətbiqində ayrıca addımdır.

Təlim metodu mürəkkəb, çoxparametrli bir anlayış olmaqla, təlimin məqsədini, məzmununu, qanunauyğunluqlarını, prinsiplərini səmərəli həyata keçirmək üçün istifadə olunur. Təlimin məqsədinin, məzmununun keyfiyyətlə icrası seçilmiş metodların praktik imkanlarından asılıdır. Bu imkanları məhz metodlar təmin edir və didaktik sistemin inkişaf sürətinə təkan verir. Təlimdə tətbiq edilən metodlar inkişafa nə qədər çox şərait yaradarsa, təlimin səmərəsi də bir o qədər yüksək olаr.

Bu mənada interaktiv təlim metodları üstünlük təşkil edir.

İnkişafetdirici, nəticəyönümlü təlim əsas üç funksiyanı yerinə yetirdiyindən, bunlar təlim-tərbiyə prosesində nəzərə alınmalıdır:



  • pedoqoji - buraya şagirdin təlimlə bağlı inkişafına təsir göstərən amilləri: mikromühiti, kommunikasiyaları, şəxsi təcrübə və metodları;

  • psixoloji - buraya təlim nəticələrinin mənimsənilməsini təmin edən şagirdlərin psiхoloji imkanları: səyi, marağı, xarakterik xüsusiyyətləri;

  • sosial - buraya əxlaq, əmək, elm, incəsənət, din və s. ilə əlaqədar bilik və bacarıqların verilməsi daxildir.

Təlim prosesinin mahiyyəti, təlim metodlarının məzmunu ictimai şərait inkişaf etdikcə dəyişdiyindən, Azərbaycan Respublikası azad, müstəqil inkişaf yoluna keçdikdən sonra inkişafın xarakterinə uyğun olaraq təlim metodları da forma və məzmunca yeniləşməyə başlamışdır. Cəmiyyət müstəqil düşünən, kamil, rəqabətəqabil şəxsiyyət, yaradıcı insan yetişdirməyi problem kimi təhsil müəsisələrinin qarşısında qoymuşdur. Bu vəzifələri həyata keçirmək, reallaşdırmaq inkişaf etmiş qabaqcıl ölkələrdə mövcud olan fəal təlim metodlarından, milli-mənəvi dəyərləri nəzərə alaraq istifadəni zərurətə çevirmişdir.

Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı yeni təlim metodlarından, təlim texnologiyalarından istifadənin elmi, pedaqoji - psixoloji əsaslarının işlənilməsini əsas problem kimi qarşıya qoymuşdur. Təhsil sistemində yeni təlim texnologiyalarının tətbiqi təlim prosesinin səmərəliliyini, keyfiyyətini yüksəldən əsas amil olduğundan, belə nəticəyə gəlmək olar ki:

- tədris prosesi nəticəyönümlü proses olduğundan, məqsədi əvvəlcədən müəyyənləşdirilmiş və şagirdə istiqamətlənmiş təlim həyata keçirilməlidir;

- tədris və təlim bir-biri ilə sıx bağlı olduğundan daim qarşılıqlı əlaqədə götürülməlidir;

- tədris prosesi hər birinin öz rolu və statusu olan bir neçə fərdlərin əməkdaşlığından irəli gələn sosial bir proses olub inkişaf rejimində fəaliyyət göstərməlidir;

- tədris prosesi qarşılıqlı əlaqələrin xarakterindən, mühitin xüsusiyyətlərindən, təhsil müəssisələrinin əhatəsindən asılı olub onların daxili quruluşundan irəli gələn verbal və sensor davranışların məcmusunu özündə birləşdirməlidir (22, səh.3-52).

Müəllimlər yeni texnologiyalardаn istifаdə еtməklə dərsləri daha maraqlı edən, şagirdləri, əsasən, sağlam mühakimələr irəli sürməyə, sonradan real həyata tətbiq edəcəkləri məzmunu başa düşməyə yardım edən mühüm vasitələrə çevirə bilərlər. Deməli, yeni təlim metodları təhsilin məzmununu daha yaxşı mənimsəmək və şagirdlərin müstəqil cavab vermək məqsədi ilə tələb olunan təfəkkür prosesini inkişaf etdirmək üçün çox faydalıdır.

Yeni təlim texnologiyalarının üstün cəhətlərini prof. Ə.Ağayev belə göstərir: “...dərs tam fəallıq şəraitində keçir, təkcə müəllim deyil, şagirdlər də yaradıcılıq axtarışında olurlar, müstəqil düşüncə tərzi formalaşır, təşəbbüskarlıq, yeniliyə meyllilik güclənir” (4, səh.39-47).

Təlim prosesini aktivləşdirmək üçün düşünmə qabiliyyətini inkişaf etdirmək, yaradıcılığa həvəsləndirmək və öyrənməyə maraq yaratmaq məqsədini güdən müəllim, şagirdi təlimə cəlb edəcək müəyyən metod, texnika və proseduralardan istifadə etməlidir. Şagird təliminin fəal iştirakçısı olmaq üçün hazırlanmalıdır. Müəllim şagirdə dünyanı başa düşməkdə və qazandığı bilikləri real həyat şəraitinə tətbiq etməkdə yardım göstərməlidir. Yeni texnologiyalar tədris strategiyasının yerinə yetirilməsinə istiqamətləndirildiyindən, onlar nəzərdə tutulmuş təlim məqsədlərinə nail olmaqda əsas alət rolu oynayır.

Yeni texnologiyalar bir sıra xüsusiyyətləri ilə ənənəvi təlim metodlarından fərqlənir: şagirdlərin tədqiqat fəaliyyətinə cəlb edilmələri, müəllim tərəfindən problemli şəraitin yaradılması, biliklərin şagirdlər tərəfindən müstəqil əldə edilməsi və s. Qeyd edilən xüsusiyyətlər bəzi ənənəvi təlim metodlarında da olmuşdur, lakin yeni təlim metodları bütövlükdə göstərilən xüsusiyyətlərə əsaslanır.

Araşdırmalar göstərir ki, yeni təlim texnologiyaları aşağıdakı prinsiplərə əsaslandıqda şagirdlərin yaradıcılıq qabiliyyətini inkişaf etdirməyə imkan verir:


  • təfəkkürün inkişafına səbəb olacaq konstruktivizmə;

  • şagirdlərin sosial inkişafına səbəb olacaq kooperativ təlimə;

  • biliklərin müstəqil əldə edilməsi üçün şəraitin yaradılmasına;

  • bilik və bacarıqların müstəqil şəkildə əldə edilməsinə;

  • müəllimin təşkilatçı, koordinator, bəzi hallarda arbitr rolunda çıxış etməsinə.

D.Kappana görə konstruktivizm- öyrənənlərin biliklərə özlərində əvvəllər mövcud olan və təcrübələrdən əldə etdikləri yeni ideya və ya nəzəriyyələrlə əlaqələndirməklə yiyələnməsi prosesidir (9,səh.2). Konstruktivizm bəzən yaradıcılıq kimi də səciyyələndirilir. Konstruktivizm belə bir ideyaya əsaslanır ki, bilik qurulur, kəşf edilir, yaradılır. Bilik passiv şəkildə alına bilməz, bilik fəal öyrənmə prosesində əldə edilə bilər. Konstruktivizm nəzəriyyəsinin həyata keçirilməsi üç şeyi tələb edir: fəal şagird, sosial şagird və yaradıcı şagird (23, səh.24-27).

Yaradıcı (konstruktiv) mühitin təmin edilməsi üçün müəllim aşağıdakılara əməl etməlidir:

- bilik vermək yox, biliyi əldə etməyə həvəs yaratmalı;

- hazır cavablı suallar yox, problemli suallar verməli;

- öyrənənin gələcək inkişafını təmin etməli ;

- informasiya verməkdənsə, öyrənəni biliklərin əldə edilməsi prosesinə cəlb etməli;

- öyrənmə prosesini düzgün planlaşdırmalı.

Kooperativ (əməkdaşlıq əsaslı) təlimdən fərqli olaraq ənənəvi didaktikada təlim tapşırıqlarının üç formada verilməsi göstərilir: frontal, qrup, fərdi.

Yeni təlim texnologiyalarının tətbiq edildiyi dərslərdə qrup forması üstünlük təşkil edir. Burada mahiyyət də dəyişir, qrupu təşkil edən şagirdlər qarşılıqlı ünsiyyət, mülahizə zəminində verilmiş tapşırığı icra edirlər.

Kooperativ təlim zamanı şagirdlər yalnız birgə fəaliyyət göstərdikləri digər şagirdlərlə eyni vaxtda öz məqsədlərinə çata bilərlər.Kooperativ əsaslı öyrənmə təlim tapşırığının elə təşkilini tələb edir ki, şagirdlər dərsin məqsədinə özünün və kiçik qruplardakı yoldaşlarının səyləri nəticəsində nail olsunlar. Kooperativ təlimə aid öyrənmə modeli D.Conson və R.Conson tərəfindən yaradılmışdır. Onlar kooperativ öyrənməyə daxil edilməli beş komponent müəyyən etmişlər:



  • müsbət qarşılıqlı asılılıq (şagirdlər səmərəli nəticələrə nail olmaqla digər qrup üzvlərindən eyni dərəcədə, qarşılıqlı şəkildə asılı olduqlarını bilməli və buraya məqsəd, tapşırıq, ehtiyat (material, məlumat), rol, mükafat, qarşılıqlı asılılıqlar daxil edilməlidir);

  • şagirdlərin üz-üzə qarşılıqlı fəaliyyəti;

  • fərdi məsuliyyət (hər qrup üzvü məsuliyyət barədə aydın təsəvvürə malik olmalıdır);

  • şagirdlərin müvafiq şəxsiyyətlərarası və kiçik qrup bacarıqları ilə təlimatlandırılması (qrupdaxili davranış qaydaları);

  • qrupun fəaliyyəti (şagirdlərin qrupun necə işləməsini qiymətləndir- mək, üzvlərin işlərinin faydalı olub-olmamasını müzakirə etmək üçün vaxtı olmalıdır).

Li.Eybrəhəmsn yeni təlim texnologiyalarının əhəmiyyətini ümumiləşdirərək qeyd edir. « Əgər bizim beynimiz bunu (dərketməni) özü etmirsə, yeni informasiyanı qəbul etmirsə, əlaqələr axtarmırsa, onu təhlil edib məna çıxarmırsa, heç bir kənar qüvvənin heç bir təsiri olmayacaqdır » (20, səh.2).

Yeni təlim texnologiyaları əsasında tədris edilən dərslərdə müəllimin rolu texnologiyaya aşağıdakı sxemdə göstərilən funksiyaların yerinə yetirilməsi ilə bağlı daxil edilə bilər (sxem 1.2.):












Sxem 1.2.

Sxemdən görünür ki, müəllimin funksiyalarına dizayner anlayışı da daxil edilmişdir. Burada dizayner müəllimin təhsil prosesinin məzmunu ilə bağlı kurikulumlara uyğun mövzu və onun məzmununun müəyyənləşdirməsi, onu şagirdlərin imkanlarına uyğunlaşdırması mənasında başa düşülməlidir.

Müəllimin fasilitasiya bacarıqlarına aşağıdakılar daxildir:



  • müəllim və şagirdlərin birgə əməkdaşlığı,

  • onların qarşılıqlı hörmət və etibarı,

  • şagirdlərin olduqları kimi qəbul edilməsi və müəllim tərəfindən onların daim dəstəklənməsi,

  • şagirdlərin qaqbiliyyətlərinə inam,

  • təfəkkürün stimullaşdırılması,

  • şagirdlərdə öyrənmə stimulunun və motivasiyasının yaradılması,

  • onların sinif mühitinə, müəllimin xüsusi həssas münasibətinə uyğunlaşması.



Download 0.73 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   75




Download 0.73 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Debat prosesində şagirdlər aşağıdakı bacarıq və keyfiyyətlərə nail ola bilərlər

Download 0.73 Mb.